Super User
AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub
Bir qrup jurnalist Azərbaycan Jurnalistlər Birliyinə (AJB) üzv qəbul olunub. “Ədəbiyyat və incəsənət” portalına AJB Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar 21 Sentyabr tarixində 15 yeni üzvə üzvlük vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AJB sədri Elçin Şıxlı qurumun tarixi, hazırkı fəaliyyəti barədə danışıb və gələcək planlar barədə məlumat verib. Birliyin fəaliyyətinin daha da genişləndirilməsi, təkmilləşdirilməsi, müasir texnoloji tendensiyalara uyğunlaşdırılması, çevik və elektron mexanizmlərin yaradılması üçün planlar hazırlandığını deyən AJB sədrinin sözlərinə görə, qarşıdakı dövrdə həmin planlar mərhələli şəkildə həyata keçiriləcək.
Daha sonra üzvlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.
Yekunda Elçin Şıxlı yeni üzvlərin vəsiqələrini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzu edib və AJB ilə səmərəli əməkdaşlıq edəcəklərinə inandığını vurğulayıb.
Qeyd edək ki, yeni üzvlər arasında ELTV-nin baş direktoru İqbal Məmmədəliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov, “525-ci qəzet”in baş redaktorun müavini İlqar Tağıyev, Mətbuat Şurası icra katibinin müavini Fəridə Ağazadə və digər tanınmış simalar var.
Xatırladaq ki, AJB ölkədə ən köklü jurnalist təşkilatıdır. Qurumun yaranma tarixi 1950-ci illərə dayanır.
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)
“Biri ikisində” bu dəfə Qalib Arifin hekayəsi ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Qalib Arifin hekayələri təqdim ediləcək.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
Qalib ARİF
“ANACAN, DOSTUM EVLƏNİR...”
(“Gənclik hekayələri” silsiləsindən)
Deməli, 80-ci illərdi, başda nəqəratı gedən mahnı da dəbdə idi. Onda hələ “Vasmoy”da yaşayırdım, nə yaşım var idi, “Xruşovka”da 3 otaqlı damım-daşım var idi. Və qonşuluqda Nurəli adlı bir yoldaşım var idi. Uşaqlıqdan bir məhlədə böyümüşdük, 220 saylı məktəbdə bir sinifə getmişdik. Qarayanız, arıq oğlandı, məhlədə bir şey olanda, dalında dağ kimi dururdum. İllər gedirdi, amma bizim dostluğumuz davam edirdi, qardaş kimi idik...
Artıq Nurəli əsgər gedib-gəlmişdi, “Pişevoy”u bitirmişdi və Çörək Zavodunda anbardar köməkçisi işləyirdi. İşi babatdı, gündə 100 manat qazanırdı. Hündür, qayış kimi oğlandı, bir şey olanda, dalımda dağ kimi dayanırdı. Mən də Neft Akademiyasını (onda AZİ deyirdilər) bitirmişdim, Elmlər Akademiyasında aspiranturaya girmişdim. Ayda 125 manata qulluq edirdim, amma bizim xarici tələbələrlə alver edirdim, babat dolanırdım. Nurəlinin üst-başına, cins şalvarına da mən baxırdım. Puluna minnət, 250 manata “Levis”, 280-nə “Montana” alırdı. “Belgiyski” layka plaşı da vardı.
Nurəli mənim işlədiyim instituta arabir gəlirdi, amma son vaxtlar lap “su yoluna” döndərmişdi. Qara qızın dərdi varmış... “Anacan, dostum evlənir...” Bizim şöbədə Aida adlı bir qız vardı, birinci ildən AMİ-yə girməmişdi, bizdə 6 aylıq staj yığırdı. Qarayanız, suyuşirin gözəldi, institutda bütün subaylar ona valeh idi, Nurəli də istisna deyildi. Onun boy-buxunu, “firmenni” üst-başı Aidanı da cəlb edirdi. Hiss edirdim, çörəyi qulağıma yemirdim. Dostum pul qazanan idi, amma danışan deyildi, qıza söz deyən deyildi. Odur ki, dərdini mənə dedi: “Mən zirəli, Aida məştağalı, kənd uşağıyıq, bizimki tutar, gör neynirsən...” Hətta “Abşeron”da babat qonaqlıq da söz verdi...
Mən də atı daşlığa sürmədim, dostuma ilkin elçilik elədim. 8 mart ərəfəsində Aida ilə danışdım, onu “podruqası” ilə “Abşeron”a dəvət etdim. Gözəl işarədən söz biləndi, dəvətimi səmimi qəbul etdi. Və biz martın ilıq bir axşamı “Abşeron”a səfər etdik. Bilənlər bilər, o vaxtlar “Abşeron”a adi günlərdə düşmək çətindi, 8 mart ərəfəsi isə mümkün deyildi. Onlarla adam qapıda növbə gözləyirdi, hətta pul belə, kömək etmirdi. Nurəli tədbirli oğlandı, əvvəldən əldən dəvətnamə almışdı.Amma işin tərsliyindən, dəvətnamələr bara yazılmışdı. Bizi yuxarı restorana buraxmadılar, aşağıda barda oturası olduq.
“Zolotoy” şampanı su kimi axırdı, qara, qırmızı “ikraya” dəyib dayanırdı. Şampan ilə qara “ikra” da, məlumdur ki, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Bizim “dördlük” də həmin qoşquda, bəndənizin şux zarafatlarının qoynunda çox uzağa getdi. Arkadi Raykin qələt eləyir, mən “anekdot” danışmağın ustasıyam. Məclisi mən aparırdım, başağrısı olmasın, çox danışdım. “Anekdotlar”ın biri indi də yadımdadır, yaddaşımın qızıl fondundadır... Qızların gülüşü də qulaqlarımdadır...
– Deməli, “rus-nemes” müharibəsində bir zirəli əsir düşür. Hamı rusca az-maz bilir, zirəli bir kəlmə də bilmir. Tərcüməçi gətirirlər, nemes bunu sorğu-sual edir, bakılı ləhcəsi ilə deyir: “Ala, haralısan?”. Zirəli kəkələyir: “Qədeş, Bakiliyəəəmmm”. Nemes deyir: “Bunu bilirəm, Bakı ruslara neft verir. Sən Bakının harasındansan?” Nurəlinin kəççisi (kəndlisi) bicin biri olur, fikirləşir ki, “zirəliyəm” desəm, birdən nemesin xoşuna gəlməz, elə bilər, orda neft çıxır, məni güllələyər. Qoy, “mərdəkənniyəm” deyim, Mərdəkəni hamı tanıyır, orda neft də çıxmır”. Deyir: “Qədeş, mən mərdəkənniyəəəm...” Nemes gülümsəyir ki: “Ala, oğraş, bəs zirəli kimi kəkələyirsən...”
Bardan sonra Nurəli Aidanı ötürdü, mən də onun azərbaycanca danışmayan, ancaq başa düşən çəpgöz “podruqası”nı. Deyirəm, qıza bax e, qəsdən bunu gətirib ki, özü daha gözəl görünsün... Onlar yuxarı, “Moskva” mehmanxanasına tərəf qalxdılar, biz aşağı- “Azneft”ə düşdük. Mən bir taksi saxlayıb “podruqa”nı mikrorayona yola saldım, özüm piyada “Baksovet”ə qalxdım. Günümüz cavan qızların əhatəsində keçmişdi, kefim qaranlıq göylərdə, işıqlı ulduzlarda idi. Bəli, şair demiş, cavanlıq heç zad ilə şad olar, bizim dərdi tutmur indi dünyalar...
Sonra Nurəlinin xoşbəxt yay günləri başladı. Aida “med-texnikuma” imtahan verdi və qəbul olundu. Nurəli qırmızı “Jiquli” aldı, özü demiş, “11 nömrə”nin daşını atdı. Tez-tez axşamlar bizə gəlirdi, mən də ona baş çəkirdim. Deyirdi:
–Qızı şəhərdə nənəmgilə aparmışam, nənəmin xoşuna gəlir, deyir, “gözəldir”. Anamla da bulvarda tanış etmişəm, bir yerdə çay içmişik. Anamın da xoşuna gəlir, deyir, “gəlinim gözəldir”. Bu gün-sabah kişini “Avrora”ya, qızgilə göndərmək istəyirəm, amma hələlik qız razılıq vermir...
Deyirdim:
– Allah xeyir versin... “Anacan, dostum evlənir”.
Gülüşürdük...
***
Deyirlər, “pis günün ömrü az olar”, amma yaxşı günün ömrü daha az olur. Bir payız gecəsi Nurəli bizə gəldi. İnanın ki, salam vermədi, qanı qapqara idi. Dedim:
–Ala, nə olub? Bəlkə qızla aran dəyib, bəlkə işdən qovublar?
Dedi:
–Ölmüşəm, yerdən götür, səhərlər çörək də yeyə bilmirəm. İş olsa, özüm düzəldərəm, pul verərəm. Amma qız mənimlə danışmaq istəmir... Mən kişini bunlara evə göndərmək istəyirəm...
Çox gec idi deyə, Aidaya zəng etmədim, həm də bu, telefon söhbəti deyildi.
–Axşamın xeyrindən sabahın şəri yaxşıdır, –dedim...
Nurəli razılaşdı, amma fikrimi başa düşdü, düşmədi?! Getdi...
Səhər tezdən Nurəli qırmızı “Jiquli”də evimizin qabağını kəsdirdi. Mən işə getməli idim, amma “Avrora” metrosuna - Aidagilin məhləsinə getdim. Çox gözləmədik, tələbə qız dərsə gedirdi. Bəzənmişdi, iri-iri gözləri... “Qara kişmişi cibə tökərlər”, qara qız qara layka plaşda hind gözəlinə bənzəyirdi. Başıma gələn axmaq fikirləri əlimlə qovdum, “hind gözəli”nə yaxınlaşdım. Qız məni şirin bir təbəssümlə qarşıladı, sanki heç zad olmamışdı. Əl verib görüşdüm, tələbə biletini bir də (zəng etmişdim) təbrik etdim. Səmimi sevindi:
– Sağ ol! İşdə nə var, nə yox? – dedi.
Söhbəti 6 ay əvvəl mən başlamışdım, indi də mən yoluna qoymalıydım. Dedim:
– Nurəli sizə elçi göndərmək istəyir.
Dedi:
– Bilirəm, amma mən istəmirəm.
Təəccüblə baxdığımı görüb “net” bir cavab verdi, indi də qulaqlarımdadır...
– Nurəli məni çox istəyir, nənəsi ilə, anası ilə tanış edib... Mən də evdə anama demişəm. Deyir: “Öz bakılımızdır, pis olmaz”. İmtahanlardan sonra, az qala, hər gün görüşürdük, görüşən kimi də, kafeyə, ya bara gedirdik. Şampansi, sok... Sok, şampanski... Nə qədər su olar, mən paltar maşını-zadam?! Adam bir kəlmə danışmır, elə bil ağzına su alır... Arif, hər dəfə sən bizim yanımızda olmalısan ki, “anekdot” danışasan?! Axı mən darıxıram, partlayıram. Mən bu adamla necə yaşayacağam? Mən bu adamla yaşamaq istəmirəm...
***
Avtomobil qəzalarını, küçə davalarını vecinə də almayan Nurəli ürək “qəzası”nı çox ağır keçirdi, xeyli müddət özünə gələ bilmədi. Bizə də gəlmirdi, mən də qəsdən getmirdim, “Amur məsələləri”ndə ondan xeyli təcrübəli idim, deyirdim, özünə gəlsin. Amma arabir zəng edirdim, gah deyirdi “lomkada”yam, gah deyirdi “dumka”dayam... Nəhayət... Bir dəfə axşam özü zəng etdi ki: “Gəl, evdə təkəm, “vodkada”yam...”
Yeri gəlmişkən, Nurəli yaşlı valideynlərin tək övladı idi, atası Nurməmməd kişi dənizçi idi, gəmidə mexanik işləyirdi. Anası da növbəli işə gedirdi, ona görə Nurəli evdə çox vaxt tək idi. Bu dəfə də gördüm ki, qonaq otağında tək oturub, qabağında 1 litr “Stoliçni” araq, 1 qazan da “domaşni” küftə-bozbaş. Dedim:
– Sənin başın xarab olub!
Dedi:
– İndi bilirsən?! Dünəndən...
Oturduq, yaman oturduq, gecə səhərə kimi, vurduq, səhərdən o biri gün səhərə kimi, yatdıq. Yaxşı ki, Nurəlinin bir yeşik çex pivəsi vardı, canımızı “paxmel”dən qurtardı...
Qərəz, aradan bir-iki ay keçdi, Nurəli “lomka”dan da, “dumka”dan da qurtardı. Adam kimi yaşamağa başladı. Günlərin bir günü zəng etdi ki:
– Dur gəl, təzə xəbər var!
Dedim:
– Yenə “vodkada”san?
Dedi:
– Bu dəfə, deyəsən, sənin başın xarab olub, mən alkaş-zadam?!
Durub getdim; evləri bizə yaxın idi. Gördüm, bu dəfə də evdə təkdir, kefi də kökdür. Məni gülə-gülə qarşıladı, dedi:
– Təbrik edə bilərsən, qərdeşin evlənir...
Əlini sıxdım, üzündən öpdüm, dedim:
–“Anacan, dostum evlənir... Yaxşı, bəs, qız kimdir?!
Dedi:
– Tələsirik, yolda deyərəm, bilərsən. Öz kəççimizdir.
Nurəlinin qırmızı “Jiqulisi”nə mindik, bu dəfə “Əzizbəyov” metrosuna getdik. Qız Sabunçu xəstəxanasında “medsestra” işləyirdi, bir azdan metroya gəlməli idi. Biz də onu ötürməli, yəni götürüb Zirəyə getməli idik. Demə, bir dəfə Nurəli ata-anasını Zirəyə aparanda, kənddə maşını yoldan çıxarıb, “yamaya” salıb. Doğrudur, salamatçılıq olub, amma anası bərk qorxub, özündən gedib. Adamlar qaçıb qonşudan “medsestra” gətiriblər. Qızın əli yüngül olub, arvada bir iynə vuran kimi, özünə gəlib. Bu, Nurməmməd kişinin xoşuna gəlib, deyib:
– Qız, kimin qızısan?
Qız deyib:
– Məmmədhəsən kişinin.
Nurməmməd kişi də deyib ki:
– Ala, gör a, Məmmədhəsən mənim dostumdur.
Vəssalam, şüttamam, bir molla, bir kəlləqənd, 100 manat da pul... Amma pul barədə bir az sonra...
Deməli, maşını metronun qabağında saxlamışdıq, özümüz düşüb avtobus dayanacağı tərəfdə dayanmışdıq. O vaxtlar Bakının kəndlərindən gələn avtobuslar yolun sağında, metronun qabağında dayanırdı, işdən gələn adamlar düşüb metroya axışırdı. Hər dəfə bir qəşəng qız görəndə qımışırdım, Nurəlidən soruşurdum:
– Budur?
Deyirdi:
– Yox.
Beləliklə, Bakının bütün qəşəng qızları gəlib keçdi, amma Məmmədhəsən kişinin qızı gəlmədi... Nəhayət... Nurəli dedi ki:
– Qız gəlir!
Qarşıdan arıq, uzun, qara bir vücud gəlirdi. Elə bil üçlük taxta idi, dalı-qabağı bilinmirdi. Saçları olmasaydı, kişi, ya arvad olduğunu da bilmək olmazdı... Seyrək, qara saçları vardı, külək dağıdırdı... İnanın Allaha, saqqalı da olsaydı, elə bilərdim ki, “Nəsibənin kuklası”dır. Nə isə, salam verdik, aldı, maşına yaxınlaşdıq, dəvət gözləmədi, arxa qapını açıb oturdu. Mən nokaut vəziyyətinə düşmüşdüm, danışa bilmirdim, Nurəli maşın sürürdü.
Maşında qız dil-boğaza qoymurdu, amma mən çox şeyi başa düşmürdüm. Həm zirəlilər kimi kəkələyirdi, həm də anadangəlmə pəltək idi. Başa düşdüyüm qədər, Sabunçu xəstəxanasından, hər gün “operasiya” edən, “paçka” ilə aldığı qırmızı onluqları sayan hansısa professordan danışırdı, xəstə sahiblərinin “medsestra”nı da unutmadıqlarını, cibinə beşdən-ondan basdıqlarını ləzzətlə vurğulayırdı. Sonra qəfil professordan maqnitofon kasetlərinə keçdi, dedi:
– Nuyəli, sənçün 4 “yaponiski kaset” götüzdürmüşəm.
Sonra sumkasını açdı, 4 kompakt kaset çıxarıb irəli uzatdı. Nurəli maşın sürürdü, kasetləri mən aldım. O vaxtlar biri mağazada 5 manata satılan adi “Soni” kasetləri idi. Mən dinmədim, Nurəli soruşdu ki:
– Biri neçə eləyir?
Qız dedi:
– Özün biliysən, döydü 100 manat.
Nurəli adəti üzrə dinmədi, svetoforda sakitcə pulu çıxartdı, verdi... Mən dinmirdim, “atanşik”ə heyrət edirdim...
Biz qızı Zirədə evlərinə qoyub geri qayıtdıq. Doğrudur, qardaşları evə dəvət etdilər, amma mən dedim:
– Tələsirəm.
Məqsədim vardı, univermaq bağlanınca “Avrora”ya çatmaq istəyirdim. Yolda Nurəli söhbət açmaq istədi:
– Qızın 5 qərdeşi, 5 bacısı var, adama arxadılar, – dedi: –Aida kimi “medsestra”dır, sünnət də eləyə bilir... Aida kimi qara qızdır...
Amma mən reaksiya vermədim, yalan danışmaq, dostumu aldatmaq istəmirdim. Həm də artıq nokaut vəziyyətində idim. Hardasa saat yeddinin yarısında “Avrora” metrosuna çatdıq. Univermağın qabağında Nurəliyə dedim:
– Saxla, işim var.
Bir yerdə maşından düşdük, Univermağa girdik. Qəsdən kasetlər satılan şöbəyə yaxınlaşdım, qiymətini soruşdum. “Soni” və “Panasonik” 5 manat, ən yaxşısı “TDK” 6 manat idi. Nurəli bir az avam adam idi, amma axmaq deyildi...
Nə isə, Nurəli qara qızı aldı, həyətlərində “palatka” toyu çaldırdı. Bəndəniz də VVAQ-da qolçəkən, toyda pulyazan oldu. Biz dostlar toyda “lomka”da olsaq da, toydan sonra bəyi yola saldıq, yeriniz məlum, “palatka”da oturub səhərə kimi, “vodka”da olduq. Şəkillərimiz hələ qalır, gənclik illərini yada salır. Amma təzə ailə qalmadı, dağıldı. Bir neçə il bir yerdə yaşadılar, uşaqları olmadı, boşanası oldular. İşləri məhkəmədə, mənzil davasında olanda, Nurəli axmaqlıq edir, tək maşına minir, Zirəyə gedir. Qızın qardaşları da bilən kimi, hücum çəkirlər, Nurəlini vəhşi kimi döyürlər. Doğrudur, Nurəli möhkəm oğlan idi, amma Brüs Li deyildi, 5 nəfərə cavab verə bilməzdi... Qonşular güclə onu qardaşların əlindən alırlar, “Təcili yardım” çağırırlar. Bu müddətdə qara qız da əlinə bir balta alır, qırmızı “Jiquli”nin bütün şüşələrini sındırır, amma xoşbəxtlikdən maşının korpusu salamat qalır. Zirədə də milisə getmək, şikayət etmək “za padlo” sayılır...
Bu hadisələrdən, hardasa 10 ildən çox keçdi, atam möhkəm xəstə idi, qan təzyiqi kəllə-çarxa qalxmışdı. “Təcili yardım” çağırdım, təcili gəldilər. Həkimlə gələn “medsestra” mənim əski dostum Aida xanım idi. Dəyişmişdi, kökəlmişdi, amma həmən gözəldi. Atam bu halda olmasaydı, görüşümüzə sevinərdim, anamla, yoldaşımla tanış edərdim. Amma kişini huşsuz halda xərəyə qoyub maşına apardıq. Yolda Aida danışdı, dərdini açdı:
– Mən axmaqlıq etdim, sənin sözünə əməl etmədim, o vaxt Nurəliyə getmədim. Sonra ailə qura bilmədim, elə bil üstümdə qarğış vardı, istəyən vardı, amma alınmadı. Tək qaldım...
Mən də Nurəlinin qəmli taleyindən danışdım. Hər ehtimala qarşı, telefon nömrəmi verdim, onunkunu aldım. Aidanın rəngi xoşuma gəlmirdi, qara qız elə bil ağarmışdı...
Atam xeyli müddət xəstə yatdı, amma ayağa qalxmadı, qan təzyiqi onu apardı. Başım bir az açılanda Aidanı axtardım, bir-iki dəfə bayrama, 8 marta salıb zəng çaldım, götürmədi. Narahat oldum, yolumu “Təcili yardım” stansiyasından saldım. Aidanı soruşdum, dedilər:
– Sağ nə gəzir?! Dünyasını dəyişib, artıq bir ildir.
Dedim:
– Axı bu, cavan adam idi, buna belə nə oldu?!
– Qan xəstəliyi... – dedilər.
“Qara qızın dərdi varmış, buna görə, rəngi ağarıbmış” – fikirləşdim. Sonra Nurəlini görəndə fikir verdim, bunun da rəngi elə bil ağarmışdı. Aidanın faciəsini dedim:
– Sənin də rəngin ağarıb, həkimə get... – məsləhəti verdim.
Gözləri yaşardı, sakitcə bir kənara çəkilib ağladı... Heç bir il keçmədi, getdi... Yenə qan xəstəliyi...
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)
Oxucu essesi- “5-ci fəsil: Sevgi fəsli…”
Şəfa Həşimova,
“Ədəbiyyat və incəsənət”
Deyirlər ki, 4 fəsil var. Bunu sübut etməyiblər axı. Yaz, yay, payız, qış.Bəs Sevgi? Axı o da bir fəsildir. 5-ci fəsil.
Nə zaman yarandığını və necə tipi olduğunu heç kəs xarakterizə edə bilməyib hələ. Alimlərin belə çözə bilmədiyi və nədənsə hər kəsin bu havanı hiss etmədiyi bir dönəmdir sevgi fəsli.
Bəzən soyuq gələr ayları. Nə qədər əynini qalın geyinsə də insan, tənhadırsa soyuğun qarşısında aciz qalar vücudu. Amma, bəzən o qədər isti və güvənverici bir havası olar kibu fəslin, görünməyən yumşaq kürkün əhatəsində havanın bütün sıxıntılarından qoruyar insanı.
Dəyərini inamdan, şirinliyini adından alar sevgi.
…Mənim fikrimcə,sevgi zatən güvəndən yaranar. Bəzən insan bu hissləri içində boğar. Amma və lakin, buludların qüdrətli şəkildə toplaşıb gizlətməyə çalışdığı Günəş, heç bir maneəyə baxmayaraq, yeni gündə, yeni saatda, bir çox qəlblərdə, yəni, yeni fəsillərdə, şəfəqlərindən doğar!
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)
“Maraqlı söhbətlər”də o nəsil və bu nəsil
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir gənc yaşlı atasından soruşur:
-Siz əvvəllər necə yaşamısınız? Texnologiyaya giriş yox, internet yox, kompüter yox, mobil telefonlar yox, kondisioner yox, avtomobillər yox…
Atası cavab verir:
-Biz sizin nəslin bu gün yaşadığı kimi deyil, əsl gerçək bir həyatı yaşadıq. İndi nə hörmət var, nə mərhəmət var, nə həya, nə əxlaq, nə təvazökarlıq, nə təəssübkeşlik, nə də kitab oxumaq var.
Yaşadığımız gerçək həyat ona görə maraqlı idi ki:
* Dərsdən sonra küçədə gücdən düşənə qədər oynayırdıq, televizora baxmazdıq.
* Biz internet dostları ilə deyil, real dostlarla oynayardıq.
* Susayanda isə qablaşdırılmış butulkadan deyil, birbaşa krandan su içərdik.
* Hamımız eyni stəkandan su içsək də xəstələnməzdik.
* İstədiyimiz qədər istədiyimiz hər şey yeyirdik. Amma çəki ilə bağlı problemimiz olmurdu.
* Ayaqyalın gəzərdik, amma ayaqlarımızla bağlı problem olmurdu.
* Valideynlərimiz bizim sağlam böyüməyimiz üçün bizə heç bir qida əlavələri, vitaminlər verməzdilər.
* Biz öz oyuncaqlarımızı düzəldirdik və onlarla oynayırdıq.
* Ailəmiz zənğin deyildi; onlar bizə mal-dövlət deyil, sevgi verdilər.
* Bizim mobil telefonlarımız, DVD-lərimiz, video oyunlarımız, internet söhbətimiz yox idi, amma əsl dostlarımız var idi.
* İstədiyimiz zaman dəvətsiz dostumuzun evinə baş çəkərdik və günümüzü xoş keçirib əylənərək, birlikdə yemək yeyərdik.
* Sizin dünyanızdan fərqli olaraq bizim bütün qohumlarla əlaqəmiz olurdu, bir-birimizə möhkəm bağlılığımız olurdu.
* Çəkdiyimiz şəkillər ağ-qara idi, amma rəngli xatirələrlə dolu idi.
* Biz valideynlərimizi dinləyən son nəsilik, çünki biz unikal, anlayışlı nəsilik.
* Biz həmçinin uşaqlarını dinləyən və diqqət yetirən ilk nəsilik.
* Biz eyni zamanda sizin yaşınızda olanda heç vaxt mövcüd olmayan texnologiyadan necə istifadə etməyinizdə sizə kömək edəcək qədər ağıllıyıq.
Ona görə bu nəsildən öyrənin, bu nəsildən zövq alın. Çünki bu nəsil xəzinədir, həm də məhdud saydadır
Hər şeyi, hər kəsi, xüsusən də bizi, dünyadan getməmişdən əvvəl sevin...
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)
“Dərədən, təpədən”lə iz qoydu Məmməd Aslan
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yox, əlbəttə ki tək “Dərədən, təpədən” verilişi ilə iz qoymadı şair, publisist Məmməd Aslan. O, gözəl-gözəl klassik üslubda şeirləri, “Ərzurumun gədiyinə varanda” kimi kitab, təpədən dirnağa millilik də qoyub getdi. Amma çox insanın yadında onun 90-cı illərdə milli özünədərkə köklənmiş televiziya proqramı qalıb. O proqramın lent yazısına Güneydə, eləcə də dünyanın hər bir guşəsində soydaşlarımız maraqla baxırdılar...
Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib.. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olub.
Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 5 aprel 2000-ci il Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Kitabları
1. Allahın rəsulu
2. Dağ ürəyi
3. Böyürtkən böyrü tikan
4. Səhəri kim açır
5. Səsimə səs ver
6. Bizdən sonra nə qalır
7. Ürək möhlət verəydi
8. Durnalar lələk salır
9. Ərzurumun gədiyinə varanda.
Məqalələr
- Dəlidağın körpə şairi
Tərcümələri
1. Türk xalqlar şeirlərindən seçmələr
2. Yunus İmrə, Aşıq Veysəl, iki zirvə
Filmoqrafiya
1. Bu torpağın nemətləri
2. Məmməd Aslan
3. Soyuq münasibət
4. Şirvan qoruğu
5. Böyük ömrün 7 anı
Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat edib. Yaşadığı Masazır qəsəbəsinin qəbiristanlığında dəfn olunub, Kəlbəcərin azadlığını görə bilməyibdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Səngərdə keçən ömür və şəhadət zirvəsi: Polkovnik-leytenant Rəşad Quliyev
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan Ordusunun peşəkar, təcrübəli və tabeçiliyindəki əsgərlərin hər birinə ata, qardaş qayğısı göstərən əfsanəvi tabor komandiri, Vətən müharibəsinin ön xətdə vuruşan yüksək rütbəli zabitlərindən biri də polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevdir. Döyüş meydanında göstərdiyi sarsılmaz iradə və qorxmazlığına görə silahdaşları tərəfindən "Canavar" ləqəbi ilə anılan bu dahi hərbçi, canını qurban verdiyi torpaqlarımızın azadlıq rəmzinə çevrilmişdir.
Erkən illəri və ali hərbi təhsili
Rəşad Quliyev 23 sentyabr 1983-cü ildə Bakı şəhərində (Xətai rayonu) Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olmuşdur. Ruhən və əslən Quba şəhərindəndir.
Onun hərbi karyeraya gedən uğurlu təhsil xronologiyası belədir:
1990–1998-ci illər: Xətai rayonunda yerləşən A. Xəlilov adına 263 nömrəli tam orta məktəbdə ümumi orta təhsil alıb.
1998–2000-ci illər: Erkən yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və buranı uğurla bitirib.
2000–2004-cü illər: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq qoşun növü üzrə ixtisasa yiyələnib.
2004-cü il: Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Zabit ixtisas kursu”nu müvəffəqiyyətlə tamamlayıb.
"Leytenant"lıqdan "Polkovnik-leytenant"lığa ucalan xidmət yolu
Hərbi kursu bitirdikdən sonra Azərbaycan Ordusu sıralarında ilk olaraq “leytenant” rütbəsində motoatıcı taqım komandiri kimi fəaliyyətə başlamışdır. Sərhəd və cəbhə bölgələrində nizam-intizamı ilə fərqlənən Rəşad Quliyev, illər ərzində göstərdiyi yüksək xidməti peşəkarlıq sayəsində Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinədək yüksəlmişdir.
O, 2016-cı ilin tarixi Aprel döyüşlərində ön cəbhədə düşmən təxribatlarının qarşısının alınmasında fəal iştirak edərək böyük döyüş təcrübəsi qazanmışdır. Vətən müharibəsi ərəfəsində isə o, artıq "polkovnik-leytenant" hərbi rütbəsini daşıyırdı və tabor komandiri təyin edilmişdi.
Vətən Müharibəsi: "Canavar"ın döyüş yolu
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanan ilk gündən etibarən polkovnik-leytenant Rəşad Quliyev tabor komandiri kimi dərhal döyüş meydanına atıldı. Onun idarə etdiyi tabor cəbhənin ən çətin və strateji sahələrində tapşırıqlar icra edirdi.
Rəşad Quliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan əsgərləri Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərində düşmənin müdafiə xətlərinin yarılmasında xüsusi qəhrəmanlıq göstərdilər. O, sadəcə əmr verən komandir deyil, hər an əsgərinin yanında olan, ön xətdə şəxsən hücuma rəhbərlik edən rəhbər idi. Düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində misilsiz şücaət göstərdiyi üçün ona döyüş meydanında "Canavar" adı verilmişdi.
Şəhadəti və əbədiyyəti
Polkovnik-leytenant Rəşad Quliyev 7 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun azadlığı uğrunda gedən son dərəcə şiddətli döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Onun nəşi Bakı şəhərinə gətirilərək II Fəxri Xiyabanda böyük dövlət ehtiramı və hərbi ritual qaydalarına uyğun olaraq izdihamla dəfn edilmişdir. Şəhid olarkən geridə həyat yoldaşı Afət xanımı, həmçinin atasının adına layiq böyüyən Damla və İnci adlı iki qız övladını yadigar qoymuşdur.
Dövlət təltifləri
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyev ölümündən sonra döyüş əməliyyatlarında göstərdiyi şəxsi rəşadət və vəzifə borcunu vicdanla yerinə yetirdiyinə görə aşağıdakı yüksək dövlət orden və medalları ilə təltif edilmişdir:
“Azərbaycan Bayrağı” ordeni
“Vətən uğrunda” medalı
“Cəbrayılın azad olunmasına görə” medalı
“Füzulinin azad olunmasına görə” medalı
“Qubadlının azad olunmasına görə” medalı
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)
“Adamlar və talelər” on min tirajlarla çap olunurdu
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəli, sovet dövründə bestseller kitablar sırasında onun “Adamlarvə talelər” kitabı da var idi, təkrar-təkrar, on min tirajlarla çap olunurdu. Söhbət Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələviyyə Babayevadan gedir.
Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunan "İki həyat" adlı hekayəsi ilə başlayıb. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib.
A. Qaydarın "Uzaq ölkələr", V. Biankinin "İz ilə", "Ayı balası", "Qırmızı təpə", K. Paustovskinin "Oğru pişik", V. Q. Korolenkonun "Satın alnmış uşaqlar", Y. Sotnikin "Əcaib quş", V. Astafyevin "Ulduz xəzanı", Y. Çaruşinin "Nikitanın oyuncaqları" və b. onun tərcüməsində kütləvi tirajla çap olunub.
"Azərbaycan qadını" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri, sonra baş redaktor olub. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub.
Kitabları
- Mənim müəlliməm
- Hekayələr
- Tək ağac
- Kənd yolları
- Payızda
- Mən tək deyiləm
- Kənd yollarında səyahət
- Kölgə
- Tut ağacı
- Süsənsünbül
- Hörüklər
- Povestlər
- Adamlar və talelər
- Böyürtkən mürəbbəsi
- Sehrli pillələr
- Səni axtarıram
- Küləyin tərkin
Filmoqrafiya
- Dınqıl, sazım, dınqıl
- Sehrlənmiş küpə
Mükafatları
- Azərbaycan SSR əməkdar mədəniyyət işçisi
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Ələviyyə Babayeva 23 sentyabr 2014-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)
Hanı Hasan ağalar?
Elçin Şıxlinski,
AJB-nin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru.
“Ədəbiyyat və incəsənət”
Bir bu şəklə baxın. Bu Hasan Ağadır. Qazax mahalındandır, Cahandar ağanın oğlu, İsmayıl Şıxlının dayısıdır. 1894-1980-ci illərdə yaşayıb. Bolşeviklər belə kişiləri ya güllələdilər, ya da yurdundan-yuvasından didərgin salıb millətin genofondunu məhv etdilər. Hasan Ağa da zorən qürbət həyatı yaşamalı oldu.
Hanı indi Hasan ağalar? Sonra da gileylənirik ki, bəs sözümüzü deyən yoxdur, ziyalılar hara baxır və s. və i.
Bu şeiri isə türkiyəli şair Gürbüz Alkazak ona həsr edib.
Hasan Ağa
Cihandar’ın soyusun, özün kahraman,
Dağlar boyun eğer geçtiğin zaman.
Rüzgârı devirir attığın o an,
Karayel sırtında bir devdi Hasan.
Pusular kursa da Bolşevik, Rus’u,
Yüreğe uğramaz ölüm korkusu.
Çınlar dağlarda bir yiğit avazı,
Yazıldı tarihe şerefin yazı.
Geçit vermez karlar, yollar kapandı,
Kafkasya ateşte, yurdum yandı.
Siper oldu göğsün her bir karışa,
Ruhun sevdalıydı hür bir barışa.
Otuz ikide aştın o sınırı,
Bırakıp geride boranı, karı.
Sığındın al bayrak dalgalanana,
Yine de sızın hiç dinmedi mana.
Elli yıl içini kavurdu bu kor,
Sıla hasretini çekmek pek de zor.
Gözlerin daldı hep o Kafkasya’na,
Doğduğun topraklar yetti canına.
Seksen’de vururken ömrün son demi,
Unutmaz bu vatan sen gibi eri.
Karayel’in izi silinmez dağdan,
Selam olsun sana Cihandarın evladı.
“Ədəbiyyat və incəsənət”
(22.09.2026)
“Yenə gözlərimin yağış fəslidir...”
“Ədəbiyyat və incəsənət” portalının “Axşam saatlarında” rubrikasında bu gün sizlərə Aləmzar Sadiqqızının şeirlərini təqdim edirik.
ALƏMZAR SADİQQIZI
ALƏM BOYDA AĞRISI VAR ADININ...
Uşaq, böyük kim gördüsə, ilk sözü:
"Nə gözəldi gözün sənin" – dedilər.
Bilmədilər amma o an, o dəmdə
Ürəyimi dibinəcən yedilər...
Deyəmmədim bu gözləri ağladan,
Namərd kimi köçüb gedən mərdi var...
Bu gözləri öpüb gedən, dönməyən,
Ata adlı sağalmayan dərdi var.
Hamı mənə, mən dərdimə vuruldum,
Qəm yazıldı o günlərdən gözümə.
Güldürməyi bacarmadım bir dəfə,
Gözlərimdən qəm süzüldü sözümə.
Biri vardı, öpmədi ki gözümdəm,
Ayrılıqdır gözdən öpmək, deyirlər...
Ayrılığı elə yazdı ömrümə,
Xatirələr ürəyimi yeyirlər.
Hər bu sözü eşidəndə susuram,
Dinmirəm ki, ürəyimdə gülürəm...
Bir də bilsəz, bu gözlərin əlindən
Bir ömürdü göz yaşından ölürəm.
Bu "gözləri göydən gözəl mələyin"
"Özü payız, dərdi xəzəl" qadının,
Bu "taleyi birtəhər yazılanın"
Aləm boyda ağrısı var adının!
GEDƏK BİR CÜT GÜL QOYAQ...
Gözlərin aydın olsun,
Ürəyimdən qan axır...
Əlimlə kəsdim, tökdüm,
Bitdi bu sevgi, axır!
Bir azca sürt alnına
Ürəyimin qanından...
Könlümü qurban kəsdim,
Nəzir verdim adından.
Qəm eləmə bu gündən,
Get sevgi bazarına...
Gedək bir cüt gül qoyaq
Sevginin məzarına!
YENƏ ÜZ-ÜZƏYİK…
Yenə üz-üzəyik, yenə bu axşam
Mən səni görürəm hayana baxsam,
Bir damla yaş olub gözündən axsam...
Olaram yolunda pərvanə, Tanrım...
Ey mənim dünyada ən böyük eşqim,
Ən böyük dayağım, ən gözəl şeirim,
Yuxumda sən məni sarvan seçmişdin
Sənə qonaq gələn karvana, Tanrım.
Mən sənin ən adil qulun, kölənəm...
Səninçün yaşayan, sənçün ölənəm,
Dərdimi həmişə sənlə bölənəm,
Gəlmişəm yolunda qurbana, Tanrım.
AZ QALIB...
Az qalıb... lap bir azca
Ta səni unutmağa.
Bu gün bilet almışam
Özümə qayıtmağa...
Sənə ağır gəlirəm,
Yükü olmayan adam,
Yandıranda gəlməyə
Tükü olmayan adam.
Nə sevməyə ürəyin,
Nə də göz yaşın qalıb.
Mənə təslim olmağa
Yalnız savaşın qalıb.
Sən bilməzsən sədaqət,
Nə də məhəbbət nədir,
Sevdiyinlə yaşamaq,
Həyat, səadət nədir...
Daha səni sevmərəm!
Bu söz bir andım olsun!
Bir gün ölüb gedərsəm,
Bu da son qəmin olsun!
GƏLMİŞƏM
Bir də görərsən ki, qapın doyülür,
Bir də görərsən ki, çıxıb gəlmişəm.
Məndən istədiyin hədiyyə ki var,
Ovcumun içinə sıxıb gəlmişəm.
Sən mənim ömrümə yağan qarmısan?
Dərdli payızmısan, ya baharmısan?
Gerçəkmi, xəyalmı, ya yalanmısan?
Mənəm, yanağından axıb gəlmişəm.
Arxada bir sənsiz ömür var, gülüm,
Sənə söz verməyə qısadı dilim,
Götür ürəyimi, yar dilim-dilim,
Sənin həsrətinnən yaxıb gəlmişəm.
Yağan yağmurunam, batan ayınam,
Gecikən ilinəm, günün, ayınam,
Gördüyün yuxunam, gələn yayınam...
Sənin gözlərinə baxıb gəlmişəm.
"Göy gözü göylərdən gözəl" mələyim,
Bənövşə ətirlim, küskün çiçəyim,
Ay ruhu özündən gözəl– göyçəyim,
Ruhuma qanadlar taxıb gəlmişəm!
BİR ÖMÜR İÇİMDƏ ASDIĞIM ADAM...
Daha düşünməyə tabım qalmayıb,
Nə də ağlamağa gözümün yaşı.
Bu şeir də olsun nakam ömrümün
Başına qoyduğum bir məzar daşı...
Daha yollarına baxan deyiləm,
O yollar dağılsın qoy həsrətimdən!
Həmişə, hər yerdə yıxılmışam mən
Altıncı hissimin bəsirətindən...
Sənə gələn gündən anlamalıydım,
İkiyə bölünmüş yadımsan mənim.
Bir ömür içimdə asdığım adam,
Heç vaxt dadmadığım dadımsan mənim...
Sənsən milyon yerə bölünən adam,
Sən hardan biləsən məhəbbət nədir?
Sən hardan biləsən bir məsum eşqin
Tək sənə verdiyi səadət nədir?
Yolun açıq olsun ürəyin kimi,
Gələni, gedəni yaxşı qarşıla...
Hələ ki ömrünü verirsən yelə,
Hələ anlamırsan nə var qarşıda.
Hələ gec bilərsən, gec anlayarsan
Məni itirməyin ağrılarını.
Əlində üç alma qaldığı zaman
Dinlərsən Aləmin nağıllarını...
BU SEVGİ
Minlərlə ağrıdan keçdi bu sevgi,
Yaşaya bilmədim, ölə bilmədim.
Nə sənin agrını mən bilə bildim,
Nə mən çəkənləri sən bilə bildin...
Yaşarıq beləcə, öllük beləcə,
Nə sənsiz, nə mənsiz dağılmaz dünya.
Min Leyli, min Məcnun çürüdüb həyat,
Əmin ol bizə də ağlamaz dünya.
"Mehrabı eşq olan uca göylər"im
Yazıbdı bu qədər-qəzanı mənə.
Bəlkə də, Tanrının acıgı tutub,
Kəsib öz əliylə cəzanı mənə.
Aləmin ürəyi yarpaqdan incə,
Tanrının hökmünə dözərmi, bilməm?
Bir onu bilirəm sən dönənəcən,
Nə sənsiz yaşaram, nə sənsiz ölləm!
SƏNƏ BİR NAĞIL DANIŞIM...
Gəl sənə bir ocaq verim
Könlümün sazaq yerindən.
Özümdən gözəl gül dərim
Ömrümün uzaq yerindən.
Tut əlindən o çiçəyin,
Apar, yar, qoy sənin olsun.
Bir gün səndən dönər olsam,
Sevgim mənə qənim olsun.
Qoy bütün dünya bir yana,
Mən də ki bir yana olum.
Sən məni sığdır ruhuna,
Mən də sənin ruhun olum.
Gəl... sənə bir ömür verim
Ömrümün bitən yerindən...
Sənə bir nağıl danışım
Həsrətin itən yerindən.
BU GÜN DƏ BİR QƏMLİ NƏĞMƏ KİMİYƏM...
Bu gün də bir qəmli nəğmə kimiyəm...
Əli ürəyində dolan qadınam.
Səsin gəlməyəndə evi yıxılan,
Dünyası dağılan, solan qadınam...
Nə könlüm açılır, nə də ki, gözüm,
Nə səbrim qalıbdı, nə də ki dözüm,
Neyləsəm, tapmıram bu dərdə çözüm,
Hər sözü-söhbəti yalan qadınam.
Mənəm bu dünyanın qəmli qadını,
Çoxdan itirmişəm ağız dadımı,
Sevdim doğmaları, sevdim yadımı,
Ömrü başdan-başa talan qadınam.
Allahın izniylə yazıb-pozuram,
Özüm öz könlümdə itib azıram,
Olsun, hər əzaba, qəmə razıyam,
Sevən könüllərdə qalan qadınam.
Aləməm, dünyada tək səni sevdim,
Sənsiz bu dünyada yiyəsiz evdim,
Səni vətən bildim, səni ev bildim,
Səninlə yaşayıb ölən qadınam.
SƏNƏ KÜS ADAM...
Mən bir az içində azan adamam,
Bir az da unutqan, bir az pis adam.
Məndən inciməyi heç düşünməyin,
Bir az "uşaq" adam, bir az hiss adam...
Mən sənə qoşulub ağlaya billəm,
Coşğun çaylar kimi çağlaya billəm,
Səni ürəyimə bağlaya billəm,
Sənə incik adam, sənə küs adam...
Bəlkə, bu dünyanın nağıl qızıyam,
Bir Aləm qızıyam, bahar, yazıyam,
Küləyi, yağışı, qəmli sazıyam...
Bir az duman adam, bir az sis adam.
YENƏ GÖZLƏRİMİN YAĞIŞ FƏSLİDİR...
Yenə gözlərimin yağış fəslidir...
Bir yalan sevgini dəfn edir ömrüm...
Dünən nə umurdu, bu gün nə tapdı...
Daha məcrasına sığmayır könlüm.
Havamı bənzəyir, mənmi havaya?
Buludlar, bəlkə də, əksimi çəkir,
Alıb ağuşuna küləklər məni,
Təbiət sonuncu şəklimi çəkir...
Mənmi uzaqdayam, uzaqmı məndə...
Bilmirəm dünyanın hayanındayam.
Gah elə bilirəm, bir məzardayam,
Gah da ömür adlı bir saraydayam...
Güldün, gülüşünə sığındım, ömrüm,
Darıxdın, qoşuldum ayaz könlünə...
Mən bahar fəslindən çoxdan küsmüşəm,
Onunçün gətirdim payız ömrünə...
Bu da həyatımın qış nagılıdı...
Üç alma yerinə göydən qar yağar...
Mən bir az Allahın qəmli qızıyam...
Qoşulub buluda yağdıqca yağan...
BİR DƏ PAYIZINA GƏLMƏZ BU BAHAR...
Bir də görəcəksən, çıxıb getmişəm,
Bir də görəcəksən, dünya bomboşdu...
Sən məni göylərdən yerə endirdin...
Qoy olsun, əzizim, sənə bu xoşdu...
Bəlkə də, son sözü deyirəm sənə,
Sən mənsiz yaşaya bilməyəcəksən...
Bəlkə də, yüz qadın ötər yanından...
Sən məni bir daha görməyəcəksən!
Bəlkə, Allah bilir olub-bitəni...
Ancaq sən bilmirsən nələr olacaq...
Bəlkə də, bir heçlik uğrunda canım.
Dünyanda ən böyük heçlik olacaq!
Yoracaq bu yollar, bu izlər səni,
Üzünə bir qapı açılmayacaq...
Ardınca gözündən yaş ələyən yox,
Dönərkən "min sual" sorulmayacaq...
Bir də bu Aləmi doğmaz bir ana...
Bir də payızına gəlməz bu bahar...
Mən sənin ömrünə necə gəlmişdim,
Nə Allah danışar, nə dost pıçıldar...
ÖLDÜRMƏSİN HƏSRƏTİN...
Səni çox incitmişəm,
Necə, nə cür, bilirəm...
Mənim cəzam Tanrıdan,
Sən kəsənə gülürəm...
Bütün günahlar sənin,
Cəzalar mənim olsun!
Götür, ürəyindən as,
Babalı sənin olsun.
Ömrüm yaralı quşdu,
Qırmısan qanadımı,
Bir qəfil ölüm ilə
Qıraram inadını...
Bəlkə, üz-üzə gəllik,
Mən susum, sən dinərsən...
Gözlərimə baxanda
Günahını görərsən.
Ömür ki var, nə sənin,
Nə də mənim olacaq.
Əzəl-axır ürəyim
Yenə sənin olacaq.
Öncə Allah, sonra sən,
Vurduqca vurun məni.
Neçə ki yaşayıram,
Sınayın, durun məni.
Bir günahım var mənim,
O da səni sevməkdi.
Bircə dərdim var ancaq,
O da səni yenməkdi.
Yığıb günahlarını
Qoyma mənim boynuma.
Bir gün köçüb gedərəm
Bu torpağın qoynuna!
Min aləm var, bir Aləm,
O da sənin qismətin.
Qayıt Allah eşqinə,
Öldürməsin həsrətin!
“Ədəbiyyat və incəsənət”
(22.09.2026)
Ulu Gəncənin qızıl səsi – Kifayət Gəncəli
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Gəncənin musiqi həyatı deyildikdə, ilk yada düşənlər Rövşən Behçət, Şahnaz və Aybəniz Haşımovalar, eləcə də Kifayət Gəncəlidir. Bu gün unudulmaz xanəndə Kifayət Gəncəlinin anım günü olduğundan, onu xatırlamaq bizə bir borcdur.
Kifayət Gəncəli 2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1 il ibtidai sinif müəllimi ixtisasında təhsil alıb. Lakin sonra təhsilini yarımçıq qoyaraq, institutdan ərizə yazıb kənarlaşıb. Onu buna vadar edən musiqi sevgisi və gözəl səsi, hədsiz istedadı olubdur.
Asəf Zeynallı adına Musiqi Texnikumunda, Nəriman Əliyevin muğam sinfində təhsil alıb. O, fəaliyyətinə Yusif Heydərovun "Gənclik" ansamblında başlayıb. 1968-ci ildə Filarmoniyaya yollanıb. Ləqəbini Filarmoniyanın ovaxtkı direktoru Kərim Kərimov Gəncədən gəlib deyə verib.
Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var.
2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 22 sentyabr 2024-cü ildə vəfat edib. Gəncənin "Səbiskar" qəbiristanlığında dəfn olunub.
Mükafatları
- Azərbaycan Respublikasının əməkdar artisti
86 il ömür sürmüş, musiqi xəzinəmizi qiymətli daş-qaşlarla bəzəmiş xanəndəyə Allahdan rəhmət diləyirik.
“Ədəbiyyat və incəsənət”
(22.09.2026)


