Super User

Super User

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

ƏLİZADƏ NURİ

 

MƏNƏ GÖY ÜZÜ VERİN

 

Mənə bir yelləncək verin,

tapıb oynadacam uşaqlığımı.

 

Bir cüt qərənfil verin,

bir şəhid məzarı girib yuxuma...

 

Mənə bir parça kağız verin,

yığım qələmə qısılan sözləri.

Son şeir vəsiyyət kimi olur.

 

Bir əlçim bulud verin –

gözlərimə sıxıb özüm yağışa çevirəcəm...

 

Mənə bir kamança verin –

ağlatmalı nə çox dərd var.

 

Bir qurtum su verin –

bu ümid çox qurudu,

keçmir boğazımdan.

 

Məni azadlıqla tanış eyləyin,

görüm halı necədi.

 

Mənə bir ulduz verin –

isidim əllərimi...

 

...Bir az göy üzü verin,

bir tikə ay işığı,

Yer üzü sizə qalsın...

 

 

 ÖMÜR YANMIŞ ZƏMİ KİMİ...

 

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?!

 

Ömür – yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...

 

 

FIRLANIR

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib –

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi –

Nə qədər naşı fırlanır...

 

                               

BU ÖMÜR İSLANMIŞ KAĞIZMIŞ DEMƏ...

 

Hər gün ürəyimdən durnalar uçur –

Mənim bu canımda payızmış, demə.

Məni bu dünyanın yadına salan,

Yaddan çıxartdığım o qızmış, demə.

 

Bu yol hara belə köçünü çəkir?

Ölüm də kəfənin ucunu çəkir...

Gördüm ki, bir söyüd içini çəkir –

O da mənim kimi yalqızmış, demə.

 

Udduğum havanın içində dadın...

Yanım – bir az isin, üşüyən qadın.

...Çərpələng düzəltdim, o da uçmadı –

Bu ömür islanmış kağızmış, demə...

                 

                 

NƏFƏSDƏRMƏ

 

Günəşi gizlədiblər,

Buludun arxasında.

Adam var toylardadı

Adam var öz yasında...

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə qəmgin...

Ayın da ay dərdi var.

 

Tanrı insan yaradıb,

Hər yan haydı, haraydı.

Yoxsa tək darıxdı o? –

Gərək darıxmayaydı...

 

Yağış da yuya bilmir,

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Özünə bir ev tikib

Günü günbəz eləmir...

 

Hər yan saxta parıltı –

Yox, ora girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən.

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox

Alma ağacı düşsün...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür – qatar kimidi

Sonda depoya gedir...

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

Cümə axşamı, 24 Sentyabr 2026 11:02

Sözdən yaranan incilər – NİZAMİ GƏNCƏVİ

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

 NİZAMİ  GƏNCƏVİ    (1141-1209-cu illər), şair və filosof

 

-  Ürəkdən gələn söz ürəyə yeriyir.

-  Sevənin gözləri kor olur.

-  Elə olur ki, sevgi hiss olunmadan keçib gedir.

-  Dostsuz günlər – acı fəlakətdir.

-  Bəlanın böyüyü dostsuzluqdur.

-  Sevincdənmi, kədərdənmi nəmlənib,

Gözlər o gözlərdir, yaş o yaş deyil.

Cəm gözəllik camalında cəmlənib,

Baxış o baxışdır, qaş o qaş deyil.

-Göydə ol, yerdə ol, fərqi yox bunun,

Torpaqsan, yenə də torpaqdır sonun.

-Kim tikan əkərsə, tikan dərəcək,

Kim nicat verərsə, nicat görəcək.

-Alimlə xoş rəftar etsən əgər sən,

Özün öz elmini aşkar edərsən.

-Səninlə biri xoş danışsa əgər,

Könüldən dinlə ki, bir xeyri dəyər.

-Bir cizgi naxışdan çıxırsa kənar,

Başqa cizgilər də bütün pozular.

-İnsan etsə əgər bir işə vərdiş,

Çətin olsa belə, görülər bu iş.

-İnsana arxadır onun  kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

-Taxtın payəsini o qədər yüksəlt,

 Yıxıldığın zaman çəkmə əziyyət.

-Ömür keçib gedəndi, dünya qalandı sənə,

Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.

-Öz halal zəhmətinlə namuslu insan sayıl,

Hər yetənə alçalma, əl açıb olma sail.

-Ağıl-kamal bəsləməz igidliyə ədavət,

Hümər də, igidlik də ədavətdir, ədavət.

-Xidmət etmək sayılır kişilikdən insana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

-Ömrümüzün günü sayılır bir-bir,

Eşqsiz keçən gün ölü deməkdir.

-Poladdan dağ olsa, yenə də inan,

Vurub parça-parça dağıdar insan.

-Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana.

-Bir olsa yoldaşın, dostun əməli,

Daşdan su çıxardar onların əli.

-Dünya gedərgidir, dalınca getmə!

Qalmayacaq şeyə sitayiş etmə!

-Bir inci saflığı varsa da suda,

Çox içiləndə dərd verir o da.

 

    Sülh, müharibə, ədalət və zülm haqqında

 

- Atəşi üfürsən alışıb yanar,

Onu suya bassan, sönər aşikar.

- Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

- Haqq sözü eşitmək istəməyənlər,

Ağlını itirib hədər ölərlər.

- Künc-bucaqda qalana sən bu qədər atma ox,

Yoxsulların ahından, qarğışından çəkin, qorx. 

-Dünyanın işini yaxşı düşün  sən,

Nə əksən, onu da sən biçəcəksən.

-Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran.

 

 Hünər, cəsarət və mərdlik haqqında

 

- Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən məmnun qalırsan?

 -Sən də süsən kimi ipəkdən olsan,

Səni saf  torpaq da yaralar, inan!

-Zəlillik ürəyə ağrılar salar,

Zülmə dözənlərin sonu xar olar.

-İnsanı sarsıdar göz yaşı, nalə,

Ah çəkib, of edən yetməz kəmalə!

-İradəsiz olma, iradəsizlər,

Ayaqsız qurd kimi yerdə sürünər.

-Fil keçsin üstündən tapdalayaraq,

Xəsis adamlara əl açma ancaq.

 -Mərd olmaq gərəkdir həyatda hər an,

Mərdliklərlə çatar arzuya insan.

-Evdə tək arpası olmayan bir kəs,

Yarım arpa qədər minnət götürməz.

 -Heç qorxma acizə zülm edən kəsdən,

Yoxsa qul olarsan sən ona hökmən.

 -Yüksəklərə ucaldar hünər, cəsarət səni,

Hünərsiz alçalarsan, tapar rəzalət səni. 

-Böyüklə vuruşda insan ad alar,

Alçaqla vuruşda özü alçalar.

-Aman istəyincə qurbağalardan,

Balıq tək  sulara tez qərq olarsan.

-Qanı çörəyinə yavanlıq etsən,

Papağı dik saxla, baş getsə əldən.

- Mərdə təmiz adı candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir.

-Ovcumun içində olsa da belə,

Dikmərəm gözümü özgə mülkünə.

 

 Dostluq və düşmənlik haqqında

 

-Ehtiyatsız bir quş düşərsə tora,

Başqa quşları da sürüklər ora.

-Dost qəlbi torpaqdır, ona toxunsan,

Əlin paklaşacaq bu toxunuşdan.

-Heç kimsəylə yola getmirsə bir kəs,

Ona bel bağlanıb bir iş görülməz.

 -Ağıllılar bilir, tək yesə hər kəs,

Təklikdə də ölər, dost-aşna görməz.

 -İstəyirsən evin salamat qala,

Evə  yad adamı  buraxma əsla.

  

Xalqa xidmət və xeyirxahlıq haqqında

 

-Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

-Yaxşılığı əzəldən adət etsən özünə,

O yaxşılıq hər yanda qapı açar üzünə.

- Belə misal çəkmiş aqil bir insan:

“Qurd girməz sürüyə yatmasa çoban”.

-Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zər-xara.

- Hünər ardınca qoş, xalqa xeyir saç,

Qapılar bağlama, ər ol, qapı  aç.

 -Səadət kamalla yetişər başa,

Xalqa xidmət elə, ədəblə yaşa.

 -Bulud tək damcıyla su al dənizdən,

Verəndə bol-bol ver, əsirgəmədən.

 -Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?

-Bir elm öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

Cümə axşamı, 24 Sentyabr 2026 15:09

Yeni nəsil rəssamlarından Rəsul Həsən

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Təqvimlər təkcə məşhurların doğum və ölüm tarixləri üçün deyil, hər dəfə kimisə tanıtmaq da bir işdir. Necə ki, bu gün sizə gənc qrafik dizayner, rəssam Rəsul Həsəni tanıtmaq istəyirəm. O, həqiqtən də tanıdılmağa layiqdir. Oxuyun, agah olun ki, o, necə böyük işlərə imza atıbdır.

Bu gün onun doğum günüdür.

 

Rəsul Həsən 1991-ci il sentyabrın 24-də Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinə daxil olub və 2013-cü ildə "Dizayn" ixtisası üzrə oranı bitirib. Rəsul Həsənov 2004-cü ildən dizayn sahəsində çalışmağa başlayıb, 2009-cu ildən bir çox reklam agentliklərində qrafik dizayner, art direktor olara fəaliyyət göstərib. O, həmçinin müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olub.

2015-ci ildə "Düha", 2018-ci ildə isə "Düha 2" adlı rəqəmsal portretlərdən ibarət fərdi sərgiləri təşkil olunub. O, 2018-ci ildə yazdığı Azərbaycanda ilk dəfə brendinq sahəsini əhatə edən "Bir Brendin Hekayəsi" adlı kitabın müəllifidir. Onun 2021-ci ildə nəşr olunan ikinci kitabı "Qrafik dizaynın əsasları" Azərbaycanda qrafik dizaynın nəzəri əsaslarını əhatə edən ilk kitab olub. 2023-cü ildə bir neçə illik tədqiqatları və Azərbaycan, Rusiya, Avropa və Amerika arxivlərindən topladığı vizual məlumatlar əsasında hazırladığı 624 səhifəlik ensiklopedik nəşr hesab olunan "Azərbaycan qrafik dizayn tarixi" adlı kitabını təqdim edib.

O, bir neçə məşhur azərbaycanlının tarixi sənədlər, heykəli əsasında realistik görünüşünü hazırlayıb. Rəsul Həsənov bir neçə layihələrin təşəbbüskarı və rəhbəridir. 2011-ci ildə o, 2012-ci ildə NETTY İnternet Mükafatını qazanan Azərbaycan musiqi arxivi "Muzzaz" portalını yaradıb. Həmin il o, mədəni məqalələr, müsahibələr və bədii portfolioların paylaşılması üçün platforma olan "Target Magazine" onlayn jurnalını təsis edib.

2015-ci ildə "Graphic Design Azerbaijan" onlayn dizayn cəmiyyətini yaradıb. Həmin ildə o, Ramiz Əlili ilə birgə su altında qalan Bayıl qalasının bərpası layihəsini hazırlayıb. 2021-ci ildə isə Azərbaycan tarixinə aid yüksək keyfiyyətli fotoşəkilləri pulsuz təqdim edən iri fotoarxiv saytı olan "Azkataloq.org"u yaradıb. O, həmçinin Azərbaycanda beş il ərzində hər il keçirilən ilk Dizayn Forumunu təşkil edib. 2022-ci ildə 1000-dən çox iştirakçını cəlb edən ilk "Bakı Dizayn Festivalı"nın təşəbbüskarı olub.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

 

 

Cümə axşamı, 24 Sentyabr 2026 10:07

90 illiyini gözləyirdi, çox heyif...

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ötən ilin 9 oktyabr günündə onu itirdik. 90 illik yubileyini qeyd etməyinə cəmi 11 ayl qalmışdı...

Məncə, Əminə Yusifqızı kimi ikinci bir bədii qiraət ustası olmayıb, olmayacaq da. Onun səsi o qədər cəzbedicidir ki, təsirinə düşməmək olmur.

 

Azərbaycanın xalq artisti Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Qeyd etdiyim kimi, bədii qiraət ustası kimi tanınır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Milli Dram Teatrının aktrisası olub. Rolları: Qulu ("Anacan", Y. Əzimzadə), Səbirə ("Son məktub", R. İsmayılov), Humay ("Komsomol poeması", İ. Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q. Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.

 

Filmoqrafiya

1. Ad günü (tammetrajlı bədii film)-filmi səsləndirən: Rəna (Şükufə Yusifova)

2. Alma almaya bənzər (tammetrajlı bədii film)-səsləndirən: Mədinə (Səfurə İbrahimova)

3. Alman klinikasına şəxsi səfər (tammetrajlı bədii film)-səsləndirən: Tatyana (Liliya Makarova)

4. Arşın mal alan

5. ATU və ya pa ATU nnan

6. Bakıda küləklər əsir

7. Bayquş gələndə...

8. Bəxtəvər

9. Bəyin oğurlanması

10. Bir ailəlik bağ evi

11. Bir cənub şəhərində

12. Birisigün, gecəyarısı...

 

Mükafatları

- Azərbaycan SSR əməkdar artisti

-Xalq artisti

- Cəfər Cabbarlı mükafatı

- "Şöhrət" ordeni

 

Fenomenal aktrisamızın yeri görünür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

 

SENTYABRIN 20-DƏ ŞƏMİSTAN NƏZƏRLİSİZ BİR İLİMİZ KEÇDİ

 

Ramiz Göyüş,

yazıçı, publisist, “Ədəbiyyat və incəsənət” üçün

 

Ötən ilin 20 sentyabr günündə-görkəmli tədqiqatçı, yazıçı-publisist, hərbi jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirlinin Qazaxda, Müəllimlər Seminariyasının binasında, ADA Universitetinin Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin 140 İllik yubileyinə həsr olunmuş tədbirində qəfil dünyasını dəyişməsi hamıda dərin bir təəssüf doğurdu.

Şəmistan Nəzirlinin ölümü həqiqətən də istər ədəbiyyatımız, istər hərbi junalistikamız, istərsə də hərb tariximizin öyrəniləsində müstəsna xidmətləri olan bir tədqiqtçınının itkisi kimi böyük itkidir.

Onun yoxluğundan bir il keçir və mən, istədim ki, Şəmistan müəllimlə bağlı xatirəmi bölüşüm. Şəmistan  Nəzirlini bir tədqiqtçı və yazıçı kimi qiyabi olaraq 1987-ci ildən tanıyırdım...

 

Həmin il onun məşhur “Vurğun keçib bu yerlərdən” kitabı nəşr olunmuşdu. Səməd Vurğuna  böyük məhbbəti olan bir azərbaycanlı kimi bu nəşr haqqında məlumat alndan dərhal sonra  kitabı əldə edərək böyük həvəs və maraqla oxudum. Kitabda Böyük Səməd Vurğun haqqında o vaxtadək bilmədiyimiz məlumatlar, şairin səfərləri, görüşləri, onun haqqında xatirələr və maraqlı əhvalatlar yer almışdı. Yadımdadır, kitab çox sürətlə yayılmağa, oxunmağa başladı və müəllifinə  böyük populyarlıq gətirdi. O gündən məndə Şəmistan müəllimə qarşı dərin bir rəğbət və sevgi yaranmış, onunla əyani tanış və həmsöhbət olmaq arzusu baş qaldırmışdı. Belə bir gün 10  ildən sonra yetişdi. 1996-cı ilin noyabrı idi. Mən onda Mingəçevir Şəhər İcra hakimiyyətində başçının müavini vəzifəsində işləyirdim. Həmin il Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinin  keçirilməsi barədə Ümmilli liderimiz Heydər Əliyevin sərəncamı var idi. Şairin Mingəçevirlə sıx bağlılığını nəzər alaraq (Böyük şairin məşhur “Muğan” poeması Mingəçevirin qurucularına həsr olunmuşdu və onun qəhrəmanı Sarvan Salmanov Mingəçevirdə yaşayırdı) həm də onun yaradıcılığına və şəxsiyyətinə olan böyük sevgidən doğan bir həvəslə mən də Şairin 90 illik  yubileyinin keçirilməsi barədə təşəbbüs qaldırdım və mənim təşəbbüsüm şəhər rəhbərliyi  tərəfindən hərtərəfli dəstəklə qarşılandı.

Yubileyin keçirilməsi üçün Şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Dilqəm Alıyevin sərəncamı ilə, mənim sədrliyimlə təşkilat komitəsi yaradıldı və yubileyin yüksək səviyyədə keçirilməsi barədə tapşırıq verildi. Mən bütün qabiliyyətimi və bacarığımı səfərbər edərək yubileyin ən yüksək səviyyədə keçirilməsi üçün hər şeyi edirdim. Yubiley noyabrın 27-nə təyin edildi. Şəhərin baş küçəsi - indiki Heydər Əliyev  prospekti girişdən sonadək, eyni zamanda həmin prospekti perpendikulyar kəsən, şairin adını, daşıyan digər bir mərkəzi küçə Səməd Vurğun küçəsi başdan başa şüarlarla, Şairin “Muğan” poemasından yazılan plakatlarla, bayraqlarla, şairin trafaret şəkilləri ilə bayramsayağı bəzədilmiş,  minlərlə şəhər sakini və qonaqlar küçələrə çıxmışdı. Yubiley tədbirində iştirak etmək üçün Qazaxdan, Gəncədən, qonşu Ağdaş, Yevlax, Bərdə rayonlarından qonaqlar dəvət olunmuşdu.

Tədbirdə Qazax Xeyriyyə Cəmiyyəti böyük heyətlə iştirak edirdi. Akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, Xalq şairi Vaqif Səmədoğlu, şair Həmid  Abbas, yazıçı Fərman Eyvazlı və digərləri var idi. Qonaqlar arasında Şəmistan Nəzirli də gəlmişdi və mən bütün qonaqlar kim onu da böyük hörmətlə qarşıladım.

Şəmistan müəllimlə arada bir az zaratlaşdıq da. Məndən soruşdu ki, sən Qazağın hansı  kəndindənsən. Mən cavab verdim ki, Abbasbəyli kəndindən. Dedi ki, mən elə bilirdim, sən Daş  Salahlıdansan. Aradan xeyli müddət keçdi. O, bir də mənə Daş Salahlı balası deyə müraciət  elədi. Mən gülə-gülə dedim ki, mən Daş Salahlıdan deyiləm. O da cavabında dedi ki, Daş Salahlı  olanda nə olar ki? Mən dedim, ay Şəmistan müəllim, Daş Salahlı Qazağın ən böyük və ən qədim kəndidir. Ancaq indi mən neyləyim ki, oralı deyiləm. Xeyli gülüşdük. Həmin gün o mənə  avtoqrafı ilə “Vurğun keçib bu yerlərdən” kitabını bağışladı. Avtoqrafda yazmışdı: “Əziz eloğlum, Ramiz Göyüşova xoş arzularla. P.S Daş Salahlı olmaq istəməyən vətənpərvər eloğluma müəllifdən.  27 noyabr 1996-cı il”...

 ... Səhərdən başlayıb, bütün günü davam edən yubiey tədbirləri axşam Mərziyə Davudova adına Dövlət Dram Teatrının böyük salonunda yekunlaşacaqdı. Salon ağzınadək dolmuşdu.

Çıxışlar və bədii proqramla qarışıq şəkildə aparılan tədbir sürəkli alqışlarla davam edirdi. Qonaqlar əvvəlcədən tərtib olunan ssenari üzrə çıxış edirdiər. Yazıçı Fərman Eyvazlı çıxışa yazılmamışdı.

Arada Vidadi Bayramov mənə dedi ki, Fərman Eyvazlı çıxış etmək istəyir. İmkan olan kimi onun da  çıxışına imkan yarat. Mən də bu barədə tədbirin aparıcılarına tapşırıq verdim və elə növbəti  nömrədə Fərman Eyvazlı çıxışa dəvət edildi. Fərman müəllim aramla səhnəyə qaxdı. Təxminən 5-6 dəqiqə çıxış edərək Səməd Vurğundan bir xatirə danışdı. Çıxışının sonunda üzünü Şairin səhnədən asılmış böyük portretinə tutaraq: ”Allah sənə rəhmət eləsin, Ustad”- deyib, qalxdığı  kimi də səhnədən düşərək yerinə keçdi. Aparıcılar növbəti nömrəni elan etdilər. Salonda  işıqlar söndü və “Vaqif “ dramından bir səhnə oynanılmağa başladı. Fərman Eyvazlı Vidadi müəllimlə yanaşı oturmuşdu. Birdən Vidadi müəllim mənə səsləndi ki, Ramiz burda həkim varsə təcili çağır bura gəlsin. Mən onlar tərəfə çevriləndə gördüm ki, Fərman müəllimin başı çiynindən aşağı düşüb.

Təcili onu salondan çıxartdıq. Həkimlər tökülüşdü, ancaq neynədiksə artıq iş-işdən keçmişdi.  Hər şey bir andaca baş vermişdi...

 2025-ci il Sentyabrın 20- də Şəmistan Nəzirli ilə onun həyatın son gününü, son dəqiqələrini birlikdə keçirmiş dəyərli mətnşünas, dilçi alim professor Ədalət Tahirzadənin öz Feysbuk səhfəsində böyük kədərlə qeydə aldığı Şəmistan Nəzirlinin əbədiyyətə gedən yolunun təfərrüatlarını oxuduqdan sonra Mingçevirdəki olayı bir daha kədərlə xatırladım. Şəmistan müəlim də Fərman Eyvazlı olayının şahidi olmuşdu və çox qəribədir ki, həmin tale onun da qismətinə yazılıbmış.

... Şəmistan müəllim bədii yaradıcılığa başladığı 1958-ci ildən bu günədək 67 illik bir dövrdə  bütün fəaliyyətini hərb tariximizə, Cümhuriyyət tarixinə, Azərbacan generallarının həyat və fəaliyyətinə, xalqımızın və dövlətçiliyimizin tarixində müstəsna xidmətləri olmuş görkəmli  şəxslərin həyat və fəaliyyərinə, Səməd Vurğun ocağına, Vəkilovlar nəslinə aid faktlara söykənən,  obyektivliyi ilə fərqlənən, dərin araşdırmalara həsr etmişdi. O, ağır zəhmətin, fədakar vətəndaşlıq  mövqeyin məhsulu olan 30-dan cox iri həcmli, çox dəyərli kitabaların müəllifidir və bu kitablarda  yazılan sətirlərin hər birinin altında tariximiz yatır. Onun “Vurğun keçib bu yerlərdən”, “Vurğun  ömrü”, “Ellər vurğunu”, ”Yaddaşlarda yaşayan Vurğun”, “Qacarlar”, “Cumhuriyyət generalları”, “Azərbaycan generaları”, ”General Əli ağa Şıxlıniski”, “ General Cəmşid Naxçıvanski”, ”Topoqraf general İbrahim ağa Vəkilov”, ”Tam artileriya generalı Səməd bəy Mehmandarov”, “General Yadigarov qardaşları”, ” Krım dəftəri”, “Qoridən gələn qatar”, “1920-ci il Qarabağ döyüşləri”,  “Nüfuzlu nəsillər tarxindən” və digər kitablarında toplanmış materiallar arxiv sənədlərinə, tarixi faktlara əsaslanmaqla tariximizin qızıl məqamlarını özündə əks etdirir. Heç şübhəsiz gələcək nəsillər tariximzin yeni səhfəlrini yazarkən hökmən Şəmistan Nəzirlinin bu  əvəsiz mənbəələrinə müraciət edəcəklər.

Bununla yanşı mən onun “ Qoridən gələn qatar” kitabı üzərində xüsusi olaraq dayanmaq istədim.

...İndi hər kəsə məlumdur ki, Azərbaycan təhsilinin tarixində Qazax Müəllimlər Seminariyasının  müstəsna yeri olmuşdur. 1918-ci ildə Qori müəllimlər seminariyasının Azərbaycan bölməsinin Qazağa köçürülməsi, onun bazasında Qazax Müəllimlər Seminariyasının təşkili Qazaxda yeni bir  zümrənin –müəllimlər dəstəsinin yaranmasına səbəb oldu. Müəllimlər Seminariyasının ilk buraxılışları əsasən Qazax mahalından olan insanlar idi. Və sonrakı tariximizdə Qazax müəllimlər Seminariyası təkcə müəllimlər ordusu yetişdirmədi, həm də bütöv bir ziyalılar nəslinin yaranmasına  səbəb oldu. Müəllifin, yarandığı tarixdən başlayaraq, sonrakı dövrlərdə zaman-zaman Azərbaycanımızın  tarixində mühüm rol oynamış Seminariyanın tarxi, onun yaradılması, təşəkkülü, inkişafı və Azərbaycan təhsilnin tarixindəki mövqeyi barədə əvəzsiz bir mənbə olan “Qoridən gələn qatar” kitabının  müstəsna bir əhəmiyyəti var və o özü bu elmi-tarxi kitabına böyük bir sevgi ilə yanaşırdı. Sonrakı  illərdə xalqımızın görkəmli ziyalısı, ictimai-siyasi və dövlət xadimi, təhsilimizin fədaisi ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə indi yeni dövrünü yaşayan, ölkəmizin mədəni və təhsil həyatında hadisəyə çevrilən Qazax Müəllimlər Seminariyasının bərpasında Şəmistan Nəzirlinin  “Qoridən gələn qatar”kitabının və Şəmistan Nəzirlinin fikirləri əsas göstəricilərdən idi. Son vaxtlar Şəmistan Nəzirli tez-tez Qazax Müəllimlər Seminarisyasında olur, Seminariyanın tarixi haqqında  dəyərli söhbətlər edir, onun tələbələri, müəllimləri və məzunları haqqında maraqlı müsahibələr verir və bundan özü də xüsusi bir məmnunluq duyurdu. Çox təəssüf ki, onun bu gedişi sonuncu gediş oldu və onu sevənlərin qəbində bir sızıltı yaratdı.

Professor Ədalət müəllim qeydlərinin sonunda yazır: “Şəmistan Nəzirli Allahın ən sevimli bəndəsi imiş -o, ata, anası qədər sevdiyi Qazaxda, vurğunu olduğu Səməd Vurğunun torpağında və hədsiz sevdiyi Firudin bəy və Badisəba Köçərlilərin ruhunu yaşadan Qazax Müəlimlər Seminariyası kimi müqəddəs bir ocaqda və çox sevdiyi insanlar arasında həyatla vidalaşdı, özü də ağrısız- acısız, ağlı ən son anadək üstündə olaraq”...

Ruhun şad olsun, Böyük İnsan! Xatirən qəlbimizdə yaşayacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

    

 

 

 

 

Cümə axşamı, 24 Sentyabr 2026 08:08

Xalq artisti Xalidə Quliyevanın doğum günüdür

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Kinomuzda, dublyaj sahəsində uzun illər səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının xalq artisti Xalidə Quliyevanın bu gün 74 yaşı tamam olur.

Mən də qərara aldım ki, aktrisanın ömür-gün yluna birgə tamaşa edək.

 

Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olub.

Atası neftçi, anası isə evdar qadın olub. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlayıb. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında çəkilib. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.  6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Filmoqrafiya

1. Qızıl qaz

2. Nəsimi

3. Bakıda küləklər əsir

4. Tütək səsi

5. Dörd bazar günü

6. Çətirimiz buludlardır

7. Xoşbəxtlik qayğıları

8. Bir ailəlik bağ evi

9. Anın quruluşu

10. Bağlı qapı

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bakının günəşli sentyabr səhərindən bir anlıq havası xeyli soyumuş və payız nəfəsi aşkar duyulan Avropa paytaxtlarına rakurs etsək, mədəniyyət aləmində baş verən əsas hadisələrə göz yetirsək, düşünürəm ki bu, yalnız bizim xeyrimizə olar. Elə isə haydı, başlayaq.

 

Dünya mədəniyyətinin böyük şəhərlərində payız mövsümü başlayıb. Sentyabrın gəlişi ilə kino festivalları, moda həftələri, dizayn sərgiləri, incəsənət yarmarkaları və muzey ekspozisiyaları yenidən beynəlxalq mədəniyyət gündəminin əsas mövzularına çevrilib.

2026-cı ilin sentyabrı xüsusilə zəngindir. Venesiyada kino, Londonda dizayn və moda, Milanda moda və sənətkarlıq, Parisdə sərgilər, qarşıdakı oktyabr ayında isə Londonda dünyanın ən böyük müasir incəsənət platformalarından biri – Frieze keçiriləcək.

Bu hadisələrin hər biri yalnız bir şəhərin mədəni həyatını deyil, dünya sənətinin hansı istiqamətdə inkişaf etdiyini də göstərir.

 

Venesiya: kino dünyasının payız başlanğıcı

Sentyabrın ən mühüm mədəni hadisələrindən biri, şübhəsiz, 83-cü Venesiya Beynəlxalq Film Festivalı oldu.

Dünyanın ən qədim kino festivallarından biri olan Venesiya festivalı 2–12 sentyabr tarixlərində keçirildi. Festivalın əsas müsabiqəsində 21 film yarışdı. Festivalın rəsmi məlumatına görə, bu il nümayişlərə 117 656 bilet satılıb ki, bu da əvvəlki ilin rekord göstəricisindən 14 faiz çoxdur.

Festivalın əsas mükafatı – “Qızıl Şir” danimarkalı rejissor May el-Toukhy-nin Woman Unknown filminə verildi. Cənubi koreyalı rejissor Li Çanq-donqun Possible Love filmi Münsiflər Heyətinin Böyük Mükafatına layiq görüldü.

Azərbaycanlı tamaşaçı üçün xüsusilə diqqətçəkən nəticələrdən biri isə rejissor İlya Xrjanovskinin DAU filmi ilə “Ən yaxşı rejissor” nominasiyasında “Gümüş Şir” qazanması idi. Çünki bu film bakılı Nobel mükafatçısı Landauya həsr olunub..

Beləliklə, Venesiya festivalı bu il də dünya kinosunun ən mühüm görüş məkanlarından biri statusunu qorudu. Biz də “Ədəbiyyat və incəsənət” portal olaraq festival barədə geniş söhbət açdıq, diskussiyalar qurduq.

 

Milan: moda artıq yalnız moda deyil

Sentyabrın 22-də isə diqqətlər İtaliyanın moda paytaxtına – Milana yönəldi.

Milan Moda Həftəsi 22–28 sentyabr tarixlərində keçirilir. Proqramda Prada, Fendi, Gucci, Dolce & Gabbana, Bottega Veneta və Giorgio Armani kimi məşhur moda evlərinin təqdimatları yer alır. 2027-ci ilin yaz-yay kolleksiyalarının nümayiş etdirildiyi həftədə 54 əsas moda nümayişi və 88 təqdimat nəzərdə tutulub.

Lakin bu il Milanın mədəniyyət gündəmində başqa bir hadisə də xüsusi yer tutur.

“

Vogue World: Milano” – İntibahdan süni intellektə

Sentyabrın 22-də Milanın məşhur Galleria Vittorio Emanuele II məkanında “Vogue World: Milano” keçirilib.

Tədbirin konsepsiyası xüsusilə maraqlıdır: İtaliyanın İntibah sənəti, sənətkarlıq ənənələri, sənaye mədəniyyəti, kino və müasir texnologiyalar bir nümayişdə birləşdirilir.

Proqramın bölmələrindən biri ənənəvi italyan sənətkarlığına, digəri sənaye inqilabına, başqa hissəsi “Made in Italy” estetikasına həsr olunub. Final hissələrdə isə süni intellekt və gələcəyin modası ön plana çıxır.

Bu mənada Milanın bugünkü mədəniyyət mesajını bir cümlə ilə ifadə etmək mümkündür: Ənənə gələcəyin rəqibi deyil, onun başlanğıc nöqtəsidir.

 

London: dizaynın böyük laboratoriyası

Sentyabrın 12–20-də keçirilən London Design Festival 2026 da dünya mədəniyyət gündəminin əsas hadisələrindən biri oldu.

24-cü dəfə keçirilən festival Londonun müxtəlif məkanlarını böyük dizayn laboratoriyasına çevirdi. Burada mebel, memarlıq, tekstil, sənətkarlıq, rəqəmsal texnologiyalar və interaktiv incəsənət bir araya gəldi.

Festivalın diqqətçəkən layihələrindən biri “Craft x Tech” proqramıdır. Burada ənənəvi yapon sənətkarlığı müasir texnologiyalarla qarşılaşdırılır.

Bu, müasir dizaynda getdikcə güclənən bir tendensiyanın göstəricisidir: qədim sənətkarlıq üsulları yox olmur, əksinə, yeni texnologiyalar vasitəsilə başqa formada yaşamağa başlayır.

London Design Festivalında ekologiya məsələsi də ön plandadır. Təkrar istifadə olunan materiallar, davamlı istehsal, yeni biomateriallar və enerji səmərəli dizayn nümunələri nümayiş etdirilib.

 

London modası: keçmişə qayıdış, gələcəyə baxış

London sentyabrda yalnız dizaynın deyil, modanın da mərkəzlərindən biri oldu.

London Fashion Week çərçivəsində Burberry, Alexander McQueen, Mulberry, Simone Rocha, Erdem və digər moda evləri 2027-ci ilin yaz-yay kolleksiyalarını təqdim etdilər.

Burberry-də klassik Britaniya üslubu yeni tekstil və rəng həlləri ilə birləşdirildi. Alexander McQueen isə Londonun tarixi və müasir şəhər mədəniyyətindən ilhamlanan kolleksiya təqdim etdi. Mulberry-nin təqdimatında isə brendin tarixi kodlarına müasir baxış diqqət çəkdi.

Beləliklə, London modasında da eyni tendensiya müşahidə olunur: mədəni yaddaş müasir dizaynın materialına çevrilir.

 

Venesiyada şüşə sənətinin bayramı

Sentyabrın daha bir maraqlı hadisəsi Venice Glass Week oldu.

Venesiya və Murano əsrlərdir şüşə sənətinin dünya mərkəzlərindən biri sayılır. Sentyabrın 12–20-də keçirilən tədbirlərdə sərgilər, ustad dərsləri və müxtəlif təqdimatlar vasitəsilə həm ənənəvi, həm də müasir şüşə sənəti nümayiş etdirildi.

Burada söhbət sadəcə sənət əsərlərindən getmir. Murano şüşəçiliyi kimi ənənələr Avropanın canlı qeyri-maddi mədəni irsinin nümunələrindən biridir.

Bu baxımdan müasir sənətkarın qarşısında maraqlı bir vəzifə dayanır: ənənəni təkrarlamaq yox, onu yaşatmaq.

 

Venesiya sənətkarlığı da dünyaya açır

Venesiyada sentyabr ayının bütün mədəni proqramı yalnız kino ilə məhdudlaşmır.

Homo Faber 2026 tədbiri də sentyabr boyunca Fondazione Giorgio Cini məkanında keçirilir. Dünyanın müxtəlif ölkələrindən sənətkarların iştirak etdiyi bu beynəlxalq sərgi əl işləri, material, dizayn və sənətkarlıq ənənələrini bir araya gətirir.

Müasir texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə əl əməyinə həsr olunmuş belə böyük tədbirin keçirilməsi özü maraqlı mədəni hadisədir.

Çünki süni intellektin, robotların və avtomatlaşdırmanın genişləndiyi dünyada insan əlinin yaratdığı obyektə maraq da yeni məna qazanır.

 

Paris: muzeylər payız mövsümünü açır

Paris də sentyabrın son günlərində böyük sərgilərlə mədəniyyət xəritəsində öz yerini qoruyur.

Fransanın paytaxtında sentyabrın sonuna qədər davam edən bir sıra müvəqqəti sərgilər ziyarətçiləri müxtəlif muzey və qalereyalara cəlb edir. Parisin mədəniyyət təqvimi rəssamlıq, fotoqrafiya, dekorativ sənət və müasir incəsənətin müxtəlif istiqamətlərini əhatə edir.

Paris nümunəsi bir daha göstərir ki, böyük şəhərlərin mədəni həyatı artıq bir-iki “ulduz” tədbirlə ölçülmür. Şəhərin özü nəhəng muzey və sərgi məkanına çevrilir.

 

Oktyabrda London yenidən dünya incəsənətinin mərkəzinə çevriləcək

Sentyabrın mədəniyyət hadisələri başa çatmamış dünya incəsənətinin növbəti böyük görüşünə hazırlıq başlayıb.

Frieze London və Frieze Masters 14–18 oktyabr tarixlərində Londonun Regent's Parkında keçiriləcək.

İki sərgidə ümumilikdə təxminən 300 qalereyanın, 48 ölkə və regionun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Frieze London müasir incəsənətə, Frieze Masters isə tarixi sənət nümunələrinə diqqət yetirir.

Bu il Frieze Londonun maraqlı bölmələrindən biri “The Code Universe” adlanır. Bölmə kütləvi mədəniyyət, informasiya axınları və sosial dəyişikliklər fonunda müasir rəssamların dünyaya münasibətini araşdırır.

Frieze Week çərçivəsində Londonun müxtəlif muzey və qalereyalarında Tate Britain, Tate Modern, British Museum, Royal Academy, Barbican və digər böyük mədəniyyət müəssisələrində sərgilər keçiriləcək.

 

Mədəniyyətin yeni mövzusu: süni intellekt

2026-cı ilin mədəniyyət gündəminə nəzər salanda bir mövzu demək olar ki, hər yerdə görünür: süni intellekt.

Bu texnologiya artıq yalnız texnologiya sərgilərinin mövzusu deyil.

O, kinoda virtual reallıq layihələrində, moda dizaynında, muzeylərdə, memarlıqda, musiqidə və təsviri sənətdə müzakirə olunur.

Milanın “Vogue World” tədbirində ənənəvi italyan sənətkarlığı ilə süni intellektin yanaşı təqdim olunması da bunun simvolik nümunəsidir.

Maraqlıdır ki, sənət dünyasında əsas sual artıq “Süni intellekt sənət yarada bilərmi?” sualından daha genişdir:İnsan yaradıcılığı texnologiya ilə necə dəyişəcək?

Bu suala hələ yekun cavab yoxdur.

 

Və bütün bunların ortaq nöqtəsi...

Venesiyanın kino festivalları, Milanın moda nümayişləri, Londonun dizayn tədbirləri, Parisin sərgiləri, Murano şüşə sənəti və qarşıdakı Frieze London ilk baxışda bir-birindən tamamilə fərqli hadisələrdir.

Lakin onların hamısında ortaq bir xətt görünür.

Dünya mədəniyyəti keçmişlə gələcəyi bir-birinə qarşı qoymur. Onları birləşdirməyə çalışır.

İntibah sənəti süni intellektlə, qədim sənətkarlıq müasir dizaynla, klassik kino yeni texnologiyalarla, tarixi muzeylər rəqəmsal platformalarla görüşür.

Bəlkə də 2026-cı ilin mədəniyyət mənzərəsinin əsas xüsusiyyəti məhz budur: İnsan keçmişini qoruyaraq gələcəyə doğru gedir.

Və dünyanın böyük mədəniyyət şəhərləri bu yolun ən maraqlı səhnələrinə çevrilir.

Bu qədər. Qitənin mədəni həyatı barədə yazı və xəbərlərimi izləməkdə davam edin. Yeni görüşlərə qədər.

 

Şəkildə: Milan Moda həftəsindən bir görüntü. Foto: mats eye.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2026)

​Kubilay Serhat Topçu, Türkiyə.

“Ədəbiyyat və incəsənət”

 

​İşğal nə deməkdir?

Bir yerin və ya mülkün hər hansı bir qüvvə və ya şəxs tərəfindən ələ keçirilməsi, zəbt edilməsi mənasını verir. Torpağın işğal oluna biləcəyini başa düşdük, bəs mədəniyyət necə işğal oluna bilərmi?

​

Sizi 1992-ci ilin o qaranlıq may günlərinə, Şuşa küçələrinə aparmaq istəyirəm.

Şuşa Mədəniyyət Mərkəzinin həyətində üç tunc büst dayanırdı: şair Xurşidbanu Natəvan, sənətçi Bülbül (Murtaza Məmmədov) və Azərbaycan Milli Marşının bəstəkarı Üzeyir Hacıbəyov.

Şəhər ələ keçirilmişdi. Lakin hücum bununla bitmədi.

Bu üç büst yanaşı düzüldü və yaxın məsafədən güllələndi.

İnsan istər-istəməz düşünür: Bir torpağı ələ keçirmək müharibənin bir hissəsi ola bilər. Bəs bir şairin, bir bəstəkarın, bir sənətçinin heykəlinə nə üçün qurşun sıxırsınız?

​Bu yazıda Şuşadan qoparılaraq illərlə Bakıda qalmış həmin üç büstün hekayəsini və Şuşanın sənətlə, şeirlə, musiqi ilə yoğrulmuş yaddaşını qələmə almaq istəyirəm.

 

​QAFQAZIN ŞAİRLƏR QALASI: ŞUŞA

​Bu gün xəritəyə baxdıqda Şuşanın şiş qayalıqlar üzərində salınmış, keçilməsi çətin olan hərbi qala olduğunu görə bilərsiniz. Bu, doğrudur. Şuşa Qarabağ və Qafqaz üçün strateji əhəmiyyətli şəhərdir.

Amma Şuşanı Şuşa edən təkcə onun qayalıqları və sədləri deyildi.

Şəhərin əsl qüdrəti əsrlər boyu yetişdirdiyi sənətkarlarda, şairlərdə və fikir adamlarında gizlənirdi. Demək olar ki, hər küçəsində, hər qədim imarətində bir hekayə yatırdı.

​XIX əsrə gəldikdə Şuşada əsl ədəbi və intellektual mühit formalaşmışdı. Bu mühitin ən diqqətçəkən simalarından biri də mənim şəxsən böyük heyranlıq duyduğum Xurşidbanu Natəvan idi.

Qarabağ xanının qızı olan Natəvan sarayda oturub yalnız qəzəllər yazan zadəgan xanım deyildi.

O, Şuşada yaratdığı "Məclisi-Üns" ətrafına dövrün şairlərini və ziyalılarını toplayır, şəhərin ədəbi həyatına istiqamət verirdi. Üstəlik, bununla da kifayətlənmirdi. Öz şəxsi vəsaiti və imkanları hesabına Şuşa dağlarından şəhərə içməli su çəkilməsi üçün kilometrlərlə kanal tikdirdi. Bu gün "Xanqızı bulağı" kimi tanınan su mənbəyi də məhz onun bu xeyriyyəçilik fəaliyyətinin nəticəsidir.

​Natəvanın şəxsiyyətini tam dərk etmək üçün 1858-ci ilə nəzər salmaq lazımdır.

“Üç muşketyor” və “Monte-Kristo qrafı” kimi əsərlərin müəllifi Aleksandr Düma Qafqaz səyahəti zamanı bölgəni ziyarət edir. Dümanın səyahətnaməsində 26 yaşlı Natəvanla görüşünə dair olduqca maraqlı bir epizod var.

Natəvanın yanında həyat yoldaşı Həsəqulu xan və fransızdilli qonaqlar da olur. Söhbət bir müddət sonra strategiya oyunlarına gəlib çıxır və ortaya şahmat taxtası gətirilir.

56 yaşlı Aleksandr Düma ilə 26 yaşlı Natəvan qarşı-qarşıya otururlar.

Gedişlər başlayır.

Rəvayətə görə, Düma gənc şairənin şahmat oyunundakı məharətinə heyran qalır və oyunda Natəvan qalib gəlir.

​Bu gün bu əhvalata sadəcə bir şahmat oyunu kimi baxmaq haqsızlıq olardı.

XIX əsr Qafqazında yaşayan gənc bir qadın şairin Avropanın ən məşhur yazıçıları ilə eyni masanı bölüşməsi belə özlüyündə maraqlı bir hekayədir.

Həmçinin Dümanın Natəvana Parisdən gətirdiyi fil sümüyündən hazırlanmış Napolyon şahmat dəsti və naxışlı qılınc hədiyyə etdiyi də qeyd olunur.

Həmin fil sümüyündən olan şahmat dəsti bu gün Bakıdakı Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində nümayiş etdirilir.

​Natəvanın həkayəsi bununla bitmir.

O, həm də çox qüdrətli şair idi. Xüsusilə çəkdiyi iztirabları və yaşadığı itkiləri şeirlərinə köçürmüşdü. Məni də dərindən təsirləndirən misralarından bəziləri bunlardır:

​Səninlə kim açılıb qəlbimin şüküfələri,

​Mürüvət elə, əzizim, edib xəzan, getmə

​Döymə gözlərimi, qoy görüm doyunca, bari getmə

​Natəvan gənc yaşında oğlu Mir Abbası itirmişdi. Saray həyatının ağırlığı, ailəvi itkilər və çəkdiyi acılar onun yaradıcılığında əksini tapmışdı.

Lakin sənət onun üçün təkcə şeirdən ibarət deyildi.

O, rəssamlıqla da məşğul olur, öz əli ilə hazırladığı və “Gül dəftəri” adlandırdığı albomda çiçək və təbiət təsvirlərinə yer verirdi. Nəqqaşlıq (təzhip) sənətinə də böyük maraq göstərirdi.

Bundan əlavə, Natəvan xalqından uzaq düşmüş saray nümayəndəsi deyildi.

Xalqının rifahı üçün bulaqlar çəkdirmiş, bir çox xeyriyyə işləri həyata keçirərək bütün imkanlarını səfərbər etmişdi.

​Amma tarix həmişə hər zaman ədalətli davranmır.

1992-ci ilin mayında Şuşa işğal olunduqda şəhərdəki mədəni irs də düşmən hücumunun hədəfinə çevrildi.

Şuşa Mədəniyyət Mərkəzinin həyətindəki Natəvan büstü 1982-ci ilin yayında quraşdırılmışdı. Azərbaycanlı qadın heykəltəraş Həyat Abdullayevanın əsəri olan bu abidədə Natəvan əlində kitabla təsvir edilmişdi.

İşğaldan sonra bu büstlər vəhşicəsinə qurşunlandı.

Natəvan heykəlinin baş barmağı qırıldı.

​İngilis jurnalist Tomas de Vaal sonralar Bakıda yenidən gördüyü həmin büstləri belə təsvir edirdi:

​"Bu üç bürünc büstü acınacaqlı vəziyyətdə, qurşun deşikləri içində, Bakıdakı Qırmızı Xaç komitəsinin həyətində uzanmış halda gördüm. Şairə Natəvanın başı örpəklə örtülmüşdü, əlində kitab tuturdu, baş barmağı qırıq idi; bəstəkar Hacıbəyov qurşun izləri ilə örtülmüşdü, ikiüzlü pencək geyinmişdi və eynəyi sınmışdı..."

​Bir şəhərin işğalı ilə onun mədəniyyətinə edilən hücum arasındakı fərq bəlkə də məhz burada üzə çıxır.

Çünki bu büstlər hərbi hədəf deyildi.

Onlar Şuşanın şəxsiyyətinin və Azərbaycan türklərinin sivilizasiya yaddaşının daşıyıcıları idi.

 

​ŞUŞANIN KÜSƏKƏN ÇİÇƏYİ: XARİBÜLBÜL

Məhz bu məqamda Şuşanın digər bir simvolunu xatırlamaq yerinə düşər: Xarıbülbül.

Qarabağın sarp qayalıqlarında və yaylalarında bitən bu çiçək illərdir bölgənin ən güclü rəmzlərindən biri hesab olunur.

Xarıbülbül ilə bağlı maraqlı bir rəvayət də mövcuddur: Deyilənə görə, bu çiçək başqa torpağa köçürüldükdə yaşaya bilmir, tez quruyur və sanki öz doğma torpağına küsür.

​Bəlkə də elə buna görədir ki, Xarıbülbül Şuşanın hekayəsinə bu qədər uyğun gəlir, qoşa çəkilir.

Çünki Şuşanın tarixində də torpaqla, yaddaşla və milli aidiyyətlə sıx bağlı, bir-birindən ayrıla bilməyən bir taleyin hekayəsi var.

Natəvanın "Gül dəftəri"ndəki təsvirlərdən Qarabağın sənətinə, şeirlərindən bu gün də yaşayan rəmzlərə qədər uzanan zəngin bir mədəniyyət yaddaşı...

​

HEYKƏLLƏRİN EVİNƏ QAYIDIŞI

​1992-ci ildə məlum oldu ki, həmin büstlər metal qırıntısı (metalolom) kimi satılmaq üçün bölgədən çıxarılıb.

O dövrdə Azərbaycanın mədəniyyət naziri olan Polad Bülbüloğlu vəziyyəti Heydər Əliyevə çatdırdı. Heydər Əliyevin qətiyyətli təşəbbüsü sayəsində aparılan danışıqlar və tədbirlər nəticəsində üç büst satın alınaraq Azərbaycana qaytarıldı və Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirildi.

Lakin üzərlərindəki qurşun izləri qalırdı.

Natəvanın baş barmağı hələ də qırıq idi.

Onların hər üçü 29 il boyunca öz doğma şəhərlərindən uzaqda həsrətlə gözlədi.

​Nəhayət, təqvim 2020-ci ili göstərdi.

Şanlı Qarabağ müharibəsindən sonra Şuşa azad olunaraq yenidən Azərbaycanın suverenliyinə qayıtdı.

Və 2021-ci ilin yanvarında illərlə Bakıda həsrətlə gözləyən həmin büstlər yenidən Şuşaya aparıldı.

Tam 29 il sonra.

​Vaxtilə qurşunlanan, yerindən qoparılan və bəsit metal kimi satılmaq istənilən heykəllər yenidən doğma şəhərin torpağına qovuşdu.

Məsələnin mahiyyəti əslində budur: Bir şəhəri silah gücü ilə ələ keçirə bilərsiniz, abidələri qurşunlaya, hətta onları satmağa da cəhd göstərə bilərsiniz.

Amma barıt qoxusu çəkilib gedəndə geridə tək bir həqiqət qalır: Bir xalqın ruhuna, qan yaddaşına həkk olunmuş hafisəni hansı mərmi silə bilər ki?

​Aradan keçən 29 ildən sonra öz əzəli ünvanına — Şuşaya qayıdan o yaralı büstlərə baxanda mən məhz bunu görürəm. Onlar artıq sadəcə bir heykəl deyil, Azərbaycanın yaşayan mədəniyyətinin, ədəbiyyatının və əbədi yaddaşının canlı simvoludurlar.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2026)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Güney Azərbaycanlı yazar İbrahim Savalanın “Oğrular” başlıqlı araşdırma məqaləsini təqdim edir. Məqalə şeir oğruları barədədir, dahi Şəhriyarın şeirlərini oğurlayanlar barədə.

 

Mən bilən üç dəfə Şəhriyarın şeirləri oğurlanıbdır və o şeirlər Azərbaycan ədəbiyyat tarixindən silinibdir. İlk oğurluq, Şəhriyar evini dəyişmək məqsədilə əşyalarını yığışdırıb başqa iş üçün evdən çıxdığı zaman, baş veribdir. O yerdən ki, Şəhriyarın evində oğurlamaq üçün qiymətli bir şey yox imiş və Şəhriyar demişkən “Oğru bir at yükü qədər kitab-dəftər aparmışdı”. O oğurluq, planlı bir işə bənzəyir:

 

Oğru qaldırdı qazan qablamanı,

Kim əl atsın hacata? Bilməyirəm.

Bu kitablar özü bir at yüküdür,

Bunu kim çatsın ata, bilməyirəm.

 

Rza şah İrandan çıxandan sonra, ölkəm həm başsız qalır, həm də azad bir fəza yaranır.

Şəhriyar da o fəzadan faydalanıb həm Azərbaycanın dərdlərini dilə gətirir ki, ən məşhuru 1942-ci ildə yazılan “Əla Tehraniya” adlı farsca şeiri ilə öz dilimizdə yazan şeirləridir.

O illərdə Azərbaycanın başına bombalar yağanda Tehran radiosu toy tutur və bu Şəhriyarı titrədir.

Bir də ki, İranın ikinci dünya savaşında gücsüz davranışı və Türkiyənin iqtidarı, Şəhriyarda qürur hissi yaradır və Türklərin ordusuna farsca şeir yazır.

Bunlardan əlavə, yaranmış Azərbaycan Muxtar Dövləti, Şəhriyarın ilham qaynağına çevrilir ki, Şəhriyarın o dövlətdən aldığı təsirlər və ilham bir başqa müstəqil yazı olmalıdır. Amma oğrular o illərdə yazılan bir dolu divanı, səliqə-sahmanla aparırlar:

 

Səlqəli oğru tapılmışsa bu başsız yerdə,

Şəhriyardan da gərək bir dolu divan apara.

 

Amma 1971-ci ilin qışında, ya bəzi təxminlərə görə 1972-ci ilin bayramında baş verən üçüncü oğurluq, Şəhriyarın ədəbi irsinə və ədəbiyyatımıza daha ağır idi. Şəhriyarın əsas Türkcə şeirləri Rza şahın İrandan getməsi və yaranmış azad fəzada yaranmışdı və 1947-1948 illərində yazılan “Heydər Baba” şeiri Şəhriyara çoxlu şöhrət qazandırıb onu ədiblərin diqqət mərkəzinə çevirmişdi və Şəhriyar onlarla oturub-durduqda daha öz dil və ədəbiyyatımızla tanış olmuşdu və o 20 ildə yazdığı şeirlərinin çox hissəsi türkcə olmuşdu ki, o şeirlər bu üçüncü oğurluqda yoxa çıxır.

Bu hadisənin başqa səbəbi də Azərbaycanın şimali hissəsində Şəhriyara olana diqqətlər və İran rejiminin o diqqətlərdən rahatsızlığı idi. Örnək olaraq Azərbaycan yazarları 1968-ci ildə, Bakıda Molla Pənah Vaqifin anadan olmasının 250 illik münasibətinə qurulan mərasimə Şəhriyarı da dəvət etmişdilər, amma Pəhləvi rejimi Şəhriyarın dəvətnaməsini ört-basdır edib, ona verməmişdi.

Məşhur Azərbaycan şərqşünası, filologiya elmlər doktoru, Harvard universitetinin fəxri doktoru Rüstəm Əliyev hələ çox gənc vaxtları və 30 yaşında Moskva universitetinin şərqşünaslıq bölməsinin müdiri olmuşdu. Professor Əliyevin doktorluq tezi Şirazlı Sədinin “Gülüstan” əsəri haqda idi və ona görə, 1970-ci ildə Tehrana səfər etmişdi. Rüstəm Əliyev bir il öncəsi, Azərbaycan əməkdar elm xadimi ünvanını qazanıb, sonra Tehrana gəlmişdi.

Əliyev Tehranda Azərbaycanlı yazarları görüb Şəhriyarla görüşmək arzusunu onlara demişdi. Amma yazarlar ona deyir ki, Şəhriyar hazırda Təbrizdə yaşayır və kimsə ilə görüşmək istəmir. Hətta şair Səhənd Qaraçorlu, Əliyevə bildirir ki, neçə ay öncə doktor Şəmslə birlikdə Təbrizə gedib, onu Tehrana qonaq gətirmək istədik, amma gəlmədi. Rüstəm Əliyev deyir ki, “Mən gərək Şəhriyarı görəm, sonra öləm!”

Bu dəfə doktor Şəms və Rza Xamənei birlikdə Təbrizə gəlib və Şəhriyarla Rüstəm Əliyevin sözünü deyib, onu ailəsilə birlikdə götürüb, Tehrana aparırlar. Bulud Qaraçorlu (Səhənd) Tehranda öz evini onların ixtiyarında qoyub, onları bir ay hörmətlə saxlayır. Tehrana yetişən günün sabahısı, yəni azər ayının 12-ci günü Əliyev, Şəhriyarın görüşünə gəlir və “Heydər Baba”nın Bakıda misilsiz rəğbətlə qarşılanmasından və dəfələrlə çap olmasından xəbər verir, deyir ki, sizi dəfələrlə Bakıya çağırmışıq, amma xəbər olmayıb. Deyir, iki il öncə Molla Pənah Vaqifin mərasimində yolunuzu çox gözlədik. Bir halda ki, buradakılar belə bir dəvətnamənin olmasında xəbərsiz idilər.

Şəhriyar elə həmən o görüşdə “Döyünmə-söyünmə (sevinmə)” şeirini, o tay-bu tay ayrılığı haqda deyir:

 

Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş?

Qardaş deyə bir ömr soraqlaşmaq olurmuş?

Birdən də bu qardaşla qucaqlaşmaq olurmuş?

Gör mən nə hal ollam bu qızıl gülləri tapsam

Rüstəm Əliyev tək gülü, bülbülləri tapsam.

 

Heyrətdə qalaq biz sizə bir qərn yarımdır,

Ağlar gözümün şahidi şerimsə tarımdır.

Sanki Bakını, Gəncəni verdin mənə qardaş,

Tapdım elimi, arxamı qurban sənə qardaş.

Yad qardaş olanmaz bizə, qardaş da yad olmaz,

Qəlbim sən ilə şad olur, sənsiz də şad olmaz.

 

Rüstəm ilə Şəhriyar Tehranda neçə dəfə də görüşürlər və bu Tehran ilə Moskva rejimlərinə heç də xoş gəlmir. Şəhriyar “Döyünmə-söyünmə” şeirinin əlyazmasını Rüstəmə verir və hətta öz səsi ilə onu oxuyub, lentə alıb bir hədiyyə kimi Bakıya göndərir. Bu səs faylı vaxtı ikən Bakıda səs salır və o çalışmaların nəticəsində Rüstəm Əliyevi müttəhim edib partiyadan ixrac edirlər, Şəhriyar bu xəbəri eşidən kimi, Rüstəmə xitab olaraq belə yazır:

 

Bir xəbər çatdı mənə Nuhi-Nəbi qarğışı tək,

İçərimdə biləsən qopdu nə tufan, Rüstəm?

Yandı bir ləhzədə xırman kimi arzum, ümidim,

Canım ol yanğıda yandıqca dedim: “Can Rüstəm”.

 

Şəhriyar, şeirin davamında Rüstəm ilə Şəhriyara zülm edən dövlətləri div kimi xitab edərək, Rüstəmin ittihamlarını o görüşlərin nəticəsi və iki qardaş arasında yaranmış körpünün yıxılması kimi düşünur:

 

Tilisim, çay dərələrdə nə qoçaq salmışdın,

Bir ümid körpüsü ki, yol sala karvan Rüstəm.

Div yatarkən iki qardaş qonuşurduq gecələr

O qonuş, el qəmini dərdinə dərman Rüstəm.

Divlər amma ayılıb duydular əhvalımızı,

Hələlik qaldı ümid körpüsü viran Rüstəm.

 

Şeirin qalan misraları o görüşün nəticəsində Şəhriyarın əziyyətlərindən söz açır:

 

Qalmışam mən də bu tayda qolu bağlı, asılı,

Səf çəkib qarşıda qəm, sanki verir san Rüstəm.

Qardaşın, qardaş ilə bir görüşü, bir qonuşu

Qadağan olmada bax zülmətə nə tüğyan Rüstəm.

 

Çünki Şəhriyarın Təbrizdə sahibsiz qalmış evindən bütün şeirləri və dəftərləri yoxa çıxır. Şəhriyar bu dəfə məhkəməyə baş çəkir, amma nəticəsi olmur:

 

Bu qədər dəftərü əsnadilə bir haqqa çatan yox,

Haqq verənlər pitiyi Mirzə qələmdan ilə getdi.

Türkü olmuş qadağan, divanımızdan da xəbər yox,

Şəhriyarın dili də, vay deyə divan ilə getdi.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

 

Nigar Xanəliyeva,

 “Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu günkü mövzumuz qədim türk dini inanclarında göy tanrı kultunun siyasi legitimləşdirmədə roludur. Düçünürük ki, əvvəlki mövzular kimi bu mövzu da diqqətinizi cəlb edəcək.

 

Qədim türklərin dünyagörüşündə mərkəzi yer tutan Göy Tanrı (Tengri) kultu yalnız dini sistemin əsas elementi deyil, həm də erkən dövlətçilik quruluşunun legitim əsasını təşkil edən ideoloji sütunlardan biri olmuşdur. Türk xaqanlarının hakimiyyət iddiaları və siyasi fəaliyyətləri çox vaxt Tanrı tərəfindən bəxş olunmuş ilahi mandatla əsaslandırılmış, beləliklə də, dini inanc siyasi legitimliyin əsas mənbəyinə çevrilmişdir. Bu anlayış, xüsusilə, Göytürk yazılı abidələrində (Orxon-Yenisey kitabələrində) aydın şəkildə ifadə olunmuşdur: xaqan öz hakimiyyətini xalqın və Tanrının iradəsinin birləşməsi kimi təqdim edir və «Tanrı istədiyi üçün mən xaqan oldum» formulu ilə bu mandatı rəsmi şəkildə elan edir.

 Göy Tanrı kultunun siyasi funksiyası yalnız hakimiyyətin mənşəyini izah etməklə məhdudlaşmır, həm də onun qorunması və davamlılığını şərtləndirirdi. Hakimiyyət Tanrının bir lütfü sayıldığından, xaqanın vəzifəsi Tanrının qoyduğu kosmik nizamı qorumaq və xalqın rifahını təmin etmək idi. Əgər xaqan bu missiyadan yayınar, ədalətsizlik və zülmə yol verərdisə, Tanrı tərəfindən verilmiş «qut», yəni hakimiyyət bəxti və səlahiyyəti ondan alına bilərdi. Bu inanc sistemi, dövlət idarəçiliyində mənəvi məsuliyyət və əxlaqi davranış prinsiplərinin qorunmasına xidmət edirdi.

 Göy Tanrıya istinad həm də türk dövlət ideologiyasına universallıq çaları qazandırmışdı. Qədim türklər öz imperiyalarını yalnız etnik-siyasi ittifaq kimi deyil, Tanrının yaratdığı və qoruduğu bir dünya nizamının davamı kimi təsəvvür edirdilər. Bu, onların imperiya quruculuğuna kozmik bir missiya donu geyindirirdi. Beləliklə, Tanrının himayəsi altında olmaq ideyası təkcə hökmdarın deyil, bütövlükdə dövlətin legitimliyini möhkəmləndirirdi və bu, həm daxili itaəti təmin edir, həm də qonşu xalqlara qarşı ideoloji üstünlük yaradırdı.

 Bu dini-siyasi sintez nəticəsində Göy Tanrı kultu qədim türk dövlətçilik ənənəsində təkcə bir inanc obyekti deyil, həm də siyasi hakimiyyətin əsaslandırılma mexanizmi olmuşdur.

Hakimiyyətin Tanrı iradəsi ilə əlaqələndirilməsi türklərin dövlət quruculuğuna müqəddəs xarakter verərək, onların tarix səhnəsində güclü və davamlı siyasi birliklər yaratmasına zəmin hazırlamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2026)

 

 

13 -dən səhifə 3116

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.