Super User

Super User

Cümə, 24 Oktyabr 2025 08:03

Muğamat var olan yerdə…

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Xanəndəlik sənəti də get-gedə arxaikləşir. Pop musiqi yeni nəsil musiqiçiləri necə alüdə edibsə, onlar digər janrları kəsib incəsənətdən atmaqdadırlar. Halbuki, muğamlarımız, təsniflərimiz, xalq mahnılarımız var ki, yüz illərdir, mədəniyyətimizi daşıyaraq, yaddaşlardan süzdürərək günümüzə gətirib çıxarıblar. Onların bir nümayəndəsi də Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynov olubdur.

 

Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda anadan olub. Ruhani ailəsində böyüyüb. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayıb. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova onu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edib. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edib. O, həmin ansamblda üç il fəaliyyət göstərib.

1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deyib. Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olub. Hacıbaba Hüseynov Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruzi ravəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Onun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə olunub.

Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayır. İlk səfəri böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa olub. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə 1 ay ərzində Belçikanın Brüssel, Fransanın Paris, Marsel, Lyon, Monpelye şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə 2 aydan artıq çəkən İran İslam Respublikasına olur.

Hacıbala Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat edib. Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub. 22 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Filmoqrafiya

1. Ocaq başı

2. Qayıdış

3. "Hacı Mail" nağılı...

4. Muğamat var olan yerdə…

5. Ver sözə ehya ki...

 

Mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qayıdırıq yenə ötən əsrin əvvəllərinə, teatrın, kinonun yeni təşəkkül tapdıqları vaxtlara. Onda ki dini xürafat bu sahələri kufr elan etmişdi, qadınlar ümumiyyətlə o həndəvərlərə ayaq basmaz, kişilər bütün yükü öz üzərilərində daşıyardılar.

 

SSRİ xalq artisti Mirzəağa Əliyevdən danışaq.

Mirzəağa Əliyev 1883-cü ildə Hövsanda kəndli ailəsində doğulub. İlk təhsilini mollaxanada alıb, Bakıda rus-müsəlman məktəbini bitirib. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxıb. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərib. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olub.

Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilib. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar verib.

1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir. Azərbaycan sovetləşəndən sonra Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olub, burada aktual mövzulu kupletlərdə çıxış edib.

 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirib. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi. Kino aktyoru kimi də məşhur olub, "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilib. 

 

Filmoqrafiya

1. Arşın mal alan — Süleyman bəy

2. Bismillah — Molla Mirzə Əbdürrəhim

3. Müxtəlif sahillərdə — Amerikan fəhləsi

4. Hacı Qara — Hacı Qara

5. Məhəbbət oyunu — VVAQ müdiri

6. Almaz — məktəb direktoru Səməndər

7. Arşın mal alan — Məşədi İbad

8. Bakının işıqları — Əlibala

 

Mükafatları

1. "SSRİ xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

4. 2 dəfə "Stalin" mükafatı (2-ci dərəcə)

1)19 mart 1943 (Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun "Məhəbbət" dramının tamaşasında Məşədi Qulamhüseyn rolunun ifasına görə)

2) 1948 (Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Nəcəf bəy rolunun ifasına görə)

5. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni

6. "Qafqazın müdafiəsinə görə" medalı

7. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

Böyük aktyr 24 oktyabr 1954-cü ildə vəfat edib. Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir. Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovanın “Çimərlik” tablosu 1955-ci ildə çəkilibdir. Kətan üzərində yağlı boya ilə hasil olunubdur.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər dəfə Xəqani küçəsindən – Rəssamlar İttifaqının binasının yanından keçəndə “Vəcihə Səmədova adına sərgi salonu” sözlərinə diqqət kəsilir, əsaba, necə böyük kişi rəssamlarımız ola-ola, bu əsas rəsm salonu niyə qadının adınadır deyə özümə sual edirdim. Ta o günə kimi ki, Vəcihə Səmədovanın kim olduğunu öyrəndim. Bu gün Azərbaycanın ilk peşəkar qadın rəssamının anım günüdür. Gəlin anaq və ruhuna dualar oxuyaq.

 

Vəcihə Səmədova 24 noyabr 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli ilə evdar qadın Rübabə Səmədovanın ailəsində anadan olub. Vəcihənin atası Kərbəlayi Əli Qars azərbaycanlısı idi. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olur. Rübabə xanım isə İranın Qum şəhərindən gəlmiş azərbaycanlı ailəsindən idi. Cütlüyün Vəcihədən başqa övladları olsa da, sadəcə Vəcihə və bacısı Solmaz yetkinlik yaşına çata bilib. Vəcihə Səmədovanın uşaqlı illəri İçərişəhərdə keçib. Kiçik yaşından rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların çizimlərindən ibarət rəsm kitabları alır.

Orta məktəbin 7-ci sinifini bitirdikdən sonra 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1944-cü ilə qədər təhsilini davam etdirən Vəcihə Səmədova gələcək həyat yoldaşı və müəllimi Lətif Feyzullayevlə məhz burada tanış olur. Məktəbi fərqlənmə ilə bitirdikədən sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq İnstitiunda davam etdirir. L. Feyzullayev də müharibə səbəbindən yarımçıq qalan təhsilini başa vurmaq üçün Moskvaya gəlir və çox keçmədən onlar burada ailə həyatı qururlar.

1945-ci il noyabrın 1-də Bakıda ilk övladları Nicat dünyaya gəlir. 1 il fasilədən sonra yenidən təhsilini davam etdirən Vəcihə Səmədova 1949-cu ildə təhsilini başa vuraraq Bakıya qayıdır. O, 1951-ci ildə azərbaycanlı bəstəkar "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimi Pavel Korinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova oğlu 7 yaşına gəldiyi üçün Bakıya qayıtmağa qərar verir və müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olur.

Vətənə qayıtdıqdan sonra burada Əzim Əzimzadə adına Rəssamlıq Kollecində müəllim kimi işə başlayır. İlk illərdə maddi sıxıntılara görə bir müddət İçərişəhərdə yerləşən Vəcihə Səmədovanın ata evində yaşayırlar. Daha sonra 1958-ci ildə rəssamlar evinin tikintisi sona çatdıqdan sonra cütlüyə buradan mənzil verilir. Rəssamın emalatxanası da bu binada yerləşirdi.

1957-1963-cü illər Səmədovanın yaradıclıq fəaliyyətində ən məhsuldar illər olmuşdur. O, “Lənkəranda toy”, “Toya hazırlıq”, “Mahnı” kimi maraqlı əsərlərini bu dövrdə yaradıb. Vəcihə Səmədovanın 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verir. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü ” və başqalarını qeyd edə bilərik.

Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Aktrisa Leyla Bədirbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranır.

Yaradıcılığında portretlər xüsusi bir yerə malikdir. 1953-cü ildə aktrisa Leyla Bədirbəylinin portretini çəkir. Bu portret 59 ildir ki, Azərbaycan İncəsənət Muzeyində nümayiş etdirilir. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.

Rəssamın son tablosu olan "Xəbər Gözləyirəm" adlı rəsm əsərini 1963-cü ildə çəkib. Əsər 1963-cü ildə Bakıda keçirilən "Bizim müasirimiz" adlı sərgidə nümayiş etdirilib.  Rəsmdə çimərlikdə dayanan və balıqçılardan xəbər gözləyən insanlar təsvir olunub. İsirdi qəzadan əvvəl yaranan gərginliyi hiss etmək mümkündür. Bu gərginlik ən çox ön planda dayanan qadının üzündə görünür. Rəssamın oğlu Nicat Feyzullayev deyir ki, bu qadın anasının obrazıdır. O ağır və sağalmaz xəstəliyindən xəbərdar olan zaman bu şəkli çəkib.

 

Sərgilər

1. 1962-ci ildə Bakıda fərdi sərgisi keçirilir. Burada Bolqarıstan səyahəti təəssüratlarını rəsm etdiyi “Qoca bolqar qadınları” , “Sofiyada bazar” , “Yağışlı gün” kimi əsərləri nümayiş etdirilir. Növbəti srəgiləri Moskva və Sofiyada keçirilir.

2. 1963-cü ildə ”Bizim müasirimiz” sərgisində “Xəbər gözləyərkən” əsəri nümayiş etdirilir.

3. 14 iyul 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində baş tutan "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində Festivallar və Konqreslər Sarayında Lətif Feyzullayev və Vəcihə Səmədovanın əsərlərindən ibarət "Məhəbbət tandemi" sərgisi keçirilib.

4. 2020-ci ilin fevral ayında “Rolls-Royce Motor Cars Baku” sərgi salonunda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə cütlüyün 40 əsərindən ibarət sərgi keçirilib.

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. Azərbaycanın milli rəssamlıq sertifikatı

3. Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü və Rəngkarlıq Seksiyasının sədri olub.

 

1962-ci ildə Vəcihə Səmədova xərçəng xəstəliyinə tutulur. Həkimi rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edir. O ömürünü uzatmaq üçün yaradıcılığını sonlandırmalı idi. Lakin rəssam buna razılıq vermir. Nəticədə rəssamın vəziyyəti pisləşir. Daha sonra Moskvada əməliyyat edilsə də artıq rəssam üçün çox gec olur. 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına 1 ay qalmış vəfat edir. Mərkəzi Komitə Fəxri Xiyabanda ona yer ayırsa da rəssam vəsiyyəti üzrə müsəlman qəbiristanlığında dəfn edilir.

Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib. Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr etdiyi “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vacihə Səmədovanın portreti” və “Səhər” tablolarını rəsm edir.

Bakının mərkəzindəki Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır. Rəssamın oğlu kinorejissor Nicat Feyzullayev Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə anasının həyat və yaradıcılığından bəhs edən sənədli film çəkib. "Azərbaycan rəngkarlığının kraliçası" adlı filmin premyerası 29 sentyabr 2010-cu il tarixində Bakıda, Azərbaycan Beynəlxalq Muğam Mərkəzində keçirilib. Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

Cümə, 24 Oktyabr 2025 10:28

Bu günün adı – HÜSEYN CAVİD

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu bilmirəm necə adlandırsam düzgün olar. Biriləri deyir, böyük dramaturq, biriləri deyir, görkəmli mütəfəkkir, biriləri deyir, repressiya qurbanı olan böyük türkçü və turançı... Amma bunların hamısı onun şəxsiyyəti yanında kiçik görsənir, o həqiqətən də bir dahi idi, təəssüf ki, ən zalım, ən amansız bir dövrdə yaşamağa məhkum oldu və qırmızı sovet imperiyasının ən böyük qurbanına çevrildi...

 

Azərbaycanın görkəmli şairi Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olub, beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini Qurbanəli Şərifovun məsləhəti ilə atasından gizlin Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb. 1899–1903-cü illərdə Cənubi Azərbaycanda qardaşının yanında olub, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib.

O, burada ərəb və fars dillərinə yiyələnib. Daha sonra ağır göz xəstəliyinə görə təhsilini dayandırıb və ticarətlə məşğul olub. Daha sonra Təbrizdən Urmiyaya gedib, 1904-cü ilin may ayına qədər orada yaşayıb. 1904-cü ildə Gürcüstana gedib, orada yol tikintisi ilə məşğul olan şirkətdə mühasib olaraq işləməyə başlayır. 1906-cı ildə qardaşı Məhəmməd onu İstanbula təhsil almağa göndərib.

Və ömür dolaşıqlıqları yolayrıcları buradaca bitib, onun ədəbiyyata yolu buradan başlayıbdır.

İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb.

 

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi H. Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Əsərdəki hadisələr Dağıstanda cərəyan edir. "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxıb. Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində yazıçı müharibələri pisləyir, müharibənin ağır nəticələrini açıb-göstərir.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdıb. 20–30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.

Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir. İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik "mən"i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:

Xəyal!.. Əvət, yaşadan yalnız əhli-halı odur,

Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.

Hüseyn Cavid bədii yaradıcılığa klassik lirika üslubunda yazılmış qəzəllərlə başladığı üçün ədəbi fəaliyyətinin birinci dövründəki şeirlərinin dilində ərəb-fars tərkiblərinə rast gəlinir, lakin belə ifadələr əsasən lirikada əsrlərdən bəri qanuniləşən "qəmi-hicran", "zülfü-yar", "əhli-dərd", "zənciri-zülf", kimi anlaşıqlı təsvir vasitələrindən ibarətdir:

Məndən fələk ayırdı vəfapişə yarımı,

Tar etdi zülfi-yar kimi ruzigarımı.

 

Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,

Hicri-nigar əlimdən alıb ixtiyarımı.

 

Bir əhli-dərd yoxdu bu viranə şəhərdə,

Tainki şərh edəm ona mən qəlbi-zarımı.

 

…Hər kəs ki, Salika, çəkib eşqin bəlasını –

Mən eyləməz görəndə mənim ah-zarımı.

Sonrakı dövrlərdə Cavidin yaradıcılığında belə orijinal quruluşlu şeirlərin sayı getdikcə çoxalıb. "Otuz yaşında", "Bir rəsm qarşısında", "Dəniz tamaşası" şeirlərində dördlük bəndlər mənanı qüvvətləndirən və tamamlayan beytlərlə növbələşib. Beləliklə, poetik forma axtarışları Hüseyn Cavidin janr sahəsində orijinal üslubunun kəşfi ilə nəticələnib. Hətta bir sıra janrları, xüsusən sonet, türkü və marşları Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirib. Şairin "Mən istərim ki", "Çəkinmə, gül" şeirləri Avropada geniş yayılmış italyan soneti formasında qələmə alınıb.

Şeirlərini həm əruz, həm də heca vəznlərində yazıb. Hər iki vəznə yaradıcı münasibət bəsləyən şair onlara əsaslı keyfiyyət dəyişiklikləri gətirib. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həzəc bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olub. Əruzşünaslar həmin növü "Cavid həzəci" adlandırırlar.

Hüseyn Cavidin yaradıcılığında poema janrının da özünəməxsus yeri vardır. Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində qələmə alıb. Cavidin ilk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. Həmin qəbildən olan poemalar sanki Hüseyn Cavidin lirik-romantik monoloqlarından yoğrulub. Həyata və insanlara romantik münasibət, bədii və fəlsəfi ümumiləşdirmələr bu poemaların əsas qayəsini müəyyən edir.

"Bir ahi-məzlumanə" (1907), "İştə bir divanədən bir xatirə" (1912), "Hübuti-Adəm" (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapıb. Yalnız "Hübuti-Adəm" poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınan bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafında poetik mülahizələr irəli sürməyə imkan verib. "Bir ahi-məzlumanə" poeması "küncü-möhnətdə" bəlaya düçar edilmiş, "ayaq altında paymal olmuş" vətənin acı halına dərin təəssüf hissləri mənalandırılmış, qeyrət etməyə, himmət göstərməyə çağırış motivləri ifadə olunub.

Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının yaradıcısı və banisidir.

Ədibin ilk dram əsəri olan "Ana" mənzum faciəsinin mövzusu Dağıstan həyatından alınıb. Əsərin əsas qəhrəmanı olan qonaqpərvər və məğrur Səlma Azərbaycan ədəbiyyatı üçün yeni tipli ana obrazıdır. Onun İsmət adlı bir çərkəz qızına nişanlı olan oğlu Qanpoladla bu qıza könül salan Orxan arasında rəqabət vardır. İsmət isə kasıb ailəni təmsil edən Qanpolada sadiq qalır və Orxanın cah-cəlalını rədd edir. Orxan dostu Muradın vasitəsilə Qanpoladı öldürtdürür. Murad təhlükədən xilas olmaq üçün kimliyini bilmədən Səlma xanımın — ananın evində sığınmaq istəyir. Ana oğlunun qatilini tanısa da, dərin daxili sarsıntılarına, mənəvi iztirablarına, qəzəbinə qalib gəlməyi bacarır. "Namərd qonağı" evindən uzaqlaşdımaqla cəzalandıran ana bu acı, qanlı taleyin səbəbini Allahın qisməti ilə əlaqələndirir:

Get, namərd qonaq, get! Alçaq mültəci!

Get, miskin hərif, get! Cəllad, yırtıcı!

Get, vicdansız kəndini qurtar, yaşa!

Ancaq vicdansızları bəslər dünya!

Get, gözüm görməsin! Uzaqlaş, dəf ol!

Nə haqsızlıq etdinsə Allahdan bul!

Get, çəkil get! Dinsiz, allahsız xain!

Murdar izin bu torpaqdan silinsin!

Övladının qatilini bağışlamağı bacaran Səlma surəti dünya ədəbiyyatı üçün də təkrarsız bədii obrazdır. Cavidin "Maral" və "Şeyda" pyesləri nəsrlə yazılıb. Hər iki əsərdə şeir parçalarından, lirik elementlərdən istifadə olunub

 

Kitabları

1. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. I cild – Şeirləri, "Azər" poeması;

2. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. II cild – Dram əsərləri ("Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçurum");

3. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild – Dram əsərləri ("İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur");

4. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild – Dram əsərləri ("Knyaz", "Səyavuş");

5. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild – Dram əsərləri ("Xəyyam", "İblisin intiqamı"), məqalələri və məktubları.

 

SSRİ-də totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də o, Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib. 1982-ci il oktyabrın 26-da ovaxtkı Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə nəşi Azərbaycana gətirilibdir və Naxçıvanda torpağa tapşırılıbdır.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Qazax mahalı elmin, ədəbiyyatın həmişə mərkəzi olubdur, harada doğulmasından, harada yaşamasından asılı olmayaraq, əsli-nəsli Qazaxa gedib çıxanlar həmişə bu ənənəyə sadiq qalıblar, onun sıra nəfərinə çevriliblər.

Haqqında söhbət açacağım şəxs öz adını jurnalistika və publisistika tariximizə həkk etdirməyi bacarıbdır. Ziyalılığı, kübarlılığına da söz ola bilməz. Bugünkü doğum günündə bizə nə qalır? Onu təbrik etmək və bu yazını oxucularımıza yönləndirmək.

 

İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə gedib. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olub və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlayıb. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olub.

Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparıb, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini alıb.

Amma bütün bu illərdə sözə, qələmə bağlılığı əsla onu tərk etməyibdir. 40-ayaxınelmiməqaləninmüəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlayıb. 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını qurub və onun Baş direktoru vəzifəsində çalışıb.

1993–2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi olub. Bununla bərabər, 1994-cü ildən BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq da fəaliyyət göstərib. 1994–1997-ci illərdə "Avrasiya", 1997–2001-ci illərdə isə "Panorama" qəzetlərinin köşə yazarı olub, "Zerkalo", "Ayna", "Şərq" qəzetləri, 2017-ci ildən isə Ayna TV ilə əməkdaşlıq edib.

 

Yerli və xarici mətbuatda yüzlərlə məqalənin müəllifi, 20-dən çox sənədli filmin senari müəllifi və redaktoru olub.

Həyatının riyaziyyat və jurnalistika dönəmlərindən başqa, bir diplomatiya dönəmi də olubdur. 2003-cü ilin mart ayından Heydər Əliyevin fərmanı ilə Azərbaycanın İstanbuldakı Baş Konsulu vəzifəsinə təyin edilib. 2004-cü ildən isə paralel olaraq Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olub.

2006–2015-ci illərdə Azərbaycanlı iş adamı Mübariz Məsimovun Türkiyədəki “Palmali” şirkətində vitse-prezident olaraq çalışıb. 2015–2019-cu illərdə özəl şirkətdə müşavir çalışıb. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O həmçinin “İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə” kitabını da Azərbaycan dilinə tərcümə edib. O qədər gözəl tərcüsmə edib ki, kitabı oxuduqca oxumaq istəyirsən. Kitabın Bakı təqdimatında bizlər də iştirak etmişik.

 

Mükafatları

1. Osman Mirzəyev mükafatı

2. Həsən bəy Zərdabi mükafatı

3. Türkiyədə İlin Jurnalisti

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

 

 

Şəhla Rəvan,

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm...

 

İNSAN GÖYDƏ AY KİMİDİR

 

Çəmənlikdə gül-çiçəyin

Sağ-solunda ələfi var.

Dünyada hər bədbəxtliyin

Həm zərəri, həm nəfi var.

 

Vaxt hakimlər hakimidir,

Həyat, varkən yox kimidir.

Yaydan çıxan ox kimidir,

Hər ömrün öz hədəfi var.

 

Ürəkdədir sözün kökü,

Ayıra bil tükdən tükü,

Çox ağırdır amal yükü,

Çəkə bilsən şərəfi var.

 

Ürək fikrin tilsimidir,

Hər qatı bir lay kimidir.

İnsan - göydə Ay kimidir,

Görünməyən tərəfi var.

                   Bəxtiyar Vahabzadə

 

Şeirin Təhlili

Bu şeir "İnsan göydə ay kimidir" adlanır və dörd bənddən ibarətdir. Şeir insan həyatını, taleyini, məqsədlərini və qəlbinin dərinliklərini metaforik və müdrik bir dillə təsvir edir. Hər bənddə fərqli bir fikir ətrafında cəmləşsə də, ümumi məzmun insanın dünyadakı yeri və varlığının mürəkkəbliyi ilə bağlıdır.

 

Birinci bənd:

Həyatın ziddiyətləri: İlk bənddə şair həyatdakı ziddiyyətlərə toxunur. Çəmənlikdəki güllərin yanında alaq otunun olmasını, yəni hər gözəlliyin yanında bir mənfi tərəfinin də olduğunu vurğulayır. Eyni zamanda, hər bədbəxtliyin həm zərəri, həm də faydası olduğunu qeyd edərək, çətinliklərin insanı həm sınağa çəkdiyini, həm də ondan dərs çıxarmaq imkanı verdiyini ifadə edir. Bu, həyatın dialektikasına, xeyir və şərin birliyə işarədir.

 

İkinci bənd:

Zaman və həyatın mənası: İkinci bənddə zamanın hakimiyyəti ön plana çıxır. "Vaxt hakimlər hakimidir" ifadəsi zamanın hər şeyin üstündə durduğunu və hər şeyi dəyişdirdiyini göstərir. Həyatın qısa və ötəri olması "həyat, varkən yox kimidir" və "yaydan çıxan ox kimidir" bənzətmələri ilə verilir. Bu misralar ömrün sürətli axışını və geri qaytarılmazlığını vurğulayır. Bəndin sonunda isə "hər ömrün öz hədəfi var" deyilərək, insanın dünyadakı varlığının məqsədsiz olmadığı, hər kəsin özünə xas bir missiyası olduğu fikri önə çəkilir.

 

Üçüncü bənd:

Sözün və amalların dəyəri: Üçüncü bənd ürəyin və sözün əhəmiyyətinə fokuslanır. "Ürəkdədir sözün kökü" misrası sözün daxili aləmdən, hisslərdən və düşüncələrdən qaynaqlandığını bildirir. "Ayıra bil tükdən tükü" ifadəsi isə nəcib sözün və dərin fikrin incəliyini, həssaslığını göstərir. Bənddə amal yükünün ağırlığına toxunulur. Amallar insanın həyatda çatmaq istədiyi böyük məqsədlərdir və onların reallaşdırılması böyük zəhmət və fədakarlıq tələb edir. Bu yükü çəkə bilənlərin isə şərəfə layiq olduğu qeyd olunur.

 

Dördüncü bənd:

İnsan və ay metaforu: Dördüncü və son bənd şeirin ana fikrini, başlığını özündə əks etdirir. Ürək fikrin tilsimi kimi təsvir olunur, yəni ürək insanın bütün düşüncələrini, sirlərini özündə saxlayan müəmmalı bir aləmdir. Hər qatının bir lay kimi olması ürəyin dərinliyini və çoxqatlılığını ifadə edir.

Ən sonda isə əsas metafora gəlinir: "İnsan - göydə Ay kimidir, Görünməyən tərəfi var"...

Bu bənzətmə insanın zahiri ilə daxilinin fərqli olduğunu, hər insanın özünə məxsus gizli tərəfləri, sirləri, açılmamış hissləri və düşüncələri olduğunu vurğulayır. Ayın yalnız bir tərəfinin görünməsi kimi, insanın da hər şeyi aşkar şəkildə büruzə vermədiyi, bəzən dərin hislərini gizlətdiyi fikri incə bir şəkildə ifadə olunur.

 

Şeirin bədii xüsusiyyətləri

Bu şeir bədii təsir gücünü artıran və məzmununu zənginləşdirən bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər şeirin həm ideya-məzmununu daha dərindən açır, həm də oxucuda estetik zövq yaradır:

 

1. Metaforalar (istiarələr);

Şeirdə ən diqqətçəkən bədii xüsusiyyətlərdən biri metaforaların ustalıqla istifadəsidir.

"İnsan - göydə Ay kimidir,

Görünməyən tərəfi var".

Şeirin əsas metaforu olan bu misra, insanın daxili aləminin, sirlərinin, bilinməyən tərəflərinin Ayın görünməyən üzünə bənzədilməsi ilə ifadə olunur. Bu, insan psixikasının və mürəkkəbliyinin dərinliyini göstərir.

 "Vaxt hakimlər hakimidir" metaforu zamanın bütün varlıqlar və hadisələr üzərindəki qüdrətini, dəyişdirici gücünü vurğulayır.

 "Yaydan çıxan ox kimidir" bənzətməsi ömrün sürətli, geri dönməz axışını və hədəfə doğru irəliləməsini təsvir edir.

 "Ürək fikrin tilsimidir" metaforu isə ürəyi düşüncələrin, sirlərin toplandığı sehrli, açılması çətin bir yer kimi təqdim edir.

 

2. Təşbehlər;

Şeirdə fikri daha qabarıq və təsirli çatdırmaq üçün təşbehlərdən də istifadə olunub:

"Həyat varkən yox kimidir" təşbehi həyatın fani, qısa və ötəri olduğunu vurğulayır.

"Hər qatı bir lay kimidir" təşbehi ürəyin və ya fikrin dərinliyini, qat-qat olmasını izah edir.

"Ayıra bil tükdən tükü" ifadəsi isə dərin idrakın, incə qavrayışın və ya sözün dəqiqliyinin nə qədər həssas olduğunu göstərən bir bənzətmədir.

 

3. Alliterasya və assonans;

Şeirdə səslərin ahəngdarlığına da diqqət yetirilib. Bəzi misralarda alliterasiya (həmcins samitlərin təkrarı) və assonans (həmcins saitlərin təkrarı) müşahidə olunur ki, bu da şeirə musiqilik qatır. Məsələn:

 "Çəmənlikdə gül çiçəyin" misrasında "Ç" səsinin təkrarı.

 "Hər ömrün öz hədəfi var" misrasında "H" səsinin təkrarı.

 

4. Epitetlər;

Şeirdə bəzi isimlərin mənasını qüvvətləndirən epitetlər də işlənib:

"Bədbəxtliyin həm zərəri həm nəfi var" misrasında "bədbəxtlik" sözü ilə birlikdə onun iki zidd tərəfi, "zərər" və "nəf" (fayda) qeyd olunur ki, bu da bədii ifadəni gücləndirir.

"Ağır yük" ifadəsi "Amal yükü"nün ağırlığını daha qabarıq göstərir.

 

5. Müdriklik və fəlsəfi dərinlik;

Şeir bədii ifadə vasitələrindən istifadə etməklə yanaşı, müdrik və fəlsəfi dərinlik də daşıyır. Hər bənddə həyat, zaman, insan taleyi, amal və daxili aləm haqqında dərin fikirlər ifadə olunur. Bu, şeiri sadə bir təsvirdən daha yüksək səviyyəyə qaldırır və oxucunu düşünməyə vadar edir.

 

6. Ritm və qafiyə;

Şeir aydın bir ritmə və qafiyə sisteminə malikdir. Hər bənd aaab (və ya abab) qafiyə quruluşundadır (gül-çiçəyin, bədbəxtliyin, nəfi var; kimidir, ox kimidir, hədəfi var; kökü, yükü, şərəfi var; tilsimidir, kimidir, tərəfi var). Bu, şeirə axıcılıq və musiqilik bəxş edir, onun yadda qalmasını asanlaşdırır.

Bütün bu bədii xüsusiyyətlər birlikdə şeiri həm məzmunca zəngin, həm də forma etibarilə estetik cəhətdən dəyərli bir əsərə çevirir.

 

Nəticə:

Şeir dilinin sadəliyinə baxmayaraq, dərin fəlsəfi məzmunu özündə ehtiva edir. O insan həyatının mürəkkəbliyini, zamanın hökmranlığını, amalların əhəmiyyətini və insanın daxili aləminin sirli tərəflərini oxucuya çatdırır.

Metaforlar, xüsusən də insanı aya bənzətmək, şeirin bədii təsirini artırır və onu daha yadda qalan edir. Şeir oxucunu öz varlığı, məqsədləri və daxili dünyası haqqında düşünməyə sövq edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra"  mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Cəlilabad ədəbi mühitinin tanınmış və istedadlı nümayəndələrindən olan Sevinc Şirvanlının yenicə nəşr edilmiş şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.

 

Kitabın əsas məlumatları:

Kitabın adı: "Həsrətimi çəkəcəksən" (Sevinc Şirvanlının poeziya dünyasından bir damla)

Müəllif: Sevinc Şirvanlı

Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə

Naşir: "Elm və təhsil" nəşriyyatı, Bakı

Nəşr olunduğu il: 2025

 

Kitab barədə:

Bu kitab mənim "Sevinc Şirvanlı: Cəlilabad ədəbi mühitinin saflıq və ismət nümunəsi" başlıqlıqlı təqdimat və qısa təhlil məqaləmlə başlayır, ardınca müəllif Sevinc xanımın ön sözü, daha sonra isə onun müxtəlif illər boyu fərqli mövzularda qələmə aldığı, eyni halda bir-birindən maraqlı və gözəl olan 50 şeiri ilə davam edir.

Kitabda şair xanımın həyat, rayonumuz, insanlıq, şəhid, uşaqlar, rənglər, milli kinolarımız, qonşular, göyərçinlər, Ulu Tanrı, məzarlıq, Mikayıl Müşfiq, ata, musiqi müəllimləri, şeir, həsrət, Novruz bayramı, ilk kitabım, güllər, yaz havası, mərhum Məşhədi Məhəmməd, Kərbəla, İmam Hüseyn (ə), Nizami Gəncəvi, çox sevdiklərim, ağaclar, dost və digər həyat düşüncələrinə aid mövzularda qələmə aldığı şeirləri yer almışdır.

Kitaba yazdığım təqdimatda qeyd etdiyim kimi, şəxsən Sevinc xanımın şeirlərini oxuyan və onun poeziya dünyası ilə yaxından tanış olan bir oxucu kimi deyə bilərəm ki, Sevinc Şirvanlı əlinə qələm alıb sadəcə nəsə yazmır, əslində büsbütün səmimiyyəti və ülvi hissləri ilə insani keyfiyyətlər və milli-mənəvi dəyərlərimizin poetik carçısı və təbliğçisinə çevrilir. Onun şeirlərinə hakim olan sadəlik və səmimiyyət hər bir oxucunun diqqətini özünə cəlb edir...

Fürsətdən istifadə edib, Cəlilabad ədəbi mühitinin dəyərli və istedadlı xanım şairi Sevinc Şirvanlını işıq üzü görmüş ikinci kitabına görə səmimi qəlbdən təbrik edir, bu sahədə mənə göstərdiyi etimada görə ona təşəkkürümü bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram!

Bu arada "Elm və təhsil" nəşriyyatının rəhbərliyi və bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor Rövşanə xanım Nizamiqızına və peşəkar dizayner Zahid bəy Məmmədova göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

Cümə, 24 Oktyabr 2025 11:01

Doğruların doğruluğu - Esse

 

Arzu Əyyarqızı,

“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisist. "Ədəbiyyat və incəsənət" üçün

 

Hər kəsin doğrusu var, amma doğrunun özü hardadır?

Doğru - bəzən kompas, bəzən maska ola bilir.

Cəmiyyətin "doğru" dediyi ilə vicdanın "doğru" dediyi üst-üstə düşürmü?

Bu esse, doğrunun özünün nə qədər doğru olduğunu sorğulayır.

 

Doğru - Konsensus, yoxsa Konvensiya?

"Doğru" çox zaman çoxluğun razılaşdığı yalandır. Tarix boyu dəyişən doğrular: bir dövrdə qəhrəman olan, o biri dövrdə xain olur.

 Məsələn: "Ədalət" anlayışı - hüquqi sistemdə doğru olan, bəzən əxlaqi olaraq yanlışdır.

Doğru, bəzən sadəcə daha güclünün fikridir.

Doğru -Şəxsi təcrübə kimidir.

Hər kəsin öz "doğru" su var: birinin şəfa bildiyi dərman, o birinə zəhərdir.

"Doğruların doğruluğu" bəlkə də onların kimə, nə vaxt və hansı dozada tətbiq olunmasından asılıdır.

 Doğru etiketi ilə satılanlar da bir ayrı mövzudur.

"Doğru" brendə çevrilib: "Doğru həyat tərzi", "Doğru düşüncə", "Doğru vətəndaş".

 "Doğru məhsulu seçin, doğru qərar verin."

Burada " Doğru" artıq seçim deyil, məcburiyyətdir. Bizim şüuraltına yeridilən məcburi,amma guya öz seçimimizdir kimi.

"Doğru" deyəndə artıq düşünmürük - sadəcə alırıq. Əldə etməyə çalışırıq. Nəticədə "Doğrunun Doğruluğu " - sual olaraq qalır.

 Bəlkə də doğrunun ən doğru forması - onun daim sorğulanmasıdır.Doğru, dəyişməz bir həqiqət deyil, daim yenidən qurulan bir ehtimaldır. Bu essedə məqsədim doğrunu tapmaq deyil, onunla dialoqa girməkdir.

 Doğru nədir, kimə görədir, niyə bu qədər əminik?

Hər kəsin bir doğrusu var, yuxarıda dediyim kimi.

Bəziləri onu çərçivəyə salıb divardan asır, 

bəziləri ciblərində gəzdirir - lazım olanda çıxarıb göstərmək üçün. 

Bəziləri isə doğrularını başqalarının boğazına taxır - sanki qalstudur, səliqəli görünmək üçün.

Amma doğrunun özü hardadır? 

Yoxsa o da bir yalanın yaxşı geyinmiş formasıdır?  Konsensusun kuklasına çevrilən doğru,indiki zamanda hardadır?

Tarix boyu "doğru" dəyişdi. 

Bir zamanlar dünya düzdü -bu, doğru idi. 

Sonra yuvarlaq oldu - bu da doğru oldu. 

İndi isə... dünya düz də ola bilər, yuvarlaq da - yetər ki, kifayət qədər insan buna inansın.

Doğru, çox zaman səs çoxluğunun seçdiyi yalandır. 

Referendumla seçilən həqiqətlər dövründə yaşayırıq. 

Əgər yetərincə insan "bu doğrudur"  deyirsə - o artıq doğrudur. 

Hətta əgər deyiləmsə də.

Doğru da bir tablet formada olan dərmandır- dozası, bədəni, keçmişi, travması olmayan yoxdur. 

Sənin üçün doğru olan, mənim üçün zəhər ola bilər. 

Amma sən bunu "doğru"  adıyla təqdim edirsənsə- məni müalicə etmirsən, məni dəyişdirməyə çalışırsan.

Marketdə "doğru süd", "doğru sabun", "doğru həyat tərzi" var. 

Sosial şəbəkədə " doğru düşüncə", "doğru ana", "doğru kişi". 

Doğru artıq bir məhsuldur - ambalajı parlaq, içi boş.  Əgər reklamı yaxşıdırsa,  doğru sayılır.

Doğru olmaq - indi bir performansdır. 

Səhnəyə çıxırsan, 

doğru cümləni deyirsən, 

doğru jesti edirsən, 

doğru auditoriyadan alqış alırsan. 

Səhv etsən? 

Səni "doğru" olmayanlar siyahısına salırlar. 

Orada yer çoxdur, amma işıq yoxdur.

Bəlkə də doğrunun ən doğru forması - onun daim sorğulanmasıdır. 

Doğru, bir qaya deyil - bir dənizdir:  sakit görünür, amma dərinliklərində fırtına yatır. 

Doğru, bir yol deyil - bir labirintdir:  hər küncündə yeni bir "doğru"  gözləyir səni.  Bəzən çıxış yoxdur, 

bəzən çıxış - içindəki şübhədir.

Əgər bir gün sənə "bu doğrudur" deyilsə,  soruş: Kimin üçün?

Əgər cavab "hamı üçün" dürsə,  gülümsə və de: Demək, hələ heç kim düşünməyib, hələ də!

 

1. Doğru, onu deyənin niyyəti qədər doğrudur. 

2. Əgər hamı eyni doğruya inanırsa, o artıq ideologiyadır, həqiqət deyil. 

3. Doğru, sübut istəmədiyi anda təhlükəli olur. 

4. Doğru, onu qorumaq üçün yalan tələb edirsə, artıq doğrudan çıxıb. 

5. Doğru, zamanla köhnəlmirsə, ya ölüdür, ya da yalan. 

6. Doğru, yalnız sükutla yaşaya bilirsə, onu danışmaq cinayətdir. 

7. Doğru, gücün əlindədirsə, artıq silahdır. 

8. Doğru, yalnız bir nəfərə xidmət edirsə, digərləri üçün zəncirdir. 

9. Doğru, özünü təkzib edə bilmirsə, fanatizmdir. 

10. Doğru, sorğuya dözmürsə, inancdır, bilgi deyil.

Bu sıraladağım on fikir mənim üçün həyat devizidir. Beləliklə hər kəsə doğrunu tanımağı, doğrunu doğru olana doğrulamaq arzusu ilə sizin Arzu sözünü burda da bitirir. Yeni və sizi maraqlandıran mövzularda görüşmək ümidi ilə... Doğruya doğru.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Müxtəlif türk dillərində Təpəgöz, Yalqızgöz, Tübegöz, Töbököz, Eqegöz, Kəlləgöz  kimi də  adlanan bu təkgözlü yarıinsan (atası Sarı çobandır), yarımifoloji (anası pəridir) varlıq türk mifologiyasının mifik qəhrəmanıdır, qədim oğuzlarla bağlıdır. Amma Təpəgöz motivlərinə türklərlə yanaşı, qeyri-türk xalqlarının mifologiyasında da təsadüf olunur. Ümumiyyətlə, araşdırıcılar dünya xalqlarının folklorunda insan qatilləri olan təhlükəli nəhənglər, əjdahalar, qırxbaşlı divlər,  suyun altında yaşayan qorxunc qüvvələr, təpəgözlər (sikloplar)  və digər bu tipli 200-dən artıq mifik obrazın olduğunu söyləyirlər. Hətta bədii əsərlərdə də (nağıl, hekayə, rəvayət, əfsanə, epos, həmçinin yazılı ədəbiyyat nümunələrində) Təpəgöz mötivdən istifadə edilmişdir.  

 

Biz isə bu yazımızda oğuz Təpəgözü ilə Homerin “Odisseya”sındakı Polifem haqqında söz açacıq.

Tədqiqatçılar Təpəgözlə "Odisseya"dakı Polifemi elmi cəhətdən müqayisə edərək belə bir qərara gəlmişlər ki, bu iki süjet arasında həm bənzərlik və həm də fərqlər mövcuddur. M.H.Təhmasib Təpəgözlə Polifem arasında azmanlıq, güc, bədxahlıq, təkgözlü olmaq və s. kimi oxşar cəhətlərin olduğunu söyləyirdi. Akademik Kamal Abdulla isə xarici qiyafə, amansızlıq, fövqəlbəşər və vəhşi ehtirasları da onların oxşar cəhətlərindən sayır. (https://www.anl.az/ down/ meqale/edebiyyat/2021/fevral/734333.htm). Bu oxşarlıqlar sayəsində belə bir sual meydana çıxır: bunlar, türklər demişkən, eyni yaratıqdırlarmı,  hansı ilkindir və Təpəgöz necə, nə vaxt və nə cür şəraitdə Polifemə çevrilmişdir?  

         Bu barədə bir neçə versiya irəli sürülür. Bir versiyada göstərilir ki, ta qədim dövrlərdə - 3500-3000 il öncə türk soylu boylar (pelasklar, etrusklar, iskitlər və b.) “Goroğlu/Koroğlu”  mifi kimi Təpəgöz mifini də Yunan və İtaliya bölgələrinə aparıb çıxarmış, orada yaymaqla Homer tərəfindən əbədiləşdirilməsini saxlamışlar.

Başqa bir versiyaya görə, Homer Təpəgöz nağılını Asiya səyahətində eşitmişdir. Akademik İ.Həbibbəyli “Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri” adlı məqaləsində  yazır ki, “...antik yunan şairi Homer Şərq səyahəti zamanı oğuz tayfaları və Təkgözlü siklop haqqında əsatirləri əldə etmiş və özünün məşhur "Odisseya" əsərini yazarkən bu motivdən yaradıcı şəkildə istifadə edərək Polifem obrazını yaratmışdır”.

Digər ayrı versiyaya görə, Homer Türkiyənin İzmir şəhərində doğulmuşdu, türklərin əhatəsində böyümüşbu süjeti də orada eşitmişdi. 

Bu versiyaların hansının doğru olduğuna qəti hökm vermək mümkün deyil. Araşdırmaçı S.İslamın yazdığı kimi, bunun dəqiq cavabı “mətnlərin özündədir”.

Lakin ikinci versiya o qədər də inandırıcı deyildir ki, Homer kimi şəxs Asiya səyahətinədək “yunanların böyük millət halına gəldikləri üçün borclu” (Herodot) olduqları pelasklardan və etrusklardan, eləcə də iskitlərdən  Təpəgöz mifini eşitməmiş olsun. Güman ki, bu barədə eşidən Homer Asiya səyahətində də əlavə məlumatlar toplamış, “Odisseya”nı yazan zaman onlardan “yaradıcı şəkildə” faydalanmışdır. Həm də “bəzək-düzək qoşaraq”, cürbəcür macəralar əlavə edərək, bəzi epizodları ixtisara salaraq.

“Kitabi-Dədə Qorqud” dastanlarını 1815-ci ildə ilk dəfə dünyaya bəlli edən, “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək yaymış şərqşünas, uzun illər Prussiyanın İstanbulda səlahiyyətli elçisi olmuş  Fridrix fon Dits Azərbaycan oğuznaməsindəki təkgözlü siklop motivinin daha qədim olduğunu xüsusi olaraq belə qeyd etmişdi: "Oğuz siklopu yunanlardan deyil, əksinə, daha çox yunanlarınkı ondan əxz edilmişdir”. Yazıçı E.Əfəndiyev yazırdı ki, “F.Ditsə görə «Odisseya» özündən sonrakı dövrdə Şərq aləminə məlum deyildi, halbuki Şərq əfsanələri, ədəbiyyatı «Odisseya»ya qədərki dövrlərdə artıq qədim yunanlara yaxşı məlum idi. F.Dits Təpəgözü Siklop surətinin prototipi hesab edirdi, Təpəgöz bədii surət kimi, Siklopun əvvəli, başlanğıcı, başqa dildə, başqa mühitdə onun yeni ifadəsi idi”.

Bu mənada tədqiqatçılar haqlı olaraq göstərirlər ki, Təpəgöz yunan mifologiyasına yad bir obrazdır. Herodot da təkgözlü nəhəng haqqında rəvayətin Yunanıstana Şərqdən gəldiyini yazırdı (“Kitabi-Dədə Qorqud” ensiklopediyası, II cild, “Yeni nəşrlər evi”, Bakı-2000, səh:298-299). O, bu süjeti yunanların iskitlərdən eşitdiklərini çox açıq şəkildə söyləyib: «İssedonlar haqqında bizdə beləcə bilgi var. İssedonların özlərinin söylədiklərinə görə, onlardan yuxarılarda taygöz  adamlar və qızıl güdən qriflər yaşayırlar. İskitlər bu haqda bilgini issedonların dilindən verirlər, biz də bunları və başqa bilgiləri iskitlərdən öyrənib, onları iskitcə arimasp adlandırırıq: iskitlərdə “arima” - tək, “spu”- göz mənasında işlənir”. Belə çıxır ki, təkgözün –Təpəgözün adı da iskit (onlar oğuzlarla qohumdurlar) dilindən götürülüb. A.Strabon da yazırdı ki, “Homer təkgöz siklop motivini skiflərin tarixindən götürüb”. (https://anl.az/down/meqale/ xalqcebhesi/2012/dekabr/285879.htm)

Filologiya elmləri doktoru, professor Əli Sultanlı “Təpəgözün yunan mifologiyasına yad bir obraz“ olmasını aşağıdakı şərtlərlə əsaslandırır: 1) Şərq, qədim türklər yunan şeiriyyətini tanımamışdır və Homerin əsərlərini tərcümə edə bilmələri də mümkün deyildi. Tərcümə edilsə də, anlaşılan olmayacaqdır. Çünki türk dilləri bunun üçün lazım olan ifadələrdən məhrum idi. 2) Oğuz Təpəgözünün doğumu, ölümü, bütün həyatı təfsilatı ilə verilir. Polifem obrazında isə bu cəhətdən çatışmamazlıqlar var. Yunanlarda obrazın yaradılışı haqqında heç bir bilgi verilmədiyi halda oğuz Təpəgözündə bu haqqında kifayət qədər məlumat var. Bu da Oğuz müəllifinin hadisə haqqında Homerdən çox məlumata malik olmasını göstərir. 3) Təpəgözün yaranışının eposda (Kitabi-Dədə Qorqud” nəzərdə tutulur) bütövlükdə verilməsinə əsasən, demək olar ki, o, ilkin olaraq Azərbaycan türkləri tərəfindən yaradılan mifik obrazıdır. (https://www. anl.az/down/meqale/dede-qorqud/2018/02/16(meqale).pdf). Bəli, oğuzların Təpəgözünün avtobioqrafiyası daha genişdir, onun dünyaya gəlməsindən tutmuş, həyatının demək olar ki, bütün dövrləri barədə məlumat var.

 

Oğuzların Təpəgözü ilə “Odisseya”nın Polifemi arasında bir sıra fərqlər də vardır. Professor M.H.Təhmasib həmin fərqləri təxminən belə müəyyənləşdirir: "Odisseylə Polifem arasında heç bir qohumluq əlaqəsi yoxdur, hətta tanışlıq belə yoxdur. Basatla Təpəgöz isə bir yerdə böyümüş, ...bir atanın çörəyini, hətta bəlkə də bir ananın südünü əmmişlər. Onlar demək olar ki, qardaşdırlar; Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor axırda ona bəla kəsilmiş, Qalın Oğuz ellərini yeddi dəfə yerindən oynatmış, ən görkəmli qəhrəmanlarını "zəbun etmiş", axırda yemək üçün beş yüz qoyun, iki adam tələb edərək kəsim kəsmişdir; Təpəgöz Oğuz Eli üçün dəhşətli bir fəlakət, ümumi bir bəladır. Odissey təsadüfən Polifemlə üzləşmiş, öz canını qurtarmaq üçün mübarizəyə məcbur olmuşdur. ...Basat isə öz elinin, xalqının intiqamını almaq, Qalın Oğuz Elini fəlakətdən qurtarmaq üçün düşüncəli olaraq Təpəgözlə vuruşa gedən bir qəhrəmandır; Odisseygil Polifemi öldürə bilmirlər, ancaq kor edir və bundan istifadə ilə qaçıb canlarını qurtarırlar" (https://www.anl.az/down/meqale/edebiyyat/2021/fevral/734333.htm) və s.  

V.F.Millerin və V.Qrimmin qeyd etdikləri kimi, “bu süjet Odisseyin digər səfərlərinə süni şəkildə zorla pərçimlənib. Odisseyin Polifemlə görüşü “Odisseya” poemasının süjetində elə də mühüm yer tutmurBu görüş olmasaydı belə poemanın süjetində heç nə dəyişməzdi”. Çox güman ki, Homer sadəcə Odisseyin gücünü, qüvvəsini, qəhrəmanlığını (halbuki Polifemlə qarşılaşmada bunları görmək olmur) və ya  insanın qeyri-adi varlıqlardan üstünlüyünü göstərmək üçün Təpəgöz motivindən epizod kimi istifadə edib.  

Təpəgözlə Polifemin arasında meydana çıxan fərqlərin yaranması, bizcə, Homerin bizim Təpəgöz mifimizdən yuxarıda da qeyd etdiyimiz kimi “yaradıcılıqla” faydalanması səbəbindəndir. Və bu da təbii sayılmalıdır.

 “Qəti şəkildə deyə bilərik ki, Təpəgöz ilkin olaraq, Azərbaycan türkləri tərəfindən yaradılan mifik obrazdır”. (“Kitabi-Dədə Qorqud”. Əsil və sadələşdirilmiş mətnlər”. “Öndər nəşriyyatı”, Bakı-2004, səh:35). Bunu dünya və Azərbaycan tədqiqatçılarının qənaətləri və Ana kitabımız “Kitabi-Dədə Qorqud” eposu, Azərbaycan ərazisində Təpəgözlə bağlı hələ də söylənilməkdə olan əfsanə, rəvayət və nağıllar, ölkə ərazisində bu gün də mövcud olan toponimlər də  (Təpəgöz, Qazma və Salaxana mağaraları,  Salaxan qayası, və Salaxan yurdu, Uzun bulaq, Günorta daşı, Təpəgöz kəndi və s.) sübut edir.

Uzun sözün qısası, oğuzların Təpəgözü Homerin Polifeminin prototipidir.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

                                                                                          

    

 

 

10 -dən səhifə 2510

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.