Super User

Super User

Çərşənbə axşamı, 28 Oktyabr 2025 11:00

Sağalmaz yaralar -ESSE

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bir şeyin şahidi oldum. Bəzi yaralar heç zaman bağlanmır. İzi ya dərinə batmış gözlərdə, ya da bir toxunuşla alovlanan qəlblərdə gizlənir. Bu, o qədər həssas bir duyğudur ki, onu yazmaq da toxunmaq qədər ağırdır. Yaşamasan belə, yaşamış kimi hiss etdirir.

 

Daha dərini nədir, bilirsən? İnsan bu yaralarla birlikdə zamanla yarışmağa davam edir. İnsan üçün dəyərli olan zaman indi hər milində bir sızıltı, bir boşluq gizlədib. Hər anı, hər dəqiqəsi, hər günü ağrıdır.

Bu, ilk başlarda daha çox əzab verir, incidər. Zaman keçdikcə isə ağrının şiddətini daha az hiss etməyə başlayırsan. Çünki onunla yaşamağa alışırsan. Amma o, heç vaxt səni tərk etmir. Sən hər zaman o ağrıyla yaşamağa məhkum olursan.

Çünki o, artıq yoxdur. Səndən bir parça kimi qopub ayrılıb və heç vaxt sənə geri birləşməyəcək. Ona görə o yaranın yeri heç vaxt sağalmır. Gedənlər geri dönmədiyi kimi, açılan yaralar da heç zaman sağalmır. Onu sağaldacaq nə bir məlhəm, nə də bir qüvvə var.

Bəlkə də yaşamaq elə bu yaralarla barışmaqdır. Həyat, səncə də həm seviləsi, həm də sevilməyəsi bir hekayə deyilmi? Xoşbəxt anlarda ağrını hiss etdiyin kimi, sevmədiyin zamanlarda da gizli gözəlliyi duya bilirsən.

Bəlkə də həyat bu iki duyğunun arasında, sağalmayan yaraların izində yaşamağı öyrənməkdir.

Bilmirəm…

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 10:01

Azərbaycan sovet nəsrinin görkəmli nümayəndəsi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli. Bir vaxtlar həqiqətən də kitablar oxunardı, böyük şəhərlərdə kitab mağazalarında yeni kitaba növbələr yaranar, ucqar kənd kitabxanalarında isə üç ay o yana kitab götürməyə ad yazdırılardı. O dönəmlərdə İsmayıl Şıxlı, Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev kimi yazıçılarin kitablarına hədsiz ehtiyac və təlabat var idi.

 

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın - İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində (indiki İran İslam Respublikası, Şərqi Azərbaycan ostanı, Sərab şəhristanı, Şərəbiyan dehistanı, Eyvəq kəndi) anadan olub. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlib. Əvvəlcə anası, sonra isə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub və işləyib. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.

Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunub. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazıb. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya — Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olub, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərib. "Həyat" (1935) pyesi bu dövrün bəhrəsi olub

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə düşmənə nifrət və qəzəb aşılayıb. 941-ci ildə Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edib.

O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görüb. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olub. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunlarda rəsmiləşdirilib. Həmçinin onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilib.

 

Əsərləri

1. Giqantlar ölkəsi

2. Həyat üçün

3. Həyat (pyes)

4. Böyük demokrat

5. Azad

6. Gələcək üçün.

7. Böyük dayaq (Roman)

8. Mədinənin ürəyi (Hekayələr)

9. Xəlqilik və realizm cəbhəsindən

10. Murovdağın ətəyində

 

Yazıçı 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 11:33

Ahmet Kaya – Türk musiqisinin unudulmaz səsi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Söylə, söylə, yar bizə noldu,

Yenə qəlbim dərbədər oldu.

İstədim gözündən öpüm,

Gzölərin düşmənim oldu.

 

Bu mahnı o qədər qəlbi riqqətə gətirən, insanı tərpədən, duyğuları oyadan bir mahnıdır, uzun illərdir dəbdən düşmür. Biz onu indi şövqülə dinləyirik,  böyüklərimiz doxsanıncı illərdə eləcə dinləyib təsirlənərdilər…

Ahmet Kaya – türk musiqi ulduzlarından biri. 28 oktyabr 1957-ci ildə Malatyada doğulub, kasıb bir ailədə dünyaya gəlib. Atası mədən işçisi olub. Uşaqlıqdan musiqiyə böyük marağı olub. 6 yaşında ikən atasının aldığı bağlama (saz) aləti ilə musiqiyə başlayıb. Orta məktəbdən sonra ailəsi ilə birlikdə İstanbul şəhərinə köçüb. Gənc yaşlarında həm işləyir, həm də musiqi təhsili alıb

 

"Musiqi karyerasının başlanğıcı"

Ahmet Kaya 1970-ci illərin sonlarında musiqi fəaliyyətinə başlayıb. 1985-ci ildə ilk albomu “Ağlama Bebeğim” işıq üzü görüb. Bu albomdakı sosial və duyğusal mahnılar sayəsində qısa müddətdə tanınıb.

Onun mahnılarında: yoxsulluq, azadlıq, insan haqları, sevgi və ayrılıq kimi mövzular ön planda olub

 

"Ən tanınmış albomları və mahnıları"

Ahmet Kaya 20-dən çox albom buraxılıb. Onlardan bəziləri və məşhur mahnıları aşağıdakılardır:

 

Ən məşhur albomları

1. Ağlama Bebeğim (1985)

2. Acılara Tutunmak (1985)

3. Şafak Türküsü (1986)

4. Yorgun Demokrat (1987)

5. Başkaldırıyorum (1988)

6. Resitaller (Canlı konsert seriyası)

7. Beni Bul (1990)

8. Kurtuluş Savaşı Destanı (1994)

9. Dosta Düşmana Karşı (1998)

 

Ən məşhur mahnıları

Kum Gibi

Yorgun Demokrat

Ağladıkça

Kendine İyi Bak

Beni Vur

Şafak Türküsü

Başım Belada

Söyle

Karar Verdim

Birazdan Kudurur Deniz

 

Televiziya proqramlarında və mediada sərt hücumlara məruz qalıb, nəticədə Türkiyəni tərk edərək Fransaya mühacirət edib. Ahmet Kaya Fransada sürgün həyatı yaşayıb. O, Parisdə yaşadığı müddətdə də musiqi fəaliyyətini davam etdirib. Lakin sürgün həyatı və gördüyü haqsızlıqlar onu dərin psixoloji gərginliyə salıb. 16 noyabr 2000-ci ildə ürək tutmasından vəfat edib.

 

 Mirası və xatirəsi

Ahmet Kaya ölümündən sonra Türkiyədə yenidən qiymətləndirilib.

Mahnıları gənc nəsillər tərəfindən yenidən oxunmağa başlayıb, sənətinə dərin hörmət formalaşıb. 2001-ci ildə ölümündən sonra “Yılın Sanatçısı” (İlin sənətçisi) mükafatına layiq görülüb.

 

 Sitatları

> “Ben halkımın sanatçısıyım, onların acısını anlatırım.”

> “Beni anlamak için yüreğini dinlemen gerek.”

 

Ahmet Kaya-nın sənətinin xüsusiyyətləri

Mahnılarında həm siyasi, həm də insani duyğuları birləşdirib Səs tonu dərin, duyğulu və səmimi olub. Sözləri çox vaxt şeir formasında olub, xalq musiqisi ilə rok elementlərini birləşdirib.

Ahmet Kaya yalnız bir müğənni deyildi – o, xalqın səsini dünyaya çatdıran bir simvol, ədalət və azadlıq axtarışının siması olub. Onun mahnıları bu gün də dinlənilir və bir çox insan üçün ümid və dirəniş rəmzidir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

 

Çərşənbə axşamı, 28 Oktyabr 2025 15:29

Ədəbi tənqidin Şirindil Alışanovu

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyatımızda çox nüfuzlu bir şəxsiyyət idi, ədəbi tənqiddə cəsarətli çıxışları ilə yer almışdı, ədəbi proseslərə dərhal reaksiya verir, yeni kitabları diqqətdən kənarda qoymur, yorulmadan çalışırdı. O – Şirindil Alışanov.

 

Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil alıb. 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib, ədəbi tənqid üzrə ixtisas kursunu bitirib.

1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalış¬mış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunan namizədlik dissertasiyası yazıb və 1981-ci ildə müdafiə edib.

1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edib. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir. 1977-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin poeziyaya həsr olunan birgə respublika konfransında məruzə edib, ədəbi-nəzəri fikrin ən aktual problemləri ilə bağlı müzakirə və konfranslarda ardıcıl çıxış edib. O, ədəbi tənqidin nəzəri-metodoloji problemləri, müasir poeziya, onun əsas inkişaf meylləri, poetik axtarışları barədə dövri mətbuatda və bir çox məcmuələrdə ardıcıl çıxış edib.

1993-1998-ci illərdə «Elm» qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub.

1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika şöbəsinin müdiri olub. Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olub. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub. Bir sıra beynəlxalq konfranslarda məruzə edib.

 

Elmi məqalələri

1. N.Xəzrinin lirikasında peyzaj. «Azərbaycan təbiəti» məcmuəsi. 1976.

2. Həqiqi poeziyanın xətrinə. «Ədəbiyyat və incə-sənət» qəz. 4.IX.1976.

3. Mənəvi sabahın sorağında. «Azərbaycan» jurn. 1977.

4. Poema: axtarışlar, tapıntılar. «Ədəbiyyat və incə-sənət» qəz. 29.X.1977.

5. Poeziya-77. «Ədəbi proses-77». «Elm», 1978

 

Beynəlxalq elmi konfranslarda iştirakı

1. Beynəlxalq Şəhriyar konfransı – Tehran-Təbriz, 1992 (İran)

2. Beynəlxalq Füzuli konfransı - Bağdad, 1994 (İraq)

3. Azərbaycan səbkinə həsr edilmiş Beynəlxalq konfrans – Urmiya, 1996 (İran)

4. Humanitar elmlərin müasir durumu və ədəbiyyat-şünaslığın nəzəri-metodoloji məsələləri. Beynəlaxq elmi konfrans. Bakı, dekabr 2010.

 

Elmi sessiyalarda məruzələr

1. Məmməd Cəfər – 80. M.Cəfərin bədii metod konsepsiyası. Bakı, 1980.

2. Yaşar Qarayev – 70. Bakı, 2006.

3. Mir Cəlal – 100. Mir Cəlalın nəzəri-estetik görüşləri. Bakı, 2008.

4. Məmməd Cəfər – 100. Məmməd Cəfərin nəzəri-estetik görüşləri. Bakı, 2009.

5. XX əsrin görkəmli ədəbiyyatşünası (Əziz Mirəhmədovun 90 illiyinə həsr edilmiş sessiyada mə¬ruzə). Bakı, 2010.

 

O, 14 mart 2024-cü ildə vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

 

Çərşənbə axşamı, 28 Oktyabr 2025 08:02

O, hər kəsə gərəkli olmağa çalışırdı

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir dəfə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov tədbirlərdən birində Arif Əmrahoğlu barədə ağızdolusu xoş sözlər danışdı, polkvnik heç vaxt heç kəsi boşuna tərifləməz, onun bu sözlərindən sonra məndə Arif Əmrahoğlu şəxsiyyətinə simpatiya yarandı.

 

Mərhum həqiqətən hır kəsin xüyrinə-.ərinə yarayan, çalışdığı idarədə hörmət bəslənilən biri olubdur. Bu gün onun doğum günüdür deyə biz də onu xatırlayırıq. Yaşasaydı, 71 yaşını qeyd edərdi.

Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlayıb. ADU-nun filologiya fakültəsində təhsil alıb. Zaqafqaziya komsomol məktəbini bitirib.

Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi, Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini, Prezident Aparatında milli siyasət şöbəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin katibi, Bakı Dövlət Universitetinin müəllimi olub.

Ədəbi fəaliyyətə erkən başlayıb. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc edilib. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olub. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutub.

 

"Klassik Azərbaycan nəsrinin poetikası" mövzusunda tədqiqat üzərində işləyib, fəal ictimaiyyətçi olub. M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirib. Bədii tərcümə ilə ardıcıl məşğul olub.

 

Əsərləri

1. Nəsrin poetikası (XIX əsrin II yarısı)

2. Sözə inam sabahımızdır.

3. Epik sözün bədii gücü.

 

O, 19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 14:04

Türk dünyası məşhurları – BATI XAN

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Batı xan barədədir.

 

Batı xan  XIII əsrdə yaşamış, Böyük Monqol imperiyasının qərb hissəsində — Qızıl Orda dövlətinin banisi və ilk hökmdarı olmuşgörkəmli türk sərkərdəsi və dövlət xadimidir. O, eyni zamanda, Çingiz xanın nəvəsi, Cuçi xanın oğludur. Tarixdə Batı xan həmmüdrik idarəçilik qabiliyyəti, həm də Avrasiya məkanında türk-islam mədəniyyətinin formalaşmasında oynadığı rolu ilə seçilir.

Xan 1207-ci ildə dünyaya gəlmişdir. Uşaqlıqdan hərbi sənət və dövlət idarəçiliyi üzrə yetişdirilmişdi. Atası Cuçi hələ sağ ikən onu Qərb yürüşlərinə hazırlamışdı. 1236–1242-ci illərdə baş vermiş məşhur Avropa yürüşü məhz Batı xanın rəhbərliyi altında həyata keçirilmişdir. Onun ordusu əvvəlcə Volqa bulqarlarını, daha sonrarus knyazlıqlarını, Polşanı və Macarıstanı fəth etmiş, nəticədə Monqol imperiyasının qərb sərhədləri Dunay çayına qədərgenişlənmişdi.

1241-ci ildə Macarıstan səfəri zamanı Batı xanın ordusu Avropaordularını sarsıdıcı məğlubiyyətə uğratmış, bu hadisə Avropatarixində "Tatar istilası" kimi yadda qalmışdır. Lakin o, Avropanı tam işğal etmək niyyətində olmasına baxmayaraq, Monqol imperatoru Ögedayın ölüm xəbərinə görə geri dönmüşdür.

O, geri döndükdən sonra Volqa çayı sahilində Saray şəhərinisalmış və burada Qızıl Orda dövlətinin əsasını qoymuşdur. Onunhakimiyyəti dövründə dövlət təkcə hərbi güc baxımından deyil, həm də iqtisadi və mədəni baxımdan inkişaf etmişdi. Ticarətyollarının təhlükəsizliyi təmin edilmiş, Volqa–Xəzər–Qara dəniz bölgəsi beynəlxalq ticarət mərkəzinə çevrilmişdi.

Onun siyasəti həm də tolerantlıq üzərində qurulmuşdu. O, öz dövlətində müxtəlif xalqlara və dinlərə hörmətlə yanaşır, xüsusən müsəlman tacirləri və alimləri himayə edirdi. Bu siyasət nəticəsində türk-islam mədəniyyəti Qızıl Orda ərazisində möhkəmlənmiş, sonrakı əsrlərdə türk dövlətçiliyinin və dilinin əsas formalaşma mərhələlərindən biri yaranmışdı.

Tarixçilər Batı xanı yalnız bir fateh kimi deyil, həm də uzaqgörən dövlət qurucusu kimi dəyərləndirirlər. Onun yaratdığı Qızıl Orda dövləti üç əsrdən çox yaşamış və türk xalqlarının siyasi-mədəni inkişafında mühüm rol oynamışdır.

Batı xan təxminən 1255-ci ildə vəfat etmişdir. Onun ölümü ilə Qızıl Orda taxtında bir sıra varislik mübahisələri başlasa da, o, türk və dünya tarixində ədalətli, ağıllı və uzaqgörən bir hökmdar kimi qalmaqda davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Çərşənbə axşamı, 28 Oktyabr 2025 09:02

Bu gün Bill Qeytsin 70 illik yubileyidir

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünyada kimlər məşhurdur? Əlbət ki dünyanın harasında Messi adını çəksən, onu tanıyacaqlar, yainki Ronaldonu, yaxud futboldan musiqiyə adlasaq, Beyonsu, Şakiranı tanımayan olmayacaq. Yəqin, siyasətçiləri də hər yerdə tanıyırlar, müharibə aparan Putinlə Zelenskini niyə də tanımasınlar? Amma istisna hal kimi, biznesmenlər də tanına bilər, məsələn, Bill Qeyts və İlon Mask.

 

Bill Qeyts— dünyanın ən tanınan sahibkarlarından, ixtiraçılarından və xeyriyyəçilərindən biridir. O, kompüter texnologiyalarının inkişafında və rəqəmsal inqilabın formalaşmasında mühüm rol oynayıb. Bill Qeyts 28 oktyabr 1955-ci ildə  Sietl şəhərində, Vaşinqton ştatında, ABŞ-da dünyaya göz açıb.

Hələ məktəb illərindən proqramlaşdırmaya maraq göstərib. O, 13 yaşında kompüter proqramlaşdırmasına başlayıb və Lakeside School adlı özəl məktəbdə oxuyarkən ilk proqramlarını yazıb.

1973-cü ildə Harvard Universitetinə daxil olub, lakin 1975-ci ildə təhsilini yarımçıq qoyaraq bizneslə məşğul olmağa başlayıb.

 

"Microsoft-un yaranması"

1975-ci ildə yaxın dostu Paul Allen ilə birlikdə Microsoft şirkətini təsis edib. Şirkət əvvəlcə kompüterlər üçün proqram təminatı hazırlayıb.

Ən böyük nailiyyəti MS-DOS və daha sonra Windows əməliyyat sistemlərinin yaradılması olub. Bu sistemlər sayəsində Microsoft dünya texnologiya bazarının liderinə çevrilib.

 

"Əsas nailiyyətlər"

- 1980: IBM ilə əməkdaşlıq edərək MS-DOS-u təqdim edib.

- 1985: İlk Windows əməliyyat sistemini istifadəyə verib

- 1990-cı illər: Microsoft-un məhsulları (Windows, Office, Internet Explorer) dünya miqyasında milyonlarla insan tərəfindən istifadə olunmağa başlayıb.

- 2000: Şirkətin baş direktoru vəzifəsini Steve Ballmerə təhvil verib.

- 2014: İdarə heyətinin sədri vəzifəsindən istefa verib.

 

"Sərvəti"

Bill Gates uzun illər dünyanın ən varlı insanı olub. Onun sərvəti uzun müddət Forbes siyahısında birinci yeri tutub.

2025-ci ilə qədər onun sərvətinin 120 milyard dollardan çox olduğu təxmin edilib.

 

"Xeyriyyəçilik fəaliyyəti"

2000-ci ildə keçmiş həyat yoldaşı ilə birlikdə Bill & Melinda Gates Foundation adlı dünyanın ən böyük xeyriyyə fondundan birini yaradıb.

 

Fondun məqsədləri:

- yoxsulluğun azaldılması

- qlobal səhiyyə problemləri ilə mübarizə

- təhsilin inkişafına dəstək

- peyvənd proqramlarının təşviqi

 

Bill Gates xeyriyyəçiliyə milyardlarla dollar ayırıb və “Giving Pledge” adlı təşəbbüslə digər varlı insanları da sərvətlərinin böyük hissəsini xeyriyyə işlərinə yönəltməyə çağırıb.

 

"Kitabları"

Bill Gates həmçinin bir neçə kitabın müəllifidir:

1. The Road Ahead (Gələcək Yolu) — 1995

2. Business @ the Speed of Thought (Düşüncə Sürətində Biznes) — 1999

3. How to Avoid a Climate Disaster (İqlim Fəlakətinin Qarşısını Necə Almalı) — 2021

 

Son olaraq Bill Gates yalnız bir texnoloji lider deyil, həm də insanlığa xeyir gətirməyə çalışan böyük xeyriyyəçidir. Onun fəaliyyəti sayəsində həm kompüter dünyası, həm də sosial yardım sahəsi böyük dəyişikliklərə uğrayıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

                  

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeiriləri təqdim edilir.

                  

 

İntiqam YAŞAR

(Azərbaycan)

 

BURASI TƏBRİZ…

"Saat 10 Burası Təbriz.

Güney Azərbaycan Cümhuriyyəti Günaydın, vətənim!.."


Təbriz radiosudur!

Ürəyimi Araza tutub dinləyirəm!

Ürəkmi dedim?

Eh...

İllərdir sabahlar necə açılır Arazdan o yana?

Bilən varmı?

İllərdir ruhumdakı ağrılara başımı qoyub yatıram.

Ağrılar oyaq.

Acılarım ayaqyalın küçələr dolaşır,

Anasız cocuqlar kimi.

Təbriz...

Ərkin1 üsyan qılıncı kimi sıyrılıb göy üzünə!

Mənim də kimsəm yoxdu Gülüstandan bəri...

Mən də yetiməm!

Mən də kürəyimi divarlarda isidirəm,

Başımı köksümə əymişəm!

Ana...

Ağrılardan sonra Azadlığa inandır məni!


 

Qeyd: 1-Təbrizdəki Ərk qalası

 

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

 

 

Rəqsanə Babayeva,

Beyləqan rayon mədəniyyət mərkəzinin rejissoru, "Gənclik" xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Teatr sənətinin əsasında söz dayanır — lakin bəzən elə anlar olur ki, söz artıq əngəl kimi görünür. Bədən danışmağa başlayır, ritm nəfəsə çevrilir, musiqi duyğunu dilə gətirir. Hərəkətlərin, baxışların və ritmin dili o qədər aydın olur ki, tamaşaçı bir cümlə belə eşitmədən hekayəni anlayır, hiss edir, ağlayır, gülür, düşünür. Məhz bu nöqtədə pantomim və rəqslə teatr tamaşası özünün əsl sənət dərinliyini göstərir.

 

Pantomim – Sözsüz Sözün Gücü

 

Pantomim (yunanca “mimeisthai” – təqlid etmək sözündən yaranmışdır) insan bədəninin, mimikanın və jestlərin dili ilə hekayə danışmaq sənətidir. Qədim Yunanıstandan Roma səhnələrinə, oradan da Avropa teatr məktəblərinə qədər pantomim, insan duyğusunun ən saf, ən orijinal ifadə vasitəsi kimi formalaşmışdır.

Bu sənətin mahiyyətində bir paradoks gizlidir: sözsüz danışmaq. Bu paradoks isə tamaşaçıda çoxqatlı emosional reaksiya yaradır. Hər kəs gördüyünü öz həyat təcrübəsinə görə dərk edir, yəni pantomim tamaşası həm kollektiv, həm fərdi anlamda “oxunur”.

 

Pantomim aktyoru səhnədə danışmadığı üçün onun bütün varlığı “danışan orqan”a çevrilir: əl, barmaq, çiyin, baxış, nəfəs, hətta səssizlik belə. Bu növ tamaşalarda söz yox, anın özü danışır. Aktyorun hərəkətləri yalnız emosional ifadə deyil, həm də ritmik kompozisiyanın bir hissəsidir.

 

Rəqslə teatrın kəsişməsi

 

Rəqs və teatr uzun illər bir-birinə paralel inkişaf etmiş, lakin XX əsrdən etibarən bu iki forma birləşərək yeni teatr estetikası yaradıb. Artıq tamaşalarda yalnız dialoqlar və mizanssenlər deyil, bədən hərəkətinin dramatik funksiyası əsas yer tutur.

Rəqs burada sadəcə bəzək elementi deyil – o, konfliktin, hissin, fikrin və daxili təlatümün ifadə vasitəsidir.

Bir aktyorun bədənində həm ritm, həm faciə, həm də səssiz qışqırıq ola bilər. Bu, klassik dramaturgiyada yazılan “pauza”ların bədənə çevrilmiş formasıdır.

 

Rəqslə teatr tamaşasında hərəkət, sözün yerini tuta biləcək qədər anlam yüklü olmalıdır. Məsələn, bir qadının çiyinlərinin yavaşca enməsi, bir kişinin əllərinin havada donub qalması bəzən onlarla cümlədən daha təsirli olur. Burada sənətkarın məqsədi formanı gözəlləşdirmək yox, hissi tərcümə etməkdir.

 

Etüd – Bədənin fikirlə dialoqu

 

Teatr təlimlərində “etüd” anlayışı aktyorun bədən və duyğu reaksiyalarını öyrənməsi üçün əsas mərhələ sayılır. Etüd bir cümləlik ideyanın səssiz hekayəyə çevrilməsidir.

Məsələn, müəllim tələbələrinə bir situasiya verir: “Yaxınını itirmiş bir insan tək qalır”. Heç bir söz yoxdur. Sadəcə musiqi, bədən və zaman.

Bu zaman aktyorun hər hərəkəti — bir nəfəs alma, bir addım, bir dönmə — daxili halın vizual təzahürünə çevrilir. Hər kəs eyni etüdü fərqli oynayır, çünki hərəkət – fərdi ruhun imzasıdır.

 

Etüd teatr təlimində düşüncə ilə fiziki impuls arasında körpü yaradır. Aktyor öyrənir ki, emosiya sadəcə üz mimikasında deyil, hərəkətin dinamikasında gizlidir. Bu, həm pantomimin, həm də rəqs teatrının bünövrəsidir.

 

Musiqi – görünməyən rejissor

 

Sözsüz səhnə formalarının ən vacib dayağı musiqidir. O, hərəkətə ruh, ritm və zaman verir. Əgər pantomim aktyoru səssizliklə “danışırsa”, musiqi o səssizliyin alt qatında emosional ssenari qurur.

Bir fortepiano akkordu səhnəni dərinləşdirə, bir skripka titrəyişi tamaşaçını ağlada bilər. Musiqi həm aktyorun ritm hissini oyadır, həm də tamaşaçının qavrayışını istiqamətləndirir.

 

Bu səbəbdən də səssiz teatr tamaşalarında musiqi sadəcə müşayiətçi yox, yaradıcı tərəfdaş funksiyasını daşıyır. Bəzən bir tamaşada musiqi fasilə verir, səssizlik səhnəni bürüyür və tamaşaçı öz nəfəsini eşidir. Məhz o an səhnə “yaşayır”.

 

 Pafossuz emosiyanın gücü

 

Sözsüz teatrın ən incə xətti – pafossuz təsir yaratmaqdır. Çünki bədən dili təbiidir, süni ifadəni dərhal ifşa edir. Aktyor burada oynamır – sadəcə yaşayır.

Səhnədə ağlamaq, qışqırmaq, gülmək lazım deyil. Sadəcə daxili titrəyiş lazımdır. Tamaşaçı onu hiss edir. Bu, Stanislavski sisteminin “daxili həqiqət” prinsipi ilə pantomimin “xarici səssizlik” estetikası arasında ortaq nöqtədir.

 

Hərəkət emosiyanın formasıdır, amma forma təmtəraqla dolu olmamalıdır. Bədən ancaq o zaman təsirli olur ki, o, sözün yükünü daşımaq üçün “hazır”dır. Bu səbəbdən pantomim aktyorunun fiziki hazırlığı qədər daxili səssizliyi də önəmlidir.

 

 Tamaşaçı ilə görünməz dialoq

 

Sözsüz tamaşalarda tamaşaçı artıq sadəcə izləyici deyil – o, mənanı özü yaradır. Hər baxış, hər hərəkət onun şüurunda fərqli assosiasiya doğurur. Bu, interaktiv sənətin ilkin formasıdır.

Məsələn, eyni səhnəyə baxan iki insan biri üçün itki, digəri üçün azadlıq görə bilər. Bu, teatrın ən saf anıdır – sənətkar və tamaşaçının ortaq düşüncə yaratdığı an.

 

Pantomim və rəqslə teatr bu baxımdan “şərhsiz sənət”dir. Tamaşaçıya heç nə diktə olunmur. O, duyğunu özü tamamlayır. Bəzən bir jestin bitməməsi, bir hərəkətin havada donub qalması – məhz bu natamamlıq tamaşaçının təxəyyülünü oyadır.

 

 Müasir teatr təcrübələri və gələcəyə baxış

 

Son illərdə dünya teatrında, o cümlədən Azərbaycanda, fiziki teatr istiqaməti geniş yayılmağa başlayıb. Teatr studiyalarında və tədris proqramlarında pantomim, ritm təlimləri, bədən dramaturgiyası artıq əsas fənlərə çevrilir.

Yeni nəsil rejissorlar üçün söz artıq ilkin vasitə deyil – emosional atmosferin hiss etdirilməsi əsas məqsəddir.

Bunun bariz nümunələrindən biri, beynəlxalq festivallarda nümayiş olunan səssiz, lakin musiqi və işıqla qurulmuş tamaşalardır. Onlar göstərir ki, müasir tamaşaçı artıq kəlmədən çox, duyğunu axtarır.

 

Azərbaycan səhnəsində də bu istiqamətə maraq artır. Xüsusən gənc rejissorların quruluşlarında bədən dramaturgiyası, işıq və səs kompozisiyası vasitəsilə hekayə qurmaq cəhdləri müşahidə olunur. Bu, həm tədris sisteminin yenilənməsi, həm də teatr estetikasının dərinləşməsi üçün vacib mərhələdir.

 

Səssiz sözün tərbiyə gücü

 

Pantomim, rəqslə teatr və musiqi ilə səhnə ifadəsi yalnız estetik forma deyil, həm də aktyorun özünü dərk etmə məktəbidir.

Sözsüz danışmaq bacarığı – insanın daxili aləminə enmək cəsarətidir. Bu formalar aktyoru təkcə sənətkar kimi deyil, hiss edən, müşahidə edən, dinləyən bir varlıq kimi yetişdirir.

Tamaşaçı üçün isə bu növ tamaşalar, bədii zövqü və səssiz düşünmə qabiliyyətini tərbiyə edir.

 

Bəzən bir baxış, bir musiqi titrəyişi, bir hərəkət bütöv bir fəlsəfə daşıya bilər. Teatrın dərinliyi məhz bu sadəlikdə gizlidir. Çünki səssizlik – sənətin ən səmimi dilidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yunis Səfdəridir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

 

 

Yunus Səfdəri

Təbriz

 

Qar yağdı; yenə də yandı ocaqlar,

Dəyir bir-birinə soyuqdan dişlər.

Bəlkə dünən gecə isti uşaqlar,

Göylərdən bir belə qar istəmişlər.

 

Qar yağdı; bir ildir qar görməmişəm,

Evlərin başına qar səpələndi.

Qar elə yağıb ki, mən bilməmişəm!

Baxıram, küçədə qar dizəcəndi!

 

Qar yağdı; soyuqdu, hamı geyindi,

Ağ bir örtük örtdü qara damları.

Qar yağdı; uşaqlar yaman sevindi,

Yağdılar küçəyə qar adamları.

 

Qar yağdı; bir kişi fikirə daldı,

Çatlaq tavanından su dama-dama.

Qar yağdı; bir kişi birdən hay saldı;

Kürəklər iki qat, çıxdılar dama!

 

Qar yağdı; kiminsə əlləri donur,

Kiminsə evində şuminə yanır.

Birisi xəz papaq, palto geyinir,

Birisi yoxsulluq oduna yanır.

 

Qar yağdı; bu il qış çətin olacaq,

Paltarsız uşaqlar kaş üşüməsin.

Qar yağdı; ürəyim od tutub ancaq –

Ocaqsız evlərə soyuq dəyməsin!

 

                            Qeyd: şuminə - ocaq

 

 “Ədəbiyyat  və incəsənət”

(27.10.2025)

 

5 -dən səhifə 2510

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.