Super User

Super User

Bazar ertəsi, 28 Sentyabr 2026 08:07

Çox ünlü qadın aşığımız

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Aşıq musiqisini kim sevməz. Adətən Qərb bölgələrimizdə - Göyçədə, Qazaxda, Tovuzda, Gədəbəydə, Kəlbəcərdə olduqca popular olan, ustadlar yetişdirən bu sənət indi xeyli ölkənin dərinliklərinə də işləyib, xüsusən Şirvan özlüyündə bir aşıq mərkəzinə çevrilib. Elə Abşeron yarımadası da sənətkarlar yetişməkdədir. Haqqında danışdığım aşıq Samirə Əliyeva isə 29 sentyabr 1981-ci ildə Bakıda anadan olub.

 

Təhsilinə 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə başlayaraq, 1998-ci ildə 98 saylı orta məktəbi bitirib. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb. 1991-ci ildən aşıq sənəti ilə məşğuldur.

2006-cı ildən ADMİU-nun dissertantı olan Samirə Əliyeva 2013-cü ildə tədqiqat işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunub. 2004-cü ildən ADMİU-nun "Estrada və populyar musiqi" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışır. 2022-ci ildən kafedranın müdiridir.

2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilib, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılıb. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil edərək, uğurla çıxış edib

2018-ci ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında hesabat çıxışı olub. 2019-cu ilin aprel ayında, YUNESKO-nun Özbəkistanda təşkil etdiyi Beynəlxalq "Bakshı festivalı" –nda II yerə layiq görülüb. Həmin ilin iyun ayında YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində solist olaraq, yadda qalan və fəal iştirakına görə Mədəniyyət Nazirliyinin və YUNESKO rəhbərliyinin fəxri diplomuna layiq görülüb.

Həmin ilin sentyabr ayında Heydər Əliyev mərkəzində 31 ölkənin XVIII–XX əsrlərə aid olan 200-dək musiqi aləti bir arada - "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində "Aşıqlar" və "Saz" bölmələrində yeganə gənc aşıq olaraq, solo ifaları və yaradıcılığı ilə bağlı məlumatlar yer alıb

Samirə Əliyeva bir sıra məqalə, konfrans materialı və proqramın, o cümlədən aşıq sənəti üzrə təhsil alan tələbələr üçün "İxtisas", "Aşıq sənətinin tarixi və nəzəriyyəsi" və magistr pilləsi üzrə "Aşıq sənətinin müasir istiqamətləri" adlı proqramın tərtibçisi, "Dastan ifaçılığı bir aktyorun teatırı kimi" adlı dərs vəsaitinin müəllifidir

 

Mükafatları

1. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olaraq, eyni ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı olub.

2. 1994-cü ildə "Sübh şəfəqləri" telemüsabiqəsi, "Yanvar şəhidləri" şeir müsabiqəsi, İstedad – 95 müsabiqəsi və "Aşıq qızların I Respublika" müsabiqəsinin diplomuna layiq görülüb.

3. 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlərarası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi olub, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb.

4. Aşıq Samirə Əliyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatçısı olub.

5. 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ilk dəfə olaraq "Leyli və Məcnun" dastan-tamaşasında Leyli obrazında uğurlu çıxışına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvi-880 xatirə nişanı" ilə təltif olunub.

6. 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Bu yaxınlarda Türkiyədə qiraət üzrə keçirilən müsabiqədə öz şeiri ilə III yerə çıxan qiraətçi, sənətşünas Şəbnəm Feyzili çox maraqlı xanımdır. Onun həyat və sənət barədəki düşüncələrinə, fikrimcə, diqqət etmək pis olmaz.

Odur ki “Təqdimat” rubrikamda bu gün sizlərə Nuray Rəşidin Şəbnəm Feyzili ilə müsahibəsini təqdim edirəm.

 

Şəbnəm xanım, öncəliklə sizi sizdən dinləyək. Şəbnəm Feyzili kimdir?

 

Düzdür, bu sualı cavablandırmaq mənim üçün bir az çətindir. Çünki bu barədə demək olar ki, heç danışmamışam. Amma qısaca desəm: mən sənətşünas, Türkiyədə magistratura təhsili alan tələbə və ömrünü şeirə adamış bir qiraətçiyəm.

 

Ötən illərə nəzər salsaq, təhsil və yaradıcılıq yolunuz necə başlanıb?

 

2019-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq ixtisasına qəbul olmuşam və 2023-cü ildə oranı bitirmişəm. Universitet illərindən başlayaraq həm oxumuşam, həm də çalışmışam. Fəaliyyətimə müxbir olaraq başlamışam, daha sonra araşdırmaçı-ssenarist kimi davam etmişəm.

Ən son isə Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan Qaradağ Gənclər Evində Yaradıcılıq Dərnəyinin rəhbəri kimi fəaliyyətə başladım. Orada moda dizaynı istiqamətində tələbələrim var idi. İşimə məsuliyyətlə yanaşdığım və nəticə göstərdiyim üçün qısa müddətdə müdir müavini — bizim sahədə "metodist" olaraq səslənən vəzifəyə yüksəldim. Daha sonra isə Türkiyədə burs qazanaraq qardaş ölkəyə gəldim və hazırda təhsilimi magistratura pilləsində davam etdirirəm.

On üç-on dörd yaşım olandan qiraət ilə məşğulam. Düzdür, o vaxtlar səhnənin nə olduğunu, qiraətin dərinliyini tam dərk etmirdim. Sadəcə olaraq şeiri öyrənir, gedir və çıxış edirdim. O zamanlar bunun mahiyyətini tam anlamırdım ta ki, özümü dərk edənə, şeirin ruhunu və əsl mahiyyətini bilənə qədər...

 

Hər insanın özünü kəşf etmə hekayəsi var. Siz özünüzdə incəsənətə və ədəbiyyata olan marağı ilk dəfə necə hiss etdiniz? Qısaca desək, hər şey necə başladı?

 

Bu sualı cavablandırmaq mənim üçün çox xoşdur, çünki çox xoş anlarım göz önündə canlanır. Bizim sinif rəhbərimiz dil-ədəbiyyat müəllimi - Zibaxanım müəllimə hər zaman şeirləri əzbərləməkdə mənə kömək edirdi. Amma deyim ki, bu sahədə xüsusi bir dərs almışam, yox. Sadəcə şeiri öyrənirdim, gedirdim müəllimimə danışırdım.

Məktəbimizdə dərs keçməyən, bir qurumda çalışan başqa bir müəllim də var idi. Gəlirdi, hər ay uşaqları toplayır, müxtəlif mövzularda müsabiqələr keçirirdi. Heç mən onda, nə yalan deyim, müsabiqənin nə olduğunu, nə etdiyimi, o şeiri niyə o səhnədə dediyimi tam olaraq anlamırdım. İçimdə kimsə ilə mübarizə aparmaq, insanlarla nəyinsə yarışında olmaq hissi yox idi. Sadəcə şeirləri öyrənirdim, gedirdim o səhnədə söyləyirdim. Sonda bir sertifikat qazanıb gəlirdim və bu məni çox sevindirirdi.

Hətta bir dəfə yadıma gəlir, kiminsə sertifikatını vermişdilər ki, boşdur, istəyirsən götür, öz adını yazarsan. Mən o sertifikatı on üç yaşında yırtıb atmışdım ki: “Bu sertifikata mən layiq deyiləm. Mən bu sertifikatı qazanmamışam, ona görə bunu götürə bilmərəm”. Amma digər sertifikatları o qədər əzizləyirdim ki... Bilirdim ki, onlar dəyərli bir işin nəticəsidir.

Bir müddət sonra müsabiqələrdə iştirak etməyə başladım. İlk başda məktəb üzrə üçaylıq müsabiqə keçirildi və orada birinci yeri tutdum. Daha sonra Qaradağ rayonu üzrə birinci yerə layiq görüldüm. Bakı üzrə fərqlənməyə layiq görüldüm və Azərbaycan üzrə keçirilən respublika müsabiqəsində də finalçı oldum. Respublika üzrə cəmi on iki nəfər seçilmişdi ki, onlardan biri də mən idim. Belə-belə, addım-addım daha sonra yolumuz Türkiyəyə qədər uzandı…

 

Bəs, ilk şeiriniz necə yarandı? Xatırlayırsınızmı, o şeiri yazanda hansı duyğuların içində idiniz?

 

Belə deyim, yeddinci sinifdə oxuyanda mənim bir şeir dəftərim var idi. O vaxtlar ancaq vətən, ana, ailə, dostluq mövzusunda şeirlər yazırdım. Özümə qarşı da çox ciddi daxili tələblərim var idi. Məsələn, düşünürdüm ki, məktəbi bitirməyənə qədər sevgi şeirləri yazmayacağam bu, mənim yaşıma uyğun deyil.

Özümə belə daxili qayda-qanunlar qoymuşdum.

Düzü, o şeir dəftərini indi açıb oxuyanda hələ də məndə qəribə hisslər yaradır. Düşünürəm ki, mən bu şeirləri o yaşda necə yazmışam?

Amma o vaxtlar yazdıqlarımı insanlara göstərməyə utanırdım. Çünki mənim prinsipim belə idi: hər hansı bir işi çox yaxşı bacarmalıyam ki, onu insan içərinə çıxarım. O dövrdə şeir yazmaqda özümü o qədər iddialı hiss etmirdim deyə, bu barədə heç vaxt əminliklə danışa bilməmişəm. Amma qiraət mövzusunda, səhnədə şeir söyləmək məsələlərində isə heç vaxt təvazökarlıq etməmişəm.

 

Mən niyəsə düşünürəm ki, qiraət edə bilmək, mahnı oxumaq kimi, insana verilmiş ilahi istedadlardan biridir. Hər insanın səsiylə, ruhuyla alınan məsələ deyil. Siz nə düşünürsünüz? Sizin bu istedadınızı, fərqinizi kim kəşf etdi?

 

Doğrudur. Eynilə mən də sizin kimi düşünürəm. Çünki qiraət necə deyərlər, təkcə oxumaq deyil, az qala mahnı kimi ruhdan gələn bir şeydir. Bunlar mənə görə ilahi bir vergidir. Sonradan bu vergi insana verilə bilər, yəni çox insana nəsib olar. Amma insanın özündə bunu erkən yaşda kəşf etməsi önəmlidir.

Mən demirəm ki, bu, çox nadir hallarda, yalnız bir-iki insanda olur. Xeyr! Bəzi elə istedadlar var ki, insan hətta əlli yaşında olanda belə onu özündə kəşf edir. Mən də dediyim kimi, məktəbdə müəllimlərim sayəsində, ailəmin dəstəyi sayəsində bu istedadı vaxtında kəşf etdim. Amma bununla yanaşı, həm də öz əzmim və inadım sayəsində bu yoldan bir an olsun belə əl çəkmədim.

 

Qiraət sənətində maraqlı bir nüans var. Bəzən şairlər öz şeirlərini səsləndirəndə eyni effekti yarada bilmirlər. Amma sizin həm şeir yazmanız, həm də peşəkar qiraətçi olmağınız bu balansı necə tənzimləyir? Ümumiyyətlə, öz şeirinizi səsləndirmək necə bir hissdir?

 

Təbii ki, elə sənətkarlarımız var ki, sevilir, seçilir. Onlar öz şeirlərini səsləndirəndə insana o qədər xoş gəlir ki... Bilmirəm, bəlkə də onların səsinə, o səsin daşıdığı hüzura öyrəşmişik. Amma ümumilikdə götürəndə düşünürəm ki, bu fikirlə çox adam razılaşar. İnsanlar bəzən öz yazdığı şeiri səsləndirməkdə o qədər də uğurlu olmurlar.

Mən elə bu yaxınlarda da bu barədə düşünürdüm. Demək olar ki, yeni-yeni öz şeirlərimi səsləndirməyə başlamışam. Bəs bu, insanlar tərəfindən necə sevilir? Düşünürəm ki, ilk başda mənim qiraətçi təcrübəm olduğu üçün bu, məndə daha təbii alınır. Amma ümumilikdə, uzun illər boyu şeir yazıb, sonradan onu özü səsləndirən insanların çox nadir hallarda uğurlu olduğunu görürəm.

Açığı, mənə də çox xoş olar ki, mənim yazdığım şeirləri peşəkar qiraətçilər səsləndirsinlər. Bu, insana daha fərqli, daha gözəl hiss bağışlayar.

 

Bu sahədə sözsüz sayısız çıxışlarınız olub desəm yanılmaram. Ona görə bu sualı vermək istəyirəm. Sizin üçün ən unudulmaz səhnə hansı olub?

 

Səhnə... Düzünü desəm, yer aldığım səhnələrin hər biri mənim üçün unudulmazdır. Çünki onların hər birində fərqli həyəcan, böyük məsuliyyət və çox gözəl hisslər keçirmişəm. Mənə görə ümumiyyətlə mənim bütün səhnələrim unudulmaz olub, çünki hər biri mənim sənət yolumun ayrılmaz bir parçasıdır.

 

Bu yaxınlarda bir uğura imza atdınız. Türkiyədə qiraət üzrə III yerə layiq görüldünüz. Bu uğur sizin üçün nə ifadə edir?

 

Bəli, şükürlər olsun ki, belə bir uğur qazandım. Düzü, bir zamanlar evdə oturub məhz bunun xəyalını qururdum. Çünki elə bir şəraitdə düşünürdüm ki, nəinki Türkiyədə, heç Azərbaycanda belə istədiyim təhsili almağım çox çətin olar. Amma Allah elə bir qapı açdı ki, Türkiyədə burs qazanaraq qardaş ölkəyə gəldim və burada gözlədiyimdən də böyük uğurlara imza atdım. Bu, ömrümün sonuna qədər həyatıma təsir edəcək, heç vaxt unutmayacağım anlardan biridir.

Düzdür, içimdə kiçik də olsa bir ümid var idi. Amma Türkiyə kimi böyük bir dövlətdə, güclü rəqabətin olduğu bir yerdə üçüncü yerə layiq görülmək özü belə böyük bir qürurdur. Çünki mən cəmi on aydır ki, Türkiyədəyəm və bu qısa müddətin sonunda belə bir zirvəyə qalxa bilmək mənim üçün unudulmaz bir hissdir.

 

Həmin an səhnəyə çıxarkən ağlınızdan nələr keçirdi?

 

Mən orada sadəcə və sadəcə azərbaycanlı olduğumu düşünürdüm. Çünki insan xaricdə olanda bunu daha dərindən hiss edir. Hər zaman arzulayıram ki, xaricdə olan hər bir vətəndaşımız ilk növbədə özünün azərbaycanlı olduğunu dərk etsin və hərəkətləri ilə bunu layiqincə təmsil etsin. Mən də məhz Azərbaycanı təmsil edirdim. Çəkdiyim xatirə videolarında da qeyd etmişəm: məni ən çox təsirləndirən məhz ölkəmi bu səhnədə tanıtdırmaq oldu. Səhnəyə çıxanda Azərbaycan üçün gələn alqışları eşidəndə keçirdiyim duyğular məni elə həyəcanlandırdı ki... O an hətta orada Şəbnəm olduğumu belə unutmuşdum, mənim üçün əsas olan bayrağımız və ölkəm idi.

 

Bəs bu yarışmaya qatılmaq qərarını necə verdiniz? Qardaş ölkədə bu yolda ilk addımlarınız necə başladı?

 

Azərbaycanda Gənclər və İdman Nazirliyinin nəzdində çalışdığım üçün Türkiyəyə gələn kimi ilk işim Azərbaycanda topladığım təcrübələrlə buradakı Gənclər və İdman Nazirliyinin müvafiq mərkəzlərinə yaxınlaşmaq oldu ki, özümü yenə doğma mühitdə, gənclərin arasında tapım. Məhz onların sayəsində bu yarışmadan xəbərdar oldum və qatıldım.

 

Yarışa qatılarkən yer tutmaqla bağlı hədəf qarşınıza qoymuşdunuz?

 

Tamamilə əylənmək, gözəl vaxt keçirmək üçün qatılmışdım. Heç bir iddiam yox idi. Düşünürdüm ki, gedib gözəl səslər dinləyəcəm, dəyərli insanlar tanıyacam, vəssalam. Hətta nəticə elan olunanda və üçüncü yerə çıxanda necə şok olduğumu, necə inana bilmədiyimi təsəvvür belə edə bilməzsiniz. Özü də bu, mənim üçün tamamilə gözlənilməz və bir o qədər də qürurlu bir sonluq oldu.

 

Sizinlə bağlı mənə maraqlı olan məqamlardan biri də budur ki, o yarışa tanınmış qələm sahiblərinin şeirləri ilə də qatıla bilərdiniz. Siz amma özünüzün müəllifi olduğu şeirlə qatılmağı seçdiniz. Bu iddialı və uğurlu seçim necə formalaşdı? Və həmin şeirinizi seçməyinizin xüsusi səbəbi var idimi?

 

Maraqlısı odur ki, iştirakçılar arasında tək azərbaycanlı mən idim; qalanların hamısı türk qardaşlarımız idi. Düzdür, eyni kökə, eyni dilə sahibik, amma milli kimlik olaraq fərqliyik. Əslində, mən bu yarışmaya son anda qərar verdim. Qərara gəldim ki, öz yazdığım şeiri səsləndirim. Türk dilində yazdığım bu şeiri əslində məqalə üçün hazırlamışdım, dərc olunacaqdı. Dedim sadəcə səsləndirim, görüm türklərin reaksiyası necə olacaq.

 

Maraqlıdır, sizin üçün qiraət zamanı ən vacib olan nədir: düzgün intonasiya, səs, emosiyanı çatdırmaq, yoxsa şeirin ruhunu hiss etmək?

 

Məncə, sadaladığınız bütün meyarlar olmalıdır. Düzgün intonasiya mütləqdir. Səs, həyəcan, vurğu bir sözlə hamısı birlikdə emosiyanı qarşı tərəfə çatdırmağa xidmət etməlidir.

Amma ilk başda şeirin ruhunu məhz qiraətçi özü dərindən hiss etməlidir ki, onu dinləyiciyə də hiss etdirə bilsin. Əgər sən o duyğunu öz içindən süzüb keçirməsən, qarşısındakına həmin o təmiz duyğuları ötürə bilməzsən. Hər şey ilk növbədə o ruhu duymaqdan, hiss etməkdən başlayır.

 

Şeiri sevən, onu duyan biri olduğunuz üçün bu sualı vermək yerinə düşər məncə. Sevdiyiniz şair(lər) kimlərdir?

 

Həm yaradıcılığına görə, həm də yaşadığı çətinliklərə görə repressiya qurbanı olan Mikayıl Müşfiqin həyatı mənə çox təsir edir. Ümumiyyətlə, yazdığı misralar mənə çox təsir edir. O qədər çətinliklər görüb, ağır sınaqlardan keçsə də şeirlərinin çoxusunda həyat sevgisi, eşqin özü o qədər güclü vurğulanır ki...

İnsan düşünüb öz-özünə sual verir ki, indiki dövrdə yaşadığımız xırda çətinliklərdən, balaca problemlərdən ötrü üsyan edərkən, o dövrdə o qədər ağır və dözülməz həyat yaşaya-yaşaya bir insan öz misralarında həyat sevgisini, həyat eşqini necə bu qədər saf, necə bu qədər canlı saxlaya və yaşada bilib? Məncə, Müşfiq fenomeni elə budur- hər şeyə rəğmən işıq saçmaq, qaranlığa qarşı sözlə üsyan etmək.

 

Siz də bir gənc olaraq bu günki gənclərin poeziyaya və qiraət sənətinə marağını necə dəyərləndirərdiniz? Sizi narahat edən məqamlar varmı?

 

İllər keçir, yaş üstünə yaş gəlir, amma ən çox eşitdiyim bu sual heç dəyişmir: “Yorulmadın şeir deməkdən? Nə qədər şeir deyəcəksən?” Daha çox yaşıdlarım deyir bunu: “Bu şeir demək sənə nə qazandırır? Pul yox, para yox...”

Təəssüf ki, pul hal-hazırda hamımız üçün gündəlik ehtiyacdır. Gənclərimizi də düşündürən əsas şey budur ki, əgər bir iş görülürsə, mütləq maddi qazancı olmalıdır. Amma mən tam əksini düşünürəm: insanın mənəviyyatı doymadıqdan, mənəviyyatı tox olmadıqdan sonra maddi qazanc heç vaxt onun həqiqi xoşbəxtliyinə yetə bilməz.

Bəli, məni gənclərdə narahat edən başqa bir məqam da məhz budur. Bəzən sırf trend olsun deyə şeirləri haldan hala salırlar. Çox vaxt görürəm ki, şeirin vurğusunu, hecasını, intonasiyasını, hətta onun o daxili gözəlliyini qorumadan səsləndirib misraların haqqını vermirlər. Bu, doğrudan da insanı üzür. Çox istəyərəm ki, gənclərimiz ədəbiyyata, sənətə və həyatımızda bizə mənəvi dəyər qatan hər şeyə sahib çıxmağı bacarsınlar. Qoy hər şey maddi gözləntilərlə deyil, ruhun zənginliyi ilə ölçülsün.

 

Sizin şeirlərinizdə daha çox hansı mövzulara rast gəlmək olar? Şəbnəm Feyzili özünü hansı mövzuların içində daha rahat ifadə edir?

 

Əslində, mən daha çox səsimə sevgi şeirlərini yaraşdırırdım və düşünürdüm ki, həmin şeirlər məndə daha uğurlu alınır.

Amma bu son uğurdan - "Vətən" şeirim ilə qazandığım o nailiyyətdən sonra anladım ki, yox, başqa mövzular da alınırmış, həm də çox uğurlu ola bilərmiş. Əsas məsələ şeirdə özümü tapmağımdır. Əgər o şeir mənim ürəyimdə hər hansı bir telə toxunursa, deməli, o şeir məndə uğurlu alınacaq deyə inanıram.

Ümumiyyətlə, şeiri səsləndirəndə onu daha çox öz həyatıma deyil, məhz şairin həyatına, onun dünyasına baxaraq oxumağı sevirəm. Çalışıram ki, şairin keçirdiyi hissləri, yazdığı misraların daxili yükünü onun öz istədiyi kimi insanlara, oxuculara ötürə bilim.

 

Və son olaraq... Əgər həyatınızı bir şeir kimi təsəvvür etsəydiniz, onun ilk misrası necə başlayardı?

 

Və əgər həyatımı bir şeirlə təsəvvür etsəydim, məhz Mikayıl Müşfiqin bu misraları ilə başlayardım:

“Mənim könlüm deyir ki, hələ bunlar nədir ki,

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır.”

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Bazar ertəsi, 28 Sentyabr 2026 16:10

Sumqayıt teatrında “M.S.S” hazırlanır

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt Dövlət Dram Teatrında tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “ M. S. S. – mən səni sevirəm” pyesi əsasında “M.S.S.” tamaşası hazırlanır.

 

“M.S.S.” adı ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ümüd Abbaszadə, bəstəkarı Telman Qəniyev, quruluşçu rəssamları Arif Müzəffərov və Nizami Dadaşev, rejissor assistentləri isə Ləman Məmmədli və Fazilə Rzayevadır.

Səhnə əsərində obrazları Əməkdar artistlər İlahə Səfərova, Xatirə Süleymanova, Sədaqət Nuriyeva və Elmira Kərimova, aktyorlar Şəhla Məmmədova, Gülnarə Qədirova, Vəfa Qurbanova, Mətləb Səfərli, Rövşən Əsgərov,Yeganə Məmmədvəliyeva, Sevda Cəlilova, Şəms Abdullayeva, Emil Həmidov, İlahə Səfərova, Məryəm Hüseynli, Günəş Bağırova, Kamran Muradlı və Elmir Mehtiyev canlandırırlar.

Tamaşanın süjet xətti məktəb mühiti, müəllim və şagird münasibətləri, insan həyatında iz buraxan duyğular və gözlənilməz ayrılıqlar üzərində qurulub.

Əsərin əsas qəhrəmanı Sabah müəllimə üçün məktəb yalnız çalışdığı məkan deyil, həyatının mühüm bir hissəsidir. O, burada illər ərzində şagirdləri ilə mənəvi bağ qurub, onların həyatına toxunub və məktəbi öz dünyasının ayrılmaz parçasına çevirib. Lakin gözlənilməz xəstəlik Sabah müəllimənin həyatında hər şeyi dəyişir. Sevdiyi şagirdlərdən və illərlə qurduğu dünyadan ayrılmaq məcburiyyətində qalan müəllimənin gedişi məktəbdə dərin iz buraxır. Bu ayrılıq uşaqlar üçün də həyatın, sevginin və insan münasibətlərinin fərqli tərəflərini anlamağa səbəb olur.“M.S.S.”də müəllim və şagird münasibətləri yalnız təhsil çərçivəsində deyil, insan həyatında yaranan mənəvi bağlılıq kontekstində təqdim edilir.

Tamaşanın premyerası yaxın aylarda nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Bazar ertəsi, 28 Sentyabr 2026 11:09

Hind kinosunu sevənlər, yaxın oturun!

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ötənəsrdə - sovetdövründə biz azərbaycanlılarda hind kinosuna sevgi kultu var idi, şəhər kinotetarlarına hər yeni hind filmi gələndə bilet kassalarında əsl qırğın olur, növbələr on metrlərlə uzanırdı. Kənddə-kəsəkdə isə əhali kinomexanikdən kənd klubuna ancaq hind filmi gətirməyi tələb edirdi. Fanatizm şəklində hamı bu filmlərə alüdə idi. Və bu, əslində pis bir şey də deyildi. Tutalım, Federiko Fellini, Mikelancelo Antonioni, Alen Rene, Klod Şabrol, İnqmar Berqman, Alfred Hiçkok, Stenli Kubrik, Frensis Ford Koppola, Martin Skorzese, Akira Kurosava, Andrey Tarkovski, Sergey Bondarçuk, Roman Polanski kimi dahi dünya rejissorlarına baxmayaraq bayağı hind filmlərinə baxmaq tamaşaçı zövqünü korlayır, insanları bəsitləşdirirdisə, həmin melodramlara baxıb həyəcanlanmaq, hissiyyat və emosiya piki yaşamaq, xeyirin şər üzərində qələbəsini arzulamaq, göz yaşı axıdaraq filmin içinə girmək insanlarımızı mənəvi cəhətdən xeyli sağlamlaşdırırdı.

 

Bəli, düz tapdınız, mövzum hind kinosudur. Bu gün ona maraq xeyli azdır, bununla belə, qalmaqdadır. Aktyor Dev Anand barədə danışacağam. O, 26 sentyabr 1923-cü ildə dünyaya gəlib. Hindistanın ən məşhur aktyorlarından, kino prodüserlərindən və rejissorlarından biridir. O, xüsusilə Hindistan kinosunun “Qızıl dövrü” hesab edilən 1940–1970-ci illərdə böyük şöhrət qazanmış və Bollivudun ən xarizmatik aktyorlarından biri kimi tanınıb.

Dev Anand Hindistan kinosunda özünəməxsus zərif geyimi, sürətli danışıq tərzi, romantik obrazları və enerjili aktyor oyunu ilə seçilir. Onun ekran obrazları xüsusilə gənclər arasında böyük populyarlıq qazanıb.

Dev Anand 1940-cı illərdə kino sahəsinə daxil olub. Onun ilk mühüm filmlərindən biri “Hum Ek Hain” (1946) idi. Lakin əsl məşhurluğunu “Ziddi” (1948) filmi ilə qazanıb.

1949-cu ildə dostu və rejissor Guru Dutt ilə birlikdə kino şirkəti yaradıb. Daha sonra Dev Anand qardaşları Chetan Anand və Vijay Anand ilə birlikdə Hindistan kinosunun mühüm yaradıcı ailələrindən birinə çevrilib

Dev Anandın uzun karyerası ərzində çoxsaylı filmləri olub.

 

Ən tanınmış əsərləri:

Baazi (1951) — “Qumar”

Jaal (1952) — “Tor”

Taxi Driver (1954) — “Taksi sürücüsü”

CID (1956) — “Cinayət İstintaq İdarəsi”

Kala Pani (1958) — “Qara su”

Guide (1965) — “Bələdçi”

Jewel Thief (1967) — “Qiymətli daş oğrusu”

Johny Mera Naam (1970) — “Conni mənim adım”

Hare Rama Hare Krishna (1971)

 

Xüsusilə “Guide” (1965) onun yaradıcılığının ən mühüm filmlərindən hesab olunur. Filmdə Raju adlı personajı canlandırıb. Film insanın sevgi, azadlıq, mənəvi dəyişiklik və özünü axtarması kimi mövzulara toxunub.

“Guide” Dev Anandın ən məşhur filmlərindən biridir. Filmdə onun tərəf müqabili məşhur aktrisa Waheeda Rehman idi. Film R. K. Narayanın eyniadlı romanı əsasında çəkilib. Dev Anand burada sadəcə romantik qəhrəman obrazı yaratmır; obrazın həyat boyu dəyişməsini və mənəvi axtarışlarını göstərib. Film həm kommersiya, həm də sənət baxımından böyük uğur qazanıb.

Bu gün də Hindistan kinosunun klassikləri arasında göstərilir. Dev Anand yalnız aktyor deyildi. O, Navketan Films şirkətinin yaradıcılarından biri idi. Şirkət vasitəsilə bir sıra mühüm filmlərin istehsalında iştirak edib. Rejissor kimi də fəaliyyət göstərərək müxtəlif janrlarda filmlər çəkib.

Onun yaradıcılığında romantika, cinayət, macəra və sosial mövzular xüsusi yer tutub.  Dev Anand Hindistan kinosuna verdiyi böyük töhfələrə görə bir sıra mühüm mükafatlara layiq görülüb.

Ən mühüm mükafatlarından biri: Filmfare Lifetime Achievement Award — ömürboyu yaradıcılıq nailiyyətlərinə görə.

2001-ci ildə Hindistan hökuməti tərəfindən ölkənin ən yüksək mülki mükafatlarından biri olan Padma Bhushan ilə təltif edilib.  2002-ci ildə isə Hindistan kinosuna ömürboyu xidmətlərinə görə Dadasaheb Phalke Award mükafatını alıb. Bu, Hindistan kinosunun ən nüfuzlu mükafatlarından biridir.

Dev Anand 3 dekabr 2011-ci ildə Londonda, 88 yaşında vəfat etdi. Ölüm səbəbi ürək çatışmazlığı kimi göstərilib. Onun vəfatı Hindistan kinosu üçün böyük itki hesab edilib. Çünki Dev Anand təxminən altı onillik ərzində kino sənayesində fəal olub. Dev Anand Hindistan kinosunda Raj Kapoor və Dilip Kumar ilə birlikdə 1950–1960-cı illərin ən böyük kişi ulduzlarından biri hesab olunur.

 

Onu fərqləndirən əsas xüsusiyyətlər:

özünəməxsus aktyor üslubu;

romantik və macəraçı obrazlar;

xarizmatik ekran görünüşü;

gənclərə yönəlmiş müasir kino yanaşması;

prodüser və rejissor kimi fəaliyyəti;

Hindistan kinosunda uzunmüddətli yaradıcılığı.

 

Dev Anand sadəcə məşhur aktyor deyil, Hindistan kinosunun inkişafına böyük təsir göstərmiş kino xadimi idi. Onun filmləri və yaratdığı obrazlar Hindistanın kino tarixində bu gün də xüsusi yer tutur.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2026)

Bazar ertəsi, 28 Sentyabr 2026 15:28

Nərd: zərin səsində tarix

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 Dünyanın ən qədim stolüstü oyunlarından biri olan nərd, yalnız bir əyləncə vasitəsi deyil, həm də insan sivilizasiyasının, fəlsəfəsinin və riyazi təfəkkürünün ən parlaq göstəricilərindən biridir. Çox qədim tarixi olan bu oyun, əsrlər boyu hökmdarların saraylarından şərq çayxanalarına, qədim ticarət karvanlarından müasir beynəlxalq turnirlərə qədər böyük bir yol qət etmişdir.  

 

Nərd oyununun ilk rüşeymlərinə Qədim Mesopotamiya, Şərqi İran və Misir ərazilərində təsadüf edildiyi təxmin olunur. Bu oyunun adının Sasani hökmdarı I Ərdəşirin şərəfinə "Nərdəşir" (sonralar “nərd” şəklinə düşmüşdür) adlandırıldığı göstərilir. Nərd Azərbaycan xalqının da məişətində, sosial həyatında, şifahi və yazılı ədəbiyyatında xüsusi yeri olan oyunlardan biridir. Azərbaycan mədəniyyətinin və məişətinin ayrılmaz bir hissəsidir.

Azərbaycan ərazisində nərd və ona bənzər zər oyunlarının tarixi antik və erkən orta əsrlər dövrünə gedib çıxır. Tarixi və arxeoloji mənbələrə əsasən, nərd oyunu Azərbaycanda VI–VII əsrlərdən (Sasani dövrü və Ərəb xilafəti zamanı) geniş yayılmağa başlamışdır. Arxeoloji tapıntılar da bunu sübut edir. Bərdə, Qəbələ, Mingəçevir, Beyləqan (Örenqala) və Şamaxı kimi qədim ticarət və mədəniyyət mərkəzlərində aparılan arxeoloji qazıntılar zamanı fil sümüyündən, heyvan buynuzundan və daşdan yonulmuş zərlər, habelə nərd daşlarına bənzər fiqurlar aşkar edilmişdir. Bu tapıntılar göstərir ki, böyük İpək Yolu üzərində yerləşən Azərbaycan şəhərlərində nərd artıq yüksək təbəqənin və ticarət karvanlarının ayrılmaz hissəsinə çevrilmişdi.

          Nərdin Azərbaycan mədəniyyətindəki dərin izləri dahi klassiklərimizin yaradıcılığında da aydın görünür. Klassik poeziyada nərd taxtası kainat, zərlər tale və qismət, daşların hərəkəti isə insan ömrü və seçimləri kimi rəmzləndirilmişdir. Məsələn, klassik Azərbaycan şairi Nizami Gəncəvi "Xosrov və Şirin", "İsgəndərnamə" əsərlərində nərd oyununun simvolikasına, zər atılmasına və həyatın sürprizlərinə toxunmuşdur.

Şərq mistisizmində və hürufilikdə, Nəsiminin və Füzulinin əsərlərində nərd kainatı və ya yeri, 24 xana günün 24 saatını, 4 hissə (qarşılıqlı 12 xana) 4 fəsli və 12 ayı, 30 daş (15 ağ və 15 qara) ayın 30 gününü, ağ və qara rənglər gecə və gündüzü, zərlər taledən gələn bəxti təmsil edib, tez-tez fəlsəfi metafora kimi istifadə olunmuşdur. Strategiya və gedişlər isə insanın öz iradəsi və seçimləri ilə taleyini idarə etmək bacarığını simvolizə edir. Füzuli şeirlərində "bəxt zəri" və "fələyin gərdişi" məhz nərd terminologiyasından qaynaqlanır.

Şərq dünyasının ən qədim zəka idmanlarından hesab olunan nərd, Azərbaycanda təkcə adi bir vaxtkeçirmə və ya əyləncə vasitəsi deyil, eyni zamanda dərin fəlsəfəsi, sosial ünsiyyət rolu və etik qaydaları olan milli-mədəni fenomendir.

Azərbaycan nərd məktəbi özünəməxsus qaydaları və varyasiyaları ilə seçilir. Ölkəmizdə ən çox oynanılan və sevilən nərd növləri bunlardır:  uzun nərd, döymə (qısa) nərd və Gülbahar.   

Nərd oyununda zərlərin farsca adlandırılması, oyunun tarixən Sasani İmperiyası (İran və Azərbaycan ərazisi) sarayında sistemləşdirilməsi, uzun əsrlər boyu Yaxın və Orta Şərqdə fars dilinin ədəbiyyat, mədəniyyət və saray dili olması ilə birbaşa bağlıdır. Azərbaycan və türkdilli xalqların nərd mədəniyyətində fars rəqəmləri mənimsənilsə də, bəzi kombinasiyalarda türk sözü olan "beş"dən də (farsca pənc əvəzinə) istifadə edilir (məsələn, şeş-beş). Bu da dilimizin əsrlər boyu bu oyuna verdiyi lokal ahəngin göstəricisidir.

Nərd nəsilləri bir-birinə bağlayan, yaşlılarla gəncləri eyni stol arxasında əyləşdirən, zəka, diqqət və bəxtin sintezindən doğan canlı bir xalq irsidir. Bu gün nərd təkcə təsadüfə (zərə) dayanan oyun deyil; ehtimal nəzəriyyəsi, risklərin idarə edilməsi və psixoloji dözümlülük tələb edən qədim zəka idmanıdır.

Nərd yalnız evlərdə oynanmır. O həm də çayxana mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Bakı, Gəncə, Şəki, Lənkəran, Naxçıvan və digər bölgələrimizdə çayxana təkcə çay içilən yer deyil, sosial ünsiyyət, qonşuluq və dostluq münasibətlərinin möhkəmləndiyi bir məkandır.  

          Azərbaycanda nərd oynamağın özünəməxsus yazılmamış qaydaları var: zərin taxtadan kənara düşməməsi, daşların şaqqıltı ilə vurulması, "zəri (bəxti) gətirən", “nərdi qoltuğuna vermək”, uduzan tərəfin çay hesabını ödəməsi,  rəqibinə çay süzməsi və s. dostluq zarafatları bu mədəniyyətin ləzzətli elementləridir.

          Müasir Azərbaycanda nərd həm məişət oyunu, həm də idman növü kimi yaşamaqdadır. Məmləkətimizdə ilk rəsmi nərd çempionatı hələ 1947-ci ildə keçirilmişdir. Müstəqillik dövründə isə Nərd Federasiyası və müxtəlif nərd klubları fəaliyyət göstərmiş, milli çempionatlar və beynəlxalq turnirlər təşkil edilmişdir.

          Azərbaycanda nərd taxtalarının hazırlanması xüsusi bir tətbiqi sənət növünə çevrilmişdir. Qoz, fıstıq, palıd və çinar ağaclarından hazırlanan, üzəri incə şəbəkə, oyma, nəqş və ya miqyaslı relyeflərlə (Bakı qalaları, Qarabağ atları, Nizami obrazları və s.) bəzədilən nərd taxtaları həm də dəyərli bir suvenir və hədiyyə hesab olunur.

          Nərd sadəcə zərlərin və daşların oyunu deyil, insanın bəxtlə ağıl, təsadüflə iradə arasındakı münasibətini əks etdirən özünəməxsus bir həyat fəlsəfəsidir. Nərd taxtası ətrafında formalaşan ünsiyyət, dostluq və çayxana mədəniyyəti onun cəmiyyətimizdəki sosial əhəmiyyətini daha da artırır. Gedişat bu qədim oyunun Azərbaycan həyatında hələ uzun illər yaşayacağını göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

 

 

Bazar ertəsi, 28 Sentyabr 2026 14:34

Məşhur türklər: Barbaros Xeyrəddin Paşa

Nigar Xanəliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə məşhur türklərdir. Bu dəfə Barbaros Xeyrəddin Paşa barədə danışacağıq.

 

Tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız mənsub olduqları dövlətin deyil, bütöv bir regionun siyasi və hərbi mənzərəsini dəyişir. XVI əsrdə Aralıq dənizinin siyasi taleyinə ciddi təsir göstərən belə şəxsiyyətlərdən biri Barbaros Xeyrəddin Paşa olmuşdur. O, yalnız məşhur dənizçi və sərkərdə deyil, həm də Osmanlı dəniz gücünün təşkilatlanmasında mühüm rol oynamış dövlət xadimi idi.

Barbaros Xeyrəddin Paşanın əsl adı Hızır idi. Təxminən 1478-ci ildə Midillidə doğulduğu qəbul edilir. Dənizçiliklə məşğul olan ailədə böyüyən Hızır qardaşı Oruç Rəislə birlikdə Aralıq dənizində fəaliyyət göstərmiş və zaman keçdikcə dövrünün ən tanınmış dənizçilərindən birinə çevrilmişdir. Onun tarixə “Barbaros” adı ilə düşməsi də maraqlı bir hadisədir. “Barbarossa” ləqəbi əvvəlcə qardaşı Oruç Rəisə aid edilmiş, sonralar isə Hızır üçün də işlədilmişdir. “Xeyrəddin” adını isə Osmanlı sultanı I Səlim – Yavuz Sultan Səlim ona vermişdir.

XVI əsrin əvvəllərində Aralıq dənizi sadəcə ticarət və nəqliyyat məkanı deyildi. Osmanlı imperiyası, İspaniya, Venesiya və Genuya kimi güclərin siyasi, iqtisadi və hərbi maraqlarının toqquşduğu böyük strateji ərazi idi. Bu dövrdə Barbaros qardaşı Oruç Rəislə birlikdə Şimali Afrikada möhkəmlənmiş, Cəzair ətrafında siyasi və hərbi dayaq yaratmışdı. Onun fəaliyyəti nəticəsində burada güclü dəniz qüvvələri formalaşmış, gəmiqayırma və silah istehsalı imkanları genişləndirilmişdi. Beləliklə, Barbaros təkcə döyüşlərdə iştirak edən dənizçi deyil, həm də hərbi qüvvə yaratmağı və onu təşkil etməyi bacaran strateq kimi seçilirdi.

1533-cü ildə Barbaros İstanbula çağırıldı və 1534-cü ildə Osmanlı donanmasının kaptan-ı dəryası təyin edildi. Bununla onun fəaliyyəti artıq yalnız Şimali Afrika ilə məhdudlaşmır, birbaşa Osmanlı dövlətinin dəniz siyasətinin mühüm hissəsinə çevrilirdi. Onun rəhbərliyi altında Osmanlı donanması Aralıq dənizində daha fəal şəkildə hərəkət etməyə başladı və dənizdəki qüvvələr nisbətinə təsir göstərən mühüm hərbi əməliyyatlar həyata keçirildi.

 

Barbaros Xeyrəddin Paşanın adını tarixdə xüsusilə məşhurlaşdıran hadisə 1538-ci il Preveze dəniz döyüşüdür. Həmin dövrdə Osmanlıların Aralıq dənizində güclənməsindən narahat olan Avropa dövlətlərinin iştirakı ilə böyük müttəfiq donanması yaradılmışdı. Bu qüvvələrin başında genuyalı admiral Andrea Doria dayanırdı. 28 sentyabr 1538-ci ildə Preveze yaxınlığında Osmanlı donanması ilə müttəfiq donanma arasında böyük dəniz döyüşü baş verdi. Barbaros öz donanmasını əlverişli mövqedə yerləşdirərək qarşı tərəfin hərəkət imkanlarını məhdudlaşdırdı və döyüş Osmanlı donanmasının üstünlüyü ilə nəticələndi. Preveze qələbəsi XVI əsrdə Osmanlıların Aralıq dənizindəki mövqeyinin möhkəmlənməsində mühüm mərhələ hesab olunur.

Barbarosun hərbi uğurlarını yalnız donanmasının say üstünlüyü ilə izah etmək mümkün deyil. Onun əsas xüsusiyyətlərindən biri dəniz şəraitini, küləyin istiqamətini, sahil coğrafiyasını və düşmən donanmasının manevr imkanlarını düzgün qiymətləndirməsi idi. Bundan başqa, o, müxtəlif dənizçiləri vahid komandanlıq altında birləşdirə bilirdi. Turgut Rəis, Salih Rəis və digər məşhur dənizçilər məhz həmin dövrün Osmanlı dənizçilik ənənəsinin tanınmış simalarına çevrilmişdilər. Bu baxımdan Barbarosun fəaliyyəti yalnız bir şəxsin hərbi uğuru deyil, bütöv bir dənizçilik məktəbinin formalaşması baxımından da əhəmiyyət daşıyırdı.

Barbarosun fəaliyyəti yalnız döyüş meydanları ilə məhdudlaşmırdı. XVI əsrin Avropasında dövlətlər arasında siyasi ittifaqlar və rəqabətlər olduqca mürəkkəb idi. Osmanlı dövləti ilə Fransa arasında Habsburqlara qarşı yaranmış əməkdaşlıq Barbarosun fəaliyyətində də öz əksini tapmışdı. 1543-cü ildə Barbaros böyük donanma ilə Fransaya yollandı və Osmanlı-Fransa birgə hərbi əməliyyatlarında iştirak etdi. Osmanlı donanmasının Fransanın Toulon şəhərində qışlaması həmin dövrün beynəlxalq münasibətlərinin mürəkkəbliyini göstərən maraqlı tarixi hadisələrdən biridir. Burada diqqətçəkən məqam odur ki, dövlətlər arasındakı siyasi münasibətlər dini mənsubiyyətdən daha çox konkret geosiyasi maraqlar əsasında formalaşa bilirdi.

Barbaros Xeyrəddin Paşanın fəaliyyəti Osmanlı dənizçiliyinin yalnız hərbi baxımdan deyil, təşkilati baxımdan da inkişafına təsir göstərmişdir. Donanmanın idarə olunması, gəmiqayırma, tersanələrin fəaliyyəti, dənizçi kadrların hazırlanması və strateji planlaşdırma kimi sahələrdə formalaşan sistem sonrakı Osmanlı dəniz tarixində də öz əhəmiyyətini qorudu. Buna görə Barbarosu yalnız “dəniz döyüşlərinin qalibi” kimi təqdim etmək onun tarixi rolunu məhdudlaşdırmaq olardı. O, eyni zamanda dövlətin dəniz gücünün təşkilatlanmasına töhfə vermiş siyasi və hərbi lider idi.

Barbaros Xeyrəddin Paşa 5 iyul 1546-cı ildə İstanbulda vəfat etmiş və Beşiktaşda dəfn olunmuşdur. Onun həyatı haqqında mühüm mənbələrdən biri dənizçi Seyyid Murad tərəfindən qələmə alınmış “Qazavat-ı Xeyrəddin Paşa” əsəridir. Bu əsər Barbarosun yürüşləri, dəniz döyüşləri və siyasi fəaliyyəti haqqında məlumat verən qiymətli tarixi mənbələrdən hesab olunur.

Barbaros Xeyrəddin Paşanın tarixi əhəmiyyəti onun qazandığı döyüşlərin sayından daha genişdir. Onun fəaliyyəti XVI əsrdə Osmanlıların Aralıq dənizindəki hərbi-siyasi mövqeyinin möhkəmlənməsi, dəniz qüvvələrinin təşkilatlanması və güclü dənizçilik ənənəsinin formalaşması ilə bağlıdır. Preveze qələbəsi isə bu prosesin ən mühüm simvollarından birinə çevrilmişdir. Barbarosun adı əsrlər sonra belə türk dənizçilik tarixində yaşamaqda davam edir. Onun həyatına nəzər saldıqda aydın olur ki, dəniz tarixində qalıcı iz buraxmaq yalnız güclü gəmilərə sahib olmaqla mümkün deyil. Bunun üçün strateji düşüncə, təşkilatçılıq, diplomatik bacarıq və dənizi düzgün oxumaq qabiliyyəti də lazımdır. Barbaros Xeyrəddin Paşanın tarixi mirasını əhəmiyyətli edən də məhz bu xüsusiyyətlərin bir araya gəlməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Bazar ertəsi, 28 Sentyabr 2026 09:08

Görün nə deyirəm - AKTUAL

Kubra Quliyeva

"Ədəbiyyat və İncəsənət" portalının yaradıcılıq şöbəsi

 

Mən bu yazını yazmağa başlayanda ilk ağlıma gələn Sevil oldu. Cəfər Cabbarlının Sevilini, Fikrət Əmirovun musiqisində bir qadının çadrasını atdığı o səhnəni düşündüm. Çünki biz bu səhnəni illərdir yalnız bir tamaşa, bir opera, bir ədəbi obraz kimi yox, Azərbaycan qadınının azadlığa çıxmasının simvollarından biri kimi danışmışıq. “Sevil” əsəri qadının əsarətdən azad edilməsi probleminə həsr olunmuşdu.

 

Və bu gün mən başı açıq bir Azərbaycan qadını kimi oturub düşünürəm: biz doğrudan da bura gəlmək istəyirdik?

Çünki mənim üçün məsələ heç vaxt “hicab yaxşıdır, ya pisdir?” olmayıb. Mən başımı örtmürəm. Mənim dini seçimim başqasınınkından fərqlidir. Amma mənim başımın açıq olması mənə başqa bir qadının başındakı örtüyü çıxarmaq haqqı vermir. Əksinə, mən başı açıq qadın olaraq bir gün başını örtmək istəyən qadının qarşısında dayanıb deməliyəm: “Bu sənin bədənindir. Bu sənin inancındır. Bu sənin seçimindir. Mənim seçimim kimi.”

İndi isə dövlət məktəblərində geyim qaydalarına yeni müddəa əlavə olunub: müəyyən edilmiş məktəb formasının vahidliyini pozan, habelə ümumi təhsilindünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinə yol verilmir.

Mən hüquqşünas deyiləm. Amma iqtisadçıyam, auditoram, magistrantam və ən əsası, düşünən bir vətəndaşam. Ona görə bu qərarı oxuyanda beynimdə bir sual yarandı:

Dünyəvilik nə vaxt insanın başına qədər uzanır?

Dövlətin dünyəvi olması o deməkdir ki, dövlət hansısa dinin hakimiyyətinə tabe deyil. Dövlət vətəndaşına “sən mütləq bu dinə inanmalısan” demir. Amma eyni məntiqin əks tərəfi də olmalıdır: dövlət “sən bunu göstərə bilməzsən” deyə bilməyə başlayanda dünyəviliklə dindən uzaqlaşdırma siyasəti arasındakı sərhəd harada çəkilir?

Azərbaycan Konstitusiyasının 48-ci maddəsi vicdan azadlığını tanıyır; insanın dinə münasibətini müstəqil müəyyənləşdirmək, dinə etiqad etmək və əqidəsini ifadə etmək hüququnu təsbit edir. Eyni maddə heç kəsin dini etiqadını ifadə etməyə məcbur edilə bilməyəcəyini də deyir.

Deməli, mənim dövlətim həm başını örtməyən qadını, həm də başını örtən qadını qorumağı bacarmalıdır. Çünki dünyəvilik ikisindən birini seçmək deyil. Dünyəvilik ikisinin də dövlət qarşısında bərabər qalmasıdır.

Məni ən çox düşündürən isə başqa şeydir. Bizim tariximizdə qadının geyimi üzərindən azadlıq haqqında çox danışılıb. Sevil çadrasını atanda bu, cəmiyyətin qadın üzərində qurduğu görünməz divarların dağılması kimi təqdim olunurdu. Əsərin özündə qadının əsarətdən azad edilməsi mərkəzi problemdir. Mən bu gün həmin səhnəni xatırlayanda qəribə bir hiss keçirirəm. Çünki bir vaxtlar qadına “Başını ört, belə daha yaxşı qadınsan” deyən zehniyyətlə mübarizə aparırdıq. İndi isə başqa bir qadına “Başını aç, belə daha dünyəvisən” deyən zehniyyət yaranarsa, mən bunun adını azadlıq qoya bilmirəm.

Bir qadının çadranı zorla çıxarmaqla azad olduğunu düşünmək qədər, bir qadının başını zorla örtməklə dindar olduğunu düşünmək də eyni səhvdir.

Qadının azadlığı onun başındakı parçanın ölçüsü ilə müəyyən olunmur. Bu cümləni xüsusilə yazmaq istəyirəm. Çünki mən başı açığam. Və bəlkə də məhz buna görə bu sözləri demək mənim üçün daha vacibdir.

Mənim başım açıqdır deyə başı örtülü qadından daha azad deyiləm. O da başını örtüb deyə məndən daha dindar, daha əxlaqlı, daha yaxşı və ya daha pis deyil. Biz sadəcə fərqliyik.

 Və dövlətin vəzifəsi bizi eyniləşdirmək yox, hüquq qarşısında bərabər saxlamaqdır.

İndi gəlin “məktəbli forması” arqumentinə baxaq.

Bəli, məktəbin müəyyən geyim standartı ola bilər. Bunun sosial və pedaqoji əsasları müzakirə edilə bilər. Vahid forma sosial fərqlərin görünüşünü azaltmaq, məktəb daxilində nizam yaratmaq məqsədi daşıya bilər. Hətta 2026-cı il dəyişiklikləri də geyim qaydalarının vahidliyini və sosial bərabərlik arqumentini əsaslandıran yanaşmalarla təqdim olunur.

Amma onda sual yaranır:Vahid forma niyə mütləq vahid düşüncə deməkdir? Məktəbdə hamı eyni polo köynəyi geyinə bilər. Amma hamı eyni cür düşünmək məcburiyyətində deyil. Biri namaz qıla bilər. Biri qılmaya bilər. Biri Quran oxuya bilər. Biri İncil oxuya bilər. Biri heç bir dini qəbul etməyə bilər. Biri başını örtə bilər. Digərinin başı açıq ola bilər. Məktəbin vəzifəsi uşaqlara eyni düşünməyi yox, düşünməyi öyrətməkdir.

Əgər dünyəvi təhsil sisteminin mahiyyəti budursa, onda biz dünyəviliyi geyimin üzərində deyil, təhsilin məzmununda axtarmalıyıq.

Və mənim içimdə ən böyük narahatlığı yaradan sual budur: Niyə biz təhlükəli şeyləri qadağan etməkdə bu qədər tərəddüd edir, amma insanın inancının görünən formasına münasibətdə bu qədər rahat qərar veririk?

Məktəbdə bir uşağın təhlükəsizliyi necə qorunur?

Müəllim necə qorunur?

Uşaqların psixoloji təhlükəsizliyi necə təmin edilir?

Məktəbdə zorakılığın qarşısı necə alınır?

Silahın məktəbə daxil olmasının qarşısını necə alırıq?

Bunlar da məktəbin “nizamı” deyilmi?

Məsələn, bu ilin əvvəlində Bakıda “İdrak” liseyində müəllimə odlu silahla atəş açılması kimi ağır hadisə baş verdi. Bu, dünyəvilik problemi deyildi. Bu, insan həyatının təhlükəsizliyi problemi idi. Ona görə mən bir gənc qadın kimi bunu soruşmaq istəyirəm:

Əgər dövlət məktəbin təhlükəsizliyinə görə məsuliyyət daşıyırsa, prioritetlərimizi necə müəyyənləşdiririk?

Bir qızın başındakı parçanı dövlət üçün təhlükə hesab edən sistemin həmin qızın məktəbdə özünü təhlükəsiz hiss etməsi üçün nə qədər ciddi işlədiyini də görmək istəyirəm. Çünki mənim üçün məktəbdəki ən böyük təhlükə hicablı qız deyil. Başqa uşağın inancını təhqir edən uşaqdır. Zorakılıq edən uşaqdır. Silahla gələn uşaqdır. Müəllimi döyən uşaqdır. Həmyaşıdını alçaldan uşaqdır. Bullinq edən uşaqdır.

Və bunların heç birinin başında hansısa dini simvolun olub-olmaması əsas məsələ deyil. Təhlükə geyim deyil. Təhlükə davranışdır.

Mən bu yazını dini müdafiə etmək üçün yazmıram. Mən ateisti də müdafiə edirəm. Mən dindarı da müdafiə edirəm.  Mən başı açıq qadını da müdafiə edirəm. Mən başı örtülü qadını da. Çünki mən əslində seçmək hüququnu müdafiə edirəm.

Bu gün başı açıq bir qadın kimi başı örtülü qadının hüququnu müdafiə etməsəm, sabah mənim hüququmu kim müdafiə edəcək? Bu çox sadə bir prinsipdir. Hüquq yalnız sənə sərf edəndə hüquq deyil. Azadlıq yalnız sənin seçiminə veriləndə azadlıq deyil.

Əgər mən “mən başımı örtmürəm, deməli örtmək istəyən də örtməsin” deyirəmsə, mən azadlığı yox, öz seçimimi universal qaydaya çevirməyi müdafiə edirəm. Eyni şey dini düşüncə üçün də keçərlidir. “Allah belə istəyir, ona görə hamı belə etməlidir” deyən adam da eyni səhvə düşür.

Birinin azadlığı digərinin üzərində hökmranlıq etməyə başladığı anda artıq söhbət azadlıqdan getmir. Məni həm də bu qərarın dilindəki bir söz düşündürür:

Dünyəvilik.

Çox ağır sözdür. Çox böyük anlayışdır. Onu sadəcə “dini geyim görməmək” səviyyəsinə endirmək təhlükəlidir. Çünki dünyəvilik dinə düşmənçilik deyil. Dünyəvilik dövlətin dinlər qarşısında neytral qalması ideyasıdır.

Əgər dövlət başı açıq qadına “sən necə istəyirsənsə elə geyin” deyib, başı örtülü qadına “sənin seçimin dünyəviliyə uyğun deyil” deyirsə, onda mən dövlətin neytrallığını soruşmaq məcburiyyətində qalıram.

Bu sualın cavabı olmalıdır.

Sadəcə “çünki dünyəvi dövlətik” cavabı kifayət etmir. Çünki hüquqda ən təhlükəli cümlələrdən biri budur: “Çünki belə qərar verilib.”

Qərarın özü hüququn son nöqtəsi deyil. Qərarın əsaslandırılması da var. Məqsədi var. Zəruriliyi var. Proporsionallığı var. Tətbiqi var.

Və ən əsası, insan hüququ ilə toqquşduğu yerdə onun sərhədləri var.

Mən bir gənc qadınam. Mənim başım açıqdır. Mən universitet oxumuşam. Magistr oxumuşam. İşləyirəm. Öz pulumu qazanmaq, öz ayaqlarımın üstündə dayanmaq istəyirəm. Mən qadının gücünü onun geyimində yox, təhsilində, seçimində, iradəsində, sözündə, əməyində görürəm. Ona görə mən Sevilin çadrasını atdığı səhnəyə baxanda “qadın başını açdı, deməli azad oldu” demirəm.

Mən deyirəm: Sevil öz həyatına sahib çıxmağa başladı.

Əsas məsələ budur.

Əgər bu gün başqa bir Sevil başını örtərək öz həyatına sahib çıxmaq istəyirsə, mən ona niyə mane olum?

Əgər bir başqası başını açaraq öz həyatına sahib çıxmaq istəyirsə, niyə ona mane olaq?

Niyə biz qadının azadlığını mütləq bizim seçdiyimiz formada görmək istəyirik?

Və ən çox buna üzülürəm. Doğrudan da, çox üzülürəm. Çünki mən ölkəmin dünyəvi olmasını istəyirəm. Amma dünyəviliyin qadının saçının görünməsi ilə ölçülməsini istəmirəm.

Mən məktəblərimizin təhlükəsiz olmasını istəyirəm. Amma təhlükəsizliyin uşağın başındakı yaylığın çıxarılması ilə başlamasını istəmirəm.

Mən qızlarımızın savadlı olmasını istəyirəm.

Mən onların universitetlərə daxil olmasını, iqtisadçı, həkim, mühəndis, müəllim, hüquqşünas olmasını istəyirəm.

Mən onların öz pullarını qazanmasını istəyirəm.

Mən onların zorakılıq görməməsini istəyirəm.

Mən onların evlənib-evlənməmək, nə geyinmək, hansı dini qəbul etmək və ya etməmək barədə düşünə bilən subyekt olmasını istəyirəm.

Və bütün bunların içində mənə ən qəribə gələn budur: Biz hələ də qadının başındakı parçanı onun şəxsiyyətindən böyük məsələ kimi müzakirə edirik.

Bəlkə problem elə buradadır?

Bəlkə qadını azad etməyin ən böyük mərhələsi onun başındakı örtüyü açmaq yox, başındakı qərarı özünün verməsinə imkan yaratmaqdır?

Əgər bir gün mənim qızım məktəbə getsə və başını örtmək istəsə, mən onun qarşısında dayanıb “yox, sən bunu edə bilməzsən” demək istəmirəm.

Əgər başını açmaq istəsə, yenə demək istəmirəm. Mən istəyirəm ona deyim: “Düşün. Araşdır. Sual ver. İnancını özün seç. Seçiminin məsuliyyətini daşı. Amma heç kim sənin yerinə seçməsin.”

Mənim üçün əsl dünyəvi təhsil budur. Çünki dünyəvi dövlətin yetişdirdiyi vətəndaş dövlət nə deyirsə ona inanan insan yox, dövlət də daxil olmaqla hər şeyi sorğulaya bilən insandır.

Və bəlkə də bu yazının ən böyük paradoksu elə budur: Mən başı açıq bir qadın olaraq başı örtülü bir qızın hüququnu müdafiə edirəm. Çünki sabah onun hüququnu qoruyan prinsip mənim hüququmu da qoruyacaq.

Mən onun başındakı örtüyü öz başımdakı açıqlıqdan üstün hesab etmirəm. Sadəcə deyirəm: İkisi də insanın öz seçimi olduğu müddətcə, dövlətin işi seçimlərdən birini digərinə qalib etdirmək deyil.

Sevil çadrasını atanda biz buna azadlıq dedik. Bu gün başqa bir qadın çadrasını taxmaq istəyirsə, onun əlindən bu seçimi almağa da azadlıq adı verməməliyik. Çünki azadlıq qadının başındakı örtünün olub-olmaması deyil. Azadlıq odur ki, o örtünü kimin qərarı ilə taxdığını və ya çıxardığını özü müəyyən etsin.

Və mən bu gün buna görə üzülürəm.

Başım açıq olduğuna görə yox.

Başqa bir qadının başının üstündə mənim kimi düşünməyən insanların qərar verməsini gördüyüm üçün.

Ay millət, görün nə deyirəm: Bir qadını azad etmək istəyirsinizsə, əvvəlcə onun yerinə qərar verməkdən əl çəkin.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsinə ehtiram olaraq Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Vətən sevgisi ilə yazılan tarix” adlı tədbir keçirilib.\

 

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, I Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.

Tədbirdən əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri və hüquq-mühafizə orqanlarının rəhbərləri Qumlaq kənd məzarlığında şəhidlər Rəhimov İntizam Əhməd oğlunun, Abdullayev Araz Həsən oğlunun, Hacıyev Əziz Hidayət oğlunun və Xasməmmədov Cabir Ağalar oğlunun məzarlarını ziyarət ediblər.

Daha sonra tədbir Qumlaq kəndində yerləşən AURA sarayda davam etdirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi, eləcə də rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün ərzində Zəfərlə başa çatıb və işğal altında olan torpaqlarımız azad edilib.

Bildirilib ki, Vətəni canı bahasına qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Azərbaycan xalqının qürur və fəxri kimi daim qəlblərdə yaşayacaq, onların əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək.

Daha sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin əməkdaşı Fərid Hacıyev və Qumlaq İƏD üzrə nümayəndə Qamət Nəbiyev çıxış ediblər. Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və əzmkarlıqdan, Azərbaycan əsgər və zabitlərinin misilsiz şücaətindən və onların döyüş yolundan söz açılıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti, xalqımızın birliyi və Azərbaycan Ordusunun peşəkarlığı nəticəsində torpaqlarımız işğaldan azad olunub.

Şəhid ailələri adından şəhid Beydiyev Royalın anası Səxavət xanım, şəhid Tural Məmmədovun atası Arif Məmmədov və şəhid Cuməzadə Təbrizin atası İldırım Əbdürrəhimov çıxış ediblər.

Çıxış edən şəhid ailələri qəhrəman döyüşçülərimizin və qazilərimizin göstərdiyi şücaətlərdən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən danışıblar. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra Qumlaq kənd tam orta məktəbinin şagirdləri tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2026)

 

 

 

 

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixinə silinməz hərflərlə yazılmış, millətin qürur, mətanət və birliyinin rəmzinə çevrilmiş müqəddəs tarixlərdən biri — 27 Sentyabr Anım Günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən bu gün, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə bəslənən ali ehtiramın dövlət səviyyəsində təzahürüdür.

 

27 sentyabr sadəcə təqvimdəki bir kədər günü deyil; bu, otuz illik işğala son qoyan, xalqın sınmış qürurunu bərpa edən və Cənubi Qafqazın geosiyasi reallığını kökündən dəyişən 44 günlük Vətən müharibəsinin — şanlı Zəfər yürüşünün başladığı gündür.

 

Tarixi səbəblər və "Dəmir Yumruq" əməliyyatının başlanması

1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. ATƏT-in Minsk qrupunun otuz ilə yaxın yürütdüyü səmərəsiz vasitəçilik missiyası və beynəlxalq təşkilatların kağız üzərində qalan qətnamələri münaqişənin dinc yolla həllinə imkan vermirdi. 2020-ci ilin iyul ayında Tovuz istiqamətindəki təxribatlar, avqustda isə kəşfiyyat-diversiya qrupunun basqınları Ermənistanın yeni torpaqlar işğal etmək ambisiyalarından xəbər verirdi.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələri cəbhə xətti boyu genişmiqyaslı təxribat törədərək Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından intensiv atəşə tutdu. Bu xain hücumun qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dərhal bütün cəbhə boyu əks-hücum əməliyyatına — "Dəmir Yumruq" hərbi hərəkatına start verildi.

 

"Dəmir Yumruq" ətrafında birləşən xalq: milli həmrəylik

Vətən müharibəsinin başladığı ilk günlərdən etibarən Azərbaycan xalqı misilsiz bir birlik nümayiş etdirdi. Siyasi baxışlarından, sosial statusundan və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan hər bir fərd dövlətin və ordunun ətrafında sıx birləşdi.

 

Səfərbərlik və könüllülük:

Minlərlə gənc könüllü olaraq hərbi komissarlıqların qarşısına axışdı, ön cəbhəyə yollanmaq üçün növbəyə durdu.

Arxa cəbhənin fədakarlığı:

Yaşlı nəsildən tutmuş azyaşlı uşaqlara qədər hər kəs əsgərlərimizə dəstək olmaq üçün çırpındı, isti geyimlər, ərzaq və mənəvi dəstək məktubları göndərdi.

İnformasiya cəbhəsi:

Gənclərimiz sosial şəbəkələrdə, beynəlxalq platformalarda Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gecə-gündüz fəaliyyət göstərərək düşmənin dezinformasiya maşınını darmadağın etdi.

Bu müharibə Azərbaycanın çoxmillətli və multikultural strukturunun nə qədər möhkəm olduğunu bir daha sübut etdi. Vətən uğrunda döyüşlərdə bütün etnik qrupların və dinlərin nümayəndələri çiyin-çiyinə vuruşaraq şəhadətə ucaldılar.

 

Şəhidlərin müqəddəs xatirəsi və əbədi ehtiram

44 gün davam edən və noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatan Vətən müharibəsində Azərbaycan ordusu 3000-ə yaxın şəhid verdi, minlərlə hərbçimiz isə qazi adını qazandı. İkinci Qarabağ müharibəsi hərb elminin tarixinə 21-ci əsrin intellektual texnologiyalar və pilotsuz uçuş aparatları (PUA) müharibəsi kimi düşsə də, Zəfərin əsas memarı torpağı qarış-qarış azad edən, sıldırım qayalara dırmaşaraq Şuşanı xəncərlə alan Azərbaycan əsgərinin canı, qanı və yenilməz ruhu oldu.

Dövlətimiz və xalqımız şəhidlərimizin ailələrini və qazilərimizi hər zaman diqqət mərkəzində saxlayır. Yaradılmış "YAŞAT" Fondu vasitəsilə qazilərin müalicəsi, şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür. Ölkənin dörd bir yanında şəhidlərimizin xatirəsinə ucaldılan abidələr, bulaqlar və adlarına verilən küçələr gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

 

27 Sentyabrın siyasi və mənəvi səciyyəsi

Hər il sentyabrın 27-də saat 12:00-da bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, gəmilərdən və avtomobillərdən səs siqnalları verilir, dövlət bayraqları endirilir. Bu sükut təkcə bir kədər deyil, həm də düşmənə və bütün dünyaya verilən mənəvi bir mesajdır: Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur və torpağının bir qarışını belə bir daha heç kimə güzəştə getməyəcək.

27 sentyabr həm də işğaldan azad edilmiş və bu gün böyük sürətlə yenidən qurulan, dirçələn Qarabağ və Şərqi Zəngəzur üçün bir təməl günüdür. Bu gün Şuşada, Ağdamda, Füzulidə ucalan üçrəngli bayrağımız məhz 27 sentyabrda irəli atılan o cəsur oğulların əbədi əmanətidir.

 

Beləliklə,

27 Sentyabr Anım Günü, Azərbaycan millətinin fədakarlıq, sadiqlik və hərbi rəşadət dastanının başlanğıcıdır. Canlarını Vətən torpağına fəda edərək bizə azad, bütöv və suveren bir dövlət bəxş edən bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların əziz xatirəsi qəlblərimizdə əbədi yaşayacaq və tariximizin ən parlaq səhifəsi olaraq gələcək nəsillərə ötürüləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tomas  Eliot — XX əsrin ən böyük ingilis dilli şairlərindən, dramaturqlarından, esseistlərindən və ədəbiyyat tənqidçilərindən biri olub. O, xüsusilə modernist ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Əsərlərində müasir insanın tənhalığı, mənəvi böhranı, inanc, zaman, ölüm və cəmiyyətin dəyişməsi kimi mövzulara geniş yer verib

 

T. S. Eliot 26 sentyabr 1888-ci ildə ABŞ-da, ziyalı ailəsində dünyaya gəlib. Gənclik illərindən ədəbiyyata böyük maraq göstərib. Harvard Universitetində təhsil aldıqdan sonra Avropaya getdi və burada fəlsəfə və ədəbiyyat sahəsində biliklərini genişləndirdi. Daha sonra İngiltərədə məskunlaşdı və ömrünün böyük hissəsini Londonda keçirib.

Eliot sonradan Britaniya vətəndaşı oldu və özünü ingilis ədəbi-mədəni mühitinin mühüm simalarından birinə çevirib. Eliotun yaradıcılığı XX əsrin əvvəllərində Avropada baş verən böyük sosial və mədəni dəyişikliklər fonunda formalaşıb. Birinci Dünya müharibəsi, sənayeləşmə, şəhərləşmə, ənənəvi dəyərlərin zəifləməsi və insanın mənəvi tənhalığı onun yaradıcılığına güclü təsir göstərib. O, klassik ədəbiyyatdan, fəlsəfədən, dini mətnlərdən və müxtəlif dünya mədəniyyətlərindən geniş istifadə edirdi.

 

Ən məşhur əsərləri:

The Love Song of J. Alfred Prufrock - “C. Alfred Prufrokun məhəbbət nəğməsi”

1915-ci ildə nəşr olunan bu poema Eliotun ilk böyük əsərlərindən biridir. Əsərin qəhrəmanı özünə inamsız, tərəddüd edən və cəmiyyət qarşısında özünü yad hiss edən insandır. Poemada tənhalıq, yaşlanmaq, qorxu, qərarsızlıq və həyatın mənasızlığı kimi mövzular ön plana çıxır.

 

The Waste Land - “Bəhrəsiz torpaq” və ya “Viran torpaq”

 

1922-ci ildə nəşr olunan bu əsər T. S. Eliotun ən məşhur əsəridir. “The Waste Land” XX əsr modernist poeziyasının əsas nümunələrindən biri hesab olunur. Poemada müharibədən sonrakı Avropanın mənəvi vəziyyəti təsvir edilir. Eliot müxtəlif miflərə, dini mətnlərə, klassik ədəbiyyata və Şərq-Qərb mədəniyyətlərinə müraciət edir.

Əsərin əsas mövzuları:

mənəvi boşluq;

tənhalıq;

ölüm;

müharibənin nəticələri;

insan münasibətlərinin pozulması;

mənəvi yenilənmə axtarışı.

 

Ash-Wednesday - “Kül çərşənbəsi”

1930-cu ildə nəşr olunan bu əsərdə dini və mənəvi mövzular xüsusi yer tutur. Eliot burada insanın mənəvi dəyişmə və inanca doğru axtarışını təsvir edir.

 

Four Quartets - “Dörd kvartet”

Eliotun yaradıcılığının ən yetkin nümunələrindən biridir.

Əsər dörd əsas poemadan ibarətdir:

Burnt Norton

East Coker

The Dry Salvages

Little Gidding

 

Bu əsərlərdə zaman, yaddaş, ölüm, əbədiyyət, insan həyatı və Tanrı kimi mövzular fəlsəfi şəkildə araşdırılır.

T. S. Eliot dramaturq kimi də fəaliyyət göstərib.

Ən məşhur pyeslərindən biri:

 

Murder in the Cathedral - “Kilsədə qətl”

Əsər 1935-ci ildə yazılıb və XII əsrdə İngiltərədə öldürülən Kenterberi arxiyepiskopu Thomas Becket haqqında bəhs edir.

 

Digər pyesləri:

The Family Reunion — “Ailə görüşü”

The Cocktail Party — “Kokteyl məclisi”

The Confidential Clerk — “Gizli katib”

The Elder Statesman — “Yaşlı dövlət xadimi”

 

T. S. Eliot 1948-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Nobel Komitəsi onun poeziyasını müasir poeziyanın inkişafına verdiyi mühüm töhfəyə görə yüksək qiymətləndirib. Eliot Nobel mükafatını aldıqdan sonra da ədəbiyyat və tənqid sahəsində fəaliyyətini davam etdirdi.

Ədib 4 yanvar 1965-ci ildə vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2026)

8 -dən səhifə 3116

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.