Super User

Super User

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Az öncə musiqimizin korifeylərindən biri – Teymur Mustafayevin anım günü yazısını hazırlayıb təhvil verdim. Necə deyərlər, qələmimin mürəkkəbi qurumamış daha bir görkəmli musiqiçimizin anım günündən bəhs etməli oluram – bu dəfə Qulu Əsgərovun.

 

Azərbaycan muğam və opera parçalarının mükəmməl ifaçısı - Qulu Əsgərovu bir cümlə ilə məhz bu cür təqdim edə bilərik. 

Və mən bir əlavə də edim. Səhnəmizin ən yaddaşlara hopan Məcnunu da Qulu Əsgərov olubdur. Bu yazını yazanda mən dəfələrlə arxiv lent yazılarına tamaşa edib bu qənaətə gəlmişəm. 

 

11 iyun bu görkəmli sənətkarın anım günüdür. 

O, 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olub. Gənc yaşlarında rayon teatrında çıxış edib, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik edib. 1953-cü ildə Gənc istetadların respublika olimpiadasının qalibi olub. 

Qulu Əsgərov 1953–1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alıb. Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib. 

Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilib. Qulu Əsgərov yaradıcı xanəndə olub. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. 

Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamla ifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M. Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olub.

 

Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olub. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.

Azərbaycanın görkəmli xanındəsi, bəstəkarı, pedaqoqu 1988-ci ildə 60 illik yubileyini gözləyirdi, amma əcəl aman vermədi. 11 iyun 1987-ci ildə o, 59 yaşında Bakıda vəfat etdi. 

Özü yoxdur, ifası isə tarix boyu qalacaqdır. 

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

 

Cümə axşamı, 11 İyun 2026 09:03

Onu hamı Teymur əmi deyə çağırırdı

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Onu hamı Teymur əmi deyə çağırırdı. Bütün gənc və orta yaş müğənnilərər dayaq, arxa, kömək, məsləhətşi ampluasında idi Teymur əmi.

Teymur Mustafayevin bu gün anım günüdür…

 

2020-ci il tarixə qəribə təzadlarla dolu il kimi düşdü. Öncə ondan başlayaq ki, bütün dünyada bu il qorxulu koronavirus pandemiyasının başlanğıc ili kimi qəbul edildi. Amma Azərbaycanda bu ilin xüsusi özəlliyi oldu. Məhz bu ilin payızında 30 ilə yaxın düşmən taptağı altında qalan torpaqlarımız azad edildi.

O tarixi günü görməyə əlbəttə ki, məğlubiyyət acısını içində çəkən Teymur Mustafayevin – görkəmli xanəndəmizin də haqqı var idi.

Amma əfsus ki, bu, ona qismət olmadı. Vətən müharibəsinə sayılı günlər qalandar o, dünyadan köçdü.

 

Gəlin onun ömür-gün kitabçasını vərəqləyək.

Azərbaycan müğənnisi və xanəndəsi Teymur Mustafayev 10 aprel 1939-cu ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunda anadan olub. 

Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərib. Onun repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarət olub.

Onun ifa etdiyi muğam və təsniflər AzTV Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olub.

 

Filmoqrafiya

 

Teymur Əmi 

Muğanın Sarvanı 

Bitməyən ömür 

 

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ustad sənətkar 11 iyun 2020-ci ildə Bakı şəhərində vəfat edib. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə 3 gün ardıcıl naxçıvanlı xanım yazarların əsərləri təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

NAXÇIVAN ƏDƏBİ MÜHİTDƏN ÜÇ XANIM

 

Azərbaycan ədəbi mühitinin tərkib hissələrindən biri də zəngin və rəngarəng yaradıcı imzaları ilə seçilən Naxçıvan bölgəsindəki ədəbi mühitdir. Xüsusilə XXI əsrin ilk illərindən üzübəri bu bölgədə yeni ədəbi imzalar özünü göstərməyə başladı. Onların yaradıcılığındakı istər mövzu, istər janr, istər fikir baxımından yeniliklər təkcə bölgənin ədəbi atmosferinə təsir etmədi, həmçinin geniş mənada ölkə ədəbiyyatının zənginləşməsinə öz töhfəsini vermiş oldu. Həmin ənənə bu gün də davam edir və gənc imzaların nəzm və nəsr sahəsindəki yaradıcılıq nümunələri muxtar respublika ədəbi camiəsi haqqında ümidlə danışmağa imkan verir.

Naxçıvanda yazıb-yaradan qələm sahibləri arasında qadın imzaların da ciddi çəkisi var. Ta Heyran xanımdan başlayaraq Qönçəbəyimin, Kəmalə Ağayevanın, Kəmalə Nəsrinin ədəbi uğurlarını davam etdirən zərif xanımlarımızdan iki şair və bir yazıçı olmaqla üçünün bədii nümunələrini “Ulduz”umuza təqdim etmək istəyirəm.

Bunlar filologiya üzrə fəlsəfə doktoru, bədii nümunələrini ilk dəfə “İnsansız küçələr” adlı kitabıyla oxuculara təqdim edən Leyla Səfərova, dörd kitab müəllifi, ötən il “Ömrün yaşıl rəngi” və “Bir göz qırpımında” şeir kitabları ilə növbəti dəfə oxucularıyla görüşən Aytəkin Səfərliyeva, ayrı-ayrı mətbu orqanlarda, qəzet və saytlarda nəşr olunsa da hələ ki, kitab çıxarmağa tələsməyən Qəmər Sözaydır.

Qeyd etdiyim hər üç imzanın özlərinə məxsus yaradıcılıq üslubları var. Leyla xanım qısa, lakin geniş məna tutumuna malik hekayələri ilə fərqlənir. Aytəkin xanım ilk dəfə “Ulduz” jurnalı vasitəsilə mərkəzi mətbuatda dərc olunacaq. Buna baxmayaraq, onun hər şeirində digər qələm sahiblərini təkrarlamayan yeni obrazlı ifadələr maraq doğurur. Qəmər Sözay bədii ağırlıqlı, dərin düşüncələrə malik poeziyası ilə seçilir.

İnanıram ki, hər üç qələm sahibinin bədii nümunələri həm oxucuların, həm də geniş mənada bədii sözə, ədəbiyyata maraq göstərən Azərbacan vətəndaşlarının diqqətini cəlb edəcək. 

 

Hörmətlə Elxan YURDOĞLU, “Ulduz” jurnalının redaksiya heyətinin üzvü AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

Leyla SƏFƏROVA

 

İNSANSIZ KÜÇƏLƏR

 

İnsansız küçələr işə gedirəm, səhərdir...

Uşaqlıq məhəlləmizdir. Uşaqlıqda yaşadığım, böyüdüyüm, qaçıb-tullandığım, oynadığım, gülüb-ağladığım, sevinib-kədərləndiyim məhəlləyə köçmüşəm. Küçə bomboşdur. Səssizlikdən kar olub irəlilədiyim küçə. Qulağım batır səssizlikdən. Niyə heç kəs yoxdur? Axı eyni məhəllədir... Axı uşaq ikən bu yollar səhərin bu çağında işə, məktəbə, bağçaya tələsən insanlarla dolu olardı... Marşrut trolleybus idi. Gec gələrdi. Gözləməzdik heç. Həmişə gecikərdi deyə. Çubuqları naqildən çıxardı, yolda qalardı. Cərəyan kəsilərdi, yolda qalardı.

Küçə elə həmin küçədir. Lakin küçə bomboşdur. Oktyabrın payızın gələcəyindən xəbər verən xəfif küləyi əsdikcə öpüşən yarpaqların pıçıltılı söhbətindən və xısın-xısın gülüşündən başqa heç bir səs yoxdur bu bomboş küçədə. Hərdən harasa şütüyən maşınların asta səsi pozur bu səssizliyi. Amma tez də səssizlik çökür ətrafa yenə – maşın gözdən itən kimi. Ağlamaq tutur az qala məni, heçmi bir kəs yoxdur bu yekəlikdə küçədə? Ətrafa diqqətlə baxıram, bir neçə insan keçib gedir o yana-bu yana. Amma simalarındakı o donuq ifadə, soyuq rəftar bayaqdan onları hərəkət edən heykəl kimi göstərib mənə. Bir səmimiyyət, bir salamın belə əsirgəndiyi küçə, insanlı-insansız küçə bomboşdur.

Kaş yollar uşaqların qəhqəhələrilə dolaydı yenə. Kaş küçənin qulaqları yenə uşaqların şıltaq səslərindən tutulaydı. Kaş söhbət edərək gedib-gələn insanların qaynaşmasına şahid olaydı yenə bu küçə. Kaş insanlar eqoistləşib hərə öz evinə çəkilməzdi, hərə bir avtomobil alıb özünə, ailəsinə qapanmazdı. Kaş yenə həyətlərimizdə bağçalarımız olaydı, yenə qonşuluğumuz olaydı.

Sən demə, bu küçənin bəzəyindəki naxışlar elə insanlar imiş. Artıq yox olmuş naxışların konturları qalmışdır təkcə. Küçə bomboşdur...

 

 

ZAMANSIZLIQ

 

Araşdırmalardan məlum olub ki, dünyada insanların səbri səkkiz saniyəyə enib. Hardasa iyirmi il bundan əvvəl mahnıların giriş hissələri iyirmi saniyə idi, artıq beş-altı saniyəyə düşüb, çünki bir əlimiz sonrakı mahnıya keçmə düyməsindədir. Bizdən qabaqda gedən bir az yavaş yerisə, gedəcəyimiz yerə iki dəqiqə gec çatacağıq deyə, narahat oluruq. İctimai nəqliyyatdan camaatı itələyə-itələyə  düşürük. Zamanla yarışırıq.

Biriylə telefonda danışarkən komputerdə bir şey yazırıq, film izləyərkən mesajlaşırıq, nəyisə qaçıra bilərik qorxusuyla hər şeyə tələsirik, çünki zaman yoxdur, həyatı davamlı əlimizdən qaçırdığımızı düşünürük. Dünyaya çatmağa çalışırıq, o qədər vaxtımız yoxdur ki, bir həyata ikinci bir həyat sığışdırmağa çalışırıq.

Köhnə insanlar bir yerdən başqa bir yerə çatmaq üçün aylarını illərini sərf edirdi, amma zamanları var idi, biz dünyanın bu başından o biri başına bir neçə saata gedirik, lakin yenə də vaxtımız yoxdur. Texnologiyalar bizə zaman qazandıracaqdı, qazandırdı da, təəssüf ki, biz o zamanın içində zamansızlıqdan boğuluruq.

Bu dünyadakı yerimizi qorumaq üçün qaçmaq məcburiyətindəyik, geridə qalmaqdan qorxuruq, iş yerindəki yoldaşlardan geridə qalmamaq üçün yarışırıq, nə ilə yarışdığımızı bilməsək də.

Böyük bir narahatlıqla yaşayırıq, heç nədən zövq almağa vaxtımız yoxdur, eşqdən, məhəbbətdən, sevgidən, gözəllikdən, sevdiklərimizdən… Qupquru həzz çuxuruna çevrilib həyatımız... Bir mənzərəyə uzun-uzadı baxmırıq, hər şeyi sürətli istifadə edib bir kənara atırıq, sonra da istifadə edəcəyimiz yeni bir şey axtarırıq. Bəzən sevgililərimizi, həyat yoldaşlarımızı da yeni ayaqqabı alıb köhnəni atmaq kimi asan dəyişirik. Ruhumuzun sürətinə ayaqlarımız çatmır. Bu zaman problem – zamansızlıq problemi, bizi daima narahat yaşamağa məcbur edir, nəticədə hər şeyi tükəndirib, tükənirik.

 

 

GÖZƏLLİK...

 

Şair yazdı, yazıçı yazdı... Gözəl dedi, yazdı…

Badamı gözlərin, nəlbəki gözlərin gözəlliyindən yazdı…

Kaman qaşlardan bəhs etdi...

İncə, gilənar dodaqlardan dedi…

Alma yanaqlardan deyib, vəsf etdi gözəli…

Allahın bəxş etdiyi təbii gözəllikdən, məlahətdən…

İncə bədən üzvlərindən, zərif əzalarından...

Saf, sağlam gözəllikdi o gözəlliklər…

Ədəbiyyat yazdı bu gözəlliyi – sözlərlə bir az naxış, bir az bəzək verərək… İncəliyi gözəllik sayıb yazdı...

İncəliyi…

Şairlər yazacaq, yazıçılar yazacaq… Gözəl deyib yazacaqlar…

Dartılmış gözlərdən, o gözlərdən ki, bıçaqla kəsilib 17 dartılaraq badamı olmuş, nimçə olmuş… Yumulmayan gözlərdən...

Tarıma çəkilmiş qaşlardan, o qaşlar ki, rənglə dartılıb oxa çevrilmiş...

Hamı gözəldir deyəcək...

Dodaqlardan yazacaqlar… Şappan, şişmiş, sanki arı vurmuş, əyilmiş dodaqlardan… Hamı cazibədardır deyəcək…

Dərmanlarla dolmuş yanaqlardan yazacaqlar bir gözəli təsvir edərkən.

Qabarıq, şişirdilmiş əzalara “gözəl” – deyib yazacaq şair, yazıçı...

Axı hər bir yaşın bəxş etdiyi bir gözəllik gizlənir o cizgilərdə, o qırışlarda, o kamilliyi göstərən üz ifadəsində...

Konteksti dəyişmiş gözəlliyə baxaraq əsl gözəlliyi olan üzləri itirəcək gözəli təsvir edən ədəbiyyat...

Ədəbiyyat çaşacaq... Gerçək gözəl kimdir, əcəba, deyə tərəddüddə qalacaq... Gerçək gözəl axtaracaq bu mutant gözəlliklər arasında, gözəlliyi qələmə almaq üçün...

 

 

YUXU

 

Hər yer payızdır... Yoruldum bu havalardan. Başqa havalar gətir mənə... İçində bir az yaz olsun. Bir az çiçəklər olsun. Bir az rənglər olsun.. Bir az antidepressant olsun. Bir az təklik olsun. Bir az sən. Bir az ikimiz. Bir az ucsuz-bucaqsız ada olsun, içində sən və mən... Sən saçlarımı oxşayan, yanaqlarımdan sakitcə öpən xəfif payız küləyi ol.

Bir az qaranlıq olsun. Qaranlığın insanı dəli edən bir ehtişamı var. O qaranlıqda ulduzlar aydınlıq saçan fikirlər kimi sazaqlı havada salxımlansın.

Bu gecə zirvələr kimi tənhayam. Gecənin barmaqlarından çiçəklər səpələnir... Sənə doğru uzanır əllərim... Gözlərində gözlərim... Qovuşuruq, deyəsən... Göz qapaqlarının yayları yığılır... Gözlərim açılır...

Ahh!.. Hardasan?!..

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

Xanım Aydın,

“Ədəbiyyat və incəsənət”

 

Bakının səsi, duyğusu, hissini musiqi dilində dilə gətirən “Qaya” ansamblının  ifasında eşidilən hər melodiya insanları eyni duyğular ətrafında birləşdirir, şəhərlərin, küçələrin, xatirələrin və zamanın səsini özündə yaşadır. Azərbaycan musiqi tarixində “Qaya” vokal kvartetinin xüsusi yeri, çəkisi var. Bu gün “Qaya” adı çəkiləndə bir çoxlarının gözləri önündə köhnə Bakının işıqları, cazın zərif improvizasiyaları, estrada musiqisinin ən gözəl nümunələri və dörd gəncin harmonik səsləri canlanır. Onlar sadəcə mahnı oxumurdular; səsləri ilə musiqiyə yeni nəfəs, yeni rəng gətirirdilər.

 

  

 

Dörd səsdən doğulan bir əfsanə

 

Hekayə 1960-cı illərin əvvəllərində başlayır. Asəf Zeynallı adına musiqi məktəbində təhsil alan Arif Hacıyev, Rauf Babayev, Teymur Mirzəyev və Adil Nəzərov vokal kvartet yaratmaq qərarına gəlirlər. İlk çıxışlar kiçik auditoriyalarda, tələbə tədbirlərində baş tuturdu. Lakin heç kim təsəvvür etmirdi ki, həmin gənclər bir neçə ildən sonra SSRİ məkanında tanınan musiqi fenomeninə çevriləcəklər.

Adil Nəzərovun ayrılmasından sonra qrupa Lev Yelisavetski qoşuldu və klassik “Qaya” heyəti formalaşdı. Arif Hacıyevin yumşaq tembri, Rauf Babayevin güclü vokalı, Teymur Mirzəyevin musiqi duyumu və Lev Yelisavetskinin özünəməxsus ifa tərzi birlikdə nadir harmoniya yaradırdı.

Qrupun adı da maraqlı təsadüf nəticəsində yaranıb. Dağıstandan Bakıya qayıdan musiqiçilər qatarda yeni ad axtarırdılar. Müxtəlif təkliflər arasında “Qaya” sözü səsləndi və hamı bu adda qərarlaşdı. Sonralar bu ad Azərbaycan musiqisinin ayrılmaz simvollarından birinə çevrildi.

 

 

Qələbəyə aparan 25 gün

 

1966-cı ildə Moskvada keçirilən Ümumittifaq müsabiqəsi “Qaya”nın taleyində dönüş nöqtəsi oldu. Müsabiqəyə cəmi 25 gün qalmış dəvət alan kollektiv qısa müddətdə on mahnı hazırladı və qalib gəldi.

Bu uğurdan sonra “Qaya” artıq təkcə Bakı və ya Azərbaycan səhnələrinin deyil, bütün Sovet İttifaqının ən məşhur vokal kollektivlərindən biri kimi tanınmağa başladı. Onların çıxışları böyük konsert salonlarında anşlaqla keçirdi, mahnıları radiolarda səslənirdi.

 

Azərbaycan cazının zərif nəfəsi

 

“Qaya”nı fərqləndirən əsas cəhətlərdən biri caz elementlərini estrada musiqisi ilə ustalıqla birləşdirmələri idi. Onlar Azərbaycan xalq musiqisini müasir səslənmə ilə təqdim edir, eyni zamanda dünya musiqisinin nümunələrini öz üslublarında ifa edirdilər.

Qrup müxtəlif dövrlərdə Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Fərəc Qarayev kimi görkəmli bəstəkarlarla əməkdaşlıq edib. Bu əməkdaşlıq nəticəsində yaranan əsərlər Azərbaycan estrada musiqisinin qızıl fonduna daxil olub.

 

 

 

Dilləri aşan musiqi

 

“Qaya”nın repertuarı təkcə Azərbaycan mahnıları ilə məhdudlaşmırdı. Onlar ingilis, rus, ispan və polyak dillərində də mahnılar ifa edirdilər.

Məşhur “Guantanamera”, “Summertime”, “The Shadow of Your Smile”, “Vehicle” kimi dünya hitləri onların ifasında yeni çalar qazanırdı. Eyni zamanda kollektiv xalq mahnılarını da böyük ustalıqla səsləndirirdi. “Aman yar”, “Araxçının məndədir”, “Qara xal yar”, “Məcnun gəzər Leylini”, “Bulaq başında”, “Ey həyat, sən nə qəribəsən” kimi əsərlər bu gün də musiqisevərlərin yaddaşındadır.

 

Hamının dilində olan mahnılar

 

“Qaya”nın repertuarında onlarla sevilən mahnı olsa da, bəzi əsərlər xüsusi yer tutur.

“Bakı” və “Devuşki Baku” paytaxtın romantik ovqatını yaşadırdı. “Bakı qışı” şəhərin soyuq, lakin isti xatirələrlə dolu günlərini musiqiyə çevirirdi. “Neft daşları” Azərbaycanın əmək qəhrəmanlığını tərənnüm edən ən yaddaqalan mahnılardan idi.

“İllər, yollar”, “Sahil boyu gəzirəm”, “Mən səni araram”, “Sevgilim”, “Sən danışanda”, “Yollar” kimi lirik əsərlər isə sevgi və həsrət duyğularını zərif melodiyalarla ifadə edirdi.

“Bayatılar”, “Azərbaycan”, “Coş dənizim”, “Gəl ey səhər” kimi mahnılar milli ruhu, vətən sevgisini və Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirirdi. “Almanı atdım xarala” mahnısı isə xüsusən sevildi və bu gün də o əsərin adı gələndə ilk olaraq ağla “Qaya” qrupunun ifası gəlir.

 

  

 

Səhnədə bir inqilab

 

1972-ci ildə “Qaya”ya Dövlət Ansamblı statusu verildi. Bu, kollektiv üçün yeni mərhələnin başlanğıcı oldu.

Həmin dövrdə onlar SSRİ məkanında ilk iri musiqili şou proqramlarından birini hazırladılar. “Böyük şəhərin alovları” adlı proqram üç saat davam edir, musiqi, teatr, parodiya və səhnə həllərini bir araya gətirirdi.

Bu layihədə məşhur “İsa Məsih — Super Ulduz” rok-operasından parçalar da yer almışdı. Rauf Babayev İsanı, Lev Yelisavetski isə İudanı canlandırırdı. Bu cür yeniliklər həmin illər üçün olduqca cəsarətli addım hesab edilirdi.

 

Amerikada alqışlarla qırılan sükut

 

“Qaya” yalnız SSRİ-də deyil, xaricdə də uğur qazanmışdı. ABŞ-ın Hyuston şəhərindəki Caz Kollecində çıxış zamanı maraqlı hadisə baş verir. Mahnı bitdikdən sonra zalda dərin sükut hökm sürür. Musiqiçilər tamaşaçıların ifanı bəyənmədiyini düşünərək səhnəni tərk etmək istəyirlər.

Lakin bir neçə saniyə sonra salon gurultulu alqış səsləri ilə dolur. Tamaşaçılar eyni mahnını yenidən dinləmək istədiklərini bildirirlər. Həmin gün “Qaya” bəzi əsərləri bir neçə dəfə təkrar ifa etməli olur.

Bu hadisə kollektivin peşəkar səviyyəsinin beynəlxalq auditoriya tərəfindən də yüksək qiymətləndirildiyini göstərirdi.

 

Qayanın izi

 

1980-ci illərdə qrupun tərkibində dəyişikliklər baş versə də, “Qaya” adı Azərbaycan musiqisinin tarixində silinməz iz buraxdı. Onların yaratdığı vokal məktəbi sonrakı nəsil ifaçılar üçün örnəyə çevrildi.

Bu gün “Qaya”nın mahnıları səslənəndə təkcə melodiyalar deyil, bütöv bir dövr yenidən canlanır. O dövrün Bakısı, onun küçələri, insanları, arzuları və musiqi sevgisi həmin nəğmələrin içində yaşayır.

Çünki “Qaya” sadəcə vokal kvartet deyildi. O, Azərbaycan musiqisinin səsi, cazla estradanın qovuşduğu nöqtə, bir neçə nəslin yaddaşında yaşayan musiqi əfsanəsi idi.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

 

 

Cümə axşamı, 11 İyun 2026 12:00

Adları yaddaşdan silmək eləmi asanmış?

Fatimə Məmmədova,

 "Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Telefonumun yaddaşı dolmuşdu. Elə bil içində təkcə fayllar yox, aylar yığılmışdı. Girdim, “bəlkə artıq lazım olmayan nömrələri silim” dedim. 818 nəfər… rəqəm kimi çox böyük idi.  Öz-özümə düşündüm: bu qədər insanı tanımağa məni nə vadar etmişdi? Bəlkə də heç nə. Bəlkə də sadəcə zaman və iş. Barmağım ekranın üstündə dayanıb qalırdı. Adların yanından keçdikcə hər biri bir xatirəni oyadırdı...

 

Kimisi yarımçıq söhbət, kimisi tamamlanmamış bir tanışlıq, kimisi isə artıq çoxdan səssiz qalmış bir əlaqə idi. Bəziləri də vardı, sadəcə adlarını saxlamışdım. Nə məni tanıyırdı, nə onu tanıyırdım. O anda bir fikir beynimdə ağırlaşdı: bəlkə də mən onların həyatında düşündüyüm qədər yer tutmuram. Bəlkə də bəziləri məni sadəcə xatırlayır, amma tanımır...

Mən isə əksinə, hər bir müsahibədə, hər bir görüşdə adları yadda saxlamağa çalışmışam. Sanki bir insanı tanımaq onun adını yazmaqla tamamlanırmış kimi.

Amma indi başa düşürdüm ki, ad saxlamaqla insan saxlamaq eyni şey deyil. Silmək istədim. Bir-bir. Səssiz, düşünmədən. Və elə o anda siyahının sonlarına yaxın bir ada rast gəldim. Tanıdığım biri… məni çox yaxşı tanıyan biri. Amma qəribə idi -eyni zamanda sanki tanımayan biri kimi.

Cümlə özümdə belə dolaşıq səslənirdi: məni tanıyırdı, amma tanımırdı. Bəlkə də tanıdığı mən deyildim. Bəlkə də sadəcə bir obraz idi onun yaddaşında qalan. Ya da mən onun üçün artıq dəyişmişdim, o isə hələ keçmiş versiyamda ilişib qalmışdı.

Barmağım yenə dayandı. “Silmək lazımdır” dedim öz-özümə. Amma sonra başqa bir səslə dedim: necə yəni tanımır? Axı o mənim üçün əziz idi. Adını açdım. Siyahıda iki keçmişdən qalma qrup və qrupun içində sadəcə biz qalmışdıq.  İkisinin də adı mənim çox işlətdiyim cümlələr idi. Ekrana baxdım və gözlərim doldu. Bu təsadüf deyildi. Bu, bir vaxtlar eyni söhbətləri paylaşmış insanların indi ayrı yerlərdə eyni sözləri yaşatması idi. Məni tanımayan bir insanın, bir vaxtlar mənim ən çox işlətdiyim cümlələrlə qrup açması… qəribə bir hiss idi. Sanki keçmişim başqa birində davam edirdi, amma mən olmadan.

O an qərar verə bilmədim.

Nömrəni silmədim. Amma onu olduğu kimi saxlamaq da mənə rahatlıq vermədi. Sanki həm saxlamaq istəyirdim, həm də artıq mənə aid olmayan bir nömrəni daşımaqdan yorulmuşdu telefonum. Ekranı bağladım.

Düşündüm: bəlkə bəzi insanlar silinmək üçün yox, sadəcə yaddaşda başqa formada qalmaq üçündür.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

Cümə axşamı, 11 İyun 2026 10:14

Oğuzda “Aikido və Yapon Mədəniyyəti Günü”

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Mədəniyyət Mərkəzində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə Oğuz rayonunda “Aikido və Yapon Mədəniyyəti Günü” adlı tədbir keçirilib.

 

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, dövlət və ictimai qurumların nümayəndələri, idman ictimaiyyətinin üzvləri, məşqçilər, müəllimlər, valideynlər və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aikidonun Yaponiyada, Azərbaycanda və Oğuz rayonunda inkişaf tarixini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi və fiziki-mənəvi inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, son illərdə regionlarda idmanın inkişafı, gənclərin müxtəlif idman növlərinə cəlb olunması və sağlam həyat tərzinin təşviqi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Digər çıxış edənlər aikidonun yalnız döyüş sənəti deyil, həm də intizam, qarşılıqlı hörmət, özünənəzarət və daxili harmoniyanı təbliğ edən həyat fəlsəfəsi olduğu vurğulayıb. Qeyd edilib ki, bu idman növü gənclərin fiziki hazırlığı ilə yanaşı, onların mənəvi dəyərlər əsasında formalaşmasına da mühüm töhfə verir.

Tədbirin davamında aikido ustaları və idmançılar tərəfindən nümunəvi çıxışlar nümayiş etdirilib. İştirakçılar aikidonun texniki elementləri, müdafiə üsulları və əsas fəlsəfi prinsipləri ilə yaxından tanış olublar. Bununla yanaşı, Yapon mədəniyyətinin müxtəlif istiqamətlərini əks etdirən təqdimatlar təşkil olunub, iştirakçılara bu ölkənin zəngin mədəni irsi və ənənələri barədə ətraflı məlumat verilib.

Tədbirin keçirilməsində əsas məqsəd aikido döyüş sənətinin təbliği, Yapon mədəniyyətinin tanıdılması, gənclər arasında sağlam həyat tərzinin təşviqi, həmçinin dostluq və mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi olub.

Sonda iştirakçılar tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

                                                             

 

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Alimlər... Bütün dövrlərdə cəmiyyətin ən çox hörmət etdiyi bir peşə sahibləri, peşə sahibləri də yox, əslində bir təbəqə, zümrə, kasta...

Bu gün onlardan biri – Azərbaycan Ədəbiyyatı tarixinin ən əsas tədqiqatçılarından birinin = Məmməd Arifin anadan olmasının 122-ci ildönümüdür.

 

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 11-də Bakı şəhərində anadan olub. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S. S. Axundov) müəllim işləyib. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil alıb və 1925-ci ildə bu institutu bitirib.

1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxuyub, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb. Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olub. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışıb.

1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olub, 1955-ci ildə professor elmi adını alıb. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutub, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləyib

Məmməd Arif 1944-cü ildə "Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları" mövzusunda namizədlik, 1954-cü ildə isə "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun təşəkkülündə, strukturunun, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində Məmməd Arif xüsusi xidmətləri vardır.

O, bu elm ocağında 1938-ci ildən çalışmağa başlayıb. Həmin ildə alim Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında isə direktor müavini vəzifəsində işləyib. 1939-cu il sentyabr ayının 25-də Məmməd Arif Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə təyin edilib və 1950-ci il iyulun 27-dək həmin vəzifədə çalışıb.

Məmməd Arif 1955-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə akademiki seçilib. Görkəmli alim və bacarıqlı təşkilatçı olan M. A. Dadaşzadə 1959-cu ildə Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi təyin edilib, 1960-cı ildən ömrünün sonunadək isə Respublika Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib

Bu dövrdə humanitar elmlər sahəsində bir sıra fundamental tədqiqatların, miqyaslı elmi simpozium və konfransların, böyük ədiblərimizin təntənəli yubiley tədbirlərinin (M. F. Axundov-150, C. Məmmədquluzadə-100, M. P. Vaqif-250, Aşıq Ələsgər-150, Nəsimi-600 və s.) gerçəkləşdirilməsində onun xüsusi xidmətləri vardır.

Akademiyanın vitse-prezidenti olduğu dönəmdə Məmməd Arifin təşəbbüsü, yaxın iştirakı və səyləri nəticəsində uzun illər Ədəbiyyat və Dil İnstitutu kimi fəaliyyət göstərən elm ocağı 1969-cu ildən müstəqil Ədəbiyyat İnstitutu statusunda işini davam etdirib.

Məmməd Arif SSRİ Elmlər Akademiyasının "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" problemi üzrə Elmi Şurasının, Moskvada işıq üzü görən iki nəşrin — "Qısa ədəbiyyat ensiklopediyası"nın redaksiya heyətinin, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin baş redaksiya heyətinin üzvü idi.

Məmməd Arif 1946-cı ildə rus yazıçıları A. Surkov və V. İnberlə birgə SSRİ-ni İran yazıçılarının I konqresində təmsil edib, eləcə də 1960-cı ildə şərqşünasların Moskvada keçirilən XXV Beynəlxalq konqresinin iştirakçısı olub.

Məmməd Arif 1957-ci ildən etibarən Akademiyanın Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədri vəzifəsində çalışıb, uzun illər boyu Azərbaycan Respublikası Elmlər Akademiyasının "Xəbərləri"nin baş redaktoru, həmçinin Zaqafqaziya xalqlarının Mədəni Əlaqələri üzrə Koordinasiya Şurasının rəhbəri olub. O, eyni zamanda uzun illər Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinin üzvü olub, "Tənqid" bölməsinə rəhbərlik edib.

Məmməd Arif ədəbiyyata ötən əsrin 20-ci illərinin əvvəllərində yazdığı şeir, hekayə və məqalələrlə qədəm qoyub. Həmin dönəmdə ədibin "Yurdsuz cocuqlar", "Son bahar təranələri", "Brodskinin boyaları", "Təyyarə və mən", "İki nəşədən biri", "Həvəs" şeirləri, "Son izdivac", "Arakəsmə", "Mal həkimi", "Tar çalınır" hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görüb, maraqla qarşılanıb.

İlk publisist məqaləsi 1923-cü ildə "Xızılı Məhəmməd Bağır" imzası ilə "Kommunist" qəzetində çap olunan Məmməd Arif eyni zamanda "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Hövsələ", "Mərsiyə xəbərləri" felyetonlarını da "Məğmun Xızılı" imzası ilə "Molla Nəsrəddin" jurnalında dərc etdirib. 1925-ci ildən başlayaraq ədəbiyyatşünas əsərlərini Məmməd Arif təxəllüsü ilə imzalayıb.

Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafında Məmməd Arif Dadaşzadənin müstəsna xidmətləri vardır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olub

Alimin 1956-cı ildə işıq üzü görən "Cəfər Cabbarlının yaradıcılıq yolu" fundamental monoqrafiyasında ilk dəfə bu yazıçının Azərbaycan ədəbiyyatı tarixində rolu dəqiq, dürüst müəyyənləşdirilib, Məmməd Arifə cabbarlışünas-alim nüfuzu qazandırıb.

"Səməd Vurğunun dramaturgiyası" (1964) monoqrafiyasında M. Arif böyük şairin dram əsərlərini müfəssəl şəkildə tədqiq edib, onların ideya və bədii-estetik xüsusiyyətlərinin bütün çalarlarını təhlil süzgəcindən keçirib oxuculara təqdim edib.

Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. Bədii söz tariximizin araşdırılması konsepsiyasının işlənib hazırlanmasında onun önəmli rolu vardır. O, 2 cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943–1944), 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1957–1960), 2 cildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" (1967) kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir

Onun və H. Hüseynovun rəhbərliyi ilə nəşr olunan "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" milli ədəbiyyatımızın geniş panoramını əks etdirən ilk yeni tipli əsərdir. Bu əsərin ədəbiyyat tariximizdən bəhs edən sonrakı araşdırmalara böyük təsiri olub. 1963-cü ildə M. Arifin rəhbərliyi və yaxından iştirakı ilə SSRİ Elmlər Akademiyasının "Nauka" nəşriyyatında Azərbaycan alimlərinin kollektiv əsəri—"Azərbaycan sovet ədəbiyyatı tarixinin oçerki" çap olunub

Ədəbiyyat tariximizdə hər birinin məzmun yükü olan problemləri ümumi düşüncə sistemimizin ayrılmaz tərkib hissəsinə çevirməyi bacaran M. Arif mütəmadi olaraq onun təbliği ilə məşğul olub.

Alimin "Azərbaycan xalqının ədəbiyyatı" kitabı (1958) Azərbaycan, rus, ingilis, fars, bolqar, erməni dillərində işıq üzü görmüşdür. Onun "Ədəbi-tənqidi məqalələr" (1958), üç cilddə "Seçilmiş əsərləri" (1967–1970), rus dilində iki cilddə "Seçilmiş əsərləri" (1972–1973), "Sənətkar qocalmır" (1980) və digər kitabları elmi, ədəbi ictimaiyyətimiz tərəfindən yüksək dəyərləndirilib.

Məmməd Arif Dadaşzadə görkəmli ictimai və dövlət xadimi idi. O, uzun müddət SSRİ-İran cəmiyyəti sədrinin müavini olmuş, iki dəfə Bakı Sovetinə deputat seçilib. 1963–1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və sədri olub.

İki dəfə "Qırmızı əmək bayrağı" ordeni (1939, 1964), "Lenin" ordeni (1971), "Oktyabr inqilabı" ordeni (1974), "Qabaqcıl maarif xadimi" nişanı (1964) və medallarla təltif edilib. 1960-cı ildə ona ""Azərbaycan SSR əməkdar elm xadimi"" fəxri adı verilib. 1974-cü ildə M. Arifin əməyinin məhsulu olan "Azərbaycan ədəbiyyatı tarixi" monoqrafiyası (rus dilində) Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb

 

Əsərləri

1. Ədəbi-tənqidi məqalələr

2. .N.Tolstoy

3. Anton Pavloviç Çexov

4. Cəfər Cabbarlının yaradıcılığı

5. Səməd Vurğunun dramaturgiyası

6. Böyük rus tənqidçisi Belinski

7. Cəfər Cabbarlı (monoqrafiya)

8. Şair Məmməd Rahim

9. Azərbaycan xalqının ədəbiyyatı

10. Azərbaycan ədəbiyyatının tarixi (rus dilində)

 

M. Arif 1975-ci il dekabrın 27-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Bakıdakı küçələrdən biri, Yazıçılar İttifaqının kitabxanası, Şurabad qəsəbəsində orta məktəb akademik Məmməd Arifin adını daşıyır.

Məmməd Cəfər alimin yaradıcılığına həsr edilən "Məmməd Arif və onun sovet ədəbiyyatı haqqında nəzəri fikirləri" oçerkini (1980), Ramin Əhmədov "Məmməd Arif (tənqid və dramaturgiya məsələləri)" kitabını (1986) yazıb. Hüseyn İsmayılov "Məmməd Arif rus ədəbiyyatının tədqiqatçısı kimi" mövzusunda namizədlik dissertasiyası (1985) müdafiə edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan incəsənət tarixində ən məşhur aktrisalar kimlər olub? Ən azı ilk beşlikdə çəkəcəyimiz bir ad var – Hökumə Qurbanova. Bu gün onun doğum günü – anadan olmasının 113-cü ildönümüdür.

 

Görkəmli Azərbaycan kino və teatr aktrisası Hökümə Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovla evli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib.

Bakı Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.

Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb.

Romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır.

 

Faciələrdəki rollar:

Hökumə xanımın Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d'Are), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri romantik faciə rolları bölümünə aiddir.

 

Psixoloji-dramatik rollar:

Bu obrazların səhnə təcəssümü prinsiplərini aktrisa Tamara ("Vaqif", Səməd Vurğun), Vəfa ("Vəfa", Rəsul Rza), Vasantasena ("Hind gözəli", Yuri Osnos və Viktor Vinnikov), Serebryakova ("Vanya dayı", Anton Çexov), Amanda ("Şüşəli heyvanxana", Tennessi Vilyams), Xədicə ("Türkiyədə", Nazim Hikmət), Gülşən ("Son gülən", Kondrat Krapiva), Sevda ("Böyük məhəbbət", Cabbar Məcnunbəyov) rollarında daha parlaq ifadə vasitələri və daha dəqiq janr ölçüləri ilə təcəssüm etdirib.

 

Tarixi-dramatik səpkili rollar:

Bu rollar  sırasına Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Zeynəb), Ənvər Məmmədxanlının "Od içində" (Reyhan), Cabbar Məcnunbəyovun "İliç buxtası" (Könül), Aleksandr Fadeyevin "Gənc qvardiya" (Valya) pyeslərinin tamaşalarındakı rollarını daxil etmək olar.

 

Yumorlu dramatik rollar:

 Bu rollar bölümü də zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını oynayıb.

 

Filmoqrafiya

1. Almaz

2. Aygün

3. Bir ailə

4. Bizim küçə

5. Bizim qəribə taleyimiz

6. Böyük dayaq

7. Cavidi xatırlarkən

8. Əhməd haradadır?

9. Əmək və qızılgül

10. Həyat öyrədir

 

Aktrisa 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq artisti adını alıb. 2 mart 1965-ci ildə isə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.

O, 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Uzaq 1943-cü ildə Moskvada Azərbaycan rəssamlarınısərgisində nümayiş olunan "Babək" əsəriböyük şöhrət qazanmışdır. Hər kəsin diqqətini cəlb edən rəsm əsəsrinin müəllifi Mahmud Tağıyev idi.

O, müstəqillik illərində bir daha Babək obrazına qayıdaraq "Babəkin çağırışı" adlı tematik əsərini ərsəyə gətirdi. Babək sevgisi həm də ümumən xalq sevgisi, vətən sevgisi hesab edilə bilər...

 

Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurub və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır. Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırıb.

Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir edib. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam edib və xüsusi olaraq tarixi portret janrına müraciət edib

Rəssamın yaradıcılığına "Əriklər" (1969), "Əncirlər" (1974), "Eyvan" (1987), "Natürmort", "Yaz gülləri" (1993), "Lalələr", "Almalar" (1993), "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" və başqa əsərlər daxildir.

Mahmud Tağıyevin Bakıda (1947-ci ildə Xalidə Səfərova ilə birgə, 1958, 1969, 1993), Moskvada (1990, 1988-ci illərdə X. Səfərova ilə birgə) fərdi sərgiləri keçirilib. Onun əsərləri Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Suriya və Misirdə sərgilənib.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

- Zaqafqaziya respublikalarının 1-ci bienallının diplomu (Tbilisi, Gürcüstan SSR)

- "Müasir Azərbaycan incəsənəti" rəssamlıq müsabiqəsinin 3-cü mükafatı (BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda təşkil olunub)

 

Rəssam barədə sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev yazır:

“M.Tağıyev istedadlı mənzərə və natürmort ustası kimi tanınır. Onun bu janrlarda yaratmış olduğu sənət əsərləri özünəməxsus bədii rəssam təxəyyülü və peşəkar işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. Şübhəsiz ki, rəssamın portret janrında yaradılmış əsərləri də onun yaradıcılığının əsas tərkib hissəsidir.

 M.Tağıyevlə Xalq rəssamı Xalidə Səfərovanı sənət yolları ilə birgə həm də ömür yolları bağlayırdı. Onlar bir ömür birgə yaşayıb-yaratmış, ölkəmizin füsunkar rayonlarına yaradıcılıq səfərləri etmiş və yaratdığı çoxsaylı əsərlərini zaman-zaman sənət adamlarının ixtiyarına təqdim etmişlər. Respublikamızda gənc rəssamların ilk qrup sərgisinin təşkili məhz M.Tağıyev və X.Səfərovanın adları ilə bağlıdır.

 1947-ci ildə açılmış sərgidə rəssamların ümumilikdə 150-dən artıq etüd, mənzərə, natürmort nümunələrinin nümayiş olunduğu qeyd edilir.

Sənətkarın portret əsərlərindən "Xalidə Səfərovanın portreti", "Avtoportret", "Qadın portreti", "Səttar Bəhlulzadənin portreti", "Səməd Vurğunun portreti", "Dünyanı qoruyaq. Oxuyur Müslüm Moqamayev", "Nizami dünyası", "Füzulinin portreti", "Dədə Qorqud" və başqalarını qeyd edə bilərik. Bu portret əsərlərinin qəhrəmanlarını nəzərdən keçirdikdə rəssamın uğurlu yaradıcılıq məharəti ilə yanaşı, onun həm də tarixi şəxsiyyətlərin, sənət adamlarının daxili mənəvi dünyalarını təcəssüm etdirmək bacarığına malik olduğunu duyuruq.

M.Tağıyevin mənzərə əsərlərindən "Ağdam mənzərəsi" (1945), "Krım. Ay-Petri" (1955), "Mingəçevir dənizi" (1957), "Mingəçevir su anbarı" (1958), "Daşkəsən. Kanat yolu" (1960), "Doğma yaylaqda" (1961), "Göyçə gölü" (1960),  "Ağrı dağı" (1961), "Quşçuluq" (1963), "Bakı, Qağayılar" (1964), "Mənim Bakım" (1971), "Turşsu" (1980) və başqalarını göstərmək olar.

Bu əsərlər bu gün bədii əhəmiyyəti ilə yanaşı, həm də özündə tarixilik, doğmalıq, təbiətə qarşı həssaslıq yaşadır. Rəssamın Qarabağa, Şuşaya, Cıdır düzünə, doğma Qarabağ təbiətinin gözəlliklərinə incə rəssam duyumu ilə yanaşaraq lirik sənət lövhələrində ustalıqla canlandırması olduqca şairanədir. Onun Qərbi Azərbaycan mənzərələri bu gün tarixi dəyər  daşıyır.

M.Tağıyev təbiəti, ilahinin yaratdığı təbii gözəllikləri və nemətləri - gülləri, ağacları, dağları, dərələri, meyvələri - sadəcə sevmirdi, həm də ilhamlanaraq, sevə-sevə kətanda tərənnüm edirdi.

 Onun çoxsaylı natürmortlarında - "Natürmort. Üzüm və meyvələr" (1957), "Çiçəklənən bağ" (1958), "Güllər və meyvələr" (1964), "Lalələr" (1965), "Ulduz çiçəkləri və meyvələr" (1965), "Bağda. Narlar" (1966), "Yemişlər və tərəvəzlər" (1966), "Azərbaycan nemətləri" (1972), "Nərgizlər" (1973) və başqalarını seyr edən tamaşaçı meyvələrin rəng çalarlarını, əlvan güllərin təravətini sanki duyur, hiss edir”.

Rəssam 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

Cümə axşamı, 11 İyun 2026 09:35

Doğma Sumqayıta daim sədaqətlə

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun haqqında danışmazdan öncə bizim üçün vacib olan bir şeyi mütləq qeyd edim – o bizilm portalın Sumqayıt təmsilçisidir, Gənclik şəhərinin mədəni həyatını günbəgün respublika səviyyəsində işıqlandırır, bundan zövq alır. İşinə daim məsuliyyətlə yanaşan, peşəkar jurnalistikada xeyli yol gəlib də əsil baqaj toplayan bir jurnalistdir, redaktordur İlhamə Məhəmmədqızı.

Bəs niyə o, bu gün rubrikamızın qəhrəmanıdır?

Əlbəttə ki, düz tapdınız – İlhamə xanımın doğum günüdür.

 

İlhamə Məhəmmədqızı 1969-cu il iyun ayının 11-də Sumqayıt şəhərində anadan olub. Əslən Borçalı mahalındandır. Borçalı mahalının Keşəli kəndində doğulan ulu babası Hüseyn Vəli oğlu 19-cu əsrin ikinci yarısında orada tanınan xeyriyəçi olub. El arasında ona Katta Söyün deyiblər. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə oxuyub.

Artıq məktəbdə oxuduğu illərdə bədii yazıları və məqalələri "Pioner", "Azərbaycan gəncləri", "Sosialist Sumqayıtı" qəzetlərində çap olunub. Məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Sumqayıt şəhər radio verilişləri redaksiyasında diktor kimi başlayıb. Bununla yanaşı, o həmçinin fəal jurnalist fəaliyyətini davam etdirib, jurnalist ixtisası üzrə işləyir.

 İlhamə Məhəmmədqızı 1990-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub və 1995-ci ildə bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib bakalavr dərəcəsi alıb. Təhsilini başa vurduqdan sonra jurnalist fəaliyyətini davam etdirib, özünə məxsus olan tərzdə bu işə yaradıcılıqla yanaşıb.

Belə ki, onun yazıları təkcə respublika mətbuatında deyil, həmçinin Gürcüstanda, İranda və daha sonra Türkiyədə də çap olunub. Müxtəlif illərdə Azərbaycanın dövri mətbuatında uğurla çalışıb. "Sintez", "Kauçuk", "168 saat", "Hər şey sizin üçün", "Borçalı", "Qafqazpress", "Azad Azərbaycan" qəzetlərində, "Azərbaycan dünyası", "İT Magazine", "Formula uspexa" jurnallarında müvəffəqiyyətlə fəaliyyət göstərib.

"İdeal Market" qəzetinin təsisçisi və Baş redaktoru, "İstedad" MMC-nin təsisçisi və Baş direktoru olur. Dünya TV-nin "Əsrin sədası" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. Dünya TV-də yayımlanan "Həmsöhbət" verilişinin müəllifi və aparıcısı, Sumqayıt şəhər İcra Hakimiyyətinin təsis etdiyi "Sumqayıt" qəzetinin məsul işçi, həmçinin, qeyd etdim, bizim "edebiyyatveincesenet.az" portalının Sumqayıt təmsilçisidir.

İlhamə Məhəmmədqızı tək jurnalist kimi deyil, həm də yazıçı, şair kimi imzası ilə tanınan, sevib-seçilən və yaradıcılıq fəaliyyətinin çox şaxəli budaqlar ilə ətrafa kölgə salan, ədəbi cameənin diqqətindən kənarda qalmayan şəxsdir. Bir sıra kitabların müəllifidir. Həmin kitablarda insan taleyi, yurd sevgisi və saf məhəbbət mövzularında qələmə aldığı bütün yazılarda onun səmimi, kövrək duyğuları sezilir.

Ulu Öndərin 100 illiyinə həsr olunmuş dövlət sifarişli "Dahinin xatirəsinə" adlı kitabın elmi redaktoru olub. Təfəkkür Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisası üzrə dərs deyibdir.

İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Uğurlu yaradıcılığına görə Həsən bəy Zərdabi mükafatı, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı, Sumqayıt şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən dəfələrlə fəxri fərman, diplom və mükafatlara layiq görülüb. Jurnalist işlədiyi müddət ərzində yüzlərlə müsahibə və reportaj hazırlamışdı. Vaxtaşırı yerli və ölkə televiziya kanallarının qonağı olur.

 

Kitabları

- Xatırla məni.

- Dərdə açma qapını.

- Möcüzə işığında.

- Söz dünyam.

- Ömrün naxışları.

- Var olsun yaxşılar və yaxşılıqlar.

- Zirvəyə doğru.

- Hikmət dünyası.

- Bəs kimə deyim.

- Bizim istedadlar.

- Xoşbəxtəm varlığımla, yaradıcılığımla.

 

Mükafatları

- Həsən bəy Zərdabi mükafatı

- "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı.

 

Elə buradanca bütün kollektivimiz adından İlhamə xanımı təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

9 -dən səhifə 2941

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.