Super User

Super User

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Qədim dövrlərdən bəri insan özünü dərk etmək, ətraf aləmlə təmas qurmaq və daxili dünyasının gizlinlərini üzə çıxarmaq üçün müxtəlif vasitələrə əl atmışdır. Lakin heç bir vasitə onun mənəvi varlığını söz qədər dəqiq, dolğun və şəffaf ifadə edə bilməmişdir. Nizami Gəncəvinin də dediyi kimi: “Sözün də su kimi lətafəti var, hər sözü az demək daha xoş olar”. Əgər su həyatın fiziki mənbəyidirsə, söz də insanın mənəvi dünyasının, düşüncə və xarakterinin güzgüsüdür. Güzgü qarşısında dayanan şəxs öz zahiri görünüşünü, geyimini, üzündəki kədər və ya sevinci necə görürsə, insanın dilindən tökülən hər bir söz də onun daxili aləmini, mənəviyyatını, tərbiyəsini və intellektual səviyyəsini eyni dəqiqliklə əks etdirir. Güzgü yalan danışmadığı kimi, fasiləsiz axan söz axını da insanın əsl mahiyyətini gizlətməyə imkan vermir. Söz insanın düşüncəsinin geyimidir; bu geyim nə qədər səliqəli, zərif və mənalı olarsa, daxili dünya da bir o qədər zəngin görünər.

 

Sözün bu şəffaf əks etdirmə xüsusiyyəti, ilk növbədə, fərdi müstəvidə – şəxsiyyətin və xarakterin təcəssümündə özünü büruzə verir. Çünki söz yalnız səs dalğalarının toplusu deyil, həm də fikrin, duyğunun və dünyagörüşünün formalaşmış təzahürüdür. Bir insanın istifadə etdiyi söz ehtiyatı, seçdiyi ifadələr, nitqinin tonu və vurğusu onun kimliyini müəyyən edən əsas göstəricilərdir.

Aristotelin “Danış, səni görüm” kəlamı tam da bu məqama toxunur. İnsan susduğu müddətdə onun daxili aləmi başqaları üçün qapalı bir sandıqdır. Lakin o, danışmağa başladığı andan etibarən sandığın qapağı açılır və daxildəki cavahirat və ya lazımsız qırıntılar hər kəsə bəyan olur. 

İnsanın nitq mədəniyyəti ilə daxili dünyası arasındakı bu qırılmaz bağ həm nəzakət və əxlaq, həm də zəka müstəvisində reallaşır. Xeyirxah, həssas və nəzakətli bir insanın sözləri onun daxili istiliyini əks etdirir; belə şəxslər qarşısındakını incitməmək üçün ifadələrini diqqətlə seçir, sözün ağırlığını tərəziyə qoyurlar. Əksinə, kobud, qəzəbli və ya riyakar insanların nitqindəki təhqiramiz və yalan ifadələr onların qarşıdakı insana münasibətindən çox, öz daxili natamamlıqlarının və mənəvi aşınmalarının göstəricisidir. Eyni zamanda, düşüncənin dəqiqliyi nitqin dəqiqliyini şərtləndirir. Aydın, məntiqi və ardıcıl danışan insan nizamlı təfəkkürə sahib olduğu halda, məntiqsiz və dağınıq söz yığını zəkanın tənbəlliyinə və daxili xaosuna işarə edir. Bu baxımdan söz, qarşı tərəfə ötürülən güclü bir enerjidir. Xoş söz insanı ruhlandıra, ona yaşamaq və yaratmaq həvəsi verə bildiyi halda, ehtiyatsız söylənilmiş acı bir söz ürəkdə dərin yaralar aça bilər. İmadəddin Nəsiminin və Məhəmməd Füzulinin poeziyasında sözün qüdrəti, onun ruhu müalicə edən və ya məhv edən gücü dəfələrlə tərənnüm olunmuşdur.  

Fərdlərin daxili dünyasını şəkilləndirən və ifadə edən bu güc, təbii olaraq fərdi çərçivədən çıxaraq cəmiyyət və mədəniyyət müstəvisinə adlayır. Çünki dil bütöv bir cəmiyyətin mənəvi pasportudur; bir xalqın dildə saxladığı, yaşatdığı və gündəlik həyatda istifadə etdiyi sözlər onun tarixi keçmişini, dəyərlər sistemini və dünyagörüşünü göstərir. Bu mənəvi pasportun ən parlaq mənzərəsi ədəbiyyatda və cəmiyyətin ümumi dil mədəniyyətində görünür. Bir millətin ədəbiyyatı onun mənəvi güzgüsüdür; şair və yazıçıların qələmə aldığı sözlər dövrün ictimai-siyasi iqlimini, cəmiyyətin dərdlərini və arzularını özündə yaşadır. "Kitabi-Dədə Qorqud" boylarındakı, Molla Pənah Vaqifin qoşmalarındakı və ya Mirzə Ələkbər Sabirin satiralarındakı sözlər öz dövrünün canlı mənzərəsini bugünkü nəslə ötürən güzgülərdir. Paralel olaraq, gündəlik həyatda istifadə olunan leksikon, jargonlar və dilə daxil olan yad ifadələr sosial mühitin keyfiyyətindən xəbər verir. Dilin korlanması, arxaikləşməsi və ya kobudlaşması cəmiyyətdə mənəvi dəyərlərin zəifləməsinin birbaşa təzahürüdür. Sözün qədrini bilməyən cəmiyyətlərdə qarşılıqlı hörmət və etibar da tədricən itir.

Lakin cəmiyyətin və fərdin bu mənəvi güzgüsü müasir dövrün gətirdiyi texnoloji yeniliklər qarşısında ciddi sınaqla üz-üzə qalmışdır. İnformasiya texnologiyalarının və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi rəqəmsal əsrdə sözün çəkisi və məsuliyyəti ciddi dəyişikliyə uğramış, bir növ "çatlamış güzgülər" mühiti yaranmışdır. Əvvəllər bir söz demək üçün uzun-uzadı düşünülər, "sözü ağzında bişirib sonra çıxarmaq" prinsipinə riayət olunardısa, bu gün sosial media platformalarında düşünülmədən yazılan və paylaşılan minlərlə söz klaviaturanın bir toxunuşu ilə milyonlara çatır. Bu sürət və anonimlik sözün "güzgü" funksiyasında dərin təhriflər yaradır. İnsanlar virtual aləmdə öz real şəxsiyyətlərini gizlətməyə çalışaraq saxta sözlər, nifrət nitqi və süni təriflər arxasında gizlənirlər. Lakin bütün təhriflərə baxmayaraq, virtual mühitdəki aqressiya, dezinformasiya və səthi münasibətlər də bir güzgüdür – bu xaos müasir insanın daxili tənhalığını, mənəvi boşluğunu və diqqət aclığını, dövrümüzün mənəvi böhranını bütün çılpaqlığı ilə ortaya qoyur. 

Nəticə etibarilə, "Söz güzgüdür" ifadəsi sadə bir bədii təşbeh deyil, həyatın, fərdin və cəmiyyətin dərininə işləyən fəlsəfi bir həqiqətdir. İnsanın dilindən çıxan hər bir kəlmə onun kimliyinin, tərbiyəsinin, vicdanının və zəkasının möhürüdür. Biz başqalarını mühakimə edərkən və ya özümüzü təqdim edərkən unutmamalıyıq ki, işlətdiyimiz hər bir ifadə ilk növbədə öz daxili dünyamızı qarşı tərəfə sərgiləyir. Ləkəli bir güzgü obyekti düzgün göstərmədiyi kimi, saxta, qərəzli və natəmiz sözlər də insanın həqiqi mənzərəsini təhrif edir. Özünü dərk etmək, cəmiyyətdə hörmət qazanmaq və mənəvi saflığı qoruyub saxlamaq istəyən hər bir fərd ilk növbədə öz nitqinə, söz seçiminə diqqət yetirməlidir. Böyük Füzuli demişkən “Artıran söz qədrini sidq ilə qədrin artırar”.

 Söz güzgüsünü şəffaf, təmiz və ləkəsiz saxlamaq həm özümüzə, həm də mənsub olduğumuz cəmiyyətə qarşı ən böyük mənəvi borcumuzdur. Çünki düzgün söz düzgün insanın, düzgün insan isə sağlam cəmiyyətin əsasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2026)

 

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

24 sentyabr 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin anım günü qeyd edilib.

 

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksində Şəhidlərin xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri düzərək onları yad etmiş, ruhlarına dualar oxunmuşdur. Ağdam Muğam Mərkəzində davam edən mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli lider Heydər Əliyevin, Milli Qəhrəman Fazil Mehdiyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Milli Qəhrəmana həsr olunmuş sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Milli Qəhrəman Fazil Mehdiyevin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə və Milli Qəhrəmanların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açmış, Milli Qəhrəman Fazil Mehdiyevin əziz xatirəsinin Ağdam ictimaiyyəti tərəfindən daim ehtiramla yad ediləcəyini qeyd etmişdir. Digər çıxış edən natiqlər Milli Qəhrəman Fazil Mehdiyevin Vətən qarşısındakı xidmətlərindən bəhs edərək onun qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirmişlər. Qeyd edilmişdir ki, şəhidlərin və Milli Qəhrəmanların həyat və döyüş yolunun təbliği gənc nəslin milli-mənəvi dəyərlərə və Vətənə bağlı ruhda formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Sonda Milli Qəhrəmanın qardaşı Azər Mehdiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2026)

Cümə, 25 Sentyabr 2026 11:08

Zarafat deyil, bu adam Maykl Duqlasdır

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Michael Douglas (Maykl Duqlas) — ABŞ kino tarixinin ən tanınmış aktyor və prodüserlərindən biridir. O, xüsusilə psixoloji dram, triller, kriminal və siyasi mövzulu filmlərdə yaratdığı mürəkkəb obrazlarla seçilib. Uzunmüddətli karyerasında həm aktyor, həm də prodüser kimi böyük uğurlar əldə edib.

 

Michael Douglas 25 sentyabr 1944cü ildə anadan olub.

 Kino dünyasına təsadüfən gələn insanlardan olmayıb. O, Hollivudun əfsanəvi aktyorlarından biri olan Kirk Douglasın oğludur. Lakin atasının məşhurluğunun kölgəsində qalmaq əvəzinə, öz karyerasını müstəqil şəkildə qurmağa çalışıb. Uşaqlıq və gənclik illərində atasının kino dünyasındakı şöhrətini yaxından görsə də, özünü yalnız “Kirk Douglasın oğlu” kimi tanıtmaq istəmirdi.

O, Kaliforniya Universitetində, Santa Barbarada təhsil alıb və aktyorluq sənətinə ciddi şəkildə hazırlaşıb. İlk aktyorluq illəri Douglasın aktyorluq karyerası 1960-cı illərdə başladı. İlk illərdə daha çox televiziya layihələrində və kiçik film rollarında çıxış edib. Onun erkən karyerasında ən mühüm layihələrdən biri “The Streets of San Francisco” televiziya serialı olub. 1972–1976-cı illərdə yayımlanan serialda Douglas detektiv Steve Keller obrazını canlandırıb.

Bu layihə ona geniş auditoriya qazandırıb və Hollivudda daha ciddi rollar almağa başlamasına imkan yaradıb. Michael Douglasın karyerasında ən mühüm dönüşlərdən biri onun prodüser fəaliyyətinə keçməsi olub. 1975-ci ildə o, atasının əvvəlcə aldığı, lakin daha sonra Michaelın üzərində işlədiyi “One Flew Over the Cuckoo’s Nest” filminin prodüserlərindən biri olub. Film böyük uğur qazanıb və 9 “Oscar” nominasiyasından 5-ni əldə edib.

Bunların arasında Ən yaxşı film mükafatı da vardı. Michael Douglas və Saul Zaentz filmin prodüserləri kimi “Oscar” aldılar. Bu hadisə Douglas üçün çox mühüm idi: o, artıq yalnız aktyor deyil, kino layihələrinin yaradılmasında mühüm rol oynayan prodüser kimi də tanınıb.  Michael Douglasın adını kino tarixində xüsusi yerə qoyan rollardan biri Gordon Gekko obrazıdır.

1987-ci ildə Oliver Stone-un çəkdiyi “Wall Street” filmində Douglas maliyyə dünyasının amansız və ambisiyalı biznesmeni Gordon Gekkonu canlandırıb. Gekko pul, güc və uğura həddindən artıq bağlı olan bir xarakterdir. Michael Douglas obrazın soyuqqanlılığını, özünəinamını və manipulyativ davranışlarını çox təsirli şəkildə göstərib. Bu rol ona 1988-ci ildə “Ən yaxşı aktyor” üzrə “Oscar” qazandırıb.

Akademiyanın arxivində Douglasın “Wall Street” filmindəki qalibiyyəti ayrıca qeyd olunur. Gordon Gekko sonradan populyar mədəniyyətdə Wall Street və maliyyə dünyasının simvollarından birinə çevrilib.

 

Michael Douglasın ən tanınmış filmləri:

- One Flew Over the Cuckoo’s Nest — Ququ yuvası üzərindən uçuş

- The China Syndrome — Çin sindromu

- Romancing the Stone — Daşla romantika

- The Jewel of the Nile — Nilin ləl-cəvahiratı

- Fatal Attraction — Ölümcül cazibə

- Wall Street — Uoll-strit

- The War of the Roses — Qızılgüllərin müharibəsi

- Basic Instinct — Əsas instinkt

- Falling Down — Çöküş

- The American President — Amerika prezidenti

- The Game — Oyun

- A Perfect Murder — Mükəmməl qətl

- Wonder Boys — Möcüzə oğlanlar

- Traffic — Trafik

- Solitary Man — Tənha adam

- Behind the Candelabra — Şamdanların arxasında

- Ant-Man — Qarışqa-adam

 

1987-ci ildə çəkilmiş “Fatal Attraction” Michael Douglasın ən məşhur psixoloji trillerlərindən biridir. O, filmdə ailəli bir kişinin qısa müddətli münasibətindən sonra həyatının təhlükəli şəkildə dəyişməsini göstərən Dan Gallagher obrazını oynayır. Film böyük kommersiya uğuru qazanıb və Douglasın gərginlik və psixoloji dram janrında aparıcı aktyorlardan biri kimi mövqeyini möhkəmləndirib.

1992-ci ildə çəkilmiş “Basic Instinct” filmində Douglas detektiv Nick Curran rolunu canlandırıb. Film kriminal sirr, psixoloji gərginlik və istintaq elementlərini birləşdirib. Douglasın yaratdığı detektiv obrazı onun karyerasında ən yadda qalan rollardan biri olub. 1997-ci ildə çəkilən “The Game” filmində Douglas varlı iş adamı Nicholas Van Orton obrazını canlandırıb. Film insanın reallıqla illüziya arasındakı sərhədi itirməsi üzərində qurulmuş psixoloji triller idi.

Douglas burada sakit və nəzarətli görünən, lakin hadisələrin inkişafı ilə psixoloji cəhətdən sarsılan bir insanı canlandırıb. Televiziya karyerası

Sonrakı illərdə Michael Douglas televiziyada da uğurlu çıxışlar edib. Ən diqqətçəkən layihələrindən biri “The Kominsky Method” serialıdır. Burada o, aktyorluq müəllimi Sandy Kominsky obrazını canlandırıb. Bu rol ona yeni nəsil tamaşaçılar tərəfindən də geniş tanınmaq imkanı verib.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2026)

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

3-CÜ DƏRC                                                          

                                                                                 

Mən Əfqanıstanda iki il işlədim. Oradakı həyatın öz qayda-qanunları vardı. Onlara riayət edib, şəraitə uyğun yaşayıb, kənara çıxmamaq lazım idi. Qaydanı pozanlar ya vaxtı başa çatmamış geri göndərilir, ya da müqaviləsi uzadılmırdı. İnsana inam, etibar kimi keyfiyyətlərin sınağı idi orada işləmək. Ən böyük tərif isə “Səninlə kəşfiyyata getmək olar” sözlərini qazanmaq idi. İlk dəfə orada peşəmin lazımlı olduğunu hiss etdim. Mənə müraciət edir, mənimlə məsləhətləşirdilər. Mən yenidən özümə inanmağa başladım...  

Kabildə müqavilə müddətimiz sona yaxınlaşdıqca departamentin işçiləri, klinikanın, uşaq bağçasının personalı təəssüfləndiklərini bildirir, üçüncü ilə də qalmağımızı xahiş edirdilər. Əslində, müqaviləmizin vaxtını uzada bilərdik. Lakin bilirdik ki, vətəndə bizi nigarançılıq içində, səbirsizliklə gözləyən valideynlərimiz, övladlarımız  var.

Bir göz qırpımında keçən Əfqanıstan həyatımdan mənə saysız-hesabsız xatirələr qalıb. Əfqanlarla vidalaşdığımız günü xatırlayıram. Bağça müdirəsindən tutmuş körpələr evinin sanitarına, klinikanın işçilərinə kimi hamı özündən nəsə nişanə qoymaq üçün hədiyyə bağışlamaqda bir-birləriylə yarışa girmişdilər. İndi də baxanda hər bir hədiyyədə onların sevgi dolu gözlərini görürəm.

Qayıtmağıma bir neçə gün qalmış səhər tezdən eyvana çıxarkən gördüyüm göy qurşağının ecazkar gözəlliyi mənə sanki ümidli sabahdan xəbər verirdi. Bir-birinə hörülmüş yeddirəngli (qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi) bu heyrətamiz təbiət möcüzəsini ilk dəfə idi belə aydın, yaxından görürdüm. İnanmaq istədim gələcək sabaha...

Bu ərəfədə eşitdik ki, klinikanın əczaçısı əl falına baxır. Ortayaşlı, nurüzlü əfqanın xiromantlıq bacarığından gec xəbər tutmağımıza heyifsilənsək də, onun bu məharətindən bəhrələnməyə macal tapdıq. Onun mənə dediklərindən: “Sən tanınmış, çox nüfuzlu adamla ailə həyatı quracaqsan. Onun 2 uşağı olacaq. Səni çox istəyəcək...”. İnanıb-inanmamağımdan asılı olmayaraq falçının dedikləri yaddaşıma həkk olundu...

Səninlə görüşümüzə bir il qalırdı...

Sovet dönəmində “əfqanlar”a hörmətlə yanaşılır, bir çoxlarına yüksək vəzifə etibar edilirdi. “Əfqanıstan veteranı” vəsiqəsinin də öz çəkisi var idi. Əfqanıstanda sovet ordusu sıralarında olan azərbaycanlı əsgərlərin bir çoxu Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş, onlardan on yeddi nəfəri Milli Qəhrəman adına layiq görülmüşdü. 

1987-ci il iyulun sonunda bizim qrup Kabildən Moskvaya döndü. Avqustun 2-si, qızımın ad günüdür, 10 yaşı tamam olur. Mütləq onun yanında olmalıyam, onu daha intizarda qoya bilmərəm. Düşündüyüm kimi də alındı. “Şeremetyevo” beynəlxalq hava limanında məni eynən bir il qabaq məzuniyyətə gəldiyim vaxt olduğu kimi atam, anam, qızım qarşıladılar. Qaldığımız “Rossiya” mehmanxanasında  (çox sevdiyim bu mehmanxana, təəssüf ki, 2006-cı ildə söküldü) atam anamla özünə, mənimlə qızıma ayrı-ayrı nömrələr götürmüşdü.

Avqustun 1-də atam dedi: “Dostlarından kimləri istəyirsən sabah axşam saat yeddidə “Rossiya” restorana dəvət et”. Yaddaqalan, şən bir ad günü keçirtdik avqustun 2-də. Eynən Qeorqiy Daneliyanın “Mimino” filmindəki kimi, musiqiçilər Mirvarini təbrik etdilər: “Pozdravlyaem s dnem rojdeniya naşu qostyu iz solneçneqo Baku” (“Günəşli Bakıdan olan qonağımızın ad gününü təbrik edirik”). Təbrikin ardınca dünyaca məşhur Azərbaycan mahnısını – Qəmbər Hüseynlinin “Cücələrim”ini çaldılar. Bütün zal oynadı. Mirvari xoşbəxt idi o gün. Mən gedəli atamın, anamın, bacımın hədsiz sevgisi, diqqəti, qayğısı əhatəsində olan qızımı indi hər sözümlə, nəvazişimlə, davranışımla, hədiyyələrlə mənsizləşmiş könlünü almağa çalışırdım...

Moskvadan Bakıya qayıtmaya da bilərdim. Orada qalıb işləmək üçün təklif də vardı, imkan da. Olqa da Moskvada qalmağımı çox istəyirdi. Özümün də qalmaq istəyim olduğu halda Bakıya qayıtdım. Sanki hansısa gözəgörünməz qüvvə məni Bakıya çəkirdi. Sonra biləcəkdim ki, bu qüvvə Sən imişsən. Səninlə birgə sürəcəyimiz ömür imiş. Səndən eşidəcəyim “Mən ömrüm boyu səni gözləmişəm” etirafı imiş. Bizim alın yazımız imiş...

Bakıya qayıtdıqdan sonra mən əvvəlki iş yerimdə – ASSR EA-nın (indiki AMEA) Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsində çalışmağa başladım. Şöbənin müdiri tarix elmləri doktoru Şövkət xanım Tağıyeva idi. Bu təvazökar xanım bütün ömrünü Cənubi Azərbaycan tarixinin araşdırılmasına həsr etmişdi. Şöbədə həmişə onu üstünə kitablar düzülmüş yazı masasının arxasında, başı aşağı nəsə yazıb-oxuyan görmək olurdu. Bəzən mənə elə gəlirdi ki, onun başı elə evində də oxuyub-yazmaqdan qalxmır. Şövkət xanım institutda heç kəsə qaynayıb qarışmaz, bütün söz-söhbətlərdən uzaq gəzərdi. Soyuq adam təsiri bağışlayan bu xanımın içində həssas, kövrək ürəkli qadın yatırdı. İçində həbs etdiyi bu keyfiyyətləri sanki üzə çıxarmağa çəkinirdi. Şövkət xanımın elmi işləri və özüylə tanış olan Əbülfəz Elçibəy onu bir gözəl alim, zərif, sədaqətli Azərbaycan xanımı kimi yüksək qiymətləndirirdi.

1988-ci ilin fevral ayı idi. Şöbədə Şövkət xanımın dissertantı Vidadi Mustafayevin namizədlik işinin müzakirəsi keçirilirdi. Fasilədə şöbənin bir neçə işçisinin Cavanşirin başına yığışdığını gördüm. Onlar böyük maraqla bir kitaba baхırdılar. Kitabla maraqlandım. Kimsə dedi ki, Azərbaycanın şair və yazıçıları haqda məlumat kitabçasıdır. Cavanşir Sənin şəklini mənə göstərib qürurla: “Bax, bu mənim əmim oğludur, yəqin tanıyırsan”, – dedi. Üstəlik şairliyini, insanlığını da təriflədi. Biləndə ki, mən Səni tanımıram, çoх təəccübləndi, həm də bir qədər hirsləndi. Sakitləşsin deyə, dedim: “Caz həvəskarları klubu”nu aparmağından хoşum gəlir. Qardaşım da onu tanıyır. Deyir: “On qenialnıy poet ” (O, dahi şairdir). Cavanşirə o an sanki görücülük qabiliyyəti verildi və o, gözlənilmədən dedi: “Bilirsən nədir, gəl, sizi tanış edim. Siz bir-birinizə çox oxşayırsınız. Taleyiniz, xasiyyətiniz. Həm də sənin adi adamlar xoşuna gəlmir axı. Vaqif isə əsl sənin adamındır...”.  

“Dəli olmusan, məni heç kəslə tanış etmək lazım deyil”, – deyib bir az hirsləndim. Ancaq Cavanşir düz deyirdi. Məni həmişə heç kəsə bənzəməyən, başqalarından fərqli, maraqlı insanlar cəlb edib. Adətən belələri hər cəhətdən qabiliyyətli, istedadlı olurlar. Xarizmatik olurlar. Ancaq mürəkkəb olurlar. Təbiətin Səndən əsirgəmədiyi xüsusiyyətlər... 

Müzakirə qurtarandan sonra Cavanşir yenidən bu söhbətə qayıtdı. Deyəsən, etdiyi təklif özünə də maraqlı gəlmişdi. Getməyə hazırlaşdığımız vaxt Cavanşir tez-tələsik Sənin ev nömrəni yığıb: “İndi səninlə gözəl bir xanım danışacaq”, – deyərək, dəstəyi mənə uzatdı. Cavanşirin bu inadkarlığı mənə gülməli gəldi. Gülə-gülə dəstəyi götürüb: “Siz Allah, üzürlü sayın, – dedim, Cavanşirin oyunlarıdır”. Dəstəyə çökən sükutdan sonra: “Biz sizinlə mütləq sonra danışarıq”, – cavabını eşitdim. Öz-özlüyümdə fikirləşdim: “Mən niyə onunla danışmalıyam?” 

Aranızda həmişə böyük-kiçik söhbəti olduğundan, Cavanşirin belə bir təklif etməsi Səni çoх təəccübləndirmişdi. Buna görə də axşam ona zəng edərək bu söhbətlə maraqlanmısan. Cavanşir də məni, ailəmi Sənə xeyli tərifləyib, qardaşım bəstəkar Mobil Babayevi tanıdığını deyib. Sənin ona: “İndi çox məşğulam, sonra bu haqda danışarıq”, – deməyin isə məni özümdən çıxartmışdı. Odur ki, Cavanşirə Səninlə bu haqda danışmağı qadağan etdim. Buna baxmayaraq, Cavanşir vaxtaşırı bu mövzuya qayıtmağı elə bil özünə borc bilirdi. Düzü, Cavanşirin bu canfəşanlığı məndə də Sənə qarşı maraq oyatmağa başlamışdı. Ancaq yaradıcı adamların adətən içkiyə meyilli olmaları və aramızda olan yaş fərqini səbəb gətirərək, Cavanşirə bu fikrindən əl çəkməsini təkid edirdim. 

Bu arada Sənin AzTV-də qardaşım Mobili görəndə onun üzünə böyük maraqla, diqqətlə baxaraq məni təssəvvür etmək istəyin gülməli bir səhnə yaradıb. Sənin baxışlarından təəccüblənən Mobil: “Vaqif, nəsə olub?” – deyə soruşub.

Qardaşım Mobil Babayevlə Sən Azərbaycan Kinostudiyasında çalışdığınız dövrdən tanış idiniz. Sən o zaman “Azərbaycanfilm” kinostudiyasında ssenari emalatxanasında ssenarist, Mobil musiqi redaksiyasında baş redaktor idi. 1985-ci ildə AzTV-də “Caz həvəskarları klubu” verilişi yenidən sizi bir araya gətirmişdi. Sən o zaman çoх populyar olan bu verilişin aparıcısı, Mobil isə redaktoru idi. Bu veriliş Azərbaycanda caz musiqisinin təbliğində əvəzsiz rol oynadı.

Bilirsən, “Asan radio” bu yaxınlarda dinləyicilər arasında sorğu keçirmişdi: “Ötən illərin ən yaddaqalan aparıcısı kim olub?” Xatırlanan adlar içində Sənin adını eşidəndə gözlərim doldu. 30 ildən çox vaxt ötsə də, tamaşaçını məftun edən xarici görünüşün, heç kəsə bənzəməyən sadə, aram, səmimi, sərbəst danışığın unudulmayıb...                       

Səninlə Mobilin birgə yazdığınız “Sən gələndə” mahnısını mən ilk dəfə Kabildə eşitmişdim. 1986-cı ildə Moskva kanalı ilə nümayiş olunan “Bircəciyim” filmində Mübariz Tağıyevin bənzərsiz ifasında. Vətəndən uzaqlarda əsl doğmalıq yaşadım – musiqi, söz, ifa doğmalığını. Sonralar mənə dedin ki, sənin gəlişini hiss etdiyimdən, o sözləri  yazmışdım. Bu sözlər zarafatyana söylənsə də, zaman onların doğru olduğunu sübut etdi…         

                     ... Sən gələndə

          Çiçəklər açılardı,          

          Sən gələndə

         Daşlar da gül açardı,

         Sən gələndə  

         Kədər məndən qaçardı...

Bu gün “Sən gələndə” mahnısını gənc müğənni Samirə Əfəndiyeva oxuyur. Onun ecazkar ifasında səslənən bu mahnıda indi mən öz səsimi eşidirəm... 

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)                                                                                                    

 

Cümə axşamı, 24 Sentyabr 2026 15:34

Doğum gününüz mübarək, ölümsüzlər!

"Mənim bir sevgilim var, o da Vətəndir!": Şəhid Gizir Mikayıl Mikayıllı

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canını fəda edən, 44 günlük Vətən müharibəsində Murovdağın əlçatmaz zirvələrində qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) diversiya qrupunun giziri Mikayıl Miğfər oğlu Mikayıllı olmuşdur. O, həm peşəkarlığı, həm də ailəsinə bəslədiyi dərin bağlılığı və vətənpərvərliyi ilə seçilən unudulmaz bir hərbçi idi.

 

Erkən illəri və çətinliklərlə yoğrulan gəncliyi

Mikayıl Mikayıllı 24 sentyabr 1993-cü il tarixində Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuşdur. İlk təhsilini 1999–2010-cu illərdə F. Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində almışdır.

Hələ məktəb illərindən idmana və hərb sənətinə böyük həvəs göstərən Mikayıl, müxtəlif idman yarışlarında fəal iştirak edərək fəxri fərmanlara layiq görülmüşdü. Lakin 2009-cu ildə, o hələ yeniyetmə ikən atasını vaxtsız itirməsi ailənin bütün maddi və mənəvi yükünü onun gənc çiyinlərinə qoydu. Anasının israrı ilə ali məktəb imtahanlarına hazırlaşsa və qəbul olunsa da, o, uşaqlıq amalı olan hərbçi olmaq arzusunun ardınca getməyi üstün tutdu və ali təhsilini davam ettirmədi.

 

"Vətən sevgisi" və hərbi karyerası

Həqiqi hərbi xidmət borcunu uğurla başa vurduqdan cəmi üç ay sonra o, sənədlərini Müdafiə Nazirliyinə təqdim etdi. Çətin və dözümlülük tələb edən xüsusi hazırlıq kurslarını uğurla keçərək "Gizir" hərbi rütbəsini qazandı.

Mikayıl kəşfiyyat bölmələrində və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) diversiya qrupunda xidmət etməyə başladı. Hərbi xidməti dövründə tabeliyindəki əsgərlərinə qarşı yüksək qayğıkeşliyi ilə tanınan Mikayıl, anası ilə hər danışığında onun evlilik təkidlərinə qarşı hər kəsin yaddaşına həkk olunan o məşhur cümləni deyərdi: “Mən evlənməyəcəm, ana. Mənim bir sevgilim var, o da Vətəndir!”

 

 

Murovdağ əməliyyatı və şəhadəti

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan ilk gündən gizir Mikayıl Mikayıllı XTQ tərkibində ən strateji və çətin cəbhə xəttinə — Murovdağ istiqamətinə yeridildi.

O, sıldırım qayalıqlarda, dumanlı və kəskin iqlim şəraitində düşmənin illərlə qurduğu keçilməz istehkamlarının darmadağın edilməsində, canlı qüvvəsinin və postlarının sıradan çıxarılmasında fəal rol oynadı. 30 sentyabr 2020-ci il tarixində Murovdağ silsiləsi uğrunda gedən son dərəcə şiddətli və qanlı əlbəyaxa döyüşlər zamanı döyüş tapşırığını son damla qanına qədər yerinə yetirərək qəhrəmancasına şəhid oldu.

Şəhidimizin nəşi doğulduğu Qəbələ rayonunun Mıxlıqovaq kənd qəbiristanlığında böyük bir izdiham və hərbi ehtiramla torpağa tapşırılmışdır.

 

Dövlət təltifləri

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, gizir Mikayıl Miğfər oğlu Mikayıllı ölümündən sonra ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı göstərdiyi rəşadətə görə aşağıdakı dövlət medalları ilə təltif edilmişdir:

"Vətən uğrunda" medalı

"Kəlbəcərin azad olunmasına görə" medalı (Murovdağ əməliyyatlarının Kəlbəcər istiqamətinə çıxışını təmin etməsi mühüm hərbi nailiyyət idi)

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan musiqi mədəniyyətinin və kino sənətinin zirvə nöqtələrindən biri sayılan, yarım əsrə yaxındır ki, aktuallığını və akustik sarsıtma gücünü itirməyən bir şah əsər var: "Bağışla". Bu əsər sadəcə bəstəkar yaradıcılığı deyil; poeziyanın mistik fəlsəfəsi, kinonun vizual dramaturgiyası və vokal ifaçılığının psixoloji teatrlaşdırılması sənətinin mükəmməl vəhdətidir.

 

Yaradıcı elita: üç dahinin ortaq ahəngi

Mahnının milli yaddaş koduna çevrilməsinin ilkin şərti onun arxasında dayanan yaradıcı elitanın intellektual səviyyəsi idi:

Melodiyanın memarı: Azərbaycan lirik kino musiqisinin dahi ustadı, hər notu ilə insan qəlbinin xəritəsini çəkən Emin Sabitoğlu.

Sözlərin fəlsəfi fədaisi: İnsan psixologiyasının ən ziddiyyətli tərəflərini qələmə alan, Azərbaycan poeziyasının vizual şairi, Xalq şairi Ramiz Rövşən.

Vokal teatrın primadonnası: Özünəməxsus dramatik səs tembri, akademik vokal qaydalarını alt-üst edən emosional pıçıltı ustadı, Xalq artisti Flora Kərimova.

 

İlk beşik: "Onun bəlalı sevgisi" filmi (1980)

Bir çox kütləvi mənbələrdə mahnının yalnız teletamaşaya aid olduğu zənn edilsə də, əsərin ilk və rəsmi "doğum şəhadətnaməsi" 1980-ci ildə kinorejissor Ziyafət Abbasovun ekranlaşdırdığı "Onun bəlalı sevgisi" tammetrajlı bədii filminə məxsusdur.

Film, görkəmli yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında çəkilmişdir. Süjet gənc sosioloq Bəhruz və tikiş fabrikinin gənc direktoru Şövkət arasında cərəyan edən, dövrün cəmiyyət normaları ilə toqquşan ziddiyyətli məhəbbəti canlandırır.

Rejissor Ziyafət Abbasov filmdəki daxili sarsıntıları, insanların bir-birinə deyə bilmədiyi peşmanlıqları vizual kadrlarla deyil, musiqi dili ilə ifadə etmək üçün Emin Sabitoğluna müraciət edir. Emin Sabitoğlu isə Ramiz Rövşənin gənclər arasında əl-əl gəzən "Bağışla" şeirinin poetik ağırlığını hiss edərək, ona minor akkordları üzərində qurulmuş ağır, lakin axıcı bir melodiya bəstələyir. Filmdə Flora Kərimovanın ifasında səslənən bu ilk orijinal versiya, qəhrəmanların çarəsiz ayrılığının rəsmi rekviyeminə çevrilir.

 

Ekrandan ekrana transfer: trilogiyanın "bağışla" cildi (1983)

Mahnının bəsit bir kino musiqisi çərçivəsindən çıxıb bütün ölkənin ortaq ağrısına çevrilməsi prosesi Azərbaycan televiziyasının şah əsəri olan məşhur sevgi trilogiyası ilə tamamilə yeni bir mərhələyə qədəm qoyur. Rejissor Tariyel Vəliyev və dramaturq Aslan Qəhrəmanov bu mahnını sadəcə bir arxa fon musiqisi kimi deyil, ekran əsərinin struktur sütunu kimi istifadə edirlər:

"Səni axtarıram" (1981): Trilogiyanın bu ilk hissəsində musiqi tamaşanın finalında, Elçin (Yaşar Nuri) və Gülnarın (Firəngiz Mütəllimova) o unudulmaz vağzal və qatar kadrında səslənir. Ayrılığın verdiyi sarsıntı Flora Kərimovanın səsi ilə birləşərək tamaşaçının yaddaşına əbədi həkk olunur.

"Bağışla" (1983): İlk hissənin finalındakı musiqinin yaratdığı nəhəng ictimai və bədii rezonans ssenarinin strukturunu dəyişir. 1983-cü ildə çəkilən ikinci hissə birbaşa mahnının adı ilə "Bağışla" adlandırılır. Bu dəfə kompozisiya filmin sonunda deyil, tamaşanın elə ilk saniyələrində — başlanğıc titrlərində proloq (açılış musiqisi) kimi səsləndirilir. Rejissor bununla tamaşaçını ilk andan etibarən peşmanlıq, gecikmiş etiraf və bağışlanma intonasiyasına kökləyir. Musiqi vizual olaraq ekran əsərinin rəsmi vizit kartına və ideya daşıyıcısına çevrilir.

 

Poetik fəlsəfə: "günahkar olmadan günahkar olmaq"

Mahnının mətni sadə bir sevgi ismarışı deyil. Ramiz Rövşən poeziyası burada insan psixologiyasının ən qaranlıq künclərini işıqlandırır:

"Desəm ki, sevmirəm, gəl, mənə inanma...

Bağışla, bağışla, məni bağışla..."

Buradakı "Bağışla" sözü bir səhvə görə əfv diləmək deyil. Bu, "səni sevdiyim halda, həyatında qala bilmədiyim üçün, səni özümlə bədbəxt etməmək üçün getməyə məhkum olduğuma görə məni bağışla" fəlsəfəsidir. Şair insanın çarəsizliyini elə bir dillə verir ki, dinləyici həm filmdəki Şövkətin, həm də teletamaşadakı Gülnarın daxili intiharını bu misralarda hiss edir.

 

Flora Kərimova faktoru: ifanın psixoloji dramaturgiyası

Mahnını bu günə qədər toxunulmaz edən ən böyük meyar Flora Kərimovanın vokal yanaşmasıdır. O, bu əsəri sadəcə akademik təmizliklə, not xatirinə oxumayıb:

Pıçıltı və Qəhər: Flora xanım mahnının bəndlərini oxumur, sanki qaranlıq bir otaqda öz-özünə pıçıldayır. Səsin qəhərlə qırıldığı məqamlar bilərəkdən lent yazısında saxlanılıb, çünki o anlar real insan ağrısının səs dalğalarıdır.

Kulminasiya partlayışı: Mahnının orta hissəsində səsin qəfil ucalması və ardınca gələn dərin minor enişi, dinləyicidə sadəcə estetik zövq deyil, katarsis (mənəvi təmizlənmə və sarsıntı) yaradır. Məhz bu vokal dramaturgiya mahnını zamansız sənət əsərinə çevirmişdir.

 

Faktoloji qarşılaşdırma: digər "bağışla"lar

Musiqi arxivlərində çaşqınlıq yaranmaması üçün qeyd edilməlidir ki, Flora Kərimovanın repertuarında fərqli illərdə bəstəkar Tofiq Bakıxanovun (1966) və Mobil Babayevin (Vaqif Səmədoğlunun sözlərinə) eyni adlı əsərləri olsa da, xalqın qəlbinə "Bağışla" möhürünü vuran yeganə əsər məhz bu Emin Sabitoğlu – Ramiz Rövşən – Flora Kərimova ittifaqının məhsuludur.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

Cümə axşamı, 24 Sentyabr 2026 17:45

Darıxmağın anatomiyası

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Darıxmaq – insan ruhunun ən sakit, amma ən gurultulu halıdır. Nə sadəcə vaxtın keçməməsidir, nə də sıradan bir tənbəllikdir. O, insan ruhunun açarını itirdiyi bir qapının qarşısında gözləməsinə bənzəyir. Darıxmaq – gözümüzün gördüyü reallıqdan yorulub, ruhumuzun daha böyük, daha dərin bir şey üçün çabalamasıdır. Ruhun acıq eləyib daxilə çəkilməsi, içimizdəki o böyük səssizliyin gurultu ilə danışmasıdır.

 

Bəs nədir bizi bir anda bu görünməz boşluğun içinə atan? Hər şeydən əvvəl doymayan ruhun aclığı. Darıxmaq – ruhun bu narazılıq fəryadıdır. İnsan ruhu daima yeni bir qığılcım, yeni bir nəfəs axtarır. Bədən acanda mədə necə qıldırdayırsa, ruh acanda da darıxmağa başlayır. İnsan ruhu davamlı olaraq yeni bir heyranlıq, yeni bir nəfəs, yeni bir daddan bəslənmək istəyir.

Ətrafımızdakı həyat monotonlaşanda, hər günümüz bir-birinin əks-səda verən kopyasına çevriləndə, həyat eyni valı fırladan köhnə qrammofona dönəndə daxilimizdəki alov da sönməyə başlayır. Ruh belə anlarda bir növ aclıq siqnalı verir: "Bura mənə darlıq edir, mənə yeni bir şey ver!"  

Darıxdığımız anlarda zamanın addımları ağırlaşır. Saniyələr sanki quyunun dibinə düşən su damlaları kimi yavaş-yavaş, əks-səda verərək axır. Çünki çöldən bizi bəsləyəcək heç bir hissin gəlmədiyi o anda, gözlərimiz məcburən öz daxilimizə çevrilir. Məhz o zaman öz daxili səssizliyimizin, yarımçıq qalmış arzularımızın və cavabsız suallarımızın gurultusunu eşitməyə başlayırıq.

 Filosof Şopenhauer deyirdi ki, həyat bir kəfkir kimi ehtiyacla darıxmaq arasında gedib-gəlir. İnsan bir arzusunun dalınca qaçarkən yanır, alışır; amma həmin arzuya çatan kimi hər şey adiləşir və yerini dəhşətli bir boşluq tutur.

Darıxmaq – əslində insanın öz varlığı ilə üz-üzə qalmaq qorxusudur. Gündəlik qayğılar, küçədəki səs-küy, cibimizdəki parıltılı ekranlar çəkilib gedəndə, sükutun ortasında tək qalırıq. Bu sükut bizə fərqində olmaqdan qaçdığımız ən böyük həqiqəti pıçıldayır: "Sən buradasan, bəs həyatın haradadır?"

Lakin darıxmaq yalnız bir əzab deyil, o eyni zamanda ruhun ən böyük emalatxanasıdır, gözəl toxumların cücərdiyi bir torpaqdır. Tarix boyu ən gözəl şeirlər, ən kədərli musiqilər və ən böyük kəşflər məhz bu sıxıntının içində doğulub. Böyük ideyalar heç vaxt səs-küylü, təlaşlı anlarda gəlmir. Onlar darıxmağın yaratdığı o bomboş sahədə kök atır. Çünki ruh sıxılanda, özünə yeni bir dünya yaratmaqdan başqa çarəsi qalmır. Şair darıxanda qələmə sarılır, rəssam fırçaya, filosof isə düşüncəyə. Darıxmaq – varlığın özünə yeni yol açmaq çırpıntısıdır. Darıxmaq – insanın özündən yeni bir insan yaratmaq çırpıntısıdır.

Biz bu gün darıxmaqdan qorxuruq. Bir dəqiqə belə tək qalmamaq üçün əlimizi dərhal telefonlara atır, ruhumuzun bu müqəddəs fəryadını süni görüntülərlə yatırtmağa çalışırıq. Lakin darıxmağın qarşısını süni şəkildə almaq – öz daxilimizə gidən yolları bağlamaq deməkdir.

Darıxmaqdan qorxmamalıyıq. O, ruhumuzun cəzası deyil, onun xəbərdarlığıdır. O bizə pıçıldayır ki, olduğumuz yer artıq bizə darlıq edir, baxışlarımızı dəyişməli, daxilimizdəki sükutla barışmalı və özümüzü yenidən kəşf etməliyik. Darıxmaqdan qorxmaq, hər boş anı telefon ekranı və s. ilə doldurmaq – ruhun səsini boğmaqdır. Onu süni görüntülərlə yatırtmaq əvəzinə, bəzən o sükutun ortasında oturmağı bacarmalıyıq.

Çünki insanın həqiqətdə kim olduğunu anladığı yeganə an – hər şeyin susduğu və yalnız darıxmağın danışdığı o sükut anıdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

 

 

Cümə axşamı, 24 Sentyabr 2026 16:06

Ədəbiyyatın içində olan adam

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ədəbiyyatşünas, tənqidçi Cavanşir Yusifli.

Ədəbiyyat cameəsində xüsusi nüfuzu ilə seçilən bir şəxs.

Bu gün o, özünün 68 yaşını qeyd edir.

 

Cavanşir Yusifli qocaman tənqidçimiz Vaqif Yusiflinin qardaşıdır, iki qardaş ədəbiyyatımız yolunda külüng döyürlər.

Cavanşir Yusifli 1958-ci il sentyabr ayının 24-də Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib. Yardımlı rayonunda müəllim işləyib. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M. F. Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1991–1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993–1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.

"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Filologiya və Pedaqogika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.

 

Kitabları

1. "Bədii mətnin sirləri"

2. "Bir söz söylə, bu dünyadan olmasın"

3. "Ədəbiyyatda yaşamağın formulu"

4. "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi"

5. "Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış"

6. "Azərbaycan komediyasının poetikası"

7. "Gülüş və dünyanın sonu"

8. "Filoloji fantaziya"

9. "Yaddaşın poetikası"

10. "Elçin haqqında 56 söz" (Vaqif Yusifli ilə birgə)

11. "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi"

12. "Gülüş və dünyanın sonu"

 

Tərcümələri

1. Patrik Züskind, "Ətriyyatçı" (fransız dilindən tərcümə)

2. Rolann Bart, "Yazının sıfır dərəcəsi" (fransız dilindən tərcümə)

3. Alber Kamü. "Taun", "Yad", "Çöküş" romanlarının fransız dilindən tərcüməsi

4. Jan Eşnoz. "Royal arxasında" (roman, fransız dilindən tərcümə)

5. Tomas Sternz Eliot. Ənənə və fərdi istedad (ingilis dilindən)

6. Xulio Kortasar. Qorxulu yuxu (hekayə, rus dilindən)

7. Jan-Pol Sartr. Ədəbiyyat nədir? (traktat, fransız dilindən)

 

Məqalələri

1. Azərbaycan ədəbiyyatında nə baş verir?

2. Jak Derridanın qrammatologiyası

3. Böyük poeziyanın adı: Tomas Sternz Eliot

4. İndi nədən, kimdən deyək

5. Füzulini niyə sevmədim?

6. Postmodernist kimdir? (6 məqalə)

7. Dəvədən fil düzəldən adam

8. Ədəbi prosesin dolanbacları, yaxud heç nədən hay-küy

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

Cümə axşamı, 24 Sentyabr 2026 11:18

“ABAD”ın yaradılmasından 10 il ötür

10 il əvvəl bir ideyanın təməli qoyuldu. 2016-cı ildə ABAD pilot layihə kimi Masallı "ASAN Həyat" Kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olundu. Elə həmin ilin 23 sentyabr tarixində Prezident İlham Əliyevin Fərmanı ilə "ABAD" publik hüquqi şəxsi yaradıldı və ailə bizneslərinin inkişafına yeni dəstək modeli fəaliyyətə başladı.

 

2017-ci ildə Balakən ABAD Mərkəzinin açılışı ilə fəaliyyət coğrafiyası genişləndi. Dövlət dəstəyi, eləcə də "PAŞA Holding"in sosial məsuliyyət tədbirləri çərçivəsində göstərdiyi dəstək nəticəsində Quba ABAD Factory, Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi, Nardaran ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi yaradıldı. Art Hotel by ABAD Guest ilə fəaliyyət turizm sahəsini də əhatə etdi.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, bu günədək 723 ailə biznesinə dəstək göstərilib. Onlardan 542-si sənətkarlıq, 156-sı qida istehsalı, 25-i isə digər sahələrdə fəaliyyət göstərir. ABADçıların 370-i qadın, 283-ü kişi, 70-i isə hüquqi şəxsdir.

10 il ərzində ABADçıların istehsalı olan məhsulların satış həcmi 20 milyon manata çatdı.

ABAD "İdeyadan rəflərə" yanaşması ilə ailə bizneslərinə istehsaldan satışadək bütün mərhələlərdə dəstək göstərir.

2017-ci ildə İçərişəhərdə SOCAR və TİKA-nın dəstəyi ilə ilk ABAD Etno-butiki fəaliyyətə başladı. Elə həmin il ABAD məhsulları ilk dəfə Bravo supermarketlərində satışa çıxarıldı, sonradan burada bakaleya bölmələri və xüsusi satış stendləri yaradıldı. Etno-butiklər şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun Duty Free zonası, Milli Gimnastika Arenası, Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, Fairmont Baku, Şamaxı, Şəki, eləcə də 3 və 7 saylı Bakı "ASAN xidmət" mərkəzlərinədək genişləndi. Daha sonra məhsullar Grandmart, Bolmart, Megastor, Rahat Gourmet, Port Bazar, Kontinental, Aplus, Araz Supermarket və Favorit Premium şəbəkələrində satışa çıxarıldı, 2025-ci ildən etibarən marketplace üzrə ölkə nəhəngləri Wolt Market və Bir Market üzərindən istehlakçılara sifariş imkanı yaradıldı.

"PAŞA Holding"in bilavasilə dəstəyi və digər tərəfdaşlarla əməkdaşlıq ABAD-ın inkişafına yeni imkanlar açdı, mikro və kiçik sahibkarların inkişafını stimullaşdırdı.

Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi ilk Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi etməklə, 2021-ci ildə Şəkinin Avropa Keramika Marşrutuna daxil edilməsinə töhfə verdi. 

Hazırda işğaldan azad olunmuş ərazilərdən toplanılan təbii ballar daxil olmaqla müxtəlif çeşiddə sənətkarlıq və qida məhsulları istehsalı ilə məşğul olan minlərlə Azərbaycan vətəndaşı ABAD layihəsinin benifisiarlarıdır.

Bu gün ABAD yüzlərlə ailənin inkişaf yolunun və dayanıqlı biznesinin ayrılmaz hissəsinə çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

Bu mövzuda elmi-nəzəri konfrans keçiriləcək

 

Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.

“Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarına, kitabxanaların rəqəmsal transformasiyasına, rəqəmsal resursların uşaq və yeniyetmələrin mütaliəsinə təsirinə, eləcə də süni intellektin uşaq ədəbiyyatı və kitabxana xidmətlərində yaratdığı imkanlara həsr olunacaq.

Konfransın gedişində uşaq ədəbiyyatı, mütaliə mədəniyyəti, kitabxanaların fəaliyyəti, rəqəmsal resurslar və süni intellektin tətbiq imkanları ilə bağlı elmi və praktik yönümlü məruzələrin təqdim edilməsi nəzərdə tutulur.

Konfransda iştirak etmək istəyən tədqiqatçılar, mütəxəssislər, kitabxanaçılar, pedaqoqlar, ali təhsil müəssisələrinin əməkdaşları və tələbə-gənclər tezislərini müəyyən edilmiş tələblərə uyğun olaraq 16 oktyabr 2026-cı il tarixinədək təqdim edə bilərlər.

Qəbul edilmiş tezislərin konfrans materialları toplusunda dərc olunması nəzərdə tutulur.

   

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

11 -dən səhifə 3116

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.