Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Həqiqətən də, bəzən unutmamaq üçün yazıram.
Söz külək kimidir – heç gözləmədiyin anda gələr, bir anlıq toxunar, bir fikri xatırladar, sonra yoxa çıxar.
Sətirlərə qarışıb məskən salmağı bacararsa, bir nağıla, hekayəyə, cümləyə, məqsədə çevrilər. Unudulduqda isə əbədiyyətin səssizliyinə qarışır.
Çünki hər söz bir yazar üçün işıqdır, ilhamdır. Söz çox dəyərlidir. O, yazarın fikir dostu, yol dostu, qələm dostudur. Yaşantının, görünüşün, hisslərin – həyatın özüdür söz.
Sözün qüdrətini ən yaxşı təsvir edən söz ustalarından biri də Məhəmməd Füzuli olmuşdur. Onun qələmində söz adi ifadə vasitəsi deyil, insanın ən dərin hisslərini daşıyan bir gücdür.
Füzuli deyir:
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Bu misralar göstərir ki, söz necə dəyərlidir. Qiymətli sözlər söylənəndən sonra da xatırlanır, yaddaşlarda yaşayır.
Beləliklə, söz sadəcə danışmaq üçün deyil; yaşatmaq, təsir etmək və insanın dünyasında iz buraxmaq üçündür.
“Ədəbiyyat və incəsənət”
(10.03.2026)


