Super User

Super User

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu günə təsadüf edən əsas hadisələri diqqətinizə çatdırırıq:

 

Ümumdünya pnevmaniya ilə mübarizə günü

Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF 2009-cu ildə bu günü təqvimə saldırmaqla pnevmaniya, xüsusən uşaq pnevmaniyası əleyhinə kütləvi kampaniyaya başlayıb. Əsas görülən iş isə Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində - o ölkələrdə ki pnevmaniya tüğyan edir, insanları xilas etmək üçün böyük vəsaitlərin toplanmasıdır. Ekspertlərin qənaətinə görə 5 yaşa qədər olan uşaqların əsas ölüm səbəbi məhz pnevmaniyadır. Hər il bu xəstəlik iki milyon can alır.

 

Təhlükəsizlik üzrə mütəxəssis günü

Bu günün təşəbbüskarı təhlükəsizlik üzrə nəhəng internet portal olan Sec.ru-dur. Təntənəli gündə “Təhlükəsizlik missi” müsabiqəsinin qalibi də elan edilib mükafatını alır. Axı bu sistemdə xanımlar da az deyil. Mən bizim moll-arda kürəyinə “security” yazılmış o qədər zəif cins nümayəndəsi görmüşəm ki. Bu sferada bir obyektlərin, bir də şəxslərin mühafizəsi nəzərdə tutulur. Şəxslərin mühafizəçiləri, el təbirincə desək teloxranitellər (cangüdənlər) barədə Uitni Xyustonun rol aldığı məşhur filmi hamımız görmüşük. Bu gün Azərbaycanda təhlükəsizlik üzrə mütəxəssislər – bax bu teloxranitellər qorunması zəruri olan, dövlət baxımından xüsusi əhəmiyyət kəsb edən insanlardan daha çox özünü xırda padşah elan edib 5-10 maşınlıq karteclərlə hərəkət edən və ən azı 5-10 nəfər cangüdənin əhatəsində gəzən pullu görməmişləri – gədaları mühafizə etməkdədirlər. Bu da çox zərərli tendensiyadır.

 

Gənc oxucular günü

Onsuz da bizdə oxucuların əksəriyyəti gənclərdir. Bu gün hamı əlində kitab ictimai nəqliyyatda, parklarda, iaşə obyektlərində görünməlidir, mütaliə təbliğ edilməlidir. Axı mənəvi zənginlik mütaliə olmadan mümkün deyil. Hər bir gənc kitabdan ilan vuran ala çatıdan qaçan kimi qaçan bir şəxsə bu gün kitabların faydaları barədə moizə oxusa, inanın ki, böyük tərəqqi əldə etmiş olarıq.

 

Ançous niyə qəzəbə gəlib?

Antibiotiklər barədə məlumatlanmaq üzrə ümumdünya həftəsi başlayır. Antibiotiklərin faydası və zərəri haqda məlumatları hamı mənimsəməlidir, əks halda böyük ziyan çəkmək istisna olunmur; Yeni Zelandiyada Kenterberi günüdür, Kenterberi əyaləti sakinləri öz diyarları ilə qürur duyaraq sevinib şənlənəcəklər; Çində və Tayvanda Mədəni Renessans günüdür. Mədəni-kütləvi tədbirlər önə çəkiləcək; Kanadada rəqəmsal sağlamlıq, İndoneziyada ümumən sağlamlıq, Qərbi Timorda gənclər günüdür; Amerikada mətbəxsevərlər birdən-birə iki bayramı qeyd edəcəklər: milli toyuq şorbası gününü, bir də milli ançousdan başqa istənilən içliklə pitsa gününü. Siz bir təyinata baxın. Yəni bu gün hamı pitsa yeməlidir, istənilən pitsadan yemək olar, təkcə ançouslu içliklidən başqa. Ançous – balıq növüdür. Görəsən bu ançous yazıq nə günahın sahibidir belə?

1933-cü ildə Şotlandiyanın Lox-Ness gölündə yaşayan əcaib varlığın – Nessinin ilk fotosu çəkildi; 1893-cü ilin bu günündə “San Francisco Morning Call” qəzetində “Yapon sahillərində tayfun” adlı gənc yazarın ilk hekayəsi dərc edildi, dərhal hekayə böyük əks-səda doğurdu. Müəllif Cek London idi; 12 noyabr günü həm də dünya rəngkarlığında və memarlığında uğursuz bir gün kimi səciyyələndirilir. Belə ki üç böyük sənətkar məhz bu gün dünyalarını dəyişiblər: Bunlar 1903-cü ildə fransız impressionist rəssamı Kamil Pissarro, 1680-ci ildə italyan heykəltaraşı Lorenso Bernini (məşhur “Apollon” heykəlinin müəllifi) və 1662-ci ildə Qızıl dövr Holland rəngkarlığının nümayəndəsi Adrian Van de Vennedir.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

 

Cümə axşamı, 12 Noyabr 2026 12:08

Sən Allah, çətir tutma yağışa!

Varis,

Azərbaycanın Əməkdar Jurnalisti, “Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru                                         

 

 Berjeron və Findayzen.

 Çox qəribədir, hətta hər gün üz-üzə gəldiyim əksər qonşumun belə adını yadımda saxlaya bilmirəm, amma bu iki şəxsin soyadları nədənsə beynimin dərinliklərinə yazılıb.

 

Yağış qəfildən başladı. Yağışın növləri çoxdur: narın yağış, leysan yağışı, qarlı yağış, kor yağış... İndi yağansa şıdırğı yağışdır.

Küçənin prospektlə kəsişən tinində görürəm onları. Oğlanla qızı. İnzibati binanın girişindəki çıxıntının altında sığınacaq tapıb üz-gözlərindən su süzülə-süzülə bir-birinə tamaşa edirlər. Oğlan necə də ovaxtkı mənə və qız necə də o vaxtkı ona bənzəyir. Ayaq saxlayıb matdım-matdım onlara tamaşa etməyə başlayıram. Xatirələr məni necə götürüb illər öncəyə aparırsa yağışın altında dayanıb islandığımın fərqinə varmıram.

Universitetdən çıxardıq, heç kəs sezməsin, söz-söhbət olmasın deyə bura kimi bir-birimizdən aralı gələr, bu tində əl-ələ tutub hey baxışar, söhbətləşərdik. Səsimiz necə titrəyərdi, ürəklərimiz necə döyünərdi...

O vaxt həmin o sevgi dolu anların necə dəyərli, insan həyatının bəlkə də ən qiymətli hissəsi olmasını duymurduq. Yalnız indi, keçən illərin yüklərini çiynimə yüklədikdən sonra anlayıram ki, düz deyirlər, insanın ən böyük xoşbəxtliyi gəncliyi, sevib sevildiyi anlarıdır. Deməzsənmiş, insan uzun müddət sevmək arzusuyla, qısa müddət sevərək və daha uzun müddət sevgi xatirələriylə yaşayırmış.

 

...Deyəsən islanmağa başlayıram...

Onlar necə də bəxtəvər-bəxtəvər baxışırlar. Oğlan çeçələ barmağıyla qızın yanağındakı yağış damcısını necə nəvazişlə silir. Qız necə incə gülümsəyir.

Təsadüfə bax. Bir qədər öncə Stiv Cobsun ölüm yatağında ikən yazdıqlarını oxuyub təsirlənmişdim. Anlamışdım ki, sevginin əsl həqiqətdə nə olduğuna ən gözəl tərifi məhz o kişi verib.

Bura bizim daimi görüş yerimiz idi. Burada qovuşub bir-birimizdən ayrı qaldığımız müddətin hesabatını verdikdən sonra prospektlə üzüaşağı düşərdik. O, yanımca elə yüngülcə addımlayardı, sanki ayaqlarını asfalta yox, pambığa basır. Haçan diqqət edirdimsə, görürdüm addımlarımızı eyni vaxtda, eyni ayaqla atırıq. Hətta arada bu eynilikdən bezib bir addım ləngiyib ayağımı dəyişirdim, ahəngi pozurdum. Amma sonra başım nəyəsə qarışırdı, yenidən ayaqlarımıza fikir verəndə görürdüm ki, yenə də addımlarımız eyniləşib...

Yol boyu başını əsla qaldırmazdı, sanki oğlanla yanaşı gəzdiyinin suçunu duyardı... Bizi kiminsə görməsindən elə ehtiyat edərdi ki...

 

Oğlan qıza nəsə pıçıldayır, o da gülümsəyir. Gözləri neçə parıldayır qızın. Yəqin sevgi etirafını eşidir. Qızlar sevgi etirafını eşidəndə çiçək kimi açır, ayrılığın gəlişindən xəbərdar olanda isə saralıb solurlar.

Əslində, 25 ildə sevgi prosesində ən əsas dəyişən şey bilirsiniz nədir? O vaxt oğlan 2 qəpiklik tapanda, rastına telefon avtomatı çıxanda, bu telefon avtomatında novbəylə qarşılaşmayanda, qızın evdə danışmaq imkanı olanda – yəni böyük çətinliklər bahasına, 3 – 4 gündən bir qızla danışmaq imkanı əldə edərdi. Amma indi mobil telefon bu 3 – 4 gün intervalını haradasa 3 – 4 dəqiqə edib, ünsiyyət xoşbəxtliyini urvatdan salıb.

Stiv Cobs nə yazmışdı?

 

Hə, yazmışdı ki, hazırda xəstəxana çarpayısında uzanaraq bütün həyatımı xatırlayıram. Başa düşürəm ki, həyatım boyu qürur duyduğum bütün tərif və zənginlik indi olduğum qaçılmaz ölüm ayağında çox cılız görünür. Ömrüm uzunu qazandığım sərvəti özüm ilə apara bilmirəm. Özümlə apara biləcəyim yeganə şey – sevgi dolu xatirələrimdir.

 

Düzü, çox kövrəlmişdim bunları oxuyanda. Hətta gözlərim yaşarmışdı da.

Bu nədir, lap islandım ki.

Yağışın altında key-key durmağım yoldan keçənləri təəccübləndirir. Ayaq saxlayıb, bəlkə də, ağlını itirmiş birisi hesab etdikləri mənə diqqət yetirməyi özlərinə borc bilirlər.

Hərəsi başına bir şey keçirib. Ancaq çətir tutanı yoxdur.

Hətta oğlanla qız da maraqla mənə baxmağa başlayırlar.

Oğlan dəri gödəkcə geyinib. Qız plaşdadır. Mən də 25 il əvvəl dəri gödəkcə geyinməyi xoşlayardım. O isə plaş da geyinərdi, sırıqlı gödəkcə də.

 

Yağış – bütün bədii ifadə vasitələrini bir qırağa qoysaq, əslində buluddan damcı şəklində tökülən mayedir. Yağış damcılarının diametri 0,5 kvadrat millimetrdən 7 kvadrat millimetrədək olur. Su damçılarının yuxarısı enli, aşağısı nazikdir. Ən böyük damcılar paraşüt formasına malikdir. Damcıların düşmə sürəti isə ölçülərindən asılıdır. Xırda damcılar 2 – 6 metr/saniyə, böyüklər isə 9 – 30 metr/saniyə sürətə malik olur.

Heç özüm də bilmədim, bu təfsilat nədir.

 

Bizim bir görüşümüz də eynən belə bir yağışlı gündə olmuşdu...   Prospektlə islana-islana düz avtovağzalacan getmişdik.   Həmişə dilotu yeyibmiş kimi danışan mən hey susurdum. Bu halım onu öncə təəccübləndirmiş, sonra qorxutmuşdu. Etiraf edim ki, qorxusu özünü doğrultdu. Həmin görüş bizim son görüşümüz oldu. Ertəsi gün ona dama-dama dəftər vərəqinə yazdığım şeirimi göndərdim. Vəssalam. Dörd il uzanan sevgi yolumuz beləcə qırıldı.

Kim bilir, indi haradadır, həyatı necə keçir. Heç bilmirəm də ki, əlləri yenə buztək soyuqdurmu, güləndə yenə yanaqlarında çökəklər əmələ gəlirmi, utancaqlığından yenə dəqiqəbaşı qulaqlarının dibinəcən qızarırmı, saçının şampun ətri yenə valehedicidirmi.

Həmin o bizi ayıran gündən düz iki gün öncə prospektdəki iri baqqaliyyə mağazasının qarşısında (indi yerində yapon restoranıdır) bizi dama-dama paltarlı bir qaraçı yaxalamışdı, əlindəki Borya adlı tutuquşu ilə falımıza baxmağa cəhd eləmişdi. Mən əyləncə sevənəm, “baxsın” demişdim, amma qız qorxmuşdu, əlimdən çəkib “gedək” söyləmişdi. Tutuquşunun biclik yağan muncuq gözlərindən baxışımı qoparanda qızın xeyli aralandığını görüb qaraçıya üzrxahlıq edərək qızın ardınca götürülmüşdüm. Soruşmuşdum ki, niyə axı qoymadın gələcəyimizi bilək. Qəribə bir fikir bildirmişdi. Demişdi ki, fal – falçının əhval-ruhiyyəsindən asılı olaraq ağlına gələni söyləməsidir. Təəssüf ki, zaman aldanaraq bu söylənilənləri gec-tez reallaşdırır...

Buna deyərlər, təpədən dırnağa qədər islanmaq. Amma heç bir narahatlıq duymuram. Hətta əllərimi kənara açıb, başımı arxaya əyib lap uşaq kimi üzümü yağışın altına tuturam.

 

Yağış – 0 dərəcə C-dən aşağı temperaturda soyudulmuş damcılar və buz kristarlarından ibarət olan qarışıq buludlardan tökülür. Yağış buludlarının yaranması müxtəlif temperaturlu iki hava kütləsinin qarşılaşmasından, habelə rütubətli havanın yerin soyuq qatı ilə təması nəticəsində baş verir.

Uf, yenə bu sicilləmələr…

 

Stiv Cobsun bayaq oxuduqlarımın içində nöqtə-vergülünü, tiresini belə heç vaxt unutmayacağım bir cümləsi var, yazır: “Hər birinizin həyatında pərdələrin  enəcəyi gün gələcək, yalnız həmin gün başa düşəcəksiniz ki, sizin tək xəzinəniz – sevginizdir”.

 

Qoyun görüm, o uzaq illərdə yazdığım və dama-dama dəftər vərəqinə köçürüb ona yolladığım şeiri xatırlaya bilirəmmi...

    ...

Hə, xatırladım.

 

    Bir gün yeri-göyü başına alan

    selləmə bir yağışın

    ucundan tutub

    gəlsəm, gəlsəm,

    sənə çata bilərəmmi?

    Yağışa qarışaraq

    yanağın boyunca axan

    göz yaşlarını

    tapıb silərəmmi?

    Biz axı yağış dəlisiydik.

    Yağış təki

    küçələr boyu axardıq,

    Sonra da üz-gözümüzdən su süzülə-süzülə

    bəxtəvər-bəxtəvər

    baxışardıq.

    “...Baxışında soyuqluq...”

    “Ürəyində yadlıq...”

    “Dilində yalan...”

    Nə bilim daha nə, daha nə,

    yüz cürə uydurma,

    yüz cürə əfsanə

    ...Təkcə sənə yox,

    özüm özümə də yükəm.

    Neynəyim, gülüm,

    Başıma haranın daşını töküm?

    Əzəli bizsiz yazılan,

    sonu bizsiz pozulan

    ömür deyilən yükü çəkə-çəkə

    düşmüşük qarğışa.

    Sən Allah, çətir tutma,

    sən Tanrı,

    çətir tutma yağışa...

 

Yox, bu yağış kəsənə oxşamır. Navalçalardan şırıltı ilə gələn su daş döşənmiş səkinin üzəri ilə yürüş edir. Kontur kağızları, siqaret kötükləri qayıqlara, gəmilərə çevrilib limanlarına doğru üzməkdədirlər.

Dabanlarımı yerə sıxıb pəncələrimi qaldırıram ki, ayaqqabımın içinə su dolmasın.

Nədirsə bizim Abşerona dalbadal yağışlar yağmaqdadır. Bir beləsi gözlənilməzdir.

 

Ən çox yağışlar rütubətli küləklərlə yüksək dağ silsilələrinin qarşılaşdığı ərazilərdə olur. Dünyada yağışın ən çox yağdığı yer Hindistandadır – Benqal körfəzinin şimalı və Kxasi dağının cənub silsiləsində.

Mərkəzi Amerikanın bir hissəsi, Zond adaları, Amazonka düzənlikləri, Çin və Yaponiya da yağışın çox yağdığı yerlərdir. Ən az yağış yağan yerlər isə Saxara, Ərəbistan, İranın əksər hissəsi, bir də Aral – Xəzər çökəkliyidir.

Yüz faiz bu belədir. Biz – dünyanın ən az yağış yağan qurşağındayıq. Amma, sən gəl, indi bu yağışın yağmağına bax da.

   

Oğlan bir əlini cibinə qoyub, bir ayağını divara dirəyib. Ara-sıra dikəlir, sinəsini qabağa verir. O biri əlini də tez-tez qızın telinə çəkir.

İnsan da insana bu cür oxşayarmı?

25 il əvvəli görürmüş kimi həsədlə, qibtəylə oğlanla qıza baxıram. Anlaşılmaz hisslər keçirirəm. Hərdən hansısa qüvvə məni onlara tərəf çəkir. Çəkir ki, adlarını öyrənim. Adlarını soruşanda və öz adlarımızı eşidəndə dəli olmarammı?

Elə bu vaxt gəlib beş addım aralıda bir qoca kişi dayanır. Təəccübümə səbəb olaraq mənə baxmağa başlayır, köks ötürür. Yağışdan islanmasın deyə ovcunda gizlətdiyi siqaretdən dərin qullab vurur.

Tanrım, bu qoca da eynən mənə bənzəyirmiş ki. 25 il sonramı görürmüş kimi qüssəylə, ümidsizliklə onun azacıq əyilmiş vücuduna tamaşa etməyə başlayıram.

Nəyə deyirsinizsə and içərəm, bu qoca düz 25 il əvvəl gəlib bax burada eynən mənim kimi dayanıb daha 25 il əvvəlki özünə və sevdiyi qıza bənzər cütlüyə – bizə tamaşa edib.

Hətta görüşlərimizi təsəvvürümdə canlandırmağa çalışıram ki, görüm ətrafdakı insanlardan diqqətimizi çəkən olmuşdumu...

Ay yağış, sən kəsəcəksən, ya yox?

Qabaqlar çətir gəzdirmək bir dəb idi. Göyün üstündə kiçicik bir qara bulud göründümü, kişilər qara, qadınlar alabəzək çətirlərini götürərdi. Günəş yandırıcı şüalarını səpələməyə başladımı, yenə hamı çətirə sarılardı. Amma indi az-az adamda çətir görərsən. Biri başına sellofan torba keçirir, biri portfelini tutur, biri qəzet bürüyür.

Onun çətirlərini heç unutmuram. Tanışlığımızın ilk iki ilində üstündə çəhrayı-mavi rəngli xırda gülləri olan ağ çətir götürərdi. Sonrakı il dayısı oğlu ona əskərlik çəkdiyi Polşadan tüng qırmızı rəngli, iri qızılı butaları olan əntiqə bir çətir gətirmişdi, onu götürürdü. Əvvəlki yerli istehsaldan olan çətiri yalnız yağışda götürdüyü halda bunu günəşdə də götürürdü. Bu çətir ayrı aləm idi, hamının diqqətini cəlb edirdi. Altına girəndə mən də qürurlanırdım.

Hansısa əli qırılmışın biri metroda oğurladı o çətiri. Yazıq qız, növbəti il yenidən yerli çətir götürəsi oldu. Adicə saya qırmızı...

Bəlkə elə bu da tale işidir, bu səhər heç yağış yağacağı ehtimalı yox idi, amma mənim gözümə internetdə çətir barədə məlumat sataşmışdı: çətirlər sintetik, su keçirməyən neylon və poliamid materialdan düzəldilir, bu material metal məftillərdən ibarət karkasa bərkidilir. Eramızdan əvvəl XI əsrdə artıq çətirlərə rast gəlinirdi. Çətirin vətəni Çin və Misir hesab olunur. O vaxtlar çətir hakimiyyət simvolu sayılırdı, yalnız fironlar və imperatorlar, bir də onların ən yaxın ətrafı çətirdən istifadə etmək hüququna malik idi...

Oğlanla qız telefonlarının kamerasıyla yağışı çəkməyə başlayırlar. Oğlan çəkir, qıza göstərir. Qız çəkir, oğlana göstərir. Çox nikbindirlər, çox şəndirlər.

 

Yeri gəlmişkən, yağışın yağması yalnız atmosferdə müəyyən temperatur şəraitində mümkündür ki, bu şəraitə də yalnız Yer kürəsində rast gəlinir. Və bu şərait atmosferin aşağı qatlarında hava cisimlərini aqreqat halında qoruya bilən suyun hesabına mümkündür. Su yağışı yalnız bizim planetdə mövcuddur. Saturnda metan, Venerada isə sulfat turşusu yağışı yağır...

 

Oğlanla qız və qoca mənə, mən isə həm oğlanla qıza və həm də qocaya baxmaqdayıq.

Keçmiş, bu gün və gələcək. Bu gündən keçmişə, sonra gələcəyə... Bu gün sanki bir qatar platformasıdır. Oradan gah keçmişə, gah gələcəyə saysız-hesabsız qatarlar yollanır...

Qəfildən içimdə əminlik yaranır ki, düz 25 il bundan sonra eynən bu cür yağışda hansısa gənc oğlan və qız indi yağışdan daldalanan bu sevişən cütlüyün yerini tutacaq, indi mənə təəccüblə baxan bu sevən oğlan yaşlaşacaq, mənim bax bu indiki yerimdə dayanıb yağışdan islanaraq gənc oğlanla qızı süzəcək, mən də qocanın yerində qərarlaşıb qırışmış üz-gözümün suyunu silə-silə sevişən cütlüyə həsədlə baxan yaşlaşmış oğlana baxacaq, köks ötürəcəyəm...

Bəlkə də həmin gün yağış indinkindən daha güclü, yaxud daha zəif yağacaq. Və bəlkə də, həmin gün damcıların şırıltısına həzin bir səs də qoşularaq pıçıldayacaq:

 

    Sən Allah, çətir tutma,

    sən Tanrı,

    çətir tutma yağışa...

   

Və az qala unudacaqdım.

Berjeron və Findayzen...

Yağış damcılarının tökülməsi yalnız bir halda – su damcıları buz kristalında donanda baş verir, bu proses olmasa yağış yağmaz. Su damcılarının buz kristalında donması prosesi də məhz Berjeron – Findayzen prosesi adlanır.

 

Yağış lap şiddətlənir. Məni gərək oğlanla qız da, qoca da bağışlasınlar, evə qaçmaq zorundayam.

Lənət şeytana, ayaqlarım nə yaman islanıb...

Paltarım ağırlaşıb, bədənimə elə kip yapışıb ki...

    ...

Görəsən, hər halda, o vaxt üzərində iri qızılı butaları olan tünd qırmızı rəngli çətiri kim oğurladı axı?

                    (mart, 2016)

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2026)

 

 

 

Cümə axşamı, 12 Noyabr 2026 15:03

The Simpsons serialının əsas personası

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bugün 44 yaşını qeydedən EnnHeteuey (AnneHathaway) — amerikalı aktrisavə prodüserdir. O, Hollivudun ən tanınmış və istedadlı aktrisalarından biri hesab olunur. Xüsusilə The Princess Diaries, The Devil Wears Prada, Les Misérables, Interstellar və The Intern filmlərindəki rolları ilə dünya şöhrəti qazanıb.

 

Enn Jaklin Heteuey 12 noyabr 1982-ci ildə ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda anadan olub.

Atası Cerald Heteuey hüquqşünas, anası Keyt MakKoli Heteuey isə aktrisa olub. Uşaqlıq illərini Nyu-Cersi ştatında keçirib. Səhnə sənətinə marağı erkən yaşlarından yaranıb. Anasının aktrisa olması onun bu sahəyə marağının formalaşmasına təsir göstərib. Heteuey Vassar Kollecində və Nyu-York Universitetində təhsil alıb. O, həmçinin teatr sənəti ilə məşğul olub və gənc yaşlarından müxtəlif səhnə tamaşalarında iştirak edib.

Onun aktyorluq karyerası 1999-cu ildə Get Real televiziya serialı ilə başlayıb. 2001-ci ildə çəkildiyi The Princess Diaries filmi isə aktrisanın böyük tamaşaçı kütləsi tərəfindən tanınmasına səbəb olub. Filmdə Mia Termopolis obrazını canlandıran Heteuey qısa müddətdə Hollivudun diqqət çəkən gənc aktrisalarından birinə çevrilib. 2006-cı ildə çəkildiyi The Devil Wears Prada filmi onun karyerasında mühüm mərhələ olub.

Meryl Streep ilə tərəf müqabili olduğu filmdə Endi Saks obrazını canlandırıb.  Endi Saks obrazını canlandırıb. Bu ekran işi aktrisanın beynəlxalq populyarlığını daha da artırıb. 2012-ci ildə Les Misérables filmində Fantina obrazını canlandırması onun aktyorluq karyerasının ən mühüm uğurlarından biri hesab olunur. Bu roluna görə 2013-cü ildə Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı qazanıb. Eyni zamanda Qızıl Qlobus, BAFTA və Ekran Aktyorları Gildiyası mükafatlarına da layiq görülüb. \

Heteuey müxtəlif janrlarda özünü sınayıb. O, romantik komediyalarda, tarixi dram filmlərində, fantastik ekran əsərlərində, eləcə də elmi-fantastik və kriminal filmlərdə uğurlu obrazlar yaradıb. 2014-cü ildə Kristofer Nolanın Interstellar filmində Amelia Brand, 2015-ci ildə isə The Intern filmində Jül Ostin obrazlarını canlandırıb.  2026-cı ildə aktrisa The Devil Wears Prada 2 filmində Endi Saks roluna qayıdıb. Həmin il onun The Odyssey və Mother Mary kimi ekran əsərləri də diqqət çəkib.

 

Əsas filmləri

- The Princess Diaries (2001) — Şahzadənin gündəliyi

- The Other Side of Heaven (2001) — Cənnətin o biri tərəfi

- Nicholas Nickleby (2002) — Nikolas Niklbi

- Ella Enchanted (2004) — Sehrlənmiş Ella

- The Princess Diaries 2: Royal Engagement (2004) — Şahzadənin gündəliyi 2: Kral nişanı

- Havoc (2005) — Qarışıqlıq

- Brokeback Mountain (2005) — Brokbek dağı

- The Devil Wears Prada (2006) — Şeytan Prada geyinir

- Becoming Jane (2007)— Ceyn olmaq

- Get Smart (2008) — Ağıllı ol

- Rachel Getting Married (2008) — Reyçelin toyu

 

Enn Heteuey aktyorluq fəaliyyətinə görə bir sıra nüfuzlu mükafatlara layiq görülüb:

 

- Oskar mükafatı – 2013, Les Misérables.

- Qızıl Qlobus – 2013, Les Misérables.

- BAFTA mükafatı – 2013, Les Misérables.

- Ekran Aktyorları Gildiyası mükafatı – 2013.

- Primetime Emmy mükafatı – 2010-cu ildə The Simpsons serialında səsləndirmə fəaliyyətinə görə.

 

Enn Heteuey 2026-cı ildə isə Disney Legends mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

Cümə axşamı, 12 Noyabr 2026 16:07

“Biri ikisində” Xaqani Şirvaniyə ithafən

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.

 

Mahmud İSMAYILOV

HƏBSDƏ

(“Xaqani” romanından bir parça)

 

Cəllad Xaqanini həbsxanaya göndərməzdən qabaq onu sarayın zirzəmisinə, dustaqlar saxlanan yerə gətirdi. Bura palçıq döşəməsinə qamış həsir sərilmiş, qaranlıq qapısından başqa hava görən yeri olmayan, iki adamın yerləşə bilməyəcəyi nəm zirzəmi idi. Xaqani sarayda həbs olunanların həbsxanaya göndərilənə kimi, zirzəmidə saxlanılmalarından xəbərdar olsa da, bu üfunətli yeri görməmişdi. Xaqani içəri girəndən sonra cəllad qapını arxadan bağladı. Zirzəmiyə zülmət gecənin qaranlığı çökdü. Xaqani qapını döydü. Hələ də qapı arxasında olan cəllad qapını açdı. Xaqani:

– Mümkündürsə, bir az gözlə, qoy qapıdan düşən işıqda burada nə olduğunu, harada oturmaq, haraya söykənmək mümkün olmasını görüm, – dedi.

Cəllad dinmədi, sağa-sola boylandı. Aydın görünürdü ki, onunla danışmağa qorxur. O, Xaqaninin güclə eşidə biləcəyi səslə pıçıldadı:

– Dustaq zirzəmisində nə ola bilər ki?! Bir həsir, bir də Məmmədnəsir. Divarlara söykənmə, yaşdır, lap ortada uzan. Axşamdan keçmiş sənə altına salmağa bir həsir, üstünə salmağa da keçə gətirəcəyəm.

Şirvanşahın çağırışı ilə içəri girəndə cəlladın gözlərində qorxu qarışıq rəhm görəndə şairə qəribə gəlmiş, onun nəzərlərini baş vəzirin nəzərləri ilə müqayisə etmişdi. İndi də cəlladın onunla belə yumşaq, qayğıkeşliklə danışması Xaqaniyə qəribə göründü. Cəllad və qayğıkeşlik? Ona bir-iki sual vermək istədi, ancaq cəlladın ehtiyatla ətrafa boylandığını görüb sualını sonraya saxlamağı lazım bildi və dedi:

– Adını da bilmirəm. Səni hamı “cəllad” çağırır, mən adınla çağırmaq istəyirəm.

– Adım Həmzədir.

– Həmzə, səndən bir şey rica eləyə bilərəmmi?

Həmzə zirzəmiyə düşdüyü pillələri qalxdı, ətrafı gözdən keçirib qayıtdı və dedi:

– Şair, sən məndən bir deyil, yüz rica da eləyə bilərsən, ancaq indi yox, xatası çıxar. Gecə gələcəyəm, nə sözün var, onda deyərsən.

Xaqani başını tərpətdi, cəlladı bir də gözdən keçirtdi. Bu iri cüssəli, saqqallı, qalın bığlı, heybətli adamın gözlərinin dərinliyinə diqqətlə baxanda, orada zəhm, hiddət qarışıq mehribanlıq, nəvaziş görmək olardı.

Həmzə şairə gülümsünüb qapını örtdü, arxadan bağladı. Onun pillələri qalxan ayaq səsləri tezliklə eşidilməz oldu. Şair ayaq səslərinin uzaqlaşmasının ona qüssə gətirdiyini hiss etdi. Qəribədir, şairə cəlladın uzaqlaşması kədər gətirdi. Xaqani oturdu, o, heç bir şey görmürdü. Bir qədərdən sonra gözləri qaranlığa alışdı, həsiri seçdi. Divarlar, tavan görünmürdü, onlar da zirzəminin özü kimi qara rəngdə idi. Xaqani həsirin üstündə uzandı, ancaq tez də qalxdı, həsirdən bədəninə rütubət keçirdi. Dərviş xirqəsinə oxşayan üst geyimini çıxarıb, bir neçə qat bükərək altına qoydu. Ancaq bir azdan üşüdü, qızınmaq üçün durub gəzinmək istədi, iki addım atmamış divara dəydi. Xoşbəxtlikdən zərbə bərk olmadı. O, ayaqüstə durub atlanıb-düşməklə qızınmaq istədi, lakin bunu da eləyə bilmədi, zirzəminin tavanı çox alçaq idi. Xaqani oturdu. “Demək, sətəlcəm, sonra isə o dünyalıq olmaq üçün burada bir gecə qalmaq kifayət eləyər. Yaxşı ki, cəllad gecə həsir, keçə gətirəcək. Gətirəcəkmi?” – deyə fikirləşdi: “Qəribədir, cəlladdan imdad gözləyirəm, o cəlladdan ki, yüzlərlə günahkarı və günahsızı həyatdan məhrum eləyir”. Şairin xəyalı saraya uçdu, şirvanşahla baş vəziri, Şahqulu ilə Fəxri Saray gözləri önündə canlandı. “Bunların hansı cəlladdır? Şirvanşahın fərmanı ilə günahkar hesab edilən adamın boynunu vuran, kəndirə keçirən adam, yoxsa min cür fitnə-fəsad düzəldib günahsız adamı cəlladın baltasının altına sürükləyənlər? Cəllad, pis yol olsa da, bu yolla, cəlladlıq etməklə uşaqlarına bir parça çörəyin pulunu qazanır. O, bu çörəyi başqa iş də görüb qazana bilərdi, ancaq nə fərqi var ki... Həmzə olmasaydı, başqası olacaqdı, sarayın cəlladı olmalıdır. Bəs baş vəzir? Üzdə ağıl dəryası, müdrik görünən, ancaq hiyləgər olan bu adamın cəlladdan fərqi nədir? Ona heç kim “cəllad” demir, halbuki o, əsl cəlladdan da cəlladdır, günahsızların, zərər görəcəyindən qorxduğu adamların cəlladıdır. Bəs şirvanşah? O da cəllada yaxın adamdır. Baş vəzirdən bir fərqi var ki, o, ölümə göndərdiyi adamların çoxunun günahkar olmasına, ölümə layiq olmasına inanır. Bəs o bədəni əprimişlər, qarınları başlarında olan, adlarını şair qoyanlar? Onlara nə ad verək? Cəlladmı? Yox, onlar heç cəlladlığı da bacarmazlar. Onlar həşəratdırlar, ilandırlar, özü də xain ilan. İlan ilanlığı ilə ona dəyməyənləri, quyruğunu basmayanları vurmur”.

Xaqani dərin fikir-xəyal içində xeyli oturdu, vaxtın necə keçməsini hiss etmədi. Pillələri düşən ayaq səsi, sonra isə zirzəminin qapısının açılması şairi xəyal dünyasından ayırdı. O durdu. Gələn Həmzə idi. Həmzə gətirdiyi həsiri zirzəmidəki həsirin üstünə sərib, üstünə keçə saldı. O, iki keçə gətirmişdi. Həmzə dedi:

– Möhtərəm şair, keçənin ikincisini üstünə salmağa gətirmişəm. Səni sabah Şabrana aparacaqlar, burada bir gecə qalacaqsan. Şabran həbsxanası hər halda bu yaş, rütubətli zirzəmidən yaxşıdır.

Xaqani ona minnətdarlığını birdirdi. Həmzə gətirdiyi çırağı da qoydu:

– Bunu da sənə gətirmişəm, – dedi və əlavə etdi: – Bayaq məndən nə barəsindəsə rica eləmək istəyirdin. Buyur, qulaq asıram.

Xaqani üzünə çırağın zəif, titrək işığı düşmüş cəllada – Həmzəyə baxdı və soruşdu:

– Həmzə, ricamı deməmişdən qabaq səndən bir şey soruşmaq istəyirəm, cavab verərsənmi?

Həmzə etiraz etmədi. Xaqani davam etdi:

– Sualım sənə qəribə görünməsin, həm də qəlbinə dəyməsin.

Həmzə dinmədi. Xaqani soruşdu:

– Sən heç cəllada oxşamırsan, sənin ürəyin cəllad ürəyi deyil, sən hamıyamı belə mərhəmətlisən?

Həmzə şairin sözlərindən nəinki incidi, hətta gülümsündü də. Ancaq suala cavab verəndə ciddiləşdi:

– Yox, hamıya mərhəmətli deyiləm, – dedi və susdu.

Şair onun daha danışmaq istəmədiyini görüb öz ricasını demək istədi, ancaq ağzını açmamış Həmzə sözünə davam etdi:

– Möhtərəm şair, mən altı ildir ki, Şirvanşahların cəlladlarından biriyəm. Saraydan kənarda da cəlladlar var, ancaq mən məhz saraya düşməyə çalışmışam, arzuma nail olmuşam.

Xaqani fikirləşdi: “Demək, bu da mənim kimi saray həsrətində olmuşdur. Mənim nə üçün saraya can atmağımın səbəbi məlumdur, bəs bu, niyə?”

Cəllad əlavə etdi:

– Əvvələn onu deyim ki, cəlladların da arasında mərhəmətli adamlar az deyil, doğrudur, əsl başkəsənlər, ürəklərində bir zərrə rəhm olmayanları da var. Cəlladların bir qismi özləri istəmədən cəllad olub, bəxtləri belə gətirib.

Cəllad susdu, bayıra çıxdı, ətrafa boylanıb geri qayıtdı:

– Mənim sarayda cəllad olmaq istəyim sənə qəribə göründü, mən zəif çıraq işığında belə, bunu sənin üzündən hiss etdim. Səhv eləmirəm ki?

Xaqani başını buladı. Həmzə davam etdi:

– Bu, hamıya qəribə görünə bilər. Ancaq mən bir qəribəlik görmürəm. Mən bərdəliyəm, ailəm, üç uşağım, anam vardı. Bir gün yağılar Bərdəyə soxuldular, talan saldılar, mənim də evimi qarətə başladılar. Başçıları özünü çox təşəxxüslü aparan ağa idi. O, mənim gözəl arvadımı da aparmaq istədi. Arvad-uşağa toxunmasınlar deyə, talan zamanı onlara müqavimət göstərmirdim. Arvadımı dartışdıranda dözmədim, əlimə keçən baltanı ağanın başına endirdim, onu o dünyalıq elədim, talançılar qaçdılar. Mən onların yenə də qayıdacaqlarına əmin idim, ona görə də, uşaqları götürüb gizlənmək istəyirdim. Ancaq macal tapmadım, üstümüzə çoxlu yağı töküldü, anamı da, arvadımı da, uşaqlarımı da öldürdülər, mən də başımdan aldığım qılınc zərbəsindən yerə sərilmişdim. Onlar məni də ölmüş bilib getdilər. Haçandan-haçana özümə gəldim, gecə idi. Anamın, arvadımın, yaxud uşaqlarımdan heç olmasa birinin sağ qala biləcəyini zənn edib onlara yaxınlaşdım. Hamısı ölmüşdü. Həyətdə qəbir qazıb, hamısını bir yerdə basdırdım. Baş götürüb Bərdədən getdim. Ürəyimi intiqam hissi yandırırdı. Harada bir ağa, bir qoşun başçısı görürdüm, əllərim gicişirdi. Cəllad olmağı, padşah fərmanı ilə olsa da, onlardan beş-onunun boynunu vurmaqla uşaqlarımın, anamın, arvadımın intiqamını almağı qət etdim. Dedilər ki, rüşvət versən, cəllad ola bilərsən. Gecəni gündüzə qatıb pul yığmaqdan ötrü işlədim. Yığdım, baş vəzirə verdim, arzuma yetdim.

Həmzə sözünü bitirdi. Xeyli vaxt heç biri danışmadı. Nəhayət, Həmzə dərindən ah çəkib dedi:

– Mən gedim, görən olar, onda vay halıma.

O qalxdı, qapıya çatanda dedi:

– Möhtərəm şair, arxayın ol, ricana da can-başla əməl eləyərəm. Söylə...

– Şəhərə gedənlərin birinə tapşır, bizim evə getsin, mənim məhbəsdə olmağım barədə xəbər versin. Ancaq elə adama tapşır ki, evdəkiləri qorxutmasın, ehmallı desin.

Həmzə fikrə getdi və dedi:

– Vallah, elə bir adam bilmirəm. Özüm gedərdim, onsuz da, sabah şəhərə gedəcəyəm, ancaq...

Həmzə susdu, Xaqani bunun səbəbini başa düşdü. Həmzə onların qapısında görünməyə ehtiyat edirdi. Həqiqətən də, Həmzə bu barədə fikirləşirdi: cəllad hara, şairin evi hara?! O, Xaqaninin evinə girəndə hamının nəzərini cəlb edəcəkdi. Bu isə onun saraydan qovulmasına, bəlkə də, daha pis şeyə səbəb ola bilərdi. Həmzə hələ saraydan getmək istəmirdi, o, intiqamını alıb qurtarmamışdı. Xaqani bütün  bunları başa düşə-düşə:

– Niyə susdun? – deyə soruşdu.

Həmzə cavab verməyə çətinlik çəkdi:

– Nə deyim, vallah, bu iş məndən ötrü çox çətindir, – dedi, amma birdən-birə dəyişdi, sevincək əlavə etdi: – Yaxşı, eləyərəm. Necə də ağlıma gəlməyib, uşaqların anasını göndərərəm. Fikirləşmə ki, arvad xeylağıdır, işləri korlayar. Bizim arvad saraydakı kişilərin çoxundan ağıllıdır. Üç ildir evlənmişik. – Həmzə yenə susdu. Başını yerə dikib səsini alçaltdı: – Onun mənim sarayda nə iş görməyimdən xəbəri yoxdur. Bilsə, Allah bilir, neynəyər, nə tufan qoparar, lap iki uşağımı – iki yaşlı oğlumla altıaylıq qızımı üstümə atıb gedər.

Xaqani Həmzənin arvadının getməsinə razı oldu. Həmzə gedəndə dedi:

– Səni sabah aparmağa gələnlərə tapşırmışam, onlar özləri həsirləri, keçələri aparacaqlar. Şabrana öz atınla gedəcəksən, sonra qaytarıb evinizə gətirəcəklər.

Xaqani atının evlərinə qaytarılmasına razı olmadı. Həmzə atı saxlamağı öz üzərinə götürdü, şairlə xudahafizləşib getdi.

 

***

 

Xaqaninin həbs olunmasının səhəri günü Fəxri Saray Şahqulu ilə birlikdə sevincək Əbül-Ülanın yanına gəldi. Onlar qoca şairi bikef gördülər. Salam-kalamdan sonra Fəxri Saray dedi:

– Gördün lələşini, arxasını necə yerə vurdum?

Şahqulu narazı halda:

– Bilmirəm səndə nə adətdir ki, bir işi on adam da görsə, yenə öz adına çıxarsan. Əşi, axı bu işin mayasını mən qoydum. Şirvanşahın qulağına birinci pıçıldayan kim oldu? Sən, yoxsa mən?

Qoca şairin onları dinləməyə nə vaxtı, nə də həvəsi var idi. Ona görə də, səsini qaldırmalı oldu:

– Yaxşı. Deyin görək nəyə gəlmisiniz? Yıxdınız onu, qurtardı. İndi nə istəyirsiniz?

Şahqulu ona xas olan həyasızlıqla hırıldadı, uzun keçi saqqalını sığalladı və:

– Yox, usta, hələ yıxıb qurtarmamışıq. Onun ev-eşiyini külli-küf eləmək lazımdır – dedi.

Məlik-üş-şüəranın gözləri alacalandı. O, ağzını açmağa macal tapmamış onunla üzbəüz dayanıb sallaq bığlarını eşən Fəxri Saray dedi:

– Bəs necə? Düşməni axıra kimi əzmək gərəkdir. Gəlmişik sənin dalınca. İndi gedəcəyik baş vəzirin yanına, qoy adamlarını göndərib Xaqaninin evini alt-üst elətdirsin.

Əbül-Üla qışqırdı:

– Siz nə danışırsınız?! Heç bir günahı olmaya-olmaya dustaqxanaya saldırdınız, bəs deyil?

Bu vaxta kimi Əbül-Ülanı da özlərinin həmdili hesab edən Fəxri Saray acıqlandı:

– Ustad, nə “aldırdınız”, “saldırdınız” salmısan?  Nə əlini yuyub qırağa çəkilirsən? Belə çıxır ki, sənin bu işdə iştirakın olmayıb?

Qoca şair qışqırdı:

– Səsini kəs, haramzada! Mənim nə iştirakım ola bilərdi? – səsini alçaldıb öz-özünə danışırmış kimi davam etdi: – Görünür, təqsirkaram ki, sizin fitnə-fəsadınızın şahidi ola-ola şirvanşahı ayıq salmamışam.

Şahqulu dilləndi:

– Deyəsən, peşman olmusan, ustad, ancaq çox gecdir. Atalar yaxşı deyiblər ki, sonrakı peşmanlıq fayda verməz. – Fəxri Saraya göz vurub davam etdi: – İndi səninlə gedəcəyik baş vəzirin yanına. Fəxrinin dediklərinə əməl eləməliyik, Xaqaninin evini ələk-vələk eləmək üçün silahlı dəstə göndərtməliyik.

Əbül-Üla dinmədi. Fəxri Saray hırıldadı:

– Soruşa bilərsən ki, baş vəzir müsəlləh dəstəni Xaqaninin evinə nə adla göndərə bilər? Bax, bu lələşin buna da əncam çəkib. Demək lazımdır ki, Xaqani vətən xainidir, o, abxazlarla, sultanlarla, daha nə bilim kimlərlə yazışıb, namələri onun evində axtarmaq gərəkdir.

Qoca şair əsəbi halda:

– Elə bilirsən ki, baş vəzir də sən ağıldadır, buna inanar? – deyə soruşdu.

Şahqulu bərkdən güldü, Fəxri Saray da ona qoşuldu:

– Nə qəribə adamsanmış, ay kişi. Baş vəziri inandırmaq nəyə gərək? Biz ona bəhanə vermək istəyirik, vəssalam.

Fəxri Saray Şahquluya:

– Dur gedək, ustad həs verib, –  dedi və Əbül-Ülaya baxdı.

Qoca şair qışqırdı:

– Bəsdirin, heç olmasa, Allahdan qorxun!

Fəxri Sarayla Şahqulu getdilər. Heç bir saat keçməmişdi ki, onlar baş vəzirlə görüşüb məqsədlərini bildirdilər. Baş vəzir nəinki etiraz etmədi, Xaqaninin evində axtarış aparmağı ona məsləhət görmələrinə və bunun üçün tutarlı səbəb göstərmələrinə görə, ikisini də təriflədi və onlara hədiyyə verdi.

 

***

 

          Özünü olduqca pis hiss eləyən Əli Nəccar bu gün emalatxanasını lap tez - hələ günorta olmamış bağladı. Oğlunun həbsindən sonra xeyli qocalmış, beli əyilmiş Əli Nəccar yavaş-yavaş evə tərəf addımlayırdı. Saç-saqqalı tamam ağarmış, gözləri çuxura düşmüş Nəccar o qədər dərin xəyala dalmışdı ki, evlərinin yaxınlığında olsa da, həyət darvazalarının qarşısına toplaşmış izdihamın qopardığı hay-küyü eşitmirdi. O, qeyri-ixtiyari başını qaldırıb izdihamı gördüsə də, əhəmiyyət vermədi, irəliləməkdə davam etdi. İzdiham Nəccar kişini görüb sakitləşdi, aralanıb ona yol verdi. Əli Nəccar ancaq həyət darvazasına yetişəndə toplanmış izdihamın onun evinə dəxli olduğunu dərk etdi, canına qorxu düşdü. Yanında dayanmış qocadan soruşdu:

          – Hacı, bizdə nə hadisə baş verib ki, camaat belə yığışıb?

          Hacı dedi:

          – Qorxma, elə bir şey yoxdur. Padşah adamları sənin evində axtarış aparırlar.

          Əli Nəccar addımlarını sürətləndirib həyətə girdi, eyvana qalxdı, ev qapısını açdı. O, evin ələk-vələk olduğunu görüb özünü saxlaya bilmədi. Əllərini belinə qoyub hər yeri eşən, əllərinə keçəni döşməyə atan, döşəyi belə, yırtmaqdan çəkinməyən şah fərraşlarına göstəriş verən yüzbaşıya yaxınlaşdı, titrək əllərilə onun yaxasından tutdu, qapıdan bayıra sürükləyib eyvandan həyətə atdı. Bu, o qədər sürətlə baş verdi ki, fərraşlar öz başçılarını müdafiə eləyə bilmədilər. Onlar başçıları eyvandan atılandan sonra Əli Nəccarın üstünə düşdülər, onu itələyib yıxdılar, ayağa qalxmağa imkan verməyib təpiklədilər. Qoca Nəccarın təpiklər altında eşələndiyini görən Rəbiə, Xurşud, uşaqlar qışqırışdılar, bayırda dayanmış camaat həyətə doluşdu. Bu vaxt həyətdən yenə eyvana qalxmış yüzbaşı Əli Nəccarı təpikləyirdi. Qonşuluqda yaşayan sərrac Qasımın cavan oğlu eyvana sıçradı, çəlimsiz olmayan yüzbaşını həyətə tulladı. Əsgərlər sərrac oğlunun üstünə düşmək istədilər. İzdiham hərəkətə gəldi, onlar geri çəkildilər, həyətin ortasında uzanıb zarıldayan yüzbaşılarını götürüb getdilər. Yaralı yüzbaşı qapıdan çıxanda sərrac oğlunu, camaatı hədələməyi unutmadı:

          – Yaxşı, sizə göstərərəm, sərrac Qasımın oğluna da borc olsun.

          Hacı kişi camaata müraciətlə dedi:

          – Ay camaat, dağılışın, gedin evinizə, birdən üstünüzə qoşun tökülər.

          Hamı evinə dağılışdı, bir an içində həyət boşaldı. Dizlərini qucaqlayıb oturmuş Əli Nəccar həyətdə tək qaldı.

 

***

         

          Döşəmə rütubət idi, divarlardan su sızırdı. Xoşbəxtlikdən şeirin, şairin qədir-qiymətini bilən bir hami tapıldı. O, şairin altına, söykəndiyi divara həsir vurdurdu, ona döşək, mütəkkə, üstünə salmağa keçə göndərdi. O adam kim idi, Xaqani nə qədər çalışdısa da, dustaqxanadan azad olana kimi, öyrənə bilmədi. O adam hər həftə şairə yemək göndərirdi. Hamisinin onun görüşünə gəlməməsi Xaqaniyə qəribə göründü. Şair bilmirdi ki, o adam heç vaxt həbsxanaya gəlmir, gələ bilmir. Şabranda adlı-sanlı adamdır, padşah adamıdır, onunla görüşməyə ehtiyat edir. Həbsxanaya şeyləri həftədə bir adamla göndərir.

          İlk günlər rütubətdən çox əziyyət çəkən, gecələri soyuqdan yata bilməyən şair gözəgörünməz hamisi sayəsində nisbətən rahatlamışdı. Lakin həbsxana nəzarətçilərindən quru, özündən razı, arıq, uzun, eşməbığlı biri Xaqaniyə göz verib-işıq vermir, onu hər vəchlə incitməyə çalışırdı. O, şairin ayaqlarına zəncirli kündə vurdurmağı da unutmamışdı. Xaqani dar qəfəsdə yeriməyə çətinlik çəkirdi. Kündənin dəmir halqaları onun ayaqlarını kəsir, zəncirlər qıçlarını yara eləyirdi. Xaqani zəncirlərə baxanda böyük iztirab keçirirdi. O, həbsxanadan çıxandan sonra həbsdə olduğu günləri xatırlayanda deyirdi:

          – Bəbəklərim canımı üzən zəncirləri görməsin deyə, zəncirləri ətəklərimin altında gizlədirdim.

          Xaqaninin gizli hamisi burada da onun imdadına yetişdi, şairin ayaqlarını kündədən, zəncirdən qurtardı. Həbsxana xidmətçisi özündən böyüyün əmrinə əməl etməli oldu.

Günlər, həftələr ötüşür, şair üçün zaman acı, yeknəsəq keçirdi. O, yazmaq, ürəyinin qubarını kağız üstə tökmək, bu yolla bir qədər yüngülləşmək istəyirdi, ancaq dəfələrlə etdiyi xahiş nəticəsiz qaldı. Xaqani gizli hamisinə müraciət etməyi qərarlaşdırdı. Ancaq necə? Şair növbəti bağlamanı qəbul etməkdən boyun qaçırmağı, bağlamanı gətirəni görməyincə, onu qəbul etməməyi qət etdi. Belə də etdi. Doğrudur, o, gizli hamisini görə bilmədi, bağlama gətirən onun xahişini ağasına çatdırmağı boynuna götürdü və ertəsi gün qələm, mürəkkəb, kağız gətirdi. Xidmətçi onları qəbul etmədi, ancaq bu dəfə də gizli hami güclü çıxdı. Ertəsi  gün yazı ləvazimatını həbsxana xidmətçisinin özü gətirməli oldu.

Xaqaninin sevincinin hüdudu yox idi. O, bütün günü bardaş qurub oturdu, dizinin üstündə yazdı. Şair tez-tez bel ağrısından əziyət çəkib ayağa qalxmalı və gəzinməli olurdu. Ağrı keçən kimi, o, yenə oturur, yazıya girişirdi. Yazı-pozuya o qədər aludə olurdu ki, bəzən yeməyi də unudurdu. Xaqaninin yeni yazdığı şeirlər həbsxanadan şikayətlə dolu idi.

Şair Şirvanın vəzirinə məktub yazdı: “Baxma ki, sadə bir xarratın oğluyam. Nə olar ki... İbrahim Xəlil peyğəmbər də, onun atası Azər də dülgər olmuşlar”. Xaqani o həbsə alınan vaxt Gürcüstana gəlmiş Rum qeysərinə də məktub yazdı, ondan azad olunması üçün şirvanşaha dil yetirməyi xahiş etdi: “Zəmanə mənim ziddimədir, məni həbsxanada, zəncirdə saxlayırlar. Bu zəmanə alçaqların, yalançıların xeyrinə hərəkət edir. Mən günahsızam. Məryəmin möcüzələrinə xurma ağacı zamin olan kimi, mənim də təbimin bakirliyinə əsərlərim şahiddir. Hər tərəfdən mənə tənə ilə hücum edirlər. Mən nə özləri köməksiz olan Abbasilərdən, nə də bir-birləri ilə düşmən olan səlcuqlardan imdad diləyirəm. Sənə, Rum hökmdarı Qüstətinə aparılan yazımın hər kəlməsi hünüt olar ki, ölülər çürüməsin, dirilərə sürmə olsun”.

Günlər, aylar bir-birini əvəz edir, şair isə yazır, hey yazırdı... Təklik, kimsəsizlik, heç kimi görməmək, heç kimlə qonuşmamaq da şairi sıxırdı. Xaqanidə yenə gizli hamisi ilə görüşmək arzusu baş qaldırdı. “Madam ki, o, mənə hamilik edir, demək, şeiri başa düşür, onunla iki kəlmə danışmaq hər şeyə dəyər” – deyə fikirləşirdi. Ancaq hami gəlmədi.

Payız ötdü, qış gəldi. Təbiət ağ yorğanın altına girib dərin yuxuya getdi. Xaqaninin hamisi soyuqlar düşən kimi, şairə iki əlavə ağ keçə göndərdi – biri altına, digəri üstünə. Şair bütün qışı həbsxanada keçirməli oldu. Üzü yaza dönəndə gözətçi bir səhər ona xas olmayan gülər üzlə gəldi, qapını açıb Xaqanini salamladı və dedi:

– Şair, buyur çıx, səni yuxarıda gözləyirlər.

Xaqaninin ona heyrətlə baxmasından nə demək istədiyini başa düşən gözətçi gülümsünüb dedi:

– Yəqin, fikirləşirsən ki, bu quru, əzazil gözətçi nə əcəb gülür? Görəsən, gün haradan çıxıb ki, mənimlə belə mehriban danışır?  Dünənə kimi, sən şahımızın düşməni idin, mən də padşah adamıyam, demək, mənim də düşmənim idin. İndi fərman gəlib, səni dustaqdan buraxırlar. Demək, daha padşahın da, mənim də düşmənimiz deyilsən, sən də oldun padşah adamı, keçdin bizim sıramıza. Bundan sonra sən mənə pis sifət göstərsən də, mən sənə göstərmərəm, ixtiyarım yoxdur...

Şair gördü ki, gözətçi hələ çox çərənləyəcək. Ondan yaxa qurtarmaq üçün soruşdu:

– Fərman gəlib?

– Gəlib ki, səni buraxırlar da...

– Hanı fərman?

– Qalx yuxarı, orada səni gözləyirlər, fərman da oradadır.

Xaqani yığışdı, ilk növbədə, yazılarını götürdü, zirzəmini tərk etdi, altı pillə qalxıb həyətə, oradan altı pillə qalxıb eyvana çıxdı və gördüyü birinci qapını itələdi. Qapı açıldı. Otaqda iki nəfər var idi. Onlar ayağa durub Xaqaniyə əl verdilər. Kişilərdən biri yaşı yetmişi keçmiş yaşlı adam idi. Onun sinəsinə düşən saqqalında, qalın bığlarında, uzun qaşlarında, ağ keçə papaq qoyduğu başında bir dənə də qara tükün olmamasına baxmayaraq, üzündə qırış yox idi. Yalnız güləndə onun nurani sifətilə həmahəng olan gözlərinin kənarlarında və enli alnında çox da dərin olmayan qırışlar əmələ gəlirdi. İkinci kişi nisbətən cavan idi, yaşı əllini təzəcə keçmişdi, ancaq o, daha qoca görünürdü. Arıq sifətini saqqal örtsə də, yanaqları boyu çapığa oxşar qırışlar aydın görünürdü. Saç-saqqalı gümüşü rəngdə, baxışları qəmli idi. O, Xaqaniyə əl verəndə gözləri güldü:

– Səni görməyimə çox şadam, şair. Gözəl, xoşbəxt bir təsadüf məni bu şərəfə yetirdi. Şabrana bu gün gəlmişəm, səfərim uzağadır. Əmim Mahmudun qonağıyam. Sənin burada olmağını da mənə o dedi. Dustaqsanmış, xoşbəxtlikdən Allah şirvanşahın ürəyinə rəhm salıb.

Məbud – onun adı belə idi – sözünü bitərəndən sonra Xaqaninin əlini bir də sıxdı. Mahmud kişinin də gözləri gülür, sifətindən nur tökülürdü. O, əlində tutduğu şah fərmanını Xaqaniyə uzadıb dedi:

– Şirvanşah səni azad eləyir, özünü də təcili Şamaxıya – saraya çağırır. Fərmandan belə çıxır ki, əlahəzrət peşmanlıq keçirir.

Xaqani fərmanı gözdən keçirdi və Mahmud kişiyə dedi:

– Bağışla, mən sənin kim olduğunu bilmək istərdim.

Mahmud kişi gülümsündü:

– Mən şah xidmətçisiyəm, Şabranın şəhər rəisiyəm.

Xaqaninin içi qaynadı, ürəyində şirvanşaha qarşı təlatüm edən kin-küdurəti onun – şirvanşahın sadiq nökərinin üstünə tökmək istədi. Bir an içində şairdə əmələ gəlmiş dəyişikliyi kor da görə bilərdi. Xaqani gözlərini gizlətmirdi. Şəhər rəisi də, xüsusən, şirvanşahdan az çəkməmiş Məbud da bunun səbəbini tez başa düşdülər. Məbud dedi:

– Özünü ələ al, şair. Mənim başım çox çəkib, hamısı da dilimə görə, kim olmasına əhəmiyyət verməyib sözümü birbaş üzünə dediyimə görə. Deyəsən, sənin belə bir beytin də var ki, “dil insanın başına bəla gətirir, susmaq isə onu qurtarır”.

Məbud susdu, onu öskürək tutdu, dəsmalını ağzına dirədi, nəhayət, sakitləşdi və davam etdi:

– Bilirəm, sən də dilini saxlayan deyilsən. Belə çıxır ki, özün yazdığının əleyhinəsən?

Xaqani təmkinlə dedi:

– Mən demirəm ki, danışma. Mənim sözlərimin mənası aydındır. O sözlər baş dolandıranlara aiddir.

Nəhayət, şair özünü ələ ala bildi və şəhər rəisinə müraciət etdi:

– Mən ya bu gün, ya da sabah yola çıxacağam. Ancaq bir adam var ki, onu görməmişdən bu şəhəri tərk eləyə bilmərəm.

– Buyur de, çağırtdırım.

Xaqani:

– Bilirsənmi, mən onu tanımıram, üzünü görməmişəm. Mənə bircə o məlumdur ki...

Xaqani sözünün ardını gətirmədi. Şəhər rəisi:

– Niyə susdun, şair? Buyur, – dedi.

Şair söhbəti dəyişmək istəyib, “heç” dedi. Şəhər rəisi gülümsünüb dedi:

– Şair, demək istəyirsən ki, sənə bircə o məlumdur ki, o adam dustaqxanada səninlə əlaqə saxlayırdı. Demədin, ehtiyat elədin ki, o adama şəhər rəisindən ziyan yetişə bilər, eləmi?

Xaqani başını tərpətdi və dedi:

– Əlaqə saxlayıb demək düz olmaz. O adam olmasaydı, yəqin ki, mən indi sizinlə üzbəüz oturub söhbətləşmirdim, soyuqdan, rütubətdən, aclıqdan çoxdan tələf olmuşdum. Hələ onu demirəm ki, ayaqlarımdan kündəni açdırdı, yazı ləvazimatı göndərdi. Ancaq nə qədər çalışdımsa, onu görüm, mümkün olmadı, o, həmişə məndən qaçırdı. Görünür, o da şirvanşahdan qorxub.

Xaqani danışdıqca, şəhər rəisi gülümsünürdü. Şairin sözləri Məbuda da təsirsiz qalmadı:

– Dünya fani deyil, şair, yaxşı adamlar da var, ancaq qorxuram, onu tapa bilməyəsən.

Xaqani onunla razılaşmadı:

– Mən başqa cür fikirləşirəm. Ayaqlarımdan kündəni çıxartdırmağa qüdrəti olan adam adi, sıravi adam olmamalıdır, şəhərdə çəkisi olan adamlardan biri olmalıdır. Demək, onu tapmaq olar.

Məbud əmisinə baxdı, o isə gülümsünmükdə davam edirdi. Xaqaninin  nəzərləri daim onda idi.

Məbud əmisini yaxşı tanıyırdı, Xaqani yaradıcılığının əsiri olmasını da bilirdi. O gülümsünüb dedi:

– Bu, sənin işindir.

Şəhər rəisi dinmədi, ancaq o, gülümsünməkdə davam edirdi. Xaqani heyrətlə şəhər rəisinə baxdı. O, nəsə demək istəsə də, sarsıntı keçirən adam kimi danışa bilmirdi, sanki nitqi batmışdı. Nəhayət, o:

– Sənsən, əlbəttə, sənsən, şəhərdə daha ayrı kimin belə qüdrəti ola bilər?! – dedi və yerindən qalxdı.

Şairin ona tərəf gəldiyini görən şəhər rəisi də durdu. Xaqani əlini ona uzatdı, şəhər rəisi isə qollarını açdı, şairi bağrına basdı və pıçıldadı:

– Bağışla, oğlum, səni intizarda qoydum, görüşünə gələ bilmədim, gələ bilməzdim.  – O, Xaqanini qolları arasından buraxıb davam etdi: – Səbəbini məndən pis bilmirsən. Bayaqdan qardaşoğlum Məbud sənə sənin öz sözlərinlə cavab vedi. İndi mən də sənin sözlərini deyirəm: “Özünü təhlükədən uzaq etmək istəyirsənsə, şirvanşahın ayaqlarından öpməlisən, yaşamaq istəyirsənsə, Mənüçöhrü tərifləməlisən”. Neynəyək, onun ayaqlarına düşmürəm, tərifləmirəm, ancaq ehtiyat edirəm.

Xaqani dinmədi, şəhər rəisi oturdu, şairi yanında oturdub dedi:

– Şair, bilirəm, bu sözləri özün üçün deməmisən, ancaq sarayda ayrı cür mümkün deyil.

Xaqani dərindən ah çəkib dedi:

– Sarayda özümü qanadı qırılmış quş kimi dəmir qəfəsdə hiss edirəm. Bir yandan da rəqiblər və bədxah saray xadimləri mənim çəkdiyim ahı belə,  narazılıq əlaməti kimi şaha çatdırıb, necə olur-olsun, məni ləkələməyə çalışırlar.

Şəhər rəisi Xaqaninin sözlərinə qüvvət verdi:

– Saraylar həmişə belə olub. Mənüçöhrün atasının vaxtında da, elə Mənüçöhr taxta çıxandan sonra da bir neçə il sarayda olmuşam. Sarayda gördüklərim məni o qədər incitdi ki, axırı, şirvanşahdan məni başqa yerə işə göndərməyi xahiş etdim, o da məni Şabran şəhərinə rəis təyin etdi. Saray adamlarının sözlərindən baş çıxarmaq çətin işdir.

Xaqani başını tərpətdi:

– Düz buyurursan, saray fitnə-fəsad yuvasıdır, heç kimin dediyi sözlə əməlinin tutduğunu söyləmək olmaz, – dedi və özü də hiss etmədən özünə tərif söylədi: – Haqsızlara qarşı fəryad etməkdən dilim tükə dönsə də, mən dünyada hər sözdən tük çəkən söz ustası olmuşam. – gülümsünərək davam etdi: – Deyəsən, özümü təriflədim axı, təvazödən kənara çıxdım.

Şəhər rəisindən qabaq Məbud dilləndi:

– Lazımsız təvazö insana ziyan gətirir. Sənin dediklərin həqiqətdir, ləyaqətli şairsən, həqiqətən də, söz ustasısan, bunu heç kim, heç sənin bədxahların da inkar etmirlər.

Xaqani acı-acı gülümsündü:

– Eh, ləyaqətə kimdir baxan, ləyaqətin olub, var-dövlətin yoxdursa, bu ləyaqət mənasız ada bənzər.

Məbud dedi:

– Şair, səhv eləmirəmsə, bu fikri başqa cür də demisən.

Məbud şairin, “əgər zəmanəmizdə var-dövlətin yoxdursa, ağıldan nə fayda, ağıl kasıbın nəyinə gərəkdir?” deyən misralarını əzbərdən dedi.

Xaqani heyrətlə:

– Sənin yaddaşın heyrətamizdir! – dedi.

Məbud gülümsündü və:

– Lazımlı şeylərə yaddaşım pis deyil, – dedi və sağ əlini alnına, sinəsinə vurub: – Heç bilirsən burada sənin nə qədər sözün, şeirin var? – söylədi, əmisini göstərib davam etdi: – Mən o kişinin yanında yalanam, onunla mübahisəyə girişə bilmərəm.

Xaqani şəhər rəisinə baxıb:

– Çox dövlət də bir şey deyil, başa bəladır, – dedi və iki misra şeir oxudu:

 

Dövlət bənzər al şəraba, az içdinmi, ruh verər,

Çox düşərsə, ağlı pozar, yaradar min fəlakət.

 

Bu dəfə şəhər rəisi Xaqaninin iki misrasını dedi:

 

Kim dövlətlə, malla məğrur olarsa,

Atəş meydanında qarğı at çapar.

 

Xaqani yenə şəhər rəisinə baxıb başını tərpətdi və dedi:

– Bəli, yoxsulların, dünya malına əsir olmayanların mənəvi yüksəkliyini ancaq müqəddəs yazıların qaranlıq sirlərini başa düşənlər anlaya bilərlər.

Məbud dilləndi:

– İnsan yer üzünə mal-dövlət üçün gəlmir, xoşbəxtlikdən ötrü, səadətdən ötrü gəlir.

Xaqani Məbuda tərəf dönüb dedi:

– Elədir, dostum, elədir. Ancaq bu, mümkündürmü? Biz aləmdən səadət diləyirik, amma onun özündə o istədiyin yoxdur. Ay hilal vaxtında gündən-günə artıb gözəlləşdiyi halda, on iki bürcün biri olan Sərtən, əksinə, düşkünlüyə doğru gedir.

Xaqani qalxdı, şəhər rəisinə bir də dərin minnətdarlığını bildirdi, onu elə indi yola salmağı xahiş etdi. Şəhər rəisi Xaqanini bir-iki gün qonaq saxlamaq istədi, ancaq şair evə – uşaqlarının, arvadının, valideynlərinin yanına tələsirdi. Şəhər rəisi də bunu başa düşdüyündən, təkid etmədi. Xaqani yola çıxanda şəhər rəisi:

– Get, qarşına uğur çıxsın, Allah köməyin olsun, – dedi.

Xaqani onunla, Məbudla bir də görüşdü və bir rübai dedi:

 

Zənn etmə fələyin çərxi düzələr,

Ömür dolandıqca, artır dərdü-sər.

Fələyin başına, demə,  kül olsun,

Bir ovuc külə də dəyməz fələklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

 

Cümə axşamı, 12 Noyabr 2026 15:30

Ədəbiyyat və Konstitusiya

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Ədəbiyyat və Konstitusiya ilk baxışdan fərqli sahələr təsiri bağışlasa da, mahiyyət etibarilə onları birləşdirən əsas məqam insana, onun hüquq və azadlıqlarına, ləyaqətinə və cəmiyyət qarşısındakı məsuliyyətinə münasibətdir. Ədəbiyyat insanın mənəvi dünyasını, azadlıq və ədalət axtarışlarını bədii söz vasitəsilə ifadə edir, Konstitusiya isə bu dəyərlərin hüquqi əsaslarını müəyyənləşdirir. Başqa sözlə, ədəbiyyat insanın haqqını mənəvi müstəvidə müdafiə edir, Konstitusiya həmin haqqın hüquqi təminatını yaradır. Qısası, konstitusiya və ədəbiyyat cəmiyyətin, insanın və dövlətçiliyin inkişafında iki fərqli, lakin bir-birini tamamlayan mühüm müstəvilərdir.

 

Əsl ədəbiyyat yalnız həyat hadisələrini təsvir etməklə kifayətlənmir, həm də cəmiyyətdəki haqsızlıqları, ziddiyyətləri və mənəvi problemləri üzə çıxarır. Əsrlər boyu yazıçı və mütəfəkkirlər ədalət, bərabərlik, insan ləyaqəti, vicdan və azadlıq məsələlərinə müraciət etmişlər. Nizami Gəncəvinin ədalətli hökmdar və insan məsuliyyəti haqqında düşüncələri, Füzulinin insanın mənəvi azadlığına və daxili aləminə verdiyi dəyər bu baxımdan diqqətəlayiqdir. Bu əsərlərdə müasir konstitusion hüququn konkret müddəalarını axtarmaq düzgün olmazdı. Lakin onların ifadə etdiyi mənəvi prinsiplər sonrakı dövrlərdə demokratik cəmiyyətlərin əsas dəyərləri ilə səsləşir.

Azərbaycan ədəbiyyatında hüquq və azadlıq düşüncəsinin inkişafında XIX əsr maarifçilik hərəkatı xüsusi mərhələ təşkil edir. Mirzə Fətəli Axundzadə cəhalətə, özbaşınalığa və köhnəlmiş ictimai münasibətlərə qarşı çıxaraq cəmiyyətin yeniləşməsini, idarəçilikdə islahatları və azad düşüncəni müdafiə edirdi. Onun əsərlərində insanın düşüncə azadlığı ilə cəmiyyətin tərəqqisi arasında sıx əlaqə yaradılırdı. Həsən bəy Zərdabi isə “Əkinçi” qəzeti vasitəsilə xalqın maariflənməsinə, ictimai problemlərin müzakirəsinə və insanların öz taleyinə münasibət bildirməsinə şərait yaratmağa çalışırdı. Beləliklə, maarifçilik yalnız təhsilin yayılması deyil, həm də hüquqi və ictimai şüurun formalaşması istiqamətində mühüm addım idi.

XX əsrin əvvəllərində bu düşüncələr daha geniş ictimai-siyasi məzmun qazandı. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşr olunan Molla Nəsrəddin jurnalı cəhaləti, sosial bərabərsizliyi, qadın hüquqsuzluğunu və məmur özbaşınalığını kəskin tənqid edirdi. Yazıçının “Ölülər” əsərində insanın sərbəst düşünmək imkanından məhrum edilməsi, həqiqətin gizlədilməsi və cəhalətin cəmiyyət üzərində hökmranlığı göstərilir. Bu əsərlərin əsas ideyası insanın düşünmək, sorğulamaq və öz fikrini ifadə etmək haqqının qorunmasının vacibliyidir.

Həmin dövrdə ədəbiyyatda və publisistikada inkişaf edən azadlıq, bərabərlik və milli özünüdərk ideyaları 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə yeni mərhələyə qədəm qoydu. Mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi demokratik dövlətçilik və vətəndaşların hüquq bərabərliyi prinsiplərini dövlət səviyyəsində ifadə etdi. Cümhuriyyət mövcud olduğu 23 ay ərzində ayrıca Konstitusiya qəbul edə bilməsə də, İstiqlal Bəyannaməsi müstəqil dövlətin əsas hüquqi prinsiplərini müəyyənləşdirən mühüm sənəd oldu. Beləliklə, uzun müddət ədəbi və ictimai fikirdə formalaşan azadlıq və hüquq düşüncəsi real dövlətçilik təcrübəsi ilə birləşdi.

Sovet dövründə isə ədəbiyyatda insan, bərabərlik, sosial ədalət və azadlıq məsələləri müxtəlif formalarda davam etdirildi. Cəfər Cabbarlının “Sevil” əsərində qadının hüquqsuz vəziyyətdən çıxması və cəmiyyətdə şəxsiyyət kimi formalaşması, Bəxtiyar Vahabzadənin yaradıcılığında isə milli azadlıq, ana dili və sərbəst düşüncə məsələləri ön plana çəkilirdi. Bununla belə, həmin dövrün ədəbi yaradıcılığı ciddi ideoloji məhdudiyyətlərlə üzləşirdi. Ədəbiyyatda müdafiə olunan azadlıq və ədalət idealları ilə mövcud siyasi reallıq arasında yaranan ziddiyyət yazıçıların yaradıcılığında mühüm mövzulardan birinə çevrilirdi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycanda hüquqi dövlət quruculuğunun yeni mərhələsini başlatdı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu sənəddə insan hüquq və azadlıqları, qanun qarşısında bərabərlik, fikir və söz azadlığı, vicdan azadlığı və digər fundamental hüquqlar dövlətin əsas hüquqi prinsipləri kimi təsbit olundu.

Müstəqil Azərbaycanın Konstitusiyasında əksini tapan bu prinsiplər milli ədəbiyyatımızın müxtəlif mərhələlərində müdafiə edilmiş bir sıra ideyalarla səsləşir. Məsələn, Cəlil Məmmədquluzadənin düşüncə azadlığı uğrunda mübarizəsi ilə Konstitusiyanın 47-ci maddəsində təsbit olunan fikir və söz azadlığı arasında məzmun yaxınlığı vardır. Həsən bəy Zərdabinin maarifçilik fəaliyyəti də insanların məlumat əldə etmək və ictimai həyatda iştirak etmək hüquqlarının əhəmiyyəti ilə səsləşir. Bu, ədəbi əsərlərin birbaşa hüquqi normalar yaratması deyil, ictimai düşüncədə formalaşan dəyərlərlə sonradan qanunvericilikdə təsbit edilən prinsiplərin mənəvi və tarixi bağlılığıdır.

Ədəbiyyatla Konstitusiyanın ən mühüm kəsişmə nöqtələrindən biri söz azadlığıdır. Ədəbiyyatın inkişafı sərbəst düşüncə və ifadə imkanlarından asılıdır. Yazıçı cəmiyyətdəki problemləri tənqid etmək, həqiqəti söyləmək və ictimai münasibətlərə öz mövqeyini bildirmək imkanına malik olmalıdır. Çünki tənqid olmayan yerdə nöqsanlar görünməz qalır, fərqli düşüncəyə hörmət göstərilməyən cəmiyyətdə isə inkişaf çətinləşir. Söz azadlığı yalnız yaradıcı insanların deyil, bütövlükdə cəmiyyətin tərəqqisi üçün zəruri şərtdir.

Bununla yanaşı, hüquqi dövlətin möhkəmliyi yalnız qanunların mövcudluğu ilə ölçülmür. İnsanların həmin qanunlara hörmət etməsi, bir-birinin hüquqlarını tanıması və azadlığın məsuliyyət tələb etdiyini anlaması da vacibdir. Konstitusiya insanın hüquqlarını müəyyənləşdirir, ədəbiyyat isə bu hüquqların mənəvi dəyərini dərk etməyə kömək edir. Başqa sözlə, konstitusiya ilk növbədə toplumun, xalqın və dövlətin ümumi mənafeyini, hüquqi-siyasi sistemini və nizamını müəyyən edir. Ədəbiyyat isə daha çox fərdin daxili aləmindən, insanın mənəvi narahatlıqlarından, ümumbəşəri dəyərlərdən və hisslərdən çıxış edir. Qanun insanın hansı hüquqlara malik olduğunu göstərir, ədəbiyyat isə başqasının haqqına hörmət etməyin, ədalətli və vicdanlı olmağın əhəmiyyətini insanın şüuruna çatdırır.

Nəticə etibarilə, ədəbiyyat və Konstitusiya insan və cəmiyyət münasibətlərinin iki mühüm ifadəsidir. Ədəbiyyat insanın vicdanına və mənəvi dünyasına, Konstitusiya isə onun hüquqi mövcudluğuna müraciət edir. Onların ortaq məqsədi insanın azad, ləyaqətli və ədalətli cəmiyyətdə yaşamasına xidmət etməkdir. Hər iki anlayış milli dövlətçilik ənənələri, suverenlik və vətəndaşlıq ideyaları üzərində birləşir.

Konstitusiya insanın haqqını hüquqi baxımdan qoruyur, ədəbiyyat isə ona haqqın, azadlığın və ədalətin dəyərini dərk etdirir. Hüquqla mənəviyyatın, qanunla vicdanın bir-birini tamamladığı cəmiyyətdə isə ədalət yalnız yazılı norma və ya gözəl arzu olaraq qalmır, həyat prinsipinə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2026)

 

 

Cümə axşamı, 12 Noyabr 2026 13:35

Özümüzə gecikdiyimiz həyat...

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Bəzən insan heç yerə getmədən də itə bilir. Nə bir şəhər dəyişir, nə evini tərk edir, nə də tanıdığı adamlardan uzaqlaşır. Sadəcə, bir gün öz daxilində əvvəlki adamı tapa bilmir. Sanki illərdir yaşadığı həyatın içində özü olmadan yaşayıb.

 

Uşaqlıqda qurduğumuz xəyalları xatırlayırsanmı? O vaxt həyatın qarşısında nə qədər cəsarətli idik. Böyüyəndə heç nədən qorxmayacağımızı, heç kimə bənzəməyəcəyimizi, öz yolumuzu seçəcəyimizi düşünürdük. Sonra böyüdük. Öyrəndik ki, bəzi sözləri demək olmaz, bəzi istəkləri dilə gətirmək düzgün deyil, bəzi arzular üçün artıq gecdir. Bir az susduq, bir az güzəştə getdik, bir az da başqalarının bizi necə görmək istədiyinə uyğunlaşdıq. Beləcə, özümüzdən xəbərsiz özümüzü dəyişdirməyə başladıq.

Ən qəribəsi budur ki, insanın özündən uzaqlaşması həmişə böyük hadisələrlə baş vermir. Bəzən istəmədiyin bir görüşə getməklə, demək istədiyin sözü udmaqla, sevmədiyin bir vəziyyətə razılaşmaqla başlayır. Hər dəfə özünü bir az inkar edirsən və bunu həyatın tələb etdiyi zərurət hesab edirsən. Halbuki insanın ruhu hər güzəşti unutmur. Daxilində bir yer bütün susqunluqları, yarımçıq qalan arzuları, yaşanmamış ehtimalları qoruyub saxlayır.

Bəlkə də buna görə bəzən səbəbini bilmədiyimiz bir narahatlıqla oyanırıq. Hər şey yerindədir, amma nəsə çatmır. Ətrafımızda insanlar var, amma özümüzə yaxın deyilik. Gülürük, danışırıq, gündəlik işlərimizi görürük, ancaq içimizdə bir nəfər var ki, çoxdan bizimlə danışmır. O, vaxtilə olmaq istədiyimiz insandır. Bəlkə də hələ də haradasa bizi gözləyir.

Maraqlıdır, insan başqalarına verdiyi sözləri tutmaq üçün özünə verdiyi sözləri niyə bu qədər asanlıqla unudur? Niyə hamının yorğunluğunu anlayırıq, amma öz yorğunluğumuzu izah etməyə söz tapmırıq? Niyə başqalarının xoşbəxtliyi üçün zaman ayırırıq, amma özümüzə gələndə həmişə sabahı gözləyirik?

Bəlkə də ən böyük gecikməmiz elə özümüzə gecikməyimizdir.

İllər keçir. Bir vaxtlar qorxduğumuz şeylərin bəziləri əhəmiyyətini itirir, uğrunda mübarizə apardığımız bəzi məsələlər mənasızlaşır. İnsan anlayır ki, həyatın ən qiymətli tərəfi hər şeyi əldə etmək deyilmiş. Bəzən heç kimə izah vermədən yaşamaq, istədiyin yerdə dayanmaq, istəmədiyin qapını döyməmək, ürəyinin qəbul etmədiyi heç nəyə məcbur qalmamaq imiş.

Bunun adı eqoizm deyil. Bu, insanın öz varlığını tanımasıdır.

Məncə, hər kəsin həyatında bir gün gəlməlidir: insan özündən üzr istəməlidir. Vaxtında dinləmədiyi qəlbindən, qorxduğu üçün yarımçıq qoyduğu xəyallarından, başqaları inciməsin deyə incitdiyi öz ruhundan üzr istəməlidir. Çünki insan bəzən ən ağır haqsızlığı başqasına deyil, elə özünə edir.

Və bəlkə də həyatın bizə verdiyi ən böyük fürsət yenidən başlamaq deyil, nəhayət, özümüzə qayıtmaqdır.

Çünki insanın itirdiyi hər şeyi tapmaq mümkün olmaya bilər. Amma özünü itirdiyi yerdən geri dönmək üçün bəzən bircə cəsarətli qərar kifayətdir.

Kaş ki, bir gün hamımız öz həyatımıza vaxtında çata bilək...

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

Cümə axşamı, 12 Noyabr 2026 11:36

İlahinin Yer üzündəki əks-sədası - ANA

Tural İbrahim,

Yazıçı-publisist, Azərbaycan Yazıçılar vəJurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

“Ədəbiyyat və incəsənət”

 

Kainatın səssizliyində elə bir qüdrət gizlidir ki, o, heç bir qanunla, heç bir fəlsəfə ilə ölçülmür. Bu qüdrət – Anadır. Tanrının öz yaratmaq sirrini, mərhəmətini və səxavətini insan övladına əmanət etdiyi yeganə körpüdür.

 

Yer üzünün daşını-torpağını, ulduzların səmasını yaradan Tanrı, yeni bir cana nəfəs vermək qüdrətini məhz ananın ürəyinə yazmışdır. Hz. Məryəmdən Hz. İsanı var edən ilahi iradə, hər bir ana ilə bu yaradılış möcüzəsini yenidən dirildir.

​Ana, Tanrının bu dünyadakı əli, gözü, qoruyucu kölgəsidir. Körpəsinin ilk nəfəsindən tutmuş, ömrünün sonuna qədər övladına ruzini daşıyan ilahi bir vasitəçidir. Hz. Məhəmməd  vasitəsilə "Cənnət anaların ayaqları altındadır" hökmünü buyuran uca əmr, təsadüfi deyil. Çünki cənnət  hüzurdur, təhlükəsizlikdir, sevginin ən saf zirvəsidir; və bu zirvə məhz ananın addım basdığı ocaqdadır.

​Bir qadının ana olandan sonra keçirdiyi hisslər, kainatın yaranışından daha böyük bir möcüzədir. O, gecələri yuxusuz qalan, övladının üzündəki kiçik bir narahatlıq kölgəsindən bütün kainata savaş açan bir döyüşçüdür. Zəif görünən o zərif qollar, övladına gələn hər hansı bir bəlanın qarşısında poladdan bir qalxana çevrilir. Dünyanın bütün fırtınaları üstünə gəlsə, ana övladını qorumaq üçün özünü sipər edər. Bu, sadəcə bioloji bir instinkt deyil; bu, ruhun başqa bir ruhda əriməsi, ilahi məhəbbətin yer üzündəki təcəssümüdür.

​Ancaq insanlıq bəzən bu böyük möcüzənin qədrini ancaq onu itirəndə anlayır. Varlığının dəyərini zamanında bilməyib itirənlər, ömürlük yetim qalırlar. Çünki dünyada hər şeyin əvəzi tapılar, hər itki bir şəkildə unudular, amma ananın yeri, o boş qalan baş tacı heç vaxt dolmaz.  Ananın duası, yer üzündə görünməyən hüceyrələri, kainatın gizli mexanizmlərini lərzəyə gətirən bir qüvvədir. Bir ananın "Allah səni qorusun" deməsi, milyardlarla mələyin həmin övladın ətrafında səngər qurması deməkdir.

​Ey analar! Siz Tanrının şah əsərisiniz. Sizə tabe olmamaq, sevginizə qarşılıq verməmək günəşin istiliyini inkar etmək kimidir. Sizin varlığınız bu dünyanın üzərindəki ən böyük məbəddir. Və bu məbədin hər daşı göz yaşları, hər sütunu isə səssiz fədakarlıqlarla hörülmüşdür. Nə qədər ki, analarımız sağdır, yer üzü hələ də mərhəmət üzərində dayanır. Onları qorumaq, dualarını almaq isə hər bir insanın bu dünyada edə biləcəyi ən uca ibadətdir.

Hz. Musanın anasının Nilə buraxdığı sandıq necə ki ilahi qoruma altına alındı, bu gün də hər bir ananın övladı üçün səmaya qaldırdığı əllər, səssizcə pıçıldadığı dualar görünməz bir qalxan olaraq övladlarını qoruyur. Ananın duası o qədər safdır ki, o, ən qaranlıq qapıları belə açmağa qadirdir.

​Var-dövlətin, şöhrətin, dünyəvihər şeyinbirgünmütləqitəcəyibudünyadaananınyeri heç bir şeylə əvəzolunmayan, heç birqızılınsatınalabilmədiyitəksərvətdir. Onlarınqədrinisağ ikənbilək...

 

Redaksiyadan:

Tural İbrahimistedadlı gəncyazarlarımızdanolmaqlayanaşı, həmdə əsilli-nəsillidir. O, Pənahəlixanınvarisi, İbrahimxəlilxanınkötücəsidir. Onagözəldavamçılıqvə yeni-yeniyaradıcılıquğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

 

 

 

 

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sumqayıtda “Dostluq” klubuna rəhbərlik edirdi. Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı idi. Moskvada vəfat etdi.

Aslan Fətullayev barədə danışıram.

 

Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər. Azərbaycan Dövlət Kukla Teatrından isə bildirilir ki, Aslan Fətullayev bağırsağında olan problemlə bağlı Moskvaya müayinəyə yollanmışdı. Geriyə dönüşü olmadı.

Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xətti, yaratdığı yaddaqalan obrazları və çoxşaxəli fəaliyyəti ilə seçilən Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. O, 10 noyabr 2026-cı ildə, qeyd etdiyimiz kimi, Moskvada vəfat edib.

Aslan Fətullayevin sənətə marağı hələ uşaqlıq illərindən başlayıb. Cəmi yeddi yaşından doğma kəndinin mədəniyyət evində təşkil olunan teatr tamaşalarında iştirak edib. 1963-cü ildə Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında İnkir obrazını canlandıraraq səhnəyə ilk addımlarını atıb. Bu çıxış onun gələcək sənət yolunun başlanğıcı olub.

1974-cü ildə Çayrud kənd orta məktəbinin onillik təhsil pilləsini başa vuran Aslan Fətullayev həmin il Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif fakültəsinə daxil olub. 1974–1976-cı illərdə burada özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil alıb. Sənətə olan sevgisi və peşəkar biliklərə yiyələnmək arzusu onu 1977–1982-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirməyə sövq edib.

 

Onun teatr və televiziya fəaliyyəti

Aslan Fətullayevin sənət həyatında diqqətəlayiq məqamlardan biri 1975–1978-ci illərdə Abdulla Şaiq adına Bakı Kukla Teatrında keçirilən Yeni il şənliklərində aparıcı aktyor kimi çıxış etməsidir.

1975-ci ildə “Canlı şahid” televiziya tamaşasında Şani obrazını canlandırması onun yaradıcılıq həyatında xüsusi yer tutur. Bu obrazla 19 yaşı tamam olmadan Azərbaycan Televiziyasının “Qızıl Fond”una daxil edilən ilk aktyor kimi teatr və televiziya tarixində özünəməxsus iz qoyub. 1981-ci ildə “Cənnətin qəbzi” tamaşasında cənnətdə qəbz yığan obrazını yaradaraq məşhurlaşıb, aktyorluq imkanlarının fərqli çalarlarını nümayiş etdirib.

 O, Azərbaycan televiziyasının «Səhər görüşləri», «Gecə kanalı», «Komediyalar aləminə səyahət», «45 dəqiqə», «Ordan-burdan», «Məzəli əhvalatlar» və «Bir bazar günü» kimi tanınmış verilişlərində də iştirak edib.

2003-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərən aktyor 2008-ci ildən etibarən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Bu teatrın səhnəsində «Ələddin», «O olmasın, bu olsun», «Zınqırovlu pişik» və «Cırtdan» tamaşalarında müxtəlif obrazları canlandırıb.

Onun teatr yaradıcılığında «Anacan» tamaşasında Qulu, «Təxribatçılar»da polis generalı, «Mən sənin dayınam»da dramaturq, «Varlı qadın»da Pəhləvan Zərlinski və «Mesenat»da H. Z. Tağıyevin xidmətçisi obrazları da xüsusi yer tutur.

Aslan Fətullayev teatr səhnəsi ilə yanaşı, kino sənətində də öz istedadını nümayiş etdirib. O, müxtəlif filmlərdə yaratdığı fərqli xarakterli obrazlarla tamaşaçıların yaddaşında qalıb.

«Mosfilm» kinostudiyasının istehsalı olan «Oğlan və maral» filmində fotoreportyor, «Azərbaycanfilm» kinostudiyasının çəkdiyi «Cin mikrorayonda» filmində kiçik cin, «Papaq» filmində papaqçının dostu, «Qorxma, mən səninləyəm» filmində İvan Spirodonoviç, «Qətl günü» filmində isə zindanban obrazlarını canlandırıb.

Həmçinin «Mozalan» satirik kinojurnalının «Kapitan» buraxılışında basketbol komandasının kapitanı rolunda çıxış edib. «Ağ gəmi», «Stepanın yadigarı» və «Baş tutmayan ezamiyyət» filmlərinin dublyajında da iştirak edərək Azərbaycan kino sənətinə töhfə verib.

Aslan Fətullayevin fəaliyyəti yalnız aktyorluq sənəti ilə məhdudlaşmayıb. Qeyd etdiyimiz kimi, 1979-cu ildən Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində çalışıb. «Gənclik» klubunda bədii rəhbər, «Dostluq» mədəniyyət evində isə direktor vəzifələrini icra edib.

O, mədəniyyətin inkişafı, xalq yaradıcılığının qorunması və yaşlı nəslin nümayəndələrinə diqqətin artırılması istiqamətində də təşəbbüslərlə çıxış edib. «Dostluq» mədəniyyət evində qocaman musiqiçilərdən ibarət «Bahar» xalq çalğı alətləri ansamblını yaradaraq onların sənət fəaliyyətinin davam etdirilməsinə şərait yaradıb.

1989-cu ildə Bakıda keçirilən «Qızıl payız-89» müsabiqəsinin qalibi olmuş «Yuxu» rok qrupunun yaradıcılarından biri olub. “Dostluq” klubu Sumqayıtın 8-ci mikrorayonunda fəaliyyət göstərirdi, “Yuxu” qrupunun uşaqları da bu mikrorayonun uşaqları idi, mikrorayon o yana, eyni binadan idilər həm klub, həm İbrahim Emin, Çingiz və qeyriləri.

Onun təşəbbüsü ilə formalaşan bu kollektiv 1990-cı ildə Almaniyada keçirilən «MAYEN-ROK-90» beynəlxalq festivalında da qalib gəlib. Bu uğurlar Aslan Fətullayevin musiqi və təşkilatçılıq sahəsindəki bacarığının göstəricisi idi.

 

Beynəlxalq fəaliyyət və təltifləri

Aslan Fətullayev Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı olub. Türkiyə, Kipr, Rusiya və digər ölkələrdə qastrol səfərlərində iştirak edərək Azərbaycan incəsənətini və milli mədəniyyətimizi layiqincə təmsil edib.

2009-cu ildə Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycan Akademik Milli Dram Teatrının, eləcə də Rusiya Federasiyasının Həştərxan şəhərində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru kimi səhnəyə çıxıb.

Uzunillik səmərəli fəaliyyəti, milli mədəniyyətin inkişafına verdiyi töhfələr dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2016-cı ildə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb. 2026-cı ilin may ayında isə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif edilib.

 

Sənətkarın xatirəsinə

Aslan Fətullayevin həyat yolu sənətə bağlılığın, yaradıcılıq axtarışlarının və zəhmətin nümunəsidir. O, uşaqlıqdan könül verdiyi teatr sənətini ömrünün əsas amalına çevirərək aktyor, rejissor-təşkilatçı və mədəniyyət xadimi kimi müxtəlif sahələrdə fəaliyyət göstərib.

 Lerikin qədim və ziyalı yetirən Çayrud kəndində başlayan bu sənət yolu onu Azərbaycan teatrının, televiziyasının və kinosunun səhnələrinə qədər aparıb. Doğulduğu torpağın yetirməsi kimi qazandığı uğurlar, yaratdığı obrazlar və mədəniyyətimizə verdiyi töhfələr onun adını sənət tariximizdə yaşadacaq.

10 noyabr 2026-cı ildə Moskvada dünyasını dəyişən Aslan Fətullayevin vəfatı sənət aləmi, doğmaları, onu tanıyanlar və doğma yurdunun insanları üçün ağır itkidir.

Sənətkarlar fiziki olaraq həyatdan köçsələr də, yaratdıqları obrazlarla, sənətə bəxş etdikləri töhfələrlə və yaddaşlarda qoyduqları izlə yaşayırlar. Aslan Fətullayev də yaratdığı obrazlarla və zəngin sənət irsi ilə xatırlanacaq. Xüsusən, leriklilər və sumqayıtlılar onu unutmayacaqlar.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2026)

 

 

 

Cümə axşamı, 12 Noyabr 2026 10:04

Doğum gününüz mübarək, ölümsüzlər!

Uşaqlıq andına sadiq qalan qəhrəman: Şəhid kiçik çavuş Əjdər Dadaşov

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi xalqımızın igid oğullarının şücaəti sayəsində böyük Zəfərlə başa çatdı. Bu qələbənin memarlarından biri də uşaqlıqdan verdiyi vədə sadiq qalaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən Salyan rayonunun igid övladı, kiçik çavuş Əjdər Pənah oğlu Dadaşovdur.

 

Həyatı və uşaqlıq arzusu

Əjdər Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. Atası Pənah Dadaşov və anası İlhamə xanımın tərbiyəsi ilə böyüyən Əjdər hələ uşaq yaşlarından vətənpərvərliyi, istiqanlılığı və mehribanlığı ilə seçilirdi. Yaxınlarının və anasının xatirələrinə görə, o, ətrafındakı heç kəsin xətrinə dəyməyən, böyük-kiçik yeri bilən bir gənc idi.

Hərbçi olmaq Əjdərin ən böyük uşaqlıq arzusu olmuşdur. Hələ balaca olarkən atasına "Böyüyəndə torpaqlarımızı yağı düşməndən geri alacağam" deyə söz vermişdi. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Əjdər, ordu sıralarındakı xidmətini başa vurduqdan sonra da bu şərəfli peşədən ayrılmamış və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi Vətənə xidmətini davam etdirmişdir.

 

Qardaşına nümunə olan vətən sevgisi

Əjdərin tükənməyən Vətən sevgisi və hərb sənətinə bağlılığı ailəsində, xüsusilə də qardaşı Amilin həyat yolunun seçilməsində mühüm rol oynamışdır. Qardaşı Amil Dadaşov onun təsiri ilə hərbçi olmağa qərar verdiyini və Əjdərin ona daim "Gəl sən də mənim yanımda ol, birlikdə Vətənə xidmət edək" deyərək ruh yüksəkliyi verdiyini qürurla xatırlayır.

 

Döyüş yolu və şəhadəti

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı - Vətən müharibəsi başlayanda, kiçik çavuş Əjdər Dadaşov da xüsusi təyinatlı bölmələrin tərkibində ilk gündən ön cəbhəyə atıldı.

O, müharibənin ən ağır və strateji istiqamətlərindən biri olan Suqovuşanın işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə böyük şücaət göstərmişdir. Döyüşlərin qızğın çağında - ömrünün 24-cü baharına qədəm qoymağa hazırlaşarkən, 2020-ci il sentyabrın 29-da Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Ailəsinin sözlərinə görə, şəhadətindən bir qədər əvvəl atasına zəng edən Əjdər sanki son döyüşünə gedəcəyini hiss edərək ondan halallıq istəmiş, ailə üzvləri ilə vidalaşmışdır.

 

Dövlət təltifləri və əbədi xatirəsi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə kiçik çavuş Əjdər Pənah oğlu Dadaşov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra aşağıdakı orden və medallarla təltif edilmişdir:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətən uğrunda" medalı (15.12.2020)

"Laçının azad olunmasına görə" medalı (29.12.2020)

 

Bu gün doğulduğu Salyan rayonunun Xələc kəndində və bütövlükdə Azərbaycanda Əjdər Dadaşovun xatirəsi dərin ehtiramla yad edilir. Uşaqlıq andına sadiq qalaraq azadlığı uğrunda canını fəda etdiyi torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Hər bir müstəqil dövlətin varlığını, idarəetmə formasını və vətəndaşlarının hüquqlarını müəyyən edən ən ali sənəd onun Konstitusiyasıdır. Azərbaycan xalqı üçün 12 noyabr təkcə bir təqvim günü deyil, həm də milli dövlətçilik tariximizdə yeni bir mərhələnin — müstəqil, demokratik və hüquqi dövlət quruculuğunun rəsmi başlanğıc nöqtəsidir.

 

Tarixi zərurət və konstitusiya quruluşunun keçmişi

Azərbaycanın konstitusiya tarixi zəngin və mürəkkəb mərhələlərdən keçib:

Cümhuriyyət dövrü: 1918–1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Şərqin ilk demokratik respublikası — Azərbaycan Xalq Cümhuriyyəti gərgin tarixi-siyasi şərait səbəbindən dövlətin Əsas Qanununu qəbul etməyə macal tapmamışdı.

Sovet dövrü: Ölkəmizin ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilib. Daha sonra SSRİ konstitusiyalarına uyğunlaşdırılmış 1925, 1927, 1937 və nəhayət 1978-ci il konstitusiyaları qüvvədə olub. Xüsusilə 1978-ci il Konstitusiyasında Ümummilli Lider Heydər Əliyevin prinsipiallığı sayəsində Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu.

 

1995-ci İl: müstəqil Azərbaycanın ilk əsas qanunu

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən siyasi böhranlar və idarəetmə boşluqları yeni, müstəqil dövlətin tələblərinə cavab verən Konstitusiyanın hazırlanmasını zəruri edirdi. 1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə xüsusi Konstitusiya Komissiyası yaradıldı və layihə ümumxalq müzakirəsinə çıxarıldı.

1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində (referendumda) seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi yeni Konstitusiyanın qəbuluna səs verdi. Əsas Qanun 1995-ci il noyabrın 27-də rəsmi olaraq hüquqi qüvvəyə mindi. 1996-cı il fevralın 6-da imzalanmış Fərmanla isə 12 noyabr ölkəmizdə Konstitusiya Günü elan edildi.

 

Konstitusiyanın quruluşu və əsas prinsipləri

Müstəqil Azərbaycanın 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyası müasir dünya standartlarına uyğun mütərəqqi dəyərləri özündə birləşdirir:

Xalq hakimiyyəti: Konstitusiyaya görə, Azərbaycan dövlətində hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Hakimiyyət bölgüsü: Dövlət hakimiyyəti qanunvericilik (Milli Məclis), icra (Prezident) və məhkəmə hakimiyyəti olmaqla üç müstəqil qola bölünür.

İnsan hüquq və azadlıqları: Əsas Qanunun maddələrinin təxminən üçdə biri (48 maddə) bilavasitə insan və vətəndaş hüquqlarının, azadlıqlarının təminatına həsr olunub. Burada yaşamaq hüququ, fikir və söz azadlığı, vicdan azadlığı, mülkiyyət hüququ və təhsil hüququ ali dəyər kimi qorunur.

 

Zamanın tələbinə uyğun yenilənmələr

Cəmiyyətin və dövlətin inkişafı ilə paralel olaraq, Konstitusiyamız da təkmilləşdirilib. Ölkəmizdə indiyədək üç dəfə — 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərində ümumxalq referendumları keçirilərək Əsas Qanuna mühüm əlavə və dəyişikliklər edilib. Bu islahatlar insan hüquqlarının daha səmərəli müdafiəsinə (məsələn, vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət hüququ), dövlət idarəçiliyinin çevikliyinin artırılmasına (vitse-prezidentlik institutunun yaradılması) və iqtisadi azadlıqların genişləndirilməsinə xidmət edib.

 

Tam suverenlik və ərazi bütövlüyü şəraitində konstitusiya

Uzun illər ərzində torpaqlarımızın işğal altında olması səbəbindən Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində tam tətbiq oluna bilmirdi. Lakin 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hər bir qarışında — Qarabağda və Şərqi Zəngəzurda da tam hüquqi qüvvəyə malikdir.

Nəticə etibarilə, 12 Noyabr – Konstitusiya Günü hər bir vətəndaşın öz hüquq və vəzifələrini dərk etməsi, qanunun aliliyinə hörmət və müstəqil dövlətçiliyimizin qorunması baxımından böyük mənəvi-siyasi əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

3 -dən səhifə 3190

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.