Əkbər Qoşalının “Çobanbayatı”poemasının poetik-fəlsəfi təhlili
Adilə Nəzərova,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Əkbər Qoşalının “Çobanbayatı” poeması bir görüşün və ya xatirənin təsviri ilə yanaşı, folklor, mifoloji yaddaş və çağdaş insanın mənəvi axtarışlarını da birləşdirir. Azərbaycan ədəbiyyatında çoban obrazı hər zaman arxaik, qutsal bir anlam daşıyıb. “Qurani-Kərim”də Musa Peyğəmbərin, Məhəmməd Peyğəmbərin çobanlıq etməsi, xalq dastanlarında çobanın təbiəti qoruyan və anlamlandıran obraz kimi təqdim olunması bu peşənin əslində mənəvi bir missiya olduğunu göstərir.
Dedim, çətindimi bu sənət, qardaş?
Dedi, peyğəmbərlər çoban olubsa,
nə sən sualı ver, nə mən cavabı...
Göründüyü kimi, “Çobanbayatı” da çoban təsadüfi insan deyil; o, təbiətin qoruyucusu və xalq hikmətinin canlı daşıyıcısıdır.
Poema səfər motivi ilə başlayır; şair dağlarda tütək səsinə doğru gedir. Bu səhnə qədim dastanların qəhrəman yolçuluğunu xatırladır. Dədəm Qorqudun oğuz ərənləri də dağdan-daşdan, göldən-çaydan keçərək qutsal məkana yetişirdi; burada isə şairin yolunu dəyişməsi sadəcə hadisə deyil, arxetiplərin oyandığı mistik görüşdür. Elə müəllif də bunu bədii-poetik şəkildə belə ifadə edir: Uzaqlardan bir ilahi tütək səsi gəlirdi,/ Kədər vardı, fərəh vardı, / dəvət vardı o səsdə...
Bu misralarda həm tütəyin səsi, həm dağın nəfəsi, həm də xalq yaddaşının dərinliyi duyulur. Oxucu hiss edir ki, burada təbiət öz-özünə, amma çobanın tütəyinin vasitəsi ilə danışır.
Əlim qaşımın üstündə, qulağım dinşəmədə,
axşamüstü yol dəyişdim o ilahi səs səmtə.
"Az getdim-üz getdim, dərə-təpə düz getdim",
Bir saatın tamamında ol məkana yetişdim.
Bu misralar nağıl başlanğıcının çağdaş poeziyadakı parlaq təcəssümüdür. Müəllif nağıl formullarını, necə deyərlər, folklor oyunu üçün deyil, hadisəni əfsanəvi anlam qatına qaldırmaq üçün işlədir. Çobanla şairin söhbəti folklor masallarını xatırladır.
Salam verdim, salam aldım.
Dedim, qardaş, nə çalır, nə oxurdun? –
buralara o ilahi səsdən tutub gəlmişəm.
Dedi, “Çobanbayatı”ydı –
"bizim, “Çobanbayatı” –
Çobanların həyatı"...
Çoban obrazı əsər boyu böyüyür, adi bir çobandan təbiətin fəlsəfəsini oxuyan və xalq hikmətini danışan aqilə çevrilir.
Poemada onun dilindən çıxan qoşma, şairin avtobioqrafik qatını açır: oxucu hiss edir ki, əslində, poemadakı çoban obrazı yabançı olmadığı kimi, ona qonaq olan da elə şairin özüdür.
Dedim, irfan çobanısan – görürəm,
Bəlkə elə ona görə adam kimi danışırdı tütəyin...
Mən də yəqin, öz ömrümü qara yelə vermirəm,
Tütəyində görünürdü sənin böyük ürəyin.
Qonağın sözləri həm atalar sözü, həm də sufiyanə anlam daşıyır. Tütək musiqisi irfanı ifadə edir və oxucu çobanla birgə qonağın da iç dünyasını duyur. Müəllif öz həyatını bu musiqi və hikmətlə müqayisə edir. Çobanın təkcə musiqiçi olmadığını, həm də müdrik və böyük ürək sahibiolduğunu göstərir.
...balasını axtaranda mələşər qoyun-quzu –
bax, o vaxtda bu heybədən çıxararaq tütəyi,
“Qoyunhəngi” çalırıq; qoyun-quzu səngiyir...
Bu misralarda əsas diqqət ahəng və səsin gücünə yönəlir. Qoyun-quzunun mələşməsi təbiətin öz ahəngi, çobanın tütəyi isə həmin ahəngə uyumlu, onu tamamlayan bir səsdir. “Qoyunhəngi”nin çalınması ilə təbiətin qarışıqlığı sanki nizama düşür, səs musiqiyə, xaos harmoniya çevrilir. Burada həm xalq musiqisinin sehrli təsiri, həm də çobanla təbiət arasındakı qədim ünsiyyət özünü göstərir.
Poemada böyük sufi mütəfəkkiri Mövlanə Ruminin “Ya olduğuntək görün, ya göründüyüntək ol!” fikri xatırlanır. Sadə görünən bu sözlər həm fəlsəfi sistemi, həm də xalq hikmətini ifadə edir. Oxucuya daxili dürüstlük və zahiri davranışın harmoniyasına diqqət etməyi xatırladır.
Əsərin əsas ideyalarından biri təbiətin yaddaşıdır.
Bilirsənmi, yaddaşı var suların;
bəlkə dağın-daşın da,
hələ desən, bu havanın,
havadakı tozun da...
Bu, qədim zərdüştiliyin dörd ünsür fəlsəfəsini və xalq inanclarını xatırladır. Suya and içmək, odun qarşısında səcdə etmək, daş üzərinə yazı həkk etmək xalqın təbiətə yaddaş yükləmə adətlərindən gəlir. Əkbər Qoşalının çobanı bu fəlsəfəni çağdaş sözlərlə ifadə edir. Folklorla bağlılıq poemanın hər qatında görünür:
Dedim ki, hər yerə də adınızı qoşmusuz:
Çobankənd, Çoban talası, Çobanbulaq –
Daha da neçə-neçə sizə yaxın-uzaq ad...
-O adları el veribdi, biz ad verən deyilik,
Eldən gələn adları da çevirən ha deyilik...
Bu misralar göstərir ki, çoban və xalq təbiətə, torpağa və ətraf mühitə ad verərkən kollektiv yaddaşı qoruyur. Onlar yeni ad yaratmaqdan çox, kökdən gələn mövcud adları və anlamlarını qoruyur. Burada çoban həm mədəniyyət daşıyıcısı, həm də təbiətə sayğı duyan vasitəçi kimi təsvir olunur. Bu ənənə Dədə Qorqud dastanındakı qəhrəmanların, yerlərə, təbiət elementlərinə və insanlara ad verməsi ilə eynidir.
Poemanın bəzi bölümləri sanki el məclislərində deyilən dastandır. Amma fərq ondadır ki, bu dəfə məclis dağların qoynunda qurulub, dinləyici isə (həm də) qayalar, bulaqlar, çəmənlərdir...
İkimiz qalanda alaçıqdaca,
illər öncə bir belə dağ döşündə,
bir ağayaqçün yazdığım –
"Aldanıb açılır qar çiçəkləri"
qoşqusunu söylədim –
"Qar çiçəyi" deyincə kövrəldi zalım,
Məni də kövrəltdi, sazı inlətdi –
Sanki "Zəminxarə"ylə
"Çobanbayatı"nı bir-birinə qatmışdı –
tər hava yaratmışdı.
Məncə bu parçanı ayrıca təhlil etməyə ehtiyac var: “İkimiz qalanda alaçıqdaca, / illər öncə bir belə dağ döşündə…” – Burada müəllif və çoban arasında yalnızlıq və yaxınlıq anı yaradılır. Alaçıq (çadır və ya sadə dağ evi) həm fiziki, həm də poetik mühit kimi təqdim olunur; dağ döşü isə təbiətin sakit və ilahi fonunu vurğulayır.
“Bir ağayaqçün yazdığım – / “Aldanıb açılır qar çiçəkləri”/ qoşqusunu söylədim.”Bu misralar müəllifin gəncliyində ağayaqlı bir gözəli sevdiyini xatırladır və o dönəmdə yaşadığı duyğuları yenidən canlandırır. Qoşqu çobanın musiqisi ilə birləşərək həm nostalji, həm də emosional təsir yaradır.
- “Qar çiçəyi’ deyincə kövrəldi zalım, / Məni də kövrəltdi, sazı inlətdi.” – Burada çoban kövrəlir, çünki qonağın (şairin) söylədiyi qoşqu, onun da gənclik illərinə poetik toxunuş vardır. Əslində, həm çoban, həm də şair eyni gözəldən bəhs edirlər. Musiqi və söz isə bu duyğunu birləşdirərək onların hisslərini rezonansa gətirir.- “Sanki “Zəminxarə”ylə / “Çobanbayatı”nı bir-birinə qatmışdı – / tər hava yaratmışdı.” – Burada isə çobanın ifası çeşidli melodik qatlar yaradır: “Zəminxarə” və “Çobanbayatı” fərqli musiqi janrlarını simvollaşdırır, onları birləşdirərək tər hava formalaşdırır. Bu artıq həm müəllifin texniki ustalığı, həm də poetik-estetik zövqüdür.
Yeri gəlmişkən, təklif edirəm ki, poemanın tütək və saz vasitəsilə ifadə olunan melodik quruluşu yalnız sözlə ötürülməsin. Onun musiqi notu da yazılsın, hətta səhnələşdirilsin. Bu əsər simfonik və klassik Azərbaycan musiqisi səviyyəsində təqdim oluna bilər. Çünki, hər bir hava, qoşqu və ritm həm xalq musiqisinin incəliklərini, həm də qonağın və çobanın timsalında iki dünyagörmüşün iç dünyasının əks etdirir. Belə bir təqdimat poemanın ədəbi, musiqi və səhnə əsəri kimi dəyərini artırar.
Əsərdə musiqi – tütək və saz ruhun dili kimi təqdim olunur. Çobanın tütəyi, sazı ilə şairin sözü arasında dialoq yaranır.
Dedi, qardaş, bir qatar da sən söylə.
"Olsun" dedim,
onun sazı bəmdəydi. –
Elə ilk misradanca baxdım hava dəyişdi.
Bu, çox köhnə, unudulmuş havaydı...
Saz xalqın yaddaşını, tütək isə təbiətin nəfəsini ifadə edir. İkisi birləşəndə insanla təbiət arasında körpü yaranır.
Sonluğa doğru əsərin axarı birdən-birə insani dram səhnəsinə çevrilir.
Xeyli getdim, o naxışlı, o ətirli bağlamanı yoxladım,
ətim üyüşdü elə bil – içində məktub vardı:
"Şair, məni tanımadın?..
Amma sağ ol, o şeiri ki oxudun...
Bir də bir söz yazım sənə,
biləsən ki, adın bizdə doğmadı,
Heç demədin oğlumuzun adı niyə Murazdı"?..
Aman, Tanrım! Ola bilməz!
...Gəncliyimin ağayaqlı, günəşüzlü gözəli,
illər sonra, unamadan qarşımaca çıxmışdı...
Sən demə, çobanın həyat yoldaşı şairin gənclik sevgilisiymiş. Oğlunun adının “Muraz” qoyulması bu təsadüfi görüşə daha dərin anlamlar qatır. Qəhrəmanın demədiyi sözləri də eşidirik: Murazımız da, arzularımız da dağlarda qaldı...
Əsərin çağdaşlıqla bağlılığı isə Kəlbəcərin azadlığı və “Elat bayramı” təsvirlərində özünü göstərir. Bu misralar həm də folklorun əbədiyyətini şəxsi həyat hekayəsi ilə birləşdirir:
Aşıq dili yüyrək olar – mən aşıq olmasam da,
Yüyrək olsun dilim deyim, sonrasını gətirim,
Ay dolandı, illər keçdi, qızım kamala doldu.
Tələbəydi, dedi, ata, Kəlbəcərə gedəcəm –
Orda "Elat bayramı" var – qardaş ellər gələcək,
Biz də orda könüllüyük, gərək ki, iznin ola...
Beləliklə, poema qədim folklor nəfəsi ilə başlayır, çağdaş tariximizlə tamamlanır. Bu, milli yaddaşın bütöv təcəssümüdür. Poemanın son hissəsindəki:
(Çobanın) Artıq qazi olan oğlu – adaşım,
Doğma yurdda anasının adaşına vurulmuşdur... –
misraları göstərir ki, əsərin finalı insan taleyinin sirli və simvolik tamamı kimi görünür – sevdiyi qızın onun adını daşıyan oğlu ilə öz qızı bir-birini sevir. Beləcə, nəsil və sevgi əlaqəsi ailəvi, tarixi və təbii tale ilə tamamlanır, oxucuda həm romantik, həm də poetik təsir yaradır.
Çoban motivi təkcə bizdə deyil, dünya ədəbiyyatında da önəmli yer tutur. Yunan miflərində Apollonun çoban sifətində insanlara musiqi öyrətməsi məlumdur. Avropa romantikləri də çobanı “saf təbiət adamı” kimi təsvir edib. Fars sufi poeziyasında da çobanlıq İlahi yolun başlanğıcı sayılır. Amma bunların hamısında çoban daha çox bədii simvoldur, Azərbaycan poeziyasında isə çoban həm xalqın yaddaşı, həm də real tarixi hadisələrin şahididir.
Əkbər Qoşalının “Çobanbayatı”sı bu anlamda unikal örnəkdir.
Nəticədə müəllif özü də aşıq mühitindən gələn şairdir. Onun yaradıcılığında folklorla çağdaş poeziyanın birləşməsi əsas xəttdir. Bu poeması isə sübut edir ki, Azərbaycan poeziyası folklor yaddaşından qopmadan çağdaşlıq yarada bilir. Beləliklə, “Çobanbayatı” sadəcə bir poema olmaqda qalmayıb, milli yaddaşın çağdaş poeziyada yenidən doğuluşudur.
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


