“Ədəbiyyat və incəsənət” portalı Asif Osmanın qaldırdığı çox maraqlı bir mövzunu sizlərə təqdim edir. Mahnı sözlərimiz niyə təhrif edilir?
Mahnı sözlərini kimsə haçansa səhv oxuyub, indi hamı o səhvi təkrar edir. Məsələn, məşhur xalq mahnısının sözləri əslində belədir:
Qurban axan gözünə,
Nazla baxan gözünə.
Yenə sürmə çəkmisən,
Evlər yıxan gözünə.
"Qurban axan gözünə" olduğu halda, "Qurbanam xan (?) gözünə" oxuyurlar.
"Xan göz" nəmənə şeydir görəsən?
Yaxud, "Gəl, ey səhər" adlı gözəl bir mahnı var. Sözləri Fikrət Qocanın, musiqisi Polad Bülbüloğlunundur. İlk dəfə Bülbüloğlu özü oxuyub və misraların birini "Günəş nur yerə ələr" əvəzinə "Günəş nur yerə əylər" (?) kimi oxuyub. Ondan sonra bu mahnını min nəfər oxuyub, hamısı da "ələr" əvəzinə "əylər" oxuyub.
Yaxud, N.Xəzrinin sözlərinə bəstələnmiş "Nar ağacı" mahnısının sözləri:
Nar ağacı, nar çiçəyi,
Bir ulduzdur hər ləçəyi.
"Bir ulduzdur hər ləçəyi" olduğu halda,
"Nə gözəldir yar göyçəyi" (?) oxuyurlar.
Yaxud, M.Seyidzadənin sözlərinə bəstələnmiş "Xatırlayarsan məni" mahnısının sözləri:
Arzular çox, ömür az,
Mən olmayanda hər yaz,
Dolaşanda gülşəni,
Xatırlayarsan məni.
"Mən olmayanda hər yaz" olduğu halda, "Mən olmayanda bir yaz" (?) oxuyurlar.
Yaxud, R.Zəkanın sözlərinə bəstələnmiş "Qurban verərdim" mahnısının sözləri:
Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimdən qurban verərdim.
"Gələn günlərimdən" olduğu halda, "gələn günlərimi" (?) oxuyurlar. Bircə rəhmətlik Gülağa Məmmədov düz oxuyub.
Xalq mahnılarında olan səhvləri, bəlkə də, hardasa başa düşmək olar, amma müəllifi bilinən mahnılarda bu səhvlər yolverilməzdir. Lütfən daha diqqətli olun, ey müğənnilər.
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


