“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yunis Səfdəridir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.
Yunus Səfdəri
Təbriz
Dəniz-sahil
Sən dəniz, mən sahil
Doğma, yan-yana
Dalğa əllərinlə oxşardın məni.
Mən yenə sahiləm, getməm heç yana,
Sənsə məndən axıb boşladın məni!
Hələ yadımdadır ilk görüşümüz,
Oyandım, sən məndən ötüşən kimi.
Bir axşam öpüşdü baxışlarımız,
Dəniz, sahil ilə öpüşən kimi!
Bir də qollarımda axıtdım səni,
Sahil yox, mən sənin balıncın oldum!
Dalğa hörüyünü sərib çiynimə, -
Gahdan ana oldum, gah bacın oldum.
Getdin, dalğa-dalğa məndən ayrıldın,
Geriyə baxmadan axıb, ötüşdün.
Sahil qumlarına düşən balıq tək,
Sivişib əlimdən dənizə düşdün!
O axşam qəlbimiz pıçıldaşanda,
Bəlkə gəmişilər görürdü bizi.
Balıq qulaqları dinləyirdilər,
Bizim “Vida” adlı son nəğməmizi.
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


