Ruhun dili-Rəqs Featured

 

Aygün Bayramlı,

“Ədəbiyyat və İncəsənət” portalının İncəsənət şöbəsi

 

İnsan yarandığından özünü ifadə etmək üçün yollar axtarıb. O, həmişə ritm axtarışındadır – danışmağın ritmi, oxumağın ritmi, rəqsin ritmi. Amma hər zaman danışıq dili yeganə vasitə olmayıb. Duyğular həm hərəkət, həm də rəqsin dili ilə ifadə olunub. Çünki hisslər bitmir, tükənmir, sonsuzdur. Sevinc, kədər, ağrı və bütün hiss-həyəcan bədən dili ilə də çatdırılır.

 

Yaradılmış varlıqlar arasında insan ən mükəmməlidir. O, çox şeyi bacarır və qollarından, çiyinlərinə, barmaq uclarına qədər hisslərlə doludur. Bu hissləri isə rəqs sənəti ilə daha dəqiq ifadə etmək mümkündür. Rəqs ruhun dilidir. Sözsüz danışan sənətdir. Hər atılan addım duyğuların ifadəsidir. Bunu bizə çatdıran kimdir? Hər hərəkəti ilə obrazı yaşayan, addımlarında hisslərini ifadə edən rəqqas.

Düşünürəm ki, milli rəqs sənətimizdə bu ifadə gücü daha da parlaq görünür. Hər addımda, hər dönüşdə, hər süzmədə bir xalqın tarixi yaşayır. Rəqs həm də mədəni yaddaşdır və xalq haqqında çox şey danışır. Əsrlərdir nəsildən-nəslə keçərək gələn bu sözsüz sənət insan var olduqca yaşayacaq.

Ruhun dili susmadıqca, rəqs sənəti də susmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.