Yazıçı İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsinə söz ardı Featured

Radə Abbasova,

AMEA Folklor İnstitutunun elmi işçisi. “Ədəbiyyat və incəsənət”

 

Yazıçı-jurnalist İmamverdi İsmayılovun oxuculara yeni təqdim etdiyi “Bayquş və qarovulçu” hekayəsi ədəbiyyatımızda qədimdən mövcud olan insan-təbiət münasibətlərinin ifadəsi kimi maraqlıdır. Sosial problemlərin bu aspektdə təsvir edilməsi yaxşı tapıntı olmaqla yanaşı şəxsin mənəvi-psixoloji durumunun təzahürü kimi təqdirəlyiqdir.

 

Qarovulçunun xidmət etdiyi bağın qonşuluğuna gələn bayquş öz müdhiş səsi ilə ətrafdakıları narahat edir. Əslində bayquşun səsindən çox bayquşla bağlı xalq inancında, rəvayət və əfsanələrdə yaşayan “bayquş mifi” insanları hansısa faciənin olacağı qorxusuna salır. Bağın sahibi həmin bayquşu məhv etməyi tapşırır. Qarovulçu bu tapşırıq qarşısında çıxılmaz duruma düşür, bütün sosial həyatının mənası, mənəvi dünyası silkələnir. Heç bir günahı olmayan quşa – təbiətə qəsd eləmək istəmir, ancaq onu sarsıntı və tənhalıqdan qurtarmış, mərhəmət göstərmiş bağ sahibinin də sözündən çıxa bilmir.

Qonşu bağa baxan, gününü avaraçılıqla keçirən “sosial tullantı” - içki düşkünü ilə razılaşır ki, bayquşu güdüb öldürsünlər.

Bu tədbir onların hər ikisinin faciəsi ilə sonuclanır. Qonşunun əlində açılan güllə Qarovulçunun ölümünə səbəb olur. Bir növ xalq arasında yayılmış bayquş mifini doğrulayır.

Hekayədə əsas leytmotiv təbiət və insan münasibəti olsa da, bu fonda adi bir insanın daxili təzadları, özünün özü lə, sosial həyatı, ailəsi, qızı, nəvəsi, qonşusu ilə harmoniyanın olmaması diqqət çəkir. Qarovulçunu öldürən bayquş, qonşu, güllə deyil, tarazlığını itirmiş həyatıdır.

Qarovulçu əslində deyildiyi mənada qarovulçu deyil, Qarovulçu-gözətçi mənasında işlədilir. Ancaq bu hekayədə göstərilən şəxs təkcə gözətçi deyil, o həm bağbanlıq edir, həm evin abadlığına baxır, həm də bu bağda yaşayır. Ora onun həyat və fəaliyyət mühitidir və bu mühit onu daha cansıxıcı, əzablı tənhalıqdan qurtarır. Ona görə bağ sahibinin tapşırığına - bayquşu öldürmək tələbinə “tüpürüb gedə” bilmir.

Hekayəyə xüsusi kolorit verən kənddən gəlib şəhərdə yaşayan şəxsin düşüncəsində və leksikonunda kök salmış folklor və etnoqrafik təhkiyələr, ifadə və aforizmlərdir. Düşüncəsinin dərin qatlarında yaşayan, bir növ həyat kredosuna və dəyərinə çevrilən anlayışlar, zərb-məsəllər “qarovulçunu” tanımağa, onun şəxsi dünyasına nüfuz etməyə kömək edir. Eyni zamanda onu sosial varlıq kimi xarakterizə edir. Onun faciəsinin kökünü göstərir.

Maraqlıdır ki, hekayədə bayquş xüsusi personaj kimi təqdim edilir, təbiət insanla dialoqa girir. İnsan anlaya bilmədiyindən qorxur, vahimələnir, ona qarşı çıxır. Ancaq həmişə olduğu kimi, oturduğu budağı kəsən insan yıxılmalıdır. Onu yaşadan təbiətə edilən hər bir qəsd özünə qayıtmalıdır. Burada bayquşun heç bir əməli, pis hərəkəti yoxdur. İnsan öz bəsit təfəkkürünün, anlamaq qabiliyyətinin zəifliyinin və mövqe ifadə edə bilməməyinin güdazına gedir.

Yeri gəlmişkən qeyd edək ki, böyük Nizami Gəncəvidən üzü bəri ədəbiyyatımızda, folklorumuzda, etnoqrafiyamızda və məişətimizdə yer almış “bayquş” mifi geniş və dərin tədqiq olunmamış, onun mifoloji mahiyyəti açılmamışdır.

İ.İsmayılovun bu hekayəsi bir daha mövzuya qayıtmağın zəruriliyini ortaya qaoyur. Doğrudan da, niyə insanlar bayquşdan, onun harayından qorxur, vahiməyə düşürlər? Nəvənin dilindən deyildiyi kimi, “bəy quşuna” necə qıyıb güllə atmaq olar?

Üstəlik, bu bayquş “Ana bayquş” adlanır. “Xarabalığı seyrangaha çevirməyən, viranəliyə köç salan” bayquşun məhv edilməsini tələb edən bağ sahibinin istəyi seyrangah, abadlıq, gözəllik arzusu ilə bağlı deyil, daxili səbatsızlığın, vahimənin, sosial güvənliyin nəticəsidir ki, sonda “Qarovulçunun” canını alır.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.