“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Son iki yüz il ərzində Azərbaycan tarixinin böyük bir hissəsi müxtəlif imperiyaların hakimiyyəti altında qaldığı üçün geniş ictimaiyyətə demək olar ki, məlum deyildi. Bir çox hallarda bu tarix ya gizlədilmiş, ya da onun öyrənilməsinə qadağalar qoyulmuşdu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə tariximizin unudulmuş səhifələrini yenidən araşdırmaq, görkəmli tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini obyektiv şəkildə öyrənmək imkanı yarandı.
Bu araşdırmalar sayəsində XIX əsrin birinci yarısında Qarabağda yaşamış görkəmli və hörmətli simalardan biri - Hacı Fərhad bəy Məlik-Aslanovun həyatı və fəaliyyəti də diqqət mərkəzinə gəldi.
Fərhad bəy Məlik-Aslanov 15 iyun 1805-ci ildə Qarabağın Dizaq mahalının məşhur Tuğ kəndində, bölgənin qədim və nüfuzlu zadəgan nəsillərindən olan Məlik-Aslanovlar ailəsində dünyaya gəlmişdir. Onun atası Məlik Aslan bəy Dizaq mahalının son məliki və naibi olmuş, bir müddət rus idarəçilik sistemi dövründə Zəngəzur mahalının da naibi kimi fəaliyyət göstərmişdir.
Mənbələrə əsasən qeyd etmək lazımdır ki, Qarabağ məlik nəsilləri arasında Məlik-Aslanovlar soyu tamamilə müsəlman, yəni azərbaycanlı mənşəli yeganə nəsillərdən biri hesab olunur.
Fərhad bəy ilk təhsilini doğulduğu Tuğ kəndindəki mədrəsədə almışdır. O, xüsusilə Şərq dillərinin öyrənilməsinə böyük maraq göstərirdi. Sonralar rus dilini də yaxşı mənimsəmiş və bu biliklər onun hərbi xidmətində mühüm rol oynamışdır.
1829-cu ildə Qafqazdakı rus qoşunlarının baş komandanı qraf İvan Paskeviç Qarabağ əyalətinin azərbaycanlı sakinlərindən ibarət dörd müsəlman süvari alayı və Kəngərli süvari dəstəsini təşkil etdi.
Fərhad bəy də həmin dövrdə yaradılmış 1-ci müsəlman (azərbaycanlı) süvari alayında hərbi xidmətə başladı. Bu alay general Nikolay Rayevsky rəhbərlik etdiyi birləşmiş süvari briqadasının tərkibinə daxil idi. Briqadada xidmət edən azərbaycanlı döyüşçülər müxtəlif hərbi əməliyyatlarda mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirirdilər.
Elə həmin illərdə - 1829-cu ildə məşhur rus şairi Alexandr Puşkin Qafqazdakı fəal orduya qoşulmaq məqsədilə dostu Rayevskinin yanına gəlmişdi. Şair briqadada olduğu müddətdə azərbaycanlı ziyalı və zabitlərlə də tanış olur. Onların arasında görkəmli alim və yazıçı Abbasgulu aga Bakikhanov, kapitan Fərəcula bəy və poruçik Fərhad bəy də var idi.
General Rayevski gənc zabiti şairə “Фаргат-Бек, сын Малик Аслана из Карабаха” - yəni “Qarabağlı Məlik Aslanın oğlu Fərhad bəy” kimi təqdim etmişdi. Fərhad bəyin şəxsi keyfiyyətləri, davranışı və Şərq mədəniyyətinə bağlılığı Alexandr Puşkinə böyük təsir bağışlamışdı.
Bu təsirin nəticəsi olaraq şair “Лагерь при Евфрате” (“Fərat sahilində düşərgə”) adlı əlyazmasında “Из Гафиза” (“Hafizdən”) silsiləsinə daxil olan “Шеер I. Фаргат Беку” (“Şeir I. Fərhad bəyə”) adlı şeirini məhz ona həsr etmişdir. Bu fakt Azərbaycan tarixi üçün maraqlı və diqqətəlayiq hadisədir. Belə ki, bu şeir XIX əsrdə Qarabağdan olan bir azərbaycanlı zabitin böyük rus şairinin yaradıcılığında özünəməxsus iz qoyduğunu göstərir.
Не пленяйся бранной славой,
О красавец молодой!
Не бросайся в бой кровавый
С карабахскою толпой!
Знаю, смерть тебя не встретит:
Азраил, среди мечей,
Красоту твою заметит -
И пощада будет ей!
Но боюсь: среди сражений
Ты утратишь навсегда
Скромность робкую движений,
Прелесть неги и стыда!
*
Uzaqlaş, vuruşma, şan şöhrətindən,
Səneygözəlcavan, eygözəlcavan!
Qarabağ dəstəsiarasındasən
Qanlı döyüşlərə girmə, atmacan!
Bilirəmki, ölümrastgəlməzsənə,
Qılınclariçində Əzrayılgörcək.
Hayıfı gələcəkbelə birhüsnə,
Ölümcaynağındannicatverəcək.
Ancaqdöyüş vaxtı qorxuramki, mən
İtsinsadəliyin, cəldhərəkətin!
Səninəbədilik çıxsınəlindən
Bu gözəl camalın, abrın, ismətin.
Aleksandr Puşkin,
"5 iyul 1829-ci il, Fərat düşərgəsi".
Tərcümə edib Zəhra Bilal qızı.
Bu şeir ilk dəfə 1830-cu ildə Sankt-Peterburqda nəşr olunan “Tsarskoye selo” almanaxının 233-cü səhifəsində dərc edilmişdir. Bu fakt Fərhad bəy Məlik-Aslanovun adının XIX əsr rus ədəbiyyatı tarixində də qeyd olunmasına səbəb olmuşdur.
Ərzrum səfərindən qayıtdıqdan bir müddət sonra Alexandr Puşkin Moskvaya səfər edir. O, burada tez-tez Uşakovlar ailəsinin qonağı olur və ailənin üzvlərindən Yekaterina Uşakova ilə səmimi münasibətlər saxlayırdı. Uşakovlar Presnya bölgəsində, Zamorenova küçəsi,16 ünvanında yaşayırdılar.
Bu ev Moskvada dövrünün tanınmış yazıçıları, musiqiçiləri, rəssamları və müğənnilərinin toplaşdığı bədii-artistik mühit kimi məşhur idi. 29 sentyabr 1829-cu ildə həmin evdə təşkil olunan növbəti ballardan birində Puşkin Ərzrum səfəri zamanı gördüklərindən, tanış olduğu insanlardan və Qafqaz səfərinin təəssüratlarından danışır.
Şairin söhbətlərindən ilhamlanan həmin axşamın qonaqlarından biri - istedadlı rəssam Novikov sadə karandaşla gənc və yaraşıqlı bir zabitin portretini çəkir. Bu, Puşkinin Qafqazda tanış olduğu Fərhad bəy idi. Şair portretin bənzərliyinə o qədər təəccüblənmişdi ki, rəsmin aşağı hissəsində “Фаргат-Бек” (“Fərhad bəy”) sözlərini yazmışdır.
1829-cu ildə döyüş meydanlarında göstərdiyi şücaətə görə Fərhad bəy IV dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunur. İgidliyinə görə o, 11 may 1830-cu ildə praporşik rütbəsinə yüksəldilir.
1834-cü ilin noyabrında Varşavaya göndərilən Zaqafqaziya Müsəlman Süvari Alayının tərkibində Fərhad bəy də xidmət etmiş və burada poruçik rütbəsinə qədər yüksəlmişdir.
Hərbi xidmətini başa vurduqdan sonra Fərhad bəy Qarabağa qayıdır və daha sonra Məkkəyə ziyarət edərək “Hacı” titulunu qazanır. Dövrünün bir sıra şair və ziyalıları ilə onun məktublaşmaları məlumdur. O, həmçinin məşhur Azərbaycan aşığı Aşıq Pəri ilə dostluq münasibətləri saxlayırdı.
Fərhad bəyin övladları da atalarının yolunu davam etdirərək bölgədə nüfuzlu və hörmətli şəxslərə çevrilmişdilər. Oğullarından Mehdi bəy İrəvan Kişi Gimnaziyasının məzunu olmuşdur. XIX əsrin ortalarında o, şəxsi vəsaiti hesabına Kürdlər kəndinin salınmasına təşəbbüs göstərmiş, kəndə içməli su gətirmək üçün kəhriz çəkdirmişdir. Bu kəhriz sonradan “Mehdi bəy kəhrizi” kimi tanınmışdır. 2023-cü ildə həmin kəhriz aşkar edilmiş tarixi abidələr siyahısına daxil edilmiş və Azərbaycan dövləti tərəfindən mədəni irs nümunəsi kimi qorunması istiqamətində nəzarətə götürülmüşdür.
Mehdi bəy qardaşı Sadıx bəyin köməyi ilə 1883-cü ildə (bəzi mənbələrə görə 1885-ci ildə) Tuğ kəndində dövrün tələblərinə uyğun Rus-Avropa tipli məktəb yaratmışdır. Onlar məktəbin kasıb şagirdlərinə dərs vəsaitləri və maddi yardım göstərərək təhsilin inkişafına böyük töhfə vermişlər.
Sadıx bəy dövlət qulluqçusu kimi fəaliyyət göstərmiş, kollec katibi mülki rütbəsini daşımışdır. O, Zəngəzur qəzasında polis pristavı və Şuşa polis idarəsinin üçüncü bölməsində pristav vəzifələrində xidmət etmişdir.
Fərhad bəyin digər oğulları - Aslan bəy və Səlim bəy əsasən ailə təsərrüfatı ilə məşğul olmuşdular. Ailənin geniş əkin sahələri, üzüm bağları, qırxa yaxın çoxillik tut ağacı, çoxlu mal-qara və Qarabağ cinsindən olan atları var idi.
Aslan bəy məşhur şair və tarixçi Mir Mehdi Xəzaninin qızları Asya xanım və Ziba xanımla yaşam qurmuşdu. Mir Mehdi Xəzani öz əsərlərinin bir qismini məhz Aslan bəyin Tuğ kəndindəki evində qalarkən qələmə almışdır.
Hacı Fərhad bəy Məlik-Aslanov 1889-cu ildə doğulduğu Tuğ kəndində vəfat etmişdir. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixində xüsusi yer tutur. Bu hekayə bir tərəfdən XIX əsr Qarabağ mühitini, digər tərəfdən isə böyük rus şairi ilə taleyi kəsişən bir azərbaycanlı zabitin həyat yolunu göstərir.
Şübhəsiz ki, Fərhad bəy haqqında daha geniş və fundamental tədqiqat aparmaq mümkündür. Ümid etmək olar ki, gələcəkdə tarixçilərimiz bu maraqlı şəxsiyyətin həyatını daha ətraflı araşdıraraq Azərbaycan tarixinin bu səhifəsini tam şəkildə üzə çıxaracaqlar.
Şəkildə: Fərhad bəy Məlik-Aslanovun portreti
“Ədəbiyyat və incəsənət”
(12.03.2026)


