Hər kəsin bağçasında yaşamaq, yoxsa ölmək? Featured

Fariz Əhmədov,

“Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bir neçə aydır ki, Azərbaycanda uşaqlar üçün nəşr olunan yeganə “Məktəbli” qəzeti üçün “Yaşıl və Cəsur” adlı bir hekayə yazıram. Bu, iki məktəblinin dostluğundan, sədaqətindən, dürüstlüyündən və təmənnasız sevgisindən bəhs edən bir hekayədir.

 

Bu ay düşündüm ki, hekayənin növbəti bölümünü fərqli hazırlayım.

Hadisələrdən gedişatında anlaşılmazlıq səbəbindən Yaşıl Cəsurdan inciyir. Cəsur isə səhərədək Yaşılın pəncərəsinin qarşısında oturub onu gözləyir. Səhər Yaşıl yuxudan oyanır, qəfəsindəki quşlara dən səpərkən pəncərədən baxıb Cəsuru görür və anlayır ki, dostu bütün gecəni evə getməyib.

Cəsur ayağa qalxır və əlində tutduğu hekayə ilə birgə gül toxumları olan torbaları Yaşıla uzadır.

-Bunlar nədir? - deyə Yaşıl soruşur.

Cəsur gülümsəyir:

-Sabah məktəbdə bu hekayəni və gül toxumları olan torbaları bütün uşaqlara payla. Hekayəni oxuduqdan sonra hər kəs gülləri öz bağçasında əkəcək. Beləcə, biz hər kəsin bağçasında bitəcəyik.

Bu sadə cümlənin içində bəlkə də dünyanın ən böyük həqiqəti gizlənib. Biz də həmin cümləni həqiqətə çevirmək qərarına gəldik. Qəzetin hekayə çap olunduğu səhifəsinə gül toxumları tikildi və qəzet bütün abunəçilərə göndərildi.

Doğrusu, çox maraqlanırdım. Görəsən uşaqlar o toxumları əkəcəklərmi? Bəlkə heç hekayəni oxumayacaqlar? Bəlkə həmin səhifəni çevirmədən keçəcəklər? Bəlkə toxum paketləri açılmadan qalacaq? Bu suallar beynimdə dolaşarkən telefonuma bir mesaj gəldi. Nömrə tanış deyildi. Mesajda sadəcə bir şəkil vardı. Şəkli açdığım anda içimdə nəyinsə qopduğunu hiss etdim.

Həmin hissi sözlə ifadə etmək çətindir. Şəkildə bir məktəb bağçası görünürdü. Uşaqlar müəllimləri ilə birlikdə hekayəni oxumuş, sonra isə gözləmədiyim bir şey etmişdilər. Hekayədəki şəkli kəsmiş, gül toxumlarını torpağa əkmiş və həmin şəkli də güllərin yanında torpağa basdırmışdılar.

Mən güllərin əkilməsinə sevinəcəyimi düşünürdüm. Fəqət heç ağlıma gəlməzdi ki, uşaqlar güllərlə birlikdə məni də torpağa basdıracaqlar. Şəkilə baxdıqca boğazım düyünləndi. İlk dəfə idi ki, diri-diri torpağa basdırılmağın necə hiss olduğunu anlayırdım. O an öz-özümə sual verdim: Mən indi ölmüşəm, yoxsa hər kəsin bağçasında yaşamağa başlamışam? Cavabı isə göz yaşlarım verdi. Demək ki, ölən insan deyil, unudulan insandır.  Səni xatırlayan bir uşaq varsa, sən yaşayacaqsan. Sənin yazdığın bir hekayə kiminsə ürəyinə yol tapıbsa, sən yaşayacaqsan. Bir ovuc toxum kiminsə əlində ümidə çevrilibsə, sən yaşayacaqsan.

 Göz yaşlarım dayanmırdı. Həm kövrəlmiş, həm qürurlanmış, həm də uşaqların böyüklərin çoxdan unutduğu bir həqiqəti mənə yenidən öyrətdiklərinə heyran qalmışdım: Əsl sevgi paylaşdıqca çoxalır. Əsl dostluq əkildikcə böyüyür. Əsl hekayələr isə kitab rəflərində yox, insanların qəlbində yaşayır. İllər keçəcək və bu gün əkilən o kiçik toxumlar çiçəyə dönəcək. Yazda açacaq, payızda solacaq, sonra yenidən açacaq. Hər bahar bir az daha çox, bir az daha gözəl, bir az daha rəngarəng. Bəlkə də illər sonra hansısa uşaq həyətində açan bir gülə baxıb soruşacaq: - Bu gülün hekayəsi nədir? Və kimsə ona Yaşılın və Cəsurun hekayəsini danışacaq. Bəlkə də həmin uşaq həmin gün ilk dəfə dostluğun nə olduğunu anlayacaq. Bəlkə də dünyanı dəyişən bir sevgi məhz o gün başlayacaq.

İllər keçəcək və sən daima bağçalarda gül olaraq çiçək açacaq, payızda solacaq və gələn baharda daha çox gül açacaqsan. Hər kəs bir-birinə sənin hekayəni danışacaq. Hər evdə sən yaşayacaqsan. Hər uşağın yastığının altında sənin hekayən və o gül toxumları olacaq. Hər uşaq bir “Yaşıl”, hər uşaq bir “Cəsur” olacaq!

Çünki bəzən bir hekayə sadəcə hekayə olmur. Bəzən bir ovuc toxum sadəcə toxum olmur, həm də ümid olur. Və həmin ümid bu gün də “Məktəbli” qəzetinin səhifələrində yaşayır.

Əgər siz də bir gün öz hekayənizin hansısa uşağın bağçasında çiçək açmasını istəyirsinizsə, tələsin. Bəlkə növbəti toxum məhz sizin əlinizə düşəcək. Bəlkə növbəti hekayə məhz sizin ürəyinizdə bitəcək. Bəlkə də sabah açacaq bir gülün başlanğıcı bu gün aldığınız “Məktəbli” qəzeti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.