Dəyişim nədir? - ESSE Featured

Aynur İsmayılova.

Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bilmirdim, bu qədər dəyişir insan. Dəyişim bəzən yaxşılığın, bəzən də yamanlığın əlamətidir. Son zamanlarda insanlarda gördüyüm dəyişiklik daha çox yamanlığa yatqındır.

 

Hər kəs ətrafa öz pəncərəsindən baxır. Amma heç kim pəncərəsinin tozunu silmək istəmir. Sonra da hər şeyi tozlu hesab edir. Halbuki bəzən problem qarşı tərəfdə deyil, baxdığımız aynanın bulanıqlığındadır.

Hər kəs dəyişimin vacibliyindən danışır. Amma kimsə dəyişimin nə olduğunu, necə olduğunu göstərmir. Yalnız “öz” böyüyür. Öz fikiri, öz istəyi, öz doğrusu… Elə bil insan dəyişmək üçün deyil, özünü haqlı çıxarmaq üçün yaşayır. Halbuki dəyişimin ilk addımı “öz”dən bir az uzaqlaşa bilməkdir.

Bu dünya tək bir insan üçün dönmür. Milyardlarla insanın yaşadığı, nəfəs aldığı bu sonsuz evrəndə bir “öz”, bir “mən” nə qədər də kiçik görünür.

Təəssüf ki, insan bəzən özünü o qədər böyüdür ki, dünyanın ondan ibarət olmadığını unudur. Bunun adına isə dəyişim deyilir. Amma dəyişim bu deyil.

Dəyişmək yaşamı qəbul etmək, ona ayaq uydurmaq, hər şeyin sənin istədiyin kimi olmayacağını anlamaqdır. Özünü böyütmək yox, yerini tanımaqdır. “Mən”dən çıxıb “biz”ə çata bilməkdir.

Dəyişim hər şeyi öz ətrafında döndərmək deyil, dünyanın sənsiz də döndüyünü anlayacaq qədər yetkinləşməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.