Super User

Super User

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ağır təbiətli olub, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevib. Zabitəli insan olub. Onunla təmas yaratmaq o qədər də asan olmayıb, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilib.

 

"Köhnə kişilər"in təbiəti var olub onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alıb. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilib və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradıb. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurub. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verib. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan olub. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrilib. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaradıb. Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başlayıb. Hər şeydə yenilik var olub. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaradıb.

Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirib. Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənib. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirib. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olub. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti olub. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilib.

1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi işləyib. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu verib. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var.

1958-ci ildə "Uzaq sahillərdə" (rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbirsizliklə gözləyib. "Qara daşlar", "Məhəbbət dastanı" filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmayıb. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun "26 Bakı komissarı" filmndə çəkilib. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yavratdığı Kərbalayı İsmayıl olub.

 

Filmoqrafiya

1. O olmasın, bu olsun

2. Qara daşlar

3. Bir məhəllədən iki nəfər

4. Uzaq sahillərdə

5. Leyli və Məcnun

6. Əmək və qızılgül

7. Əhməd haradadır?

8. Romeo mənim qonşumdur

9. Zəncirlənmiş adam

10. İyirmialtılar

11. Qanun naminə

12. Axırıncı aşırım

 

Təltif və mükafatları

- "SSRİ xalq artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Stalin" mükafatı (2-ci dərəcə)

- "Lenin" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

- Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı

- Dram teatrları arasında keçirilən festivalın diplomu

Az qala unutmuşdum, Adil İskəndərov 1910-cu il mayın 5-də Gəncədə doğulub, 18 sentyabr 1978-ci ildə Bakıda ürək çatışmazlığından vəfat edib. Bu gün onun anım günüdür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İki bir-biri ilə uzlaşmayan sənət – idman və kinonu özündə birləşdirən Sadiq Həsənov olduqca unikal bir insan olub. “Olub” ona görə deyirəm ki, indi aramızda yoxdur və çox qısa, bir göz qırpımı həyat sürüb.

 

Sadiq Həsənov 1985-ci il aprelin 10-da Cəlilabad rayonunun Günəşli kəndində müəllim ailəsində anadan olub. Orta məktəb illərində daha çox idman, tarix və ingilis dili dərslərinə böyük maraq göstərib. Bölgənin ən nüfuzlu ingilis dili müəllimlərindən olan anası Afət xanım onun ilk müəllimi olub. Kiçik yaşlarından idmanla ciddi məşğul olub. Ali təhsilinin bakalavr pilləsini Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində alıb, 2007-ci ildə həmin universiteti bitirib.

2010-cu ildən Azərbaycan Uşu Federasiyasının fəal üzvü olub. Uzun illər idmanın döyüş növləri — Tayboks və Uşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu və mükafatçısı olub. 2010 və 2015-ci illərdə Uşu üzrə Azərbaycan Respublika Çempionatının qalibi olub. 2016–2019-cu illərdə isə Çin Xalq Respublikasında Azərbaycanı bir neçə idman növlərində layiqincə təmsil edib. Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilini davam etdirib, Çinin Pekin İdman Universitetində doktoranturada oxuyub.

O təhsilinin magistratura pilləsini də bu universitetdə alıb və 2018-ci ildə məzun olub. Çində təhsil almağa müsabiqə yolu ilə seçilib və oraya dövlət xətti ilə göndərilib. Çində idman təhsili ilə yanaşı həm də çin dilinin dərinliklərini və dialektlərini öyrənə bilib, təhsilini də dünyada ən çətin dil sayılan çin dilində alıb. Ümumiyyətlə o, dörddən artıq xarici dil bilib.

Ömrünün son 8 ilini Çinin müxtəlif şəhərlərində yaşayıb, təhsil alıb. Azərbaycan səfirliyinin Pekində və başqa şəhərlərdə keçirilən tədbirlərdə fəal iştirak edib. O, təhsil aldığı universitetlərin elm, idman, sosial həyatında fəal iştirak edib.

İdmanın bir neçə sahəsi ilə yanaşı, eyni zamanda body-fitnesslə də məşğul olub, yarışlarda çıxış edib. Çində universitet tələbələri arasında keçirilən fitnes-model yarışının qalibi olub, dəfələrlə birincilik qazanıb. Daha sonra Pekində keçirilən "Beijing Students Fitness Model contest" yarışmasının qalibi olub və "Ən istedadlı yarışçı" adına layiq görülüb.

Professional idmançı kimi Çində rəsmi kanalların kino çəkilişlərinə dəvət alıb. Sonralar onlarla filmlərə çəkilib. Filmləri də üç dildə (çin, ingilis və rus) özü səsləndirib. Çinin dövlət TV kanallarına və filmlərinə dəvət alıb çəkillən ilk azərbaycanlı gənc aktyor olub.

Sadıq Həsənov ömrünün son aylarında qəfil xəstələnib, Pekin şəhərində müalicə olunsa da, ailəsinin xahişi və Azərbaycan dövlətinin dəstəyi ilə Bakıya gətirilib, 2021-ci ilin 18 sentybrında 36 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Təqdimatımız bu dəfə də Güney Azərbaycana köklənibdir.

Zaman Paşazadə Xiyav (Meşkin) əsillidir. 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmışdır. Uşaqlıq illərində atasının təqaüdə çıxması ilə əlaqədar ailəsi ilə birlikdə yenidən Xiyav şəhərinə köçmüşdür. Hazırda Muğanda yaşayır.

 

Zaman Paşazadənin ilk şeirlər toplusu — “Aynada öl-dirilimək” — 2019-cu ildə işıq üzü görmüşdür.

Layihələr:

Dünya Şeir Antologiyası — tərcümə: “Alt şift şeir”.

Tərcüməçilər: Zaman Paşazadə və İsa Zeyni.

Fars dilinə tərcümə olunmuş kitabı:

“Fotoğraftan asılmış divar” (دیوارآویختهازعکس)

Tərcüməçi: Sürəyya Xaliq Xiyavi.

Şalgerden nəşriyyatı, 2023.

 

Şairin şeirlərini təqdim edirəm:

 

1

“Silsəm gözlərini…”

 

Silsəm gözlərini şeirlərimdən,

Burnunu qırışdırıb dodaqlarını büzərsən şeir dəftərimdə.

Silsəm burnunu-dodaqlarını şeirlərimdən,

Saçlarının dəniz qaranlığında qaralar dəftərim.

 

Silsəm saçlarını şeirlərimdən,

Heç bir can hənirtisi olmadan,

 ağ kağız qalar...

Və mən nə şair,

nə də rəssam,

Əli qanınla bulanmış bir qatil kimi yaxalanaram saçlarının silinməz ətrində,

Dustaqlanaram şeir dəftərimin sətirlərində...

 

 

2

“Uçurtma”

 

Yuxuma girmiş uçurtma

Göy üzünü dustaq etdiyim otaqda

Hey diksinirsən məndə ki, göy üzü fobiyasında

Hey yıxılıram üstümə, qapanır kölgəm

Hey ipin ucu əlimdən çıxır.

Gecənin ulduzlu pərdəsini siyirirəm

Ağlağan bir bulud var gecənin arxasında

Gülən bir günəş.

Xatırlamağa çalışdığım bir yuxu kimi gəl-getdədir

Uzun qırışdırır qaşını

Gülür saçlarını günəşə döyünləmiş uçurtma.

Saçların, küləklərin şəhərdaşı

Yellənir uçurtma sayağı.

Xatırlamağa çalışıram günəşə baxaraq

Sızır yaddaşıma yuxumun rikovery versiyası;

Yuxuma girmiş bir uçurtma var

Uçuruma sürükləyir ipinin ucu,

Diksinir məndə göy üzü fobiyası.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

Nərgiz M.Mustafayeva,

Gəncə Dövlət Universitetinin magistrantı

 

​Müasir etnoturizm anlayışı təkcə təbiət kənarları ilə məhdudlaşmır; şəhər və dağ mühitində əsrlərlə formalaşan memarlıq üslubları, yeraltı mühəndislik qurğuları və aristokratik yaşayış mühiti arxitektura etnoturizminin ana xəttini təşkil edir. Azərbaycanın Qərb bölgəsi - Gəncənin bəy malikanələri, “Ay balası” evləri, kəhrizləri, “Gəncə hörgüsü” və karvanxanaları, Göygölün alman etno-memarlıq irsi, Daşkəsənin isə arxaik dağ evləri və alaçıq strukturu ilə bu bölgədə unikal cəlbediciliyə sahibdir.

 

​Gəncə şəhərinin mərkəzində yerləşən tarixi bəy mülkləri Avropa memarlıq üslubları ilə “Gəncə hörgüsü”nün zərif sintezini nümayiş etdirir. Bu malikanələrin etno-muzeylərə, lüks otellərə və zadəgan məişətini nümayiş etdirən mədəniyyət mərkəzlərinə çevrilməsi turistlər üçün elit keçmişə səyahət təcrübəsi yaradır, regiona yüksək gəlirli turist axınını təmin edir. Yerli bələdçilərin müşayiəti ilə təşkil olunan Gəncənin “Məhəllə gəzintiləri” turistləri birbaşa şəhərin canlı icma həyatına inteqrasiya edir və kiçik sahibkarlığa maliyyə dəstəyi olur.

XIX–XX əsrlərə aid naxışlı qırmızı kərpicdən tikilmiş “Ay balası” evləri Gəncənin özünəməxsus şəhər estetikasını əks etdirir. Bu binaların fasad gözəlliyi və adının maraqlı folkloru etno-gəzinti marşrutları, foto-zonalar və canlı turizm hekayələri üçün mükəmməl resursdur.

Qırmızı kərpiclə çaydaşının növbələşməsi ilə tikilmiş şəbəkəli həyət evləri, eləcə də Şah Abbas və Uğurlu Xan karvanxanaları şəhərin ticarət və yaşayış simasıdır. Karvanxana hücrələrinin və bəsti evlərin etno-qonaqlama obyektlərinə çevrilməsi turistə tarixi mühitdə gecələmək imkanı verir, yerli sənətkarlar üçün isə canlı satış bazarı yaradır.

Göygöl şəhərindəki alman kərpic-taxta karkas texnikası ilə tikilmiş ikimərtəbəli, kirəmit damlı və taxta eyvanlı evlər bölgənin fərqli etnik irsini göstərir. Bu evlərin bərpası Qərb bölgəsində multi-kultural turizm dəhlizi yaradır, avropalı turistlərin regiona marağını kəskin artırır. Köhnə alman evlərinin altında yerləşən geniş və sərin tağlı şərab zirzəmiləri və həmin zirzəmilərdə təşkil olunan şərab dequstasiyaları və çəlləkçilik şouları qastronomik etnoturizm gəlirlərini ikiqat artırır.

Daşkəsənin dağ kəndlərində çaydaşı və qaya daşlarından hörülmüş evlər, eləcə də söyüd çubuqlarından qurulub keçə ilə örtülən alaçıqlar ekoloji tikili üslubunun lüks etno-çadır formatında təqdim olunması şəhər səs-küyündən qaçan müasir turistlər üçün unikal təbiətlə ünsiyyət və ekoloji istirahət imkanı təmin edir.

​Qərb bölgəsinin - Gəncənin bəy malikanələri, “Ay balası” evləri və məhəllələrindən başlayan, Göygöl alman evləri və Daşkəsən alaçıqlarına uzanan memarlıq xətti sadəcə tarixi bina toplusu deyil. Hər bir memarlıq abidəsinin düzgün etnoturizm xidmətinə çevrilməsi regionun iqtisadiyyatını gücləndirən və mədəni irsini beynəlxalq miqyasda tanıdan əsas amildir.

 

Qeyd: Məqalə müəllifin etnoturizm sahəsindəki tədqiqatları, regional turizm potensialının təhlili və yerli etnoqrafik mənbələr əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

                                                            

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Zaur Ərmuğanın şeirləri təqdim edilir.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

         

 

Zaur ƏRMUĞAN

 

BOYDADIR

 

Ürəyi var söz duyanın,

Dərdi qəlb dağı boydadır.

Bu boyda göyü dünyanın,

Elə torpağı boydadır.

 

Bu dünya qaranlıq quyu,

Çıx zülmətdən, nurda uyu.

Bu dünyanın yası toyu,

Qarası ağı boydadır.

 

Nə qəribik, nə də ögey,

Dilimizə düşüb giley.

O yan quzey, bu yön güney,

Dünya qucağı boydadır.

 

Dünya ağardıb başını,

Adam bilib sirdaşını.

Başına salıb daşını,

Haqqı qınağı boydadır.

 

Ərzi nədir əsrimizin?

Daşı uçub qəsrimizin.

Əynimizdə nəfsimizin

Donu balağı boydadır.

 

Yuxumuz nağıl istəyir,

Ağzımız noğul istəyir,

Başımız ağıl istəyir,

Baş da papağı boydadır.

 

 

VAXTIM

 

Coşub çağladı çeşmətək,

Zamanın bulağı vaxtım.

Bu dünyayla hey təkbətək,

Bir ömrün sınağı vaxtım.

 

Qəlbin qəmi, sevinciyəm,

Bir taleyin girinciyəm.

Nə fərq, barışam, inciyəm,

Olub gün qınağı vaxtım.

 

Ömür dolaşıq yuxudu,

Bircə kitablıq oxudu.

Nə həvəsdi, nə qorxudu

Bir ünvan sorağı vaxtım?!

 

İnancım qəlbin bütüdür,

Hökmün yazısı qətidir.

Bu yerdən göyə ötürür

Məni, yol çarığı vaxtım.

 

Aldanış məni uyuda,

Dərdi azacıq soyuda.

Cavablar dərin quyuda,

Sual yük qalağı-vaxtım.

 

Ulduzlu yolları keçib,

Könlünə dan yeri seçib,

Ümiddən bir ovuc içib

Dünyanın qonağı vaxtım.

 

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

 

Bu gün Bakıda XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə I Türk Dünyası Bəstəkarları Qurultayı açılacaq.

 

Qurultay Birinci Türkoloji Qurultayının 100 illiyinə, Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi dünyasının tanınmış nümayəndələri iştirak edəcəklər.

Qurultayın zəngin proqramı müxtəlif görüşləri, elmi müzakirələri və musiqi tədbirlərini əhatə edəcək. Üç gün ərzində bir sıra iclaslar, beynəlxalq səviyyəli dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri keçiriləcək.

Qurultayın əsas nəticələrindən biri türk dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirəcək Türk Dünyası Bəstəkarlar Birliyinin – Turkic Union of Composers (TUC) yaradılması olacaq.

19 sentyabr tarixində Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında Türk Dünyası Bəstəkarlar Birliyinin ilk rəsmi iclası keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması, həmçinin yeni beynəlxalq peşəkar platformanın Nizamnamə layihəsinin müzakirəsi nəzərdə tutulur.

Birliyin yaradılması türk dünyası ölkələrinin musiqi quruluşları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq. Ümumi musiqi irsinin qorunması və inkişaf etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi, yaradıcılıq mübadiləsinin təşviqi və türk dünyası musiqisinin beynəlxalq səhnədə təbliği xüsusi diqqət mərkəzində olacaq.

19 sentyabr 2026-cı il tarixində saat 16:00-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında I Türk Dünyası Bəstəkarları Qurultayının yekunlarına, Turkic Union of Composers (TUC) təşkilatının yaradılmasına, Bakı Bəyannaməsinin imzalanmasına və yeni peşəkar birliyin fəaliyyət perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Qurultay sentyabrın 20-dək davam edəcək.

 

I Türk Dünyası Bəstəkarları Qurultayının ətraflı proqramını təqdim edirik:

 

18 SENTYABR (cümə)

18.00   TƏNTƏNƏLİ AÇILIŞ — QALA-KONSERT

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Türk dünyasından dəvət olunmuş sənətçilərin iştirakı ilə.

Proqramda: Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və Türk dünyasının müasir bəstəkarlarının əsərləri.

Məkan: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası / İstiqlaliyyət küç. 10

 

19 SENTYABR (şənbə)

10.00I TÜRK DÜNYASI BƏSTƏKARLARI QURULTAYININ TƏNTƏNƏLİ AÇILIŞI

Məkan: Azərbaycan Bəstəkarlar İttifaqı / Xaqani küç. 27

 

14.30TURKIC UNION OF COMPOSERS (TUC) TƏSİS İCLASI

Məkan: Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahı / Bakıxanov küç. 73A

 

16.00 TÜRK DÜNYASI BƏSTƏKARLARININ I QURULTAYININ YEKUNLARINA HƏSR OLUNMUŞMƏTBUAT KONFRANSI

Məkan: Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahı / Bakıxanov küç. 73A

 

18.00   KAMERA MUSİQİSİ KONSERTİ

“CADENZA” Müasir Musiqi Kamera Orkestrinin iştirakı ilə.

Proqramda: Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin və Türk dünyasının digər klassik və müasir bəstəkarlarının əsərləri.

Məkan: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı / 28 May küç. 41

 

20 SENTYABR (bazar)

 

10.00“TÜRK BƏSTƏKARLIQ MƏKTƏBLƏRİNİN FORMALAŞMASI VƏİNKİŞAFI: MƏDƏNİ KİMLİK AXTARIŞINDA” MÖVZUSUNDA DƏYİRMİ MASA

Məkan: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası / Xaqani küç. 57

 

18.00   ƏNƏNƏVİ MUSİQİ KONSERTİ

Məkan: Beynəlxalq Muğam Mərkəzi / Dənizkənarı Milli Park, M. Hüseynov pr. 30

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)


 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Məşhur sovet Arktika kəşfiyyatçısı, şimal qütb sahəsinin pioneri və tədqiqatçısı sayılan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan İvan Papanin ölkədə çox məşhurlaşır. Bakıdakı Papanin məhləsi də onun adınadır.

 

O, müxtəlif mükafatlarla yanaşı, coğrafiya üzrə elmlər doktoru və eyni zamanda kontr-admiral rütbəsinə də layiq görülür. 1951-ci ildə isə İvan Dmitriyeviç Papanin SSRİ Elmlər Akademiyasının Dəniz Ekspedisiya İşləri Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Stalin Papaninə qarşı münasibəti çox yaxşı idi. Ona müxtəlif mükafatlar verməkdən də xəsislik etmirdi. Ona iki hektara yaxın torpaq sahəsi olan nəhəng dəbdəbəli bağ evi bağışlayır.

Qütb tədqiqatçısı bu bağı çox sevirdi və hətta orada böyük bir gölməçə qazdıraraq, içərisinə bir neçə qu quşu da buraxır. Gözəl təbiət mənzərəsi olan bu bağ evinə görə Papanin dostlarının və tanışlarının yanında həmişə öyünürdü.

Bir müddətdən sonra Papaninə Stalinin ona zəng etməsi xəbəri gəlir. Bunun ya yeni tapşırıq, ya da başqa bir mükafat olduğuna inanan qütb tədqiqatçısı dərhal rəhbərin yanına gəlir. Stalin əvvəlcə ondan iş barədə soruşur. Və sonra birdən Papaninə sual verir:

- Rəhbər tərəfindən bağışlanan bağ evi necədir, xoşunuza gəlirmi?

Papanin bu hədiyyəyə görə yoldaş Stalinə çox-çox minnətdar olduğunu, bu bağ evinin necə bəyəndiyini deməklə, rəhbərə dönə-dönə təşəkkürünü bildirir.

Stalin bir qədər susur və sonra hiyləgər təbəssümünü çətinliklə gizlədərək ondan soruşur:

- Əgər bağ evi bu qədər xoşuna gəlirdisə, niyə onu uşaq evinə hədiyyə etdin?

Karıxmış Papanin az qala kəkələyərək Stalindən bir daha cəsarət edib soruşur ki, hansı uşaq evinə və öz bağ evini nə vaxt bağışlayıb?

Stalin yenə bic-bic gülümsəyərək cavab verir:

- Əlbəttə, bu səhər. Sənədlər Poskrebışevdədir. Yeri gəlmişkən, bayıra çıxanda onlara imza atmağı unutmayın.

Papanin, əlbəttə ki, sənədi imzalayır.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

ŞAGİRDLƏRİN SI-dən İSTİFADƏSİNƏ EFFEKTİV NƏZARƏT MEXANİZMİ OLMALIDIR

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Süni intellekt (Sİ) texnologiyalarının təhsil sahəsinə sürətli nüfuzu şagirdlərin öyrənmə təcrübəsini köklü şəkildə yeniləyir və fərdiləşdirilmiş tədris imkanlarını genişləndirir. Mürəkkəb mövzuların sadə izahından tutmuş analitik təfəkkürün inkişafına qədər AI alətləri (süni intellektdən istifadə edən proqram və xidmətlər) şagirdlər üçün effektiv bir interaktiv köməkçiyə çevrilir. Bu texnologiyalar təhsil alanlara öz öyrənmə tempinə uyğun irəliləmək, yaradıcı ideyalar generatoru kimi istifadə etmək və informasiyanı daha sürətlə mənimsəmək imkanı verir. Doğru istiqamətləndirildikdə süni intellekt nəinki biliklərin mənimsənilməsini asanlaşdırır, hətta şagirdlərin rəqəmsal savadlılığını və müasir tədqiqat bacarıqlarını da gücləndirir.

 

Sİ təhsil sahəsində inqilabi imkanlar açsa da, onun məktəblilərin intellektual, psixoloji və sosial inkişafına mənfi təsirləri də elmi və pedaqoji ictimaiyyəti ciddi narahat edir. Müasir tədqiqatlar göstərir ki, Sİ alətlərindən nəzarətsiz və həddindən artıq istifadə şagirdlərdə passiv öyrənmə vərdişləri formalaşdırır.

Hər şeydən əvvəl intellektual tənəzzül və koqnitiv risklər yaranır, tənqidi düşüncə və təhlil bacarıqları zəifləyir. Şagirdlərin mürəkkəb tapşırıqları, inşaları və məsələləri sərbəst həll etmək əvəzinə Sİ-yə həvalə etməsi "koqnitiv yükün – insan beyninin informasiyanı qəbuletmə, dərketmə, emaletmə, təhliletmə və xatırlama qabiliyyətlərinin azalmasına" (cognitive offloading) gətirib çıxarır. Nəticədə mühakimə yürütmə, səbəb-nəticə əlaqəsi qurma və analitik təhlil vərdişləri kütləşir.

Yaradıcılıq və orijinallıq itir. Şablon cavablar və hazır alqoritmlər şagirdin özgür təfəkkürünü boğur. O, şəxsi ideyalarını formalaşdırmaq yerinə maşın tərəfindən təklif olunan hazır fikirləri mənimsəyir.

Yaddaş hüceyrələrinin passivləşməsi prosesi başlayır. Məlumatın asan əldə olunması informasiyanı yadda saxlamaq və zehni sınaq-səhv (trial-and-error) prosesindən keçirmək motivasiyasını aşağı salır.

Problem həll etmə (Problem Solving) mexanizmi pozulur. Riyazi, məntiqi və ya fəlsəfi məsələlərin sərbəst həlli zamanı beynin yaşadığı "məhsuldar çətinlik" (productive struggle) neyron səviyyəsində sinapsların möhkəmlənməsini təmin edir. Sİ hazır həlli ani olaraq təqdim etdikdə, şagird bu inkişaf mərhələsindən məhrum olur. Bu da uzunmüddətli yaddaşın (long-term memory) formalaşmasına mane olur.

Funksional oxu və mətnin analizi bacarığının itkisi baş verir. Uzun və mürəkkəb mətnlərin Sİ vasitəsilə qısaldılması və ya ümumiləşdirilməsi şagirdlərin dərin oxu (deep reading) vərdişlərini sıradan çıxarır. Nəticədə, mətnin alt qatındakı mənaları, kontekstual incəlikləri və məntiqi uyğunsuzluqları tutmaq qabiliyyəti (metakoqnitiv bacarıqlar) kəskin şəkildə zəifləyir.

Şagirdlər tapşırıqları özləri yerinə yetirmədiyi üçün biliklərin mənimsənilməsi səthi qalır. 

Emosional asılılıq, sosial tənhalaşma və empatiya zəifliyi baş verir.  Çatbotlarla həddindən artıq vaxt keçirmək həmyaşıdlar və müəllimlərlə canlı ünsiyyəti azaldır.

Səbr itkisi və anidən nəticə əldə etmək istəyi artır. Sİ-nin anında cavab verməsi şagirdlərdə uzunmüddətli diqqət toplama və çətinliklərə dözümlülük bacarığını zəiflədir.

Üstəlik dezinformasiya və halüsinasiya halları yarana bilir. Süni intellekt modelləri bəzən yanlış və ya uydurma faktlar ("hallucination") təqdim edir. Tənqidi süzgəci inkişaf etməmiş şagirdlər bu məlumatları mütləq həqiqət kimi qəbul edirlər. Onlar alqoritmin təqdim etdiyi səlis və inandırıcı dili görərək məlumatın doğruluğuna şübhə etmirlər. Bu isə şagirdlərdə yanlış biliklərin "doğru" kimi möhkəmlənməsinə gətirib çıxarır.

Plagiatın yeni forması – "generativ saxtakarlıq" özünü biruzə verir. Ənənəvi plagiat başqasının mətnini kopyalamaqla baş verirdisə və xüsusi proqramlarla  asanlıqla tapılırdısa, Sİ tərəfindən sıfırdan yazılan unikal mətnləri müəyyən etmək texniki baxımdan çox çətindir. Bu, akademik saxtakarlığı kütləviləşdirir və qiymətləndirmə sistemini mənasızlaşdırır.

Akademik etika və qiymətləndirmə sisteminin iflası da qaçılmaz olur. Təhsilin əsas sütunlarından biri obyektiv qiymətləndirmə və akademik dürüstlükdür. Süni intellektin tənzimlənməyən istifadəsi bu sistemi də struktur krizisinə sürəkləyir. Bilik və bacarığın obrazlı illüziyası gerçəkləşir: müəllim şagirdin təqdim etdiyi mükəmməl yazılmış inşaya və ya tədqiqat işinə əsasən onun biliyini yüksək qiymətləndirir. Lakin real imtahan və şifahi təqdimat zamanı şagirdin həmin mövzudan xəbərsiz olduğu ortaya çıxır. Bu da təhsil indikatorlarının real vəziyyəti əks etdirməməsi ilə nəticələnir.

Süni intellektin təhsildə yanlış və ya nəzarətsiz istifadəsinin yaratdığı fəsadların sayını artırmaq da olar. Zənnimizcə, qeyd etdiklərimiz kifayətdir.

Bir şeyi də unutmaq lazım deyil ki, bu fəsadlar yalnız texniki və ya pedaqoji deyil, həm də neyrobioloji, psixoloji və sosial ölçülərə malik kompleks bir problemdir. Texnologiyanın öyrənmə prosesinə gözübağlı inteqrasiyası, biliklərin mənimsənilməsi mexanizmini kökündən zədələyə, idrak funksiyalarının deqradasiyasına və təhsil sisteminin təməl prinsiplərinin sarsılmasına gətirib çıxara bilər.

Lakin şagirdləri süni intellektdən tamamilə uzaqlaşdırmaq qətiyyən həll yolu deyil. Əsas hədəf onlarda texnologiyanı hazır həll mənbəyi kimi deyil, köməkçi tədqiqat aləti kimi istifadə etmək vərdişini aşılamaqdır.

Bu misilsiz imkanlardan maksimum bəhrələnmək və onun şagirdin müstəqil təfəkkürünü əvəz etməsinin qarşısını almaq üçün prosesin düzgün idarə olunması vacibdir. Məhz bu səbəbdən, süni intellektin tədrisdəki yüksək əhəmiyyətini qoruyaraq onun tətbiqinə sağlam və effektiv nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi müasir təhsilin ən aktual tələblərindəndir. Burada məktəbin –müəllimin, valideynin, içtimaiyyətin rolu və vəzifəsi konkret müəyyən olunmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

 

Cümə, 18 Sentyabr 2026 16:06

O Şvarsenegger yox, bu Şvarsenegger

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Uşaqlıqdan ən çox sevdiyimiz ekş aktyorları sırasında Arnold Şvarsenegger başda gedib. Amma bu gün ondan yox, onun oğlundan danışacağıq. Patrikdən.

 

Patrick Arnold Shriver Schwarzenegger 18 sentyabr 1993-cü ildə ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhərində anadan olmuş amerikalı aktyor, model və sahibkardır. O, məşhur aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Schwarzenegger ilə jurnalist və Kennedy ailəsinin üzvü Maria Shriver-in oğludur.

Patrick Los-Ancelesdə böyüyüb. Onun ailəsi həm Hollivud, həm də Amerika siyasi və ictimai həyatında çox tanınmış ailələrdən biridir. Anası Maria Shriver ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin bacısı Eunice Kennedy Shriver-in qızıdır. Bu səbəbdən Patrick həm Schwarzenegger, həm də Kennedy ailə ənənələri ilə bağlıdır.

Patrick uşaqlıqdan atasının film çəkilişlərini görüb və aktyorluğa marağı da müəyyən mənada həmin mühitdə formalaşıb. Lakin o, karyerasını yalnız atasının soyadı üzərində qurmaq istəmədiyini dəfələrlə vurğulayıb. Patrick Brentwood School-da təhsil alıb. Gənc yaşlarından aktyorluq dərsləri keçib və Nancy Banks ilə məşğul olub.

Daha sonra University of Southern California (USC)-də oxuyub. 2016-cı ildə biznes idarəçiliyi üzrə bakalavr dərəcəsi, əlavə olaraq isə kino sənəti üzrə minor əldə edib. Patrick aktyorluğa çox erkən yaşda başlayıb. Onun ilk ekran işlərindən biri The Benchwarmers filmi olub. Sonrakı illərdə müxtəlif film və seriallarda kiçik və ikinci dərəcəli rollar alıb:

- Stuck in Love — 2012

- Grown Ups 2 — 2013

- Scouts Guide to the Zombie Apocalypse — 2015

- Midnight Sun — 2018

- Daniel Isn't Real — 2019

- Echo Boomers — 2020

- Moxie — 2021

- The Staircase — 2022

- Gen V — 2023

- American Sports Story — 2024

- The White Lotus — 2025

 

Patrick üçün mühüm mərhələlərdən biri 2018-ci ildə çəkilən Midnight Sun filmi olub. Burada o, Bella Thorne ilə birlikdə baş rolda çıxış edib. Film nadir xəstəlik səbəbindən günəş işığından uzaq yaşamalı olan gənc qızın sevgi hekayəsindən bəhs edir. Patrick isə Charlie Reed obrazını canlandırıb. Bu rol onun romantik janrda tanınmasına kömək edib.

Patrickin karyerasında ən böyük sıçrayışlardan biri The White Lotus serialının üçüncü mövsümündəki Saxon Ratliff rolu olub. Saxon varlı Ratliff ailəsinin oğludur və serialda ailəsi ilə birlikdə Taylanddakı lüks kurorta gəlir. Personaj özünə həddindən artıq güvənən, zəngin həyat tərzinə öyrəşmiş və bəzən olduqca mübahisəli davranışları ilə seçilib.

2025-ci ildə The White Lotus onun üçün böyük karyera sıçrayışı yaradıb. 2026-cı ildə isə romantik janrda iki yeni layihə ilə diqqət çəkir: Love of Your Life və Beach Read. Love of Your Life 2026-cı ilin oktyabrında seçilmiş kinoteatrlarda nümayiş etdiriləcək və daha sonra Prime Video-da yayımlanacaq. Beach Read filminin isə 2027-ci ilin mayında kinoteatrlarda nümayişi planlaşdırılır; Patrick burada Phoebe Dynevor ilə baş rolu bölüşür

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

MilliMusiqimizGünündə doğulanbizimdahimusiqiçilərimizi yad etdik, gəlin bir əcnəbi musiqiçini də diqqətə alaq. Xüsusən tineycerlərin, gənclərin sevimlisi Xzibiti. Onun 52 yaşı tamam olur. Düzü, yaşı məni çx təəccübləndirdi. Mən onu cavan uşaq bilirdim...

 

Xzibit əsl adı Alvin Nathaniel Joiner olan amerikalı reper, aktyor, televiziya aparıcısı və radio şəxsiyyətidir. O, xüsusilə 1990-cı illərin sonu və 2000-ci illərdə West Coast hip-hop səhnəsinin tanınmış simalarından birinə çevrilib. Dünya miqyasında isə ən çox MTV-də yayımlanan “Pimp My Ride” avtomobil şousunun aparıcısı kimi məşhurlaşıb

Xzibit 18 sentyabr 1974-cü ildə Detroit, Miçiqan ştatında anadan olub. Daha sonra Kaliforniyanın Los-Anceles şəhəri ilə sıx bağlı olub və musiqi karyerasının əsas hissəsini burada qurub. Onun uşaqlıq həyatı asan keçməyib. Anasını hələ uşaq yaşlarında itirməsi onun həyatına və yaradıcılığına ciddi təsir göstərib. O, yeniyetməlik dövründə müxtəlif çətinliklərlə üzləşib və sonradan Los-Ancelesdə hip-hop mühitinə daxil olub

Xzibit 1990-cı illərin əvvəllərində Los-Ancelesin yeraltı hip-hop səhnəsində fəaliyyətə başlayıb. O, Likwit Crew adlı hip-hop kollektivinin üzvü olub və King Tee və Tha Alkaholiks kimi sənətçilərlə əməkdaşlıq edib. Bu əlaqələr onun West Coast hip-hop səhnəsində tanınmasına böyük kömək göstərib.

1996-cı ildə onun ilk solo albomu “At the Speed of Life” işıq üzü görüb. Albom xüsusilə hip-hop tənqidçiləri tərəfindən müsbət qarşılanıb. Albomdakı “Paparazzi” mahnısı onun ilk mühüm solo hitlərindən biri olub. 1998-ci ildə “40 Dayz & 40 Nightz” albomunu buraxıb. Albom Xzibitin musiqi dünyasındakı mövqeyini daha da möhkəmləndirib. Buradakı “What U See Is What U Get” mahnısı onun tanınmış əsərlərindən birinə çevrilib.

2002-ci ildə Xzibit “Man vs. Machine” albomunu təqdim edib. Bu albom onun kommersiya karyerasının ən yüksək nəticələrindən birini göstərdi və Billboard 200-də 3-cü yerə yüksəlib. Albomda Dr. Dre, Eminem, Snoop Dogg, Nate Dogg və DJ Premier kimi böyük adların iştirakı Xzibitin hip-hop dünyasındakı nüfuzunu daha da artırdı.

 

Onun əsas studiya albomları arasında:

- At the Speed of Life — 1996

- 40 Dayz & 40 Nightz — 1998

- Restless — 2000

- Man vs. Machine — 2002

- Weapons of Mass Destruction — 2004

- Full Circle — 2006

- Napalm — 2012

- Kingmaker — 2025

yer alır.

 

Xzibitin rəsmi bioqrafiyasına görə, 2025-ci ildə çıxan “Kingmaker” onun 12 ildən sonra yayımlanan ilk solo studiya albomu olub. Albomda Dr. Dre, Ice Cube, Busta Rhymes, B-Real, Redman və Ty Dolla $ign kimi sənətçilərlə əməkdaşlıqlar yer alıb. Xzibitin ən böyük populyarlıq qazandığı layihələrdən biri MTV-nin “Pimp My Ride” proqramıdır.

O, 2004-cü ildən etibarən verilişin aparıcısı olub. Proqramda köhnə və yararsız vəziyyətdə olan avtomobillər götürülür, onların xarici və daxili görünüşü tamamilə dəyişdirilib. Xzibitin enerjili davranışı, yumoru və özünəməxsus danışıq tərzi verilişin əsas simvollarından birinə çevrilib. Proqram 2000-ci illərdə MTV-nin ən məşhur layihələrindən biri olub

Xzibit musiqidən əlavə aktyor kimi də fəaliyyət göstərib. O, müxtəlif film və seriallarda rol alıb.

 

 Onun tanınmış ekran işləri arasında:

- 8 Mile (2002)

- Derailed (2005)

- xXx: State of the Union (2005)

- Gridiron Gang (2006)

- The X-Files: I Want to Believe (2008)

- Bad Lieutenant: Port of Call New Orleans (2009)

- Sun Dogs (2017)

 

var.

 

Xüsusilə “8 Mile” filmində Eminemlə eyni ekran əsərində görünməsi onun musiqi və kino fəaliyyətlərinin kəsişdiyi maraqlı nümunələrdən biridir. Xzibit sonrakı illərdə televiziya aktyoru kimi də fəaliyyət göstərib. O, “Empire” serialında Shyne Johnson obrazını canlandırıb. Bu layihə onun yalnız reper və aparıcı deyil, aktyor kimi də fəaliyyət göstərdiyini göstərən mühüm işlərdən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

21 -dən səhifə 3116

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.