Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Olduqca yüksək səviyyədə təqdimat mərasimləri keçirən, bu mərasimləri əsl kitab bayramına çevirən Prezident Kitabxanasında ötən gün yenə qələbəlik idi, tanınmış dilçi alim, şair-publisist, professor Mahirə Hüseynovanın – Mahirə Nağıqızının “Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabının təqdimatı və “O səməndər mənəm, küldən yarandım” adlı ədəbi-bədii görüşü keçirilirdi.
Tanınmış elm və ədəbiyyat xadimlərinin, Qərbi Azərbaycan ziyalılarının qatıldığı tədbiri evsahibi statusunda açıq elan edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova müəllifin elmi və bədii yaradıcılığından bəhs etdi, yeni nəşrin Qərbi Azərbaycanın tarixi həqiqətlərinin və mədəni irsinin təbliğindəki əhəmiyyətini vurğuladı.O söylədi ki, professor Mahirə Hüseynova dilçi alim kimi, Qərbi Azərbaycanın qədim türk mənşəli kənd, dağ və çay adlarının əsl etimologiyasını elmi faktlarla sübut edərək, erməni saxtakarlığını ifşa edib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Mahirə xanımın ortaya qoyduğu əməyin ümumi Qayıdış Konsepsiyasına verdiyi fayda, Milli Məclisin deputatları Hikmət Babaoğlu müəllifin faktlara orijinal baxış bucağı, Məlahət İbrahimqızı və Fazil Mustafa Mahirə xanımın titanik əməyi və onun bəhrələri barədə danışdılar.
Millət vəkili Mehriban Vəliyeva, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri Cəbi Bəhramov, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək professor Mahirə Hüseynovanın həm alim, həm də ziyalı kimi fəaliyyətini yüksək qiymətləndirdilər.
Natiqlər nəşrin onomastik yaddaş və toponimlər üzərində qurulan elmi ağırlığına diqqət çəkdilər. Kitabın həm elmi faktlarla zənginliyini, həm də Mahirə Hüseynovanın şair-publisist ruhundan süzülən bədii təsvirlərin, vətən həsrəti və torpaq nisgilinin oxucuya necə təsirli şəkildə ötürüldüyünü xüsusi olaraq qeyd etdilər.
Prezident Kitabxanasında bir ənənə var, rəsmi hissədən sonra musiqili-bədii hissələr tədbirlərə xüsusi çalar verir. Bu dəfə də belə oldu, tədbir Mahirə Nağıqızının zəngin bədii yaradıcılığına həsr olunan ədəbi-musiqili kompozisiya ilə davam etdi.
Kompozisiyada Xalq artisti Gülyanaq Məmmədova və Əməkdar artist Gülüstan Əliyevanın ifasında Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnılar səsləndirildi. Daha sonra Afət xanımın təşəbbüsü ilə tədbirin qonaqları Mahirə xanımın şeirlərini oxudular.
Sonda xatirə fotosu çəkildi və hər kəs bu bilik və maarif üünvanından böyük təəssüratlarla ayrıldı.
Fotolar AzərTAC-ın fotomüxbiri Səfiyar Məcnunundur.
“Ədəbiyyat və incəsənət”
(04.03.2026)


