Super User

Super User

Şərəf Cəlilli,

                                        Filologiya üzrə fəlsəfə doktoru.

                                            “Ədəbiyyat və incəsənət”

 

Tağıyev qızını Paşaya vermədi. Səbəb nə idi?

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Sentyabrın 16-da Hacı Zeynalabdin Tağıyevin, Bakı əsilzadələrinin istəyi ilə şəhər əhli Təzəpir məscidinə cəm oldu. On minlərlə insanın Bayram namazına durduğu Təzəpirin həyətində “iynə atsaydın yerə düşməzdi” deyirlər. Üstəlik Bakıda Qurani Kərimdə adı keçən Göyərçin – müqəddəs quş da qalmayıbmış. Təzəpirin minbərində dövrə vuran, Azan oxunanda sükuta dalan göyərçinlər də şəhərin müqəddəs ruhuna dönüb Zəfər Ordusunun pişvazına çıxıbmış. Həmin gün şəhər əhli həm də ikinci bir müqəddəs bayramı – Qurban bayramını qeyd etmək üçün səcdəyə getmişdi. Ramazan ayı Qurani Kərimin mələklərin qanadında yer üzünə endirilib, Məhəmməd Peyğəmbər əleyhissəlamın ruhundan cücərildiyi ay idi. Onun həm də, bir İbrahim peyğəmbər və İsmayıl peyğəmbər, Hira və Sina, Həcərül-əsvət müqəddəsliyi vardı. Təzəpir məscidində qılınan Bayram namazında  minbərdən üzünü Axunda Ağa Əlizadə ilə birlikdə şəhər əhlinə tutan Nuru Paşa tarixi nitqini edirdi: “Bu gün Qurban bayramıdır. İsmayıl peyğəmbərin boğazına çəkilən bıçaqdan qurtulub, adına Meracdan qurbanın endirildiyi gündür. Bu gün müsəlman qardaşlarımızın yarasından axan qanın dindiyi, qan içən daşnakların cəzasının kəsildiyi gündür. Türklər ölər hicrət etməz. Biz zülmə, hicrətə məhkum edilən qan qardaşlarımızın xilası üçün burdayıq. Qardaş hər daim qardaşın yanında olmalıdır. Dünya Osmanlını çökdürərkən biz tarixi sizinlə yaratdıq. Sarıqamışda yaralarımızı siz sardınız. Qafqazlardan aşıb etdiklərinizi mükafatını vermək üçün buralara qədər gəldik. Bu torpaqlar bizim baba yurdumuzdur. Burada qan dinməli, Cümhuriyyət baş şəhərinə köçməli idi. Bu günü bizə yaşadan Tanrıya şükran duyğularımı dilə gətirir, Müjdəmi verirəm: Vətən torpaqları daşnaqların soyqırımından azad edildi. Bayramınız qutlu olsun! Kimsə əkdiyini biçmədən ölməz, kimsənin qisası kimsədə qalmaz!”. On minlərlə insan “Amin” nidasından sonra Nuru Paşanın heyəti Bakı əsilzadələrin müşayiəti ilə İsmailiyyənin önündə təşkil olunan mitinqə gəldi. Bu təntənəli mərasimdən, Bakının ayrı-ayrı rəsmi qurumlarının nümayəndələrinin, xarici ordu birləşmələrinin komandanlarının önündə Bakını işğaldan azad olunduğunu ehtiva edən rəsmi sənəd oxunduqdan sonra Nuru Paşa, Xəlil Paşa və onun igid əsgərləri Hacı Zeynalabdin Tağıyevin İsmailiyyədən malikanəsində qədər sərdiyi Qırmızı xalının üzərindən keçib Bayram ziyafətinə vardılar. Tağıyevn xüsusi tapşırığı ilə həmin gün onların ayaqlarının altında nə az, nə çox düz 179 qoç qurban kəsildi. Hacının 179 qoçu eyni anda qurban kəsdirməsinin də rəmzi mənası vardı. Bakının qoluna buxov Mart soyqırımı günü vurulmuşdu. Bakının hər anı qanın bir tarixi idi. Bu səbəbdən də Millətin Atası, daha doğrusu Millətin Ruhunun atası Bakıya sıradan bir şəhər kimi baxmırdı. Onu– Xəzərin Zümrüd qaşı, Qara brilyantı, Millətin, Məmləkətin, Cümhuriyyətin düşünən beyni, vuran qəlbi hesab edir, işğaldan azad olunacağı günə qurban-sadağa deyirdi.

 

Sarı donlu qızın əfsanəsi

Nuru Paşanın anası Anadoludan, Killigil dağının ətəyindən idi. Atası da, şəcərə dəftəri ilə Qarapapaq türklərinə bağlı idi. Əfşarların zamanında Türküstandan Anadoluya gəlmişdilər. Anası ömrü boyu bir bayatı çağırar, bir nəğməni zümzümə, qımqıma edərdi. Elə hey “Anan ölsün, Sarı gəlin” deyərdi. Onun bir qırağı Acaluşaqlarına, daha doğrusu Acarlara, Qafqaz türklərinə bağlı idi. Qardaşı İsgəndər bəy Osmanlı Ordusunda savaşmışdı. Rum elində bir gözələ aşiq olmuşdu. Anası Sofia Tanyelini ona qıymamışdı. Tanyeli İsgəndər Paşanın atının tərkinə minib qoşulub qaçmışdı. Xəbər qardaşlarına çatandan sonra qardaşları nişanlısı Stefanosla gəlib onları haqlamış, Tanyelini İsgəndər Paşanın əlindən göz yaşları içərisində alıb aparmışdılar. İsgəndər Paşanın dünyası da, sevdası da onunla qaralmışdı. Tanyelinin, sarıdonlu, sarı bənizli qara sevdasının əlindən alındığı yerdə iflic olan İsgəndər Paşanı bir daha görən olmamışdı. Deyirdilər, o, elə həmin yerdə qayanın başından özünü dərəyə atmış, parça-parça olmuşdu. Xəbəri eşidən anası ölənə qədər “Anan ölsün sarı gəlin” – deyib İsgəndər Paşanın sarı donlu, sarı bənizli qara sevdasını muncuq kimi ipə-sapa düşmüşdü. “Saçı ucun hörməzlər, gülü sulu dərməzlər, Sarı gəlin. Bu nə sevdadır, Səni mənə verməzlər… Bu dərənin uzunu, Çoban qaytar quzunu, nə ola bir gün görəm, nazlı yarın üzünü. Neynim aman, aman. Neynim aman, aman Sarı gəlin!”. İsgəndər Paşa Sarı donlu sevdasının eşqinə Uzun dərədə tikə-parça olmuşdu. Quzu kimi mələr ruhu anasının bayatısına dönmüşdü. “Çoban, qaytar quzunu”- deyib Anadolunu lərzəyə salmışdı. Adəm sevib cənnətdən, Züleyxa sevib taxtdan, Yusif sevib özgürlükdən, Leyli sevib saraydan qopduğu, Məcnun sevib səhralara düşdüyü, Mahmud sevib Məryəmin eşqinə Kərəm olduğu , Beyrək Banuçiçəkdən, Abbas Gülgəzdən, Qərib Şahsənəmdən, Qurbani Pəridən keçməyib dastana döndüyü, Fərhad Bisitunu Şirinin eşqinə çapıb yox cavabı alanda qanını Süd Arxına axıtdığı, Sarı Aşıq Yaxşının qibləsini tərsinə yatdığı kimi,  İsgəndərin Paşa da, sərkərdə ucalığından oldu. Tanyelinə – sarıbənizli, alagözlü, sarıdonlu sevgisinə olan ilahi eşqi ilahiyə döndü: “Saçın ucun hörməzlər, gülü sulu dərməzlər!” Tərkidünya Aşıq Şenlik hansı məclisə vardı ondan “Sarı gəlin”i istədilər. Anadoludan Borçalıya, Borçalıdan Dəmirqapı Dərbəndə, Şimali Qafqazdan Türküstana, Osmanlıdan Rum elinə hamı “Sarı gəlin” dedi. Tağıyevin malikanəsində paşaların şərəfinə təşkil edilən ziyafətə Hacının istəyi ilə ustad sənətkarlar dəvət olunmuşdu. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Şahnaz Abbas, Sadıxcan, Mirzə Güllər, Mirzə Bilal üzünü qavala söykəyib “Sarı gəlin”, bir də “İrəvanda xan qalmadı” deyirdi. Ona qoşulan Aşıq Bilal “Şirvan şikəstəsi”ni “Osmanlı gərayısı”na qatıb “Bu dərənin uzunu, çoban qaytar quzunu, neynim aman, aman, neynim aman, aman”- deyib, yeri-yerindən oynadırdı. Bu dəm Nuru Paşanın gözü ilə incə belli, ay bənizli, sarı donlu bir gözəli tutur. Elə həmin an eşqin atəşinə tutulan Paşa gözəlin kimliyini xəbər alır. Əliağa Şıxlinski Hacının istəkli övladlarından biri olduğunu deyir. Ziyafətdən iki gün sonra Tağıyev indi ki, Azərbaycan Tarix Muzeyinin binası olan malikanəsinin tapusunu və açarlarını Nuru Paşaya təqdim edir. Hadisə sentyabrın 18-də Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məhəmməd Əmin Rəsulzadənin, Firudin bəy Köçərlinin, Həbib bəy Mahmudbəyovun, Kərim bəy Mehmandarovun, Əhməd bəy Ağaoğlunun, Xəlil bəy Xasməmmədovun, Xasməmməd bəy Məlik-Aslanovun, Xosrov bəy Sultanovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Sadıxcanın iştirak etdiyi məclisdə baş vermişdi. Millətin Atası həmin gün malikanəsində Cümhuriyyəti Bakıya köçürən İstiqlal fədailərinin adına süfrə açmışdı. O müqəddəs və mübarək məclisdə iki tarixi an yaşanmışdı. Neft maqnatı, mesenat Seyid Mirbabayev indiki SOCAR-ın binası kimi tanıdığımız malikanəsinin açarını Fətəli xan Xoyskiyə təqdim etmiş, mülkünü Cümhuriyyətə bağışlamış, Cümhuriyyətin bayrağı ilk Milli Hökumətin, Demokratik Cümhuriyyətin rəmzi kimi Xəzərin yaxasından mesenat xanəndənin malikanəsindən boy vermişdi. Neft quyusu fontan vurandan sonra ifaçılığı atan, hətta qramafon vallarını belə baha qiymətə aldırıb sındıran, mərsiyəxan kimi sənətə gələn Seyid Mirbabayev Cümhuriyyətin və Qafqaz İslam Ordusunun şərəfinə “Heyratı” Əhməd Cavadın “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına! “Ah!”… deyərdim, heç ölməzdim, düşə bilsəm torpağına… Fırtınalar dursun yana, Salam türkün bayrağına! Olsun Turan ellər, Qurban türkün bayrağına! Yol ver, Türkün bayrağına!” şeirini oxuyur. Qılıncla Qələmin vəhdətində yoxdan bir dövlət qurub, bayraq yapanların sırasında yer alan Qafqaz İslam Ordusunun komandanına, bu misraların müəllifinə  sonsuz, hüdudları məlum olmayan sevgisini də dilə gətirir.

 

Bakıdan kənara qız vermərəm

Millət, məmləkət sevgisi ilə başa keçirilən, Cümhuriyyət qədər əziz, şəhidlərin ruhu qədər müqəddəs bilinən Nuru Paşa münbit mühitdən istifadə edib Paşa şərəfi ilə malikanənin tapusunu da, açarlarını da, Hacının Kontorunun müdirinin ovcuna qoyur. Onu mülkü, malikanəsi ilə deyil, günlərdir könlündə Sultan etdiyi qızı Sürəyya xanımla şərəfləndirməsini istəyir. Tağıyev millətinə, məmləkətinə bağlı olduğu kimi övladlarına da vurğun idi. Sürəyya onun ikinci nikahından, General Balakişi bəy Ərəblinskinin qızı Sona xanımdan olan sonbeşiyi idi. Sarı bənizli, ala gözlü, sarı donlu Sürəyyaya aşiq olan Nuru Paşa Hacının yox cavabını eşidəndə dünyası qaralır, varlığı titrəyir. “Qarşınızda boynum tükdən incədir. Üstümdə Bakı boyda haqqınız vardır, amma, mən qürbətə qız vermərəm. Övladlarım gözümün qabağında olmalıdı. ” İki gün sonra elçiliyi təklikdə edən Nuru Paşa evlənib Bakıda yaşayacağını desə də, Tağıyev yenə razı olmur. Xəbəri eşidən, oğlunun eşq atəşinə tutulduğunu bilən atası Əhməd Paşa və digər oğlu  Osmanlı Ordusunun Müdafiə Naziri Ənvər Paşa Bakıya Tağıyevin qapısına elçi gəlsə də, Qazi Mustafa Kamal Paşaya telefon açıb Hacıdan mötəbər paşaların sözünü geri çevirməməsini xahiş etsə də, Tağıyev sözünün üstündə durur: “Bakıdan kənara qız vermərəm!”. Nuru Paşa üst-üstə fetih dastanı yazanda, Azərbaycanın xilaskarı, Qafqaz İslam Ordusunun komandanı kimi tarix yarandanda 29 yaşı vardı. Sürəyya aşiq olanda da, o yaşda idi. Bakıdan könlü boş dönən Nuru Paşa uzun müddət Sarıdonlu qızı – Gəlin edə bilmədiyi ,“Sarı Gəlin”i unuda bilmədi. Deyirlər, Nuru Paşa Bakıdan yola salınan  gecə də, Tağıyevin malikanəsində süfrə açılıb. Nuru Paşanın durumunu bilən, fəqət Millətin atasına təsir etmək imkanı olmayan Cabbar Qaryağdıoğlu həmin gecə Sarı Aşıqdan oxuyurmuş: “Əzizinəm, Sarı qız, sarı gəlin sarı qız, aç kəmərin belindən, cənazəmi sarı qız!” Nuru Paşa uça-uça gəldiyi yolu yəqin ki, sürünə-sürünə, qanadı qırıq quş kimi gedib. Onun dağlar qədər sevgisinə, ilk və son məhəbbətinə qıymışdılar, İsgəndər Paşanın Tanyelisi, Sarı Aşığın Yaxşısı kimi özgələrə yar, daha doğrusu yem etmişdilər. Övlad sevgisini qardaş məhəbbətindən üstün bilmişdilər. Qaysaq tutmayan yarası, Sürəyyanın küskün butası ilə Nuru Paşa nə az, nə çox düz 28 il 9 ay ömür etdi. Sürəyyanı, daha doğrusu Sarı donlu həsrəti ilə də, elə bu yaşda üz-üzə gəlmişdi. Adını qəlbinə yazmışdı. Bir ömür unuda bilməmişdi. Ölümündən üç il öncə Misir məlaikəsi İffət xanımın qızı Misli Mələk xanımla nigaha getmişdi. Bu zaman onun 56, Misli Mələk xanımın isə 45 yaşı vardı. Qışda gələn bahardan onların övladları olmamışdı. 1989-cu ilə qədər ömür sürən Misli Mələk xanımla ilk və son görüşümüzdə söylədiyi bu cümləni üstündən 26 il ötməsinə baxmayaraq heç unuda bilmədim: “Paşam, yuxuda diksinəndə, bir təsadüf mənə toxunanda bəzən Sürəyya deyərdi. Mən ondan heç incimədim… ” Nuru Paşa 1949-cu il mart ayının 2-də sahibi olduğu Sütlücə hərbi fabrikində baş verən partlayış nəticəsində həlak oldu. Cəmi 59 il ömür sürən, onun 29 ilini Qurtuluş Savaşına, Azərbaycanın erməni daşnaklarından təmizlənməsinə, Bakının işğaldan azad edilməsinə həsr edən Nuru Paşa ömrünün geridə qalanını Sürəyyanın nisgilinə, həsrətinə həsr etdi. Misli Mələk xanım deyirdi ki: “Paşam hər axşam Sürəyya xanıma həsr etdiyi “Sarı donlu mələkşəm” şeirini pıçıltı ilə deyər, baxışlarını uzaqlara dikər, bəzən də, gözlərindən yaş süzülərdi. Az-az hallarda cibindən bir Sarı parça çıxarıb qoxusunu alar yenə cibinə qoyardı. Sütlücə qazası zamanı yanıb kül olan fabrikadan Paşamı yanmış, bir çox yerləri kül olmuş halı ilə çıxardılar. Hər axşam qoxusunu alıb uyuduğu Sarı parça salamat qalmışdı, Paşamın ovcunda. Hər halda , o məlun yanğında da  Paşam könlünün Paşasını anmışdı. Olsun! Paşam incə qəlbli adamdı. Mən onun Sürəyya xanıma aşiq Qəlbini sevdim!”

 

Mən onun Sürəyyaya aşiq Qəlbini sevdim

Qafqaz İslam Ordusu Azərbaycandan çıxandan, Nuru Paşa Bakıdan ayrılandan sonra uzun müddət-6 il özünə gələ bilməyən Sürəyyanı atası Əsəd bəy Abdullayev adlı mühəndislə evləndirir. Onlar 1922-ci ildə ailə qururlar. Sürəyyanın bu nikahdan iki övladı dünyaya gəlir. Oğlu geofizika elmləri doktoru, professor RəsmiAbdullayev və qızı Dilarə xanım Abdullayeva. Nuru Paşa 1949-cu ildə 59 yaşında, Sürəyya xanım isə 1975-ci ildə 71 yaşında dünyasını dəyişdi. Biri Bakıda, digəri İstanbulda torpaq müqəddəsliyinə qovuşdu. Nuru Paşanın həsrəti 30, Sürəyya xanımın nisgili 54 il çəkdi. Nuru Paşa Bakıdan döndükdən, Qurtuluş Savaşına qardaşı Ənvər Paşa, dayısı Xəlil Paşa isə töhfələr verməsinə rəğmən Cümhuriyyət elan olunduqdan sonra Cankaya köşkünə girişləri yasaq edildi. Qəvi düşmən, bolşevik Rusiyası Tağıyevin topdağıtmaz mülklərini əlindən aldı. Bakının yolunda fəda etdiyi malikanəsinə də əl qoydular. Türkiyənin Qurtuluş Savaşı üçün dövlətin büdcəsindən 500 kq qızıl, 300 sistern neft və neft məhsulları, 10 min manat şəxsi vəsaitini ayıran, bu səbəbdən də bir çox məmurların etirazı ilə üzləşən,  Tağıyevin sərmayəsi ilə təhsil alan komissar Nəriman Nərimanovun sayəsində Mərdəkandakı bağ evinə sığınan Tağıyev Türkiyədə və Bakıda cərəyan edən hadisələri düşündükcə Sürəyyanı qürbət elə verməməkdə, gözünün qabağında saxlamaqda haqlı olduğunu düşünürdü. Ata ürəyidi…  Hər halda bu kədərli eşq hekayəsinə “ Nuru Paşanın küskün butası, Tağıyevin xətası” da demək olar. Bəlkə də, Nuru Paşa ilə Sürəyya evlənəcək başına Qaspıralının qızı Şəfiqə xanımın başına gələnlər gələcəkdi. Nəsib bəy Usubbəyli kimi Nuru Paşanın da, qəlbində  Sürəyyanın yerini kimsə tutacaqdı. Bu beləmi olacaqdı bilmirik.  Bildiyimiz odur ki, Sürəyya xanımın taleyindən keçən ağ atlı Paşanın sevgisi ona bir ömür baha başa gəlib. Mirzə Cəlil Həmidə xanım Cavanşiri boynunda gəzdirdiyi medalyondan boylanan Kərim bəy Mehmandarovun şəklinə görə incitdiyi kimi, mühəndis əri də, Sürəyyanın “ Paşa sevgisinin sarayı”ndan gündə bir kərpic qoparıb. Hər halda, bəlkələr çoxdu. Ən böyük həqiqət isə həsrətin göz yaşlarından qurumayan yaylıqlar, son məktublar, boyundan asılan medalyonlardır. Ən gözəli isə şübhəsiz ki, Misli Mələk xanımın xatirəsi, Paşanın sevgisinə hörmətidi : “Paşam hər axşam uzaqlara göz dikər, “Sürəyya, sarı donlu  mələkşəm” şeirini pıçıltı ilə söyləyər, bəzən də gözlərindən yaş süzülərdi. Yuxuda bir təsadüf mənə toxunanda Sürəyya deyərdi. Qırılardım fəqət üzə vurmazdım. Paşam incə qəlbli adamdı. Mən onun Sürəyyaya aşiq Qəlbini sevdim!

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

 

“Ədəbiyyat və incəsənət” jurnalist Pərvanə Eyvazqızının şair Qulu Ağsəslə söhbətini diqqətinizə çatdırır.

 

– Seyran Səxavətlə olan “Dəli şeytan deyir ki...” adlı müsahibəmizi oxuyandan sonra demişdiniz ki: “Mən müsahibəmizə “Can!” deyib başlamayacağam”. Nə deyib başlayaq, Qulu müəllim?

– Seyran müəllim söhbətə çox orijinal, həm də ərklə başlayıb. Əslində, maraqlı versiyadır. Mən, ümumiyyətlə, qeyri-ənənəvi üslubu xoşlayıram. Hətta müsahibələrin əvvəlindəki salamlaşmaları və  sonunda “müsahibəyə görə çox sağ olun” kimi ifadələri redaktədə heç vaxt saxlamıram. Çünki, mənə bir az saxta gəlir. Əgər insan müsahibə verirsə, deməli, ona qədər artıq salamlaşıb. Təzədən yazıda salamlaşmağa lüzum yoxdur. Oxucunu aldatmaqdır bu.  Mən necə başlayardım? Burdan Seyran Səxavətə salam göndərməklə başlayardım.

– “Göndərmək” demişkən, bəs Göy Yerə, Yer də Göyə nə göndərir?

– Göy Yerə gün işığı, kasıb komasını “Ağ ev”ə döndərən bəyaz qar, külək, yağış, nur, işıq... Amma əvəzində Yer Göyə nə göndərir? – Raket, zəhər, qarğış, söyüş...

– Dua da göndərir...

– Biz o duaları görmürük axı. Necə ki, nəhayətsiz zibilliyin içində bitən gülü görmürük. Dualar da, bax, elədir.

– O gülün görünməməsi Yerin yox, yerdəkilərin günahıdır.

– Yerlə Göyün heç bir günahı yoxdur. Göy öz mübadiləsini ənənəvi şəkildə davam elətdirir. Göyün sahibi var deyə, ora müdaxilə edə bilmirik bir o qədər. Amma Yerin sahibi biz olduğumuza görə, başqa şeylər də edirik. Bu nə Yerin, nə də Göyün günahıdır, əlbəttə. Yuxarıya da, aşağıya da müdaxilə edən biz özümüzük.

– Tez-tez uçursunuz?

– Əvvəllər lap çox uçurdum. Mən “uçmaq” deyəndə uçmuram, həmişə anamı xatırlayıram. Səhər durub yuxumu danışanda ki, uçurdum, mənə deyərdi: “Əvvəllər mən də uçurdum. İnsan yaşlandıqca daha çox günaha batır və daha az uçur. Bəzən də, heç uçmur”. 

Mən təkcə yuxularda uçmuram. Adam var ki, yatanda uçur, adam da var, uçanda yatır.

– Qulu Ağsəsi oyaq vaxtı nə uçura bilər?

– Məsələn, elə söz var, onu hətta yazmasan belə, ağlına gələndə istəyirsən ki, öz ömür payından çıxarıb hamının cibinə bəxşiş kimi qoyasan. O qədər xoşbəxt olur adam! İstəyirsən ki, qarşına çıxan hər kəsə salam verəsən, hamını bağrına basasan. İstəyirsən ki, hamı sənin sevincinə qoşulsun, şərik olsun. Təəssüf ki, bunu eləmək cəmiyyət üçün bir az gülməli görünür.  Amma əlbəttə, insan özü-özünə bəs eləyir də! Özün bilirsən uçduğunu, sevindiyini.

Bəzən musiqi də uçurur adamı. Axırıncı dəfə Rusiya estradasından bir mahnıya qulaq asmışdım. Sözləri maraqsız idi. Heç musiqisi də o deyildi. Amma ifa edən cütlüyün şövqü məni valeh elədi. İnsan necə sevə-sevə görür öz işini. Mən öz işini ürəkdən, cani-dildən görən adamlara baxanda, inanın ki, elə, şeir yazmaq qədər, yuxuda uçmaq qədər xoşbəxt oluram. Həmin adam maşınyuyan da ola bilər, xadimə də, rəssam da. Xüsusilə, musiqiçilərin candərdi ifasını, oxumağını görəndə çox məyus oluram. İnsan bir işi ya görməli, ya da ona yaxın durmamalıdır; bütün işləri belə görməlisən. Mənim üçün hər şey işdir, hər şey əməldir.

İyirmi iki il əvvəl AzTV-də sənədli filmlərindən birində elimizin bir xalq inancının deyimindən istifadə eləmişdim. Orda deyilirdi ki, ustalar (bənnalar) ev tikəndə heç vaxt şaqulu hörgünün üstündə asılı qoyub evə getmirlər. Onu yığışdırırlar. Əgər şaqul asılı qalsa, şeytan bənnanı səhərə kimi, işlədir. Gözəl yanaşmadır. Bu yaxınlarda ailə üzvlərimdən biri əvvəl qonşuluqda yaşamış və çoxdan rəhmətə getmiş bir xalanın dediyi el sözünü xatırladı:  “Filankəs hazır yeməyə dik qaşıqdır”. – Bu, müfəxor haqqında deyilmiş ən gözəl ifadədir.

Axırıncı dəfə təyyarəyə nə vaxt mindiyim yadımdan çıxıb. Amma mən təyyarədə yatan adamlara baxanda çox təəccüblənirəm. İnsan uçanda necə yata bilər?  Mən həmişə yatanda uçmaq arzulamışam, bu, minən kimi, yatdı. Adam bir də oyandı ki, çatmışıq. Ömrünü beləcə yaşayan adamlar da var. Buna görə, mən “Nabran novellası” kitabımda yazmışdım ki, rahat adam görəndə narahat oluram.

– Dediniz ki, bəzən insan o qədər xoşbəxt olur, ömründən kiməsə pay vermək istəyir. Siz necə,  pay verməyi xoşlayırsınız, yoxsa almağı?

– Əgər səmimi desəm, hər ikisi xoşuma gəlir. Ən xoşuma gələn isə özümün nəsə verməyimdir. Onda xoşbəxt oluram. Elə də böyük işlər görmürəm, adam elədiyini deməz. Amma məsələn, görürəm, uşaqlar mağazanın qabağına yığılıblar. İkisinin əlində dondurma var, amma bir neçəsində yoxdur. Dondurma alıb onlara paylayıram ki, qoy hamısında olsun. Yaxud da görəndə ki, yaşlı adamlar oturub nərd, domino oynayırlar, ürəyimdən keçir, onlara mer-meyvə alıb verim. Yesələr də, yeməsələr də, özləri bilər. Sadəcə, mənim xoşuma gəlir bunu etmək. Görəndə ki, quşlar harasa yığışıblar, istəyirəm, onlara da nəsə verim, yesinlər. Onlar da ruzu axtarır. Ruzu axtaran quşları görəndə elə bilirəm ki, Allah məni bircə şeyə görə bu dünyaya gətirib – aldığım çörəyi doğrayıb, onlara verim. Paylaşmağı sevirəm. Xırda şeylər məni çox xoşbəxt edir.

Bax, bura - redaksiyaya bir qız gəlmişdi. Anası “İnstaqram” sosial şəbəkəsindən dostumdur. Dedi ki: “Sizin kitaba qol çəkməyiniz üçün qızım gələcək”. Gələndə soruşdum: “Hardan gəlmisən?” Dedi: “Xocalıdan gəlmişəm”.

Üstündə “Görsən, üşüyürsən...” yazısı olan balaca bir qələm də gətirmişdi hədiyyə olaraq. Onun o “Xocalıdan gəlmişəm” deməyindən sonra inanın ki, bir neçə gün özümə gələ bilmədim. Ən əvvəl ona görə ki, heç ağlıma gəlməzdi Xocalıdan gəlib. İkinci də ki, o balaca bir hədiyyənin üstünə “Görsən, üşüyürsən...” sözünü yazmağı o deməkdir ki, bizi tanıdığımız, bildiyimiz adamlarla yanaşı, tanımadığımız adamlar da oxuyur, qiymətləndirir. Bu, mənim üçün gözəl hədiyyə idi.

Sonuncu ən gözəl hədiyyəm şəkil kimi göndərilib mənə. Rusiyadan Aralıq dənizinə dincəlməyə gedən bir qələm adamı (adını deməyəcəm, qoy ürəyi partlasın) oranın xırda daşları ilə mənin “Yorğun ağacam” şeirimin kompozisiyasını yığıb. Həmin şəkli çıxartdırıb çərçivələtdim.

Yaxud da ki, dostum Əli Bağış 2002-ci ildə çıxan ilk kitabımı mənə hədiyyə elədi. Mənim avtoqrafım olan kitabı təzədən öz avtoqrafı ilə mənə bağışladı. Həmin kitabdan məndə yox idi. Bu da mənim üçün çox gözəl hədiyyə idi. Ümumiyyətlə, mənə elə gəlir ki, paylaşmaq gözəldir. Amma xüsusilə, insan özü nəyisə paylaşanda lap gözəl olur da! Bu,  eqoizm deyil, sadəcə, bir fərəh duyğusu dolur adamın içinə.

– Bu gün mənə də kitabınızı hədiyyə verdiniz, təşəkkür edirəm.

– Kitab ilk növbədə oxuyan üçündür. Çox sevdiyim belə bir ifadə var: “Şeir onu yazandan daha çox, ona ehtiyacı olan adamındır”. Kitab da elədir. Bəlkə, insan da belədir. Bəlkə, insanın həyatı da belədir, sevgisi də, nifrəti də. Onun sahibindən daha çox, ona ehtiyacı olanındır.

– Qulu müəllim, insanları tez-tez qınayırsınız?

– Mənim real vəzifə öhdəliklərimdən biri evə çörək almaq və zibil atmaqdır. (Çünki,  əlimdən başqa heç nə gəlmir). Bunu da gün ərzində bir neçə dəfə edirəm. Bir dəfə zibil atanda gördüm ki, bir uşaq yerə düşmüş çörəyi öpüb gözünün üstünə qoyur.  Sonra o uşaq mənim yazıma gəldi. Yazıda demişdim ki: “Mən çörəyi öpüb gözünün üstünə qoyan uşağı bir də görsəm... Onun özünü öpüb gözümün üstünə qoyacam. Çörək kimi”.

İnsanları qınamaq ən “asan xidmət”dir. Çox fərasətli, qoçaq adam olmadığıma görə,  hərdən “asan xidmət”dən mən də istifadə edirəm. Amma çox yox. İnsanın şüarı belə olmalıdır: “Heç kəsdən heç nə istəmə və heç kəsi qınama!”  Onda rahat olur adam. Daim başqalarında nəsə axtarmaq, daim başqalarından nəsə ummaq insanı rəzil edir, kölə edir. Özün nəsə əldə elə. Ya da nəyin var, onunla xoşbəxt ol. Mən yazmışdım: “Əlində nəyin var, onunla xoşbəxt ol.” Bir nəfər də yazdı ki: “Əlimdə heç nə yoxdur”. Dedim ki: “Beş barmağın var, barmaqlarınla xoşbəxt ol, adam var, o da yoxudur”. Bəzən deyirlər: “Məni eşidən yoxdur”, “dəstəkləyən yoxdur”. Mən də deyirəm ki: “İki əlin var, özün-özünü alqışla, denən “sən gözəl insansan”, xoşbəxt ol”. Qınamaq ən asan yoldur. Yenə də deyirəm, qınamaq bizim çağdaş dünyanın ən “asan xidmət”idir. Qınayırsan, vəssalam... İnsan heç kəsi qınamamalıdır. Hər şeyə özü nail olmalıdır. Kimsə gəlib səninlə elə-belə dost olmur ki;  sən o dostu qazanırsan. Heç kim sənə aşiq olmur ki;   sən o eşqi qazanırsan. Səadət, pul göydən tökülmür ki;  özün qazanırsan da. Ona görə də, insan özü ilə əlləşməlidir.

İndi oturub belə danışmağıma baxmayın. Mən bir az da introvertəm, yəni ətrafa qapalı adamam. Başqaları mənim üçün “cəhənnəm”dir.

– Bəs “cənnət”iniz haradır?

– Onu desəm, hamı tökülüşəcək ora. Ona görə də, demərəm axı.

Görüşdə məndən soruşdular ki: “Yaxşı yazmaq üçün nə etmək lazımdır?” Dedim: “Səmimi deyirəm, əvvəla, bilmirəm. İkinci, bilsəm də, demərəm. Deyim, siz də yaxşı yazasınız, xeyir ola?!” “Cənnət”in də harda olduğunu deməyəcəm.

– Deyirsiniz ki: “Elə arzularım var, onları özümə belə, deməyə çəkinirəm”.

– Qonşuda bir qadın var idi, mən ona “nənə” deyirdim. Həmişə bizim evin yanından gəlib-keçəndə çağırıb mənə konfet verirdi. Mən də yaz ayları mütləq ona nərgiz qoparıb verirdim. O, il boyu mənə konfet verirdi, mən ancaq mart ayında ilin bütün büdcəsini bağlayırdım. Pərvanə xanım, həmişə də ürəyimdən keçirdi ki, kaş, bütün aylar bizdə nərgiz olsun, mən də onu qonşu nənəyə verim. Həmin nənənin bir sözü var idi. O sözü balaca vaxtı eşitdim, amma ömürlük qulağımda qaldı. Deyərdi: “Hərdən ürəyim mənə elə şeylər deyir ki, qonşu desə, vurub öldürərəm”. Bəzən arzuları insanı elə bir məcraya yönəldir ki, insan nə istədiyini özünə belə, etiraf edə bilmir. Hamının içində hər cür duyğu var – yaxşı, pis, murdar, xəbis, iyrənc. Amma Allah  bizə ürəyi, ağlı ona görə verib ki, ayırd edək. Bizə seçim imkanı verib: yəni bu da var, bu da.  Özün seç, istifadə elə.

– Birini versəydi, qədrini bilməzdik.

– Əlbəttə! Həm də, maraqsız olardı da. Skandinaviyada – İsveçrə Norveçin sərhəddindəki Kruttvatnet gölünün üstündə Günəş heç vaxt gözünü yummur. Mənim o gölə yazığım gəlir. Nə vaxt yuxarı baxır, Günəş başı üstündədir. Bəlkə də, o, elə bilir ki, Günəş deyil, müşahidə kamerası-zaddır. Ordakı balıqlar da həmişə özünü narahat hiss edir.

– Onların da yerinə düşünürsünüz?

– Əlbəttə!

– Bəlkə öz duyğularınızı gölün dilindən deyirsiniz?

– Ola bilər. Gölün dilindən danışmaq, əlbəttə, çox gözəl olar. İnsan özünü hər cür hiss eləməlidir: ağac kimi, balıq kimi, quş kimi, göl kimi... Dünyada olan canlı-cansız nə varsa, hər biri kimi.  Əvvəllər rusların heyvanlara xitabən “kim” deməklərinə çox təəccüblənirdim. Amma bəlkə də, bütün canlılara elə demək lazımdır. Mən istəməzdim itə-qurda “kim” demək. Bilirsiz, niyə? Bilmirsiz? Ona görə ki, daşın, çiçəyin xətrinə dəyərdi. Yaxud da itə-qurda “kim” deyəcəyiksə, gəlin onda hamısına elə deyək. İtə “kim” deyib, gülə “nə” demək mənim xətrimə dəyir. Amma adam da var, ona “nə” demək lazımdır. Çünki o, nə itdir, nə güldür.

– Bu da reallaşmağı mümkünsüz olan bir istək, bir arzu kimi səslənə bilər. Həqiqətən də, bəzən elə adam olur ki, məcburən “kim” desək də, gözümüzə elə “nə” kimi görünür... Arzularda qalmışdıq. Özünüzə danışmaqdan çəkindiyiniz arzularınız həyatda daha çox çin olur, ya yuxuda?

– Mən oturub bunun statistikasını aparmamışam, düzü. Düşünürəm ki, insan nəyin bir parçasıdırsa, yuxuları da odur. Heç vaxt yuxuma dördçarxlı mühərrikin iş prinsipi girməyib. Amma dəfələrlə yuxumda ayrı-ayrı adamlar şeir oxuyublar. Dünyasını dəyişmiş klassiklərdən tutmuş, müasirlərə qədər, hətta jurnalistlərə qədər. Səhər də durmuşam,  yadımdadır, amma onları mən yazmamışam. Çünki mən yuxuya o qədər inanıram ki, elə bilmişəm, bu, elə Seyid Əzimin şeiridir, bu, elə filankəsin şeiridir. Daha adlarını çəkməyəcəm, kimlər yuxuma girib. Səhər soruşacaqlar, “başqa nə var, nə yox?” Bəzən də, heç ağlının ucundan keçməyən şeyləri görürsən yuxuda. Mənə elə gəlir, o yuxu deyir ki, sən təkcə göründüyün, ifadə eləməyə çalışdığın, yazdığın adam deyilsən. Sənin içində başqa bir adam da var. Yuxuda elə bir şey görürsən ki, sən onu heç vaxt arzulamazsan, heç vaxt eləməzsən. Deməli, o sənə ikinci “mən”ini göstərir. Deyir, sən həm də busan. Hərdən sənin içindəki şeytanı da göstərir sənə.

          Həyatda elə şeylər var ki, bəzən insan onlara nail olmadığına görə də, Allaha minnətdar olmalıdır.  Mən bir dəfə yazmışdım: “Elə adamlar var ki, səndən ayrılmaq istəyəndə, tez taksi çağır. Avtobus gecikə bilər. “Daşıma xidməti” çağır ki, qoy rədd olub getsin. Bir dəqiqə də yubanmasın”.

Yəni kimsə sizdən ayrılıb getmək istəyirsə, heç də təlaşa düşməyin, əsəbi olmayın,  özünüzü günahlandırmayın. Əksinə, dərhal “Daşıma xidməti”nə zəng eləyin. Çünki qalmaq istəyən adam bir bəhanə tapıb qalacaq, getmək istəyən də bir bəhanə tapıb gedəcək.

Bir zibilliyin içində ana milçək oturub, yanında da çoxlu balaları, nəvələri. İy də buranı götürüb. Yolun o üzündə isə çəmənlik, gül-çiçəkdir. Gül gülü, bülbül bülbülü çağırır. Ən balaca milçək soruşur ki:

– Nənə, ola bilər, sənin gözlərin tutulub, görmürsən. Biz niyə burda yaşayırıq? O üzə uçaq, orda hər tərəf gözəldir.

Nənə deyir:

– Mənim gözüm yaxşı görməsə də, o tərəfi görə bilirəm. Görürəm ki, ora güllü-çiçəkli çəmənlikdir. Amma gedə bilmərəm.

– Niyə?

– Çünki, bu xaraba Vətəndir.

İnsan insana Vətən kimi gələndə bəhanəsi olmur. Zibil də olsa, onun içində qalır. Yoxsa ki, getmək istəyirsə, o, Vətən deyil, onun həmişə getməyə yeri var.

– Qulu Ağsəs üçün Vətən haradır?

– Mən həmişə Vətən haqqında danışmaqdan, yazmaqdan çəkinmişəm, qorxmuşam. Çünki qələm adamının iki Vətəni var. Birinci Vətəni-ilk Vətəni ədəbiyyatdır, ikinci Vətəni də doğulduğu yerdir. Yəni ezam olunduğun yer. Mən doğulduğum yerə, planetə, qitəyə, materikə,  keçmiş SSRİ-yə, Zaqafqaziyaya, Azərbaycana, Qarabağa, Ağdama, Gülablıya ezamiyyət yeri kimi baxıram. Elə bilirəm, ora ezam olunmuşam, məhz burda doğulmalıymışam. Böyük mənada Vətən – ədəbiyyatdır. Ona görə, Vətən haqqında yazmaq olduqca çətindir. Bayaq da dedim, qələm adamının iki Vətəni olur. Və onlar da bir-birini dəhşət qısqanırlar. Birinə xoş söz desən, o biri səni qəbul etməyəcək. Mən Vətən haqqında ilk dəfə ötən il şeir yazdım. O şeirdə belə misralar var:

Səni necə qurmuşuq,

canım Vətən:

bir vətən daş altdan,

bir vətən daş üstdən!

Sonluğu da belədir ki:

Hərdən aramız dəyir

“niyə”sini indi deyirəm:

sən

vətənpərvər şeir istəyirsən,

mən

şeirpərvər vətən istəyirəm,

canım Vətən...   

– Deyirsiniz ki: “Kimsə mənə dəyər verəndə sevinməyə bilmirəm, ələxüsus da,  depressiyaya düşəndə”. Nədən depressiyaya düşürsünüz?

– “Ərzi-əsri-hal-namə”də xeyli qeydlərim var. Bölümün birinin adı “Depressiya qurbanları”dır. Mənə elə gəlir ki, repressiya onlarla şairin həyatına son qoyubsa, depressiya minlərlə qələm adamının həyatına son qoyub. Depressiya insanın düşə biləcəyi ən rahat yerdir. Çünki şad günlər, səadət, xoşbəxtlik insanı həmişə ayağına çağırır. Amma depressiya o qədər gözəldir ki, özü qollarını açıb sənin ayağına gəlir. Həmişə də deyir ki, tullan, tutacam. Həmişə də tullanırsan, tutub eləmir. Yenə aldanırsan... Depressiya çox əla bir şeydir. Hər an insan depressiyaya düşə bilər.

– Bəs necə çıxsın?

– Ordan çıxmaq bir az vaxt aparır, amma əlbəttə ki, insan o quyudan mütləq çıxmalıdır. Düşmək də insanın normal halıdır. Çox rahat düşə bilirsən – hansısa bir söz, hansısa yerində olmayan bir ifadə səni depressiyaya sala bilir. Məndə dəfələrlə olub. Deyirəm ki, mən heç nə eləməmişəm. Neyləmişəm ki, məsəl üçün? Heç nə. Nə qədər edirəm, mənim varlığımı sübut edən bir şəhadətnamə, bir yaş kağızı, bir “metirka” tapa bilmirəm ki, mən niyə varam. Bu da böyük depressiya yaradır.

– Bu dəfə depressiya çuxurundan bizi Seyran Səxavətin səsi çıxardı. Gəlişi də, söhbəti də, danışdığı əhvalat da bir başqa yazıya ilham verdiyi üçün indi burda qeyd etmirəm. Amma bizi depressiya sualının dərin quyusundan xilas etdiyi üçün ona təşəkkür edirəm.

Qulu müəllim, Yerlə Göyün birləşdiyi yeri hələ də gəzirsiniz, axtarırsınız?

– Əlbəttə, hələ də axtarıram. Elə şeylər var ki, ondan imtina edə bilmirsən heç vaxt. Məsələn,  uşaqlıq xəyalları. Bu xəyallar həmişə insanı təqib edir, yaxasından yapışır, böyüməyə qoymur. Onlardan biri də elə Yerlə Göyün axtarışıdır. Onların birləşdiyi yeri insan həmişə axtarır. Elə bilirsən ki, hardasa ona rast gələcəksən. Bəlkə də, insan həyatının mənası odur ki, sən böyüyəndən sonra da öz azuların sənə uşaq arzusu kimi gəlmir. Arzular müxtəlif ola bilər ey, amma elə arzu var ki, nə o böyüyür, nə də sən böyüyürsən. Səni həmişə uşaq saxlayır.

Ona görə də, mən o yeri tapsam da, heç getmərəm. Çünki, o, böyük bir epoxanın sonu demək olardı...

– Qulu Ağsəs üçün sevgi nədir?

– Görürsən, nə qədər vacib işim var əlimdə? –

 amma yenə səni sevirəm,

tənbələm də!

– Yerlə Göy sevgidə birləşə bilər?

– Məncə, dünyada ən gözəl aşiqlər elə Yer ilə Göydür.

– Heç birləşmədikləri üçün?

– Onlar bir-birlərini seyr eləməkdən, baxmaqdan doymurlar. Elə bil biri Leylidir, biri Məcnun.

– AYB-də “Ulduz” jurnalının redaksiyasına qədər qalxan pilləkənlərin sayını sayıb qurtara bilmisiniz?

– Yox. Sözün açığı, bir dəfə cəhd eləmək istədim, amma yarı yolda birdən yadıma düşdü ki, bu, bir metaforadır. Sən başqalarının elədiklərini eləmə. Bir neçə adam bunu sayıb mənə demişdi.

Bəli, bu, bir metaforadır. Mən poeziya haqqında “Şeirlə şeir kimi” adlı essemdə yazmışdım. Qurultayqabağı məruzəni mənə tapşırmışdılar.  Mən onu esse kimi bir metafora üzərində qurdum ki, hər bir yazıçı – ortabab, zəif, yaxşı, əla, istedadlı, istedadsız  –nəhayətsizliyə, sonsuzluğa qovuşmaq istəyir. İstəyir ki, ədəbiyyatın qapısına öz adını həkk eləsin. “Ulduz” jurnalına yox, əslində, bir ulduza can atır, özü ulduz olmaq istəyir. “Ulduz”un da adı bu mənada mənə kömək olmuşdu. O pilləkənləri ona görə saymamışam ki, bayaq soruşdunuz ha, “nə vaxt uçursunuz?”, mən onları uça-uça qalxırdım. Ona görə saya bilməmişəm.

– 2010-cu ilə qədərki Azərbaycan poeziyasını bir yuxu adlandırmısınız. Bəs 2010-cu ildən bu günümüzə qədərki poeziyaya nə ad verərdiniz?

– Məqalənin sonunda demişdim ki, iclaslar, məruzələr adamları yorur və bəzən adamlar yatırlar. Əgər mənim məruzəm də sizi yordusa, onda 2010-cu ilə qədərki ədəbiyyatı bir yuxu bilin.

Məruzəni oxudum və doğrudan da, adamlar maraqla dinlədilər, yatmadılar. Bəlkə, onlar yuxularında da belə məruzə görməmişdilər, çünki, bu, bir ədəbiyyat yazısı idi, qətiyyən məruzə deyildi. Bunu da etiraf edim ki, ümumiyyətlə, məruzə yaza bilmirəm, əlimdən də gəlmir. Mən öz bildiyim tərzdə ifadə eləmişdim. Mənim üçün yazıçı dediyin üslubdur. Hər kəsin öz üslubu olmalıdır. Bu yaxınlarda “Ədəbiyyat və incəsənət” portalında mənim bir yazım getmişdi. O yazını portalın direktoru Varis Yolçuyev belə təqdim eləmişdi: “Bu nə məqalədir, nə essedir, nə şeirdir, nə hekayədir, nə də tənqiddir. Bu nədirsə, Qulu Ağsəsşünaslığın bir nümunəsidir”. Onun təqdimatından, düzü, çox mütəəssir oldum. İnsan öz üslubunu yaratmalıdır, öz stili olmalıdır və o, mütləq seçilməlidir. Mən o adamları sevirəm, müğənnidirsə, dinləyirəm, yazıçıdırsa, oxuyuram. Tez bilirəm onun kim olduğunu, çox asan başa düşürəm. İmzası olmadan belə, bilirəm ki, bu, filankəsdir. Adam da var ki, bütün ömrü boyu yazır, yaxşı nümunələr də qoyur, amma öz üslubunu yarada bilmir.

– Aqil Abbasdan tez-tez küsürsünüz?

– Bir dəfə onun haqqında yazmışam altmış illiyində. Sonra yetmiş illiyində də həmin yazını verdim. Qeyd elədim ki, Aqil müəllimin 80 yaşı olsun, ondan sonra növbəti yazımı yazacam onun haqqında. Aqil Abbasdan küsmək olur?! İnciyirəm hərdən. Amma bu çox tez unudulur. Çünki, adam bir gün sonra heç nə olmamış kimi zəng vurar, heç dünən, srağagün baş verənləri xatırlamaz. Səmimi şəkildə edər bunu. Biri var ki, yalandan desin xatırlamır, biri də var, həqiqətən, xatırlamır.

– Siz tez-tez küsürsünüz ondan, ya o sizdən?

– Aqil Abbası balaca vaxtımdan tanıyıram, həmişə belə görmüşəm o adamı – dəlisov, vuran-tutan, axır sözünü əvvəl deyən. Elə indi də həmən Aqildir. Ona cansağlığı arzulayıram. İstəyirəm ki, Aqil müəllim heç vaxt ağrımasın. Həmişə necə yaşayıbsa, elə o cür də yaşasın. Mənə elə gəlir ki, onu sevdirən səbəblərdən biri də elə, yaşını hiss etməməsidir, həmişəki Aqil Abbas olmağıdır.

– Demisiniz ki: “Mənə gülməli gəlir adamların “Seçilmiş əsərlər”i dedikdə”. Seyran Səxavətin isə “Seçilməmiş əsərlər”i çıxıb. Seçilmişlə seçilməmişin arasındakı fərq nədir?

– Əvvəla, yazar özü seçilmiş olmalı və seçilmiş əsər yazmalıdır, ikincisi, yazdıqlarını da seçməlidir.

Seyran Səxavət də  “Seçilmiş əsərlər”ə ironiya eləyib, sadəcə. O da mən deyəni deyib, mən də o deyəni deyirəm. O demək istəyir ki, əgər çap elətdirirəmsə, deməli, seçmişəm. Sadəcə, adını özünəməxsus tərzdə qoyub. Necə ki, sizin müsahibəyə “can”la başladığı kimi. Bəzən də qanla başlayır o.  Hərdən müsahibələri “can”la başlayıb “qan”la qurtarır. Sizdə salamatlığıydı, deyəsən?

– Bəli. Müsahibənin “qəhrəmanı” dəli şeytan imkan vermədi ki, qanla bitsin.  Bizim müsahibəmiz kimi “can”la başlayıb, elə “can”la da bitirdik.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəSadiq Qarayevin “Çalası” adlı hekayəsi təqdim ediləcək.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

                                                                                       

Sadiq QARAYEV

“ÇALASI”

 

– Al bu ziri, get Elmira xalandan çalası al gətir, qatıq çalım.

– Ay nənə, axı öz qatığınızdan niyə saxlamırsınız çalası üçün?  Ya da, bizdə də qatıq var da, gedim anamdan alım, gətirim. Niyə hər dəfə məni obanın o başına çalası gətirməyə göndərirsən? Onların eşşək boyda itləri də var.

Nənəm üz-gözünü turşudub hirslə dedi:

– Sənə nə deyirəm, onu elə! Elmira xalanın qatığı yaxşı olur, ondan olan çalasıdan elə o dadda qatıq tutur.

Yenə naəlac qalıb, çadırların önündən keçərək obanın o başına, Elmira xalagilin çadırına tərəf deyinə-deyinə getməyə başladım. Hər çadırın önündə də bir, ya iki çoban iti, tərs-tərs adama elə baxıdılar ki, sanki gözlərindən “gəlib səni qaparam ha!” oxunurdu. Ona görə də, onların gözünün içinə baxmırdım, amma fikrim o tərəfdə olurdu ki, cumsalar, vaxtında bilim, gərməşov ağacını sağa-sola yellədib özümü qoruyum.

Gedəndə bu “it postlarından” sakitliklə keçə bildim, elə bil nənəm onlara tapşırmışdı ki, imkan verin, Elmiranın çalasısından gətirsin. Gözlədiyimin əksinə, Elmira xala məni gülə-gülə qarşıladı, ziri qatıqla doldurdu, hələ üstəlik, mənə isti lavaşda şor-kərə dürməyi də verdi.

Dürməyi yeyə-yeyə geri qayıdırdım. İtlər bu dəfə mənə başqa cür baxırdılar. Quyruqlarını bulayır, dilləri ilə  ağız-burunlarını yalayır, sanki “noolar, o isti çörəkdən bizə də ver” deyirdilər.

Elə bil bayaqkı itlər deyildilər. Mən də hər dəfə dürməyimdən bir diş qoparıb onlara atırdım. Nənəmgilin çadırının yanına çatanda dürmək qurtarmışdı, itlərlə birlikdə yemişdik.

Danışırlar ki, rəhmətlik babam da müharibədən əvvəl, aclıq vaxtlarında aldığı iki çörəyin birini evə gələ-gələ böyür-başına toplaşan itlərə atırmış. Onu da deyirlər ki, o vaxtlar çörəyin ətri də başqa cür idi, kəndin o başında təndir salıb çörək yapanda, bu başında qoxusu hiss edilirmiş. Bəlkə də, camaatın hissiyyatı güclü, diri imiş. Babam evə gələndə nənəm onu danlayarmış ki:

–A kişi, dörd yetimçən ac quş balası kimi ağzını açıb səni gözləyir, sən də çörəyi yolda itlərə verirsən. Sən nə cür adamsan?

Babam da gülərək deyirmiş:

–Mən itlərə desəydim ki, çörəyi uşaqlara aparıram, başa düşəcəkdilər?

Mübahisə böyüyəndə babamın hövsələsi daralar, nənəmə bir-ikisini çəkərmiş. Ancaq nə babam itlərə çörək verməyi yaddan çıxarar, nə də nənəm onu danlamaqdan yorularmış- “payını almağı” da yerində...

Babam itlərə çörəyi ac olduqları üçün verərdi, mən isə dürməyimdən “istədiklərinə” görə, həm də qorxudan onlara vermişdim.

– Ay nənən ölsün, elə dürməyini dişləyib itlərə verdin ki! Bayaqdan sənə baxırdım, – nənəm ziri əlimdən alıb gülə-gülə üzümə baxdı, soruşdu:– Elmira xalan sənə nə deyirdi, elə bil nəsə tapşırırdı?

– Nə bilim, ay nənə, o qədər qarma-qarışıq şey dedi ki, heç nə anlamadım. Elə bil sənin haqqında nəsə deyirdi, bir də Yaysəmən xalanın adını çəkirdi.

Elə bu vaxt Elmira xala özü də gəlib çıxdı, elə bil verdiyi çalasının dalınca gəlmişdi ki, görsün, necə qatıq tutacaq.

Nənəmlə başladılar söhbətə. Nəsə həyəcanla danışırdılar, arada da Yaysəmən arvadın adını çəkirdilər. Bəlkə də, Yaysəmən xala nənəmin “beynini çalırdı”, bilmədim, mənim isə fikrim “bozenin” yanında idi: “Görəsən, hardadır? Gedib tapım gətirim, bu gün quzuya getməmişəm, boş vaxtımdır, eşşəyi minib “saqqıza” gedim. Deyirlər, Sarı döşdə yaman saqqız var, o gün Həsən kişi bir parç “tutmuşdu””.

– Nə ağzını ayırıb tamaşa edirsən?! Gəl, get bir qurtqurt (su qabı) su gətir, –anam məni səslədi.

Bu dəfə də qurtqurtu götürüb deyinə-deyinə bulağa su gətirməyə getdim. Yolda dədəmin “çalış, bir işlə məşğul ol, yoxsa hərə sənə nəsə tapşıracaq, boş qatarı yükləyərlər” fikrinə haqq qazandırdım.

 

***

Bərk soyuq idi, adamın elə bil paltarından keçib dərisinə, oradan da ruhuna çökürdü.

“Görəsən, ruhlar üşüyür?” Ağlıma gələn bu fikir soyuqdan ruhun titrəməsindən, ya ağlın küləkləməsindən idi, bilmədim. Bir onu bilirdim ki, Bakı iqliminə görə insan yaşayışı üçün əlverişli məkan deyil. Burada külək və rütubət yayda adamı çirklifason tərlədir, cin kimi boğur, qışda isə soyuğu şiddətləndirir. Naxçıvanın, Kəlbəcərin soyuğu bundan çox olsa da, adamı belə üşütmür. Elə bil oralarda soyuq da dağlar kimi vüqarlıdır, adamla adam kimi müharibə edir. Bakıda isə külək hər cür hiylə edir, gah istini, gah da soyuğu yelləyir.

İşdən gəlirdim, yorulmuşdum, adəti üzrə, marketə girməliydim, uşaqlar hərəsi bir şey tapşırmışdı. Kiçik qızım isə bir şokolad şəkli atmışdı ki, “çox xoşum gəlir, bundan al”. Arxasınca da, müasir dövrdə uşaqlı-böyüklü hamının “hiylə” növlərindən olan ürək, nə bilim nə şəkilləri...

Bu cür “smayliklər”, sel kimi xəbərlər, sürətli hadisələr insanın süd kimi beynini dəyişir, elə bil qatıq çalır. Bəlkə də, elə insan buna görə getdikcə qocalır...

Yadıma düşdü ki, son vaxtlar sosial şəbəkələrdə Kəlbəcərdə qazın olmaması, hansısa təzə salınmış qəsəbədə yanğın çıxması və s. xəbərlər çoxalıb. Bu cür xəbərlər də hərəsi bir dadda olan, beyinlərdə fikirləri bərkitmək, dəyişmək, necə deyərlər, ictimai fikir yaratmaq, qarışdırmaq üçün çalasıdırlar.

Axı insan yaşayan yerdə qaz, işıq kəsilə bilər, yanğın da olar, qışda su da donar, burada qeyri-adi nə var ki? Bakıda, Gəncədə və s. iri şəhərlərdə də bu hadisələr baş verir, heç o qədər söz-söhbət olmur. Niyə məhz işğaldan azad edilmiş yerlərdə, təzədən məskunlaşmış şəhər və qəsəbələrdə belə hadisələr olanda ondan çalası xəbər kimi istifadə edirlər? Kimə, hansı “ağız dadına” bu cür qarışdırmalar lazımdır? Gül kimi “südümüzü” – qələbəmizi dəyişmək istəyirlər. Axı vaxt var idi, uzaq yox, 6 il əvvəl biz Haramı düzündə səngərdən ayağımızı o tərəfə qoya bilmirdik. İndi xəbərlərə, “iradlara” baxın ey: “Kəlbəcərdə qaz kəsilib, Ağdamda ev yanıb, Laçında evləri tikəndə yeyinti olub” və s. Çalası fikirlər…

Demək, Kəlbəcər alınıb, özü də bir nəfər itki vermədən alınıb, ora yol çəkilib, qaz çəkilib, ev tikilib, sakin köçüb ki, qaz verilməsində problem və şikayət hadisəsi olub da. 6 il əvvəl belə şeylər ola bilərdi?

“Çalası” sözü ümumilikdə xalqımızın dilində ara vurmaq, aranı qarışdırmaq anlamında işlənir. Çalasılar təkcə ölkədə deyil, dostlar arasında, kollektivlərdə, qohum-əqrəba içində, hətta insanın öz içində də vardır.

Həm də, çalası təşkilatlar, qurumlar, ölkələr, qüvvələr də var. Məsələn, “rəhmətlik” Minsk qrupu, Avropa Şurası və s.

“Çalası” sözünün daha dərin mənası isə az bir şeyin çox şeyi özünə bənzətməsidir. Elmira xalanın bir zir çalasısının nənəmin bir vedrə südünü öz dadında olan qatığa çevirdiyi kimi.

Çalasıda olan bakteriyalar, maddələr südün içində əlverişli mühit tapıb sürətlə çoxalır və onu öz quruluşunda, dadında olan mahiyyətə çevirir.

Deyəsən, indi dünyada kiçik, zəif, vətəndaşlarının çoxu “qatıqlaşma”ğa meyilli olan dövlətləri müharibə yolu ilə deyil, “çalası” ilə tuturlar, işğal edirlər, südünü dəyişirlər. Elə bil iri dövlətlər hərəsi əlində bir zir çalası girir “çadırlara”...

Cəmiyyətin, xalqın da fikir çoxluğunu, əqidə və inamını südə bənzətsək, çalasılarıyla dəyişmək, özlərinə bənzətmək istəyirlər. Bu elə, çalasının südü “işğal” etməyi kimi bir şeydir.

Marketin qapısının ağzında balaca, sarışın, saçı pırtlaşıq bir qız mənə yaxınlaşdı və qəribə, insanlığın, uşaqlığın ruhunun döyüşməsi səsinə bənzər səslə:

– Əmi, mənə makaronla yağ ala bilərsən? Evdə heç nə yoxdur, acıq, – dedi və sonra da ümidin öz-özünə inamsızlığına oxşar baxışla baxmağa başladı, dodaqları da çürüməkdə olan ət kimi göyərmişdi.

– Onları ala bilmərəm, buyur, sənə bir manat verim, –deyib ona pul verdim, marketə girdim.

Nə alacaqdım, yadımdan çıxdı, Pırtlaşıq qız (ona bu adı qoydum düşüncələrimdə) fikirlərimi qarışdırmışdı. Telefona baxdım, alınacaq şeyləri xatırlayıb, səbətə yığdım. Sonra beynimdə mələklə şeytan tutaşmağa başladı. Pırtlaşığın istəkləri, səs tonu, baxışları - çalası öz işini görmüşdü.

Şeytan səsini atıb başına, həyasızcasına dirənmişdi ki: “Pırtlaşıq dilənçidir, qaraçıdır, hamıdan istəyir, bir manat verdin, bəsdir. Sənin nəyin var ki verəsən?! Gör nə qədər burda varlı adamlar bazarlıq edir, onlar niyə vermir? Sən onlardan ağıllısan?” Şeytanın çığır-bağırından od-alov saçırdı. Rəsmən şölələnirdi, özünü yırtıb-tökürdü.

Mələk də abırlı, sakit səslə deyirdi ki: “Adamsan, özgə vədə xeyirxahlıqdan-zaddan danışırsan, səndən bir manat istədilər, ya yağla makaron? Manata makaron düşür? İndi 2026-cı ildir e... Manat çoxdan “rəhmətə” gedib...”

Yaxınlaşdım makaronlar düzülmüş rəfə… “Əşi, mən bunların hansını alım? Yüz cürədir, Pırtlaşıq hansını istəyər, nə bilim... Bir manat vermişəm də, kimsə də verər, gəlib istədiyini alar” – şeytan tərəfim özünü haqlı çıxarmaq istədi. Sonra bir az yumuşaldı: “Yaxşı, qara da olsa, ucuzdur, bundan birini alım”.

Nurlu bir formanın içindən istehzalı səs: “Evinə də ondan alırsan? Adam ol, yaxşısını al!” – dedi.

Ən yaxşı bildiyim bir makaron seçdim, səbətə qoydum, kiçik qızımın istədiyi şokoladın şəklini marketin işçisi olan cavan oğlana göstərdim. Gətirdi şokoladların yanına, tapdı. Dedim:

 – Biri neçəyədir?

O da getdi qiymətini öyrənməyə. Gözləmədim, ikisini götürdüm. Demə, bahalı şokolad imiş...

Marketdən çıxanda Pırtlaşığa yaxınlaşdım. Yeniyetmə bir qız onun sellofanına mərcimək qoyurdu, başını qaldırıb məni görəndə gülümsədi:

– Nə yaxşı, siz də almısınız?

Mən də gülümsədim.

Yox bu, qız deyildi, indi diqqət etdim, adama oxşamırdı, mələk idi, sarışın mələk. Pırtlaşıq da mələk idi, sınayıcı mələk.

Pırtlaşığa xitabən dedim:

– Orada şokolad da var, evə çatana kimi, hələlik bunu ye.

Hər iki sarışın mələklə sağollaşıb evə tərəf yollandım. Beynimdəki mələklə şeytan məmnun idi, sakitləşmiş, sıfırlanmışdılar. Elə bil yeni döyüşə enerji yığırdılar. Biri istədiyini almış, digəri isə yağ almağa qoymamışdı. Demək olar ki, hərəsi öz çalasılığını etmişdi.

ALLAHA dua edirdim ki, nə yaxşı, bu gün mənim qabağıma bu mələkləri çıxardı. Biri var, halal qazancından onlara nəsə alasan, daha doğrusu, sınanasan. Yoxsa ki, əlində “dürməyin” ola, ya qorxudan, ya da istədikləri üçün “itləri” yedirdəsən... Bir sözlə, itlə yemək yeyəsən...

 

***

Axşamçağı qayıtmışdım saqqızdan, xeylax[1]-yarı parç da saqqız “tutmuşdum”. Anam çadırda qabağıma qatıqla qalın qoymuşdu. Başım elə yeməyə qarışmışdı ki, bayırda nənəmlə Yaysəmən arvadın getdikcə qızışan “qılınc-qırğınına” fikir vermirdim. Qatığı nənəm vermişdi, günorta çörək yeməmişdim, ya nəydi bilmirəm, doğrudan da, çox dadlı idi. Elmira xalanın çalasısından yaranmış qatıq bayırdakı dava kimi yaman tutmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

 



[1] Xeyli

Murad Vəlixanov,

 "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi


Biz hamımız türk seriallarına baxıb böyümüşük. Orada ən sevilən səhnə hansıdır? Gəlinlə bəy nikah masasında oturur, məmur soruşur: "Siz evlənməyə razısınızmı?". Düz həmin saniyə qapı "reski" açılır, içəri saç-saqqalı bir-birinə qarışmış, yağışda islanmış cəsur bir oğlan girib qışqırır: "Durun! Bu nikah kıyılamaz!". Hamı şoka düşür, musiqi dramatikləşir, rejissor hər kəsin üzünə 10 saniyəlik "yaxın plan" baxışlar atır... Vəssalam, toy dayandı.

 

İndi gəlin bir anlıq təsəvvür edək: Eyni cəsarətli oğlan bizim 600 nəfərlik, toy yiyəsinin 10 min manat beh verdiyi yerli şadlıq sarayına daxil olur. Görəsən, o kino ssenarisi bizim toyda necə davam edər?

 

Birinci maneə: Tamada və mikrofon döyüşü

Bizim toyda qapını təpiklə açıb içəri girmək elə də asan deyil. Birincisi, o basabasda heç kim sənin dramatik gəlişinə fikir verməyəcək, çünki hamı kababın növbəsini gözləyir. Yaxşı, tutaq ki, oğlan birtəhər soxuldu içəri, qaçdı tamadaya tərəf və əlindən mikrofonu aldı.

Bizim tamadalar o mikrofonu ömür boyu heç kimə vermirlər – o, tamadanın namusudur, çörək ağacıdır! Mikrofonu alan kimi oğlan mikrofona qışqırır: "Bu toy olanmaz!".

Həmin saniyə toyda musiqi kəsilir, amma bu, kinodakı kimi dramatik kədərdən yox, musiqiçilərin "ə, bu kimdir, növbəsiz mikrofona danışır?" qəzəbindən baş verir.

 

İkinci mərhələ: Oğlan evinin qutusu və "buğlama" dayı

Bax, əsl şou bundan sonra başlayır. Kinoda hamı oğlana yazıq-yazıq baxır, gəlin ağlayır. Bizim toyda isə ilk reaksiya oğlan evinin qutusundan gəlir. Toy yiyəsi olan dayı, hansı ki, o toy üçün aylarla aşpazla dava eləyib, "buğlama"nın suyunun azlığına görə ofisiantı hədələyib və salona düz 10 min manat sayıb, yerindən durur.

 

Dayı serialdakı kimi "Sən kimsən mənim qızımın xoşbəxtliyini əlindən alırsan?" deməyəcək. Dayı instinktiv olaraq həmin oğlanı tutub oğlan evinin qutusunun içinə salıb elə bir günə qoyacaq ki, oğlan toyun kimin tərəfindən dayandırıldığını yox, özünün hansı rayondan olduğunu unudacaq. O dayı adamı o buğlamanın suyu ilə elə çimdirər ki, oğlan ömrünün sonuna qədər "toy" sözü eşidəndə diksinər.

 

Gəlinin rəfiqələri və yanar lampalar

Serialda gəlinin rəfiqələri qorxub kənara çəkilirlər. Bizim toydakı gəlin rəfiqələri isə fərqlidir. Onlar o qədər bəzənib, vizajistə o qədər pul veriblər ki, toyun sıradan bir eşq intriqasına görə pozulmasına icazə verməzlər. Həmin qızlar əllərindəki o qaynar lampaları və fişəngləri oğlanın elə bir yerinə salarlar ki, oğlan özünü nağıllardakı "od püskürən əjdaha" kimi hiss edər.

 

Son zərbə: Humanizmi kənara qoyan "xala" faktoru

Hər toyda dava düşəndə araya girən mifik bir xala olur. O xala həmişə hamını sakitləşdirir: "Ay Fazil, bibin ölsün, bibin qurban eləmə, əl saxla, toy günüdür...". Bu xala toydakı yeganə sülh mənbəyi kimi görünür.

Amma sən gəlib toyu tamamilə pozmaq, yəni verilən nəmərləri, gəlinin cehizini və 600 nəfərin yediyi aşın pulunu batırmaq istəyirsənsə, o sakit xala bir saniyənin içində bütün tolerantlığı, humanizmi, Avropa dəyərlərini qırağa qoyub, 12 santimetrlik dikdaban ayaqqabısı ilə oğlana elə bir "bedro" atar ki, oğlanı salondan xərəklə çıxararlar.

 

Və yekun olaraq

Əziz türk serialı qəhrəmanları! Əgər Bakıda, Sumqayıtda və ya hər hansı bir rayonumuzda toy dayandırmaq fikrinə düşsəniz, bir daha düşünün. Bizim toylar romantikaya yox, ciddi maliyyə dövriyyəsinə və qohum nüfuzuna əsaslanır. Burada "Bu nikah kıyılamaz" yox, maximum "Ə, musiqiçi, ordan bir dənə 'Reyhan' çal, görək nə olur" keçərlidir.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ken Kesey (Kenneth Elton Kesey) — ABŞ ədəbiyyatının XX əsrin ikinci yarısında ən çox iz qoymuş yazıçılarından, esseistlərindən və mədəniyyət xadimlərindən biridir. O, xüsusilə “One Flew Over the Cuckoo’s Nest” (“Ququ yuvası üzərindən uçuş”) romanı ilə dünya şöhrəti qazanıb. Kesey yaradıcılığında azadlıq, fərdiyyət, hakimiyyət, cəmiyyətin insan üzərində nəzarəti və insan psixologiyası kimi mövzular mühüm yer tutur.

 

Ken Kesey 17 sentyabr 1935-ci ildə ABŞ-ın Kolorado ştatının La Junta şəhərində anadan olub. Ailəsi daha sonra Oreqon ştatına köçüb və Kesey uşaqlığını əsasən burada keçirib. Gəncliyində idmana böyük maraq göstərib. Oreqon Universitetində təhsil alıb və burada jurnalistika və kommunikasiya sahəsində oxuyub. Universitet illərində yazıçılığa marağı güclənib.

Kesey sonralar Stanford Universitetində yazıçılıq üzrə təhsil alıb. Məhz Stanfordda olduğu dövrdə onun yaradıcılıq dünyası ciddi şəkildə formalaşmağa başlayıb. Keseyin ən məşhur əsəri “One Flew Over the Cuckoo’s Nest” romanıdır. Əsər 1962-ci ildə nəşr olunub. Roman psixiatriya xəstəxanasında baş verən hadisələrdən bəhs edir. Əsas qəhrəman Randle Patrick McMurphy adlı üsyankar və azad ruhlu insandır.

McMurphy xəstəxanaya düşdükdən sonra müəssisədəki sərt qaydalara və xəstələr üzərində hakimiyyət quran Böyük Tibb Bacısı Ratchedə qarşı çıxmağa başlayıb. Əsərdə xəstəxana yalnız tibbi müəssisə kimi təqdim edilmir. O, müəyyən mənada cəmiyyətin insanı itaətə məcbur edən sisteminin simvoluna çevrilib. Əsər qısa müddətdə böyük şöhrət qazandı və Amerika ədəbiyyatında mühüm əsərlərdən birinə çevrilib.

 

Romanın əsas mövzuları:

azadlıq və itaət;

fərd və sistem;

insan ləyaqəti;

hakimiyyət və nəzarət;

psixi xəstəlik anlayışı;

cəmiyyətin “normal” hesab etdiyi davranışlar;

üsyan və müqavimət.

 

Keseyin ikinci mühüm romanı “Sometimes a Great Notion” 1964-cü ildə nəşr olunub. Əsər Oreqonda yaşayan sərt və müstəqil Stamper ailəsi haqqında böyük həcmli romandır. Burada ailə, əmək, təbiət, sənaye, fərdiyyət və insanın öz prinsiplərindən əl çəkməməsi kimi mövzular araşdırılıb. Bu roman “One Flew Over the Cuckoo’s Nest” qədər məşhurlaşmasa da, Keseyin yazıçı kimi imkanlarını daha geniş göstərən əsərlərdən hesab olunur.

1960-cı illərdə Ken Kesey yalnız yazıçı kimi deyil, həm də Amerika kontrmədəniyyətinin tanınmış simalarından biri kimi ortaya çıxıb. O dövrdə ABŞ-da gənclər arasında ənənəvi sosial normalara, müharibəyə və mövcud həyat tərzinə qarşı etirazlar güclənirdi. Kesey də bu mədəni atmosferin mühüm iştirakçılarından idi. Onun ətrafında “Merry Pranksters” adlı bir qrup formalaşıb.

Qrup rəngarəng avtobusla ABŞ ərazisində səyahətlər edir, musiqi, işıq effektləri və müxtəlif performanslarla qeyri-ənənəvi tədbirlər təşkil edirdi. Bu səyahətlər və tədbirlər sonradan 1960-cı illərin Amerika kontrmədəniyyətinin simvollarından birinə çevrilib. Keseyin həmin dövrdəki fəaliyyətləri onu Beat Generation və sonrakı hippi mədəniyyəti arasında mühüm keçid fiqurlarından birinə çevirib.

 

Əsas əsərləri arasında:

- “One Flew Over the Cuckoo’s Nest” — 1962

- “Sometimes a Great Notion” — 1964

- “Kesey’s Garage Sale” — 1973

- “Demon Box” — 1986

- “Caverns” — 1989

- “Sailor Song” — 1992

- “Last Go Round” — 1994

 

Ədəbi üslubu

Keseyin üslubunda klassik roman strukturu ilə yanaşı, psixoloji və eksperimental elementlər də nəzərə çarpır.

 

Onun əsərlərində tez-tez:

simvolizm,

şüur axını,

qeyri-adi obrazlar,

ironik yanaşma,

qara yumor,

psixoloji gərginlik

ictimai tənqid

müşahidə olunur.

 

 Kesey insanın daxili dünyası ilə cəmiyyətin ona tətbiq etdiyi qaydalar arasındakı ziddiyyətləri göstərməyi sevirdi. Ken Kesey 10 noyabr 2001-ci ildə Oreqon ştatının Eugene şəhərində, 66 yaşında vəfat edib. Ölümünə qaraciyər xərçəngi səbəb olub. O, arxasında yalnız iki məşhur roman qoymadı. Eyni zamanda Amerika ədəbiyyatı, 1960-cı illərin kontrmədəniyyəti və psixodelik mədəniyyət tarixində güclü iz buraxdı.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

Cümə axşamı, 17 Sentyabr 2026 16:33

Vestern janrının məşhuru

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

James Jeffrey Griffith (Ceyms Cefri Qriffit) 13 fevral 1916-cı ildə Kaliforniyanın Los-Anceles şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə maraq göstərib, xüsusilə musiqi və teatra həvəsli olub. O, gənclik illərində həm musiqiçi, həm də aktyor kimi fəaliyyət göstərib. İlk vaxtlar radio və səhnə tamaşalarında çıxış edib, sonradan isə kino dünyasına qədəm qoyub.

 

Karyerasının başlanğıcı

1940-cı illərin ortalarından etibarən Hollivud filmlərində görünməyə başlayıb. Onun kəskin üz cizgiləri, arıq və hündür boyu, sərt baxışları çox vaxt onu mənfi obrazlara, qanun pozanlara və ya sərt xarakterli qəhrəmanlara uyğunlaşdırıb. Bu səbəbdən Griffith tezliklə “western” janrında məşhurlaşıb.

 

Əsas işləri və rolları

Kinoda

James Griffith-in ekran fəaliyyəti çox zəngindir – o, 100-dən çox film və televiziya serialında rol alıb. Onun ən tanınmış işləri:

House of Wax (1953) – klassik qorxu filmində rol alıb.

Masterson of Kansas (1954) – western janrında tanınmış obrazlardan birini canlandırıb.

Lust for Gold (1949) – burada köməkçi rollardan birində çıxış edib.

Adventures of Superman (1950-ci illər) – müxtəlif epizodlarda fərqli rollarda görünürdü.

 

Televiziyada

The Lone Ranger – məşhur televiziya serialında dəfələrlə rol alıb.

The Life and Legend of Wyatt Earp – burada da qərb mövzulu rollarla çıxış edib.

Bat Masterson – televiziyada onu məşhur edən işlərdən biri olub. Onun ekran karyerası westernlərdən kənara da çıxıb. Griffith dram, macəra və kriminal janrda da fərqli rollar oynayıb.

 

Ssenarist və rejissor fəaliyyəti

James Griffith yalnız aktyor olmayıb, o həm də bir neçə layihənin ssenarisini yazıb, bəzilərində isə rejissorluq edib. O, kino sənətində daha çox “kölgədə qalan, amma yadda qalan aktyor” kimi tanınıb.

 

Şəxsi həyatı və ölümü

James Griffith şəxsi həyatını çox gizli saxlayan insan olub. Onun ailəsi və şəxsi münasibətləri barədə çox az məlumat var. O, 17 sentyabr 1993-cü ildə 77 yaşında Kaliforniyanın Monterey Park şəhərində vəfat edib.

 

İrsi və xatirəsi

James Griffith Hollivudun “ikinci plan aktyorları” arasında çox sevilən simalardan biri olub. Onun xarakterik görkəmi və peşəkar oyun tərzi western filmlərinin tipik üslubunu tamamlayan əsas elementlərdən biri hesab olunur. Bugün də o, klassik Amerika televiziya və kino tarixində “tanış sima” kimi xatırlanır.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

Cümə axşamı, 17 Sentyabr 2026 13:08

Tamamilə qəbuledilməz reaksiya

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist qüvvələri tərəfindən verilən reaksiya tamamilə qəbuledilməzdir.

 

 Azadə Novruzova

şair, publisist, Prezident mükafatçısı,

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü,

Qarakilsə rayonu Şəki kənd İcmasının sədri.

 

“Ədəbiyyat və incəsənət”

 

 

Bu fakt bir daha aydın şəkildə sübut edir ki, Ermənistan rəhbərliyi və cəmiyyəti sülh prosesində qeyri-səmimidir.

 

Qarabağ Azərbaycanın suveren və ayrılmaz ərazisidir. Beynəlxalq diplomatların bu ərazilərə səfəri Ermənistanın işğal dövründə Azərbaycanın tarixi və mədəni abidələrini məqsədyönlü şəkildə necə məhv etdiyini bir daha yerindəcə təsdiqlədi. Erməni cəmiyyətində Azərbaycan torpaqlarında əsrlər boyu mövcud olmuş Qafqaz Albaniyasının irsinin inkar edilməsi açıq-aşkar irqçilik və etnobioloji dözümsüzlük təzahürüdür. Qafqaz Albaniyasının bu torpaqlardakı tarixi meyar və varlığı dunya tarix elminə yaxşı məlum olan, şübhə doğurmayan bir həqiqətdir.

Səfərlə bağlı Ermənistan mediasında və sosial şəbəkələrdə geniş vüsət alan qarayaxma kampaniyasının təhlili göstərir ki, bu təxribatın arxasında birbaşa Ermənistanın rəsmi hakimiyyəti dayanır. Paylaşılan məqalələr və dezinformasiya xarakterli materiallar məhz hakim partiyaya yaxın media resursları vasitəsilə dövriyyəyə buraxılıb.

Bununla yanaşı, Ermənistanın Qərbi Azərbaycanda xalqımızın minilliklər ərzində yaraddığı zəngin mədəni irsi – tarixi abidələri, məscidləri, yaşayış məntəqələrini və qəbiristanlıqları sistemli şəkildə dağıdıb yerlə-yeksan etməsi inkaredilməz faktdır. Bu vandallıq aktları beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulması deməkdir. Regionun tarixi-mədəni mənzərəsini saxtalaşdırmaq və yenidən yazmaq cəhdi Ermənistanın destruktiv siyasətinin tərkib hissəsidir.

Dediklərimi konkret faktlarla əsaslandıraraq, anadan olduğum Qərbi Zəngəzurun Qarakilsə rayonunun Şəki kəndindəki qəbiristanlıqda babam Səfərov İbadulla Beydulla oğlunun və Seyid MirAğanın dəfn mərasimlərində çəkilmiş tarixi fotoları təqdim edirəm. Həmin qəbiristanlıq hazırda Ermənistan tərəfindən tamamilə yer üzündən silinmişdir.

Əgər Ermənistan tərəfi əksini iddia edirsə, buyursun, bunu təkzib edən tutarlı fakt təqdim etsin. Məndə həmin qəbiristanlığın 1988-ci ilə – soydaşlarımızın deportasiyasına qədər mövcudluğunu sübut edən digər təkzibedilməz dəlillər və arxiv sənədləri də mövcuddur.

1-ci şəkil Seyid MirAğanın dəfn mərasimi, Qarakilsə rayonu, Şəki kənd qəbirstanlığı.

 

2-ci şəkil Səfərov İbadulla Beydulla oğlunun dəfn mərasimi, Qarakilsə rayonu, Şəki kənd qəbirstanlığı.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

 

 

 

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

Hər dəfə "Bir şair, bir şeir" rubrikasını təqdim edərkən ilk özüm şeirin içindəki gizli dünyaya köçürəm və qayıdıb şeiri Sizə təqdim edirəm. Əminəm ki, mənim kimi poeziya ilə nəfəs alanlar da şeirin hər misrasındakı şairin nəfəsini duyacaqlar.

Bu dəfə qonağımız dəyərli, xanım Adilə Nəzərdir.

Şairin: "Hər payızın qoynunda gizlənibdir bir bahar" misrası hər bitişdə başlanğıcın olmasının, kədərin qoynunda ümidin qorunmasının poetik dillə təzahürüdür.

Gəlin, birlikdə şeiri oxuyaq.

 

 

ADİLƏ NƏZƏR,

“QOVAQ ALTINDA”

 

Bir qovaq ağacının dizinə çökdüm bu gün,

Söykəndim gövdəsində qərinənin izinə.

Yarpaqlar töküldükcə çözüldü min bir düyün,

Ruhum qulaq kəsildi təbiətin sözünə.

 

Cırcırama oxudu yəqin ki, son nəğməni,

Bu nə yayın nəşəsi, nə payızın yasıdır.

Dağlardan bir meh əsdi sükut bürüdü məni,

Bu an fani ömrün yox, sonsuzluğun hissidir.

 

Şekspir yarpağı tək budaqlar soyunsa da,

Rilkenin dediyi o şəfqətli əllər də var.

Mövsümlər dəyişsə də, ömür sonlu olsa da,

Hər payızın qoynunda gizlənibdir bir bahar.

 

Rumi deyən o toydu, o müqəddəs gecədir,

Ölüm — ulduz tək batıb, sonra yenə doğulmaq.

Qovaq pıçıldayır ki: Bu köç, bu yol necədir?

Torpağın nəfəsində mümkündürmü yox olmaq?!

 

Sərin külək gətirir ölümsüzlük müjdəsin,

Nə bu təbiət fani, nə ruhumuz kimsəsiz.

Eşidirəm qəlbimin dərindəki səsini —

Ölümdən sonra həyat əbədidir, şübhəsiz.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

Cümə axşamı, 17 Sentyabr 2026 10:27

“Maraqlı söhbətlər”də Edisonun sehirli qapısı

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir gün bir elmi-kütləvi jurnalın redaktoru məşhur alim və ixtiraçı Tomas Edisondan müsahibə almaq üçün yanına bir jurnalist göndərir. Edisonun evinə gələn jurnalist qarşısında böyük bir hasar görür. Qapıya yaxınlaşıb içəri girməyə çalışır. Lakin buna nail ola bilməyir. Qapı arxadan bağlı olmasa da, o qədər möhkəm idi ki, jurnalist onu heç cür aça bilmir və qapını açmaq üçün xeyli çalışır. Nəhayət, təxminən on beş dəqiqə davam edən cəhddən sonra o qapını bir qədər aralıyaraq, birtəhər içəri keçə bilir. İçəri keçəndən sonra qapı onun arxasınca bərk çırpılaraq bağlanır.

Jurnalist Edisonla uzun söhbət planlaşdırmışdı, lakin qapını açmaq onu o qədər yormuşdu ki, o, böyük ixtiraçıya yalnız bir neçə əsas sual verə bilir. Sağollaşıb gedərkən müsahibəyə görə Edisona təşəkkür edir. Getməzdən əvvəl ona son bir sual verir:

- Mənə deyin, cənab Edison, siz bu qədər istedadlı ixtiraçısınız, niyə qapının konstruksiyasını təkmilləşdirə bilmirsiniz? Onu açmaq çox çətindir!

Edisonsa cavabında deyir:

- Bilirsiniz... Uzun-uzadı söhbətlərlə diqqətimi işdən yayındıranlardan heç xoşum gəlmir. Bu qapı qonaqlarıma niyə gəldiklərini tez xatırlamağa mənə kömək edir. Təkmilləşdirməyə gəlincə, düzünü desəm, mən qurduğum bu mexanizm ilə fəxr edirəm. Qapını açan hər kəs mənim çənimə əlli qallon su vurur.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Az tanınmışlar” rubrikasında bu dəfə söhbətimiz teaqtr barədə olacaq. Azərbaycan SSR əməkdar incəsənət xadimi Məbud İsmayılzadə barədə danıçacağıq. Teatrımıza qatıqısı az olmayıb. Bu səbəbdən də xatırlanması vacibdir. Xüsusən bugünkü anım günündə.

 

Məbud İsmayılzadə1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib. İlk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib.\

 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub.

1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz İsmayılzadə olub.

Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanıb. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb. 1973-cü ildən 1981-ci ilə qədər Lənkəranda Dövlət Dram Teatrın direktor və baş rejissor vəzifələrində çalışıb.

 İsmayılzadənin Lənkəran Dövlət Dram Teatrına rəhbərliyi dövründə kollektiv bir çox uğurlara imza atıb, respublikanın qabaqcıl teatrlarından birinə çevrilib. Lənkəran Dövlət Dram Teatrındakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edilib. Uzun illər buranın həm bədii rəhbəri və həm də rejissoru kimi bir-birindən uğurlu işlərə imza atıb.

Gördüyü bu uğurlu işlərə görə M. İsmayılzadə dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif edilib, 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. 2004-cü il sentyabrın 17-də Bakı şəhərində vəfat edib.

 

Qurluş verdiyi tamaşalar

1. Lənkəran Dövlət Dram Teatrı

- "Bayramın birinci günü" (Nazim Hikmət)

- "Komediyalar"

- "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev)

- "Abidə" (Hüseyn Nəcəfov)

- "Əliqulu evlənir"(Sabit Rəhman)

Şuşa Dövlət Musiqili Dram Teatrı

- "Bayramın birinci günü" (Nazim Hikmət)

 

Mükafatları

- Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub

 

Filmoqrafiya

- Xalq istedadları

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

24 -dən səhifə 3116

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.