Nərgiz Mustafayeva, Gəncə şəhəri. “Ədəbiyyat və incəsənət”
Od Çərşənbəsi Novruz bayramının ikinci Çərşənbəsidir. Xalq təqvimində Od Çərşənbəsi - Günəşin torpağı və insanın daxili aləmini isitməyə başladığı andır. Əcdadlarımızın inancına görə, məhz bu çərşənbədə Günəşin ilk hərarəti torpağın bağrına hopur və “ölü” təbiət daxildən qaynamağa başlayır.
Od çərşənbəsinə bəzi bölgələrimizdə “Üzgü” deyilir. Bu söz qışın “üzülməsi”, yəni gücünün tükənməsi mənasını daşıyır. Araşdırmalar göstərir ki, Od çərşənbəsi qədim türklərin Günəş kultu ilə birbaşa bağlıdır. Bizim üçün Od sadəcə bir fiziki ünsür deyil, ocağın, ailənin və bütövlüyün simvoludur. “Ocağın yanar olsun” alqışı məhz bu çərşənbənin fəlsəfəsindən doğub. Bu gün qalanan hər bir kiçik tonqal, əslində səmada doğan Günəşin yerdəki kiçik bir modelidir.
Od çərşənbəsinin süfrəsi öz energetikası və rəng çalarları ilə fərqlənir. Belə ki, süfrənin əsas bəzəyi zəfəranla dəmlənmiş plovdur. Plovun sarı rəngi və dumanı çıxan istisi Günəşin hərarətini təmsil edir. Bu çərşənbədə bişirilən şorqoğalı öz forması və rəngi ilə birbaşa Günəşin təsviridir. Üstünə səpilən xaşxaş və ya küncüt isə kainatın ulduzlarını simvolizə edir. “Ocaq isti olsun” deyə, bu gün süfrəyə mütləq dumanı üstündə olan, kalorili xörəklər (paxlalı plov, kəllə-paça və ya kətə) qoyulur.
Od çərşənbəsində hər evdə üzərlik yandırılar. Üzərliyin tüstüsünü evin dörd küncünə gəzdirirlər ki, qışdan qalan bədnəzər və mənfi enerji ocağın istisində yox olub getsin.
Bu Çərşənbənin rituallarından biri də səməni isladılmasıdır. Od Çərşənbəsinin Günəşin torpağı isitdiyi gün hesab edildiyi üçün səməninin bu gün isladılması “həyatın daxildən gələn isti ilə oyanması” mənasını verir. Buğda isladılan qaba ilk suyu ailənin ən yaşlısı və ya ən uğurlu sayılan üzvü tökərdi. Bu zaman “Səməni, saxla məni, ildə cücərdərəm səni” deyimi ilə yanaşı, hər bir ailə üzvü üçün bir ovuc buğda götürülüb niyyət edilərdi. İnanılırdı ki, səməni Od çərşənbəsində isladılsa, o il ailənin ocağı heç vaxt sönməz, süfrəsi həmişə ruzi ilə dolar. Səməni qabının ətrafına adətən qırmızı lent bağlanır. Bu qırmızı rəng məhz Odun və Od çərşənbəsinin rəmzidir. Qırmızı rəng həm də enerjini, qoruyuculuğu və həyat eşqini təmsil edir.
Od Çərşənbəsində axşam ailə üzvlərinin sayı qədər şam yandırılır. Bu, hər bir fərdin ömrünün “işıqlı və hərarətli” olması üçün edilir. Bu adətlə bizə xatırladır ki, hər bir canlının daxilində sönməz bir ocaq var. Təbiət Günəşlə isindiyi kimi, biz də ailə ocağımızın başında birləşərək mənəvi hərarətimizi artırırıq.
Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət”
(03.03.2026)


