İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Fərman Kərimzadə 1937-ci il martın 3-də hazırda Ermənistan adlanan Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alıb, orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olub. Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləyib.
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü, "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri olub. Şüvəlan yaradıcılıq evinin direktoru işləyib
F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir. Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat edib.
Kitabları
- Sonuncu eksponat
- Ömrümüz-günümüz
- Qarlı aşırım
- Xudafərin körpüsü
- Çaldıran döyüşü
- Təbriz namusu
- Qoca qartalın ölümü
Filmoqrafiya
- Arvadım mənim, uşaqlarım mənim
- Axırıncı aşırım
- Bizim küçənin oğlanları
- Camışçılıq
- Çətirimiz buludlardır
- Daş dözür
- Dərviş Parisi partladır
- Dörd bazar günü
- Mükafat, yoxsa…
- Oxuyur Şövkət Ələkbərova
- Şah və xidmətçi
- Tütək səsi
- Yağışlı havalarda
Fərman Kərimzadə "Qarlı aşırım" romanını yazanda cəmi 27 yaşı var idi. Bu əsər o zaman hissə-hissə "Ulduz" jurnalında çap olundu. 1971-ci ildə isə kitab halında oxucuları ilə görüşdü. Və roman qısa zaman ərzində ittifaq məkanında böyük rezonans yaratdı. "Qarlı aşırım" romanına qədər yazıçının bir neçə əsəri çap olunmuşdu. Həmin əsərlərin hər biri gənc yazıçıya böyük uğur və oxucu məhəbbəti gətirmişdi.
Təsadüfi deyildir ki, Fərman Kərimzadə 30 yaşında artıq SSRİ Yazıçılar İttifaqının üzvü idi... "Qarlı aşırım"a qədər Azərbaycan ədəbiyyatında kollektiv təsərrüfatdan bəhs edən, o cümlədən sinfi mübarizəni əks etdirən onlarla əsər çap olunmuşdu. Məsələn, "Yoxuşlar" (Əbülhəsən Ələkbərzadə), "Saçlı" (Süleyman Rəhimov), "Tərlan" (Mehdi Hüseyn), "Qəhrəman" (Əli Vəliyev)...
Bu romanların hər biri otuzuncu illər kollektiv təsərrüfat uğrunda gedən mübarizələri əks etdirirdi və nə qədər maraqlı, sənətkarlıq baxımından gözəl romanlar olsa da, hər halda, dövrün ədəbi ştamplarından xali deyildilər. Ancaq "Qarlı aşırım" romanı bu əsərlərdən fərqli olaraq, yalnız dövrün ictimai - siyasi, sosial və mədəni həyatını özündə əks etdirmədi. Bu roman özündən əvvəlkilərdən fərqli olaraq, Azərbaycan oxucusunun qəlbinə, ruhuna yenməyi bacardı.
Jurnalist Məcid Rəşadətoğlu yazır ki, Fərman Kərimzadə sinfi mübarizənin fonunda insanların daxili dünyasını, onların mənəvi keyfiyyətlərini bütün gerçəkliyi ilə tanıda bildi. O, "Qarlı aşırım"la xalqın üzünə bir güzgü tutdu; xalq bu güzgüdə özünü gördü, özünü tanıdı; sevincinə, qəminə, ağrı-acılarına yaxından bələd oldu. Yazıçı bu əsərlə mövcud quruluşa boyun əyməyənlərin daxili aləminə baş vurdu, onların mübariz ruhu ilə oxucunu tanış etdi.
Kərbəlayi İsmayılın monoloqunda həqiqəti olduğu kimi, qorxmadan, çəkinmədən güc sahiblərinin üzünə söylədi: "Mənə dəyən kimə dəysəydi, indiyə qədər on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını da götürərlər, nə olar, elə bilərəm əl çirkidi. Bəs hörmətə sözün nədir? Kişiliyə sözün nədir? Axı, birdən-birə hər şeyi adamın əlindən almazlar..."
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.03.2026)


