İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Elə yazıçılar var ki, bütün ömürləri boyu ancaq bir mövzuya müraciət edirlər. Manaf Süleymanovun da qələminə ən çox yatan mövzu fəhlə həyatı, qurub-yaradan əmək adamlarının ömür-günü olub. Bu mövzu qocaman yazıçının bütün yaradıcılığının əriş-arğacını, mayasını təşkil edirdi” - belə yazıbdır Professor Bayram Tahirbəyov.
Manaf Süleymanlı 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Etnik tatdır. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirib, sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını alıb.
Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent, institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub. Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış edib, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirib.
Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y. A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilib.
Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918–1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirib. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışaraq, qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplayıb.
Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim edib. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılmışdır. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.
Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.
Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur. Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilib.
Əsərləri
1. Yerin sirri
2. Fırtına
3. Dalğalar qoynunda
4. Zirvələrdə
5. Eşitdiklərim, oxuduqlarım, gördüklərim
6. Neft milyonçusu (sənədli roman)
7. Şagirdlik illərim
8. Son bahara çatdıq
Tərcümələri
- Ana heykəli
- Ernest Heminquey, Qoca və dəniz
Təltifləri
1. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı
2. "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı
3. Hacı Zeynalabdin Tağıyev adına xatirə medalı
Şübhəsiz, onun barəsində ən dəyərli fikirləri Flora Xəlilzadə söyləyib:
Zəngin yaradıcılığı və bütün əsərlərinə çəkdiyi gərgin zəhməti ilə bərabər bu gün Manaf Süleymanovun adı çəkiləndə istər-istəməz dərhal yadımıza «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» adlı kitabı düşür. Sağlığında iki dəfə nəşr edilmiş bu kitab oxucular arasında böyük əks-səda doğurdu. Uzun illər bilmədiyimiz, əslində bizdən gizlədilən elə həqiqətlər, məlumatlar, hadisələr var idi ki, biz onu ilk dəfə məhz bu kitabda oxuduq. «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...»
1984-cü ildə «Azərbaycan» jurnalında dərc edildi və ədəbi ictimaiyyətdə böyük rəğbət yaratdı. Əsərin maraqla qarşılanmasına səbəb birdən-birə bilmədiklərimizin üzə çıxması oldu. 1987-ci ildə isə kitab halında oxuculara çatdırıldı. Burada Bakının qədim keçmişindən, inqilab dövründə «neft səltənətində» baş verən hadisələrdən, paytaxtımızın qarışıq günlərindən, düçar olduğu bəlalardan, daşnakların şəhər sakinlərinin başına açdığı oyunlardan və s.-dən bəhs edilirdi.
Bir həqiqəti də deyək ki, Manaf Süleymanov bu kitabı ilə o vaxt ən çox oxunan, sevilən yazıçılardan birinə çevrildi. Təsəvvür edin ki, yeni nəşr 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. 1989-cu ildə görkəmli yazıçının şöhrət qazanmış «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» kitabı 70 min tirajla yenidən çap edildi. Müəllif əsər üzərində bir daha işləmişdi, redaktəyə, ixtisara məruz qalmış bir sıra məsələləri də ikinci nəşrə əlavə etmişdi.
Artıq bu kitabda biz ilk dəfə Bakı milyonçularının millətin tərəqqisi naminə gördüyü işlərdən, xeyirxah əməllərindən xəbər tutur, maarifpərvər ziyalılarımızı tanıyır, Stalinlə Məmməd Əmin Rəsulzadənin görüşlərindən bəhs edən epizodları oxuyur, bir sözlə, yazıçının eşitdiklərini, oxuduqlarını, gördüklərini xəyalımızda canlandıraraq saf-çürük edir, tariximizin qəsddən gizlədilmiş səhifələrindən, yalançı inqilabçıların xəyanətlərindən xəbərdar olurduq.
Bu kitabı Bakının keçmişinə səyahət də adlandırmaq olar. Paytaxtımızın tarixindən, coğrafi mövqeyindən, köhnə məhəllələrindən, qoynunda yaşayan insanların adət-ənənələrindən, yaşam tərzindən, dolanışığından, milyonçularından, qoçularından, ziyalılarından geniş söhbət açan müəllif neft sənayesinin inkişafı ilə bağlı müəyyən məqamları da oxucunun diqqətinə çatdırıb.
Bu sərvətdən bəhrələnən insanlar haqqında da oxuculara ətraflı və dəqiq məlumat verib. Kitabda maraqlı cəhətlərdən biri də 1918-ci ildə Bakıda baş verən qırğınlarla bağlıdır. Erməni milli şurasının üzvlərindən ibarət daşnakların bu şəhərin başına gətirdikləri müsibətlərin bir çox ağır səhnələrini də kitabda görmək mümkündür. Həmişə olduğu kimi, ermənilər məhz Novruz bayramı ərəfəsində Bakı sakinlərinə hücum etdilər.
Müəllif yazır:
"...Salyan kazarmalarından daşnak soldat və zabitləri şəhərin müsəlman məhəllələrini top və pulemyot atəşinə tutdular. Gözlənilmədən top güllələri başladı bizim daxmaların üstünə düşməyə; evlər yerlə-yeksan olur, neftlə bulanmış taxtalar alışır, adamlar fəryad qopara-qopara, arvadlı-uşaqlı dəli kimi qaçır, gizlənməyə yer axtarır, fəryad, nalə, şivən, ağlaşma səsləri göylərə ucalırdı. Ata-anasını itirmiş uşaqlar ağlaşırdılar.
Şəhərə tərəf gələn daşnak soldat və zabitləri bərkdən şərqi oxumağa başladılar:
Bir, iki, Qafqaz oldu bizimki,
Bir, iki, Bakı oldu bizimki,
Dənizdən dənizə.
Qara dəniz, Aralıq dənizi,
Üstəlik Kirit adası,
Şimal sərhədimiz Voronej şəhri,
Paytaxtımız Tiflis şəhəri.
Yaşa, çox yaşa Andronik paşa..."
Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.03.2026)


