Xanım Aydın, “Ədəbiyyat və incəsənət”
Bu gün – martın 3-ü dünyada Ümumdünya Yazıçılar Günü kimi qeyd olunur. Maraqlı və zəngin tarixə malik olan bu bayram 1921-ci ildən etibarən PEN International tərəfindən təsis edilib və qeyd olunmağa başlayıb. Təşkilatın adı ingiliscə “poets” (şairlər), “essayists” (oçerkçilər) və “novelists” (roman və novella müəllifləri) sözlərinin ilk hərflərindən yaranıb.
PEN klubun ilk beynəlxalq konqresi 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək təşkilatın 48-ci beynəlxalq konqresi baş tutub və məhz həmin tədbirdə martın 3-nün “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan olunması barədə qərar qəbul edilib. Həmin dövrdə artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi.
Bir sıra ölkələrdə bu tarix sadəcə “Yazıçı Günü” kimi qeyd olunur və daha çox fərqlənmiş ədiblərin təbrik edilməsi, onların yaradıcılığının dəyərləndirilməsi və mükafatlandırılması ilə yadda qalır. Lakin bayramın əsas mahiyyəti daha dərindir. Bu gün söz və fikir azadlığının, ədəbiyyatın və həqiqətin müdafiəsinə çağırışdır. Ümumdünya Yazıçılar Günü “dördüncü hakimiyyət” sayılan demokratik mətbuatın mənfi halları – yalan yazılar, məqsədli təhriflər, faktların saxtalaşdırılması və siyasi, qrup və ya şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına qarşı mövqenin ifadəsidir.
Qeyd edək ki, Beynəlxalq PEN qurumunun azərbaycanlı üzvləri də var, Nigar Həsənzadə və Varisi qeyd edə bilərik.
PEN Azərbaycan Mərkəzi də ölkəmizdə fəaliyyət göstərir. Təşkilat 2011-ci ildə yaradılıb və prezidenti postuna Xalq yazıçısı Çingiz Abdullayev seçilib. Dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və prinsipləri Azərbaycanda da əsas götürülür. Bununla yanaşı, qurumun mühüm vəzifələrindən biri Azərbaycan yazıçılarını beynəlxalq aləmdə tanıtmaq, onların əsərlərinin müxtəlif dillərə tərcüməsinə dəstək verməkdir.
Ümumdünya Yazıçılar Günü yalnız ədiblərin deyil, sözə və ədəbiyyata dəyər verən hər kəsin bayramıdır. Çünki yazıçı cəmiyyətin yaddaşı, vicdanı və düşünən beynidir. Sözün gücü ilə həqiqəti qorumaq və sülhə xidmət etmək isə bu gün də öz aktuallığını saxlayır.
“Ədəbiyyat və incəsənət”
(03.03.2026)


