Aynur İsmayılova, "Ədəbiyyat və İncəsənət"
Bəzən çox yorğun hiss edirəm. Bu fiziki yorğunluq deyil. Bədənimin heç bir zərrəsində narahatlıq duymuram. Amma ruhumun dərinliklərinə endikcə səssiz bir pıçıltı duyuram. Daha yaxşı eşidə bilmək üçün dərinlərə dalmağa cəhd edirəm… Nəfəsim daralmağa başlayır. Məni özünə çəkən bu səsə çata bilmirəm. Canım ağrımır, amma anlamadığım bir hiss bütün bədənimi haldan salır. Onun nə demək istədiyini az-çox duyuram, hər nə qədər daha dərinə getmək istəsə də. Adını qoymaq istəmədiyim bəzi şeyləri susaraq izləyirəm.
Bəzən içimdəki səs hayqırmaq, üsyan etmək istəyir, sonra isə baxıb səssizcə gülürəm və yenə də susuram. Çünki bəzi şeylər çox gülünc görünür.
İnsanları baxışlarından, hərəkətlərindən, sözlərindən kim olduqlarını hiss etməyi yaxşı bacarıram. Hisslərim məni insanın xarakterini tanımaqda heç vaxt yanıltmır. Bəzən bir söz, bir baxış hər şeyin göstəricisi olur. Saxta gülüşləri, yalançı sözləri, aşağılayan baxışları yaxşı tanıyıram. Əslində bunların arxasında sadəcə bir şey durur: savaş. İnsanlığın savaşı.
Hər kəs qalib olmaq istəyir. Bu qalibiyyət eyni növə sahib olan digər insan üzərində qazanılır. Nə yad bir vücuddur, nə də başqa bir canlı. Sadəcə insanlıq və insan savaşı var. Onlar bir evin sakinidir, amma pəncərələri başqa mənzərəyə açılır. Biri izləməyi seçərkən, digəri sahib olmağı arzulayır. Bax, fərq elə buradan başlayır. Biri əzilən, digəri əzən tərəf olur.
Bəzən düşünürəm: niyə hər kəs qalib gəlmək istəyir? Niyə başqasının zəifliyi, zəif görünüşü digərinin gücü hesab olunur? Həqiqətən yüksəlmək üçün bəzi insanları kiçiltmək, görməzdən gəlmək bir qalibiyyətdirmi?...
İnsanın insana qalib gəlməsi əslində hər iki tərəfin uduzması deməkdir. Çünki insan başqalarını əzməklə qalib olmur. İnsan anlamaqla, dəyər verməklə, həyata olduğu kimi baxmaqla qazanır. Yaşadığımız dünya bizə təqdim olunan bir həyatdır. Baxmalı olduğumuz yer də elə buradır — bir üst səviyyədəki insan deyil.
Əfsuslar olsun ki, biz hələ də bu anın sehrindən çıxa bilməmişik. İnsanlara etdikləri işə, vəzifəyə görə dəyər verildiyi bir zamanda yaşayırıq. Bu hər zaman belə idimi, bilmirəm. Ancaq indi elə olduğunu çox açıq görə bilirəm. Çünki onların gözlərinə baxanda sadəcə öz yalanlarına inanmış narsist bir mənlik görürəm.
Bu baxışlarda heç vaxt öz əksini tapa bilməzsən. Çünki o baxışlar güzgü deyil, sadəcə özlərini göstərmək üçün parıldayan şüşələrdir. Mən o baxışları tanıyanda sanki bir boşluğa baxdığımı düşünürəm. Deyilən sözlərin səsi eşidilməyəcək qədər öz eqolarının gurultusuna qərq olur.
Bilmək istəyirəm, görəsən bu sadəcə bizim yaşadığımız toplumun içindəki gerçəklikdir, yoxsa yerindən asılı olmayaraq hər kəs bir şey istəyir?
“Ədəbiyyat və incəsənət”
(04.03.2026)


