İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Mən bir çox tragik artistlər görmüşəm. Lakin sizdəki istedad və məharətin misli və bərabərini görməmişəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim." Rus rejissoru Levin bu kəlmələri Hüseyn Ərəblinski barədə söyləyibdir.
Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya gəlib. Atası pişkah Məmməd Xələf oğlu yelkənli gəmidə işləyib. Hüseyn Ərəblinski azyaşlı olarkən atası dəniz fırtınasında batıb. Ərəblinskinin həyatı hələ uşaq yaşlarından ehtiyac və maddi sıxıntılar içində keçib. Anası Pəri xanım oğlu Hüseyni və qızı Dürsədəfi böyük çətinliklə saxlamasına baxmayaraq, Hüseyni təhsil alması üçün mollaxanaya qoyub.
O, mollaxanada Molla Hadinin yanında təlim alıb. Hüseyn Ərəblinski 12–13 yaşınadək mollaxanada oxuyub, lakin sonra təhsil xərcini ödəyə bilmədiklərinə görə mollaxanadakı təhsilini yarımçıq qoymağa məcbur olub. Ərəblinski 14 yaşlarında ikən "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyovun yoxsul uşaqlarını məktəbə pulsuz götürdüyündən xəbər tutub oraya daxil olmaq üçün müraciət edib.
Həbib bəy Mahmudəbəyov Hüseyni məktəbə qəbul etməklə bərabər, onun maddi cəhətdən çox yoxsul olduğunu nəzərə alıb, kitab və başqa dərs ləvazimatı xərcini də öz üzərinə götürüb. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənib. O, məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilib, məhz o illərdə teatrla tanış olub. Bu, peşəkar teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları olub.
"Hüseyn Ərəblinski. Aktyorun həyat və fəaliyyətinə dair sənədlər məcmuəsi" adlı kitabda isə belə qeyd olunub ki, Hüseyn Ərəblinski səkkiz yaşında axund Molla Hadinin yanında altı il təhsil alıb, daha sonra Sultan Məcid Qənizadənin himayəsində olan üç şöbəli məktəbinə daxil olub. Oranı bitirdikdən sonra Mixaylovski məktəbinin üçüncü şöbəsinə qəbul olunub. Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub.
Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun Sərgüzəşti-vəziri-xani-Lənkəran əsərini tamaşaya qoymaq istəyib. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmayıblar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlib. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olub. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edib.
Müsəlman Artistləri Cəmiyyəti 1905-ci ildə Lənkərana qastrol səfərinə gedib. Bu, teatr tarixində ilk qastrol idi. Hüseyn Ərəblinskinin ilk müəllimlərindən biri olan Əbülfət Vəliyev truppanın rejissoru, Murad Muradov isə inzibatçısı olub. Əbülfət Vəliyev mahir aktyor və rejissor olub. O, sonralar Ərəblinskinin istedadına valeh olub rejissorluq və aktyorluq fəaliyyətində onun yolu ilə gedib. Əbülfət Vəliyevin başçılıq etdiyi truppa üzvlərinin əksəriyyəti həmişə arxa planda olan Hüseynin də bu qastrola getməsini təəccüblə qarşılayıblar.
Onlar Lənkəranda "Müsibəti-Fəxrəddin" və "Pulsuzluq" pyeslərini tamaşaya qoymalı idilər. Səfər zamanı "Müsibəti-Fəxrəddin" tamaşasını göstərən truppa gözlənilməz fakt qarşısında qalıb – tamaşaya bir-iki saat qalmış məlum olub ki, Ərəblinski bəzi xatirələrə görə, Rüstəm bəy, bəzi xatirələrə görə isə xəstə olan aktyoru əvəz edərək Fəxrəddin rolunu oynayıb. O gecənin şahidi olan teatr xadimləri sonralar öz xatirələrində yazırdılar ki, Hüseyn bu rolu son dərəcə uğurla oynayıb.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Hüseyn, beləliklə, indiyə qədər onun haqqında olan fikirləri də alt-üst edib. Tezliklə teatr ictimaiyyətində aktyor kimi tanınan Hüseyn Ərəblinski "Nicat" teatr cəmiyyətinə baş rejissor və aktyor kimi dəvət alıb. Yalnız sənət yenilikləri ilə kifayətlənməyən Hüseyn teatr mühitində bir sıra dəyişikliklər edib. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edib və aktyorlara məvacib müəyyənləşdirib. Repertuardan isə mövhumatı təbliğ edən əsərləri çıxarıb.
Rus dramaturgiyasının ən gözəl nümunələri — L. Tolstoy, Turgenev, Qoqol və s. — Azərbaycan səhnəsində tamaşaya qoyulmağa başlanılıb, rus səhnəsinin sənətkarları ilə sıx yaradıcılıq əlaqəsi yaradılıb. Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayıb. Təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə olub.
Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edib. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olublar. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehrli üzük" adlandırdığı bu üzük illərlə girov qalıb. Azərbaycanın ilk peşəkar aktyoru, peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də, maddi çətinlikləri yetərincə olub.
Onu nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də, bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər. Xüsusən də, qadın rolunu oynamaq üçün bığını qırxdırandan sonra Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşib. Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də odur ki, o, dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə olaraq, Azərbaycan səhnəsinə gətirib.
O, Qoqolun "Revizor" ("Müfəttiş") komediyasını tamaşaya qoymuş, həmçinin Şillerin "Qaçaqlar" əsərinin quruluşunu verməklə bərabər, Frans Moorun rolunu müvəffəqiyyətlə ifa edib. Müasirlərin dediklərinə əsasən, rus aktyorları və xüsusən Bakıdakı rus teatrının rejissoru Valentinov Azərbaycan səhnəsində "Qaçaqlar"a tamaşa etdikdən sonra Frans rolunu rus səhnəsində də ifa etməyi Ərəblinskiyə təklif ediblər.
Bakıya qastrola gəlmiş rus teatrı Lanskoyun "Qəzavat" pyesini tamaşaya qoyub. Pyesin qəhrəmanı Əhməd bəy Şamxalın rolunu rus tragiki Şorşteyn ifa edib. Ərəblinski bu pyesə tamaşa etdikdən sonra onu Azərbaycan dilinə tərcümə etməyi Əbdürrəhim bəy Haqverdiyevdən xahiş edib. "Qəzavat" pyesi ilk dəfə 1908-ci ildə Ərəblinskinin benefisinə olaraq oynayıb. Bu haqda "Kaspi" qəzeti yazırdı:
"Oktyabrın 28-də "Nicat" Cəmiyyəti truppasının rejissoru Hüseyn Ərəblinskinin nəfinə tamaşa oldu. Bu, professional müsəlman artistinin ik benefisi idi. Teatr tamaşaçılarla dolu idi. "Qəzavat" pyesi tamaşaya qoylumuşdu. Pyesin qəhrəmanı Əhməd bəy Şamxalın rolunu Ərəblinski ifa edirdi"
Ərəblinski ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb. Xatırladaq ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol üzərində düz üç il çalışıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat verilib. O cümlədən, rus rejissoru Levini Ərəblinskinin Otellosu barədə bu fikirdə olub:
"Mən bir çox tragik artistlər görmüşəm. Lakin sizdəki istedad və məharətin misli və bərabərini görməmişəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim."
Ərəblinski tarixi surətlərin yaradılmasında da mühüm rol oynayıb. Baxmetvin "1812-ci il" adlı pyesində Napoleon surəti və Volterin "Sultan Osman" pyesində Sultan Osmanın surəti Azərbaycanda birinci olaraq Ərəblinski tərəfindən yaradılıb. Hüseyn Ərəblinski həm Azərbaycan realist səhnə sənətinin, həm də Azərbaycan kino incəsənətinin banisidir.
Hüseyn Ərəblinskinin ən uğurlu işləri sırasında olan rolları aşağıdakılardır: Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd bəy Şamxal, Qoqolun "Müəffətiş"ində Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərində Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans, Şekspirin "Otello"sunda Otello.
1949-cu ildə Cəfər Cəfərov aktyorun qətlinin 30 illiyi münasibətilə "Hüseyn qız" kitabçasını nəşr et de. Əsər 1950, 1959, 1961-ci illərdə təkrarən nəşr olunub. Ərəblinski haqqında bəzi tədqiqat əsərləri və bir neçə bədii əsər yazılıb. Ərəblinksi Azərbaycan dramaturgiyasının təbliğatçısı idi. O, "Bəxtsiz cavan", "Müsibəti Fəxrəddin", "Ağa Məhəmməd şah Qacar", "Nadir şah", "Bahadır və Sona" və "Ölülər"i ifa edib.
"Zakavkazye" qəzetində çap edilən bir resenziyada deyilir:
"Ərəblinskinin ifasında Nadir şah ən xırda şeylərdə belə parlaq və gözəl idi. Əvvəlcə qaçaq dəstəsi başçısı, sonra sərkərdə, son pərdədə isə ölülərin kölgəsi tərəfindən təqib olunan Nadirin ekspansiv xarakterinin öz yüksək adının səviyyəsində duran aktyor heyranedici bir sənətkarlıqla aça bilirdi."
Aktyor 4 mart 1919-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.03.2026)


