İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Başlığa boşuna “Cabbar, Xan, Bülbül... – Bəs Məmmədtağı necə olsun?” kəlmələrini çıxarmamışam ki. Klassik musiqimizdən danışanda əsla Məmmədtağı Bağırov yada düşmür. Bəlkə də o səbəbdən ki, o, opera müğənnisi olub.
Halbuki düşməlidir. Ən azı, bugünkü anım günündə onu xatırlamalıyıq.
Məmmədtağı Bağırov 5 avqust 1890-cı ildə Bakıda anadan olub. İki il mollaxana təhsili alıb, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxuyub. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxıb, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynayıb
Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış edib.
Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib. Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürüb.
Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib. 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib. Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılıb.
Məmmədtağı Bağırov 1934-cü ildə Qlierin "Şahsənəm" operasında Şahvələdin partiyasını ifa edib, sonra Müslüm Maqomayevin "Nərgiz" operasında Ağalarbəyin obrazını yaradıb, 1937-ci ildə isə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xan rolunda çıxış edib.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatı ongünlüyündə M. T. Bağırov müvəffəqiyyətlə çıxış edib, ongünlükdən sonra o, Rossininin "Sevilya bərbəri" operasında Don Bazilionun, "Arşın mal alan" operettasında Sultan bəyin partiyalarını və başqa partiyaları ifa edib.
Əsas partiyaları: Həsən xan ("Koroğlu", Üzeryir Hacıbəyov), Aslan şah, Ağalar bəy ("Şah İsmayıl", "Nərgiz", Müslüm Maqomayev), Şahvələd ("Aşıq Qərib", Zülfüqar Hacıbəyov), Əbdüləli bəy ("Sevil" Fikrət Əmirov), Bartolo ("Sevilya bərbəri", Coakkino Rossini).
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Müğınni 16 aprel 1961-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.04.2026)


