İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Teatr tariximizə yazılan bir ad da var: Rafiq Əliyev. O, Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın əməkdar artisti, 2007-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görüldü. Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatını aldı, "Humay" ictimai milli mükafatını qazandı. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə də layiq görüldü.
2019-cu ildə 70 illiyi təntənə ilə qeyd edildi. Amma 71-i yaşamaq ona qismət olmadı. 16 aprel 2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etdi. Bu gün onun anım günüdür...
Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə gedib, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub.
1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağırılıb və 3 il hərbi xidmət edib. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olunub, 1970-ci ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.
Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. Bunlardan "Bumbaraş"da Bumbaraş, "Üç muşketyor"da Aramis, "Təmas"da Andrey, "Müsyö Jordan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratino"da Karabas-Barabas, "Buraxılış gecəsi"ndən Gena, "Müfəttiş"də Dobçinski, "Keçən ilin son gecəsi"ndə Süleyman, "Quyu"da Akif və başqa obrazları qeyd etmək olar.
Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilib. Teatrda işləməklə yanaşı Rafiq Əliyev "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən çox bədii filmə çəkilib.
Onlardan "Babamızın babasının babası"nda reportyor, "Ötən ilin son gecəsi"ində Süleyman, "Üzeyir ömrü"ndə Əli Terequlov, "Qəm pəncərəsi"ndə general-qubernator, "Ələqə" filmində astrofizik və psixiator, "Lətifə" filmində komsomol rəhbəri, "Cansıxıcı əhvalat"da ortancıl qardaş, "Ailə dairəsi"ndə Qarif, "Nə gözəldir bu dünya"da Ramiz, "Otel otağı" filmində ingilis professoru Luis obrazları xüsusi ilə fərqlənir.
Rafiq Əliyev televiziyada da gözəl obrazlar yaradıb. M. Ə. Rəsulzadə haqqında filmdə Stalin, "Cəza"da Kərim, "İlğım"da Kişi kimi obrazlar buna parlaq misaldır. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorkimi fəaliyyət göstərib.
Həmin teatrın səhnəsində "Blez", "Qar qız və yeddi cırtdan", "Bir dəfə Braziliyada", Donaldın qeyri-adi sərgüzəştləri", "Nəsrəddin", Sarıköynək günəşi necə gətirdi", "Hind fantaziyası", "Şəhərli kürəkən", "Krokodil Genanın məzuniyyəti", "Arzuları gerçəkləşdirən", "Sirr", "Çimnaz xanım yuxudadır" əsərlərinə maraqlı quruluşlar verib və bu tamaşalar tamaşıçılar tərəfindən rəğbətə qarşılanıb.
Rafiq Əliyevin rejissor fəaliyyəti təkcə Gənc Tamaşıçalar Teatrı ilə bitmir. "İbrus" teatrında "Şirə bənzər", Akademik Milli Dram Teatrında "Hamlet", İstanbul Bələdiyyə Teatrında "Arslana bənzər", Qazax Dövlət Dram Teatrında "Alov" onun bir rejissor, kimi uğurla tamaşaya qoyduğu əsərlərindəndir.
Çoxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyev həmçinin bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi də çalışıb. Rejissor R. Fətəliyevin çəkdiyi "Həqiqət anı" filmində Əli Ömərov, "Qraf Krestovski" filmində həbsxana rəisi, "Hökmdarın taleyi"ndə Vanya yüzbaşı, Orxan Fikrətoğlunun çəkdiyi "Papaq" filmində Başçı, Mehriban Ələkbərzadənin "Ölümünə məhkum olmuşlar" filmində müstəniq görkəmli aktyorun son illərdə yaratdığı gözəl ekran obrazlarındandır.
Filmoqrafiya
1. Afroditanın qolları
2. Ailə
3. Araqarışdıran
4. Avqust gələndə
5. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film
6. Babamızın babasının babası
7. Bəyaz həyat.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.04.2026)


