Super User
Qlobal qarışıqlar dönəmində ümid yayan şəhər… – BAKI
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
(“…WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir” – Azərbaycan Prezidenti İlham Əliyev / https://president.az/az/articles/view/72502)
Kim şəhər qurursa, əslində, daha mədəni gələcək qurur. Kim şəhəri qoruyursa, o şəhərin sakinləri timsalında bütün ölkənin və daha üstünü – insanlığın yaddaşını qoruyur. Kim şəhəri yaşadırsa, sivilizasiyanın nəfəsini yaşadır. – Bəli, XXI yüzildə dövlətlərin gücü yalnız iqtisadi göstəricilərlə, hərbi imkanlarla və ya enerji resursları ilə ölçülmür. Dünyanın yeni siyasi və mədəni xəritəsində şəhərlər də artıq ayrıca geopolitik aktora çevrilməkdədir.
Məhz buna görə, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi sıradan beynəlxalq tədbir sayılmamalıdır. Bu Forum, əslində, Azərbaycanın çağdaş dünyaya təqdim etdiyi yeni inkişaf baxışının, yeni urban düşüncəsinin və yeni siyasi-mədəni məsuliyyət fəlsəfəsinin nümayişi idi.
Prezident İlham Əliyevin Forumun yekunları ilə bağlı paylaşımı bir neçə önəmli məqamı açıq şəkildə ortaya qoydu: Azərbaycan artıq qlobal təşəbbüslər verən ölkəyə çevrilib. COP29-dan sonra ölkəmizin WUF13 kimi ikinci nəhəng beynəlxalq tədbirə ev sahibliyi etməsi, dövlətin artan beynəlxalq nüfuzunun, təşkilati gücünün və siyasi güvən kapitalının göstəricisidir. COP29-dan öncələrdə olduğu kimi, WUF13-dən sonra da bənzəti tədbirlər olacaq, əlbət.
Budur, təxminən 60 min iştirakçının qatıldığı WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Bu artıq statistikanın ötəsi – Bakının dünya ideyalarının toplaşdığı məkana çevrilməsinin göstəricisidir. Dünən enerji təhlükəsizliyinin müzakirə olunduğu şəhər, bugün urban gələcəyin platformuna çevrilirsə, bu, coğrafiyanın – necə deyərlər, xoşməramla – taleyə çevrilməsi kimi də yorumlana bilər.
Ən diqqətçəkən məqamlardan biri isə Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti oldu. Bu, çox önəmli siyasi-detaldır. Çünki urbanistika memarların, mühəndislərin və texniki mütəxəssislərin qapalı sahəsi olmaqdan çıxıb; şəhərlərin taleyi artıq dövlət başçılarının, hökumətlərin və beynəlxalq qərarvericilərin strateji gündəliyinə çevrilib.
Bugün şəhər məsələsi iqlim təhlükəsizliyi, insan ləyaqəti, mədəni irsin qorunması, miqrasiya və sosial sabitlik, hətta geopolitik təhlükəsizlik məsələsidir.
Bax, buna görə, WUF13 çərçivəsində qəbul olunan “BAKI Fəaliyyətə Çağırış” sənədi və Sədrin Xülasəsi texniki sənədlər olmaqdan daha artıq – gələcəyin şəhərinin açıqlaması, duyurusu kimi dəyərləndirilə bilər.
Azərbaycan üçün bu Forumun ayrıca mənəvi və tarixi anlamı vardır.
Çünki Azərbaycan urbanizasiya haqqında nəzəri danışan ölkə kimi tanınmır – Azərbaycan dağıdılmış şəhərləri yenidən ayağa qaldıran ölkədir.
Urbisid… kultursid… ekosid… – Bax, bunlar bizim üçün abstrakt anlayışlar deyil. Qarabağ və Zəngəzurun gündoğarında 30 il boyunca şəhərlərin sistemli şəkildə dağıdılması, tarixi irsin silinməsi, təbiətin ağır zədə görməsi insanlığa qarşı yönəlmiş genişmiqyaslı vandalizm idi. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması, əlbəttə, təsadüfi deyildi.
Biz indi həmin torpaqlarda yalnız ev tikmirik; biz yeni həyat ritmi qurur, yeni şəhər fəlsəfəsi yaradır, savaşsonrası inkişaf modelini formalaşdırırıq.
Doqquz şəhərin və yüzlərlə kəndin sıfırdan yenidən qurulması milli layihə olmaqdan daha irəli çıxaraq, beynəlxalq miqyasda öyrənilən modelə çevrilməyi haqq edir. Forum iştirakçılarının, beynəlxalq ictimaiyyətin bu prosesi özəlliklə vurğulaması da bir göstəricidir.
Deyilənlərdən savayı, daha hansı önəmli məqamlar vardır?
Geniş anlamda desək, Azərbaycan dağıntının içindən yalnız daş-beton yox, məna da inşa edir.
Bəli, şəhər yaddaşdır, kimlikdir, nəfəsdir, insanın özünü aid hiss etdiyi mənəvi coğrafiyadır.
WUF13 çərçivəsində təmiz hava, dayanıqlı inkişaf, mədəni irsin qorunması, kiçik ada dövlətlərinin problemləri kimi mövzuların müzakirəsi də göstərdi ki, dünya yeni urban mərhələyə daxil olur. Bu mərhələdə şəhər həm də ekoloji vicdan, humanitar məsuliyyət və mədəni harmoniyanın daşıyıcısı olmalıdır.
Qlobal qarışıqların (qeyri-müəyyənliklərin) artdığı bir dönəmdə Bakının verdiyi yaxud Bakıdan verilən ismarıc isə apaydındır:
İnsanlıq yalnız birlikdə yaşaya bilər.
Şəhərlər yalnız birlikdə qurtula bilər.
Gələcək yalnız ortaq məsuliyyətlə qurula bilər.
Xəzərin qıyısındakı ən böyük şəhər (və yeganə paytaxt!) olan Bakı bu gün qlobal dialoq məkanı, şəhər diplomatiyasının yeni ünvanı, savaşsonrası dirçəliş modeli və gündoğarla günbatarın qovuşduğu sivilizasiya körpüsüdür.
Əgər bir paytaxt dünyanı özündə birləşdirə bilirsə, deməli o şəhər artıq xəritədəki nöqtə olmaqdan çıxıb zamanın döyünən ürəyinə çevrilib. – Vurğun necə deyirdi? –
“…Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim Ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.”
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Romantizmin ifrat xəyalpərəstliyini həyatın bəzəksiz təsvirləri ilə əvəzləyən realizm daha önəmli deyilmi?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gözəl bahar günündə Adilə Nəzər öz doğum gününü qeyd edir.
Çox maraqlı xanımdır Adilə Nəzər. Fikirləri, poeziyası, eləcə də həyat tərzi onun sonradan şair olduğundan deyil, əzəldən şair doğulduğundan xəbər verir. Yox, yox, onun poeziyasından danışmaq fikrində deyiləm. Bir kübar xanım kimi, ona xas olan müsbət xüsusiyyətləri sizinlə də bölüşmək istəyirəm. Daha doğrusu, yubileyinə söz ehtiyatımın ən gözəl rənglərindən istifdə edib portretini cızmağa səy göstərəcəyəm.
Dünyaya qəribə yanaşması var, söyləyir ki: “Bu dünyanı düşünəndə görürsən ki, o, içində lazımlı əşyalar olan bir ev kimidir. Göy dam kimi ucaldılıb, Yer sərgi kimi yayılıb, ulduzlar çıraq kimi öz yerlərində yerləşdirilib, təbii sərvətlər xəzinə kimi gizlədilib, qalan hər şey insanın istifadəsi üçün hazır vəziyyətə gətirilib.”
Düşüncə və intellektual fəaliyyətlərdə çox aktivdir. Onun fəlsəfəsi sadəcə intellektual maraqla məhdudlaşmır, ətrafdakı dünyanı dərk etməyə və hər zaman yeni biliklər qazanmağa yönəlib. Onun üçün hər bir təcrübə, hər bir insan və hər bir fikir öyrəniləsi bir nümunədir. O, həyatın müxtəlif tərəflərini təhlil edərək, öz dünyagörüşünü formalaşdırmağa çalışır. Tez-tez həyatın mənası, insan münasibətləri və sosial ədalət kimi mövzularda düşünür. Bu mövzular ətrafında dərin mülahizələr yürüdür. Onun üçün həyat fəlsəfəsi hər zaman dəyişkən və inkişafda olan bir prosesdir. Çünki o, hər yeni təcrübədən ibrət götürməyə və öyrəndiklərini həyatında tətbiq etməyə çalışır...
Deyir ki:- “Mənə görə, elmi yaradıcılıqla bədii yaradıcılığın arasında fərqdən çox, əlaqə var. Hər iki sahənin sirri ayrı-ayrı alimlərin, dühaların maraq dünyasına girib onların sirrini açmaqdan, onları kəşf etməkdən başlayır. Bu araşdırmalar inkişaf faktoruna çevrilir və insanın öz fikirləri meydana gəlir. Yəni o sirli dünyanın içinə girdikcə dünya içində dünya yaranır. Mən bəzi şeirlərimi elmi araşdırmalarımla eyni dövrdə yazmışam. Bütün elmlərin açarı fəlsəfədir. Dünyanı dərk etmədə, kainatın, varlığın, həqiqətin ölçüsünü aramadaykən, bir də görürsən, hardasa tarazlıq pozulur. Nizam yox ha, tarazlıq. Bax, o tarazlıq pozulanda insanın hissləri qabarır, hisslər duyğulara çevrilir, sözə dönür və beləcə şeir yaranır. İlham deyilən o pəri heç də göydən, bacadan, havadan şeir gətirmir, şeir insanın daxilində, ruhunda bəzən saatlarca, bəzən günlərcə çəkilən sancıdan doğan ilahi bir ehtiyac, ağılın təcrübəsindən, həyatın müşahidələrindən yaranan, təhtəlşüurda gizlənən düşüncələrin duyğuya, duyğunun sözə olan sədaqətidir. Ərəb əsilli şair Cəbran Xəlilin fikrinin söylədiyi kimi, alimliklə şairlik arasında incə bir xətt var, alim bir addım o xətti şair tərəfə keçəndə dahi olur, şair bir addım alim tərəfə keçəndə müdrik. Mən bu xəttin hər tərəfinə düşməyə çalışır, nə qədər nail oluramsa, onu oxucular deyə bilərlər...”
O, 1970-ci il may ayının 26-da Naxçıvan MR-in Şərur rayonundakı Şəhriyar kəndində dünyaya gəlib. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr dərəcələrinə yiyələnib. AMEA-nən Dilçilik İnstitutunda "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. Hal-hazırda Təhsil İnstitutunun elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. “Kitab Evi” İctimai Birliyinin sədridir. Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub. On kitab, o cümlədən, yeddi şeirlər, bir Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti, iki monoqrafiya, qırx elmi, iyirmi beş publisistik məqalənin müəllifidir...
Saf sevgidən doğulub. Saf sevgidən doğulan bütün insanlar kimi, Allah ondan da səxavətini əsirgəməyib. Çoxşaxəli və məzmunlu xanımdır. Hər hansı bir mövzuya maraq göstərdisə, bütün diqqətini ona verir. Bu da onun dərrakəsinin, eləcə də təfəkkürünün nə qədər dərin olduğunu göstərir...
“Fəlsəfədə iki cür bilik var: rasional bilik və irrasional bilik- oxuyub qazandıqların və oxumadan İlahidən verilənlər. Rasional biliyin olmayanda irrasional biliyi- İlahidən gələnləri sözə çevirib deyə bilmək çətin olur, bu hər adama qismət olmur. Bu alimliyin şairlikdə müsbət tərəfidir. Mənfi tərəfi isə budur ki, bəzən elə şeirlər yaranır ki, orada poetiklik ikinci plana keçir. Oxucu o şeiri tənqid də edə, “poeziya nümunəsi deyil” də deyə bilər. Hər şeir də poeziya nümunəsi olacaq deyə bir şey yoxdur. Məgər klassiklərimizin şüar etdiyimiz nəsihətamiz fikirləri bizə şeirlə gəlib çatmayıbmı?”- söyləyir...
Ünsiyyət qurmağı və məlumat mübadiləsi aparmağı xoşlayır. Söhbət etməyi və yeni insanlar tanımağı asanlıqla bacarır. Onun sosial çevrəsi çox genişdir və o, hər bir insandan öyrənəcək bir şey olduğunu düşünür. Onun üçün dialoq və müzakirə çox vacibdir, çünki bu onun düşüncə tərzini genişləndirir və dərinləşdirir...
Deyir ki:- “Romantizmin ifrat emosionallığını və xəyalpərəstliyini həyatın canlı, bəzəksiz təsvirləri ilə əvəzləyən realizm, ədəbi cərəyan kimi, Azərbaycan ədəbiyyatında da XIX əsrdən başlayaraq özünü göstərdi. Öz həyatiliyi ilə realizm əsasən bədii nəsri və dramaturgiyanı ağuşuna alsa da, onun forma və məzmun təzahürləri və inikas qanunları poeziyadan da yan keçmədi. Vaqif, Vidadi, Seyid Əzim Şirvani, Qasımbəy Zakir, Mirzə Ələkbər Sabir və başqaları XIX əsr və ondan əvvəlki dövr Azərbaycan poeziyasında bu janrın imkanlarından bəhrələnərək milli quruluşumuzun bir sıra mənfi xüsusiyyətlərini tənqid atəşinə tutdular.”
Zəka və düşüncə tərzi fərqlidir. Yüksək intellektual qabiliyyətə malikdir. Hadisələri məntiqli analiz edən və tez qərar verən insandır. Sürətli düşünmə qabiliyyəti ona həyatın müxtəlif sahələrində uğur qazanmağa şərait yaradır. O, öz problemlərini kreativ və gözlənilməz yollarla həll etməyi bacarır...
“Ortabab sağlamlığımızı daha da pozan, sonra dərmanını “axtaranlar” - “həkimlər” gündən-günə çoxalırlar. Ondan sonra biz vətəndaş yox, kimlərinsə “müştərisi” oluruq. Sağlamlığı pozulmuş, lakin mütləq dərhal ölməməli və heç vaxt sağalmamalı olan müştərilər. Axı, biz sağalsaq və ya ölsək dərmanları kim alacaq, faizlər necə gələcək?! Və sair və ilaxır...”- söyləyir.
Cəsarətli adamdır. Hər bir şəraitə uyğunlaşma qabiliyyəti çox yüksəkdir. O, sosial və ictimai dəyişiklikləri qəbul edə və yeni şəraitə tez öyrəşə bilir. Bu xüsusiyyəti ona həyatın sürətlə dəyişən tələbləri ilə ayaqlaşmağa və müxtəlif həyat şəraitlərində uğur qazanmağa imkan verir...
Bu qədər gözəl xüsusiyyətlərin arasında o qədər heyrətləndim ki, heç bilmirəm, söhbətim necə alındı. SÖZ politramı yığışdırıb qələm-fırçama sakitlik verirəm. Kənara yeriyib sizə qoşuluram. Görəsən, şair, alim Adilə Nəzərin portretini çəkə bildinmi?
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Aysel Nəsirzadənin imza günü böyük maraqla qarşılandı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Mayın 23-də VI Türk Dünyası Ədəbiyyat Festivalı çərçivəsində Aysel Nəsirzadənin “Gerisi nağıl” kitabının imza günü keçirildi.
Açıq səma altında təşkil olunan festival çərçivəsində baş tutan imza saatı oxucuların böyük marağına səbəb oldu. Tədbirə xeyli sayda oxucu qatıldı, kitablar imzalandı, oxucular müəlliflə xatirə şəkilləri çəkdirdilər.
Qeyd edək ki, “Gerisi nağıl” Aysel Nəsirzadənin sayca 5-ci kitabıdır. Müəllifin indiyədək nəşr olunan kitablarından dördü Azərbaycanda, biri isə Türkiyədə çap olunub. Yazıçı müasir Azərbaycan ədəbiyyatında özünəməxsus imzası ilə seçilir.
Tədbirdə yazarın dostları və həmkarları da iştirak edərək onu bu əlamətdar gündə tək qoymadılar.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
“İslamiyyə” mehmanxanası və ya Hacı Mustafa Rəsulovun yanan və yenidən yaradılan mülkü
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Bakı tarixi daimi keşməkeşlər, dəyişikliklər, inkişaflarla rəngarəngdir. O, həm də sirli şəhərdir. Onun sirri qədimliyi ilə müasirliyin arasında ilahi bir harmoniyanın olmasındadır. Yüzillər boyu bu şəhər tikilib, dağılıb, yenidən tikilib. Bu gün isə şəhərlər arasında öz yeri, öz sözü və öz xüsusi ab-havası olan Bakı yeni layihələr, konstruksiyalarla tikilən binaları ilə göz oxşasa da, köhnə, doğma evləri, mehmanxanaları, karvansara və hamamları ilə çox sevilir. Və bu şəhərdə elə simalar doğulub, yaşayıb-yaradıb, tikib-qurub ki, onların adı çox hallanmasa da, qoyduqları iz şəhərin daşlarında, küçələrində, köhnə binaların divarlarında yaşayır. Bu simalardan biri də Hacı Mustafa Rəsulovdur.
Kim idi Hacı Mustafa Rəsulov?
XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft bumu yaşayarkən, şəhər yalnız sənaye mərkəzinə deyil, həm də zəngin tacirlərin, milyonçuların şəhərinə çevrilmişdi. Hacı Mustafa Rəsulov da həmin dövrün varlı və nüfuzlu şəxslərindən biri idi. O, neft mədənlərinin sahibi olmaqla yanaşı, Xəzər dənizində üzən ticarət gəmiləri ilə tanınırdı. Bakı limanında onun adı daha çox gəmiçilik fəaliyyəti ilə hallanırdı – Rəsulov təkcə torpaqda deyil, suda da sərvət qazanmışdı.
Eyni zamanda, o, şəhər həyatında da fəal rol oynayırdı. Hacı Zeynalabdin Tağıyev kimi məşhur şəxsiyyətlərlə birlikdə ictimai təşəbbüslərdə iştirak etmiş, müxtəlif qurumlarda məsul vəzifələr daşımışdı. Cümhuriyyət dövründə Cəmiyyətin ilk iclasında səs çoxluğu ilə Hacı Zeynalabdin Tağıyev sədr, İsrafil Hacıyev müavin, Hacı Mustafa Rəsulov xəzinədar, Əhməd bəy Ağayev katib, İsmayıl bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədzadə isə İdarə Heyətinin üzvü seçilmişdilər. Bu, onun yalnız tacir deyil, həm də ictimai nüfuz sahibi olduğunu göstərir.
Rəsulovun fəaliyyəti bununla da bitmirdi. Şəhərdə karvansaralar, mehmanxanalar, ticarət obyektləri, bağlar və villalar ona məxsus idi. O dövr üçün bu qədər geniş sahibkarlıq şəbəkəsi qurmaq həm zənginlik, həm də ciddi təşkilatçılıq bacarığı tələb edirdi. Hətta köhnə məscidlərin bərpasına və abadlaşdırılmasına da vəsait ayırması onun xeyriyyəçilik ruhundan xəbər verir. 1892-ci ildə işə düşən konka yolunu da səhmdarlar şirkəti işlətmək üçün Hacı Mustafa Rəsulova icarəyə verir.
“İslamiyyə” mülkü – dövrünün iqtisadi və sosial həyatının mərkəzi
Rəsulovun adını yaşadan ən mühüm abidələrdən biri də onun sifarişi ilə tikilmiş məşhur bina – “İslamiyyə” karvansarasıdır (mahmanxana).
1884–1885-ci illərdə memarlar Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən inşa edilən bu bina o, dövrün iqtisadi və sosial həyatının mərkəzlərindən biri idi.
Birinci mərtəbədə sıralanan dükanlar və anbarlar şəhərin ticarət ritmini formalaşdırırdı. Yuxarı mərtəbədə yerləşən “İslamiyyə” mehmanxanası isə uzaqdan gələn tacirlərin, səyyahların dayanacaq nöqtəsi idi. 60 otaqlı bu mehmanxana Bakının o dövrdə necə beynəlxalq ticarət qovşağına çevrildiyini açıq şəkildə göstərirdi.
Binanın fasadlarının uzunluğu, yerləşdiyi küçələrə açılan genişliyi onun memarlıq baxımından da əzəmətli olduğunu sübut edir.
Yanğın, itki və susan divarlar
1918-ci ilin faciəli hadisələri – Mart soyqırımı – Bakının bir çox tarixi tikililəri kimi bu binanı da amansızcasına məhv etdi.
Alovlar “İslamiyyə”nin divarlarını udarkən, bina ilə yanaşı, bir dövrün xatirələri yanırdı. Bir zamanlar həyatla dolu olan otaqlar, səslərlə yaşayan dəhlizlər, ticarətin qaynadığı dükanlar – hamısı külə döndü. Geriyə isə yalnız tüstü izləri qalmış yarımdağılmış divarlar qaldı. Bu, maddi itkidən çox, Bakının yaddaşına vurulan ağır zərbə idi.

Yenidən doğuluş və bu gün
Sonrakı illərdə bina bərpa olundu, dəyişdi, zamanla yeni funksiyalar qazandı. 1930-cu illərdə burada pasaj yaradıldı, daha sonra musiqi məktəbi fəaliyyət göstərdi.
Bu gün isə bina yenə yaşayır – aşağı mərtəbəsində dükanlar, yuxarı mərtəbəsində isə müasir həyatın izlərini daşıyan məkanlar yerləşir. Amma diqqətlə baxanda, onun divarlarında hələ də keçmişin kölgəsini görmək mümkündür.
Müasir dünyanın keçmişdən qalan parçası
Hacı Mustafa Rəsulov haqqında məlumatlar azdır. Onun həyatı sanki tarix kitablarının kənarında qalıb. Amma insanların xatirəsində, daşın, divarın, küçənin yaddaşında qalıb, tikdirdiyi bina isə müasir dünyamızın bir parçası olaraq həyatını davam edir. Onun birinci mərtəbəsində ticarət obyektləri fəaliyyət göstərir. Tavanına çəkilmiş və Bakını əks etdirən zövqlü rəsmlər isə buradan keçənlərin gözünü oxşayır.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!”
“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
7-Cİ DƏRC
Hərbiçinin sədaqəti, ordudan çox vicdanına xidmət edir
Yeddinci hissə
Pəncərənin önünə yaxınlaşaraq ətrafı seyr etməyə başladım. Şəhərin ritmik axını, insanların tələskən addımları, harasa yetişmək istəyən maşınların düzülüşü – hamısı bir həyat hekayəsinin parçaları kimi görünürdü. Fikirlərim bu mənzərənin içində axıb gedirdi ki, qəfil qapının astaca döyüldüyünü eşitdim.
- Buyurun.
Qapı açıldı və içəri orta yaşlarında bir gənc oğlan daxil oldu.
Onun, xoş aurası diqqətimi çəkdi. Uzun boyu, geniş çiyinləri və tünd rəngli kostyumu ilə gecənin qaranlığından çıxmış sirli bir obrazı xatırladırdı.
Gözlərim üz cizgilərinə ilişib qaldı. O, sanki bir hekayə idi. Gözlərində danışılmamış sözlər vardı. Unudulmuş xatirələr, susqun qışqırıqlar, bəlkə də, çoxdan bitmiş bir sevdanın kölgəsi. İçəri addımlayarkən hərəkətləri ölçülü, inamlı və təmkinli idi. Salam verdi, mən isə ona oturması üçün işarə etdim.
- Salam, xoş gəlmisiniz. Buyurun, özünüzü təqdim edin.
O, susdu. Elə bil fikirlərini toplamaq üçün vaxt qazanmaq istəyirdi. Sonra başını dik tutaraq gözlərimin içinə baxaraq danışmağa başladı:
- Mən, Əli Camaloğlu. Açığını desəm, hələ də, burada olduğuma və sizinlə üz-üzə oturduğuma inana bilmirəm.
- Niyə ki? Burada qeyri-adi nə var?
O, dodaqlarının kənarına xəfif bir təbəssüm yaydı, lakin bu, sevinc dolu bir təbəssüm deyildi. Daha çox içində bir sirr daşıyan, bu sirri açmaq üçün tərəddüd edən bir insanın ifadəsi idi.
- Əslində, təbii ki, heç nə yoxdur, amma mənim pəncərəmdən baxsaq var. Bilirsiniz, mən çox danışan biri deyiləm. Kənardan sakit və təmkinli görünürəm, amma…
Cümləsini yarımçıq qoydu. “Amma” dedi və sanki içində nə isə qopdu. Ardını gətirmək istəmədi. Gözlərini bir anlıq endirdi, sonra yenidən baxışlarını mənə yönəltdi.
Onun üzü ifadəli və kəskin idi. Sanki bir heykəl kimi sərt cizgilərlə yonulmuşdu. Geniş alnı qırışmış, baxışları isə bir ovçunun hədəfə kilidlənmiş gözləri kimi dərin və ölçülüb-biçilmişdi. Üz dərisi mükəmməl deyildi – bəlkə də həyatın sərt zərbələrinin kiçik izlərini daşıyırdı. Lakin bu izlər onu daha da yaraşıqlı göstərirdi. Sükutla içində saxladığı bu hekayəni onun öz dilindən eşitmək üçün irəli əyilib soruşdum:
- Bəli, Əli bəy, amma nə?
O, içindəki divarları aşıb özünü toplamaq üçün, dərindən nəfəs aldı.
- Amma bu dəfə, bu stereotipləri yıxmaq üçün buradayam.
- Çox gözəl. – dedim maraqla. – O zaman sizi diqqətlə dinləyirəm…
- Səma boz buludlarla örtülmüşdü. Artıq neçə gündür ki, yağış yağırdı, amma döyüş meydanında su belə qanı yumağa yetmirdi. Şuşa şəhərinə yaxın ətraf ərazilərinin birində döyüşürdük. Mən, dostum Kamranla irəliləyirdim. Yer titrəyirdi, hər tərəfdə güllə səsləri eşidilirdi. Ancaq biz bir-birimizin yanından ayrılmırdıq. Birdən… Partlayış... Hər şey bir anda dəyişdi. Gözlərimin qarşısında Kamranın bədəni havaya qalxıb bir az kənara düşdü. Torpaq qana boyandı. Şok içində qaçıb onun yanına çökdüm:
- Kamran! Qardaş, döz!
Kamranın nəfəsi qısılmışdı. Gözləri yavaş-yavaş bulanırdı. Onun başını qucağıma aldım. Əllərim əsə-əsə yarasını sıxıb qanaxmanı dayandırmaq istədim, amma dayanmırdı.
- Əli… Mən gedirəm… – Kamranın səsi zəif və titrək idi.
- Yox! Sən getmirsən! Səni aparacağam, qurtaracağam! – desəm də göz yaşlarımı saxlaya bilmirdim.
Mənimlə Kamranın dostluğu, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə başladı. Hər ikimiz on üç yaşında, hələ uşaqlıq dövrünü geridə qoymamış, amma böyük arzuların yükünü çiyinlərimizdə daşıyırdıq.
İlk gündən yataqxanada çarpayılarımız yan-yana düşmüşdü. Bu, təsadüf kimi görünə bilərdi, amma zamanla anladıq ki, bu, taleyin bizim üçün qurduğu yolun başlanğıcı idi.
Kamran, sakit və düşüncəli bir uşaq idi. Mən isə daha şən və ünsiyyətcil idim. İlk vaxtlar mən Kamranın az danışmasını qəribə qarşılayırdım, amma bir gecə, hər kəs yatandan sonra, pıçıltı ilə başlayan bir söhbət, bizim dostluğumuzun təməlini qoydu.
Kamran atasından danışdı. Atası Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Döyüş yoldaşlarının dediyinə görə, son nəfəsində yalnız bir şey istəyib: “Oğluma deyin, böyüyəndə hərbçi olsun. Mənim yolumu davam etdirsin.”
Bu sözlər Kamran üçün yalnız bir vəsiyyət deyildi. Bu, onun həyatının məqsədi idi. Atasının arzusunu yerinə yetirmək üçün hər şeyə hazır idi. O, həm də evin tək oğlu idi. Anası üçün həm dayaq, həm də ümid idi. Liseydə oxuduğu vaxtlarda, aldığı təqaüdün ən son qəpiyinədək anasına göndərirdi. Mən bunu biləndə, Kamrana daha çox hörmət etməyə başladım.
İllər keçdi, biz birlikdə oxuduq, birlikdə böyüdük. Hər ikimiz zabit olduq, çiyin-çiyinə döyüşdük. Döyüş zamanı, çətin əməliyyatlardan birinə gedərkən Kamran gülümsəyərək mənə belə dedi:
“Xatırlayırsan, akademiyaya gələndə demişdim ki, mən tək deyiləm. Atam həmişə yanımdadır. Mən onun yolundayam.”
- Mən, Kamranın necə qürurla danışdığını görüb gülümsədim:
- İnşallah, bu savaş bitəndə, sən ananın yanına qayıdacaqsan, qardaş. Anan səni gözləyir, – demişdim. Amma tale bizim arzumuzu yarımçıq qoydu. Kamran döyüş meydanında minaya düşdü. Onu qucaqlayıb bağırırdım:
- Səbr elə, qardaş! Sən atanın arzusunu yerinə yetirdin! Sən qalib oldun!
Kamranın dodaqları titrədi, gülümsəməyə çalışdı.
- Qarabağ azaddır, Əli…? Biz qalib gəldik…?
Son nəfəs, son baxış.
Kamranın gözləri açıq qaldı, amma artıq içində həyat yox idi. Mən bir anlıq dünya ilə əlaqəmi itirdim. Qulaqlarımda ancaq Kamranın son sözləri səslənirdi. Onu bərk-bərk qucaqladım. Dostumun cansız bədənindən ayrıla bilmirdim. Ancaq artıq hər şey bitmişdi. Onun açıq qalmış gözlərinə baxır, bəlkə də hər an nəfəs alacağına ümid edirdim. Amma reallıq soyuq və amansız idi. Mən yerimdən tərpənə bilmirdim. Hələ də Kamranın başını dizlərimdə tutmuşdum.
- Komandir! Tərpənməyin! – yaxınlıqdakı döyüşçülərdən biri qışqırdı.
Ancaq gec idi. Birdən sağ ayağımın altından gələn qorxunc səs məni gerçəkliyə qaytardı. “Tıqq.” Partlayış oldu.
Sanki ürəyim dayandı. Güclü ağrı, bütün bədənimi bürüdü. Hər tərəfə qan sıçradı. O anda gözlərim qaraldı, səs-küylər uzaqlaşdı…. Mən minaya düşmüşdüm.
Ayılanda gözlərimi açmağa gücüm çatmırdı. Qulaqlarım uğuldayırdı. Yavaş-yavaş ətrafı dərk etməyə başladım. Kimsə adımı çəkirdi:
- Əli… Əli…
Bu səs… Kamran?
Dərhal gözlərimi açdım. Boz divarlar, dezinfeksiya qoxusu, ağrı içində olan əsgərlərin iniltisi… Mən hospitalda idim. Ayağıma baxmaq istədim, amma bacarmadım. Ağrı elə bil bütün bədənimə yayılmışdı. Tibb bacısı yanıma yaxınlaşdı:
- Oyandınız? Ağrınız çoxdur?
- Mən… Ayağım?.. – səsim güclə çıxırdı.
- Narahat olmayın, amputasiya etməyə ehtiyac qalmadı, amma ciddi zədələnib. Uzun müddət müalicə lazımdır.
Mən başımı geri atdım, tavana baxdım. Ölməmişdim. Amma Kamran… Kamran yox idi…
Gecələr yata bilmir, hər dəfə gözlərimi yumanda Kamranı görürdüm. Elə bil o yanımdakı yataqda uzanıb mənimlə pıçıltı ilə danışırdı:
“Əli, biz qalib gəldik?”
“Biz qalib gəldik, Kamran… Amma sən yoxsan…”
O, elə həmin uşaq təbəssümü ilə gülümsəyirdi.
“Mən həmişə buradayam, qardaş. Sən tək deyilsən.”
Gözlərimi açdım. Palata qaranlıq idi. Tər içində idim. Ürəyim yerindən çıxacaq kimi döyünürdü. Kamran yanımda yox idi, amma onun səsi hələ də qulaqlarımda cingildəyirdi.
Gündüzlər də eyni şey təkrarlanırdı. Hər dəfə əsgərlərlə danışanda, kimsə adımı çəkəndə, elə bil Kamranın səsini eşidirdim. Hər addımımda onun sözləri qulaqlarımda səslənirdi:
“Biz qalib gəldik, Əli…?!”
Bütün bunlar mənim üçün bir cəza idi, yoxsa bir vəsiyyət? Bilmirdim… Müharibə bitdi, Qarabağ azad oldu, amma mənim üçün hər şey dəyişdi. O gün, orada, təkcə dostumu yox, bir parçamı da itirmişdim.
Əli danışdıqca, sanki həmin anları yenidən yaşayırmış kimi titrəyirdi. Səsi get-gedə boğuq çıxırdı. Onun bu halı məni narahat etdi. Sözünü bölüb mövzunu bir qədər dəyişmək qərarına gəldim.
- Bağışlayın, Əli bəy… Mən sizi başa düşməyə çalışıram. Amma bir şey mənə çox maraqlıdır. Siz özünüz necə oldu ki, hərbçi olmağa qərar verdiniz?
Əli bir anlıq keçmişdən qopub indiki zamana qayıtdı. Sakitcə cavab verdi:
- Əmim də, hərbçidir. Uşaqlığım onu hərbi geyimdə görməklə keçib. Biz qonşu idik, əmimgilin evi də bizim evin yaxınlığında idi. İndi isə elə bura yaxın bir ərazidə yaşayır. Hər dəfə onu o uniformada görəndə qürur hissi keçirirdim. Deyirdim ki, “mən də böyüyəndə sənin kimi hərbçi olacağam, əmi!”
Əli danışdıqca xatirələr burulğanına düşürdü. Səsi gah alçaldı, gah da qürurla yüksəldi. Onun sözlərindəki isti duyğular, məni də təsirləndirirdi.
- Əmim hərbi geyimdə olanda gözlərimdə daha da uca görünürdü. O, təkcə mənim deyil, bütün məhəllənin qürur mənbəyi idi. Hər kəs ona hörmət edirdi. O, mərd, xeyirxah bir insan idi. İnsanlar ona etibar edirdi.
Əli bir anlıq susdu, sonra əlavə etdi:
- Bizim həyətdən həmişə uşaq səs-küyü əskik olmazdı. Əmim də, uşaqları çox sevirdi. Onlarla söhbət edər, hərdən şirin zarafatlar edərdi.
- Çox gözəl – dedim. İndi, daha çox maraqlandığım şey, Əlinin keçdiyi çətin yol və onu bu qədər dəyişən hadisələr idi…
- Bura gəlmək öz qərarınız idi, yoxsa sizi məcbur etdilər?
- Bilmirəm…
Əli çiyinlərini çəkdi.
- Deyəsən, məcbur etdilər.
- Çox gözəl. – gülümsədim.
Əli qaşlarını çatdı.
Bu, nəyin gözəl olması idi? O, bir psixoloqa gəlmək istəmirdi, amma indi mən ona “çox gözəl” deyirdim.
- Yəni, bu o deməkdir ki, siz özünüz də, bir çıxış yolu axtarırsınız. Sadəcə, hələ bunu tam qəbul edə bilmirsiniz.
Əli susdu. Düz deyirdim. O, çarəsiz idi.
- Əgər, Kamran burada olsaydı, sizcə, sizə nə deyərdi?
Bu sual Əlini sarsıtdı. Çünki cavabını bilirdi.
“Əli, sən yaşamalısan.”
Amma bu sözləri dilinə gətirə bilmədi.
- Mən onun gözlərimin önündə ölməsinə baxdım. Onu xilas edə bilmədim…
- Amma tək də qoymadınız.
- Nə fərqi var? Axırda yenə öldü.
- Bəs siz?
- Nə mən?
- Siz hələ də sağsınız, Əli bəy.
- Bəli, o gün Kamran getdi, amma mən sağ qaldım. Bəlkə də, bunun bir səbəbi var idi…
- Əgər siz Kamranın yerində olsaydınız və o, sağ qalsaydı, onun bu qədər əzab çəkməsini istəyərdiniz?
Əli, başını yellədi.
- Onda, siz niyə onun ölümündə özünüzü günahlandıraraq əzab verirsiniz?
Bu dəfə cavabı yox idi.
Sonra saata nəzər yetirib seansın sona çatdığını ona bildirdim.
Əli, ayağa qalxıb, ağır addımlarla qapıya doğru getdi. Sanki hər addımı keçmişin qaranlıq səhifələrini çevirmək üçün atırdı. Mən baxışlarımı ondan çəkə bilmirdim.
Qapının bağlanma səsi otaqda qısa səssizlik yaratdı. Bu səs məni illər əvvələ, uşaqlıq illərinə apardı.
Atamı heç vaxt görməsəm də, onun varlığı yalnız anamın danışdıqları, köhnə şəkillərdəki solğun təsviri, bir də ağlımda yaratdığım xəyal idi.
“Qəhrəman idi” – deyirdi anam, həmişə. “Cəsur, mərd bir insan…” Amma mənim üçün bu sözlər kifayət etmirdi. Bir insanın üzünü, səsini, gülüşünü görmədən, əllərinin istiliyini hiss etmədən, onu tam olaraq necə sevmək olardı?
Əlinin baxışları yorğun, amma məğrur idi. Əli gedəndə atamı xatırlamağım təsadüfi deyildi. Sanki onun addımlarında, atamın döyüş meydanında yerə düşən, amma heç vaxt sarsılmayan iradəsini görürdüm.
Atam üçün illərdir darıxırdım. Kaş sağ olaydı… Bir dəfə də olsa, gözlərinə baxa bilsəydim. “Ata” deyib onu qucaqlaya bilsəydim. Onun varlığını hiss etmək, uşaq ikən qorxduğum qaranlıq gecələrdə ona sığınmaq istərdim. Bəlkə də o zaman bu qədər güclü olmağa ehtiyacım olmazdı.
Ürəyimdəki boşluq daha da dərinləşmişdi. Bir daha atamı görməyəcəyimi bilirdim. Amma içimdə qəribə bir inam vardı. Bəlkə də haradasa, uzaq bir yerdə, atam məni izləyirdi… Bəlkə də, Əlinin getdiyi yolda atamın ruhu da addımlayırdı.
İşdən çıxanda hava qaralmışdı. Küçədə soyuq külək əsirdi. Sakit küçələrdən birində addımlayırdım ki, qəfil zibil konteynerinin yanından gələn miyoldama səsi diqqətimi çəkdi. Əvvəlcə qulaq asdım, sonra addımlarımı yavaşlatdım. Bir daha titrək, köməksiz bir pişik səsi gəldi.
Qaranlıq bir küncə baxanda, köhnə karton qutunun içində titrəyən kiçik bir pişik gördüm. Bədəni bir az çirkli idi. Balaca pəncələri donmuş kimi görünürdü. Böyük, qara gözləri ilə birbaşa mənə baxırdı. Sanki mənim şəfqətini hiss edib yalvarırdı. Onu orada qoyub getmək mümkün deyildi. Yavaşca əyilib əlimi uzatdım.
- Balam, sən burada tək qalmısan?
Pişik elə bil səsimə reaksiya verərək bir az da titrədi, amma qaçmadı. Onu yavaşca əlimə götürdüm. Balaca bədəni isti idi, amma yüngülcə əsirdi.
- Sənə bir ad qoymalıyam. – deyə pıçıldadım.
Bir anlıq düşündüm. Sonra gülümsədim.
- Sənin adın, Şans olsun. Ailəmizə şans gətir.
Bilirdim ki, onu evə aparsam, övladlarım çox sevinəcək. Onlar heyvanları çox sevirlər, xüsusilə də pişikləri. Artıq beynimdə uşaqlarının sevinc dolu səsləri canlanmışdı:
- Ana, bu bizim olacaq? Ona nə ad qoyacağıq? Mən baxacağam ona, söz verirəm!
Gülümsədim. Bu kiçik canlı evə sevinc gətirən yeni bir dost idi. Həyatın ən gözəl anları bəzən ən gözlənilməz yerlərdə gizlənirdi.
Pişiyi sinəmə sıxaraq yola davam etdim. Balaca bədəninin istiliyi, içimdə qəribə bir rahatlıq yaradırdı. Həyatın qarmaqarışıq anlarında belə, insanı gülümsədən kiçik möcüzələr olurdu.
(Mayın 29-da sizlərə 8-ci hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Bu gün bir film, başqa gün bir kitab olub mütləq ki, öhdəsindən gələcəyik!
Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Bu gün sizi iki Xan və iki Həsənlə tanış edəcəm.
Bu kitab Sosial şəbəkələrdə tez-tez qarşıma çıxırdı və günlərin birində kitab rəflərininin arasında qarşılaşdım, niyə də olmasın deyib, onunla birlikdə qayıtdım evə...
Kitabı ilk dəfə əlimə alanda məni necə bir romanın gözlədiyindən xəbərsiz, üz qabığını oxudum, "Xan" - bir anlıq keçmişə daldım.
My name is Khan.. Hələ məktəb vaxtı qış aylarının şaxtalı şənbə günlərinin birində sobanın yanına qısılıb Space TV-ni açıb təkrar-təkrar izlədiyim hind filmləri, xüsusilə də "My name is Khan" - "Mənim adım xandır" filmini xatırladım...
Kitabı kənara qoyub, iyirmi dördüncü yaşımda bilmirəm neçənci dəfə izləyəcəyim "My name is Khan" filmini təkrar açdım..
Filmi izlədikcə yeni fikirlər yaranırdı.
Sarı rəngi bu yaşıma kimi heç sevməmişəm.. Şahrux Xanın da oynadığı filmdə Rizvan Xan da sarı rəngi sevmir, ondan qorxurdu (xəstəliyinə görə). Bəlkə də illər öncə uşaq yaddaşıma həkk olunan Xandan qalmışdı mənə sarı rəngi sevməmək.
Uşaq yaddaşı o qədər güclüdür ki, silinməyən, köhnəlməyən mürəkkəblə yazılır ora hər şey...
Filmi izləyənlər xatırlayacaq:
Bu həyatda iki cür insan var:
Həmişə yaxşı işlər görən yaxşı insanlar, Həmişə pis işlər görən pis insanlar.
Kitabı oxuduqda buna bənzər sözlər gördüm, altını çizdim:
Həyatda iki cür insan olur:
Döyənlər və dözənlər.
O heç vaxt döyməyi bacarmadı, dözməyə dözdü və ruhu öldü.
Filmdəki Xan isə heç vaxt pis işlər görməyi bacarmadı. Kitabın dili ilə desəm;
İncidilmisən deyə incitmək ədalət deyil - olardı.
Mənim adım Xan və mən terrorçu deyiləm
Filmdə Xan bu cümləni ABŞ prezidenti ilə görüşüb ona demək üçün nə qədər yollar aşmışdı. Ama o bacarmışdı, o əngəlli idi bəlkə də, ama qəlbi əngəlli deyildi, sevgidən yoğrulduğu uşaq ruhu əngəlli deyildi, inanırdı.
Kitabın dili ilə desəm, sanki uşaqkən öz dünyanın Allahı olursan, böyüdükcə özgə dünyaların qulu.
Cib telefonları arılara zərərlidir deyib cib telefonu işlətməyən Xan deyərdi:
"Namaz yerə və insanlara görə deyil, inanca görə görülən işdir."
Xan bizə göstərdi ki, İnanc əngəl tanımır.
Filmi bitirdim, kitabı bitirdim, təkrardan müəllifin adını bir neçə dəfə oxudum:
Xan Həsən (Orxan Həsənli), azadlıq, Həsən... Bu ad mənə hardansa "azadlıq" pıçıldayır. Xatırladım nəhayət ki...
Sizdən uzaqlardan tanıdığım Marat (Qəhrəmanov) adlı bir gəncin yazısını (Həyatın səssiz başlanğıcı ) xatırladım, oxumağınızı istəyəcəm.
"I Fəsil: Yolun Başlanğıcı
Dərbəndin sərin, dağlı havası və mənzərəli küçələri, hər zaman Həsənin həyatına fərqli bir ruh qatmışdı. Burada yaşamaq, Həsənə sadəlik və sükunət verir, amma onun içində hələ də bir arzunun alovu yanırdı. Valideynləri olmadığı üçün bütün dünyası yalnız bir nəfərdən ibarət idi - babası. Həsən, kiçik yaşlarından etibarən, babası ilə yaşadı və dünyasını yalnız onunla paylaşdı. Həyatın bütün çətinliklərini babası ilə birgə çəkdi. Babası Həsəni sevdiyi qədər ona həyat dərsləri verməkdən də heç vaxt yorulmadı. Dərbəndin sərt həyat şəraitində, Həsən çox erkən yaşlardan etibarən əl əməyinin dəyərini dərk etməyə başladı. Babası ona təkcə əkinçilik öyrətmirdi, həm də hər bir çətinliyə necə tab gətirmək və hər zaman düzgün addımlar atmağı əmr edirdi. Babasının öyrətdiyi dərslər, həyatın hər anını düşünərək yaşamağa və qarşımıza çıxan hər maneəni dəf etməyə əsaslanırdı. Babası, Həsənin hər zaman düzgün yolu seçməsini istəyir və ona daim izah edirdi ki, “Həyat, bir döyüşdür, amma bu döyüşdə qalib olmağın yeganə yolu doğru olanı etməkdir.”
Bir gün Həsən, babasının ona bir şey göstərmək istədiyini bildi. Babası ona idmanla bağlı yeni bir dünyadan söz açmışdı. Uşaq yaşlarından babası ona döyüş sənətini, özünü müdafiə etməyi öyrədirdi. Bu, sadəcə idman deyildi; bu, Həsənə həyatın ən dərin anlamını, gücünü və dayanıqlılığını öyrətmək idi. Babası ona döyüş mövzusunda dərslər verməyə başladı. O, Həsənə yalnız fiziki olaraq güclü olmağı deyil, eyni zamanda daxili gücünü necə tapmağı öyrədirdi. Bir gün, babası Həsənə deyir: “Sənə bu döyüşçülük yollarını öyrədirəm, çünki həyat heç vaxt bizə asan olmayacaq. Amma bu bacarıqlar sənin həyatınla bağlı hər hansı bir çətinliyi dəf etməyinə kömək edəcək.” Həsən, döyüş sənəti və idmanla tanış olduqca, özünü daha da güclü hiss etməyə başladı. Babası ona yalnız özünü qorumağı deyil, həm də insanlara yardım etməyin vacibliyini öyrədirdi. Dərbəndin çətin dünyasında, Həsən başa düşdü ki, yalnız güclü olmaq kifayət etmir, həm də insanlara yardım etməyi öyrənmək lazımdır. Bu biliklər ona həm döyüşdə, həm də gündəlik həyatında faydalı oldu.
Bir neçə il sonra, Djerninskdə bir idman yarışması keçiriləcəyi xəbəri yayıldı. Bu, Həsən üçün böyük bir fürsət idi. O, bu yarışa qatılmaq üçün hər şeyini etməyə hazır idi. Babası ona yarışa qatılmaq üçün dəstək olmağa qərar verdi, amma onlara bu yol asan olmayacaqdı. Həsən, yarışa qatılmaq üçün kifayət qədər pulu olan bir ailəyə sahib deyildi. Amma babası, oğlu üçün hər şeyi qurban verməyə hazır idi. Babası öz sevimli əşyalarını, hətta kəndin o kiçik evindəki bəzi məişət əşyalarını satmağa razı oldu. “Yarışa qatılmaq istəyirsənsə, buna dəyər,” deyə babası ona məsləhət verdi. “Çətinliklərə dözərək bu yolda irəliləməlisən.” Həsən bu dəstəyi heç zaman unutmadı. Yarışa qatılmaq üçün verilən bu qərar, yalnız idmançılığa deyil, həm də həyatda öz yolunu tapmağa dair bir simvolik addım idi. Babası ona güc verdikcə, Həsən daha çox çalışır, döyüş sənətini və özünü müdafiə etmə bacarıqlarını daha dərindən öyrənirdi. Yarış günü gəldi və Həsən özünü çətin bir döyüşə hazır hiss edirdi. O, hər gün öyrəndikləri ilə özünü təkmilləşdirmişdi. Babasının verdiyi dərslər və ona etdiyi fədakarlıq Həsənin həyatında mühüm rol oynayacaqdı. Dərbəndin kənd yolları boyunca, Həsən yarışa gedərkən, babasının hər kəlməsi qulağında səslənirdi. Yarışa qatıldıqda, Həsən yalnız idmançı olaraq deyil, həm də özünün ən yaxşı versiyasını tapmış bir insan olaraq orada idi. Yarışın sonunda, gözlənilməz bir nəticə ilə Həsən çempion oldu. Bu qalibiyyət yalnız onun fiziki gücünün təcəssümü deyildi, həm də babasının öyrətdiyi həyat dərslərinin ən böyük göstəricisi idi. Həsən qalibiyyətini babasına ithaf etdi. O, hər zaman ona göstərdiyi yolda getməyə və hər çətinliyə qarşı dözərək irəliləməyə söz verdi.
Çempionluğun sevinci Dərbəndin dar küçələrində, daş binaların arasında uzun sürmədi. Həsən bir neçə gün evdə istirahət etdikdən sonra qəribə bir halsızlıq hiss etməyə başladı. Əvvəlcə buna əhəmiyyət vermədi. Babası ilə səhər idmanına çıxmaq istədi, lakin bir neçə addımdan sonra nəfəsi çatmadı. Gözlərində yüngül qaralma oldu. Babası onun üzünə diqqətlə baxdı, amma Həsən hər şeyin qaydasında olduğunu söylədi. Lakin günlər keçdikcə bu halsızlıq, boğulma hissi, səbəbsiz yorğunluq daha da şiddətlənirdi. Axşamlar Həsən bədənində qəribə ağrılar hiss edir, ürəyi tez-tez döyünürdü. Sanki içində bir şey susqun şəkildə onu zəiflədir, amma hələ tam adını qoymurdu. O, bu ağrının, halsızlığın, gecə gələn titrətmələrin nə olduğunu bilmirdi, ya da bilmək istəmirdi. Babası isə hər şeyi hiss edirdi. Lakin onu qorumaq üçün səssiz qalırdı. Həsənin gözlərinin içində bir qorxu vardı, sanki öz bədəninə yadlaşmışdı. Və bu yadlıq onu yavaş-yavaş öz dünyasından uzaqlaşdırırdı. Nəhayət, bir gün Həsən artıq idmana gedə bilmədi. Babası ona dərmanlar aldı, təbiblərlə danışdı, amma heç kim konkret bir diaqnoz qoya bilmədi. Hamı deyirdi: “Çox gəncdi, bu ancaq yorğunluqdur.” Amma bu yorğunluq keçmirdi. Bir axşam babası Həsənin otağına daxil olanda onu stolun arxasında oturmuş, köhnə yarış medallarına baxarkən gördü. Həsən sakitcə dedi: Baba, mən çempion oldum. Amma indi… içimdə sanki görünməyən bir döyüş var. Mənimlə döyüşən bir şey var, adı yox, amma hiss edirəm. Babası yanağını Həsənin saçına söykədi və pıçıldadı: Oğlum sən bu döyüşü də udacaqsan. Çünki sən nəinki güclüsən, sən mənim ümidimsən. Həsən başını yellədi. Gülümsədi. Amma gözlərində bir dərinlik vardı. Artıq bu yolun əvvəlində durduğunu bilirdi - səssiz, çətin və görünməyən bir mübarizə başlayırdı.
Babası Həsənin vəziyyətinin dəyişdiyini gördükcə narahatlığı artırdı. Axır ki, bir səhər onu şəhərin tanınmış təbibinə apardı. Dərbəndin qədim küçələrindən birində yerləşən bu təbib illərlə insanlara şəfa vermişdi. Onun otağında əski kitablardan gələn qoxu, qapının arxasında susqun gözləyən insanların sükutu vardı. Təbib Həsəni diqqətlə müayinə etdi. Qulağını sinəsinə qoydu, nəbzini saydı, gözlərinin içinə baxdı. Sonra yavaşca ayağa qalxıb pəncərəyə tərəf getdi. Bir neçə saniyə sükut oldu. Həsən və babası baxışdılar. Sonra təbib astaca dedi: Onun ürəyi zəifdir , çox zəif. Hərəkətə, ağır idmana davam gətirə bilməz. Bu yaşda belə bir zəiflik, bu bir xəbərdarlıqdır. Babası elə bil bu sözləri eşitmək istəmədi. İnanmadı. Həsənin çempion olduğu yarış gözlərinin önündə canlandı. Qalib gələn, meydanda hər kəsi heyrətləndirən o oğlan necə olur ki, indi ürəyi zəif ola bilərdi? Yox… baba pıçıltı ilə dedi, siz səhv edirsiniz. O çempion oldu. O, səhər tezdən qaçır, daş daşıyır, döyüşür.Təbib ağır-ağır başını yellədi: İdman bəzən zahiri gücü artırır. Amma daxildə nələr baş verir, onu hərəkət göstərmir. Onun ürəyi bu ritmi daşıya bilməz. Davam etsə, həyatı üçün təhlükə ola bilər. Həsən bir söz demədi. Sanki ürəyində nəsə sınmışdı. O ana qədər yaşadığı bütün zəfərlər, babasının qürurlu baxışları, gecəyarısı məşqlər… hamısı o otaqda bir küncə çəkildi. Sanki təbib yalnız onun bədənini deyil, xəyallarını da müayinə etmişdi və qadağa qoymuşdu. Yolboyu ikisi də danışmadılar. Dərbəndin səssiz küçələrindən keçib evlərinə qayıtdılar. Həsən evə girəndə artıq fərqli bir insana çevrilmişdi. O gün bir çempionun içində başqa bir döyüş başladı - bu dəfə meydanda deyil, öz bədənində və ruhunda.
Axşamüstü Həsən evin bir küncündə oturmuşdu. Sükut içində idi. Adətən məşq saatında, baba ilə yumruq kölgələri vurduğu saatda indi susqunluq hökm sürürdü. Babası pəncərədən ona baxdı. Onun başını aşağı salması, sanki dünya ilə əlaqəsini kəsməsi ürəyini ağrıdırdı. Dərhal qərar verdi. Həsən, bu gün qonağımız olacaq, dedi mehriban səslə. Keçmiş dostum, Saşa dayın gəlir. Həsən təəccüblə başını qaldırdı. Babasının sözündə qəribə bir sevinc vardı. Axşam qapı döyüldü. Açanda qarşılarda iri cüssəli, bir az sərxoş, amma üzündə uşaq kimi təbəssüm olan şalvarı tamam yırtılmış bir kişi dayandı. Oho, mənim qəhrəman dostum! - deyə Saşa baba ilə qucaqlaşdı. Bəs bu kiçik oğlan kimdir? Gözlərin içində alov var, lap mənim cavanlığım kimi! Həsən gülümsədi. Saşanın səsi, davranışı, sanki bir teatr tamaşası idi. Divana oturan kimi cibindən bir neçə şokolad çıxardı, birini Həsənə uzatdı: Bu, çempionlar üçündür, qadağalı deyil, ha-ha! Babası gülümsədi. Saşa danışdıqca ev sanki işıqlanırdı. Müxtəlif əhvalatlar danışırdı: birində ayı ilə dalaşmışdı, digərində təsadüfən toya girib şərab oğurlamışdı. Həsən qəhqəhə çəkdi. Gecə boyunca gülməkdən yoruldu. Saşa getdikdən sonra baba Həsənin çiyninə əlini qoydu: Gördün, oğlum? Gülmək gücdür. Bəzən dərmanlardan da güclü olur. Həsən başını yellədi. O gecə yatağına uzananda qəlbində bir parça işıq vardı. Həyat bəzən qəfil səssizləşə bilərdi, amma bəzən də Saşa kimi gülərək qapını döydü.
Daha bir müddət sonra hər şey asta-asta düzəlməyə başladı. Həsən artıq əvvəlki kimi kefsiz deyildi. Saşa dayının gülməli əhvalatları, babasının sevgi dolu baxışları və Dərbəndin sükut içindəki gözəlliyi onu yenidən həyata bağlayırdı.
Hər səhər erkən durur, babası ilə evin qarşısındakı kiçik həyəti süpürür, sonra birlikdə bir fincan çay içirdilər. O günlərdə həyat, bir zamanlar itirdikləri ahəngini geri qaytarırdı. Babası onu yenə idmanla məşğul olmağa təşviq etsə də, artıq diqqətli idi - ağır məşqlər yox idi, yalnız yüngül hərəkətlər, nəfəs məşqləri və ruhunu möhkəmləndirəcək söhbətlər. Bəzən dəniz sahilinə gedirdilər. Baba oğluna ucsuz-bucaqsız suya baxmağı öyrədirdi “Dəniz kimi ol, oğlum. Dərin, səssiz və dözüm dolu.” Həsən bu sözləri içində daşıyırdı. Bəzən də babası səhər tezdən qayıqçı dostlarına kömək edirdi, Həsən də yanında olurdu. Onun gücü azalsa da, ruhu gündən - günə bərpa olunurdu. Xəstəliklə bağlı qorxular, içində səssizcə yaşasa da, onu boğmurdu artıq. O bilirdi ki, babasının sevgisi, Saşa dayının zarafatları və Dərbəndin sükutu onu bir növ yaşadırdı. Bir gün babası dedi: Həyat, oğlum, heç vaxt təkcə ağrıdan ibarət deyil. Bəzən sən ağrıya dözə-dözə güclənirsən. Unutma, sən tək deyilsən. Həsən başını aşağı salıb gülümsədi. Daxilində bir işıq yandı. Həyat davam edirdi.
Babası çox işləyirdi. Günün böyük hissəsini dəniz kənarındakı taxta emalatxanasında keçirər, axşama doğru yorğun halda evə qayıdardı. Bu, Həsənin qürur duyduğu bir hal olsa da, içində gizli bir boşluq da yaranmışdı. Uşaq olsa da, bəzən özünü tək hiss edirdi. Babasının gözlərindəki yorğunluq, əlindəki qabarlar, çiyinlərindəki yük - hamısı Həsənin gözündən yayınmırdı. Amma bir şeyi də anlayırdı: onun arzuları var idi. O, güclü olmaq, babasının yükünü yüngülləşdirmək istəyirdi. Bir gün babası işlədiyi vaxt Həsən evin arxa həyətinə keçdi. Orada köhnə idman əşyalarını tapdı, bir vaxtlar babasının istifadə etdiyi, torlu boks əlcəkləri, yüngül bir sandıq. Onları təmizlədi, düzəltdi və gizli - gizli məşq etməyə başladı. Hər səhər babasından əvvəl oyanırdı. Sükut içində yumruqlarını havaya atır, qaçış edirdi. Nəfəsi daralsa da, ürəyi döysə də, dayanmırdı. Qərar vermişdi: bir gün babasına layiq bir oğul olacaq. Hər damla tər, onun içindəki sükunəti gücə çevirirdi. Axşamlar babası gələndə, o heç nə demirdi. Sadəcə yemək yeyər, gülümsəyər və “Yorğunam, baba” deyərdi. Amma içində bir ümid alovlanırdı. Bir dəfə Saşa dayı qəfil evə gəldi və Həsəni tək məşq edərkən gördü. Gözlərini qıyaraq ona baxdı, sonra yumşaq səslə: Sən birinə bənzəyirsən, Həsən... Kiçik vaxtlarımda gördüyüm özümə. Amma ehtiyatlı ol, ürəyini dinlə, sadəcə əzələlərini yox. Bu sözlər Həsənin qulağında səssizcə əks-səda verdi. Amma o artıq dönmək istəmirdi. Bu məşqlər, bu gizli zəhmət onun öz azadlığı idi.
Qonşuları Şaşa dayı əslində bir az qəribə, bir az da gülməli adam idi. Sərxoş olsa da, könül adamı idi. Dərbəndin dar küçələrində onu tanımayan yox idi. Uşaqdan böyüyə hamı ona ya gülər, ya da salam verərdi. Gözləri yorğun, qəlbi isə dolu idi. Şaşa dayı həyatda çox şey görmüşdü və hərdən deyərdi: “Mənim həyatım bir butulkanın dibinə sığışan xatirələrdən ibarətdir.”
Bir gün səhər saatlarında Şaşa dayı təsadüfən Həsəni məşq edərkən gördü. Həsən köhnə bir torun içindəki boks əlcəklərini taxıb, böyük bir ciddiyyətlə zərbələr vururdu. Bədəni tərləmiş, yanaqları qızarmışdı, amma gözlərində qəribə bir parıltı vardı - sanki içindəki nəyisə sübut etmək istəyirdi. Şaşa dayı siqaretini yerə atıb əzdi, sonra yumşaq səslə dedi: Həsən, səndə çempion ruhu var, bala. Dərbənddə gənclər arasında turnir olacaq. Səni ora aparmaq istəyirəm. Orada sənə bənzəyən heç kim yoxdur. Həsən bir anlıq dondu. Çempionat? Bu onun arzusuydu. Amma bir problem vardı - babası. O, Həsənin xəstə olduğunu biləndən sonra idmanı qadağan etmişdi. Həsən isə heç vaxt ona yalan danışmamışdı. Mən babama yalan deyə bilmərəm, dayı - dedi Həsən, səsi titrədi. Şaşa dayı bir qədər susdu, sonra başını yellədi: Mən səndən yalan istəmirəm, Həsən. Sadəcə onun narahat olmaması üçün bir yol tap. Bilirəm, sənin üçün asan deyil. Amma bu turnir sənə yeni bir yol aça bilər. Həsən gecə yata bilmədi. Pəncərədən baxır, babasının emalatxanadan dönməsini gözləyirdi. O an içində bir savaş gedirdi. Bir tərəfdə vicdanı, bir tərəfdə arzusu. Amma bir şeyi bilirdi - babası üçün yaşamaq, onun adına güclü olmaq istəyirdi. Və bu fürsəti qaçırmaq onun üçün xəyanət kimi idi. Səhəri gün Həsən babasına yaxınlaşdı: Baba... Mən Şaşa dayı ilə bir neçə gün gəzintiyə gedə bilərəmmi? Dərbəndin içində bir az dolaşarıq...Baba başını qaldırdı, Həsənin gözlərinə baxdı. Bir anlıq düşünürmüş kimi oldu, sonra qışqırdı: O, əyyaşdan uzaq dur. Sonra Saşa Saşa səni gəbərtəcəm deyərək getdi. Əbasını çiyninə salıb evdən çıxdı. Şaşa gilə getdi. Qapı bağlı idi. Dəhlizə baxdı, heç kim yox idi. Evə tərəf keçdi... və bax o anda gördü: Şaşa həyətin kənarındakı köhnə divarın dibində, yerə sərilmiş köhnə palazın üstündə uzanmışdı. Yanında hürə-hürə susmuş bir qoca it vardı. Saç-saqqalı qarışmışdı, üstü-başı toz içindəydi. Babası yaxınlaşdı, dizlərini yerə qoyub səsini alçaltdı: Şaşa...Heç bir cavab gəlmədi. Saşa yuxuda deyildi, sadəcə dünyanın səssizliyinə gömülmüşdü. Qoca kişi bir qədər sarsıldı. Həsənin baba kimi güvəndiyi dostlardan birinin bu vəziyyətdə olması ağır idi. Barmaqları ilə çiyinindən silkələdi: Ay Şaşa... Dur bir az... danışmalıyıq. Şaşa gözlərini azca araladı, səsi boğuq və yorğun idi:İmkan verin içim... bir tikə araq qalıb. Bu sözləri deyəndə gözləri yaşla dolmuşdu, amma gülümsədi. Hər şeydən, hər kəsdən uzaq biri kimi danışırdı. Həyat ona çox şey borclu deyildi, o da həyatdan çox şey istəməmişdi. Yanındakı qoca it quyruğunu zəifcə tərpətdi, sanki sahibinin qürurunu bölüşürdü. Babası dərindən nəfəs aldı. İçindəki kin yox olmuşdu. Təkcə mərhəmət qalmışdı. Palazı düzəltdi, itin başını sığalladı. Sonra Şaşaya baxıb sakit səslə dedi: Sən düz deyirsən, Şaşa. Həsən içində yanır. Bəlkə də sən bunu məndən əvvəl gördün.Şaşa heç nə demədi. Amma gözlərində bir təşəkkür var idi. Sonra başını geri qoydu və pıçıltı ilə əlavə etdi: Hacı dayı... bu uşaq başqa cür böyüyür... onu sıxma. Babası başı ilə razılaşdı və ayağa qalxıb evə tərəf getdi. Həmin axşam Həsənə heç nə demədi. Sadəcə onu diqqətlə izləyirdi. artıq bilirdi: bəzi yolları təkcə sevgi ilə qorumaq olmur bəzən azadlığa da ehtiyac var."
***
Xan Həsənin adını oxuyanda Maratın yazdığı və davamı ilə hələ də tanış olmadığım hekayəni xatırladım mən..
Necə də unudulmuşdu, unutmuşdum..
Maratın son cümləsini bir neçə dəfə təkrarladım: "bəzi yolları təkcə sevgi ilə qorumaq olmur, bəzən azadlığa da ehtiyac var"
Ama sizi bir şeyə əmin edirəm. Çox yazının içində çox yazı var, o yazıların içində də yazılar var. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Azadsınız - Xan isə kitabında əsəri bitirmədən belə deyirdi.
Əslində Maratın hekayəsi də Xanın hekayəsi də burda bitmir, bir gün bəlkə ardını da oxuyarıq.
Kitabda belə bir cümlə keçirdi; bəşəriyyətə böyük yazıçıların özləri yox, yazdıqları lazım olur.
Bəlkə də haqlı idi Xan! - Rizvan Xan da, Xan Həsən də..
Bir sözlə, əksəriyyət Maratı və Xanı tanımasa da yazıları artıq sirr yox, "hürr"dü...
We shall over come someday – bir gün öhdəsindən gələcəyik! Bəzən insanın gözləri dolar, axı birdən, mənim də gündə neçə dəfə başıma gəlir bu, istəmədən, o zaman Xanın oxuduğu mahnı səslənir qulaqlarımda..
We shall over come someday...
Biz bu gün bir film, başqa gün bir kitab olub mütləq ki, öhdəsindən gələcəyik!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
“İrəvanda xan qalmadı” Qərbi Azərbaycan İcmasında təqdim edildi
Mayın 25-də Qərbi Azərbaycan İcmasında yazıçı Varisin “İrəvanda xan qalmadı” adlı sənədli romanının akademik formatda təqdimat-müzakirəsi keçirilib.
Tədbirdə ictimai-siyasi xadimlər, alimlər, ziyalılar, gənclər və media nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı Qərbi Azərbaycan İcması Mətbuat Xidmətinə istinadən xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri açaraq bildirib ki, Azərbaycan tarixinin müxtəlif dövrlərində erməni saxtakarlıqları məqsədli şəkildə formalaşdırılıb və uzun illər dünya ictimaiyyətinə yanlış məlumatlar təqdim olunub. O qeyd edib ki, müstəqillik illərində tarixçilərin və tədqiqatçıların fəaliyyəti nəticəsində tarixi həqiqətlər arxiv sənədləri və elmi mənbələr əsasında yenidən üzə çıxarılır, milli yaddaşın qorunması yalnız elmi araşdırmalarla deyil, həm də ədəbiyyat, teatr və incəsənət vasitəsilə həyata keçirilməlidir. Əziz Ələkbərli “İrəvanda xan qalmadı” romanının məhz bu cəhətdən əhəmiyyətli olduğunu vurğulayıb və əsərin səhnələşdirilməsi ilə bağlı təşəbbüslərin də müzakirə olunduğunu bildirib.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında romanın tarixi yaddaşın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, əsərdə tarixi faktlarla bədii təsvir ustalıqla uzlaşdırılıb. H.Babaoğlu romanın İrəvanın qədim yaşayış məskənlərini, etnoqrafik xüsusiyyətlərini, memarlığını və sosial həyatını canlı şəkildə təqdim etdiyini vurğulayıb. Deputat əlavə edib ki, müəllifin dili və təsvir üslubu oxucunu XIX əsr İrəvan mühitinə apararaq hadisələri emosional şəkildə hiss etməyə imkan yaradır.
Tədbirdə QAİ İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, QAİ İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının müşaviri Nazim Mustafa, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, QAİ Ziyalılar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni və digər ziyalılar çıxış edərək əsərin tarixi həqiqətlərin təbliği, Qərbi Azərbaycan mövzusunun ədəbiyyatda yaşadılması və milli-mənəvi yaddaşın qorunması baxımından əhəmiyyətindən danışıblar.
Çıxışlarda bildirilib ki, bu cür əsərlər gənc nəslin tarixə bağlılığının gücləndirilməsi və milli kimlik şüurunun formalaşdırılması baxımından mühüm rol oynayır.
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının fəalları Kənan Heydərli və Zəhra Allahverdiyeva əsəri böyük maraqla oxuduqlarını, Qərbi Azərbaycan mövzusunda yazılan bu əsərin gənclərin tarixi həqiqətlər barədə daha dolğun məlumat əldə etməsinə şərait yaratdığını bildiriblər. Vurğulayıblar ki, bu cür təqdimatlar və müzakirələr gənclərin milli tarixə marağını artırır, onların milli yaddaş ruhunda formalaşmasına töhfə verir.
Sonda əsərin müəllifi Varis çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, “İrəvanda xan qalmadı” romanını yazmaqda əsas məqsədi İrəvan xanlığının tarixini, həmin dövrün ictimai-siyasi hadisələrini və milli-mədəni mühitini geniş oxucu auditoriyasına çatdırmaq olub. O vurğulayıb ki, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi hər bir ziyalının mənəvi borcudur.
Qeyd edək ki, Varisin non-fiction janrında qələmə aldığı “İrəvanda xan qalmadı” romanı Azərbaycan ədəbiyyatında indiyədək irihəcmli əsərlərdə geniş şəkildə işıqlandırılmayan bir mövzuya — XIX əsrin əvvəllərində Şimali Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalına həsr olunub.
Əsərdə İrəvan xanlığının timsalında həmin işğalın doğurduğu maddi və mənəvi itkilər, xüsusilə işğaldan sonra xanlığın ərazisində erməni dövlətinin yaradılmasının gətirdiyi faciəli nəticələr iki gəncin — Uluxan və Selcanın dramatik taleyi fonunda təqdim olunur. Maraqlı süjet xətti, məişət hadisələrinin böyük müharibələr və mürəkkəb siyasi proseslərlə paralel şəkildə təsviri oxucunu əsərin sonunadək diqqətdə saxlayır və finala marağı daha da artırır.
Təxminən 1 milyon işarə həcmində Azərbaycan, rus, ingilis, fars və erməni dillərində olan arxiv materiallarından istifadə edilməklə, tarixi reallıqlara əsaslanaraq yazılmış bu roman, tariximizin “ağ ləkələri”nin aradan qaldırılması baxımından da mühüm mənbələrdən biri hesab olunur.
Roman Dövlət sifarişi ilə yazılıb, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb. Daha sonra “Yazıçı” nəşriyyatında roman təkrar nəşr olunubdur. Romanın xarici ölkələrdə nəşri məsələsi də gündəmdədir.
Romanın siyasi məsləhətçisi Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev, tarixi məsləhətçisi AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
“Ruhunda kitab sevgiyi olmayan adam nə yaza, nə də mütaliə edə bilər” - MÜSAHİBƏ
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Bugünkü müsahibim istedadlı gənc yazar, Gənc Yazarlar Birliyinin sədri, eyni zamanda ingilis -alman dili müəllimi Səbinə xanım Bayramovadır. Belə dəyərli və fəal gənclərimizi gördükcə insan qürur duyur, sevinir. Gəlin, Səbinə xanımı daha yaxından tanıyaq.
1.Səbinə xanım, ilk olaraq özünüz haqqında oxucularımıza qısa məlumat verə bilərsinizmi?
Mən Səbinə Bayramova, 14 iyun 1998-ci ildə dünyaya göz açmışam. Səbinə Dəniz təxəllüsü ilə yazıb, yaradıram. Özüm ingilis -alman dili müəllimi kimi fəaliyyət göstərirəm. Bir-neçə kitab müəllifiyəm.
2.Yazıçılıq həyatınız necə başladı? İlk qələmə aldığınız əsəri xatırlayırsınızmı?
Xırda-xırda cümlələr,hekayələr yazıb evdə ora- bura yapışdırırdım. Anam bir gün dediki bunları bir yerə yığ lazım olar. Eləcə o gündən dəftərə qeydlər aparmağa başladım. İlk qələmə aldığım “Yaralı Ruhlar” adında hekayələr toplusu olub. Yaxın zamanda yenidən işıq üzü görəcək.
3.Bu gün yazdığınız əsərlərdə sizi ən çox hansı mövzular düşündürür?
Əsərlərimdə mənəviyyata çox önəm verirəm. İnsani dəyərlər mənim üçün çox özəldir. İnsan kimi formalaşmaq üçün güclü mənəviyyata sahib olunmalıdır.
4.Ədəbiyyatda istedad daha önəmlidir, yoxsa zəhmət?
Ruhunda istedad yoxdursa, düşünmürəm çəkilən zəhmətin bəhrəsi görünə. Günümüzdə yetərincə yazıçı adı altında ortalıqda gəzən insanlar var. Hətta onlardan göz önündə olanlar da az deyil. Amma kənardan durub baxanda bəzilərində sadəcə strategiya və marketinqdən başqa nəsə tapa bilmirəm. Qısası, ruhundan süzülən cümlələr olmadıqdan sonra bir yerdən sonra zəhmət də boşa gedir.
5.Yazı prosesində sizin üçün ən çətin məqamlar hansıdır?
Emosional insan olduğumdan qaynaqlanaraq duyğusal məqamlar məni bəzən çox yorur. Yazmalıyam amma özümü ələ ala bilmirəm, o periodun içərisində fırlana-fırlana qalıram. Çətin məqamlar olsa da yaşaya-yaşaya, ruha işləyə-işləyə yazmağın zövqü bir başqadır.
6. Xarici ədəbiyyatda sizi ən çox təsirləndirən müəlliflər və əsərlər hansılardır?
Dostoyevski “Cinayət və Cəza” əsərində Raskolnikov obrazı ilə söhbət edib, onun psixologiyası ilə yaxından tanış olmaq istərdim. Kafkanın “Çevrilmə” əsəri həqiqətən kiçik həcmli olsa da çox təsirli əsərdir. Çoxdur təsirli əsərlər. Deyim ki mənim ən çox diqqət mərkəzində saxladığım uşaq ədəbiyyatı olduğu üçün son olaraq da “The Little Prince“ əsərinin adını çəkmək istəyirəm. Həqiqətən fərqli və özünə xas təsirə layiqdir.
7.Azərbaycan ədəbiyyatının dünyaya çıxışı ize qane edirmi?
Xeyr, tam mənada qane etmir. Azərbaycan ədəbiyyatında güclü müəlliflər, dərin mövzular və özünəməxsus dil-estetikası olsa da, dünya miqyasında tanınması potensialına uyğun səviyyədə deyil. Son illərdə müəyyən inkişaf var, bəzi əsərlər xarici dillərə çevrilir, beynəlxalq sərgilərdə təqdim olunur, amma bu hələ sistemli və davamlı səviyyədə deyil. Məncə Azərbaycan ədəbiyyatının dünyaya çıxışı üçün ən vacib şeylər güclü tərcüməçilər, gənc müəlliflərin dəstəklənməsi, universal mövzularla milli ruhu birləşdirən əsərlər və s.-dir.
8.Gənc Yazarlar Birliyinin əsas məqsədi və missiyası nədir?
Birliyimizin əsas məqsədi istedadları dəstəkləmək, müasir və milli dəyərlərə bağlı ədəbiyyatı inkişaf etdirmək, oxu və yazı mədəniyyətini yaymaq, gənclərin yaradıcılıq imkanlarını geniş auditoriyaya çatdırmaqdır.
9.Son illərdə sizi sevindirən gənc qələm sahibləri varmı?
Son bir il ərzində 30-dan çox gənc qələm sahibinin uğurunu görmək buna misal ola bilər. Özüm gənc olsam da ətrafımdakı gənc qələm sahiblərindən seçilmişləri yanımda görmək mənim üçün çox xoşdur. Hər birinin adını tək-tək çəkə bilməsəm də ,hər birinin qələmini bir ayrı sevirəm.
10.Gənclərin kitaba marağını artırmaq üçün nə etmək lazımdır?
Gənclərin kitaba marağını artırmaq üçün onların diqqət mərkəzinin nələrə yönəldiyini izləmək lazımdır. Mən yazıçılıqdan əlavə bir pedaqoq kimi bunu gündəlik həyatımda müşahidə edirəm. Kitaba maraq ilk öncə ta əvvəldə də vurğuladığım kimi ruhdan gəlməlidir. Ruhunda kitab sevgiyi olmayan adam nə yaza, nə də mütaliə edə bilər. Ona görə də birmənalı şəkildə o sevgi qəlbdən gəlməlidir. O sevgini yaratmaq da bir başqa mövzudur. Uşaqlıqdan aşılanaraq bu yerlərə gəlib çatdıra biliriksə nə xoş bizlərə.
11.Sosial şəbəkələrin ədəbiyyata təsirini necə qiymətləndirirsiniz?
Sosial şəbəkə əslində müsbət cəhətdən gənc qələmlərin ən böyük qəhrəmanı olsa da, bir o qədər də yazıçı adına uyğun olmayan kütlənin göz önünə çıxmasına təkan verir. Sosial şəbəkə düzgün gedişatla davam olunsa , çox gözəl nəticələr görə bilərik.
12.Oxucularınızdan gələn fikirlər arasında sizi ən çox təsirləndirən hansı olub?
Oxucularımdan gələn fikirlərin çoxluğu qəlbə toxunan hissləri qələmə almağımla bağlı olur. Bu hissi onlara ötürə bilib,düşüncələrinə xoş təsir edə bilmişəmsə,bu mənim insani uğurumdur. Çünki insan sevgim heç vaxt azalmayacaq.
13.Gələcək planlarınız haqqında, mümkündürsə, məlumat verə bilərsinizmi?
Gələcək planlarım yaratdığım Gənc Yazarlar Birliyində üzv kimi yer alan hər bir gəncin yolundakı o daşları təmizləyərək, birgə addımlamaqda davam etməkdən ibarətdir. Bunun üçün də dayanmadan çalışıram.
14.Gənc yazarlara nə tövsiyə edərdiniz?
Tövsiyə vermək mənə düşməsə də , bir cümlə ilə bildirmək istəyirəm ki, yazıçılığı cəmiyyətə, insanlığa , əsasən də uşaqlara fayda üçün etmirsinizsə, qələmi indidən yerə qoyun.
P.S.
Yeri gəlmişkən, gənc yazarlar üçün azad tribuna olan “Ədəbiyyat və incəsənət” portalının qapıları Gənc Yazarlar Birliyində təmsil edilən gənclər üçün də açıqdır, buyursunlar, o qapıdan içəri keçsinlər.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
İstintaqsız, məhkəməsiz güllənənlərdən daha biri – Vəli Xuluflu
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Stalin repressiyasının daha bir qurbanı.
Vəli Xuluflu.
Ədəbiyyatşünas, folklorşünas, maarifçi, publisist, ictimai xadim...
Bu gün onun anadan olmasının 132-ci ildönümüdür.
Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində anadan olub. O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. Repressiya qurbanı Vəli Xuluflu 1912-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdindəki "Mədrəseyi-ruhaniyyə"ni bitirib.
İnstiqlal şairi Əhməd Cavadla birlikdə dövrün tanınan şəxsiyyətləri, məşhur din xadimi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasının müdiri Axund Hüseyn Pişnamazzadədən, ədəbiyyatşünas Abdulla Surdan, dilçi-folklorşünüs Mirzə Abbas Abbaszadədən, filosof şair-dramaturq Hüseyn Caviddən, M. Müşfiqin həyat yoldaşının əmisi, tanınan pedaqoq İdris Axundzadədən, şair və ictimai xadim Əli Razidən, vətənpərvər şair Əli Nəzmidən dərs alıb.
1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub. Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib. 1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb.
1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib.
Eyni zamanda 1927–1929-cu illərdə "Bakı fəhləsi" kooperativ nəşriyyatı və "Azərnəşr"in bədii-ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edib. O, həmçinin 1928-ci ildə Bakıda keçirilən Azərbaycan Aşıqlarının I Qurultayında iştirak edib. O, 1927-ci ildə yenidən partiya üzvlüyünə bərpa edilib. 1922–1929-cu illərdə Yeni Türk Əlifbası Komitəsinin fəal üzvü olub.
Vəli Xuluflu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib olaraq çalışıb. Onun yenidən təşkili vaxtı isə 1929–1932-ci illərdə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olub. Vəli Xuluflunun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrində xüsusi xidmətləri olub. O, 1926-cı ildə "El aşıqları" toplusunu tərtib və çap etdirib.
İnsititut ləğv ediləndən sonra 1933-cü ildə bir müddət Mərkəzi Arxiv İdarəsində müdir vəzifəsində çalışıb. Daha sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi və Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışıb. Həmçinin 1933-cü ildən SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi olub.
1936-cı ildən isə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini və digər vəzifələrdə çalışıb. Vəli Xuluflu yeni türk əlifbası komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı kimi fəaliyyət göstərib. Bu münasibətlə o, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan Respublikalarında, Krımda, Kazan və digər şəhərlərdə olub.
Xuluflu həmçinin yüzlərcə qəzet və jurnal məqaləsinin müəllifidir. O, eyni zamanda aşıq yaradıcılığını çox sevirdi. Onun toplayıb nəşr etdirdiyi "Koroğlu" dastanı buna bir nümunədir. Məhz buna görə də Rəhman Salmanlı onu "Folklorşünaslıq elminin Koroğlusu" adlandırıb. 1924-cü ildən Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyətinin işlərində fəal çalışıb.
Folklorşünas alimin Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqində müstəsna xidmətləri olub. Belə ki, o, 1927-ci ildə "Koroğlu" dastanının aşıq Hüseyn Bozalqanlının dilindən yazdığı 2 qolunu, 1929-cu ildə isə 4 qolunu və 6 nağılvarı hekayəti kitab şəklində nəşr etdirib. Vəli Xuluflu "Azərbaycanın Tədqiq və Tətəbbö" cəmiyyəti tərəfindən Şəmkir, Tovuz və Qazax rayonlarına elmi ezamiyyətə göndərilib və 1926-cı ildə "Azərbaycan xalq ədəbiyyatından materiallar" seriyası ilə "El aşıqları" kitabını nəşr etdirib.
Alim kitaba Qurbani, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi hallarını daxil edib. Bununla yanaşı, müxtəlif aşıqların yaradıclığında olan qoşma, gəraylı, təcnislər, həmçinin Şəmkirli Aşıq Hüseynə aid olan "Reyhan" dastanını əlavə edib. Vəli Xuluflunun 1927-ci ildə "El aşıqları" adı ilə çap etdirdiyi başqa bir kitabında da Şamxor və Tovuz bölgələrində yaşayan aşıqların yaradıcılığından nümunələr toplanıb.
Kitabları
1. "Yeni türk əlifbası ilə yazı qaydaları"
2. "Koroğlu"
3. "El aşıqları"
4. "İmla lüğəti"
5. "Tapmacalar"
6. "Panislamizm, imperializm və ruhaniyyət"
7. "Din və qadın"
8. "Din və mədəni inqilab"
9. "Səlcuq dövlətinin tarixi quruluşuna dair"
10. "Məhərrəmlik münasibətilə"
Və nəhayət, məşum 1937-ci il.
İttiham hamıdakı kimi -xalq düşməni.
11 oktyabrda sədr, hərbi hüquqşünas İ. O. Matuleviç, üzvlər, hüquqşünaslar İ. M. Zaryanov və Y. K. Yiqur, katib, hərbi hüquqşünas Kostyuşenko və SSRİ Baş Prokurorluğunun baş köməkçisi R. S. Rozovskinin iştirakı ilə iclas keçirilir. İclasın qərarında deyilirdi:
"İş məhkəməyə göndərilsin, işə şahidsiz, prokurorsuz və vəkilsiz baxılsın."
12 oktyabr saat 18:00-da "məhkəmə" başlayır və 18:20-də sona çatır. Məhkəmə qərara alır:
"Vəli Məmmədsöyün oğlu Xuluflu ən yüksək cəzaya – güllələnməyə məhkum edilsin."
Beləliklə, 13 oktyabr 1937-ci ildə Vəli Xuluflu güllələnir.
Bakının ən böyük küçələrindən biri, həmçinin Şəmkir rayonunda mərkəzi küçələrdən biri, orta məktəb və mədəniyyət evi Vəli Xuluflunun adını daşıyır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Azərbaycan sovet nəsrinin görkəmli nümayəndəsi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Qaryagində (indiki Füzuli rayonu – red.) coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım"... (İlyas Əfəndiyev)
Bu gün Azərbaycan SSR xalq yazıçısı və Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin doğum günüdür.
İlyas Əfəndiyev 1914-cü il may ayının 26-da Füzuli rayonunun hal-hazırkı Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olub. Nəsilliklə oxumuş ruhaniliyi olanbir ailədən çıxan atası Məhəmməd kişi 1884-cü ildə anadan olub. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar olublar.
Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işləri ilə məşğul olub. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.
Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ. Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitab, o cümlədən, rus ədəbiyyatı klassiklərindən A. Puşkin, M. Y. Lermontov, A. P. Çexov, İ. Turgenev, Maksim Qorki kimi sənətkarların dilimizə tərcümə olunan əsərlərini mütaliə edib, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərib, coğrafiyanı həvəslə öyrənib, böyük səyyahların, o cümlədən R. Amundsen, F. Nansen, Xristofor Kolumb, Ameriqo Vespuççinin həyatını diqqətlə izləyib.
Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı. İ. Əfəndiyev yazır:
"Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub, balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum".
Dünya ədəbiyyatı və mədəniyyət sahəsində yüksək zirvəyə qalxan onlarla sənətkarın həyatı və yaradıcılıq təcrübəsi bir daha sübut edir ki, böyük ədiblərin, rəssam və bəstəkarların formalaşıb yetişməsində, öz xalqının qabaqcıl elm və mədəniyyət xadimi səviyyəsinə yüksəlməsində bir sıra mühüm həyati amillər həlledici rol oynayıb.
"Sənətkarı əhatə edən ictimai ədəbi mühitin bütün mürəkkəblik və çoxcəhətliliyini öyrənmədən, onun müasirləri ilə əlaqələrinin yerini və mövqeyini dəqiq müəyyən etmədən yazıçının formalaşma və inkişaf prosesini doğru-düzgün mənalandırmaq çətindir, bəlkə də mümkün deyildir".
Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ. Əfəndiyev 1935–1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləyib, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərib. Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamayıb.
Düzdür, 30-cu illərdə rayondakı mühit haqqında əlimizdə geniş məlumat yoxdur, lakin yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları haqqında əldə etdiyimiz məlumatlar, rayon qəzeti səhifələrində dərc edilən müxtəlif məqalələr, gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynayan dram kollektivinin fəaliyyəti barəsindəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir.
Bu illərdə Qaryagində "Qızıl Araz" adlı qəzet dərc edilirdi. Müxtəlif illərdə Heydər Heydərov, Bala Bağırov, Səməd Əliyev və başqalarının redaktor olduqları qəzet öz səhifələrində günün ictimai-siyasi hadisələri, təsərrüfatın aktual məsələləri haqqında materiallar dərc etməklə bərabər, ədəbiyyat və mədəniyyətin ayrı-ayrı sahələrini də geniş işıqlandırıb.
İlyas Əfəndiyevin həvəslə mütaliə etdiyi qəzetin səhifələrində ədəbiyyat müəllimləri Nemət Hüseynov, N. Kazımovun maraqlı yazıları, gənc şair Nəcəf Quliyevin şeirləri, rayonun qabaqcıl ziyalılarından Məmməd Sadıqovun, Savalan Zülfüqarovun, A. Manaflının və başqalarının məqalələri dərc olunurdu ki, həmin yazıların heç biri nəinki İlyasın nəzərindən yayınmayıb və təsirsiz qalmayıb, hətta gənc müəllimin dünyagörüşünün formalaşmasına öz təsirini göstərib.
Gələcəkdə görkəmli dramaturq olacaq İ. Əfəndiyev "teatr" adlı sehrli bir aləmlə ilk dəfə məhz Qaryagində tanış olub. O, qeyd edir ki, "mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim". Sənət yollarında ilk axtarışlar aparan və yazıçı kimi ilk addımlarını atan gənc müəllim İ. Əfəndiyevin inkişafında istər rayon qəzeti "Qızıl Araz"ın, istərsə də rayon teatrının təsiri şübhəsizdir.
Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur, lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk etmirdi. O, Qaryagin rayonunun Böyük Bəhmənli kəndində müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə təyin olunur.
Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Bakıya – Azərbaycan Dövlət Pedaqoji İnstitutuna göndərilib. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürmür, elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. İ.Əfəndiyev "kulak" balası olduğu üçün institutdan uzaqlaşdırılıb, lakin yazıçı 1950-ci ildə qələmə aldığı "Tərcümeyi-hal" adlı yazısında bu faktı atasının xəstəliyi ilə əlaqələndirib.
Bunun səbəbi ondan ibarətdir ki, İ.Əfəndiyev 30-cu illərdəki təqib və təhqirləri yaddan çıxarmamış, şəxsiyyətə pərəstişin qızğın bir dövründə, Stalin ideologiyasının oğlan çağında əsl həqiqəti ictimaiyyətdən gizlətməyə məcbur olub. Həqiqət isə belədir:
Müvəffəqiyyətlə imtahan verib Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş yazıçı, bir neçə ay orada oxuduqdan sonra xəbər tuturlar ki, İ. Əfəndiyevin atası inqilabdan əvvəl ticarətlə məşğul olduğu üçün səs hüququndan məhrum edilmişdir. O zaman səs hüququndan məhrum edilmək isə ölümə məhkum olunmaq kimi bir hal idi.
Yazıçı sonralar qələmə aldığı başqa bir yazısında institutdan qovulmasını tamamilə başqa cür izah etmişdi:
Bir qədər sonra İnstitutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Orucov xəlvəti mənə dedi ki, göstəriş var, ata-anası səs hüququndan məhrum edilmiş tələbələr ideoloji fakültələrdən çıxarılsın. Məsləhətdir, nə qədər gec deyil, ərizə verib bir il məzuniyyət götür. "Atan qolçomaqdır"— deyə səni İnstitutdan çıxartsalar, sonralar iş tapmağın çətin olar. Mən də o cür hərəkət etdim.
Atası vəfat etdikdən sonra, çoxuşaqlı ailənin bütün ağırlığı evin ən böyük övladı olan İ.Əfəndiyevin öhdəsinə düşüb. Xoşbəxtlikdən, İ. Əfəndiyevin adı həmin illərdə repressiya olunanların siyahılarında olmayıb. O, 1938-ci ildə APİ-nin Coğrafiya fakültəsinin qiyabi şöbəsini qurtarıb, sağ-salamat rayona qayıdaraq müəllimliyini davam etdirib.
Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq qalan, daha dəqiq desək, səhv işıqlandırılan məsələlərdən biri də İ. Əfəndiyevin ilk mətbu əsərinin nə vaxt çap olunmasıdır. Bu məlumatın dəqiq olmamasının bir səbəbi də, müəyyən mənada, yazıçının özü ilə əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından etibarən intensiv şəkildə yaradıcılığa başlayan İ. Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez görünməyə başlayıb.
Onun bir sıra məqalə, oçerk və hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının "Yeni yol" qəzetində "Buruqlar arasında" adlı ilk oçerki, "Bataqlıq soldatları" kinofilminə yazdığı ilk resenziyası, "Aşağı mətbuata rəhbərliyi canlandırmalı" adlı ilk məqaləsi, "Namuslu fəhlələrin sırasını çoxaltmalı", "Şərəf və iftixar işi" adlı yazıları işıq üzü görüb. Bu illərdə "Kommunist" və "Ədəbiyyat qəzeti" də İ. Əfəndiyevin ilk yazılarına yer verirdi. Yazıçının ilk mətbu hekayəsi olan "Berlində bir gecə" əsəri də bu aylarda oxuculara çatdırılıb.
İ. Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır:
"1939-cu ildə "İnqilab və mədəniyyət" jurnalında "Gözlənilməyən sevgi" adlı ilk hekayəm çıxdı. Bundan az sonra "Kənddən məktublar" kitabım nəşr olundu." Bu qeyri-dəqiq məlumat yazıçının son illərdə dərc etdirdiyi bir sıra yazılarında da verilib. Və yazıçının bu məlumatına əsaslanan jurnalist və ədəbiyyatşünaslar da həmin səhvi təkrar ediblər. İlk mətbu hekayəsi hesab etdiyi "Gözlənilməyən sevgi" əsərindən xeyli əvvəl, yazıçının bir sıra hekayə, oçerk və məqalələri artıq respublika mətbuatında dərc olunub ki, bu haqda yuxarıda danışılıb.
Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gələn İ. Əfəndiyev onları Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını məsləhət görür. Beləliklə də, yazıçının "Kənddən məktublar" adlı ilk kitabı işıq üzü görüb.
İ. Əfəndiyev "Dostumuzu xatırlayarkən" adlı xatirələrində bu haqda yazıb. Əbülhəsən xeyirxahlıq edərək İ. Əfəndiyevin yaradıcılıq yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, "Kənddən məktublar" adlı ilk kitabı İlyas Əfəndiyevə "ədəbiyyat dünyasına", yazıçılar aləminə çıxmasına imkan verdi.
İlyas Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlib və onun yaradıcılığında mühüm rol oynayan Bakı ədəbi mühitinə qovuşub. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı İ. Əfəndiyev o vaxtlar Yazıçılar İttifaqında partkom işləyən görkəmli yazıçı Əli Vəliyevlə tanış olub və onun köməyilə "Yeni yol" qəzetində mədəniyyət və ədəbiyyat şöbəsində ədəbi işçi vəzifəsinə işə düzəlib.
Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edib, "Əski Şərq" mehmanxanasında bir otaq alıb, yazıçı orada üç il yaşayıb. Yazıçı "Yeni yol" qəzeti redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri dayandırılıb. Bundan sonra İ. Əfəndiyev əmək fəaliyyətini əvvəlcə "Kommunist" (1939 −1940), sonra isə "Ədəbiyyat qəzeti"ndə, nəsr şöbəsinin müdiri kimi davam etdirib.
Heç şübhəsiz ki, İ. Əfəndiyevin bir yazıçı kimi inkişaf etməsində və ədəbi ictimaiyyət tərəfindən tanınmasında əməkdaşlıq etdiyi həmin qəzet redaksiyalarının müəyyən xidməti olub. İ. Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunub. 1990-cı ildə qələmə aldığı xatirələrindən birində bu haqda yazıçı göstərib:
"Bir gün gənc tənqidçi Əkbər Ağayevlə təsadüfən küçədə rastlaşdığımız zaman mənə dedi ki: – Yazıçılar İttifaqının sədri Rəsul Rza iclasda sənin kitabın haqqında yaxşı sözlər danışıb. Deyirdi: -"…hiss olunur ki, gənc müəllif istedadlıdır, ümidverəndir. Onu İttifaqa cəlb etmək lazımdır."
İ. Əfəndiyev dramaturgiyaya gəldiyi illəri isə belə xatırlayır:
"…Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb:… "istəyirsən birlikdə bir pyes yazaq" – dedi. Mehdi kimi məşhur bir yazıçının bu təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə də, biz birlikdə "İntizar" pyesini yazdıq. Pyes Akademik Milli Teatrda müvəffəqiyyətlə tamaşaya qoyuldu.
Bundan bir müddət sonra teatrın direktoru və baş rejissoru Adil İsgəndərov məni Milli Teatra dəvət etdi. Nəsr yaradıcılığımdan xoşlandığını bildirdi və təklif etdi ki, neft həyatından teatr üçün bir pyes yazmaq barədə düşünüm… Neftçilərin həyatını öyrənməyə başladım və neft həyatından "İşıqlı yollar" adlı dram əsərimi yazdım.
Əsər Akademik Teatrda tamaşaya qoyulduqdan sonra Adil İsgəndərov müasir kənd həyatından da bir pyes yazmağı təklif etdi. Hətta qonorarın yarısını da qabaqcadan verdi. "Bahar suları" adlı pyesim də belə meydana gəldi. Pyesi Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum".
1945-ci ildə İ. Əfəndiyevin "Aydınlıq gecələr" adlı ikinci kitabı nəşr olunur ki, burada, əsasən, müharibə illərində yazılmış əsərlər toplanıb. Əsərlərin mövzuları müharibədən götürülmüşsə də, əsas məsələ bu idi ki, həmin hekayələrdə döyüş və sınaq illərində müasirlərimizin mənəvi sifətləri və dəyanətləri qələmə alınıb. Həmin əsərlərdə də yazıçı canlı insan surətlərinə, onların daxili aləmlərinin təsvirinə üstünlük verib.
"Bahar suları" pyesi haqqında müəllif yazmışdır:
"…Dramaturgiyada "konfliktsizlik" nəzəriyyəsi ifşa olunandan sonra, bizim Akademik Dram Teatrında tamaşaya qoyulan ilk konfliktli əsər mənim "Bahar suları" pyesim oldu. Bu əsərdə müsbət obrazlarla bərabər, mənfi tiplər də var idi. Pyes Akademik Teatrda müvəffəqiyyətlə gedirdi. "Kommunist" qəzeti Əli Vəliyevin təşəbbüsü ilə böyük disput təşkil etmişdi…. Disput olduqca canlı keçirdi.
Çıxış edənlər tamaşaya yüksək qiymət verirdilər. Birdən bizim yazıçı yoldaşlardan o zaman məsul vəzifədə olan birisi özünü qaranəfəs disputa yetirərək çıxışında sübut etməyə çalışdı ki, guya müəllif əsərdəki mənfi tipləri göstərməklə bizim cəmiyyətimizə böhtan atmışdır. Bizdə Nəcəf kimi adamlar yoxdur, tək-tük varsa da, göstərmək lazım deyil…"
Lakin əsərin müzakirəsində iştirak edən Əli Vəliyev, S. Vurğun, eyni zamanda ədəbiyyatşünaslar əsərin bir sıra məziyyətlərini göstərməklə, müəllifin düz yol tutduğunu təsdiq ediblər.
1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını alan İ. Əfəndiyevin yaradıcılığında 60–80-ci illər ən məhsuldar dövr hesab olunub. Bu illərdə "Körpüsalanlar" (1960), "Dağlar arxasında üç dost" (1963), "Sarıköynəklə Valehin nağılı" (1976–78), "Geriyə baxma, qoca" (1980), "Üçatılan" (1981) kimi povest və romanlarını dərc etdirib, eyni zamanda maraqlı dram əsərlərini qələmə alıb, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçib.
Bu illərin məhsulu olan "Sən həmişə mənimləsən" (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramının əsasını qoyub. Bu yolu uğurla davam etdirən dramaturq "Mənim günahım" (1967), "Unuda bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Qəribə oğlan" (1973), "Bağlardan gələn səs" (1976) və s. pyeslərini yazıb. Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, "İlyas Əfəndiyev teatrı" yaradıb.
"İlyas Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olan "Unuda bilmirəm" pyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılıb. İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.
Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq, 1971-ci ildə mövzusu tarixi keçmişimizdən götürülmüş "Mahnı dağlarda qaldı" pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə İ. Əfəndiyev 1972-ci ildə Respublika Dövlət mükafatına layiq görülüb.
Əsərləri
Pyeslər
1. "İntizar"(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə birgə yazmışdır.)
2. "İşıqlı yollar"
3. "Bahar suları"
4. "Atayevlər ailəsi"
5. "Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi"
6. "Mənim günahım"
7. "Odlu səhradan gəlmiş şeytan"
8. "On manatlıq lüstr"
9. "Bizə inan"
10. "Unuda bilmirəm"
11. "Məhv olmuş gündəliklər"
Uşaq hekayələri
1. "Ceyran ovu"
2. "Maraqlı hadisə"
3. "Qoruqlarda"
4. "Yasəmən ağacı"
5. "İz ilə"
6. "Ovçunun nağılı"
7. "Zəmidə bir turac səslənirdi"
Hekayələr
- "Kənddən məktublar" kitabından
"Qızbəs xala"
"Qarımış oğlan"
"Mirzə İman"
"Xəncər hekayəsi"
- "Hekayələr" kitabından
"Görüş"
"Gülaçar"
"Su dəyirmanı"
Povestlər
- "Kənddən məktublar"(1939)
- "Aydınlıq gecələr"(1945)
- "Torpağın sahibi"
- "Qaçaq Süleymanın ölümü"
- "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı"
- "Üçatılan"(1981) (avtobioqrafik)
Romanlar
1. "Söyüdlü arx"(1958)
2. "Körpüsalanlar"(1960)
3. "Geriyə baxma, qoca"(1980) (avtobioqrafik əsərdir)
4. "Xan çinar"
5. "Dağlar arxasında üç dost"(1963)
6. "Sarıköynəklə Valehin nağılı"(1976–1978)
Mükafatları
1. "Şərəf nişanı" ordeni
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. Azərbaycan SSR Dövlət mükafatı (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasına görə)
5. "Oktyabr inqilabı" ordeni
6. "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı
7. "Lenin" ordeni
8. "Şöhrət" ordeni
İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)


