“İrəvanda xan qalmadı” - yaddaşı oyadır, kimliyimizi möhkəmləndirir... Featured

Elnur Niftəliyev,

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri.

“Ədəbiyyat və incəsənət”

 

Uzun müddətdən sonra məni bu qədər dərindən düşündürən və eyni zamanda qürurlandıran bir kitabı - 415 səhifəlik romanı qısa zaman ərzində böyük həvəslə oxudum.

 

Yazıçı Varisin qələmə aldığı bu non-fiction janrındakı roman (hadisələr uydurulmur, real tarixə, sənədlərə, araşdırmalara əsaslanır)  təkcə bir əsər deyil, həm də böyük zəhmətin, məsuliyyətin bariz nümunəsidir. Arxiv materiallarına istinad edilməsi, müxtəlif mənbələrdən gətirilən iqtibaslar əsərin nə qədər ciddi və sanballı tədqiqat üzərində qurulduğunu göstərir.

Roman Azərbaycan tarixinin ən həssas və ağrılı mərhələlərindən birini - XIX əsrin əvvəllərində İrəvan xanlığının süqutunu və Rusiya imperiyasının Güney Qafqazda həyata keçirdiyi işğal siyasətini tarixi faktlara söykənərək, lakin oxucunu yormayan, axıcı və təsirli bədii dillə təqdim edir. Bu isə əsəri həm maarifləndirici, həm də emosional baxımdan gücləndirir.

Bu kitabı bir oxucu kimi maraqla, bir vətəndaş kimi məsuliyyətlə və ən əsası, dədə-baba torpaqlarına qayıdış ümidini qəlbində yaşadan bir Qərbi azərbaycanlı kimi böyük qürur hissi ilə dəyərləndirirəm.

Xüsusilə sevindirici haldır ki, “İrəvanda xan qalmadı” romanı üç dildə elektron formatda hazırlanaraq beynəlxalq auditoriyaya təqdim olunub. Bu, tariximizin, həqiqətlərimizin dünya miqyasında tanıdılması baxımından son dərəcə əhəmiyyətli və təqdirəlayiq bir addımdır.

Bu cür əsərlər yaddaşı oyadır, kimliyimizi möhkəmləndirir və gələcəyə olan inamımızı daha da gücləndirir.

Cənab prezident, ali baş komandan İlhamƏliyev bu məsələdə əminliyimizi daha da artırır: “Etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.