Redaksiyanın poçtundan – Qarabağ mövzusunda hekayə Featured

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasından növbəti təqdim edəcəyi məktub müəllifi Arifə Hümbətovadır.

 

Salam, hörmətli redaksiya. Mən Arifə Hümbətova Qarabağa qayıdış mövzusunda yazdığım " Doğma şəhərdə" hekayəmi diqqətinizə təqdim edirəm.

 

Otuz yeddi ildən sonra qonaq kimi gedirəm evimizə.

Mənə doğma olan yollarda şütüyən maşınımızın pəncərəsindən boylanıb, gördüyüm hər bir mənzərəni yaddaşıma həkk edib, havasını acgözlüklə içimə çəkirəm. Yanımda əyləşən qardaşımın çiyninə başımı qoyub, qolundan yapışıram. Qeyri- ixtiyari bərk-bərk sıxıram qolunu, əlimi yavaşca ürəyimin üstünə qoyuram. Elə bilirəm ürəyim dayanmayacaq bu görüşə.

    -O vaxtkı qoxu gəldi burnuma, sən də hiss etdin?

    -Həə, sovet qoxusu uşaqlığımızın qoxusu..

    -Mən elə bilirdim ki, bir də heç vaxt görməyəcəm buraları.

   -Mən də vallah! Ağlamaq istəyirəm.

  -Ağla də, kim deyib ki, kişilər ağlamaz? Gəl elə ikimiz də qoşulaq bir-birimizə ağlayaq.

   -Vallah hə, düz deyirsən. Karvalol ver də yenə.

Göz yaşlarımızı, söhbətimizi, dərman içməyimizi anamdan gizlətməyə çalışıram. Uşaq vaxtlarımızdakı kimi, oyun oynayırıq guya hər kəsdən xəlvət..

Evimizə çatırıq, illərin həsrəti, qovuşma anının həyəcanı ilə pilləkanın pillələrini bir uşaq çevikliyi ilə enirəm.

Darvaza da eynidi, pilləkan da. Necə var elə də qalıb-deyən, əmimin səsinə qoşulub, onun dediyi kimi, necə var elə də qalan evimizin otaqlarını gəzirəm. Xatirələrin çoxluğunda itirəm. Öncə atamın, o zamanlar gecə saat üçə qədər işlədiyi otağa üz tuturam. Qapının çərçivəsinə söykənərək, illər öncəki xoşbəxtliyimə boylanıb uşaqlaşıram:

  -Papa peraşki satan gəlib, pul ver də alım.

  -Gibimdən götür- bir anlıq işindən ayrılıb, üzümə baxan atamın səsini xatırlayıram. Nadir hallarda üzünün güldüyünü gördüyüm atamın, işlədiyi bu otağa elə nadir hallarda nəsə istəmək üçün gələrdim.

   -Papa, qonşu Anna xalanın qızı qəşəng plaş satır, qırx manata.Qırmızı da rəngi var, forması da elə qəşəngdi.

  -Gözlə maman gəlsin, məsləhət bilsə alarsız.

  -Papa, Marina da almaq istəyir o plaşı. Alvina xala tez gəlir işdən, o məndən öncə alacaq.

   -Get götür yaxşı, məsləhət olmasa qaytararıq.

Ciddi baxışlarından çəkindiyim atama sevincək, quruca bir sağol deyirəm. Nə özünü, nə də ailəsini heç vaxt kimsənin yanında sındırmamağa çalışan atamın bu xüsusiyyətini elə o andaca özümə bir ,,cehiz" kimi ötürdüyümü indi anlayıram. Mən erməni qızına  qalib gəlmişdim və həmin o qırmızı plaşı geyindiyimdə, onun həsəd dolu kinli baxışlarını bir anlıq yenə də üzərimdə hiss edib diksinirəm.

Başkı otaq dediyimiz, günorta vaxtı günəş şüalarının daha bol olduğu otağa üz tuturam. Həmişə elə günorta vaxtlarında çarpayıda uzanıb kitab oxuyardım. Səssizliyin daha çox hökm sürdüyü, evimizin arxasındakı ağacların yaşıl yarpaqlarının bir-birinin kölgəsinə sığınaraq pıçıldaşdığı belə vaxtlarda kitab oxumaqdan yorulub, evə düşən günəş şüalarının fonunda, havada uçuşan xırda toz dənəciklərini seyr edib xəyala dalardım. Günəş şüalarına qoşulub oynaşan o xırda toz dənəciklərinin yaratdığı mənzərəni, bir tül pərdə kimi aralayıb başqa bir aləmə keçmək istəyərdim. Hər yerin güllük-gülüstanlıq olduğu, sevginin ayıb olmadığı, xoşbəxtliyin hökm sürdüyü bir yer, arzuların daima həyata keçdiyi bir dünyaya. İllər sonra ilk dəfə əməliyyat olduğum zaman, yuxumda görmüşdüm bu mənzərəni, günəş şüalarına qoşulub oynaşan toz dənəciklərinin yaratdığı tül pərdəni keçib, həyata dönmüşdüm. Dönmüşdüm ki, bu yerlərə yenə gəlib, neçə illik həsrətimə qovuşa bilim.

Hər yeri  gəzirik, məhəlləmizi də hətta qonşuların evinə də baxırıq. Anamın bibimə, qızıma, atamın əmimə və oğluma danışdıqları xatirələrdən qaçıb, həyətimizə enirəm. Böyük tut ağacının altında durub, yaşıl və nəmli yarpaqların arasından yağışdan sonra aydınlaşıb tərtəmiz olan səmaya baxmağa çalışıram. Gözlərimi yumub, otuz yeddi il öncəsini xatırlayıram.

Ailəlikcə tut ağacının altında oturmuşuq. Axşamtərəfi, sərin meh əsdikcə bizə dinclik verir, içdiyimiz çayın ləzzətini birə-beş artırırdı. Atam çiyninə atdığı pencəyini düzəldib, tut ağacına baxaraq anama deyir:

-İkinci mərtəbədə, balaca bir eyvan düzəldirəcəm. Az qalıb, ona qədər də elə bu tut böyüyüb ona çatacaq.

 -İnşallah! -deyən anamın qayğılı səsinə atamın gur səsi üstün gəlir.

 -Hə arvad, tutu da əziyyət çəkmədən, rahat yeyəcəksən tay - deyə zarafat edir. Mən isə elə indiki kimi, gözlərimi yumub xəyala dalaraq, artıq o eyvandakı tut ağacına tərəf əlimi uzadıb tut yeyirəm..

 -Anam hardadı?- deyə anama sual verən qızımın səsinə diksinib, gözlərimi açıram,t utun qəhvəyi ləkələri olan yarpaqlarına baxıb yenidən gözlərimi yumuram. Bu dəfə Xankəndində yaşadığımız illərin son günlərini xatırlayıram.

Yenə ailəlikcə oturmuşuq tut ağacının altında.Bu səfər qonşumuz Mailə xala və uşaqları da burdadı. Yoldaşı başqa rayona işləməyə gedən Mailə xalagil bizə sığınıb. Gecəyədək xeyli söhbət edən böyüklər biz. yaxınlaşanda səslərini yavaşlayırlar. Arada qulağıma atamın bəzi sözləri dəyir:

   -Ağdama gedib silah istəyəcəm, belə olmaz. Bu qədər insanı burda qoruyan yoxdu, heç olmazsa özümüz özümüzü qoruyaq. Sən də danış yoldaşınla, denən gəlib başınızda dursun, belə bir vaxtda iş hayına düşməsin. Əsas ailədi! Bu qız-gəlinin başına bir iş gəlsə gərək onda biz özümüzü öldürək -deyə qonşu qadına üz tutan, əsəbdən səsini, istər-istəməz qaldıran atamın qayğılı görkəminə, dalğın baxışlarına baxıram. Amma bu dəfə gözlərimi yumub, evimizin İkinci mərtəbəsindəki eyvandan, ağaca sarı uzanıb tut yeyə bilmirəm. Uşaq ağlımla, hər nə qədər bizi böyüklərin söhbətindən kənar tutsalar da hiss edirəm ki, bu arzuma çata bilməyəcəm..

 -Ay nənə, anam hardadı axı? -deyə səbrsizcə səslənən qızımın səsinə diksinirəm. Tut ağacımızın gövdəsini qucaqlayaraq, on iki illik xatirələrimin ən əziz şahidinə sarılıram. Yağışdan islanmış göz yaşlarımın da qarışdığı yaş gövdəsinə üzümü söykəyib, ağacın nəmişlik qoxusunu, uşaqlığımızın, o xoşbəxtlik qoxusunu içimə çəkirəm..

 -Nənən qurban, qəfil yoxa çıxmaq onun uşaqlıqdan adətidir, balaca olanda qonşunun evində oynayıb,e lə ordaca yuxuya getmişdi. Neçə saat axtarmışdıq, qonşu erməni Anna arvad necə pis olmuşdusa ürəyi getmişdi -deyən anam bir az durxub, köklərinə nəhlət!-deyə düzəliş edir. Bu qədər olanlardan sonra, ermənilərlə bir vaxt mehriban yaşamağımızın peşmançılığını, xəcalətini çəkir sanki, hər kəsin əvəzinə.

 Qollu-budaqlı, şaxəli tut ağacının, ləkəli yarpaqlarına sığal çəkib, “bu neçə illərin ayrılığında bizim ürəyimizə xal düşüb, sənin də yarpaqlarına” -deyə pıçıldayarkən yenə qızımın səsinə diksinirəm

   -Ana, bayaqdan səni axtarıram, eşitmirsən məni?

  -Anan qurban, yaxın gəl, bu tut ağacının şəklini çək. Amma elə çək ki, bax o  şaxələnib çətir kimi görünən budaqların hamısı tam düşsün.

 Ağlamış üzümə, nəmli gözlərimə baxan qızımın üzündəki nigarançılığı qüssə əvəz etsə də mənim gülümsədiyimi görüb, eşitdin nənəmin dediklərini? -deyə əhval-ruhiyyəmizi dəyişməyə çalışır...

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.