Super User
Qədim miniatürlərimizə yeni baxış sərgiləyən rəssam
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar."
Sənətşünas Ziyadxan Əliyev.
Bu gün 83 yaşını qutlayan Arif Hüseynov 1943-cü ilin 30 oktyabrında Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır. 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.
Fərdi sərgiləri
1. "100 illüstrasiya", Baku-Moskva
2. "Daikokuya" qalereyası, Tokio, Yaponiya
3. Galerie Berlin-Baku, Berlin
4. "Azərbaycan Nağılı" Bakı
5. M. Ə. Sabir "Hophopnamə" Bakı
Mükafatları
1. Azərbaycan Respublikasının əməkdar rəssamı
2. Sənət uğurlarına görə "Humay" mükafatı
3. Azərbaycan Respublikasının xalq rəssamı
4. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
5. "Şöhrət" ordeni
2015-ci ildə Azərbaycan televiziyasında istehsal olunan "Arif Hüseynov. Taleyimin cizgiləri" adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir
ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Bay Atlantik Universitetində “Qlobal körpülər – Azərbaycanı kəşf edək” (“Global Bridges - Discover Azerbaijan”) adlı mədəni-maarifləndirici tədbir keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Qlobal Təhsil, Mədəniyyət və Cəmiyyət Alyansının (“Global Education, Culture & Society Alliance-GECSA”) təşəbbüsü, eləcə də Bay Atlantik Univesitetinin əməkdaşlığı ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirin əsas məqsədi Amerika ictimaiyyətini ölkəmizin zəngin tarixi, mədəni irsi, milli ənənələri, musiqisi, memarlığı və turizm imkanları barədə məlumatlandırmaq, mədəniyyətlərarası dialoqu təşviq etmək, eləcə də Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın və təhsil əlaqələrinin inkişafına töhfə vermək olub.
GECSA-nın təsisçisi və prezidenti Vüsal Quliyev açılış nitqində Alyansın məqsədləri və gələcək perspektivləri haqqında məlumat verib. Bildirib ki, bu təşəbbüs müxtəlif ölkələrin mədəniyyətlərini tələbələrə və yerli icmalara tanıtmaq, insanlar arasında qarşılıqlı anlaşmanı gücləndirmək və beynəlxalq təhsil-mədəniyyət mübadiləsi üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır. Soydaşımız layihə çərçivəsində Azərbaycanın ilk ölkə kimi seçilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın bu təşəbbüsün başlanğıc nöqtəsi olduğunu, gələcəkdə isə digər ölkələrin tarixi, mədəniyyəti, təhsil imkanları və beynəlxalq təqaüd proqramlarının da Amerika auditoriyasına təqdim edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Bay Atlantik Universitetinin professoru, Qlobal Siyasət İnstitutunun prezidenti Paolo fon Şirak (Paolo von Schirach) Azərbaycanla bağlı şəxsi təcrübələrini və təəssüratlarını bölüşüb. O, ölkəmizə çoxsaylı səfərlərindən, eləcə də Azərbaycanın zəngin mədəni irsi və xalqımızın qonaqpərvərliyindən danışıb. Şuşada keçirilən Qlobal Media Forumlarında iştirakından bəhs edən professor Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə də toxunub.
Azərbaycan-Amerika Təşkilatları Alyansının (Alliance of Azerbaijani-American Organizations – AAAO) icraçı direktoru Nigar İbrahimova iştirakçılara Azərbaycanın tarixi, coğrafiyası, multikultural ənənələri, musiqisi, memarlığı və turizm potensialı barədə geniş təqdimat edib.
“Qlobal körpülər – Azərbaycanı kəşf edək” layihəsi GECSA-nın beynəlxalq mədəniyyət və təhsil mübadiləsini təşviq edən təşəbbüsünün ilk tədbiri olub. Layihənin növbəti mərhələlərində müxtəlif ölkələrin mədəniyyətinin və təhsil imkanlarının ABŞ-də tanıdılması, eləcə də beynəlxalq təhsil proqramları və tərəfdaşlıq əlaqələrinin inkişafı nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
Əməkdar artist Adilə Əliyeva Parisdə platin medalla təltif olunub
Fransa və Azərbaycanın tanınmış mədəniyyət xadimi, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva Fransanın İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin diplom və platin medalı ilə təltif olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasprla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Soydaşımız Akademik Cəmiyyətin Ali Mükafatlar Komissiyasının qərarı ilə bu ali mükafata layiq görülüb. Cəmiyyətin 2026-cı il laureatlarının mükafatlandırılma mərasimi Parisdə yerləşən “InterContinental Paris Le Grand” mehmanxanasının “Opera” zalında keçirilib.
1915-ci il noyabrın 12-də təsis edilən İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin əsas məqsədi mədəniyyət, incəsənət, elm və ədəbiyyatın inkişafına mühüm töhfələr verən şəxslərin fəaliyyətini qiymətləndirmək və təşviq etməkdir. Adilə Əliyevanın beynəlxalq mükafata layiq görülməsi onun uzun illər ərzində musiqi sahəsində həyata keçirdiyi fəaliyyətin, Azərbaycan mədəniyyətinin xaricdə təbliğinin və ölkəmizin beynəlxalq mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrin növbəti nümunəsi sayılıb.
Qeyd edək ki, Bakı şəhərində anadan olan Adilə Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illərdir Fransada yaşayan sənətkar dünyanın 50-dən çox ölkəsində konsert proqramları ilə çıxış edib. Azərbaycan bəstəkarlarının əsərlərini beynəlxalq səviyyədə təbliğ edərək, milli musiqi mədəniyyətimizin tanıdılmasına töhfə verib. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasına rəhbərlik edən pianoçu, həmçinin Adilə Əliyeva adına Beynəlxalq Piano Müsabiqəsinin təsisçisidir.
Adilə Əliyeva 2022-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni və Fransanın ən yüksək dövlət mükafatlarından biri olan “Fəxri Legion” ordeni ilə təltif olunub. O həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı və Azərbaycan diasporunun inkişafında fəal iştirakına görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
Azərbaycan oğlu – Məmmədbağır Bağırzadə
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün müğənni Məmmədbağır Bağırzadənin anım günüdür. İyulda anadan olmasının 76 illiyini qeyd etmişdik, bu günsə vəfatının 21 illiyidir.
Məmmədbağır sovet dönəmində ən çox sevilən iki kişi müğənnidən biri olubdur, televiziya və radio, konsert salonları öz qapılarını laybatay üzünə açıbdır. Toylarda ən çox tələb edilən olubdur. Onun musiqi pasporu isə “Azərbaycan oğluyam” mahnısı hesab edilə bilər.
Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toylardan və el şənliklərindən başlayıb. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib.
Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da aiddir.
Repertuarı
1. Tello musiqi: Oqtay Kazımi, sözlər: Vahid Əziz
2. Bağban — musiqi: Ş. Fazil
3. Nəvə — musiqi: Zivər Ağayeva
4. Muğam
5. Dilkeş təsnifi
6. Naz-naz
7. Dözə bilmədim
8. Qudam
9. Can Azərbaycan
10. Səməni nazlı gəlin (Şəkərbura-paxlava) — söz və musiqi: Məmmədbağır Bağırzadə
Müğənni 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat edib. Nardaran qəbristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
AFORİZM BOXÇASINDA daha 10 aforizm
Əlibala Məhərrəmzadə,
millət vəkili.
“Ədəbiyyat və incəsənət” üçün
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.
Bu gün daha 10 aforizm:
Uğurun nələrin bahasına başa gəldiyini düşünəndə ona qarşı bir həqarət duyuram.
Q.Flober
İnsanlar uğursuzluqla qarşılaşmaq qorxusundan təslim olmağı üstün tuturlar.
H.Ford
Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək.
K.Gebbel
İynəni tikməyi bacaran adama verirlər.
A.Hoffman
Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
C.Rumi
Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur.
Xaqani
Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır.
A.Kamyu
Qələbənin ilkin şərti cəsarətdir.
A.Kembell
Yalnız həyatın sirlərini bilən insanlar uğur qazana bilər.
C.Kollenz
Kamalındır dövlətin, kamalına arxalan.
N.Gəncəvi
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
Mən istəyirəm ki, məktəblərdə VİCDAN DƏRSİ də keçirilsin!
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Deyirlər, insan tərbiyəni ailədən alır. Anadan, atadan, böyüdüyü evdən, gördüyü münasibətdən öyrənir insan olmağı. Elə isə bir sualım var: bəs bu qədər qəddarlığı kim öyrədir insanlara? Bir canlının ağrı içində çapalamasına baxıb yoluna davam etməyi kim öyrədir? Özündən zəifin həyatını heçə saymağı, bir canın ölümünü adi hadisə kimi görməyi kim öyrədir?
Bir gün yolda gedirdim. Bir maşın pişiyin üstündən keçdi. Pişik iki dəfə çapaladı. İki dəfə... Sonra hərəkətsiz qaldı. Öldü. Əminəm ki, sürücü üçün bu, sadəcə, yolun üstündə rast gəldiyi bir pişik idi. Dayanmadı, yoluna davam etdi, gündəlik həyatına davam etdi.
Bilirsiniz, o pişik danışa bilmirdi. Ağrısını sözlə ifadə edə bilmirdi. Heç kimdən kömək istəyə bilmirdi. Onun nə günahı vardı? Harasa gedirdi, bəlkə yemək axtarırdı, bəlkə də tapacağı bir balaca yeməyi balalarına aparacaqdı. O da bu dünyanın içində özünə balaca bir yer tapmağa çalışan canlı idi. Amma bir maşının təkərləri altında həyatı sona çatdı.
Mən burada hər bir heyvanın vurulmasını qəsdən törədilmiş hadisə kimi təqdim etmirəm. Yolda qəza baş verə bilər. Bəzən sürücü həqiqətən də heyvanı görməyə bilər. Amma söhbət qəzanın özündən sonra nə etdiyimizdən gedir. Söhbət insanın bir canlının əzab çəkdiyini gördükdə hansı münasibəti göstərməsindən gedir. Dayanmaq mümkündürmü? Kömək çağırmaq mümkündürmü? Ən azı, baş verənlərə biganə qalmamaq mümkündürmü? Əgər mümkündürsə, bəs niyə bəziləri bunu etmir? Hətta deyərdim ki, o pişiyin yerinə insan olsa idi, cəld kömək edərdi.
Deyirlər, tərbiyə ailədən başlayır. Razıyam. Uşaq anasının küçədəki heyvana necə davrandığını görür. Atasının zəif bir canlıya təpik vurduğunu, yaxud onu qorumaq üçün əyildiyini görür. Evdə heyvanlara qarşı deyilən sözləri eşidir. Böyüklərin mərhəmətini də öyrənir, qəddarlığını da. Uşağa yalnız insanları sevməyi öyrədib, başqa canlıların ağrısını hiss etməməyi öyrədiriksə, deməli, tərbiyənin bir tərəfini yarımçıq qoyuruq. Amma gəlin, hər şeyi ailənin üzərinə atmayaq. Çünki insanın davranışına təsir edən təkcə ailə deyil. Məktəb var, cəmiyyət var, müəllim var, qanun var. Uşağa düsturları, tarixləri, qaydaları öyrədirik. Onun gələcəkdə hansı universitetə qəbul olacağını, hansı peşəyə yiyələnəcəyini düşünürük. Bəs onun vicdanlı insan olub-olmayacağını nə vaxt düşünəcəyik? Mən istəyirəm ki, məktəblərdə VİCDAN DƏRSİ də keçirilsin.
Bəli, məhz vicdan dərsi... Uşaqlara yalnız doğru cavabı tapmağı deyil, doğru davranmağı da öyrədən bir dərs. Küçədə yaralı heyvan görəndə nə etmək lazım olduğunu, zəifə güc göstərməyin qəhrəmanlıq olmadığını, başqasının ağrısına gülməyin insanı böyütmədiyini öyrədən dərs. Bir canlını incitməyin, onu qorxutmağın, əzabına tamaşa etməyin nə demək olduğunu izah edən dərs.
Amma bu dərs yalnız uşaqlar üçün olmamalıdır. Çünki bəzən ən çox ehtiyacı olanlar elə özünü çoxdan tərbiyəli hesab edən böyüklərdir. Diplomları olan, vəzifə tutan, cəmiyyətdə hörmət qazanan, amma özündən zəif bir canlının ağrısına qarşı daşlaşan insanlar var. İnsanın savadı arta bilər, vəzifəsi yüksələ bilər, cibindəki pul çoxala bilər. Ancaq daxilində mərhəmət yoxdursa, bütün bunlar onun vicdanlı insan olduğunu sübut etmir. Hətta düşünürəm ki, vicdan dərsi qəddar insanların ən çox çəkinəcəyi dərslərdən biri olmalıdır. Çünki bu dərsdə insan başqasının arxasında gizlənə bilməz. Nə pul köməyə çatar, nə vəzifə, nə də gözəl danışmaq bacarığı. Burada insanın özünə verməli olduğu bir sual var: Mən gücüm çatanı etdim, yoxsa gücsüzün başına gələnə tamaşa edib keçdim?
Əlbəttə, bir dərs keçməklə bütün qəddarlığın aradan qalxacağını düşünmürəm. Vicdan kitabdan əzbərlənən bir mövzu deyil. Onu davranışla öyrətmək, nümunə ilə göstərmək, mərhəməti gündəlik həyatın bir hissəsinə çevirmək lazımdır. Məktəb bu işə başlamalı, ailə onu davam etdirməli, cəmiyyət isə biganəliyi normal qəbul etməməlidir. Çünki bu gün bir pişiyin ağrısına gülən uşaq sabah başqa bir zəifin əzabına da laqeyd qala bilər. Bu, hər kəsin mütləq belə olacağı demək deyil. Amma qəddarlığı əyləncə, laqeydliyi isə adi davranış kimi təqdim etdikcə, mərhəmət hissinin böyüməsinə özümüz mane oluruq.
Bir dəqiqə düşünün: o pişik sizin evinizdə böyütdüyünüz heyvan olsaydı, onun ağrı içində çapaladığını görmək sizə nə edərdi? Onun ölümünü eşidəndə ürəyiniz necə ağrıyacaqdı? Mənim ürəyim indi də ağrıdı. Bəs küçədə yaşadığına görə onun canı daha az dəyərlidir? Sahibinin olub-olmaması bir canlının ağrısını dəyişirmi? İnsan əli ilə bəslənən heyvanın həyatı qiymətlidir, küçədə doğulanınkı yox?
Mən o pişiyi xilas edə bilmədim. Bu fikir məni incidir. Kaş ki, o maşın dayanardı. Kaş ki, pişik çapaladığı o son saniyələrdə kimsə ona kömək edə bilərdi. Kaş ki, bu yazını yazmaq əvəzinə, həmin pişiyin sağ qaldığını danışa biləydim. Amma indi heç olmasa, bu hadisənin üstündən sakitcə keçmək istəmirəm. Çünki susduqca, belə hadisələri adiləşdirdikcə, sanki hər şey normal imiş kimi yaşadıqca, özümüzdəki mərhəməti də bir az itiririk.
Mən heç kimdən bütün heyvanları evinə aparmasını istəmirəm. Hər kəsin buna imkanı çatmaya bilər. Mən heç kimdən özünü qəhrəman kimi göstərməsini də istəmirəm. Mən sadəcə, bir canlının ağrısını görüb bunu əhəmiyyətsiz saymamağı istəyirəm. Yol qəzası baş veribsə, təhlükəsiz şəkildə dayanmaq, vəziyyəti yoxlamaq, lazım gəldikdə baytar və ya heyvanlara yardım göstərən qurumla əlaqə saxlamaq da insanlıqdır. Bəzən kömək etmək üçün böyük imkanlar yox, kiçik bir məsuliyyət hissi lazımdır.
Ay analar, atalar, uşaqlarınıza vicdanı da öyrədin. Onlara yalnız insanlarla necə danışmağı deyil, danışa bilməyənlərə necə davranmağı da göstərin. Müəllimlər, şagirdlərinizə yalnız imtahandan yüksək qiymət almağın yollarını deyil, həyat qarşısında məsuliyyət daşımağı da öyrədin. Məktəblər, proqramlarınızda mərhəmətə, heyvanlara münasibətə və məsuliyyətə yer ayırın. Cəmiyyət, qəddarlığı görəndə susmağı tərbiyə hesab etməyin. Bir daha deyirəm: VİCDAN DƏRSİ DƏ KEÇİLSİN!
Analar da keçsin bu dərsi, atalar da. Məktəblərdə də keçirilsin, universitetlərdə də. Həyatda hər şeydən dərs çıxarmağı bacaran insan öz qəddarlığından da dərs çıxarmağı öyrənsin. Çünki biz uşaqlara yalnız necə yaşamağı deyil, başqasının yaşamaq haqqına necə hörmət etməyi də öyrətməliyik. Bir gün elə bir cəmiyyətə çevrilməliyik ki, yolda can verən bir pişiyin qarşısından keçən insanın yadında yalnız tələsdiyi yer qalmasın. O, heç olmasa, bir anlıq dayansın və özündən soruşsun: Mənim insanlığım haradadır?
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
Azərbaycan kinosunun Oskar iddiası: "Tağıyev: Məktəb" filminin tarixi və beynəlxalq uğuru
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycanın zəngin kino tarixi son illərdə milli və bəşəri dəyərləri ehtiva edən irimiqyaslı layihələrlə yenidən dünya miqyasında diqqət mərkəzinə gəlmişdir. Bu ekran əsərləri arasında ən böyük rezonans doğuran layihələrdən biri, Bakı Media Mərkəzi tərəfindən istehsal olunan və dörd hissədən ibarət tarixi silsilənin yekun fəsli sayılan "Tağıyev: Məktəb" tammetrajlı bədii filmidir.
Rejissor Zaur Qasımlının ərsəyə gətirdiyi bu tarixi dram mühüm uğura imza ataraq, Amerika Kino Sənəti və Elmləri Akademiyasının təşkil etdiyi 99-cu "Oskar" mükafatlarında "Ən Yaxşı Beynəlxalq Bədii Film" kateqoriyası üzrə Azərbaycanın rəsmi namizədi seçilmişdir. Ekran əsəri rəsmi seçimdən sonra bu mötəbər mükafat uğrunda dünyanın 100-dən çox ölkəsinin iddialı filmləri ilə rəqabət aparmaq hüququ qazanmışdır.
Filmin süjet xətti xalqımızın yaddaşında dərin iz qoymuş böyük sənayeçi, neft maqnatı və dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yolunun ən çətin, lakin ən şərəfli mərhələsinə işıq tutur. Ekran işində əsas diqqət Tağıyevin XX əsrin əvvəllərində, xüsusilə 1905-ci ildə bütün çətinliklərə, dini və feodal xurafatın yaratdığı maneələrə sinə gərərək müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbini təsis etməsi prosesinə yönəlib. Ekran əsəri savadsızlığa qarşı mübarizə aparan, qadın təhsilinin bir millətin tərəqqisində və gələcəyində oynadığı fundamental rolu anlayan cəsarətli bir şəxsiyyətin iradəsini ön plana çıxarır. Təhsilin insan həyatını və bütöv bir cəmiyyəti dəyişdirmək gücü filmin əsas fəlsəfi fərziyyəsini təşkil edir.
Layihənin bədii keyfiyyəti və tarixi atmosferinin mükəmməlliyi güclü idarəçi və yaradıcı heyətin birgə əməyinin nəticəsidir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə çəkilən filmin baş prodüseri Arzu Əliyeva, prodüseri isə Orman Əliyevdir. İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlının ssenari müəllifi olduğu filmdə tarixi personajları olduqca böyük ustalıqla canlandıran peşəkar aktyor heyəti yer alıb. Baş rolda – Hacı Zeynalabdin Tağıyev obrazında Xalq artisti Pərviz Məmmədrzayev çıxış edir. Onun canlandırdığı təmkinli, müdrik və sarsılmaz xeyriyyəçi obrazı filmin dinamikasını yüksək səviyyədə saxlayır. Filmdə həmçinin Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və digər tanınmış sənətkarlar rol alıblar.
"Tağıyev: Məktəb" filminin "Oskar" platformasına namizəd irəli sürülməsi təkcə rejissor Zaur Qasımlının üst-üstə ikinci il Azərbaycanı bu yarışmada təmsil etmək uğuru deyil, həm də ölkə mədəniyyətinin qlobal müstəvidə təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Milli tariximizin ən mühüm maarifçilik hərəkatını Hollivud səviyyəsinə daşıyan bu film, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın mütərəqqi keçmişini və mədəni potensialını dünya kino ictimaiyyətinə nümayiş etdirmək üçün ən layiqli ekran əsərlərindəndir.
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
"Bir şair, bir şeir" - İlqar İsmayılzadənin “Tanrı ilə pıçıltı" şeiri ilə...
“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikasında bu gün sizlərə fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadənin sırf Azərbaycan türkcəsində qələmə alınmış, heç bir beyt, bənd və misrasında ərəb və fars sözlərindən istifadə edilməmiş şeiri təqdim edilir.
İlqar İsmayılzadə
TANRI İLƏ PIÇILTI...
Ey Tanrım, varlığın aydındır mənə,
İnancsız deyiləm ölməzliyinə.
Sən yaratdın məni bu aydın sudan,
Bu oddan, küləkdən, həm də torpaqdan.
Sən mənim görənim, eşidənimsən,
Sən mənim böyüyüm, tək güvənimsən.
Sən mənə əl tutub, bağışlayanım,
Çətin günlərimdə sənsən dayağım.
Mənə dəyər qatan, uğurlar verən,
Səninlə olmuşam düşünən, görən.
Sən güvənli Tanrım, mənsə bir kölən.
Etmə yaşamımı pisliyə dönən.
Hər bir yaranmışın yardımı sənsən,
Bir an əl götürməm mən ətəyindən.
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam”
XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
29—CU DƏRC
Pozulmaz sonsuz tarazlıq,
Düz gələr Allahın sözü,
Bir bu dünya, bir o dünya,
Tərəzinin iki gözü.
Biri ömür, biri ölüm...
Mən bilmirəm həyat bir ağrıdır, yoxsa həvəs. Bəlkə hər ikisinin birliyidir. Tərəzinin iki gözü...
Sən ayaqlarından şikayət edirdin. Ayaqların ağırlaşır, yerimək çətin olurdu Sənə. Bizə dedilər ki, Bakıya alman cərrahı gəlib, Leyla Şıxlinskaya Klinikasında qəbul edir. Qəbuluna gəldik. Ayaqlarını müayinə etdikdən sonra alman həkim dedi ki, ayaq damarların təcili əməliyyat olunmalıdır. Əməliyyatı ya Almaniyada, ya da Türkiyədə etməyi məsləhət gördü. Gündə nə qədər siqaret çəkməyinlə maraqlandı. Biləndə ki, gündə iki qutu yarım siqaret çəkirsən, dedi bir qutu azaldın, heç olmasa. Dedin ki, çalışacam, bunun mümkün olmadığını bilirdim. “Siqareti tərgitmək asandır, özüm 100 dəfə atmışam”. Mark Tvenin bu fikriylə yəqin siqareti tərgitmək istəyən hər bir kəs razılaşar. Deyirdin ki, özüm də ata bilmədiyimçün əziyyət çəkirəm. Bunu mən də görürdüm, ona görə susurdum.
Ev, aldığın müxtəlif markalı siqaret, tütün, siqarlarla dolu idi. Ürək əməliyyatından sonra da ata bilmədin. Keçdin elektron siqaretə (Əslində, onun zərəri daha çoxdur). O da müvəqqəti. Yadındadı, Tel-Əvivə uçanda elektron siqaretə asma aparatı deməyin? Həm gülməli, həm də çox kədərli bir vəziyyət... Təyyarə havaya təzə qalxmışdı, Sən elektron siqareti çıxardıb, bir-iki qullab vurdun, tüstü qalxdı, yanımızdan keçən gənc stüardessaya elektron siqareti göstərib: “Qızım, mən asma xəstəsiyəm, nəfəs ala bilmirəm, bu, nəfəs aparatımdır”, – dedin. Biçarə qız özünü itirmiş halda: “Əlbəttə, Vaqif müəllim, istifadə edin”, – dedi. Yaxşı ki, nə o stüardessa qız, nə də ki, salondakılar elektron siqaretin spesifik iyini duydular. Bəlkə də duyub, üzünə vurmadılar. Xəstəliyin bilinəndən sonra isə siqaretin birini söndürməmiş o birini yandırırdın, siqareti siqaretə calayıb çəkirdin. Əmziksiz dura bilməyən körpə kimi Sən də siqaretsiz dura bilmirdin. Buna baxmaq lap üzücü olurdu. Son günə kimi, “oynadın” siqaretlərlə, markalarını dəyişdin, başını qatdın. Bu siqaret yanğısı xəstəliyinin acısını unutdurmaq üçün idi, bilirəm. Son günlər mən yandırırdım siqaretini.
- Nuşa, birdən öyrəşdirərəm səni...
- Öyrəşmərəm.
- Amma yaraşır sənə, – deyib, üzümə gülümsündün.
Bir məqam axtarırdın elə bil mənə bir xoş söz deməyə. Demədiklərini bəzən həsrətli baxışların deyirdi...
Ayaq damarlarının əməliyyat olunmasıyla bağlı Azərbaycan Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra Səni Ankaradakı Türkiyə Yüksək İxtisas və Araşdırma Sağlıq Xəstəxanasına göndərdilər. Və 2011-ci ilin iyun ayından 2014-cü ilin sonuna kimi bizim Bakı, Ankara, Tel-Əviv xəstəxanalarından imdad dilədiyimiz dövr başladı...
2011-ci il iyun ayının 18-də biz Ankaraya gəldik. Türkiyədə bizi Azərbaycan səfirliyinin nümayəndəsi Dursun Həsənov qarşıladı. Xəstəxanada bizi Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi gözləyirdi. Böyük, işıqlı bir otaqda yerləşdirdilər bizi. Çarpayıdan əlavə böyük dəri bir divan da vardı otaqda. Sən bir sanitar oğlan tapıb, ona pul verdin. Yaxınlıqdakı bazardan elektrik çaydanı, iki fincan, çay, qəhvə, qənd aldırdın. Çay, qəhvə çox içdiyindən, həm də rahatlıq sevdiyindən lazım olan əşyalar əlinin altında olmalı idi.
Həmin gündən Sənin müayinən başlandı. Dopler, qan analizi...
Səhəri gün bazar idi. Xəstəxanaya mənim Türkiyədəki qohumum, atamın xalası oğlu Altay gəldi. Bizim Ankarada olduğumuzu Altaya Ankarada yaşayan bacım Esmiranın kiçik qızı Əzizə xəbər vermişdi. Bakıda Dillər Universitetinin İngilis dili fakültəsini bitirmiş İbrahim Tarpıcı ilə ailə qurduqdan sonra ərinin təyinatıyla Türkiyənin bir neçə əyalətini gəzib-dolaşdıqdan sonra Ankarada məskunlaşmışdılar. Səni Altayla tanış etdim. Uzun illər hüquqşünas kimi çalışmış 77 yaşlı Altay artıq təqaüddə idi. İki il idi arvadını itirmişdi. Sən Altayçün dedin: “Qluboko odinokiy çelovek...” (Çox yalqız adamdır). O, bizi maşınında Əzizəgilə apardı. Gəlişimizə çox sevinirdi Əzizə, İbrahim, onların iki oğlu: Arif və Cəmil. İbrahim Sənin şeirlərini sevir, gözəl təhlil edir.
Altayın maşını ilə xəstəxanaya döndük. Xəstəxananın həyətində bizi mənim vəfalı, mehriban dostum, Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsində birgə çalışdığımız dövrdən tanıdığım, xeyli müddətdir Türkiyədə işləyib ailə quran Səriyyə Gəncəliyeva və onun alicənab həyat yoldaşı Adil Tamer gözləyirdi.
Səhəri ağır gün oldu. Ayağında anju etdilər. 3-4 saat bir yerdə uzanmaq çətindir. Ürəyində problem var, dedilər. Şəkərin yüksəkdir. Sabah ürəyini də anju etməlidirlər.
Ürəyini anju etdilər. Əziyyət çəkirsən səssiz-səmirsiz.
Səriyyəylə Adil gəldilər. Səriyyə dedi ki, Gülhanə Klinikasında Anar Əmrahov adında həmyerlimiz işləyir. Gənc, istedadlı kardioloqdur. Axşam onunla gələcəyini bildirdi. Anar həkim və türk həkimi anjunun nəticəsiylə gəldilər. Anar həkim dedi ki, açıq ürək əməliyyatı olunmalıdır. Şuntlama... Ayağın üçün gəldik, ürək problemin tapıldı. Anar həkim əməliyyatın təxirə salınmadan yerinə yetirilməli olduğunu dedi. Klinikanın türk həkimləri də gəlib çıxdılar. Onlar da əməliyyatın vacibliyini vurğuladılar. Sən boyun qaçırdın bu xəstəxanada əməliyyat edilməkdən. Anar həkim Səni Gülhanəyə keçirib, əməliyyatın orada keçirilməsini təklif etdi. Bütün edilən təkidlərə baxmayaraq, Səni fikrindən döndərmək mümkün olmadı. “Bakıya qayıdıram, - dedin, - müayinəyə qürbət ölkə, əməliyyata vətən yaxşıdır...”.
Sonradan mənə orada əməliyyata razılıq verməməyinin səbəbini dedin: “Nuşa, sənə yazığım gəldi. Təsəvvür et ki, əməliyyat vaxtı mən ölürəm və məni qoyurlar morqa. Sən morqun qabağında ağlayıb, özünü öldürürsən, ancaq buna türk həkimləri məhəl qoymurlar. Dərdinlə baş-başa qalırsan başqa ölkədə...”.
Türk həkimlərinin peşəkarlığına söz ola bilməz, ancaq bizim həkimlərdən fərqli olaraq onlar soyuqqanlıdırlar. Sən də bunu hiss edib, o nəticəyə gəlmişdin. Xəstəxanada olduğun müddətdə bir gün siyasətçi Hikmət Çətin, səhəri gün Türkiyənin o zamankı baş nazirinin müavini Cəmil Çiçək Sənə baş çəkdilər. Onların Sənin xəstəxanada olduğundan hardan xəbər tutduqları bizə məlum olmadı. Xəstəxana ab-havasından çıxmaq üçün 2-3 gün Ankarada qalmaq istədin. Xahiş etdin, Dursun şəhərin mərkəzində, xudmani “Tunalı” hotelində bizə yer bron etdi. Uzun illərdir Ankarada çalışan mənim məktəb və tələbəlik illərimin can dostu Rəhilə Şükürova (Süleymanova) bizim Ankarada olduğumuzdan xəbər tutan kimi, özünü hotelə çatdırdı. Ona xəstəxanada olduğumuzu demədiyim üçün umu-küsü etdi. Bir yerdə nahar edib, şəkillərimizi çəkdikdən sonra Sən bizi tək buraxıb, hotelə dincəlməyə getdin. 2013-cü ilin yayında Rəhilə kiçik oğluna Bakıda toy etdi. Bizi də çağırdı. O bilirdi Sənin xəstə olduğunu. Dedi: “Nuşa, sən mənim atalı-analı günlərimin, gənclik illərimin yadigarısan, heç olmasa özün gəl”. Sən də dedin: “Get, eynin açılsın”. Dedim: “Baxarıq”. Ancaq bilirdim ki, getməyəcəm. Toya bir həftə qalmış Rəhiləyə toya gələ bilməyəcəyimi dedim. O, incik halda: “Heç olmasa bir saatlıq gəl...” – dedi. Gedə bilmədim. Sənə toya getməyəcəyimi deyəndə sevindin: “Hə, getmə, yanımda ol...”.
Bir müddət sonra Rəhilə ilə Bakıda görüşdük. O, toyun necə gözəl keçməsindən danışdı və mənim orada iştirak etmədiyim üçün təəssüfləndiyini dedi. Səni xəstə vəziyyətdə qoyub, toy məclisində rahat otura bilməyəcəyimi anlatmağa çalışdım. Amma Rəhilə məni başa düşmək istəmədi. “Heç olmasa, bir saatlıq gələ bilərdin”, – dedi.
Sənin çox qabaqlar yazdığın şeirdəki bu bənd mənim haqlı olduğumu göstərmirmi?
...Kaman süzüb, tar oynayıb,
Mən xəstəykən yar oynayıb.
Aramızda qar oynayıb,
Qaralanıb, de neyləyim?
2018-ci ilin aprelində Ankaradan Rəhilənin ölüm xəbərini almaq həm gözlənilməz, həm də çox üzücü oldu. O, Bakıda atasının, qardaşının yanında torpağa tapşırıldı. Rəhiləylə yaddaşımın bir küncünə sığınmış məktəb, tələbəlik çağlarının dadı, duzu da getdi. Onunla birgə dəfn etdim o gözəl, qayğısız illərin xatirələrini...
İyunun 25-də biz Ankaradan vətənə döndük.
2011-ci il 30 iyun. Neftçilər Xəstəxanasındayıq. Sənə Rəşad Mahmudovun əməliyyat etməsini məsləhət görüblər. İkiotaqlı palatadayıq. Hər rahatlığı var. Müayinələr başlandı. Pankreatitdən bir həftə müalicə olunmalısan. Əməliyyat qabağı əhval-ruhiyyən yaxşıdır. Bu məni sevindirir. Sənin məsuliyyətli anlarda özünü tez bir zamanda toplamağın, qətiyyətli olmağın mənə də güc verir. 12 iyul səhər saat 10:00-da əməliyyatdır. Bir gün qabaq əməliyyata hazırlıq oldu. Sanitar hamamda döş qəfəsindəki tükləri qırxdı. Zarafat etmək üçün fürsəti qaçırmadın, o saat dedin: “Oldum lap broyler toyuğu...”.
Əməliyyatın haqda ancaq yaxın qohumlar bilirdi. Palatada oturub, nəticəni gözləyirdik. Əməliyyatı Rəşad Mahmudov və Seymur Musayev etdilər. Uğurlu keçdi əməliyyat. Rəşad doktor palataya gəlib, bizə gözaydınlığı verdi. Tel-Əvivdə müayinə olunduqda dünyaca məşhur kardioloq (adını unutmuşam) ürək əməliyyatının harada olunmasıyla maraqlandı. “Bakıda”, – dedik. Kardioloq: “Çox uğurlu olunub”, – dedi.
Sən reanimasiya otağındasan. Mən palatada Sənin narkozdan ayılmağını gözləyirəm. Sanitar gəlib, Sənin özünə gəldiyni, məni görmək istədiyini dedi. Məni görən kimi su istədin. Çox su içməyə qoymurdular, ağciyərlərinə su yığılmasın deyə. Əziyyət çəkirdin. Səhər eyni mənzərə. Daima su içmək istəyin. Rəşad doktor müayinədən sonra Sənə su içməyə icazə verib, deyib ki, dəyməyin onun xətrinə. İki gün sonra Səni palataya keçirtdilər. Əməliyyatdan sonrakı mərhələ çox ağır, əzablı keçdi. Narkozun təsiri davamlı oldu. Ancaq şükür edirdik, çəkdiyin fiziki, mənəvi əziyyətlər arxada qalır. Yavaş-yavaş özünə gəlirdin, həyata qayıdırdın. Sən demə, bu çəkəcəyimiz iztirabın, əziyyətin hələ əvvəli imiş... sonu görünmyən əzabın əvvəli...
2012-ci il həyatımızın xoş məqamı kimi Sənin haqda (həyatın, yaradıcılığın, taleyin haqda) “Posle menya ostanetsya more” (“Məndən sonra dəniz qalacaq”) adlı kitabın işıq üzü görməsi oldu. Kitabın müəllifi filoloq Şövkət Keramovadır. Kitabın redaktoru şair-tərcüməçi Siyavuş Məmmədzadənin etdiyi əlavələr bu əsəri daha da zənginləşdirmişdi.
Kitabın təqdimatı Nizami küçəsindəki “Əli və Nino” kafesində keçirildi. Yer balaca, adam çox, səmimi, isti ab-hava. Kimsə dedi: “60-cı illərin ruhundadır bu təqdimat...”. Anar kitabı belə səciyyələndirdi: “Posle menya ostanetsya more” kitabı çox dəyərli kitabdır. Çünki bizim ədəbiyyatda yazıçının sağlığında yazılan ilk sənədli-bədii əsərdir...”. Kitabın redaktoru şair-tərcüməçi Siyavuş Məmmədzadə dedi ki, Vaqif Səmədoğlu polifonik şəxsiyyətdir. Mən hətta deyərdim o, orkestr adamdır... Mehriban Zəkinin qopuzla Sənin “Heç kəsə demə...” şeirini fərqli, düşüncəli, duyğulu səsləndirməsi gecəyə xüsusi ab-hava qatdı. Rüstəm İbrahimbəyov Moskvadan olan rusiyalı telereportyor Mixail Deqtyarla gəldi. O, Bakı haqda çəkdiyi sənədli filmə bu təqdimatdan da süjet daxil edəcəyini bildirdi.
Həmin ilin yaddaqalan günlərindən biri Norveç səfirliyinin təşkil etdiyi gecə oldu. Norveç səfirliyi ilk dəfə azərbaycanlı şairlə – Səninlə görüş keçirmək istədiyini bildirdi. İngiliscə şeirlərinlə internetdən tanış olublar. Sentyabra planlaşdırılan görüşü Sən çox nəm-nüm edəndən sonra noyabra təyin etdilər. Əvvəl səfirin gənc, məlahətli xanımı Astrid və tərcüməçi ilə bir kafedə görüşdük. Gecənin təfərrüatlarını dəqiqləşdirdik. Görüş noyabrın 30-da onların oturduqları evdə təşkil olundu. “Azərbaycan” kinoteatrının yanında yerləşən bu evdə vaxtıyla Azərbaycanın birinci katibi İmam Mustafayev yaşayıbmış. Səni uşaqlıq, gənclik xatirələrinin qoynuna atdı bu ev... Gecədə Avstriya, Yaponiya, Rumıniya, Mərakeş, Gürcüstan səfirləri, başqa səfirlik nümayəndələri iştirak edirdi. Həmin gecədə xanımıyla iştirak edən Səlim Babullaoğlu xatırlayır: “...Vaqif müəllim giriş çıxışı elədi. Bu çıxış təkcə Vaqif Səmədoğlunun şair kimliyinin təqdimatı deyildi, həm də çağdaş Azərbaycan poeziyasının təqdimatı idi... Bu qısa çıxış ədəbiyyat tarixindəki onlarla şairin Nobel nitqindən daha maraqlı idi. Müasir Azərbaycan insanının nitqini poetik həddə qaldırmışdı, yaxud şeiri gündəlik və daha səmimi nitq qədər alçaqkönüllü eləmişdi Vaqif Səmədoğlu. Şair üçün isə bundan böyük nailiyyət yoxdur”.
21 dekabrın 2012-ci il dünyanın sonu deyilən gün. Bəşəriyyətin qorxuyla, həyəcanla gözlədiyi gün. Yemək-içmək tədarükü görənlər çox idi. Bakıda da alhaal idi, ət, toyuq, balıq konservi, şam, suxarı, su tədarükü görülürdü. Son gələndə bir göz qırpımında, ani bir vaxtda hər şey bitir. İnsanlar bunu bilsələr də, yenə də ümüdlərini xilas ola biləcəklərindən üzmək istəmirlər... Səhəri gün Olqa Moskvadan zəng etdi. Dünyanın dağılmaması münasibətilə bir-birimizi təbrik etdik. Olqa dedi ki, biçarə, yaşlı anası axşam düşdükdə göy üzünün qızarmasını dünyanın axırı zənn edib, qorxmuş halda qızına zəng edərək: “Olqa, naçinaetsya. Nebo krasnoe, çto delat?”, – deyib. (Olqa, başlayır. Göy üzü qırmızı rəngdədir, neyləyim?)
Bəlkə də Yaradan o ümidlə biz insanlara yaşamaq haqqı verdi ki, dəyişək, mənən yüksələk...
2013-cü il – Qara ilan ili...
İlin əvvəlində beş günlük Qəbələyə getdik. “Qafqaz Resort Hotel”də qaldıq. Ağırlaşmısan... Qayıdandan sonra USM, qan analizi etdik. Hər şey normal çıxdı.
2013-cü ilin aprel ayında Sənin ad günün üçün bir albom çıxartmaq istəyirdim çəkdiyin fotolardan. Bu istəyimi Sənə bildirəndə, dedin: “Bəlkə deyimlərimdən ibarət bir kitab çıxardasan?” -Yadımdadı, Sənin “Azadlıq”qəzetində (1989-1991-ci illərdə qəzetin baş redaktor müavini idin), “Oğuz eli”ndə (1992-1994-cü illərdə qəzetin baş redaktoru idin) Təmkin Səbirli adıyla dərc etdirdiyin ictimai-siyasi məzmunlu satirik, yumoristik zərb - məsəllərin, maraqlı deyimlərin.Tez bir zamanda deyimlərini, hikmətli ifadələrini yığıb, ön söz də yazdım. Aydın Abdullazadəyə çap üçün verdim. Adını “Müdriklərlə üz-üzə” qoydum. Aydından xahiş etdim ki, kitabın nəşrini Sənin ad gününə kimi çatdırsın. Aydın söz verdi və sözünə əməl etdi. 5 iyuna, ad gününə bir neçə gün qalmış kitab artıq evdə idi. Ancaq onun sevincini yaşaya bilmədik. Qapımızı dərd döydü...
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)
"İldırımötürən"in müəllifi Əli Əmirli
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, tələbələr ona böyük sevgi ilə yanaşırlar. Tetarlarda pyesləri qoyulur, böyük maraq doğurur. "İldırımötürən" povesti ədəbi ictimaiyyət və oxucular tərəfindən böyük rəqğbətlə qarşılanıb. Ziyalı kimi də böyük hörmət və ehtirama malikdir. Söhbət Əli Əmirlidən gedir. Bu gün doğum günüdür, 78 yaşı tamam olur.
Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləyib, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil alıb. Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış edib.
1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləyib. 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışıb. 1974–1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olub, leytenant rütbəsi ilə tərxis edilib.
Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olub, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunub, kitabları dövlət nəşriyyatlarında nəşr edilib. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik edib. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür.
1990-cı ildən başlayaraq Əli Əmirli yaradıcılığını dramaturgiyaya yönəldib. Onun 30-dan çox səhnə əsəri ölkənin, demək olar ki, bütün teatrlarında və 10-a yaxın xarici ölkə teatrında tamaşaya qoyulub. Ölkənin baş teatrı olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının son 30 illik repertuarında Əli Əmirli imzası görünməkdədir. Dramaturq 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
2000-ci ildən başlayaraq Əli Əmirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, əvvəl müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb, gələcək kinoşünaslara və kinodramaturqlara dramaturgiyanın sirlərini təlim edib. 2018-ci ildən Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professorudur.
Əli Əmirli 1971-ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edilib. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən yuxarı hekayənin müəllifidir.
Kitabları
1. Bir qış günü (hekayələr)
2. Yeddi hekayə
3. İldırımötürən (povest)
4. Axirətdən qabaq gəzinti (roman)
5. Haram (roman və povest)
6. Meydan (roman)
7. Ölü doğan şəhər (roman)
Pyesləri
1. Ərizə
2. Meydan
3. Tiran və aktyor
4. Ağqoyunlular və Qaraqoyunlular
5. Bala bəla sözündəndir?
6. Xoşbəxt gün
Əli Əmirli 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)


