Super User

Super User

Nail Zeyniyevin ilk şeirlərini portalımızda paylaşan kimi onun pərəstişkarları olan oxucu kütləsi formalaşdı. Sonrakı paylaşımlar artıqü bəlli auditoriya yığdı. Bu onun yeni şeiridir. Yenə də təəccübləndirməyi bacardı Nail bəy.

 

 

 

Boynuma yazılmış günahlar mənim,

Düşmənə qurulmuş cinahlar mənim.

Fəryadlar, nalələr, o ahlar mənim —

Çiynimin yüküdür, daşıyacağam.

 

Hələ qazanmamış uğur görürəm,

Qan-yaşa bulanmış cığır görürəm,

Üstünü kol basmış çuxur görürəm —

Özümün qəbrimdir, qaşıyacağam.

 

Kimləri basdırdım, eh, diri-diri...

Arxamca sürünür kölgədə biri.

Qırıldı qəlbimin haqq, güman yeri —

Mən elə bu dərdlə yaşayacağam.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.

 

Marşal Qoldsmit «Başından uca tullan»

Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.

Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!

Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.

Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!

Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə  biznes liderləri təcrübədən keçiriblər.

Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb.

«The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.

 

“Ədəbiyyat və incəsənət

(14.04.2025)

 

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

1969-cu ildə Arif Babayevin ekranlaşdırdığı "Uşaqlığın son gecəsi" filmi barədə danışmaq istəyirəm.  

Filmdə mərkəzi fiqurlar olan Murad və Rüstəmin  hekayəsindən söhbət açılır.

 

Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır.

Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.

 

Film haqqında

• Filmin hazırlıqlarına 1967-ci ildən başlanılır və 1968-ci ildə çəkilişlərə start verilir. Film 6 aya çəkilib. 1969-ci ildə ekranlara çıxmışdır.

• Film aktyor Səməndər Rzayevin kinoda ilk işidir.

• Filmin bəstəkarı, xalq artisti Polad Bülbüloğludur. Final səhnəsindəki "Gəl, ey səhər!" rejissora elə təsir etmişdi ki, bəstəkara "Görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək" deyib. Filmdə eyni zamanda The Beatles qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib.

• Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük Qala küçəsində lentə alınıb və bu zaman filmdə ayaqqabı ustası öz köşkündən çıxaraq Muradı səsləyir. Həmin ayaqqabı ustası Əhməd dayının işlətdiyi köşk, həqiqətən də, pinəçi köşkü idi. Həmin köşk uzun illər İçərişəhərdə fəaliyyətdə olub və ayaqqabı ustası Məmməd kişi həmin köşkdə çalışıb. O, populyar müğənni Elarizin atasıdır.

• Filmin ilk səhnələri İçərişəhərdə Şirvanşahlar sarayının yanındakı məhəllədə aparılıb. Digər ev səhnələri isə Prezident Administrasiyasının arxasındakı məhəllədir. Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb. Tikinti səhnəsi indiki Milli Məclisin binası yerləşən yerdir. Daha sonra ət kombinatında, “Yaşıl teatr”da, bulvarda, şəhərin küçələrində, binaların girişlərində çəkilişlər aparılıb. Yeməkxana səhnəsi kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib.

• Filmdə məşhur Davud obrazı rejissorun qardaşı Akifin prototipidir. Akif özü də quş saxlayan və baməzə adam olduğu üçün Arif Babayev Davudun timsalında qardaşının surətini filmə gətirib. Məmmədsadıq Nuriyev də Akifi yaxşı tanıdığı üçün obrazı məharətlə yaradıb. Nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Elya obrazını yaradan Meqi Kejeradze Gürcüstandan dəvət olunmuşdur. Megi Kejeradze 1960-65-ci illərdə Tbilisi Xarici Dillər İnstitutunda təhsil alıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

Bazar ertəsi, 14 Aprel 2025 14:34

Zəngin, dadlı-ləzzətli Şamaxı mətbəxi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şamaxı mətbəxi Azərbaycanın zəngin və qədim kulinariya ənənələrini əks etdirən bölgə mətbəxlərindən biridir. Qafqaz dağlarının ətəyində yerləşən bu bölgə həm təbii sərvətləri, həm də mədəni irsi ilə fərqlənir. Şamaxı mətbəxində həm ət yeməkləri, həm də təbii məhsullardan hazırlanan ləzzətlər mühüm yer tutur.

 

Şamaxı mətbəxinin bəzi məşhur yeməkləri:

 

1. Piti – Balqabaq, noxud, qoyun əti və quyruq yağı ilə gil qabda bişirilən milli yeməkdir. Şamaxı usulunda bəzi fərqli ədviyyatlar da əlavə olunur, bu da Şamaxı pitisini fərqləndirir.

 

2. Düşbərə – Kiçik ölçülü, ətlə doldurulmuş xəmirdən hazırlanan bu şorba həm ləzzətli, həm də doyumludur.

 

3. Sürhüllü – Ət bulyonunda bişirilmiş ev xəmiri, üstünə sarımsaq və sirkə əlavə edilərək yeyilir.

 

4. Qutab – Ətli, göyərtili və ya balqabaqlı içliklərlə hazırlanır.

 

5. Ərik turşulu bozbaş – Şamaxıya məxsus ləzzətlərdən biridir. Ərik turşusu yeməyə xüsusi dad verir.

 

6. Şirəli plov – Meyvələrlə və ya şirniyyatlı əlavələrlə bəzədilən plov növüdür.

 

7. Xəngəl - Şamaxı mətbəxində xəngəl kimi xəmir yeməyi də geniş yayılıb.

 

8. Toyuq ləvəngi - Ləvəngi əsasən Lənkəran bölgəsi ilə tanınsa da, Şamaxıda da xüsusi tərzdə hazırlanır. Soğan, qoz, nar şərbəti və müxtəlif ədviyyatlarla doldurulmuş toyuq sobada bişirilir. Ləzzətli və ətirli olur.

 

9. Ərməki aş - Bu, Şamaxıya xas olan maraqlı düyü yeməyidir. Ərmək (xırda yaşıl noxud növü) ilə düyü birgə bişirilir, bəzən üstünə kərə yağı əlavə olunur. Xüsusilə kənd toylarında və xüsusi günlərdə süfrəyə verilir.

 

10. Şamaxı dolması - Üzüm yarpağından hazırlanan dolmalar fərqli ədviyyat qarışıqları ilə seçilir. 

 

Qoyun əti, düyü, göyərti və bəzən qozla bəzədilir.

 

11. Doğramac - Yay aylarında çox məşhur olan bu yemək qatıq, göyərti, soğan və xıyarla hazırlanır. Bəzən qayğanaq doğranaraq əlavə edilir.

 

 

Şirniyyatlar və içkilər:

 

*Paxlava və şəkərbura* – Novruz bayramında hazırlanır, bölgənin ənənəvi şirniyyatlarındandır.

 

*Ətirləndirilmiş təbii meyvə kompotları və mürəbbələr* – Şamaxının bağlarında yetişən meyvələrlə hazırlanır. Şamaxının meyvələri (xüsusilə alma, armud, albalı) ilə hazırlanan şərbətlər və kompotlar süfrələrdə mühüm yer tutur.

 

*Şamaxı şərabı* – Təbii ki bölgənin kulinariyasında süfrə şərabı mədəniyyəti xüsusi yer tutur. Min illik ənənəsi olan Şirvan şərabçılığı dünyaca məşhurdur. Mədrəsə və Meysəri – buranın əsl şərab mərkəzləridir.

 

Çörək və təndir mədəniyyəti

 

Şamaxıda təndir çörəyi çox məşhurdur.

Əllə yoğrulan xəmir xüsusi təndirdə bişirilir. Bəzi kəndlərdə bu çörəyə zirə və ya digər ədviyyatlar əlavə edilir.

 

Şamaxı kulinariyası həm təbii iqlim şəraitindən, həm də tarixi və mədəni təsirlərdən bəhrələnir.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Sağ olarkən quşlar qarışqaları yeyir. Quş öləndən sonra qarışqalar onu yeyir. Sadə, lakin dərindən düşündürücü bir həqiqət gizlənir bu cümlədə. Təbiətin, həyatın, bəlkə də, kainatın yazılmamış qanunudur bu: Hər şey bir-birinə bağlıdır və heç nə sonsuz gücə sahib deyil.

 

Bir gün səmada azadcasına qanad çalan quş torpağın üstündə qaçan kiçik qarışqanı ovlayır. Onu yediyində özünü qalib sayır. Güclüdür, çevikdir, havadadır. Amma zaman keçər, küləklər dəyişər, həyat tərsinə dönər. O quş da ölər və bu dəfə torpağın dərinliyindən çıxan yüzlərlə qarışqa onun ətini yeyər. Eyni dünya, eyni planet, eyni həyat – başqa rollarda, başqa vəziyyətdə.

Bu, sadəcə bioloji bir tarazlıq yox, eyni zamanda insana dərs verən bir metaforadır. Həyatda üstün olanlar, özünü toxunulmaz sayanlar, “mən yuxarıdayam, digəri aşağıda”- deyənlər bir gün eyni torpağa qarışırlar. Güclü zəifi, varlı kasıbı, vəzifəli adi insanı yediyində zaman susur. Amma zaman unutmur. O, yadda saxlayır. Və vaxtı gələndə hər şeyi yerinə qoyur.

Bəlkə də, elə buna görədir ki, insan təvazökar olmalı, etdiyi hər hərəkətin sonrasını düşünməlidir. Bu gün sən zirvədəsən, sabah isə səssiz bir torpağın dərinliyində. Bu gün sənin sözün qanundur, sabah isə susqun bir daşın altında olacaqsan, adını belə xatırlayan olmayacaq.

Qarışqalar öz işlərini görür. Təkbaşına çox zəifdirlər, amma birlikdə dağlar aşarlar. Quş isə təkdir, sərbəstdir, amma ölümsüz deyil. Təbiət bir tərəzidir – orada hər şey ölçülür, hər şey balanslanır.

 

Bu yazı bir xəbərdarlıq deyil, bir xatırlatmadır. Hər kəs bir gün sıraya düzüləcək. Kimin nə yediyi, kimin nə geyindiyi, kimin necə yaşadığı yox, kimin necə davrandığı, nə qədər yaxşılıq etdiyi, kimlərə əl uzatdığı yadda qalacaq.

Unutma: quş da, qarışqa da həyatın iştirakçısıdır. Heç kim həmişə yuxarıda, heç kim həmişə aşağıda qalmaz. Əsas odur ki, harda olursansa, ol, ədalətli ol, mərhəmətli ol. Çünki fırlanan dünya bir gün səni də yerini dəyişməyə məcbur edəcək!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Vantroloq (və ya vantrolog) – səhnədə kuklalarla çıxış edən və danışarkən dodaqlarını tərpətmədən səsini idarə edən bir sənətkardır. Tamaşaçılarda elə təəssürat yaranır ki, sanki danışan kukladır, insan deyil. Bu sənət Türkiyədə "karnından danışmaq" (yəni qarından danışmaq) adı ilə də tanınır. Vantroloqlar müxtəlif səslərlə kukla obrazlarına fərqli xarakterlər verirlər və tamaşalar yaradırlar. Əyləncə dünyasında, xüsusilə uşaqlar üçün maraqlı və sevilən bir performans növüdür. Məhz Türkiyə təcrübəsinə əsaslanaraq bu sənət barədə danışacağıq.

 

Necə vantroloq olmaq olar?

 

1. Bacarıq inkişafı:

Vantroloq olmaq üçün ilk növbədə dodaqları tərpətmədən danışmağı öyrənmək lazımdır. Xüsusilə “B”, “F”, “M”, “P”, “V” kimi səslər çətin hesab olunur və xüsusi texnika ilə öyrədilir.

 

2. Təlim və Məşq:

Peşəkar vantroloq olmaq üçün mütəmadi məşq vacibdir. Bəzi universitetlər və akademiyalar bu sahədə kurslar və təlimlər keçirir. Bu kurslarda səs texnikası, kukla idarəsi və səhnə davranışı öyrədilir. Məsələn Karabük Universiteti və  İstanbul Gedik Universiteti bu sahədə təlimlər təşkil edir.

 

3. Yaradıcılıq və Doğaçlama:

Vantroloqlar doğaçlama bacarığına malik olmalıdır. Kuklalarla dialoq qurmaq, fərqli səs tonları ilə fərqli kukla xarakterləri canlandırmaq və tamaşaçını əyləndirmək əsasdır.

 

4. Səhnə Təcrübəsi:

Təcrübə qazanmaq üçün tədbirlərdə, məktəblərdə, tədbirlərdə çıxış etmək faydalıdır. Hər çıxış yeni təcrübə və bacarıq deməkdir.

 

Vantroloqluqda istifadə olunan kuklalar

 

Vantroloqlar müxtəlif növ kuklalardan istifadə edirlər. Bunlar arasında:

Əl kuklaları: Əl ilə idarə olunan sadə kuklalardır.

Mexaniki kuklalar: Göz, ağız və bəzən əlləri hərəkət edə bilən kuklalardır. Bu cür kuklalar tamaşalara daha çox canlılıq qatır.

 

Təbiətə bənzər kuklalar: İnsan və ya heyvan formasında olan, daha real görünüşlü kuklalardır. Tamaşa zamanı kukla ilə vantroloq arasında sanki canlı bir dialoq yaranır.

 

Vantroloqun səhnə hazırlığı

 

Hər vantroloqun çıxışı xüsusi ssenariyə əsaslanır. Bu ssenarilərdə zarafatlar, situasiyalar və tamaşaçı ilə interaktiv səhnələr olur. Həmçinin vantroloq bir neçə kukla obrazı ilə çıxış edə bilər, hər birinin səsi və şəxsiyyəti fərqli olur.

 

Məsələn:

- Bir kukla gülməli və dəcəldir.

- Digəri ağıllı və ciddi danışır.

- Başqası yerli dialektdə danışa bilər.

Bu müxtəliflik tamaşanı daha maraqlı edir və vantroloqun peşəkarlığını göstərir.

 

Uşaqlar və böyüklər üçün Vantroloqluq

 

Uşaqlar üçün: Kuklalarla nağıllar danışmaq, əxlaqi dərslər vermək, əyləncəli dialoqlar qurmaq çox effektlidir.

Böyüklər üçün: Sosial mövzulara toxunan, yumorlu, bəzən satirik çıxışlar təqdim oluna bilər.

 

Başlamaq üçün nə lazımdır?

1. Sadə bir əl kuklası alın və ya özünüz düzəldin.

2. Kuklaya ad, xarakter və səs verin.

3. Güzgü qarşısında dodaqları hərəkət etdirmədən danışmağa çalışın.

4. Qısa səhnələr quraraq məşq edin – məsələn, kukla ilə dialoq.

5. Çıxışlarınızı video ilə qeyd edib analiz edin.

 

Başlanğıc üçün sadə məşqlər

 

Vantroloqluqda ən vacib məsələ dodaqları hərəkət etdirmədən danışmaqdır. Xüsusilə bəzi hərflər çətinlik yaradır. Budur, bu bacarığı inkişaf etdirmək üçün bir neçə məşq:

1. Dodaqsız danışma məşqləri

Aşağıdakı cümlələri güzgü qarşısında tələffüz edin və dodaqlarınızın hərəkət etmədiyinə əmin olun:

- “Salam, mən sənin dostunam!”

- “Bu gün hava çox gözəldir, elə deyilmi?”

- “Mən şokolad yeməyi sevirəm!”

2. Əvəzedici səslər

Dodaq hərəkətinə səbəb olan səsləri aşağıdakı kimi əvəz etməyi öyrənin:

B → D

P → T

M → N

Məsələn, “Baba” əvəzinə “Dada”, “Papa” əvəzinə “Tata”, “Məmnunam” əvəzinə “Nənnunam” kimi deyərək məşq edin.

3. Kuklanın səsini tapın

Kuklanı əlinizə alaraq onun danışıq tərzini müəyyən edin:

- Hündür səsli, enerjili?

- Alçaq tonlu və sakit?

- Dialektli və ya spesifik aksentli?

Səs tonunu tapdıqdan sonra sadə sual-cavablarla məşq edin:

-Sən kimsən? – Mən Dodo kuklayam!

-Necə hiss edirsən özünü?– Çox şadam, çünki səhnədəyəm!

 

Səhnə Performansı üçün tövsiyələr

 

1. Tamaşaçı ilə təmas qurun: Kukla vasitəsilə zarafatlar edin, suallar verin.

2. Göz kontaktı saxlayın: Tamaşaçı ilə deyil, kukla ilə danışın – bu daha inandırıcı görünür.

3. Ssenari yazın: Kuklanın kim olduğu, nə danışacağı və tamaşanın başdan sona quruluşunu əvvəlcədən planlaşdırın.

4. Çeşidli xarakterlər yaradın: Əgər birdən çox kukla istifadə edirsinizsə, hər birinin fərqli danışıq tərzi və şəxsiyyəti olmalıdır.

 

İlhamverici nümunələr

 

Dünyada tanınmış vantroloqlar arasında:

*Jeff Dunham* – Böyüklər üçün komedik çıxışları ilə tanınır.

*Terry Fator* – Musiqi və komediyanı birləşdirən çıxışları ilə məşhurdur.

*Darci Lynne Farmer* – Gənc yaşında vantroloqluqla məşhurlaşıb və musiqi ilə çıxış edir.

Onların çıxışlarına baxmaq, sizə texnika, səhnə idarəsi və kukla xarakterləri barədə yeni ideyalar verə bilər.

 

Karyera imkanları və gəlir

 

Vantroloqlar televiziyada, uşaq şənliklərində, teatr səhnələrində və tədbirlərdə çıxış edə bilərlər. Təcrübəyə, tanınırlığa və səhnə bacarığına görə qazanc da dəyişə bilər.  Türkiyədə orta aylıq maaşları 4,250 TL ilə 5,50 TL arasında dəyişir. Bu sahədə uğur qazanan şəxslər şəxsi şoular, YouTube kanalları və ya təlim proqramları ilə daha geniş auditoriyaya çıxış əldə edə bilirlər.

 

Təlim və sertifikat Proqramları

 

Qardaş Türkiyədən 3 ünvan nümunə gətiririk:

- Karabük Universiteti Vantroloq Sertifikat Proqramı 

- İstanbul Gedik Universiteti Vantroloq Təlimi

- Edessa Akademi Vantroloq Təlimi.

Bəs Azərbaycanda vəziyyət necədir? Bu barədə ayrıca danıçacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hər bir insanın daxilində iki səs var: biri işıqdan, digəri qaranlıqdan danışır. Biri sevgi, mərhəmət, anlayış, digəri isə nifrət, eqoizm və güc arzusu ilə danışır. Ədəbiyyat, fəlsəfə və psixologiya bu daxili qarşıdurmanı əsrlərlə analiz edib. Amma sual budur: əgər içimizdəki şeytan danışsa, bizə nə deyərdi? Və daha vacibi – bu səs bizi necə öz oyununa alıb cəmiyyəti məhv edə bilərdi?

 

Hər bir insanın içində bir nur və bir zülmət daşıdığı çoxdan bəlli bir həqiqətdir. Həmin zülmət – içimizdəki şeytan – çox vaxt sükutda gizlənir, amma fürsət tapanda boy göstərir.

Lakin şeytan bəzən qırmızı boynuzlu, quyruqlu mistik bir varlıqdan çox, sadəcə içimizdə böyütdüyümüz eqo, həsəd, nifrət və səssiz qaranlıqlardır. Bu esse içimizdəki bu qaranlığın — şeytanın cəmiyyətləri necə içəridən çökdürdüyünü, məhz o şeytani tərəfin necə cəmiyyətləri məhv edə biləcəyini, bəzən isə artıq etməkdə olduğunu analiz edir. 

 

1. Mənəviyyatın aşınması

 

Əgər bir şeytan cəmiyyəti məhv etmək istəsə, ilk olaraq mənəviyyatı hədəf alardı. Dəyərlərin sual altına alındığı, doğrularla yanlışların yer dəyişdiyi bir atmosfer yaratmaqla insanların vicdanlarını zəiflədərdi. Bu prosesi çox uzaqda axtarmağa ehtiyac yoxdur. Məsələn, sosial şəbəkələrdə “nə qədər qazanırsansa, o qədər dəyərlisən” mesajı durmadan təbliğ olunur. Bu isə mərhəmət, təvazökarlıq, fədakarlıq kimi dəyərlərin dəyərsizləşməsinə gətirib çıxarır.

 

2. İnsanlar arasında güvənsizliyin yayılması

 

İçimizdəki şeytan insanları bir-birinə qarşı qoymaqla, parçala və hökm sür prinsipi ilə hərəkət edər. Qonşunun qonşuya, dostun dosta inamsızlığı artırılarsa, cəmiyyətin təməli olan sosial bağlar qopar. Bugünkü dünyada artan yalan xəbərlər (fake news), dezinformasiya və nifrət nitqləri bunun açıq göstəricisidir.

 

3. Ailənin və təhsilin zəiflədilməsi

 

Əgər bir şeytan sistemli şəkildə cəmiyyətə zərbə vurmaq istəsə, ailə institutunu və təhsili sarsıdardı. Ailənin gücsüzləşdiyi, valideynin övlad üzərində nüfuzunun qalmadığı və təhsil müəssisələrinin kommersiyalaşdığı bir mühitdə yetişən nəsil, istər-istəməz mənəvi boşluqda böyüyər. Məsələn, bir çox gəncin sosial mediadan gördüyü görüntülü “dəyərlər” ailə və müəllimin söylədiklərindən daha təsirli olur.

 

4. İstehlakçılığın artırılması

 

Cəmiyyətlərə yeridilən “daha çox al, daha çox istehlak et, özünü mallarla ifadə et” psixologiyası da şeytani bir təlqindir. Bu yanaşma insanı öz mahiyyətindən uzaqlaşdırır, maddiyyatın əsirinə çevirir. Məsələn, yeni nəsil artıq insanın xarakterinə deyil, geyiminin markasına görə onu dəyərləndirir.

 

5. Xüsusi bir şeytan: Laqeydlik

 

Ən təhlükəli şeytan, bəlkə də, insanların baş verənlərə laqeyd qalmasını təmin edəndir. Zülmə qarşı susmaq, haqsızlığa göz yummaq – içimizdəki şeytanın qələbəsidir. Ətrafda nə baş verməsindən asılı olmayaraq “mənə nə” deyə yaşamaq, cəmiyyətin çürüməsini sürətləndirir.

 

Cəmiyyətlərin məhvi üçün atom bombasına, qılınc-qalxana ehtiyac yoxdur. Yetər ki, insan öz içindəki şeytanla barışsın, onu qəbul etsin, hətta bəsləsin. Və biz artıq bunu görürük — sürətli, parlaq, amma içi boş bir həyat tərzi.

Bu esse bir çağırışdır: içimizdəki şeytanı tanıyaq, onu idarə etməyi öyrənək, yoxsa bir gün o bizi idarə edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mirvarid Dilbazi Poeziya Məclisi Ictimai Birliyinin təşəbbüsü və dəstəyi ilə "Babamın papağı, nənəmin kəlağayısı" adlı kitabı "Elm və Təhsil" nəşriyyatında işıq üzü görüb. 

 

Kitabda söz adamlarının ulu Türk xanımlarının yaraşığına yaraşıq verən yeni yazılmış ədəbiyyat nümunələri ilə paralel, qorxmazlığı, cəsarəti tarixlərə səs salan, imperiyalar yaradan qəhrəmanlıq səhifələri yazan Türk kişisinin milli baş geyimi papağı  tərənnüm edən şeirlər, hekayələr, araşdırmalar, publisistik məqalələr toplanıb. 

Deyim, xəbəriniz olsun ki, indiyənədək Mirvarid Dilbazi Poeziya Məclisi ədəbiyyayımızla bərabər  qədimliyimizi, milli-mənəvi dəyərlərimizi hər zaman təbliğ edir, bu mövzuda 5 kitabı işıq üzü görüb, kəlağayı ədəbiyyatı yaradıb, bölgələrimizdə, ali məktəblərdə, ümumtəhsil məktəblərində müxtəlif tədbirlər, sərgilər, festivallar keçirir. İctimai Birliyin təşəbbüsü ilə bu, milli dəyərlərimizdən bəhs edən 6-cı kitabdır.  “Babamın papağı, nənəmin kəlağayısı ”  kitabının redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlı, təşəbbüs göstərəni, toplayanı, tərtib edəni, ön söz müəllifi Güllü Eldar Tomarlıdı.

Kitabdakı bədii nümunələrdə, məqalələrdə papağın, kəlağayının tarixi, istehsal prosesi, mərkəzləri, papağın, kəlağayının ayrı-ayrı formaları, naxış və ornamentlərin dili və ötürdüyü zəngin informasiya haqqında bilgilər verillib.

“Babamın papağı, nənəmin kəlağayısı" kitabı orta məktəb şagirdlərindən və tələbələrindən ibarət geniş auditoriya üçün nəzərdə tutulmuşdur və kitabxanalara, məktəb kitabxanalarına təqdim olunacaq.

Yeni kitabın ilk təqdimatı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk olaraq Bakıda, davamı Naxçıvan, Astara, Masallı, Lənkəran, Naftalan, Neftçala və digər bölgələrimizdə olacaq.

Sonra isə xaricə - Gürcüstana, Rusiyaya, Türkiyəyə üz tutulacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

Bazar ertəsi, 14 Aprel 2025 12:28

KİNO ETÜDLƏRİ - Robert Oseynin vətən sevgisi

“Ədəbiyyat və incəsənət” portalının Kino etüdləri rubrikasında bu gün Anar Tağıyevin qeydləri ilə tanış olacaqsınız.

 

Azərbaycandan danışanda həmişə gözlərim yaşarır. Fransanın Azərbaycan əsilli aktyoru və rejissoru, prodüseri, “Marina” teatrının rəhbəri Robert Oseyn (əsl adı Rüstəm Hüseynov) bir neçə dəfə tarixi vətəni Bakıda olub, müxtəlif tədbirlərdə iştirak edib.

 

2015-ci ildə görüşlərin birində o demişdi: “Mən bütün qəlbimlə sevdiyim Bakıya ilk dəfə deyil ki, gəlirəm, görürəm ki, Bakı necə dəyişir, necə gözəl, tolerant və mehriban şəhərdir. Mən burada yaşayıb işləyə bilərdim. Azərbaycandan danışanda, Bakı küçələrində gəzəndə həmişə gözlərim yaşarır. Bilmirəm, niyə belə olur. Görünür, atam azərbaycanlı olduğu üçün. Atam tarda gözəl ifa edirdi və mənə bunu öyrədirdi. Yalnız sonralar skripkada ifa etməyə başladı, möhtəşəm musiqilər - baletlər, operalar, simfoniyalar yazdı”.

Aktyorun “Peşəkar”, “İkinci həqiqət”, “Bir və digəri”, “Qatil”, “Düsseldorfdan olan vampir”, “Kim bilir?” kimi çəkildiyi 100-dən çox filmi var. O, 17 filmin ssenariləri üzərində işləyib. Bundan başqa, Hüseyn 17 filmin rejissoru olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisi üzvləri, hakim Ədalət və İnkişaf Partiyası təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları,  alimlər və sahibkarların daxil olduğu Türkiyə nümayəndə heyəti II Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsini ehtiramla yad ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, nümayəndə heyəti Komitə sədri Fuad Muradovla görüşüb.

Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı artıq bütün dünyada unikal bir nümunəyə çevrilib. Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, əlaqələrin bugünkü yüksək səviyyəsi tarixi köklərə, dərin siyasi-ideoloji prinsiplərə əsaslanır. Prezident İlham Əliyevin bizə tapşırığı ölkələrimiz və diasporlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək, vahid diasporun formalaşmasına töhfələr verməkdir. Sizin səfəriniz bu istiqamətdə müzakirələrin aparılması baxımdan da xüsusi əhəmiyyətə malikdir”- komitə sədri bu sözləri Türkiyə nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Görüşdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşması, Kayseridə Şuşa Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, diasporlarımız arasındakı əlaqələrin perspektivləri müzakirə olunub.  

Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy və digər şəxslər səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Türkiyə ilə Azərbaycanın regionda və dünyadakı nüfuzuna, güclərimizi birləşdirməyin vacibliyinə diqqət çəkən Türkiyə Böyük Millət Məclisinin üzvü Hulusi Akar bu səfərdən böyük məmnunluq duyduğunu bildirib. Hulusi Akar, həmçinin Azərbaycan diasporunun informasiya müharibəsindəki rolunu xüsusi qeyd edib. 

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Kayseri və Şuşanın qardaşlaşmış şəhərlər olmasının önəmini vurğulayıb, Türkiyədə yaşayan və təhsil alan azərbaycanlıların iki ölkə arasında körpü rolunu oynadıqlarını nəzərə çatdırıb.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçına və Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərova təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edəcək.

Qeyd edək ki, səfər Kayseridə fəaliyyət göstərən Şuşa Azərbaycan Evinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

44 -dən səhifə 2159

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.