İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dəzgah rəsmlərini çəkmək o qədər də rahat deyil, buna görə də bu sahəyə meyl edənlər çox azdır. Və onardan biri də Xalq rəssamı Elmira Şahtaxtinskayadır. Və bu gün onun anım günüdür.
Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhərində alıb, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib.
Surikov məktəbi əlbət ki onun karyera inkişafında həlledici rol oynayıb.
Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada", "Sosialist Bakısı" seriyası, "Bolqarıstanda", "Qutablar" (1963) və "Novruz bayramı" tablolarını yaradıb. Moskva, Kaunas və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilib.
Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaradıb.
E. Şahtaxtinskaya "Şərəf nişanı" ordeni ilə təltif edilib, 1963-cü ildə əməkdar incəsənət xadimi, 1977-ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülüb. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)