Super User

Super User

İlqar İsmayılzadə,

(fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi)

 

26 may 2025-ci il tarixdə  AYB Lənkəran Bölməsinin  və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərancamı ilə bağlı  “2025-ci il- Konstitusiya və Suverenlik ili” mövzusunda tədbir keçirilib. 

 

Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşları, bölgə yazarları və ziyalılar iştirak ediblər. 

Mərkəzin əməkdaşı Könül Rzayevanın moderatorluğu ilə keçən  tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə  başlanılıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Konstitusiya və severenlik ili” ilə bağlı video-çarx nümayiş olunub. 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran Zona Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli “Konstitusiya və suverenlik ili” ilə bağlı məruzə edib. Q.Cəfərli  Azərbaycan Respublikasının tarixində qəbul olunmuş Konstitusiyalar haqqında, həmçinin Konstitusiyanın dövlətin mövcudluğunda olan müstəsna əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir.

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev çıxış edərək, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, konstitusiyada əksini tapan insan və vətəndaş hüquqları haqqında ətraflı məlumat verib. Tədbirdə çıxış edən AYB üzvləri olan şairlər Ağamir Cavad, Xatirə Xatun, Xanlar Həmid, Salman Məmmədoğlu və şairə Əfsənə Sultan  mövzu ilə bağlı fikir və düşüncələrini bölüşüblər. Şairlərin tədbirin ruhuna uyğun ifa etdikləri şeirlər  iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Sonda xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

TÜRKSOY-un rəhbəri, Qırğızıstanın tanınmış yazıçısı Sultan Raevin "Dəlixana" romanının  "Azərbaycan oxucuları" kitab klubu üzvləri arasında müzakirəsi keçirilib. Oxucular kitabla bağlı öz təəssüratlarını, ümumi düşüncələrini bölüşüblər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, üzvləri əsasən gənclərdən ibarət olan bu klubun müzakirəsində kitabın naşiri, "XAN Nəşriyyatı"nın rəhbəri Səbuhi Şahmursoy da iştirak edib, kitabla bağlı öz fikirlərini bölüşüb, kitabın ərsəyə gəlmə prosesindən danışıb, daha sonra oxucuların maraqlı suallarını cavablandırıb.

 

Naşir müzakirə barədə təəssüratlarını bizimlə bölüşüb:

"Bu əsəri tam mənada anlamaq üçün dünya mifologiyası və bəhs olunan tarixi şəxsiyyətlər barədə məlumatlı olmaq lazımdır. Yoxsa əsərin çatdırmaq istədiyi mesaj böyük informasiya sahəsi içində itib-batır, metatekstual cəhəti görünməz olur. Çingiz Aytmatovdan sonra Qırğız ədəbiyyatına marağımı oyadan əsərdir. 

Sevindim ki, bu kitab gənclərin də diqqətini cəlb edib. Rahat, səmimi mühitdə müzakirə etdik. Var olun, gənclər!"

 

Qeyd edək ki, bu kitab daha əvvəllər ölkənin ən böyük kitab klubu olan "Kitabsevərlər" qrupunun üzvləri tərəfindən də müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nazim Şahın şeirləri təqdim edilir. 

 

Bir külək vardı - 

Gecəylə qovuşan,

Gecəylə canbir...

Bir də ki sonsuzluq,

Sonsuz susqunluq... 

Gecənin ruhuna kəsilmiş hakim...

 

Hə, bir də bir cin vardı,

əzəmətli cin...

Dünyasına düşmüş qərib rəssamı

Addım-addım gəzib

izlərdi tin-tin...

 

Gözləri parlardı zülmət qoynunda,

Məni çağırardı nəfəsi belə...

Nağılın içinə düşüb itmişdim,

Nə zaman bəlliydi, 

məkan da elə...

 

Divarlar üstümə gəlirdi sanki... 

Gəlir, veyil-veyil, 

gəlir, sərsəmtək...

Ruhlar səltənəti, 

yaşanan oyun

Özümü toplayıb qaçmaq istərkən -

Bir baxdım

Ayaqlar mənimki deyil.

 

Sonra dönüb özüm nağıl olurdum,

İtirdim kölgələr arasında mən...

Bir anlıq baxışda, bir anlıq sözdə...

Zülmət dolu gözün qarasında mən...

 

Bir də görürdüm ki, ay aman, bu nə?

Yandırsın, dağıtsın zülməti deyə , 

Ələddin də burda çıraq axtarır,

Mənsə, tapmamışam özümü hələ,

Cin də çaşqın-çaşqın üzümə baxır.

 

 

***

Hər anımız bir ümid, 

hər addım bir işıq,

Gəlin, gülək, yaşanacaq çox şey var.

Ya da ən azı, ümidlənək...

Çünki

Bu fani dünyada su verməsən belə,

cücərər hər kəsin dərdi...

Hər ürəkdə sirli bir kədər

Sevənlər ayrılar, 

dostlar dəyişər...

Arzu, xəyal, ümid - və daha nələr...

 

Bir zamanlar güldük, indi susuruq,

Dostluqla böyüdük - unuduluruq.

Həyat bir yol, hər kəs öz gəmisində,

Biz də ömür sürdük bu okeanda

yaşadıq yelkənsiz kədər içində.

 

 

***

Gözü kədərli pişik,

Günah da, savab da Haqdan gəlir.

Gəlmə mənə doğru,

Mən qəm işığıyam,

Daldalanıram içimə çəkilib.

Yaxşısı budur, sən

Get qonşu qapıya,

Əlbəttə, 

Taleyin cızdığı yoldan çıxıb

gedə bilsən...

 

 

***

Köhnə evin bir küncündə

Yuxarı boylanan,

Yuxarı uzanan

Qırmızı bir nərdivan...

Divarlarda saralmış xatirələr...

Ötüb keçmiş illər...

Geridə qalmış ömürdən izlər...

Nələr, nələr...

Hər pillədə bir ümid,

Hər atılan addımda isə

Yaşanmış ömür...

Yaşlanmış ömür...   

Daşlaşmış kədər...

 

 

***

Üzümdə gülüş yox,

Sağımda, solumda sükut...

Kədərimi yalnız yağmur bilir.

 

 

***

Tənhalıq ən gözəl nəğmə,

Heç kim duymaz, heç kim eşitməz...

Və bir gün

Səssizcə itərsən,

Bir iz belə qoymadan,

Kimsə də xəbər tutmaz...

 

 

***

Keçmişi xatırlamağı sevməm,

Zatən, yox kimi bir şeyəm.

Şair tənhalığı bambaşqa,

Kəlmələr düşər, düşər, düşər,

Yaşadığın həyat kimi səssiz.

Sonra bir gün görərsən ki,

Nə ün qalıb, nə də bir iz.

 

 

***

Fırçanın səsi

Ağ kətanda əks-səda verər,

Fırçandan xəyal süzülər,

Hər rəng bir hekayə danışar...

Hərdən də

Axtardığı mənanı tapa bilməz,

Yox olar, zamana qarışar...

 

Hər cizgi bir həyata dönər,

Can alar, can verər, çevrilər...

Bəzən də boyanın bircə damlası 

Etiraz edib üsyankar ruhla

düşər, düşər, düşər, 

harasa düşər...

Xəbəri olmaz ki, o bircə dalma

Zehnimdə yaşana bilməmiş ömür

Rəsmdə kölgətək qalar, bilinər.

 

 

***

Uzaqda bir kənd...

Səhər günəşi doğub,

Torpaq səssizlik içində susur...

Bütün dünya oyanıb

Uca millətin səsinə...

Rahatlıq nəfəsi gəlir hər yandan,

Eşq olsun nəfəsin...

 

 

***

Dəniz köpürür,

Dağlar susur,

Torpağa kök salan ağac Vətəndir.

 

 

***

Ağır bir yük kimi

Gözlərim dolu, yorğun,

Bir gecə daha sənsiz keçdi...

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimdə yüzlərlə irili-xırdalı əlamətdar günlər var. Özü də, dünya miqyaslı baxış zamanı seçim etmək, kimlərin adını çəkib kimləri çəkməmək həmişə çətinlik törədir. 26 may tarixində bax bu sətir diqqətimi çəkdi: İngilis iqtisadçısı Vilyam Pettinin doğum günüdür. Həm də ona görə ki, bu məşhur ad və soyad mənə tanış idi.

 

Vilyam Petti 26 may 1623-cü ildə xırda sənətkar ailəsində doğulmuş, Leyden, Paris, Oksford universitetlərində tibb təhsili almış, 1647-ci ildə surət çıxaran maşın icad etmiş, 1649-cu ildə fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur. 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçilmişdir.

 

Burjuaziyanın mənafeyinə xidmət edən Petti menkartilistlərdən fərqli olaraq, var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. O, izafi dəyərin yaranma mənbəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası və diferensial rentanı fərqləndirirdi. O, hesab edirdi ki, əmək haqqının yüksəldilməsi kapitalistə ziyandır və əmək haqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O, burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi.

 

Vilyam Pettinin əsərləri içərisində 1662-ci ildə nəşr olunmuş "Vergilər və rüsumlar haqqında traktat" kitabı xüsusi qeyd olunur. Sonrakı illərdə alimin "Siyasi hesab"(1690), "Mütəfəkkirin dastanı(1691), "İrlandiyanın siyasi anatomiyası" (1691), "Pulların müxtəlifliyi"(1695), kitabları nəşr olunmuşdur. Onun iqtisad elminə daha böyük töhfəsi isə milli sərvətin və vergiqoyma üçün lazımi bazanın müəyyən edilməsi yolu ilə milli gəlirin qiymətləndirilməsinə xidmət edən "Siyasi hesab" adlı əsəridir.

Məşhurları tanıyaq və həyatlarını öyrənək!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

 

 

Çərşənbə axşamı, 27 May 2025 17:10

“At üstidegi Türk bolmazsa, yük bolur”

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində zamanlar içrə bir türk insanının formalaşmasında rol oynayan sadiq dost – köhlən at barədə danışacağıq.

 

Türkün harayı göyü dələn ox səslərində, yerə damğa vuran nal izlərində gizlidir. Əsrlər boyu çölləri yurd, atı qanad bilən bir millətin ruhu, yəhər üzərində təcəssüm edib. Çünki Türk at üstündə doğulub, at üstündə böyüyüb, at üstündə tarix yazıb. Lakin bu gün o atın belində əyləşməyən Türk — öz ruhundan, irsindən, yolundan qopan bir kölgəyə çevrilir. O zaman nə at yol gedə bilir, nə də insan yol tapır. Çünki at üstündəki Türk olmazsa, o at da yük olur, insan da…

 Bu sadə, lakin dərin mənalı ifadə bir millətin kimliyini, gücünü, varoluş fəlsəfəsini izah edir. At burada təkcə bir nəqliyyat vasitəsi deyil – o, azadlığın, sürətin, iradənin, mənəviyyatın timsalıdır. Türk isə bu simvolla bütövləşən ruhdur. Onu yəhərdən salan təkcə müasirlik deyil, həm də unutqanlıq, kökdən uzaq düşməkdir.

 Sən əgər at üstündə deyilsənsə, yəni kimliyinin şüurunda deyilsənsə, tarixini daşıya bilməzsən. Belində nə silah olar, nə bayraq, nə də ideya. Sənə yalnız yük qalar – yad ideologiyaların, süni dəyərlərin, məqsədsiz yolların yükü.

 Ona görə də Türk üçün at sadəcə keçmiş deyil – bu gün də onun duruşudur, sabah da onun ümididir. Tarix boyu at belində sərkərdə olmuş ulu babalarımız, əgər yəhərə minməsəydilər, bəlkə də torpaq da, namus da, kimlik də çoxdan itmişdi. Çünki Türk, ayaqda qalmaq üçün yerdə yox, göydə olmalıydı – atın belindəki o uca göydə.

 Bu gün yəhər, bəlkə də bir kompüterin klaviaturasıdır, bəlkə bir elmi tribunal, bir sinif otağı, bir ekran arxasındakı doğru söz… Amma fəlsəfə dəyişmir: Türk oturursa, düşünmək üçün oturmalıdır; dayanırsa, irəli sıçrayış üçün dayanmalıdır. Əks halda, zaman onu da, onun atasını da yükə çevirər.

 At üstündəki Türk – bu ifadə bir çağırışdır. Kimliyini tanı, kökünə dön, ayağa qalx. Atın yəhəri səni gözləyir. Əgər minməzsənsə, min illərin sənə verdiyi miras da yük olar.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

                                                            

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

                     

Sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etməkdə davam edirəm. Buyurun, faydalanın:

 

E. Ət və süd məhsulları

 

1.     Qırmızı ət (Omeqa-3 vitamini ilə zəngindir, protein və B 12 vitamininin mənbəyidir, bədəni gücləndirir).

 

 

2.     Yoqurt (bu turş süd məhsulu adi südün bütün müsbət xüsusiyyətlərini qoruyub saxlayır, üstəlik, tərkibindəki faydalı bakteriyalara görə həzm prosesini də yaxşılaşdırır).

3.     Süd (Kalsiumun ən yaxşı mənbəyi, eləcə də vitamin və mineralların, protein və sağlam yağın mənbəyidir, faydalı bakteriyalarla boldur).

4.     Yumurta ( yağ turşuları, B qrupu vitaminləri ilə zəngindir, ən sağlam, ən qüsursuz qidalardan hesab olunur, beyni və göz sağlamlığını gücləndirir).

 

J. Dəniz məhsulları

5.     Losos (zülal, D vitamini və omeqa 3 yağ turşuları ilə boldur, yaddaş üçün, beyin fəaliyyətinin düzgün funksiya göstərməsi üçün çox faydalıdır).

6.     Forel (yalnız təmiz sularda yaşadığından xüsusi maraq doğurur, bol A, D, B, E vitaminlərinə, omeqa 3 yağ turşularına malikdir).

7.     Tuna (zülalın miqdarına görə (22%-dən çox) bütün digər balıqları üstələyir, gözə, beyinə fayda verən, ürək-damar xəstəlikləri riskini 2 dəfə azaldan onlarca vitamin, mikro və makro elementlərə malikdir).

8.     Krevetka (olduqca az yağ və piyə malik olduğundan az kalorilidir, amma zülal, protein, yağ turşuları ilə boldur. Eləcə də tərkibində selen, sink və B 12 vitamini var).

9.     Qara kürü (Nərə balıqlarının kürüsündə 30% yüksək keyfiyyətli zülal var, lesitin, A, D, E vitaminləri var, onlarca mineral var, çox faydalı yod var. Profilaktik və bədən gücləndirici xassələrə malikdir).

 

Növbəti təqdim edəcəyim digər ərzaqlar olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Bazar ertəsi, 26 May 2025 16:06

“Pişik” - Şahmalı Həsənin HEKAYƏSİ

“Ədəbiyyat və incəsənət” portal REDAKSİYANIN POŞTİNDAN növbəti yazını sizlərə təqdim edir. Müəllif Şahmalı Həsəndir. “Pişik” adlı bir hekayədir.

 

Günorta saatlarında Əkbər dayının tərəvəz dükanından çıxanda yenə gördüm onu. Bomboz rəngi, pələngə oxşar qara cizgiləri, xarizmatik duruşu ilə diqqəti cəlb edirdi. Onun məğrur baxışlarında nəsə bir qəribəlik sezilirdi. Küçənin sakit bir küncündə oturub gələn-gedəni izləyir, sanki onlar haqqında beynində müxtəlif düşüncələr qururdu.

Məsələn, önündən keçən bir xalaya elə diqqətlə baxırdı ki, sanki beynində: "Bu xala müəllimdir, deyəsən, əlindəki və köynəyindəki mürəkkəb ləkəsi, kitablar daşımaqdan aşınmış və köhnəlmiş çantası, üzündəki əsəb, stress dolu ifadə onun müəllim olduğuna işarə edir"- deyə düşünürdü. Yaxud uzaqdan bir-birini qova-qova, deyə-gülə, qışqır-bağırla gələn məktəbli uşaqları görüb baxışını onlara tərəf çevirir və elə bil, belə düşünürdü: "Mənə sığal çəkib başımı oxşasalar heç, ancaq dəcəllik etmək istəsələr, əllərində, üzlərində cırmaqlanmamış yer qalmayacaq". Sonra vıyıltı və səs-küylü siqnal ilə küçədən keçən bahalı maşına diqqət yetirdi: "Bu da gündə bir maşın aşırdır, birini vurur, birini polis cərimə meydançasına aparır, ancaq yenə də ağıllanmır ki, ağıllanmır" - deyə düşünürmüş kimi bir baxış atırdı.

Bütün bu dediklərimi çətin ki, başqaları görə, duya bilər. Çünki məndən başqa yol kənarında duran bu pişiyə fikir verən yoxdur. Hətta məktəbli uşaqlar belə onu görmədən, ya da görməzdən gələrək keçib getdilər. Hərdən ona yazığım da gəlir, onunla çox ortaq cəhətimiz var. Demək olar ki, mən də onun kimi "gözəgörünməz" biriyəm. Gəlib-gedənlər, tanıyıb-bilənlər, dost-tanışlar sanki mən yoxammış kimi davranır, danışır, qərarlar qəbul edirlər. Ancaq mən artıq buna alışmışam. Pişik də çoxdan bu vəziyyətə vərdiş edənə bənzəyir. Biz bir-birimizi görürdük. Mənim ona baxdığım kimi pişik də bəzən diqqətlə mənə baxır, gözünün nazik xətt kimi qarasını mənə dikəndə göz bəbəkləri böyüyüb yupyumuru olur, elə bil nəsə demək istəyir, ancaq deyə bilmir.

Həmişə də belə baxışların ardından astaca, tənbəlliklə dolu hərəkətlə yerindən durur, gərnəşir və yönünü çevirib gedir. İncik, qəlbiqırıq insanlar kimi. Bəs, görəsən, onun xətrinə kim dəymişdi? Mənmi? Digər insanlarmı? Həyatmı?

Bəlkə də, pişiyin belə etinasızlığı onun da həyatının insanların çoxunun həyatı kimi rəngsiz və monoton olmasından irəli gəlir. Biz insanların bir çoxu doğulur, böyüyür, məktəbə gedir, universitet bitirir, işləyir, ailə qurur, övlad sahibi olur, yenə işləyir, pensiya çıxır, yenə də işləyir, işləyir və işləyirik. Həyatımızda rəng, əyləncə, istirahət, həzz kimi anlayışlar ya yoxdur, ya da yox deyiləcək qədər azdır. Təbii ki bunu bütün hamıya şamil edə bilmərəm, yaxud bəziləri üçün elə həyat bu ardıcıllıqla, bu süjet xətti ilə başlayan və bitən bir roman, bir teatr tamaşası kimi bir şeydir. Necə ki insanlar bir müddətdən sonra robotlaşır, yaşamaq sanki bir vərdişə çevrilir, nəfəs almaq, göz qırpmaq kimi, bax o zaman insan etinasızlaşır.

Bu pişikdə də eyni xüsusiyyətlər nəzərə çarpır, mənim baxış bucağından təbii ki. Məsələn, bu boz pişiyin öz rəngi kimi boz olan həyatından bir günü sizə danışım:

Səhər günəşin üfüqdən görünən mülayim gülüşləri ilə pişik də gözlərini açır, yerindən durur, gah önə, gah da arxaya dartılma hərəkətləri ilə səhər idmanını tamamlayır. Yeri gəlmişkən, bu pişik də məhəllənin digər sahibsiz pişikləri kimi Qaliya xalanın "pişiklər pansionatı"nda yaşayır. Qaliya xala rus əsilli azərbaycanlılardandır, sarısaç, mavi gözlü bu mülayim xala insanlardan daha çox pişiklərə meyillidir, onlarla daha yaxşı yola gedir. Bildiyim qədərilə elə pişiklərdən başqa da kimi-kimsəsi yoxdur. Təxminən iyirmiyə yaxın pişiyə "xozyaykalıq" edir. Aldığı pensiya və heyvansevərlərin etdiyi yardımlarla həm bu pişikləri bəsləyir, həm də özünü dolandırır. İstəyən olanda öz pişiklərindən kiməsə hədiyyə də edir, ancaq pişiyə yaxşı baxacağını dəqiqləşdirmək şərti ilə. Əks halda nə Qaliya xala pişik verməz, versə belə, pişik lazımi qayğını görməsə, bir-iki günə qalmaz, qayıdıb geri gələr.

Söhbətin məğzini itirməyək, bizim pişiyimizin səhəri Qaliya xalanın ikiotaqlı evində başlayır. Səhər oyanan kimi bütün pişiklər miyoldamağa, qapını cırmaqlanağa başlayır, Qaliya xalanı ac-sussuz olduqları barədə xəbərdar etməyə çalışırdılar. Ancaq bizim pişik sakitcə öz yemək qabının (hər pişiyin ayrıca qabı var) yanında gözləyir, Qaliya xala də gələndə elə ən birinci ona yemək və ya süd verir.

Yeyib doyduqdan sonra günəş vannası qəbul etmək üçün həyətə çıxıb isti beton örtüyün üstünə uzanan digər pişiklərin əksinə olaraq, bizim boz pişik aram addımlarla çıxır məhəlləni gəzib dolanmağa. Məhəllənin mağazaları, dükanları, həyəti silib-süpürən və bir-biri ilə hal-əhval tutan xalalar, işə tələsənlər, gəlib-gedən maşınlar, məktəbə qaçan uşaqlar, pəncərədə asqılara pal-paltar asan işgüzar xanımlar və daha neçə-neçələri bizim pişiyin nəzər nöqtəsində olur. Hərçənd pişiyə fikir verən az olur. Bəzən xalalardan kimsə onu görüb "piş-piş-piş" deyərək çağırır, yemək artığı, yaxud sür-sümük atır ki, qarnını doyursun, savab qazansın, ancaq pişiyin etinasız baxışı və başını çevirib yoluna davam etməsi onları təəccübləndirir. Hər adamın əlindən yemək yemir pişiyimiz.

İlkin dayanacaq pişiklə həmişə qarşılaşdığım Əkbər dayının tərəvəz dükanıdır. Əkbər dayı təxmini əlli beş, ya altmış yaşlı, saçı-saqqalı ağarmış nurani bir kişidir. Mən gördüm-görəli Əkbər dayı bu tərəvəz dükanını işlədir. VAZ 2104 markalı maşını ilə yaxın kəndlərdən müxtəlif növ tərəvəzlər gətirir, bəzən də tapa bilmədiyini topdansatış bazarlarından alıb gətirir, həm özünə, həm də sakinlərə uyğun qiymətə satır.  Əsas məqsədinin pul qazanmaq olmadığı hər kəsə aydındır. Çünki elə zaman olurdu ki, öz pensiyasından (uzun müddət həm Sovet dövründə, həm də müstəqillik dövründə dövlət qulluğunda çalışmış, sonrakı müddətdə xəstəliyi ilə bağlı olaraq vaxtından bir-iki il əvvəl pensiya çıxmışdı) əlavə pul ayırıb xərci-borcu ödəyirdi.

Əkbər dayı pişiyi gülərüzlə qarşılayır, onun başını sığallayır, qabda ona süd verir. Pişik də bu comərdliyi qarşılıqsız qoymur, südü ləzzətlə içir, Əkbər dayının ayaqlarına sürtünür, mırıldanır, hərdən də qəzet oxuyarkən onun dizləri üstündə mürgüləyir. Pişik təkcə Əkbər dayının yox, dükana gələnlərin də üzündə gülüş yaradır, xoş əhval-ruhiyyə, pozitiv bir enerji ötürür. Gələnlərin çox artıq onu "Əkbərin pişiyi" kimi tanıyır. 

Əkbər dayının dükanından çıxandan sonra, bu adətən saat 11-12 radələrində olur, növbəti dayanacağı məhəllənin aşağı, mərkəz hissəsində, ehsan bulağı və çinarların altında yerləşən çayçı olur.  Burada bir ehsan bulağı var ki, bu bulaq bəlkə də, bəşəriyyət yaranandan buradadır desəm, mübaliğə olmaz. Üzərindəki yazı silinib, zar-zor "...san bul..ğı" kimi mənası çətin anlaşılan hərf birləşmələri qalıb deyə heç kim dəqiq bilmir ki, bu bulağı kim və kimə tikdirib. Ancaq dəqiq bilirəm ki, yay-qış dayanmadan axan buz kimi suyun dadı başqa heç bir suda yoxdur. Bütün məhəllə sakinləri bu sudan istifadə edir, yoldan gələn-gedənlər hamı bu suyun dadına baxmadan keçmirlər. Bulaqdan sağda hündür çinarların altında təxminən altı - yeddi masalıq çayçı yerləşir. "Səlimin yeri" adlanan bu çayçıda həmişə dünyanın bir çox qlobal siyasi, iqtisadi, sosial, müharibə, sülh və digər önəmli mövzuları müzakirə olunur, alternativ həll yolları təklif olunur, bəzən fikirlər toqquşur, tərəflər bir-birinin fikrini tənqid, ya təkzib edir, atılan nərd zərlərinin, masaya vurulan dominoların, çay bardaqlarının səsi bu müzakirələrin səsinə qarışırdı. Pişik də uzaqda, kölgəlik bir yerdə uzanıb əksəri ağsaqqallardan ibarət bu "politoloq və siyasi şərhçilər"in çıxışlarına qulaq asır. Bəzən də həvəssiz şəkildə masaların arasında dolaşır, onu görənlər bir anlıq söhbəti kəsib ona tamaşa edir, sonra yenidən qızğın söhbətə qayıdırlar. Bəzən də çayçı sahibinin, Vəlinin verdiyi kolbasa-çörəkdən yeyib ona təşəkkür mənasında miyoldayır və ya ayaqlarının arasında fırlanıb ona sürtünür.

Maraqlı burasıdır ki, bu çayçı "Səlimin yeri" adlansa da, Səlim adlı şəxs demək olar ki, yüz ilə yaxındır bu dünyada yoxdur. Amma, görünür, bir zamanlar onun çayxanası olmuş, hər kəs onun adı ilə tanımışdı bu yeri və elə illərdir bütün sahibləri buranı "Səlimin yeri" deyə adlandırıb və çayçı olaraq da bir-birinə vəsatət edib. Ara-sıra yoldan keçən təsadüfi şəxslərin də qonaq olduğu bu çayçı kənarda səs-küylü və əcaib bir yer təəssüratı bağışlasa da, əslində həm sahibi, həm də müştəriləri mülayim, canayaxın insanlardır.

Çayçıdan sonra küçə ilə üzüaşağı, mərkəzi prospektə tərəf düşür, yolun solundakı orta məktəbin qapısı önündə dayanıb dərsdən çıxan şagirdlərə, müəllimlərə, övladlarını götürməyə gələn valideynlərə tamaşa edir. Çiyinlərində bəşəriyyətin yükünü daşıyırmış kimi özlərindən böyük çantalarını daşıyan aşağı sinif şagirdləri onu görən kimi gülərüzlə və sevinclə ona tərəf qaçır, sığallayır, oxşayırlar. Bu balaca insancıqlar necə də saf, təmizqəlbli və xoşniyyətlidirlər. Bir də sən böyüklərə bax, "küçə pişiyi" ilə oynadığını görən kimi qışqır-bağırla övladını kənara çəkir, iyrənc və ya radioaktiv bir şeyə toxunubmuş kimi uşağı yaş salfetlə, spreylə təmizləyə-təmizləyə dartıb aparır, bir tərəfdən də danlayır ki, "küçə heyvanlarına əl vurmaq olmaz!".

İnsanlar yaşlaşdıqca axmaqlaşırlar, deyəsən.

Minlərlə, milyonlarla fərqli düşüncə, xasiyyət və xarakterə malik insanların, uşaqların dörd divar arasında monoton bir sistemin quluna çevrilməsini hədəfləyən bir qurum olan məktəbin yanından yavaş-yavaş məhəllənin digər hissələrinə doğru hərəkətə başlayan pişiyimiz özünü ali varlıq sayan bu cılız insanları başa düşməkdə həqiqətən çətinlik çəkir…

Səyahət davam etdirən pişiyimiz gəlib bir şadlıq sarayının yanında dayandı. Əslində onu bura çəkən müxtəlif rəngli, formalı geyimlər geyən, özlərini əcaib hallara salan yüksək səslə danışan, deyən, gülən, yeyən insan toplumu deyil, daha çox aclığını büruzə verməyə çalışan həssas qoxualma hissiyatı idi. Şadlıq sarayında toy var idi, bişən yeməklərin qoxusu bütün ətrafı bürümüşdü. Sakit addımlarla bər-bəzəkli adamların arasından keçib saraya daxil oldu. Yüksək səs və dəli olmuş kimi qəribə hərəkətlər edən insanlar onu həm təəccübləndirir, həm də qorxudurdu. Görünür, onlar özlərini bu formada əyləndirirdilər.

"Dəli yığıncağı"nın tamaşasına başı qarışan pişiyimiz ona yaxınlaşan bir qrup uşağı yüksək tezlikli səsdən görüb-eşidə bilmədi. Bir anda balaca əllərin onu qucub havaya qaldırdığını və bağrına basıb sevələdiyini hiss etdi. Refleksiv olaraq çırpınıb çıxmaq istəsə də, gördüyü qayğı və nəvaziş onu fikrindən daşındırdı. Dönüb balaca və zərərsiz uşaqları gülümsəyən gördü. Uşaqlardan biri qaçıb masadan onun üçün yemək də gətirdi. Hər zaman olduğu kimi yedikdən, sevələndikdən sonra uşaqların ayağına sürtünərək, mırıldayıb-miyoldayaraq təşəkkür bildirdi.

Saraydan çıxanda zibil qutularına atılan artıq yeməkləri görüb, məhəllənin uclarında yaşayan bir qarın çörəyə möhtac insanları düşündü. Görəsən, onlar niyə bu "şənliyə" dəvətli deyillər?! Çox qəribədir!

Artıq gün qüruba yaxınlaşırdı. Pisik də öz səyahət dairəsini tamamlamaq üzrəydi.

Səyahət dairəsini tamamlayan sonuncu halqa qəbirstanlıq idi. Buradan sonra yenidən öz evinə, Qaliya xalanın "pişiklər pansionatı"na qayıdırdı. İnsan qəbirstanlığa gedəndə içini həmişə bir hüzün, kədər hissi bürüyür. Bunun səbəbi doğmalarını itirməkmi, yoxsa bir gün özünün də bu daş, beton və mərmər yığını altında uyuyacağını bilməsi idimi?! Dəqiq demək çətindir.  Pişik də insanlar kimi müxtəlif duyğular seli içində bu mərmər "şəhərciyi" dolanır, sanki mərmərə həkk olunmuş şəkli deyil də, həmin insanın özünü görürmüş kimi diqqətlə bəzi qəbirləri izləyir, onlara nəsə demək istəyir, ya da qəbirdəkilər ona nəsə pıçıldayırdı. Müxtəlif yaş qruplarından və cinsdən olan yüzlərlə insan, yüzlərlə xəyalları, ümidləri, planları olan insanlar indi çürüyüb torpağa qarışırdı. Həyat döngüsü çox qəribə, eyni zamanda da heyrətamizdir. Pişik də bir gün bu dünyanı, həyatı tərk edib gedəcəyinin fərqindədir, amma o insanlar qədər təəssüf və ya qorxu hissi keçirmir. O bunun təbii və zəruri bir proses olduğunu bilir. Sadəcə insanlarla yaşaya-yaşaya onların bəzi xüsusiyyətlərini əxz etmişdi, deyəsən. İtirdiyi şeylərin peşmançılığını çəkdiyini hiss edirdi bəzən. İtirdiyi ilə keçirə biləcəyi ehtimal olunan anları düşünür, gerçək deyil, xəyal olduğunu bilsə də, o anların həzzini yaşayırdı.

İndi də bir qəbir önündə dayanıb həm mərmərə həkk olunmuş şəkli, həm də qəbrin ardında batmaqda olan Günəşin yaratdığı al-qırmızı qürubu izləyirdi. Onun bu halda nələr düşündüyü, nələr hiss etdiyi mənə o qədər də aydın olmasa da, bəzən bu pişik üçün darıxıram. İndi yəqin çoxunuza bu pişiyi haradan tanıdığım, necə onun həyatını belə detalları ilə bildiyim maraqlı gəlir. Bilirsiniz, bu, əslində mənim pişiyim idi. İnternat məktəbini bitirəndən sonra işlədiyim kafenin arxasında təsadüfən tapdığım və mənim kimi yetim qalmış pişik idi. Ona sahibləndim, bəslədim, qayğı göstərdim. O da mənim ən yaxın dostum oldu. Yəni, dostum idi. Ta ki mən müharibədə şəhid olana qədər.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Professor Ramazan Siracoğlu, “Ədəbiyyat və incəsənət” üçün

 

Çox böyük tarixi olan dilimizin  geniş söz ehtiyatı olduğu hamıya bəllidir. Söz xəzinəmizin müəyyən hissəsinin alınmalardan ibarət olduğu da danılmaz bir gerçəklikdir. Dil alınmalarının  müxtəlif səbəblərdən baş verməsi də çoxlarına yaxşı bəllidir. Bu yazıda dilimizin fonetik və qrammatik  qaydalarına uyğunlaşaraq mənimsənilən və necə deyərlər, “vətəndaşlıq hüququ” qazanaraq   lüğət tərkibinə daxil edilən alınma sözlərin mövcudluğundan deyil, gərəksiz yerə dilimizə keçməsinə “yaşıl işıq” yandırmaq cəhdi barədə fikir bildirmək istəyirik.

 

Xatırladaq ki, dilçilik ədəbiyatında ədəbi dildə qarşılığı olduğu halda, bəzi şəxslərin nitqdə  gərəksiz yerə işlətdikləri  yad sözlərə “varvarizm” deyilir. Danışıq dilimizdə tez-tez eşidilən varvarizmlərin əksəriyyətini rus dilindən təhrif olunaraq işlənən sözlər və ifadələr təşkil edir: “kakraz, toçnı, padarka, pasyolka, astanovka, samasval, panyatka, basanojka, marojnı, davay, uje, piyan, novı qod, paxmel, malades, paka, polnı, zapas, zapças, pasılka, meşat, naxadu, parnik, çerez, piramoy, samalyot, atkaz” və sairə.

 Bu qəbildən olan varvarizmlərlə yüklənmiş cümlələri eşitmək xoş olmayan  ovqat yaradır: “Kakraz novı qodu otmeçat eləmək üçün padarka da almışdıq, polnı xod gedirdük, rezkidən bir samasval çıxdı qabağımıza, şoferi, deyəsən, piyandı, protiv sürürdü.” “Slanovı kostdan addelkalı zontikimin ruçkası bespadobnudu.” “İmportni basanojkamla, əynimdə seri yubka, bir də rozovi vadalazka, boynumda zalatoy sepoçka marojnı yeyə-yeyə pasyolkada Dom kulturının qabağındakı astanavkada svidanya saatını gözləyirdim.”

Dildə hansısa sözün varlığı kiminsə şıltaqlığına, arzu və istəyinə bağlanmamalıdır. Varvarizmdən  fərqli olaraq, dilin söz lüğət tərkibindəki uyğun mənanı ifadə edən sözü işlədib-işlətməmək şəxsin öz tərcihidir, ürəyi istəyir işlətsin, istəmir işlətməsin. Məqamına, adamına, mövzusuna, auditoriyasına görə hansı sözü işlətməyi fərd özü qərarlaşdırmalıdır. Məsələn, kimsə “müvəffəqiyyət” sözünü tələffüz etməkdə və ya yazmaqda çətinlik çəkirsə, “kompaniya” ilə “kampaniya”, “diplomat” sözü ilə “diplomant”ı fərqləndirə bilmirsə, “toplum, dərgi, sezgi, duyum, uyum, basqı, yayğın, darğın, şaşqın, içdən, özəllik” kimi sözlərdən xoşlanmırsa, bizim dilimizin bunda günahı yoxdur. 

Roma imperatoru Yuli Sezarla (Caesar ) o dönəmin məşhur natiqi, dövlət xadimi Mark Tuli Siseron ( əslində, Cicero yazılmalıdır ) arasında baş vermiş bir əhvalatı xatırlatmaq yerinə düşər. Latın dilini mükəmməl bilən, həm də təsirli danışması ilə ün qazanmış Yuli Sezar (Plutarxın yazmasına görə, Siserondan sonra latıncanı nəhəng imperatorluqda ən yaxşı bilən şəxs olması ilə Sezar fəxr edərmiş) senatda çıxış edərkən lazımsız yerə yunan sözləri işlətdiyi üçün (varvarizmə yol verdiyinə görə ) Siseron ona etiraz etmişdi. Yuli Sezar da özünə haqq qazandırmaq üçün “Ne obliviscaris quod ego Caesar of Rome! - Unutma ki, mən Roma imperatoruyam!” söylədiyində Siseron eyni qızğınlıqla “Tu est romanorum imperatorem sed no imperatoris latine - Sən latın dilinin deyil, Romanın imperatorusan!” – cavabı vermişdir. Bu sözlər qarşısında aciz qalan imperator Sezar yanlışlığa yol verdiyini etiraf edib!

Ümumiyyətlə, dünyada ( ən azından, təqribən 4500 məlum dil arasında 20 ən yayğın dildən heç birində) saf dil yoxdur. Saf dil dedikdə, tərkibində alınma söz olmayan dili nəzərdə tuturuq. Müxtəlif səbəblərdən (iqtisadi, siyasi, mədəni, hərbi, coğrafi, bir sözlə, ekstralinqvistik amillərdən) dillər arasında söz və deyim mübadilələri, alınmalarının baş verməsi qaçınılmazdır. Bundan qorxmağa və əndişələnməyə də dəyməz. Zaman-zaman müxtəlif dillərdə dil alınmalarına qarşı çıxan puristlərin (saf dil tərəfdarlarının ) güclü müqavimətlərinə baxmayaraq, bu proses davam edir. Bəzən, puristlərlə yazıçılar arasında fikir ixtilafının ədəbiyyata inikasını izləmək mümkündür. Məsələn, rus şairi Aleksandr Puşkin özünün məşhur “Yevgeni Onegin” mənzum romanını yazanda adıçəkilən əsərin VIII fəslində  o vaxtlar varvarizmə qarşı kəskin çıxışları ilə məşhur olan rus dilçisi Şişkova lağ etmişdir: “Du somme il faut...” (“Шишков, прости: не знаю как перевести - Şişkov, bağışla: bilmirəm necə tərcümə edim”). Dildə əsl arzuolunmaz hal varvarizmin kütləviləşməsidir. İmkan vermək olmaz ki, lüzumsuz sözlər  dilə sirayət etsin.

İndi tarixin arxivlərində qalmış Sovet dövlətinin rəhbəri olmuş V. Lenin də rus dilinin lüzumsuz əcnəbi sözlərlə kirləndiyinə etiraz edirdi: “İzyan” yerinə “defekt, nedouçyot- yerinə defitsit işlətmək olmaz”.

Dil məsələsinə biganə qalmaq mümkün deyil. İstənilən dönəmdə, sosial məqamından, mövqeyindən asılı olmayaraq, hamı dillə maraqlanmışdır. Qədimdən bu günə — Sokratdan, Platondan, Aristoteldən üzü bu yana dünyaca tanınan bütün məşhurlar da dillə bağlı fikirlər irəli sürmüş, ciddi araşdırmalar aparmışlar. Dilin əsas funksiyalarından biri olan nominativliyin (cisimlərin isimləndirilməsi-adlandırılması- vəzifəsi) məntiqi məğzini açıqlamaq istəyən Əflatun bu sirri   çözə bilmədiyində əsəbiləşib “cisimlərin isimləndirilməsinin səbəbi səbəbsizlikdir” ( başqa sözlə, “at”a “at”, “it”ə “it” deyilməsində məntiq yoxdur ) – demişdir. Dilçilər yaxşı bilirlər, bir zamanlar, daha dəqiqi, 1923- 1950-ci illərdə keçmiş Sovet İttifaqında Nikolay Yakovleviç Marr (1865-1934 ) adlı bir dilçi çox məşhur və nüfuz sahibi olmuşdur. O illərdə fəaliyyət göstərmiş sovet dilçiləri fəxrlə özlərini “marçı” adlandırırlarmış. Sovet elmi ierarxiyasında mümkün olan bütün titullara layiq görülmüş N. Marr əsaslı linqvistik təhsilə sahib olmadığından şəxsi fantaziyası hesabına, türk dil qrupunun varlığını “unudaraq” bütün dillərin 4  ünsürdən (sal, ber, yon, roş ünsürlərindən) yarandığı ideyasını irəli sürməkdə  tərəddüd etməmişdi. O vaxtki məddahlar N. Marrın “Dil haqqında yeni təlim” kitabını “Dilçilərin Quranı” adlandırırdılar. 1950-ci ilin 20 iyununda İ.V. Stalin “Pravda” qəzetində dərç olunmuş “Marksizm və dilçilik məsələləri” adlı yazısı ilə marçılığı və N. Marrın “ dilçilik konsepsiyası”nı darmadağın etdi (Deyilənlərə görə, bu məqalənin yazılmasında İ. Stalin professor A. Çikobavanın məsləhətlərindən faydalanmışdır). Azərbaycanda da 1950-ci ilin 14 iyulunda həmin məsələ ilə əlaqədar böyük iclas keçirilmiş, iclasda bizimkilərin həmin ilin 9 mayından başlayan diskusiyalarda iştirak etməmələri vurğulanmış, Dil və Ədəbiyyat İnstitutu marçılığı tənqid məsələsində tələb olunan fəallıq göstərmədiyinə görə mərhum alim Məmməd Arif Dadaşzadə ciddi tənqid olunmuş, M. C. Bağirovun ona etiraz etmək istəyən alimə qəzəblə söylədiyi məşum “molçat, turetskiy şpion- sus, türk casusu” ifadəsi toplantıda vahiməli məzar sükutu yaratmışdı. Dilimizin funksionallığının genişlənməsində böyük xidmətləri olmuş Xalq yazıcısı Mirzə İbrahimov məhz ana dilinə göstərdiyi aşırı qayğıya görə keçmiş SSRİ-nin uğursuz başçısı volyuntarist, boşboğaz  N.S. Xruşşovun qəzəbinə tuş gəlmiş və 1958-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən çıxarılmışdır.  

Ekstraordinarlığı ilə tanınan, əsl peşəsi türkoloq olan V. Jirinovski (1964-cü ilədək Eydelşteyn) Dövlət Dumasında çıxış edərək “prezident” sözünü rus mənşəli “verxovnıy pravitel”, “mer” sözünü isə “qradonaçalnik” sözü ilə əvəz etməyi irəli sürmüşdü. Terminoloji araşdırmalar sahəsində danılmaz böyük xidmətləri olmuş mərhum bir dilçimiz vardı, dilimizdə vətəndaşlıq qazanmış sözlərin yenisi ilə əvəzlənməsini heç xoşlamazdı: “kömək-dəstək, mərtəbə-qat, məzuniyyət-dincəliş, kvorum-yetərsay” paralelliyində birincilərə üstünlük verirdi rəhmətlik. Əlbəttə, dilimiz üçün “açıq qapı” prinsipinin, hər əcnəbi sözü qonaqpərvərliklə dilimizin lüğət tərkibinə daxil olunmasının qətiyyən tərəfdarı deyilik. Diqqət və ciddiyyətlə sözləri saf-çürük etməklə dilimizin zənginləşdirilməsi və qorunmasını lazımdır. Bölgələrimizdə ədəbi dilimizdə  işlənən bir çox əcnəbi sözlərin qarşılığı olan öz sözümüz var. Onları səbrlə araşdırıb sözlüklərə daxil emək lazımdır. Məsələn, dədəm danışıqda işlənən “zakaznoy” sözünün yerinə həmişə “buyurtma” deyərdi: “buyurtma çəkmə”, “buyurtma şalvar” vs. Açığı, bu söz mənə fars mənşəli “sifariş” sözündən çox üstün və doğma gəlir.

Bu yazıda orfoqrafiyamız və orfoepiyamızla bağlı bir məqama da münasibət bildirmək istəyirik. 

Dilimizdəki bəzi qoşasamitli (“geminant”) sözlər qrupu ərəb dilindəki “mübaliğə feil”i adlanan فعال babı vasitəsi ilə yaranmışdır: rəsm-rəssam, qəsb-qəssab, seyr- səyyar, kizb-kəzzab, məkr-məkkar, xeymə-xəyyam, şiddət-şəddad, qəhr-qəhhar, cəbr-cəbbar, seyd-səyyad, həml-həmmal (həml, yük deməkdir, həmmal/ hammal- yük daşıyan deməkdir; “hambal” şəklində yazmaq yanlışdır), rəml-rəmmal, həkk- həkkak, nəqş- nəqqaş vs. Mətbuatda   bəzi titullu şəxslər təklif edirlər ki, qoşasamitli sözlərdəki samitlərdən biri ixtisar  edilərək yazılsın. Onların  təklifi qəbul edildikdə Xəyyam- Xəyam, Səttar- Sətar, Əyyub-Əyub, Təyyar- Təyar, Fəttah- Fətah, Hümmət-Hümət, rəssam-rəsam, nəqqaş- nəqaş, xəttat-xətat, qəyyum-qəyum, yeddi- yedi, səkkiz-səkiz, doqquz-doquz, əlli-əli, güllə-gülə, qüllə-qülə, həssas-həsas, hətta-həta, bənna-bəna, əlbəttə-əlbətə, əvvəl-əvəl, rəqqas-rəqas, şillə-şilə, təəssüf-təsüf, zəvvar- zəvar, təmənna-təməna, qənnadı-qənadı, hissə-hisə, qəvvas-qəvas, şəkkak-şəkak və sair şəkildə yazılıb söylənəcəyini təsəvvür ( təsəvür?) edin. Orfoqrafiya ilə orfoepiya eyni şey deyil axı? Yoxsa bizim orfoqrafiya qaydalarımız sadəcə fonetik prinsipə (eşitdiyin kimi yaz prinsipi) əsaslanacaq, morfoloji (söz köklərini və şəkilçiləri standart şəkildə yaz prinsipi), tarixi-ənənəvi (dədə-baba qaydasında yaz prinsipi), fonematik, differensasiya, ideoqrafik və s. daxil, digər prinsiplərdən imtina olunacaq? Ya da Türkiyədəki “Türk Dil Kurumu” adlı təşkilatın etdiyi bəzi yanlışlıqları biz də təkrarlayacağıqmı? İstər-istəməz, yadıma rus, ingilis, fransız, ərəb və fars dillərindəki orfoqrafik qaydalar düşür.

Məlum olduğu kimi, rus dilində bir qrup sözlərin yazılışı ilə tələffüzü arasına xeyli və əhəmiyyətli dərəcədə fərqlər var. Lakin ruslar bundan narahat olmurlar. Məsələn: солнце, честный, лестница, радостный, звездный, сердце, праздник, здравствуй, поздно, бездна, звёздный, чувствовать, явственный, девственный, голландский, шотландский, финляндский, гигантский, дипломантский, дилетантский, постланный, счастливый, совестливый, участливый, доблестный, захолустный, яростный, расистский, националистский, пастбище, хрустнуть, свистнуть (свистеть), хлестнуть, ландшафтный və s. İngilis dilinin də orfoqrafiyasına nəzər yetirsək yazılışı ilə tələffüzü arasında fərq olan hədsiz miqdarda söz müşahidə edərik.

Məsələn: better [betə], letter [letə],psychology [saɪˈkɔledʒɪ], psychoanalyse [saɪkeuˈænelaɪz], psychiatry [saɪˈkaɪetrɪ], pseudonym [ˈsjuːdenɪm], pneumonia [njuːˈmeunɪe], pneumatic [njuːˈmætɪk], receipt [rɪˈsiːt], muscle [ˈmʌsl], fascinating [ˈfæsɪneɪtɪŋ], scene [siːn], sign [saɪn] (знак), design [dɪˈzaɪn], malign [meˈlaɪn], foreign [ˈfɔrɪn], , climb [klaɪm], debt [dɛt], thumb [θʌm], comb [keum], dumb [dʌm], listen [ˈlɪsn], whistle [ˈwɪsl], wrestling [ˈrɛslɪŋ], thistle [ˈθɪsl], hustle and bustle [ˈhʌslenˈbʌsl], debt /det/, doubt /daʊt/, subtle [ ˈsʌt(e)l], hope /heʊp/, drive /draɪv/, gave /ɡeɪv/, though /ðeʊ/, through /θruː/, daughter /ˈdɔːte(r), guitar /ɡɪˈtɑː(r)/, guidance /ˈɡaɪd(e)ns/, guild /ɡɪld/ .

Bənzər mənzərə fransız dilində də mövcuddur:

Homme-/om/, herbe- /erb/, hotel- /otel/, honneur- /onur/, harpe- /arp/, beaucoup- /boku/, Peugeot- /Pejo/, Voltaire- /Volter/, parlent- /parl/, bras - [bra], prix - [pri], lit - [li], achat - [aşa], placard - [plakar], corps - [kor], elles marchent - [elmarş], ils portent - [ilport], ils agitent - [ilzajit] , elles adoptent - [elzadopt], porter - [porte], imiter - [imite], fond- /fon/, argent- /arjon/, mais- /me/, epoux- /epu/, champ- /şam/, chat- /şa/, cadres- /kadr/, banc- /ban/, nez- /ni/ vs.

Ərəb və fars dillərinin də orfoqrafiyası ilə orfoepiyası arasında xeyli fərqlilik olduğunu xatırlatmaq faydalı olar. Bu nümunələr ərəb dilinə aiddir:

خلوا , كفروا, مشوا, واعبدوا ,تواصوا ,واسجدوا , نَاعْبُدُوا , َاغْفِرْلَنَا , قالوا , عملوا ,سجدوا ,كانوا

Yazılışı ilə tələffüzü müxtəlif olan aşağıdakı sözlər isə isə fars dilindədir:

خواهر, خواجه , خویش , خواب , خواستن , خوان, استخوان, خوار , غمخوار,خواهیش

Göründüyü kimi, ruslar, ingilislər, fransızlar, ərəblər və farslar öz dillərinin orfoqrafiyalarında tarixi-ənənəvi prinsipdən əl çəkməmişlər. Bizim dilimizdə apostrof işarəsini qaldıranda bir hörmətli alimimiz apostrof işarəsinin qaldırılması nəticəsində tonlarla mətbəə boyasına, kağıza qənaət olunacağını, çap və yazı işinin əhəmiyyətli dərəcədə sürətlənəcəyini “əsas” gətirmişdi ( ?! ). Nədənsə, rusların öz orfoqrafiyalarında mühafizə etdikləri “ ъ” və “ ь” işarələrindən, ingilislərin çox sözün sonunda oxunmayan “e” hərfini, ərəblərin bəzi izafət birləşmələrində və sözlərdə oxunmayan -  - ا ,و ,ى ,لfars dilində müxtəlif sözlərdə oxunmasa da saxlanılan “ و “ hərfinin mövcudluğunu unutmuşdu dəyərli mütəxəssisimiz. Gələcək nəsillə keçmiş nəsil arasında sələf-xələf əlaqəsinin itməməsi naminə, qədimdə yazılanların qüsursuz, tam və təfərrüatı ilə gələcək nəslə ötürülməsində problem yaşanmaması üçün onlar öz dillərini haqlı olaraq qayğı ilə qoruyurlar. Məsələn, mübaliğəsiz demək olar ki, bu günkü iranlı gənclərin asanlıqla, heç bir əziyyət çəkmədən Rudəkini, Firdövsini, Sədini, Hafizi; müasir ərəblərin “Qurani- Kərim” başda olmaqla heyrətamiz sərbəstliklə Əbu Nuvvası, Əntərəni, Cahizi, İmrul Qeysi, İbn-əl-Əsiri, İstəxrini, İbn Əbd Rəbbihini; ingilislərin V. Şekspiri, F.Bekonu, D.Defonu, C.Svifti; fransızların Monteni, Korneli, Lafonteni, Molyeri, Rasini, Monteskyönü; rusların Kantemiri, Fonfizini, Krılovu, Karamzini, Lomonosovu, Derjavini və başqalarını oxuyub başa düşmələrinin başlıca səbəbi orfoqrafiyaya, leksikologiyaya mühafizəkar münasibət bəsləmələri, dillərində olan sözləri qayğı ilə qoruyub saxlamalarıdır.

Biz 1929-cu ilin yanvar ayının 1-dən 1939-cu ilin dekabr ayının 31-ə qədər latın qrafikasını işlətdik (indi işlətdiyimiz hərflərdən bir qədər fərqli şəkildə: c, ç, y, ç, ğ, ı, ö, ü, j fərqli yazılırdı ), 1940-cı ilin yanvar ayının 1-dən kiril əlifbasına keçdik, 1958-ci ilin yanvar ayının 1-dək gərəksiz yerə “э, ю, ё, я, й, ц, щ” hərflərini və “ь, ъ”işarələrini də tətbiq etməyə başladıq. Sonra 1959- cu ildə həmin hərfləri və işarələri orfoqrafiya qaydalarımızdan çıxartdıq və bu dəfə 1961-ci ilə qədər rus dilində “o” hərfi ilə yazılıb “a” şəklində tələffüz edilən sözləri “a” hərfi ilə, “ц” ilə olanları “ts”, “щ” ilə yazılanları “şş” şəklində yazmağa başladıq: Maskva, qalxoz, sotsialist, dotsent, borşş və s. Yaxşı ki, bir müddət sonra bu yanlışlıq aradan qaldırıldı. Dilimizin fonematik təbiətini unudaraq bənzər şəkilləri öz nitqlərində ətalətlə hələ də davam etdirənlər vardır: lakal, palis, atel, satsial, afsay,  afşor, aftalmoloq, akulist və s. Unudulur ki, bizim dildə “o” səsi “a” kimi tələffüz edilsəydi millət oduna-adun, dolmaya-dalma, oyuna-ayun, bolluğa-balluq, oğula-ağul, dolaba-dalab deyərdi.

Dilimiz mənəvi sərhəddimizdir, ərazi toxunulmazlığımız kimi onun da  daim keşikçisi olmalıyıq. Ozanlar ozanı Dədə Qorquddan, Qaşqarlıdan, Bürhanəddindən, Nəsimidən, Füzulidən, Seyid Əzimdən, Sabirdən, Mirzə Cəlildən və yüzlərlə dahidən bizə əmanət edilən dilimizi mühafizə etmək bizim hamımızın övladlıq, vətəndaşlıq borcumuzdur. Bu yolda bütün soydaşlarımızın sarsılmaz milli birliyi gərəkdir.  Milli kimliyimizin göstəricisi olan dilimizi hamılıqla qorumalı, ona lazımi qayğı göstərilməli, onun inkişafı naminə gərəkli bütün tədbirlər dövlət səviyyəsində həyata keçirilməlidir. Dillə bağlı alınacaq qərarlar beş-altı nəfərin  bir  kabinətə guşənişin olub ortaq məsləhətləşməsi ilə deyil,  ən geniş tərkibdə ciddi müazkirələr  nəticəsində alınmalıdır. Əks təqdirdə, əlinə fürsət keçirənin hər biri öz nitq tərzini, ifadə üslubunu  təbərrük kimi xalqa qəbul etdirməyə çalışacaqdır.

Danışıq dilində müxtəlif fərdlərin işlətdikləri “prikaz, naruşenye,  çesni, sama saboy, kaneşna, niçevo sebe, atmenit, prapiska, padaxodnı, sroçnı” vs. qəbildən olan gərəksiz alınmaların – varvarizmlərin ədəbi dilə daxil edilməsi dilimizə zənginlik gətirməz.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

 

 

 

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi

 

Мişarçay yaşayış yeri Azərbaycan Respublikası ərazisində tanınmış arxeoloji abidələrdən biridir. Bu abidə əvvəllər Cəlilabad şəhərinin 1,5 km cənub-şərqdə, eyni adlı çayın (əslində isə Həməşəraçayın) sahilində yerləşsə də son zamanlar şəhərin genişlənməsi nəticəsində artıq Cəlilabad şəhərinin mərkəzində yer tutmuşdur.

 

Bu abidə Cəlilabad şəhərindən axan Mişarçayın sahili boyunca yerləşdiyinə görə ona "Mişarçay abidələri" adı verilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, Muğanda Eneolit yaşayış məskənləri bilavasitə kiçik çayların (İncəçay, Mişarçay), qədimdə axar sulu dayaz dərələrin, bəzən də bulaqların kənarlarında cəmlənmişdir.

Bu qədim və möhtəşəm abidələr 1965-ci ildə arxeoloqlar mərhum professor İdeal Nərimanov (1927-2006) və Bakı Dövlət Universitetinin dosenti mərhum Fərman Mahmudov tərəfindən araşdırılmışdır. Həmin ərazidə aparılan arxeoloji qazıntı işləri nəticəsində buradan Eneolit və Erkən Tunc dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.

İndiyədək Mişarçay yaşayış yerindən metal, daş və sümük alətləri, keramika və saxsı məmulatları (müxtəlif küplər, qablar və müxtəlif məişət əşyaları) tapılmış və onlardan müəyyən bir qismi arxeoloqlar və tarixçi alimlər tərəfindən tədqiq edilmişdir. Ümumilikdə isə bu abidə yerindən tapılan maddi-mədəniyyət nümunələri hələ minillər öncə bu ərazilərdə metaləritmə, dərmiçilik və duluzçuluq sənətinin mövcudluğu və inkişaf etdiyini sübut edir...

Bu abidələr barədə hələ Sovetlər dönəmində tərtib edilərək işıq üzü görmüş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası" (ASE) əsərində də müəyyən məlumatlar yer almışdır. Həmin məxəzdə oxuyuruq:

"Mişarçay abidələri - Azərbaycan SSR Cəlilabad şəhərinin cənubunda Mişarçayın sahilində Eneolit və erkən Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid yaşayış məskənləri. 6 yaşayış yerindən (Mişarçay I-VI) ibarətdir. Mişarçay II, IV, VI Eneolitə (e.ə. 4-cü minillik) aiddir. Sahəsi 1 hektara yaxındır; mədəni təbəqənin qalınlığı 3 metrə çatır. Tərkibinə saman qatılaraq əllə hazırlanmış və səthi anqob çəkilmiş gil qablarla səciyyələnən bu abidələr Əliköməktəpəsi və Muğanın digər həmdövr abidələri ilə Zaqafqaziya Eneolitinin inkişaf etmiş variantını təşkil edir.

Çoxtəbəqəli Mişarçay I və III-də (sahəsi 2 hektara yaxın) yaşayış erkən Tunc dövründə (e.ə. 3-cü minillik) və orta əsrlərdə mövcud olmuşdur. Mişarçay I-in Kür-Araz mədəniyyətinə aid alt təbəqəsindən (qalınlığı 4,5 m; e.ə. 3-cü minilliyin I yarısı) kərpic divar hissəsi, ocaq qalığı, gildən sapand mərmiləri, qırmızı və qara rəngli zərif cilalı qulplu qablar, əkinçiliyə aid materiallar (yığma oraq dişləri, dən daşları, arpa qalığı və s.) aşkar olunmuşdur. Həmin təbəqədən tunc əşyalar da tapılmışdır. Mişarçay I-dən (e.ə. 3-2-ci minilliklər) əsasən, qara rəngli cilalı qablar aşkar edilmişdir. Keramikada Trialeti gil qabları ilə oxşar cəhətlər var..." ("Azərbaycan Sovet Ensiklopediyası", VII cild, səh: 13. "Azərbaycan Milli Elmlər Akademiyası", Bakı, 1982 və 1983).

 

Qeyd etmək lazımdır ki, bu ərazinin çoxtəbəqəli olduğunu dedikdə, Eneolit və erkən Tunc dövrləri, Orta əsrlər dövrü (eramızın III-XVIII əsrləri) və s. kimi ayrı-ayrı zamanlarda həmin ərazidə yaşamış və özündən izlər qoymuş svilizasiya və maddi-mədəniyyət nümunələrini özündə saxlamış dövlər nəzərdə tutulur.

Şübhəsiz, Mişarçay yaşayış yerindən tapılan metal tullantıları bu ərazidə Muğanın ən böyük şəhəri, həm də bir zamanlar onun mərkəzi və paytaxtı sayılan bir zonada (qədim Həməşərada) metal sənəti və istehsalının inkişaf etdiyini sübut edir. Bu, əslində qədim Həməşərada müxtəlif məişət əşyaları (qab, qacaq və s.), eləcə də silah-sursatın (ox və nizə başlıqları, qılınc, xəncər, sapand mərmiləri və s.) məhz bu ərazidə istehsal edilməsi, həmçinin ehtimala görə onların digər qonşu ərazilər və şəhərlərə (Beyləqan, Ərdəbil, Muğaniyyə və s.) ixrac edilməsi anlamındadır.

Mişarçay I-III yaşayış yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli və 132 saylı Qərarına əsasən 31 invertar sayı ilə Eneolit və İlk Dəmir dövrünə aid dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri kimi qeydə alınmışdır. (Həmin qərar "www.e-qanun.az" internet portalında mövcuddur).

Son zamanlar Cəlilabad şəhərinin Həməşəra təpələrinin şimal-qərb və şərq tərəflərinin ətəyində ərazidə yerləşən qədim abidələrlə bağlı müəyyən bildiriş lövhələri də vurulmuşdur.

Bunlardan biri Bayraq meydanı ilə qeyri-müsəlman qəbristanlığı arasındakı ətəkdə ağaclardan birinin üzərinə vurulmuş və orada bu sözlər yazılmışdır: "DİQQƏT! Dövlət tərəfindən qorunur! Dünya əhəmiyyətli arxeoloji abidə. I-III minillik MİŞARÇAY YAŞAYIŞ YERİ" Eneolit-İlk Dəmir Dövrü. İNV: 31"

Orada "I-III minillik" deyil, əslində "e.ə. III-I minillik" qeyd edilməsi tarixçilərə bəllidir...

Təpənin şərq hissəsində yenicə salınmış qəbristanlığın yaxınlığında yerə sancılmış bildiriş lövhəsində isə bu sözlər yazılmışdır: "DİQQƏT! Dövlət tərəfindən qorunur! Ölkə əhəmiyyətli arxeoloji abidə. Yaşayış yeri e. ə. IV minillik. İNV: 886".

Lakin təəssüflər olsun ki, həmin bildiriş lövhələri artıq ərazidə mövcud deyil və çox güman ki, məsuliyyətsiz şəxslər tərəfindən götürülmüşdür. Hal-hazırda sözügedən ərazilərdə həmin lövhələrdən heç bir əsər-əlamət yoxdur!

 

Əslində bu qəbil əhəmiyyətli məkanlar üçün belə sadə bildiriş lövhələri deyil, daha böyük və daha möhkəm lövhələrdən istifadə olunmalı idi... (Uyğun mövzuda ətraflı məlumat üçün bax: "Yurdumun tarixi", İlqar İsmayılzadə, səh: 164-166. "Həməşəra" mətbu orqanı, Cəlilabad, birinci çap, 2020).

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Ramin Yaşardır.

 

 

Ramin Yaşar

Təbriz

 

SALAM TÜRKÜN BAYRAĞINA

 

Ay-ulduzlu gözlərinlə,

Çağır gələk ocağına.

Körpə-körpə duyğumuzu,

Al günəşin qucağına.

 

İzin ver, dinləyək səni,

Sən ey Savalanın savı.

Söylərinə qonaqlandır,

Sevginə can atan avı.

 

Qıyım sanma canımıza,

Qıy, qoy olanlar ər olsun.

Sınaq-sınaq sına bizi,

Sınaqların sinər olsun.

 

Şuşa-şuşa, Laçın-laçın

Biz qalxmışıq ayağına.

Təbriz-təbriz, Bakı-bakı,

Salam,

Salam türkün bayrağına…

 

 “Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

42 -dən səhifə 2253

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.