Super User

Super User

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Duyum səni

 

Qəlbinin dərinliklərinə dupduru sulara baxdığım kimi baxmaq istərəm. Məndən heç şeyi gizlətmə! Qayğılarla dolaşa-dolaşa, dalaşa-dalaşa, baş-başa qalsan da, bil ki, sevgi çiçəyin təravətli, solmaz, əbədiyaşardır dünyada. Bunları saxla yadında. Gəl, üz-üzə, qəlb-qəlbə dayanaq. Bircə baxışımızla nəğmələrin həzin-həzin sehrinə bələnək. Yorğun ayın solğun işığında əsən mehin nəfəsindən dinməz-söyləməz uçuşan sevgimiz qayııtsın yuvasına.

Hədiyyə etmək istəsən mənə, sevincimi bağışla. Yenə, yenə pay dilərəm səndən. Nədən dinməzsən belə? Bəlkə dupduru baxışlarının aynasında demək istəyirsən deyə bilmədiklərini. Sual dolu baxışlarım elə qəlbinin dərinliklərinə baxmaq, axmaq istər. Qoy sənin də çöhrənə sevinc şeh damcıları tək qonsun! Duyum səni bütün varlığın ilə, tam mənası ilə. Elə belə vurum ömrü başa...

 

 

Sənsiz nəfəs almaq istəmirəm mən

 

Qəlbimdəki arzularım qovrulur, sovrulur. Əlinlə əkdiyin o güllər solur. Yoxluğun ömrümdə çox hiss olunur. Axı sənsiz nəfəs almaq istəmirəm mən...

Qohum-tanış səni sorub ağlayır, ürəyimi dağlayır. Gözlərim gəldiyin yollarda qalır. Sevgimizin zirvəsini qar alır. Sənsiz yaşamaq belə istəmirəm mən...

Gəzib-dolanmıram sənsiz o bağı. Çəkdirmə beləcə sinəmə dağı. Gətirmə ömrümə boran-sazağı. Səni heç vaxt itirmək istəmirəm mən.

Xatirələr bir-birinə qarışır. Fikirlərim sənsiz yaman dolaşır. Bu dərd, bəla sanki mənlə yarışır. Niyə qoydun məni bu günə, gülüm? Sənsiz keçir günüm, ilim, neyləyim? Sənsiz nəfəs almaq istəmirəm mən. Səni itirmək belə istəmirəm mən.

 

 

Ömrün baharında solan yarpağam

 

Taleyimi yazana nə deyim mən?! Ürəyim yarpaqtək titrəyir nədən? Dönmüşəm tufanlı, boranlı qışa, dönmüşəm gözlərdən tökülən yaşa. Yaşıl-yaşıl ümidlərim saralır, sənsiz dünyam yetim qalıb qaralır. Arzuya uzanan yolum daralır. Dönmüşəm qırılmış, ovxarlı daşa.

Səni qınayıram, qəbahətin çox. Korun-korun niyə yandın, alışdın. Sənli günlər bu dünyada daha yox, fəqət, bu kəm qismətinlə barışdın.

Ayrılıq dərdinə dözməkmi olar, sənsiz bağ-bağatı gəzməkmi olar, nəğməli misralar düzməkmi olar, ömrün baharında solan yarpağam.

Ömrün baharında solan yarpağam. İşıqlı günlərə tamarzı qaldım. Həsrətin odunda yanan torpağam. Dərdliyəm, alışan qəlbim qubardı. Gözümü yumuram, yuxuma gəl sən. Xoş bir xəyal kimi qəlbimi dolaş. Ömrümə əkilən dərdimlə savaş, dalaş. Yavaş-yavaş üzümdə sevinc görərsən...

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O musiqi dahisidir.

Adı mədəniyyət tariximizə qızıl hərflərlə yazılıb.

Əsrlər, qərinələr keçəcək, qızıl fondu təşkil edən əsərləri yenə də gündəmdə qalacaq, təkrar-təkrar səslənəcək.

 

Əslən Şuşadan olan Fikrət Əmirov 1922-ci ilin noyabrın 22-də Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olub. Fikrət ailənin ikinci övladı olub. Belə ki, Fikrət uşaqlığından atası tarzən Məşədi Cəmil Əmirovun əsərlərinə, xüsusilə musiqilərinə qulaq asıb. Onun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, bir sözlə, yaşadığı mühitin təsiri olub.

 Fikrət Əmirov öz xatirələrində qeyd edir ki, "Məni bəstəkar edən Azərbaycan tarıdır."  Əlavə edir ki, "Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir." 1928-ci ildə Məşədi Cəmil Əmirovun vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin üzərinə düşüb.

 Dürdanə xanım 6 övladını tək böyütməli olub. Fikrət yaşadığı çətinliklə baxmayaraq, atasının sənət yolunu davam etdirməyə çalışıb. O, atasının arzu və istəklərini yüksək səviyyədə həyata keçirməyə nail olub. Fikrət ailədə ondan 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışıb. Yaxşı xanımın ifa etdiyi mahnıları Fikrət tarda müşayiət edib.

Beləliklə onlar, ifaları ilə məktəb daxili və xarici uğurlar qazanmağa başlayıblar. O, Üzeyir Hacıbəyovun sinfində "Azərbaycan xalq musiqisinin əsasları" fənnini öyrənib və bu üslubda ilk əsərlərini yazmağa başlayıb. 1930-cu ildən etibarən Üzeyir Hacıbəyovun məsləhəti və Bülbülün rəhbərliyi ilə xalq mahnı və rəqslərini toplayıb, onları nota yazmaq məqsədi ilə konservatoriyada "Xalq musiqisi kabineti" təşkil olunub.

Həmin kabinetə rəhbərlik edən Bülbül gənc bəstəkar və musiqişünasları bu işə cəlb edib. Onlar respublikanın müxtəlif bölgələrinə ekspedisiyalara gedərək, oradan folklor nümunələri toplayıb, onları lentə yazıb, kabinetə təqdim edib və həmin nümunələri nota köçürüblər. Dövrünün ustad xanəndələrini — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının da oxuduqları xalq mahnı və təsniflərini nota salıblar.

Bu işdə Asəf Zeynallı, Zakir Bağırov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Əşrəf Abbasov, Midhət Əhmədov, Məmmədsaleh İsmayılov kimi simalarla yanaşı, Fikrət Əmirovun böyük xidmətləri olub. O, hələ tələbə ikən bu işə cəlb olunduğundan daha da həvəslənir və öz əsərlərini də məhz xalq musiqisi üslubunda yazıb.

Bəstəkar yaradıcılığının ilkin dövrlərində, 1948-ci ildə opera janrına müraciət edib. Konservatoriyanı bitirərkən o, diplom işi olaraq birpərdəli "Ulduz" operasını yazıb. Bu opera yalnız əlyazma şəklində saxlanılaraq, nəşr etdirilməyib. Fikrət Əmirov bu əsəri yazmaqla müəyyən təcrübələr əldə edib. Bəstəkar opera janrının müəyyən üslub cəhətlərinə, ifadə vasitələrinə yiyələnə bilib.

 Birpərdəli operanın librettosu Azərbaycanın xalq artisti İsmayıl Hidayətzadəyə məxsusdur. 1953-cü ildə Fikrət Əmirov "Sevil" operasını yazıb. Fikrət Əmirov operanın üzərində işə 1949-cu ildə başlayıb. Cəfər Cabbarlının süjetinə opera yaratmaq tələbi bəstəkarın daxili istəyindən, bu yazıçının yaradıcılığına olan rəğbət hissindən irəli gəlməklə yanaşı, həm də yazıçı Mirzə İbrahimovun bu süjeti təklif etməsi ilə əlaqədar olub.

 Operanın librettosunu yazan şair Tələt Əyyubov pyesin əsas dramaturji məğzini, əsərin obrazlı dilini, iştirakçıların dəqiq səciyyəsini saxlamağa cəhd göstərib. Librettoya çox yığcam şəkildə işlənən Azərbaycan qadının acınaqlı vəziyyəti, hüquqsuzluğunu təsvir edən proloq səhnəsi əlavə edilib. Opera janrının tələbləri ilə bağlı pyesin bəzi pərdələri birləşdirilib, əsər yığcam şəkil alıb.

Operanın hər redaktəsində müəyyən dəyişikliklər aparılaraq bəzi səhnələr əlavə edilib, bəziləri çıxarılıb, iştirakçıların bir sıra çıxışlarının yeri dəyişdirilib.

 

Filmoqrafiya

1. 80 kilometr yerin altı ilə

2. Abbas Mirzə Şərifzadə

3. Mücrü

4. Nəfəs alətləri

5. Bəxtiyar Vahabzadə

6. Muğamat var olan yerdə...

7. Fikrət Əmirov

8. Həsən Abdullayev xatirələrdə...

9. Maestro Niyazi

10. Yaşamaq gözəldir, qardaşım!

 

Təltif və mükafatları

1. "Stalin" mükafatı (II dərəcə) — ("Kürd-ovşarı" və "Şur" simfonik muğamlarına görə)

2. Azərbaycan SSR əməkdar incəsənət xadimi

3. Azərbaycan SSR xalq artisti

4. Lenin ordeni

5. SSRİ xalq artisti

6. Azərbaycan SSR Lenin komsomolu mükafatı

7. "Qırmızı əmək bayrağı" ordeni

 

Fikrət Əmirov 20 fevral 1984-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 99 ili tamam olur.

 

LeylaVəkilova1927-ciilyanvarayının 29-daBakıdadoğulub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib.

1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub.

Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.

Leyla Vəkilova müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla ("Qu gölü", "Yatmış gözəl" və "Şelkunçik", Pyotr Çaykovski), Pao Xoa ("Qırmızı lalə", Reynqard Qlier), Kitri ("Don Kixot" Lüdviq Minkus), Laurensiya ("Laurensiya", Aleksandr Kreyn), Zarema ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Gülşən ("Gülşən", Soltan Hacıbəyov) partiyalarını ifa edib.

Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslovakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə (1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.

1976-cı ildən 1982-ci ilə kimi Azərbaycan Dövlət Rəqs Ansamblına bədii rəhbərlik edib. Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər.

 “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru, ssenarist, kino redaktoru Yaqub Əlioğlu 1993-cü ildə Leyla xanım haqqında “Balet uçuş deməkdir” adlı sənədli film çəkib. Bu barədə o belə deyir:

 “Balet uçuş deməkdir” adlı sənədli film özünün də ürəyincə oldu. Sən demə, o filmə mərhum prezidentimiz Heydər Əliyev də baxıb və sonra Leyla xanımla əlaqə yaradaraq, onunla xeyli danışıb. Leyla xanım çox sevincli idi. Sanki sevincini kiminləsə bölməyə adam axtarırdı.

Mənə dedi ki, “dur gəl bizə, danışaq”. Çox sevinirdi. Getdim, ürəkdolusu telefon söhbətinin təəssüratından danışırdı. Onda mənə dedi ki, “Yaqub, istəyirəm haqqımda kitab yazasan”. Maraqlı bir faktı da deyim, o filmdən və o telefon danışığından bir müddət sonra Leyla xanıma prezident təqaüdü və “Şöhrət” ordeni verildi.

Mən də sənət xadimlərinə həsr etdiyim kitabımda onun haqqında “Qu quşunun nəğməsi” adlı portret yazısı yazdım. Doğrudur, xoşuna gəldi, amma xahiş etdi ki, ona ayrıca kitab həsr edim. Mən də Leyla xanıma söz verdim ki, onun üçün ayrıca bir kitab yazacağam. Çünki həqiqətən də buna layiq idi. Bütün ömrünü baletə həsr etdi. Ailə xoşbəxtliyi yaşamadı, hər şeyi sənət üçün etdi.

1999-cu ildə Leyla xanım vəfat etdi. İş, yaradıcılıq, məişət qayğıları bizi çox məşğul edirdi. Odur ki, bu kitab məsələsi qismən də olsa, unuduldu. 2010-cu ildə Leyla xanım yuxuma girdi. Çox qəribədir, yuxuda o məsələni xatırlatdı. O gündən sonra işə başladım, çox çətinliklə onunla bağlı materialları əldə etdim. İnanın, onun az sayda olan yaxınları telefonu üzümə qapadırdılar. Yenə sağ olsun, Xareoqrafiya məktəbinin o vaxtkı rəhbəri Rima Məmmədova kömək etdi. Nə isə, kitabı tamamladım.

Amma əsas məsələ onun çapı idi. Mənim də buna qədər 7 kitabım olub və heç biri üçün kiməsə müraciət etməmişəm, xahiş-minnətdə olmamışam. Maddi imkanımın məhdudluğundan kitabın çapı qaldı. Amma yenə bir gün Leyla xanım yuxuma gəldi. İnanın, dedi ki, başladığın işi yarımçıq saxlama.

 Yenə deyirəm, bəzi insanlar üçün bu adi, bəlkə də qeyri-ciddi görünər. Amma mənə sanki ruh, inam verdi. Kitabın çapı ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub yazdım. Çox keçmədi, nazirlikdən müsbət cavab gəldi. Nəticədə 2014-cü ilin sonlarında çox nəfis tərtibatla Leyla xanıma həsr olunan “Qu quşunun nəğməsi” kitabı işıq üzü gördü. 

 

Leyla Vəkilova 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru olub. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər. Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd qızı Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

 

Mükafatları

- "SSRİ xalq artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Lenin" ordeni

- "Şöhrət" ordeni

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Firəngiz xanım dahi sənətkar, çox gözəl insan idi. Həmişə deyirdi ki, mənim bu yerə gəlməyimə səbəb Allahın verdiyi istedad və zəhmətdir. Ölümündən əvvəlki son illərdə teatra da gəlmirdi, istəmirdi xəstə vəziyyətində onu kimsə görsün. Ərköyün deyildi, əksinə yumora meyli olan xanım idi. O düzü-düz, əyrini-əyri deyirdi. Bütün rejissorlar onunla işləmək istəyirdi. Amma onun bacarığından kinoda az istifadə etdilər" - Xalq artisti Tariyel Qasımov deyib bunları.

 

Bu isə ƏməkdarartistBəhramOsmanovunsözləridir:Firəngiz Şərifovanınadı gələndə heç vaxtunutmadığımbirhadisənixatırlayıram. 2006-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə qastrol səfərinə gedəndə orda maraqlı hadisə ilə qarşılaşdım. İllər öncə, tatarların məşhur dramaturqlarından biri Kərim Turçirin Abbas müəllimlə olan görüşlərində Firəngiz xanımın üç yaşında fotosunu çəkib. İllər sonra o həmin şəkli mənə verdi ki, Firəngiz xanıma çatdırım. Firəngiz xanım fotonu görüb sevincindən qəhərləndi. Onlar bizim aktrisaları çox sevirdilər, onlara dəyər verirdilər”.

Bu gün Firəngiz Abbasmirzə qızı Şərifovanın anım günüdür.

O, 6 fevral 1924-cü ildə Bakıda doğulub.  Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub.

1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktrisa kimi işləməyə başlayıb.

Tezliklə teatrın repertuar ağırlığını çəkən əsas aktrisalardan biri olub. Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi munasibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb.

 

O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib. 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və 2001-ci ilədək oranın aparıcı sənətkarı olub

O, Musiqili Komediya Teatrında Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Durna ("Durna", dramaturq Süleyman Rüstəm və bəstəkar Səid Rüstəmov), Ulduz ("Ulduz", dramaturq Sabit Rəhman və bəstəkar Süleyman Ələsgərov), Keto ("Keto və Kote", Vladimir Dolidze), Bayadera ("Bayadera", İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata ("Qış nağılı", Vilyam Şekspir) kimi maraqlı rollar oynayıb.

1949–1961 və 1965-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, fəci və psixoloji səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutmuşdur. Həmin səhnə surətlərinin daha xarakterikləri Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Kraliça ("Qarlar kraliçası", Hans Xristian Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", Biçer Stou) və s. rollarıdır

 

Filmoqrafiya

- Abbas Mirzə Şərifzadə

- Astana

- Bayquş gələndə...

- Bir ailəlik bağ evi

- Bizim küçənin oğlanları

- Dağlı çörəyi

- Qonşu qonşu olsa…

- Üzeyir ömrü

- Ömürdən uzun gecə

- Qətl günü

- Qaraca qız

- Xüsusi vəziyyət

- Ən vacib müsahibə

 

Firəngiz Şərifzadə milli səhnə mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə, qazandığı sənət qələbələrinə görə 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 25 dekabr 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub. 20 fevral 2014-cü il tarixdə Bakıda vəfat edib. O vəfat edən gün həmkarları çox üzüldülər.

“Allah rəhmət eləsin. Böyük aktrisa idi. Bu, Azərbaycan mədəniyyəti, incəsənəti üçün böyük itkidir. Çox təsirləndim. Dərin hüznlə baş sağlığı deyirəm. Onun ruhu şad olsun və bütün aktyor dostlarım adından öz kədərimi bildirirəm” dedi Həmidə Ömərova.

“Böyük bir aktrisamızı itirmişik. Mən onunla bir neçə tamaşada bir yerdə oynamışam. Sözün düzü, yadımda qalan ilk dəfə mən Gənc Tamaşaçılar Teatrında oynayanda onun  təbriki olub. İlk dəfə səhnəyə addım atan aktyoru təbrik eləməyə gəlmişdi. O heç nə demədi. Sadəcə, məni qucaqlayıb öpdü. Bu mənim yaddaşımda əbədi olaraq qalıb. Sonradan bir çox tamaşalarda oynadıq və biz ondan çox şey öyrənirdik. Allah rəhmət eləsin. Qəbri nurla dolsun” dedi Elşən Rüstəmov.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Allah ona qəni-qəni rəhmət eləsin. Gəldi, yaşadı, musiqimizi – muğam və təsniflərimizi sevə-sevə ifa edib milynlara sevdirdi və getdi...

 

Xalq artisti, hələ sağlığında ikən korifey sayılan Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil aldıqdan sonra əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub. Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb

Bir vaxtlar o və Zeynəb Xanlarova Leylini və Məcnunu oynayanda Opera və Balet teatrında əsla bilet tapılmazdı...

Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənib və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra — 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verib. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur.

 

 Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilib, onları böyük ifa edib. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub

 1978-ci ildə"Azərbaycan SSR əməkdar artisti", 1989-cu ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adını alıb. O, 1998-ci ildə "Şöhrət" ordeninə, 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Bundan əlavə Xalq artisti "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı, "Şərəf" ordeni alıb. 2 il öncə o, Azərbaycan Prezidentinin fəxri diplomuna, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına, 2025-ci il mayın 8-də isə Heydər Əliyev mükafatına layiq görülüb.

 

Son dəfə “Ulduz”un baş redaktoru Qulu Ağsəs ustad sənətkarla onun evində söhbətləşmişdi, Xalq qəzeti” TV-də efirə getmiş həmin söhbətdə Arif Babayev bəzi məqamlara toxunmuşdu.

SƏS BARƏDƏ

– Sizin səsiniz yaddaşımızda musiqi möhürü kimi həkk olunub. Heç nə sizin səsinizə xələl gətirə bilməz.

+Səsi gərək qoruyasan, külək, soyuq hava ona pis təsir edir. Konsert zamanı soyuq olanda xırıltı yaranır və bu da çətinlik törədir. Ona görə də xanəndəlik çox çətin sənət sayılır. Uzun illərdir mən buna şahidəm, çox çətindir.

AŞIQ HAVASI BARƏDƏ

– Siz xalq mahnılarının, muğamların və bəstəkar nəğmələrinin mahir ifaçısısız. Hansısa bir məclisdə sizdən aşıq havası oxumağı istəyən olubmu?

+Bəli, həm də çox oxumuşam. Saz yaxşı çalınanda, mən də oxuyanda, sanki, özümlə danışıram.

– Operada aşıq rolu da oynayanda, yəqin oxumusunuz da...

+Bəli, baş rollardan biri olan Aşıq Qəribi oynamışam və aşıq kimi oxumuşam.

MÜŞAYİƏT BARƏDƏ

– İndiyə qədər sizi tarda ən yaxşı müşayiət edən, sözsüz anlayan kim olub?

+Sərvər İbrahimov, Həsən Dadaşov. Onlarla uzun müddət işləmişəm.

 

ArifBabayevötən il iyulun 23-də kəskintənəffüs çatışmazlığı diaqnozuilə QaxRayonMərkəziXəstəxanasınahospitalizasiyaolunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. 1 avqust 2025-ci ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn edilib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

101 illik. 100 dəyirmi rəqəmdir, yubileydir. 101 isə yeni hesabın başlanğıcıdır. Bu gün Əməkdar artist, opera ustası, vokal ifaçısı Kamal Kərimovun doğum günüdür, məhz 101 illiyidir.

 

Bəlkə əlinizə köhnə lent yazıları keçər və bir dəfə onun “Sevilya bərbəri” tamaşasında canlandırdığı Qraf Almaviva obrazına tamaşa edərsiz. Düşünürəm ki, 1773-cü ildə fransız Pyer Bomarşenin yazdığı “Sevilya bərbəri” komediyasına 1816-cl ildə italyan Çezara Sterbininin yazdığı libretto əsasında dahi italyan bəstəkarı Coakkino Rossininin yazdığı eyniadlı operadakı Qraf Almavivanı hələ heç kəs Kamil Kərimov kimi oynamayıbdır. Bu qədər emosional və mükəmməl!

Kamal Kərimov 20 fevral 1925-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə olarkən "Koroğlu" operasında Nadir roluna dəvət olunub. Böyük Vətən müharibəsinə yollanan Kərimov ali musiqi təhsilini müharibədən qayıtdıqdan sonra başa vurub.

Lirik tenor səs tembrinə sahib olan Kamal Kərimov təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. 1949-cu ilin əvvəllərində, teatr bağlananda Filarmoniyanın nəzdindəki musiqili komediya ansamblında və daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. Bir müddət sonra müəllimliyə keçərək uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib

 

İfa etdiyi əsas rollar

«Musiqili Komediya Teatrında»

1. Məşədi İbad - Sərvər

2. Arşın mal alan - Əsgər

3. Ulduz - Bəxtiyar

4. Ürəkçalanlar - Kirmanlı

5. Toy kimindir? - Mehman

6. Durna- Aşıq Murad

7. Gözün aydın - Alay

8. Hacı Qara - Heydər bəy

9. Bayadera - Racami

10. Qızılaxtaranlar - Nadir

11. Kəndimizin mahnısı - Lətif

 

Opera teatrında

1. Koroğlu  - Nadir

2. Arşın mal alan  - Əsgər

3. Sevilya bərbəri - Qraf Almaviva

4. Demon -  Knyaz Sinodal

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

Kamal Kərimov 13 yanvar 1992-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

İnternet kitab rəyləri sistemi zahirən demokratikdir: hər kəs oxuduğu kitaba qiymət verə, fikir bildirə, başqalarına istiqamət göstərə bilər. Amma bu azadlıqla yanaşı ciddi bir problem də böyüyüb – oxunmamış kitablar haqqında yazılan rəylər. İnsanlar heç açmadıqları kitablara beş ulduz verir, yaxud müəllifə qəzəbləndikləri üçün bir ulduzla “cəzalandırırlar”. Nəticədə rəy sistemi ədəbi dəyərləndirmə aləti olmaqdan çıxıb, emosional və ideoloji reaksiya meydanına çevrilir.

 

Goodreads, Amazon və sosial şəbəkələrdə tez-tez eyni mənzərə görünür: kitab yenicə çıxıb, amma artıq yüzlərlə rəy var. Bu sürət oxu sürəti deyil, reaksiya sürətidir. Bir qrup oxucu müəllifin mövqeyinə görə kitabı dəstəkləyir, başqa bir qrup isə qalmaqal fonunda hücuma keçir. Məzmun ikinci plana keçir, kimlik və münasibət önə çıxır.

Bəzən məsələ daha fərdidir. Müəyyən əsərləri oxuduğunu demək intellektual nüfuz göstəricisinə çevrilir. Məsələn, Ulysses və ya In Search of Lost Time kimi çətin mətnlər haqqında fikir bildirmək bir növ mədəni status siqnalıdır. Halbuki həmin kitabların bir neçə səhifəsindən o tərəfə keçməyənlər belə uzun və pafoslu rəylər yazırlar. Bu zaman rəy başqasını deyil, daha çox insanın özünü inandırma vasitəsinə çevrilir.

Başqa bir problem qrup təzyiqidir. Oxu klublarında və ya sosial mediada formalaşan ümumi rəy fərdi mövqeni sıxışdırır. İnsan kitabı tam oxumasa da, çoxluğun fikrini təkrar edir. Üstəlik, platformaların alqoritmləri fəallığı mükafatlandırdığı üçün bəzi istifadəçilər kəmiyyət naminə saysız-hesabsız rəy yazır. Keyfiyyət arxa plana keçir, əsas olan görünmək və aktiv qalmaq olur.

Yalan rəylər adətən konkretlikdən qaçır. Süjetdən, obrazlardan, spesifik səhnələrdən danışmaq əvəzinə ümumi ifadələr işlədilir: “dil gözəldir”, “qəhrəmanlar realdır”, “çox təsirlidir”. Bu cür cümlələr istənilən kitab üçün yazıla bilər. Hətta “verified purchase” kimi mexanizmlər də problemi tam həll etmir; kitabı almaq onu oxumaq demək deyil.

Bunun nəticəsində ağır, çoxqatlı əsərlər aşağı reytinq ala bilir, çünki oxucu sona qədər getmir və məyusluğunu ulduzla ifadə edir. Asan və səthi mətnlər isə yüksək bal toplayır, çünki tez oxunur və tez reaksiya doğurur. Reytinq sistemi beləliklə keyfiyyət göstəricisi olmaqdan uzaqlaşır, əlçatanlıq və emosional reaksiya göstəricisinə çevrilir.

Bu prosesdə nəşriyyatların və müəlliflərin də rolu ola bilər: ilk həftələrdə yüksək bal toplamaq üçün təşkil olunan kampaniyalar, dost-tanış dəstəyi, hətta saxta hesablar. Hamı bunun mümkün olduğunu bilir, amma sistem işlədiyi üçün çox az adam etiraz edir.

Əsl problem texniki deyil, etikdir. Rəy yazmaq yalnız şəxsi fikir bildirmək deyil; gələcək oxucunun qərarına təsir etməkdir. Oxumadığın kitab haqqında hökm vermək isə təkcə müəllifə yox, oxucu mədəniyyətinə qarşı məsuliyyətsizlikdir. Həll yolu mürəkkəb mexanizmlərdən çox, sadə bir prinsipdir: oxumamısansa, rəy yazma; yarıda qoymusan, bunu açıq de; bəyənməmisənsə, səbəbini konkret göstər. Rəylər dürüst olduqda sistem də sağlam qala bilər.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

Cümə, 20 Fevral 2026 15:29

Tıxacdan rəqəmsal idarəetməyə 7/24

 

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Naxçıvan Muxtar Respublikasında son illərdə sosial-iqtisadi aktivliyin artması nəqliyyat xidmətlərinə olan tələbatın da yüksəlməsi ilə müşayiət olunur. Əvvəllər bölgədə taksi xidmətlərinin məhdud və yüksək tariflərlə fəaliyyət göstərməsi əhalinin daşınmasında bir sıra çətinliklər yaradırdı. Artıq o dövr deyil, hamı sarı taksiyə minsin. Sözün düzü, nə o “sarı” taksilərin hökmranlığı qalıb, nə də “maşın tapılmır” narahatlığına.

 

 İndi hər kəs cibinə uyğun rəngi, xidməti, maşını seçə bilir. Elə taksi demişkən. Şəhərin döyünən ürəyi ictimai nəqliyyat olub həmişə. Əvvəllər naxçıvanda nəqliyyat çox seyrək olsa da, taksilər od qiymətinə olub. Vaxtilə hava limanından Hacıvar kəndinə cəmi 1 kilometrlik yolun 5 manata başa gəldiyi günlər artıq xatirəyə çevrilib. Şəhərin nəqliyyatı hər zaman onun ürək döyüntüsü olub, amma bu ürəyin ritmi heç vaxt indiki qədər rəqəmsal dövrlə ayaqlaşmamışdı. Bakıdan gələnlər “Bolt çağırın” deyəndə kənddəki Gülnisə xala, Canbaxış əmi təəccüblə baxırdı: “Ay bala, o nə olan şeydir elə?” Gəl indi bunu Gülnisə xalaya Canbaxış əmiyə izah et ki, Bolt səni evdən götürüb düz gedəcəyin ünvanın həndəvərinə aparır.

Nənəm nağıl edirdi ki, bir qonşumuz var idi Telli xala. Ozaman Naxçıvanda tək-tük maşın olardı. Telli xalada Kültəpədən Siraba qızı Fatmanisə gilə gedirmiş. Bir maşın gəlib saxlayır Telli xalanın yanında. Sürücüdə cavan oğlan. Deyir xala gəl otur səni də aparım yorularsan. Xala da qayıdasan ki, ay bala başıva dönüm sən get ginən mən tələsirəm! Hə dostlar sözümün canı var. Bu əhvalat olub təxminən 1900 çoxdanlarda. Üstündən illər keçir yenə eyni dövr yaşanır. Bu dəfə avvamlıq və yaxud cahillikdən yox. Bu dəfə sıxlıqdan, tıxacdan. Artıq adam istiyir ki, gedəcəyi ünvana piyada hərəkət etsin, nəinki maşınla.

Heç yadımdan çıxmaz ilk dəfə 2004-cü ildə İstanbula gedərkən elə düşünürdüm məndən xoşbəxt adam birdə gəlməz dünyaya. Taksidə Asma körpüyə doğru yol almışdıq. Əzəmətli Aya Sofiiya qarşımızda dağ kimi görünsə də fəqət biz ona çata bilmirdik ki, çata bilmirdik. Elə bilirdim ki, biz irəlilədikcə o da bizdən uzaqlaşır. Böyüdükcə fərqinə vardım ki, böyük meqapolislərdə tıxaclar saatlarca davam edərkən belə bir mənzərə çıxırmış ortalığa.

Bəs necə edək ki, bu tıxaclardan yaxa qurtaraq? 18:00-da işdən çıxıb beş dəqiqəlik yolu bir saata niyə gedək? Əslində bu vəziyyətdən çıxış yolu çoxdur. Zəruri olmadıqca şəxsi yox, ictimai nəqliyyatlarla hərəkət etmək tösiyyə olunur. Dövlət Yol Polisinin də tələbi çox zaman fikirlərimizlə üst-üstə düşür. Bəs onda bir sualda çıxır meydana. Elə sakinlər var ki, onlar evdən ictimai nəqliyyata çatana qədər həm gecikir, həm də basabasla mənzil başına çatır. Bəs onlar nə etsin?

Bu yerdə müsahibim Talıbov İlkin Yusifəli oğlu bildirir ki, bu zaman Bolt sifariş etmək lazımdır.  Bolt-un AYNA-dan 2033-cü ilə qədər etibarlı rəsmi icazəsi var. İlkin Talıbov qeyd edir ki, artıq bir ildən çoxdur ki, Bolt Naxçıvanda fəaliyyət göstərir. Sürücülərin sayı beş minə yaxındır. Lakin sistemdə təmizləmə işləri aparılır və sürücü sayı daha da optimallaşdırılacaq.

Tətbiqə müstəqil şəkildə qoşulan sürücüləri sistem avtomatik blok edir. Hər bir sürücü rəsmi qaydada ofisə yaxınlaşıb sənədlərini təqdim etdikdən sonra fəaliyyət göstərə bilir. Sahibkar olaraq bu işlə məşğul olmaq istəyən şəxslə müqavilə bağlanır və aylıq olaraq dövlət büdcəsinə müvafiq məbləğdə vergi ödəməsi şərti ilə fəaliyyət göstərə bilir. İlkin Talıbov bildirir ki, icimaiyyəti ən çox məşğul edən məsələlərdən biri də Bolt-un qiymət siyasətinin necə tənzimlənməsidir. Qiymətləri heç kim dəyişmir, sistem özü nizamlama aparır. Bəzən 5 manata gedilən məsafəni tətbiq müəyyən vaxtlarda 3 manata hesablaya bilir. Bu, tələb-təklifə, günün saatına və sifariş sıxlığına bağlıdır. Adres dəqiq yazıldığı zaman müştəri istənilən ünvandan götürülür və mənzil başına çatdırılır. Bolt sifarişçisi çoxlu sayda sürücü sifariş edib ləğv edərsə sistem avtomatik qiyməti artırır. Eyni zamanda çox sifariş verib sürücünü gözlətdirən və iptal edən müştərilər də şirkət tərəfindən blok edilir.

Şirkətin həmçinin təhlükəsizlik və xidmət baxımından da geniş imkanları var. Proqramda zəng, təhlükəsizlik və GPS bölməsi mövcuddur. İstifadəçi nömrəni ora yazmaqla öz təhlükəsizliyini təmin edir. Həmçinin müştəri razı qalmadığı sürücü barədə dərhal “dəstək xətti” bölməsinə şikayət edə bilər və həmin sürücünün fəaliyyəti dayandırıla bilər. Eyni qayda sürücü üçün də keçərlidir.

Müsahibim qeyd edir ki, Bolt xidməti ilə bərabər Bolt Food xidmətinin fəaliyyəti də təşkil olunub. Hazırda Naxçıvanda 50 aktiv kuryer xidməti var. Restoran, ərzaq mağazaları və apteklərdən çatdırılma xidməti həyata keçirilir. Bəzən sifariş edilib, sonra ləğv olunan hallarda şirkət cəriməni restorana ödəyir. Müştəri isə növbəti sifarişdə həmin borcun balansından silindiyini görür. Ona görə də hər kəs bilməlidir ki, sifarişi iptal etmək məsuliyyət yaradır. Ünvan dəyişən müştərilər yeni ünvanı tətbiqdə mütləq qeyd etməlidir, əks halda kuryer köhnə ünvana gedir və yol xərci artıq müştərinin üzərinə düşür.

Ofis hər gün 10:00–19:00 arası, şənbə günü isə 13:00-a qədər fəaliyyət göstərir.

 Faktiki işsiz olan şəxslərin bu sistemlə fəaliyyət göstərməsi həmçinin regionda işsizliyin azalmasına da müsbət təsir göstərir. Beləliklə Bolt və Food həm nəqliyyat və çatdırılma ehtiyaclarını qarşılayır, həm də yerli sakinlər üçün davamlı gəlir mənbəyi yaradaraq iqtisadi fəallığı dəstəkləyir.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Bu gün on bir ayın sultanı Ramazan ayının ikinci günüdür. Bu ay müsəlman dünyasında mənəvi paklığın, birliyin, səbrin və hümanizmin ən önəmli rəmzlərindən biri kimi qiymətləndirilir.

 

 

Ramazan müsəlmanların oruç tutmaqla mükəlləf olduqları bir aydır. Qurani-Kərim"də oruc və onun qəti hökm olaraq bəyan edildiyi ayədə buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız!" (Bəqərə, 183).

Orucluq sadəcə dini bir ibadət deyil, ailə və cəmiyyətin həyatında birlik, paylaşma, mərhəmət, insani dəyərlər və mənəvi dərinliyin simvoludur.

 Ölkəmizdə orucluq ənənələri yüzillər boyu xalqın dini-mənəvi dünyasının,ailə modelinin, sosial münasibətlərinin və milli mədəniyyətinin ayrılmaz hissəsi olub.

Bəs görəsən, İslamdan öncə qədim türklərdə oruç tutmaq ənənəsi olubmu? Çoxları elə bilir ki, oruc tutmaq ancaq İslamla bağlıdır. Tarixi mənbələr göstərir ki, türklərin oruc tutması tək İslam dini ilə bağlı olmayıb, bunun tarixi daha qədimlərə uzanıb gedir. Yəqin ki, "Bəqərə" surəsində 183-cü ayədəki "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi..." ifadəsi də buna işarədir.

Bəli, qədim türklərdə İslamdan öncə də oruc tutmaq olub. Bunu rus tarixçi və etnoloqu L.Qumilyovun dünya tarixində türklərin keçmişi, kökü haqda ən yaxşı araşdırma işlərindən hesab olunan məşhur "Qədim türklər" əsərindəki (Bakı-Gənclik-1993. səh: 313) "Manixeylərin (bu dinə tapınan uyğur türklərinin - İ.V.) qanunu pəhriz saxlama günləri nəzərdə tutulur, bu qanuna görə hətta yağ və süd belə yemək qadağandır..." cümləsi də sübut edir.

Uyğur-türk etnokulturoloji təfəkkürünün məhsulu V-VI əsrlərə aid olan "Xuastuanift"in (tövbə və ya peşmanlıq duasının) bir hissəsinin tərcüməsindən də qədim türklərdə oruc tutmaq adətinin olduğunu görürük. Həmin hissədə deyilir: "...ildə bir dəfə yeddi ibadət adəti var idi, bir ay... oruc tutmaq gərək idi. Yenə mərasim yerində ibadət edib oruc tutaraq ağılla, səmimi qəlbdən tanrı bürhanlarından bir ildəki günahlarımızı bağışlamalarını diləmək gərək idi. Ey tanrım, ibadət başa çatınca otura bilmədiksə, bir aydakı orucu yaxşıca, təmiz tuta bilmədiksə, günahlarımızın bağışlanmasını diləməyə getmədiksə, nə qədər çatışmazlıq oldusa, indi, ey tanrım, günahlardan azad olaraq yalvarırıq: günahlarımızı bağışla!" (N.Cəfərov: "Türk xalqları ədəbiyyatı". I cild (Bakı, "Çaşıoğlu mətbəəsi" - 2006. səh:185). Burdakı "bir ay... oruc tutmaq gərək idi" sözləri heç bir mübahisəyə yer qoymur. Deməli, hələ İslamdan əvvəl türklərdə Göy Tenqriyə təqvalı olmaq üçün  pəhriz saxlamaqla oruc tutmaq da varmış.

 Hətta qədim türk dilində farsca "oruc" sözünün   "baçaq" adlı qarşılığı da olub. Əski uyğur sözü hesab olunur. Mənbələrdə bəzən bu sözün "baçak", "baçağ" və s. kimi yazılması hallarına da təsadüf edilir.  

XI əsrdə yaşamış M.Kaşğarlının məşhur "Divani-lüğat-it-türk" əsərində (I cild, Bakı - "Ozan" - 2006. səh: 410) bu barədə yazılıb ki, "Baçak xristianların orucu"dur. Bizcə, M.Kaşğarlı bu ifadə ilə xristianlığı qəbul etmiş türkləri  nəzərdə tutmuşdur.

Alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloq V.V.Radlov isə bu kəlmənin, ümumiyyətlə, hər hansı bir dindən asılı olmayaraq, orucu bildirdiyini qeyd edir və fikrini "Manixeylərin (manixey dininə tapınan uyğur türklərinin - İ.V.) "Tövbə duası" kitabından gətirdiyi sitatla əsaslandırır.

AMEA-nın müxbir üzvü Ə.Quliyev də "Qədim uyğur türklərinin onomastikası" adlı monoqrafiyasında (səh:50) göstərir ki, baçaq xristian və manixeylərdə "oruc tutmaq", "pəhriz saxlamaq" mənasını bildirir".  

Filologiya elmləri doktoru, professor. N.Xudiyev isə "Qədim türk yazılı abidələrinin dili"  (Bakı, "Elm və təhsil", 2015, səh: 469) əsərində bu barədə yazır ki, "Baçağ (baçak, paçağ) orucluq"... kiçik baçağ - kiçik orucluq; uluğ baçağ - böyük orucluq; baçağ baçamak - oruc tutmak; baçağ olurmak - pəhriz saxlamaq, oruc tutmaq" deməkdir.

Filologiya elmləri doktoru, professor Ə.Rəcəblinin "Qədim türk yazılı abidələri" kitabının (Bakı, "Elm və təhsil" - 2010. səh: 236) IV cildində "baçaq" sözü "oruc", kitabın lüğət hissəsində (səh: 300) isə "bacamaq" sözü oruc tutmaq kimi tərcümə edilir. H.Hadinin "Türkcə Etimoloji Sözlük L-Z" kitabının 381-ci səhifəsində də "baçaq" "oruc" sözünün mənalarından biri kimi şərh olunur. Mehmet Akyılın "Divanü Lügati't-Türk'te Mastar ve Sıfat-Fiil Yapan Ekler, Değişik İşlevleri ve Geçirdikleri Değişimler" (Yakın Doğu Üniversitesi fənn və sosyal Bilimler Enstitusu. Yüksək lisans tezi. Türk dili ve edebiyatı Bölümü. Lefkoşa-2021. səh:16.)  əsərində də "baçaq" "dini oruc" adlandırılır.

Zənn edirik ki, göstərdiyimiz mənbələr və sitatlar  farsca "oruc" sözünün qədim türk dillərində “bacaq” adlı qarşılığının olduğuna şübhə yeri qoymur.

 Türkoloq B.Tuncay "Azərbaycan imperatorluğu. Azərbaycanın dövlətçilik tarixinə yeni konseptual yanaşma" adlı əsərində "baçaq" sözünün "oruc" mənasında olduğunu təsdiq etməklə yanaşı yazır ki, "...qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərdə, o cümlədən, İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı olmuşdur ki, bu da Göy Tanrı dininin öz terminologiyasına malik təkmil bir din olduğunu sübut edir. Üstəlik də, bu terminlər sayəsində həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı məlumat almaq mümkündür... Bundan başqa, qədim türk dilində digər dinlərdə, o cümlədən, İslamda rast gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir... Bu terminlərdən bir çoxu təktanrıçılığa keçişdən öncə də öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər yeni məzmun və mahiyyət qazanmışlar. Bu deyilənlər türkoloq, publisist, ssenarist B.Tuncayın "Əməkdar mədəniyyət işçisi", Prezident təqaüdçüsü və Özbəkistan Turan Elmlər Akademiyasının akademiki Y.Oğuzla birgə yazdıqları "Türkün gizli tarixi" əsərində də təkrar təsdiq olunur.

Günah edirəmsə, Allah günahımdan keçsin. Hərdən mənə elə gəlir ki, deyəsən axı, İslam dini Göy Tenqri dininin zəminləri üzərində formalaşıb. Bu fikri söyləməyimizin əsas səbəbləri son illərdə Məhəmməd Peyğəmbərin türk Peyğəmbərləri soyundan olması, XIII əsrdə yaşamış görkəmli tarixçi Ravəndinin Məhəmməd Peyğəmbər haqqında "O, qıyıqgözlü bir türk idi" yazması, M.K.Atatürkün "Əgər araşdırsanız, Peyğəmbərimizin Türk olduğunu sübut edə bilərsiz" söyləməsi, Peyğəmbərimizin türkləri və onların qəhrəmanlıqlarını yüksək qiymətləndirməsi, türk dilini öyrənməyi tövsiyə etməsi, özünün də bu dili kamil bilməsi kimi məlumatlar və onun ortada dolaşan türk xalqını "Mənim Ordum” adlandırması və İslama dil uzadanları türklərlə cəzalandıracağını elan etməsi, “İslamı türklər qoruyacaq"  və s.  kimi söyləntiləridir.

Bütün bunlar həm bir zamanlar ulu əcdadlarımızın etiqad etdiyi Göy Tanrı dininin öz terminologiyasına malik mükəmməl bir din olduğunu, hələ İslamdan əvvəl ondakı əksər dini terminlərin təmiz qarşılığının türkcəmizdə olmasını sübut edir, həm də uzaq keçmişdən bəri müqəddəs türk dilimizin Quran dili olan ərəb dili ilə "atbaşı getməsindən" (M.Kaşğari) xəbər verir. Bu isə qururvericidir.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

 

 

                                                                          

 

 

Murad Vəlixanov, «Ədəbiyyat və İncəsənət»

 

2019-cu ildə ispan rejissor Galder Gaztelu-Urrutia tərəfindən çəkilən The Platform ilk baxışda sadə bir həbsxana trilleri təsiri bağışlayır. Amma film irəlilədikcə anlayırsan ki, bu beton divarlar arasında baş verənlər əslində dünyanın miniatür modelidir.

Bu film sadəcə aclıq haqqında deyil.

Bu film bərabərsizliyin anatomiyasıdır.

 

Şaquli dünya modeli

 

Hadisələr “Şaquli Özünüidarəetmə Mərkəzi” adlanan, yüzlərlə mərtəbədən ibarət bir qurumda cərəyan edir. Hər gün yuxarıdan aşağıya doğru enən platforma – üzərində saysız-hesabsız yeməklərlə – bütün mərtəbələrin qarşısında dayanır.

Amma problem yeməyin azlığı deyil.

Problem insanın həddi bilməməsidir.

Yuxarı mərtəbədə olanlar ehtiyaclarından artıq yeyir, dağıdır, çirkləndirir. Platforma aşağı düşdükcə isə süfrə yoxa çıxır. Aşağıdakılar isə qalıqlara möhtac qalır.

Bu səhnə bizə tanış deyilmi?

 

Sistemmi günahkardır, insanmı?

 

Film çox incə bir sual verir:

Əgər hər kəs yalnız öz payını yesə, hər kəsə yetər.

Bəs niyə yetmir?

Burada iki ox var:

Sistem – insanları şaquli şəkildə bölür.

İnsan təbiəti – yuxarı qalxanda mərhəməti unudur.

Ən sarsıdıcı detal budur: hər ay məhbusların mərtəbəsi dəyişir. Bu o deməkdir ki, bu gün 6-cı mərtəbədə olan sabah 206-cı mərtəbədə ola bilər.

Amma qəribədir — yuxarı qalxan insan aşağıda yaşadığı aclığı çox tez unudur.

Bu unutqanlıq film boyunca ən böyük faciədir.

 

Kapitalizm metaforası

 

Film açıq şəkildə sosial-iqtisadi sistemə eyham vurur.

Yuxarı mərtəbələr – imtiyazlı təbəqə.

Aşağı mərtəbələr – sistemin sıxdığı insanlar.

Platforma isə sərvətin simvoludur.

Əslində, resurs var.

Ədalət yoxdur.

Film demir ki, “dünya pisdir”. Film deyir ki, “insan paylaşmağı seçmir”.

Bu fərq çox vacibdir.

 

Psixoloji transformasiya

 

Baş qəhrəman Goreng əvvəlcə müşahidəçidir. Sonra etirazçıya çevrilir. Daha sonra isə sistemin içində dəyişmək üçün risk edən insana.

O anlayır ki, yuxarıdakılara yalvarmaq işə yaramır.

Aşağıdakılara ümid vermək lazımdır.

Film burada artıq triller olmaqdan çıxır, fəlsəfi manifestə çevrilir.

 

Ən ağır sual

 

“Platforma” sonda konkret cavab vermir.

O, güzgü tutur.

Sən hansı mərtəbədəsən?

Yuxarı qalxanda necə davranardın?

Aşağı düşəndə kimə nifrət edərdin?

Film bitir, amma suallar bitmir.

 

Nəhayət

“The Platform” qanlı səhnələri ilə yox, verdiyi mesajla ağırdır. Bu film insanın içində gizlənən acgözlüyü, qorxunu və fürsətçilik instinktini açıb göstərir.

Bəlkə də problem sistemdə deyil.

Bəlkə problem sistem qurmaq üçün seçdiyimiz insan təbiətindədir.

Və ən qorxulusu budur:

Platforma hər gün enir.

Sadəcə biz bunu fərqli adlarla çağırırıq.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

45 -dən səhifə 2768

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.