Super User

Super User

Çərşənbə axşamı, 15 Aprel 2025 11:33

“Yalnız mənimlə qal” - ESSE

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sözləmi daha çox danışar, ya baxışlarmı? Bəlkə də baxışlar… Çünki bəzən insan, yalnız bir baxışla yüzlərlə söz söyləyə bilər.

Ya da danışmaq üçün mütləq nəsə olmalıdır ki? Bəzən susmaq da bir danışıqdır axı.

İnsan susmalı… Özünəməxsus bir səsi, bir rəngi olmalı…

Bəlkə də, o səs bir musiqinin içində gizlənmiş melodiyada yaşayar. Bəlkə də o musiqi, bir-birinin olan iki baxışın sükutunda səslənər.

Ehtiyacımız bəlkə də məhz budur – heç nə demədən başa düşülmək…

Sənin gözəl baxışların – sükutun dilidir. Onlar söz demədən danışır, danışmadan anlayır. Bəzən bir baxış bir ömürlük iz qoyur insanın qəlbində – illərlə qurulan cümlələrdən daha dərin, daha səmimi… O baxışlarda bir dəvət var – “Yalnız mənimlə qal…” deyən, amma əmr etməyən, yalvarmayan… sadəcə hiss etdirən bir dəvət.

Sənin şirin arzuların – uşaq təmizliyi ilə yoğrulmuş, gələcəyə dair ümidin rəngli pəncərələridir. Onlar təkcə sənin deyil, məni də içərisinə çəkir, məni mən olmaqdan çıxarıb “biz” edən bir sehrə çevrilir. Arzuların, öz dilləri ilə səssizcə pıçıldayır: “Yalnız mənimlə qal…”

Bu bir çağırış deyil. Bu bir həyat fəlsəfəsidir. İnsan bəzən öz varlığını, öz məqsədini bir başqa insanın qəlbində tapar. Elə o zaman anlar ki, “qalmaq” yalnız fiziki bir yaxınlıq deyil, ruhun qərar tutmasıdır. Və bəzən qəlbin bir küncündə yaşamaq, dünyaların sahiblisi olmaqdan daha qiymətlidir.

“Yalnız mənimlə qal…” – bu cümlə əslində zamana meydan oxuyur. Çünki burada “yalnız”lıq, tək qalmaq deyil, bölünməz bir bütövlükdür. Və bu qalmaq, sadəcə birlikdə olmaq deyil, bir yerdə dəyişmək, bir yerdə böyümək, bir yerdə içindəki sonsuzluğu kəşf etməkdir.

 Gözəllik ötəridir – bu dünya fanidir. Amma sənə baxan o gözlərdə, sənə yönələn o arzularda əbədiyyətə açılan bir qapı var. Bəlkə də sevgi budur – hər şeyin sona yetdiyi bu dünyada bir kəsin sonsuzluğu iddia etməsi…

 Bütün bəşəriyyət eyni dildə danışsa da, gəl, bizim lisanımız ayrı olsun. Başqalarının anlamadığı, sözsüz sevdalara pəncərə açan bir dilimiz… Şairin də dediyi kimi, “Mənə yaşamağı öyrət, əzizim”. Sən mənə biraz tez, mən sənə biraz gec gəlmiş ola bilərəm, amma rəqəmlərə əhəmiyyət verməyək. Göyqurşağına yeni rəng, səmaya fərqli bir ton mavi, dənizə ən gözəl dalğa olacaq qədər ilmək-ilmək toxuyaq “bizi”…

Və bir gün…

Bilirəm, ən gözəl və xoşbəxt anda o musiqi səslənəcək:

Sənin gözəl baxışların,

Sənin şirin arzuların

Deyəcək: “Yalnız mənimlə qal…”

 Bu yazım sənə deyir: əgər o baxışlar səmimidirsə, əgər o arzular safdırsa, o zaman, sən də qal… Yalnız mənimlə qal.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

                                                

 

 

Ağalar  İdrisoğlu, yazıçı, dramaturq, rejissor, Əməkdar  incəsənət  xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Laləzar xanım Hüseynova: “Lənkəran Dövlət Dram Teatrında  çox peşəkar, ustad aktyor, aktrisa  heyyəti var. Bu kollektivlə təkcə Azərbaycanın  yox, dünya klassiklərinin  və müasir  dramaturqlarının pyeslərini yüksək peşəkar səviyyədə hazırlamaq olar”.

 

Mən ömürümün 26 ilini teatrlara rəhbərlik edən və 50 ildir ki, peşəkar teatrlarda aktyor-rejissor kimi çalışan bir mütəxəssis kimi həmişə istəmişəm Azərbaycanda çoxlu peşəkar və öz dəsti-xətti olan rejissorlar olsun. Çünki hər bir teatrın tanınması, öz dəsti-xətti olması üçün ilk öncə orada çalışan rejissorlar çox istedadlı, çox savadlı və yüksək səviyyədə təşkilatçı olmalıdırlar. Rejissor bir generaldır. Kollektivi  öz ardınca aparmağı bacaran böyük şəxsiyyətdir. Həm də dünyada rejissor sənəti bütün sənətlərdən daha yüksəkdə durur və qiymətləndirilir. Belə ki, bu sənət ürək cərrahları, təyyarə sınayıcıları, təlimçiləri  ilə eyni bərabərdədir. Ona görə də rejissor bu peşəni mükəmməl öyrənməli, ədəbiyyatı, insan  psixologiyasını, səhiyyəni, tarixi, siyasəti yaxşı bilməli, təkcə pyesləri yox, dünyada baş verən hadisələri də dərindən təhlil etməyi bacarmalıdır ki, quruluş verdiyi tamaşalarda zamanın tələblərini ortaya qoya bilsin. Həm də pedaqoq-rejissor kimi aktyorlarla, aktrisalarla işləyə bilsin və onlara özünün sevdirsin.

Əgər aktyorun, aktrisanın rejissora nifrəti və inanmsızlığı olsa, həmin rejissor onlarla peşəkar tamaşa hazırlaya bilməz. Bu, tarixlər boyu sübut olunmuş bir işdir. Yadımdadır ki, dünya şöhrətli rejissor Anatoli Efros, Yuri Lyubimov acıq eləyib, xaricə gedəndən sonra onun yerinə Taqankadakı Dram və Komediya Teatrına onu baş rejssor təyin etdilər. Kollektiv isə ona açıq-açığına deyirdi ki, biz səni sevmirik. Bütün bunlara baxmayaraq, Anatoli Efros onlarla tamaşa hazırladı. Amma həmin tamaşa alınmadı. Yəni zəif oldu. Sonra isə o, kollektivin hücumuna tab gətirə bilməyib, infakt oldu və dünyasını dəyişdi... Əslində isə Anatoli Efros Malıy Bronnıy Teatrında quruluşçu rejissor işləyirdi və kollektiv də onu çox sevirdi. Mən, onun məşqlərində olanda bunu aydın görürdüm.

Əfsus ki,  Sovetlər quruluşu dağılandan sonra Moskvaya və başqa aparıcı şəhərlərə rejissor təhsili  almağa heç bir azərbaycanlı getmədi. Çünki A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun ( indiki Dövlət Teatr Sənəti Akademiyası) son tələbəsi mən olmuşam. Və mən də oranı 1986-cı ildə bitirmişəm. Amma  çox əfsus ki, Sovetlər quruluşu dağılandan sonra daha orada təhsil almağa heç kim göndərilmədi. Yalnız  Azərbaycan  müstəqillik qazanadan  sonra  bir qrup istadadlı gənclər Moskvaya Şukin adına Ali Teatr İnstitutuna  aktyorluq və rejissorluq sənəti üzrə  oxumağa  göndərildi. Bu, böyük alqışa layiq iş oldu. Onlar orada təhsil alandan sonra Azərbaycana qayıtdı və Səməd Vurğun adına Akademik  Rus Dram Teatrında işləməyə başladılar. Onlardan rejissorluq fakültəsində oxuyan Vüsal Mehrəliyev bir müddət Mingəçevir Dövlət Dram Teatrında baş rejissor  işlədi və bilmirəm hansı səbəbdənsə teatrdan işdən çıxıb, Moskvaya getdi. Çox maraqlı rejissor idi. Həmin kursun aktyorluq fakültəsini bitirən Abdulla Elşadlı da indi rejissorluq  edir. Artıq bir neçə maraqlı tamaşa qoyub. Onun da rejissor kimi  gələcəyinə inanıram.

Beləliklə, rejissorlar  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor təhsili almaqla öz işlərini bitmiş hesab etdilər. Açığı son vaxtlar  onlara dərs deyən müəllimlərin çoxu özləri teatrlarda, kinoda  rejissor işləmədiklərindən gənclərə rejissor təhsili vermək onlar üçün çox çətindir.  Ola bilər həmin müəllimlər yaxşı aktyor yetişdirə bilərlər, amma yaxşı rejissor yetişdirəcəklərinə  elə də çox inanmıram. Çünki yaxşı rejissor yetişdirmək çox çətin işdir.  Bu, pedaqoqdan daha böyük ağıl, savad, dərin bilik tələb eləyir. Amma Moskvada, Sankt-Peterburqda yüksək savadlı rejissor-pedaqoqlar vardı  ki, yaxşı tələbələr yetişdirirdilər. İndi də orada yaxşı pedaqoq-rejissorlar var. Elə götürüək özümüzün klassk rejissorlarımız- Rza Təhmasibi, Adil İsgəndərovu, Məhərrəm Həşimovu, Mehdi Məmmədovu, Tafiq Kazımovu, Vaqif  Abbasovu, Ağakişi Kazımovu, Cənnət xanım Səlimovanı    başqalarını. Onlar məhz həmin ustadlardan dərs aldıqlarına görə bu peşəni mükəmməl öyrəndilər və Azərbaycan teatrlarının inkişafı üçün çox işlər gördülər. Çox əfsus ki, rəhmətlik Zakir Bağırovdan sonra olan  Mədəniyyət nazirləri  bu işin dərinliyini bilmədiklərindən istedadlı gənclərimizi Moskvaya, Sankt-Peterburqa göndərməməklə həm teatrlarımızı və həm də kinomuzu məhv etdilər...

Bu gün Azərbaycanda təhsil alan rejissorlardan yalnız bir neçəsi öz gücünə, öz üzərlərində çalışması, dünya teatrları ilə maraqlanmaları və tez-tez MDB məkanında keçirilən seminarlara, təcrübə mübadilələrinə  getməklə, kurslarda olmaqla   və orada oynanılan tamaşalara baxmaqla peşəkar rejissorlar oldular. Qoy məndən başqa  rejissorlar inciməsin. Mən öz dəsti-xəttini yarada bilən, maraqlı tamaşalar hazırlayan yalnız bu  rejissorun adını çəkə bilərəm. Bunlar-  Cənnət xanım Səlimova,  Mərahim Fərzəlibəyov, Aleksandr Şarovski, Bəhram Osmanov, Mehriban xanım Ələkbərzadə, Ağalar İdrisoğlu,  Bəxtiyar Xanızadə, Valeh Kərimov, Mirbala Səlimli, Xəzər Gəncəli, Laləzar xanım Hüseynova, İradə xanım Gözəlova, Musa Eyyubov, Hafiz Quliyev, İntiqam Soltan, Novruz Cəfərov,  Emin Əmirullayev,  Firudin Məhərrəmov,  Loğman Kərimov,  Nicat Kazımov, Həsən Həsənov, Nazir  Rüstəmov, Sərvər Əliyev,  Allahverdi Musayev, Anar  Babalı  və bir neçə cavan rejissorlar da var ki, gələcəyinə çox ümid bəsləyirəm. Azərbaycandan kənarda Türkiyədə  işləyən məşhur rejissorlarımız  Əflatun Nemətzadə, Cahangir Novruzov, Məlahət xanım Abbasova və Finlandiyada işləyən Kamran Şahmərdan da orada maraqlı işlər görürlər. Buna sevinməliyik.  Əslində yuxarıda adlarını çəkdiyim rejissorlar da artıq yaşları əllini keçmiş insanlardır və  bir vaxtlar elə Rza Təhmasibdən, Adil İsgəndərovdan, Mehdi Məmmədovdan, Tofiq Kazımovdan, Vaqif Abbasovdan, Ağakişi Kazımovdan, Cənnət xanım Səlimovadan və onlardan sonra Moskvada, Sankt-Peterburqda təhsil allan Nəsir Sadıqzadədən, Fikrət Sultanovdan, Ədalət Ziyadxanovdan, Azər Paşa Nemətovdan da dolayısı ilə dərs alıblar. Bu sənətin incəliyini onlardan da öyrəniblər. Amma müstəqillik qazandığımız bu otuz dörd ildə əgər onlar Moskvaya, Sankt-Peterburqa rejissor təhsili almaq üçün göndərilsəydilər həmin adlarını yuxarıda çəkdiyim  rejissorların sayı iki-üç dəfə çox olmalı idi. Elə yuxarıda adlarını saydığım rejissorların da çoxu  Sovet dövrünün yetirmələridir. Belə götürəndə müstəqillik qazandığımız bu illərdə demək olar ki, həmin rejissorlardan sonra, elə təkcə MDB məkanına çıxara biləcəyimiz rejissorlar cəmi bir neçə nəfərdir. Yuxarıda adlarını çəkdiyim rejissorlardan sonra ən azından  iyirmi-otuz nəfərdən də çox əlavə  rejissorlar  olmalı idi və hər teatrda da ən azından iki-üç istedadlı, bacarıqlı rejissor işləməli idi ki, teatrlarımız daha çox inkişaf etsin və çiçəklənsin. Bir daha  vurğulayıram. Bir neçə cavan rejissorlarımız var ki, onların gələcəyinə çox inanıram.

Yüksək peşəkar rejissor yetişdirmək özü bir məktəbdir.  Yaxşı rejissor yetişdirmək sahəsində elə götürək qonşumuz Gürcüstanı. Orada rejissor pedaqoqikasının əsasını  Georgi Tovstanoqov qoydu    tələbəsi Mixail Tumanaşvili onun işini davam etdirib, özündən sonra dünya şöhrətli- Robert  Sturua, Timur Çixeidze, Qoqo Kaftaradze və başqa rejissorlar yetişdirdi. Məhz buna görə Gürcüstanda əllidən çox dövlət teatrı və otuzdan çox dövlət səviyyəli teatr-studiyalar var. Onlarda da çox bacarıqlı, yüksək savadlı  rejissorlar işləyir. Çünki mən, Gürcüstan teatrları ilə çox maraqlanıram və bunu bilirəm. Əslində  Gürcüstanın əhalisi də bizim məmləkətin əhalisindən azdır. İqtisadiyyatı da bizdən çox zəifdir. Amma bizim məmləkətdə heç otuz dövlət  teatrı  yoxdur.  Dövlət səviyyəli teatr-studiyalar isə ümumiyyətlə yoxdur.

Azərbaycan kinosu sahəsində isə  vəziyyət daha acınacaldır. Çünki bir vaxtlar Moskvada və Sankt-Peterburqda kino və televiziya sahəsində təhsil alan rejissorlarımız- Rza Təhmasib,  Həsən Seyidbəyli, Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Muxtar Dadaşov, Şamil Mahmudbəyov, Səttar Atakişiyev, Səməd Mərdanov, Əjdər İbrahimov, Həbib  İsmayılov  kimi yaşlı rejissorlarla birlikdə Arif  Babayev, Eldar Quliyev, Rasim Ocaqov,  Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov, Kamil  Rüstəmbəyov, Musa Bağırov  kimi orta nəsillə  paralel çoxlu cavan rejissorlar -Gülbəniz xanım Əzimzadə,  Ceyhun Mirzəyev, Vaqif Mustafayev, Şeyx  Əbdül Mahmudov, Davud  İmanov,  Ramiz Əzizbəyli, Cahangir Mehdiyev, Cəmil Quliyev, Ayaz Salayev də məhz orada  rejissor təhsili alıblar. Onların da çoxu  artıq  dünyalarını dəyişiblər. Sağ qalanlar isə artıq altımış yaşını ötüblər və demək olar ki, heç biri kinofilmlər çəkmirlər. Bu gün onlardan bir qədər cavan  yalnız  iki rejissorun adını çəkə bilərəm. Bunlar- Elçin Musaoğlu, Elxan Cəfərovdur. İndi onlardan sonra daha  hansısa  cavan  rejissorun  adını çəkməkdə çətinlik çəkirəm. Eləcə də bir vaxtlar Azərbaycan televiziyasında rejissor işləyən  - Rauf  Kazımovskinin, Oqtay  Babazadənin, Məhərrəm Bədirzadənin, Taryel Vəliyevin, Ramiz Həsənoğlunun ( Mirzəyevin), Tahir Tahirovun, Kərim Kərimovun, Bünyad Məmmədovun, Vasif  Babayevin, Əmirhüseyn  Məcidovun,  Ələkbər Kazımovskinin, Şahin  Əlibəylinin, Elxan Mənsimovun,  Cəmil Quliyevin,  Mehriban xanım  Ələkbərzadənin, İsmət Səfərəliyevin, Vaqif Ağayevin,  Arif  Qazıyevin, Maqsud Ağayevin, Nazim Zeynalovun,  Şərif  Qurbanəliyevin, Rauf  Mirzəyevin,  Arzu xanım  Məmmədovanın, Zəyyar Ağayevin, Azər Qasımzadənin və başqalarının adını çəkə  bilərəm. Amma onlardan sonra da  bu sahədə öz adını tanıdan hansısa cavan bir rejissorun adını çəkməyə yenə    çətinlik çəkirəm. Bəlkə də var, amma mən bilmirəm və tanımıram. Çünki heç birinin  sensassiyalı işini görməmişəm.

Deməli, bu haqda ciddi düşünməliyik.  Mən  qətiyyətlə deyə bilərəm ki, ölkə başçımız cənab İlham Əliyev və  cənab nazirimiz Adil Kərimli də istəyirlər  ki, məmləkətimizdə yaxşı teatr və kino üçün pyeslər, kinossenarilər yazan yüksək səviyyəli dramaturqlarımız, eləcə də teatr,  kino və  televiziya sahəsində də yüksək peşəkar rejissorlarımız olsun.  Onlar da yaxşı bilirlər  ki, biz, teatrlarımızı, kinomuzu yalnız  yüksək səviyyəli mütəxəssislərin hesabına dirçəldə bilərik. Gəlin onu da danmayaq ki, ölkə başçımız bu sahələrə çox böyük miqdarda pul ayırır və cənab nazirimiz Adil Kərimli də işlədiyi bu az müddətdə bu sahələrə çox böyük diqqət, qayğı göstərir. 

Ömrünün əlli ilini peşəkar teatr sənətinə həsr eləyən  teatr rəhbəri, rejissor, aktyor  kimi demək istəyirəm ki, bu sahələrdəki problemləri tez bir vaxtda  həll eləmək mümkün  olmayacaq. Amma biz, kiçk işartısı olan cavan rejissorlara, teatrlar üçün pyes yazan  və kino ssenarilər işləyən dramaturqlara daha çox qayğı göstərməliyik. Həm də onları  tapıb,  bu insanlar haqqında yazmaqla onları xalqa daha yaxından tanıda bilərik. Və həm də  yuxarıda dediyim kimi  onlarda özlərinə inamı artıra bilərik ki, bu işlə daha ciddi məşğul olsunlar. Ömürlərini bu müqəddəs işə sərf eləsinlər.

Mən, yuxarıda adalarını yazdığım  tanınmış  rejssorların  çoxu  haqqında əvvəllər yazmışam. Onların işini lazım olan kimi təbliğ də etmişəm.  Bu yazımda isə çox istadadlı bir rejissor haqqında yazmaq istəyirəm. O  rejissor  ki, artıq otuz ildir  yaradıcılığını izləyirəm. Və quruluş verdiyi hər tamaşa ilə necə inkişaf etdiyinin, hər tamaşasından sonra peşəkarlığının artdığının  şahidi oluram. Bu rejissor Laləzar xanım Hüseynovadır. İstəyirəm ki, onu çoxminli oxucularla daha yaxından tanış edim. Çünki bu insan, həm teatr rəhbəri, həm maraqlı rejissor və həm də çox bacarıqlı  aktrisa kimi böyük istedad sahibidir.

 

LALƏZAR HÜSEYNOVA

Qısa məlumat:  Laləzar Ramiz qızı Hüseynova 1964-cü ildə anadan olub. Keçən il onun 60 illik yubileyi oldu.  Bakı şəhərindəki  Mədəni Maarif  Texnikumunun    “ Bədii yaradıcılıq kollektivinin rəhbəri” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra  Azərbaycan  Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin  “Musiqili teatrlar  rejissoru”  ixtisasını fərqlənmə diplomu ilə  başa vurub.  Laləzar xanım lap cavan yaşlarından Azərbaycan dövləti, dövlətçiliyi üçün çox işlər görməyə başlayıb. Ulu öndər Heydər Əliyevə böyük inamı, məhəbbəti  olduğuna görə  o,  artıq  2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub.  Elə həmin vaxtdan da bu partiya  üçün bacardığı  işləri görüb.  Ətrafında olan  insanların bu partiyanın üzvü olmasına çalışıb.  1995-2014-cü illərdə əvvəl  Dərbənd  Azərbaycan  Xalq Teatrında və 1998-ci ildən isə  Dağıstan  Azərbaycan Dövlət Dram Teatrında, aktrisa, quruluşçu rejissor və baş rejissor vəzifələrində fəaliyyət göstərib. 2008-ci ildən  Dağıstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Bu fəxri adın diplomunu və medalını Laləzar xanıma Dağıstan Respublikasının o vaxtkı prezidenti   Muxu  Əliyev şəxsən özü təqdim edib. Laləzar Hüseynova   2008-ci ildə  Rusiya  Fedorasiyasının Teatr  Xadimi  İttifaqının üzvü seçilib. 2013-cü ildə Azərbaycan Respublikasının  Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

2015-2020-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində çalışıb. Laləzar xanım  2016-cı ildən etibarən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2018-2020-ci illərdə Prezident mükafatına layiq görülüb.

2020-2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında direktor vəzifəsində çalışıb. 2024-cü ilin iyun ayından Azərbaycan Mədəniyyət Nazirliyinin əmrilə Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə göndərilib. Bu az vaxtda da orada böyük işlər görməyə başlayıb. Çünki Laləzar xanım Hüseynova yaxşı rejissor və yaxşı təşkilatçı olmaqla yanaşı çox istedadlı aktrisadır. Onun oynadığı  tamaşalardakı rolları bunu bir daha təsdiq edir.  Bu rollardan- Əbdürrəhim bəy  Haqverdiyevin “Pəri cadu” əsərində -Hafizə, Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan”ında -Telli,  Avqisenti  Saqarellinin  “Xanıma” əsərində-Xanıma,  Georgi  Xuqayevin  “Mənim qaynanam”da- Qaynana, Tamara xanım  Vəliyevanın “Mənim ağ göyərçinim”də- Səidə, Cəfər  Cabbarlının “Solğun çiçəklər”ində-Sara , Cəfər Cabbarlının “Aydın”ında -Böyükxanım , Tamara  xanım  Vəliyevanın  “Bankir adaxlı” əsərində-Nisə, Furiz  Həsənovun “Kimdir müqəssir” əsərində-Patimat və  başqa tamaşalarda oynadığı rollar həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Yuxarıda yazdığım kimi Laləzar xanım öz dəsti-xətti olan rejissordur. Və həmişə də quruluş verdiyi tamaşalar tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Bu tamaşalardan-  Üzeyr bəy  Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun”,  Avqisenti Saqarellinin “Xanuma”, Robert  Tomanın “Səkkiz qadın”,   Əbdürrəhim bəy Haqverdiyevin  “Pəri  cadu”, Rafiq  Rəhimlinin “Sönmüş talelər”, Hüseynbala  Mirələmovun “Xəcalət”, “Vəsiyyət”, Cəfər  Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsi Məlikzadənin “Hərənin öz ulduzu”, Tamara  xanım  Vəliyevanın “Bankir  adaxlı”,  Ələkbər  Hüseynovun “Xoşbəxtlik quşu”,  İsgəndər  Coşqunun  “Çal, oyna” ,  Xanımana   Əlibəylinin “Dovşanın ad günü”,  Rəvan Tohidoğlunun “Taleyin  oyunu”     başqaları. Siyahıdan da görürsünüz  ki, bu əsərlərin hər biri, bir-birindən çox fərqlənir. Klassiklərdən tutmuş müasirlərə kimi. Bu  əsrələrlə mən də yaxşı tanış olduğumdan görürəm ki, Laləzar xanım zamanın nəbzini tutan, zamanla səsləşən  əsərlərə quruluş verib. Ona görə də bu əsərlər tamaşaçılar tərəfindən də  maraqla qarşılanıb.

Mən, onunla həmsöhbət oldum və aşağadakı sualları verdim və hər birinə də çox tutarlı, məntiqli cavablar aldım, əziz oxucular. Laləzar xanımın bu suallara cavabları da sizin xoşunuza gələcək.

 

- Siz bir vaxtlar bizim mədəniyyət qalamız olan Dərbənddə, Azərbaycan Dövlət Dram Teatrında aktrisa, rejissor və sonra da baş rejissor vəzifələrində  işləyibsiniz. Deməli, kiçik pillədən başlayaraq, teatrın mətbəxi ilə yaxından tanış olubsunuz. Quruluş verdiyiniz maraqlı tamaşalarınızla  az bir vaxtda bu teatrı Dağıstanda,  Rusiyada   və Azərbaycanda tanıtmısınız. Həmin illəri necə xatırlayırsınız? Orada yaşayan azərbaycanlı ziyalılar  sizə  köməklik  edirdilərmi?

 

-Teatr sahəsilə fəaliyyətimin çox  hissəsi  Dərbənd  Azərbaycan  Dövlət Dram Teatrında  keçib. Yuxarıda siz dediyiniz kimi gənc yaşlarımdan bu teatrda  aktirsa, rejissor  assistenti,  quruluşçu  rejissoru    baş rejissor  kimi çalışmışam. Dağıstan Respublikasında  dövlət dili rus dili olduğu üçün yerli əhali, millətindən asılı olmayaraq,   rus dilində   danışır, hətta  yerli azərbaycanlılarda. Bu  da teatrda  işləyən  aktyorların  səhnədə  Azərbaycan  dilində  danışmaları üçün çətinlik yaradırdı. Mən, teatrda çalışan aktyorlara  Azərbaycan dili dərsi  keçirdim. Dərbənd şəhərində  fəaliyyət  göstərən  musiqi məktəbində  ustad  dərsləri     səhnə  danışığından dərs  deyirdim. Teatrda  hazırlanan tamaşalarda   rolları ifa etməklə yanaşı, tərəf müqabillərimə də israrla Azərbaycan dilini öyrədirdim. Özü də səlis danışmağı. Orada aktrisa kimi oynadığım tamaşalara baxan azərbaycanlılara da bir növ səhnədən dərs keçir və dilimizin incəliklərini göstərirdim. Ona görə də oynadığım rollar-  Hafizə   (" Pəri Cadu",   Əbdürrəhim bəy Haqverdiyev), Qaynana  ( "Mənim Qaynanam", Georgi Xuqayev) , Nisə           ( "Bankir Adaxlı" Tamara Vəliyeva) , Səidə   (" Mənim Ağ Göyərçinim" Tamara Vəliyeva) , Sara ("Solğun  Çiçəklər" Cəfər Cabbarlı ), Patimat  ( "Kimdir Müqəssir" Furiz   Həsənov) ,   Xanuma ( "Xanuma"  Avqisenti Saqarelli)  və sairələri həmişə maraqla qarşılanırdı.  Hətta elə tamaşaçılar olurdu ki, tamaşadan sonra mənə yaxınlaşıb deyirdilər: “Çox sağ olun ki, dilimizin şirinliyini, incəliyini bizə sevdirə bildiniz. Biz, Dağıstanda  yaşayan  azərbaycanlılar,  dilimizin bu incəliklərini  bilmirdik. Çünki rus dilində təhsil aldığımıza görə dilimizin belə zəngin olduğunu bilməmişik”. Onu da vurğulayım ki, Dağıstanda hazırladığım tamaşalar  mənə böyük uğurlar gətirdi. Əlbəttə ki,  bütün bu uğurlarımda   Dağıstandakı  ziyalıların da böyük rolu olmuşdur. Çünki onlar mənim  oynadığım rolları, quruluş verdiyim tamaşaları yüksək qiymətləndirirdilər. Dağıstandakı qəzetlər bu haqda yazırdılar və televiziyalar da həmin əsərlərimdən parşalar və hətta bütöv tamaşaları belə göstərirdilər. Ona görə də tamaşaçılar teatra böyük həvəslə gəlirdilər. Mən sizə bir həqiqəti deyim ki, baxmayaraq Dağıstanda  yüzdən çox xalq, millət var, amma orada yaşayanlar  millətindən asılı olmayaraq, bir-birilə çox mehribandır. Mənim oynadığım rolları, quruluş verdiyim tamaşaları təkcə azərbaycanlılar yox, darginlər də, avarlar da, kumıklar da, ləzgilər də, tabasaranlılar da, ruslar  da, yəhudilər, naqaylar, tatlar, çeçenlər  də və başqa millətlər də tərifləyirdilər. Və hətta həmin millətlərin nümayəndələri də gəlib tamaşalarımıza baxırdılar. Ona görə də deyirəm ki. Dağıstan mənim sənət taleyimdə çox böyük rol oynayıb.  Sənət məktəbim olub desəm daha  düzgün olar.  İlk fəxri adı da orada almışam. Orada olan kollektiv də bir-birilə çox mehriban idilər. Özü də o teatrda təkcə azərbaycanlılar yox, başqa millətlər də işləyirdilər. Bu gün də orada işləyənlərin çoxu ilə əlaqələrimiz var.

 

-Siz sonra Qusar Dövlət Ləzgi  Dram Teatrının baş rejissoru işlədiniz. Bu teatrın da tarixində qalan çox maraqlı tamaşalara quruluş verdiniz.  Həmin illəri  necə xatırlayırsınız və orada yadda  qalan hansı tamaşalara quruluş verdiniz?

 

-2015-2020-ci illərdə  Qusar  Dövlət  Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində  işlədiyim  vaxtlarda hazırladığım tamaşaların  içərisində  üç  tamaşa- Üzeyir bəy  Hacıbəyovun "Arşın  mal  alan" (Ləzgi  dilində) , Hüseynbala Mirəlovun " Vəsiyyət"  Meyxoş  Abdullanın   "Əsir  Qadın" romanı əsasında  ssenari  müəllifi  və  qurluşu  rejissor olduğum " Əsir Qadın"   tamaşaları mənim və tamaşaçıların xatirəsində silinməz izlər  buraxdı. Qusar  teatrında  çox  tamaşalar hazırladım, amma teatrın  tarixində ilk dəfə  olaraq  ən çox  uşaq  tamaşalarını  da  məhz  mən hazırlamışam.  Bunu da ona görə hazırlayırdım ki, istəyirdim  qusarlıları lap uşaq yaşlarından teatra həvəsləndirim.  Çünki əgər uşaqlar tamaşalara gəlirsə, onlar sonra teatral böyüyürlər və sonra öz uşaqlarını da teatra həvəsləndirirlər və özləri də yetkin yaşlarında da teatr tamaşalarına gəlirlər. Əslində bu üsul bütün teatrlarda belə olmalıdır. Uşaq yaşlarından teatr tamaşalrına gələn uşaqların da təfəkkürü daha yaxşı inkişaf edir və onlar narkomaniyaya və başqa iyrənc işlərə qurşanmırlar. Bu,  bütün dünyada belədir. Ən çox inkişaf etmiş millətlər lap uşaq yaşlarından öz övladlarını teatr tamaşalarına həvəsləndirirlər və bu təfəkkürlə böyüməsinə çalışırlar. Bilirsiniz ki, bir saat, bir saat yarımlıq bir tamaşa uşaqlara günlərlə oxuduğu kitablardan daha çox xeyir verir.  Məsələn mənim Qusar Dövlət Ləzgi Dram Teatrında həmin vaxtlar hazırladığım İsgəndər Coşqunun "Çal oyna" ,  Ələkbər  Hüseyovun  "Xoşbəxtlik  quşu ",  Rəvan Tohidoğlunun " Birdə   etmərəm",  Laləzar  xanım  Hüseyinovanın " Dostların qələbəsi",  Laləzar xanım  Hüseyinovanın " Yurdumuza Bahar gəlir”, Xanımana  xanım  Əlibəylinin  " Dovşanın ad günü" və başqa tamaşalar çox böyük uğurla gedirdi və hər tamaşa da anşlaq olurdu.

Hətta Qusar  Dövlət Ləzgi Dram Teatrında  ləzgi   dilində hazırladığım "Arşın mal alan" tamaşası Moskva  şəhərində  oynanılar vaxt  böyük  anşlaqla  qarşılandı.  Həmin tamaşaya ləzəgilər azərbaycanlılardan daha  çox gəlmişdilər. Siz yəqin yaxşı bilirsiniz ki, Üzeyir bəy Hacıbəyov Dağıstanda da musiqinin inkişafına çox köməklik edib.  Ona görə də ləzgilər və  Dağıstandakı xalqlar Üzeyir bəyi şox sevirlər.  Milliyyatca ləzgi  olan və  Dağıstanda  ilk opera  olan  “Xoçpar” operasını yazan  Qotfrid  Həsənov Sankt Peterburqda təhsil alsa da, Üzeyir bəylə də yaxın dost  idi və ondan da bəstəkarlığın sirlərini öyrənmişdi.  O, bu operanı 1937-ci ildə yazıb. Hətta bir vaxtlar dahi maestro  Niyazi də Mahaçqalada Kumık Dövlər Musiqili-Dram Teatrının  baş  dirijoru  olub və onlara musiqinin incəliklərini dərindən  öyrədib. Ümumiyyətlə, Dağıstan  xalqları,  bəstəkarları və musqiqçiləri bizim musiqilərdən həmişə  bəhrələniblər.  Onlar  bunu  özləri    hər yerdə deyir və yazırlar.

 

- Salyan Dövlət  Kukla Teatrında işlər yaxşı getmədiyinə görə sizi həmin teatra direktor vəzifəsinə göndərdilər. Orada çoxlu  işlər gördünüz. Hətta kukla teatrının tarixində maraqlı yeniliklər etdiniz. Xahiş edirəm həmin teatrda apardığınız yeniliklər haqqında danışın.

 

-Bəli. Mən Mədəniyyət Nazirliyinin əmrilə Salyana göndərildim. 2020- 2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında  direktor vəzifəsində çalışdığım  illərdə təvazökarlıqdan uzaq olsa da teatra yeni nəfəs  gətirdim. Çünki ilk öncə teatra gənc və istedadlı aktyorları  işə  cələb  eləməyə başladım. Hətta onalrın içərisində teatr sahəsində ali savadları olmayanlar  da vardı və  yaxşı istedadlı idilər.  Onlarla çox ciddi işləyib, onları teatr üçün yetişdirdim. Daha  sonra teatrın repertuarını yeniləməklə tamaşaçıları  teatra  cəlb  etməyi  bacardım. Salyan  Dövlət Kukla Teatrının  tarixində ilk dəfə olaraq ölkə hüdudlarından kənara çıxıb,  Özbəkistan Respublikasının  Daşkənd, Səmərqənd, Termis  şəhərlərində  qastrol səfərində olduq. Orada biz İsgəndər  Coşqunun "Çal oyna" tamaşasını mənim  qurluşumda oynadıq.  Bundan  əlavə  Özbəkistan Respublikasının Surxandərya vilayətinin Termis  şəhərində olan  Dövlət  Kukla Teatrı  ilə Salyan Dövlət Kukla Teatrı arasında 2023-ci ildə memorandum imzaladıq. Bundan əlavə isə  teatrın  tarixində ilk dəfə olaraq, böyüklər üçün axşam  tamaşaları da hazırladım. Bu tamaşalara da insanlar böyük həvəslə gəlib baxırdılar. Artıq az bir vaxtda Salyan teatral bir yerə çevrildi. Buna mən də, kollektiv də, tamaşaçılar da çox sevinirdilər. Çox maraqlı planlarım var ki, onları Salyanda reallaşdırmaq istəyirdim. Amma...

 

-Bəli. Amma sizi bir rəhbər kimi daha böyük teatrda sınamaq istədilər.  Belə ki,  Mədəniyyət naziri cənab Adil Kərimlinin əmrilə Salyandan Lənkərana göndərdilər. Və siz artıq altıncı  aydır ki, 134 yaşlı Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsində işləyirsiniz. Keçən ilin oktyabr ayının 29-u və 30-da sizin teatr kollektivi  iki tamaşasını – Cavid Zeynallının “ Tanrı  quşu  gəlmədi” və Xalq yazıçısı Kamal Abdullanın “Cəsus” tamaşalarını Milli Akademik Dram Teatrının səhnəsində yüksək peşəkarlıqla oynadı. Hər iki tamaşaya teatrın əvvəlki baş rejissoru  və artıq bir neçə gün bundan qabaq Şuşa Dövlət Musiqili-Dram Teatrına baş rejissor vəzifəsinə göndərilən  Anar Babalı quruluş vermişdi. Ömrünün əlli ilini teatra həsr edən və 140 tamaşaya quruluş verən bir  rejissor kimi səmimi demək istəyirəm ki,  Anar Babalının  rejissor yozumları, aktyor oyunu  xoşuma gəldi    inandım ki, Lənkəran teatrı artıq özünün ikinci intibah dövrünü yaşayır. Əlbəttə ki, bu intibah dövrü də rəhmətliklər Baba Rzayev və  Oruc Qurbanovla  başlamışdı. Mən Oruc Qurbanovu və ondan əvvəl baş rejissor işləyən Baba Rzayevi  yaxşı tanıyırdım. Hər ikisi ilə dostluq əlaqələrim vardı və onların çoxlu tamaşalarına da baxmışdım. Hər ikisi Lənkəran teatrı üçün çox iş görən istedadlı rejissorlar idilər. Artıq onlar haqq dünyalarına qovuşublar.  Allah hər ikisinə rəhmət eləsin. Bəs bundan sonra siz işləri necə qurmaq istəyirsiniz ki, əvvəlki intibah dövrünü davam etdirə biləsiniz?

 

-Tamamilə  sizin sualınızala  razıyam. Lənkəran Dövlət Dram Teatrı 1973-cü ildə ikinci dəfə bərpa olunandan sonra həmin vaxtı teatrın bədii rəhbəri və direktoru Əməkdar incəsənət xadimi  Məbud  İsmayılzadə tərəfindən işlər  çox yaxşı qurulmuşdu. Bilrisniz ki, teatrın ilk özülündən çox şey asılıdır. Teatrın  rəhbəri nəyin bahasına olursa-olsun teatrı tamaşaçılara sevdirməyi bacarmalıdır. Məbud müəllim də bu teatra səkkiz il rəhbərlik etdiyi dövrdə, təkcə Lənkəranda  yox, Cənub bölgəsində və Azərbaycanda  Lənkəran teatrını  yaxşı tanıtmışdı. Hətta həftənin altı günü teatrda tamaşalar olurdu və həmişə də anşlaqla gedirdi. Çünki o, təkcə direktor deyildi və həm də maraqlı rejissor idi. Əlbəttə, həmin vaxtı Lənkəran rayon partiya komitəsinin  birinci katibi olan İsa Məmmədovun da teatr üçün çox şeylər etdiyini görürdük. Ümumiyyətlə, rayona  rəhbərlik edən insan özü teatral  olmalı, ədəbiyyatı, təhsili, idmanı sevməlidir ki, bu sahələrdə çox işlər görsün. Çünki o insan bilməlidir ki, insanın tərbiyəsində ədəbiyyatın, teatrın rolu çox yüksəkdir. İnsanın sağlamlığı üçün isə idman hökmən lazımıdır.  Məbud müəllim, teatrdan  Bakıya  işləməyə  göndəriləndən  sonra  Lənkəran teatrında  bir neçə il zəifləmələr oldu və teatr yenidən dirçəldi. İki il bundan qabaq işdən çıxarılan, amma yaxşı  təşkilatçı insan olan, əvvəlki direktor Tofiq Heydərov da  çalışırdı ki, teatrı tamaşaçılara  sevdirsin. Hətta teatrı ali dərəcə də etdirmişdi. Deməli, mən də çalışmalıyam ki, bu teatrda  intibah dövrünü  qoruyum. İlk öncə də teatrın  repertuarına daha ciddi fikir verirəm. Çalışıram ki, repertuarda  azərbaycanlı dramaturqlara daha çox üstünlük verim. Yerli dramaturqların yetişməsinə də çox çalışacam. Özünüz təkcə rejissor olmaqla yanaşı, həm də dramaturqsunuz. Antik teatr  tarixindən başlayaraq, dramaturqlar əsasən teatrda yetişib. Elə götürək Ulyam Şekspiri, Fridrix Şilleri, Jan Batist Molyeri,  Anton Pavloviç Çexovu, Aleksandr Ostrovskini, Əbdürrəhim bəy Haqverdiyevi, Nəcəf bəy Vəzirovu, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Səməd Vurğunu, Abdulla Şaiqi, Sabit Rəhmanı, İlyas Əfəndiyevi və başqalarını. Məgər bu məşhur dramaturqlar  teatrlarda yetişməyiblərmi?

 

-2025-ci ilin mart ayının 10-da Milli Teatr günündə  sizin teatrın aktyorları da mükafatlar aldılar. Bu haqda nə deyə bilərsiniz?

 

-Azərbaycan  Dövlət Milli Akademik Dram Teatrında 10 Mart - Milli Teatr gününə  həsr olunmuş təntənəli     “Bölgə  teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi yüksək səviyyədə  keçirildi. Tədbirdə bizim teatrın səhnə ustası, Xalq artisti Qabil Quliyev, Cavad  Zeynallının "Tanrı quşu gəlmədi " əsəri  əsasında hazırlanan tamaşada oynadığı  Süleyman roluna  görə  "Ən  yaxşı  aktyor",  Qızılgül Quliyeva falçı Əlamət  roluna  görə  " Ən  yaxşı aktrisa"   mükafatına layiq görüldülər. Prezident mükafatçısı Aynur Əhmədova  Xalq yazıçısı  Kamal  Abdullanın  “Casus”  tamaşasındakı Burla Xatun  obrazına  görə   "Uğurlu təqdimat"  naminasıyası  üzrə mükafatlandırıldı. Əlbəttə, biz buna çox sevinirik və çalışacağıq ki, gələcəkdə bu mükafatların sayı daha  çox artsın. Çünki Lənkəran Dövlət Dram Teatrında  çox güclü aktyor, aktrisa  heyyəti var. Bu kollektivlə təkcə Azərbaycanın  yox, dünya klassiklərinin  və müasir  dramaturqlarının pyeslərini yüksək peşəkar səviyyədə hazırlamaq olar. Biz çox sevinirik ki, teatr dünyasında çox tanınan və maraqlı tamaşaları ilə Azərbyacna teatr tarixində əbədi  qalan  Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov bizim teatra quruluşçu rejissor vəzifəsinə  göndərilib. Biz, çalışacağıq ki, ondan yaxşı bəhrələnək. Çünki Bəhram müəllim təkcə rejissor yox, o, həm də yaxşı pedaqoqdur. Bu gün teatrlarımızda rejissor-podaqoqlar çox azdır. Əslində onlar çox olmalıdır.  Biz, inanırıq ki, Bəhram Osmanov  cavan aktyorlarımıza, aktrisalarımıza  daha çox kömək edəcək ki, onlar da daha peşəkar olsunlar.

 

-Siz, özünüz də maraqlı, yüksək peşəkar  rejissor-pedaqoqsunuz. Çünki Dağıstan Azərbaycan Dövlət Dram Teatrında,  Qusar Dövlət Ləzgi Dram Teatrında və Salyan Dövlət Kukla Tetarında çoxlu gəncləri yetişdiribsiniz. Lənkəran teatrında özünüz tamaşalar hazırlamağı planlaşdırırsınızmı?

 

-Hal- hazırda tetarımzda  iki  uşaq  tamaşası  hazırlamışam. Dahi Üzeyir Hacıbəyovun 140 iliyi  ilə   əlaqədar "Arşın mal  alan" tamaşası  üzərində   işləyirəm. Aprel ayının sonuna kimi təhvil verməyi planlaşdırırıq.  Bundan   əlavə   Hüseynbala    Mirələmovun  məşhur “Gəlinlik paltarı” romanı əsasında yazdığı “Gəlinlik  paltarı" psixoloji dramını və  Şəfaət Şəfinin  “Çimnazın  elçiləri " əsərlərinə də quruluşu verməyi nəzərdə tutmuşam. Hər iki əsər də çox maraqlıdır və ən əsası isə günümüzün neqativ hallarını bu tamaşalar vasitəsilə tamaşaçılara göstərəcəyik.  Onu da vurğulayım ki, Hüseynbala Mirələmov özü əslən lənkəranlıdır. Uzun illərdir ki, onun pyesləri respublikamızın bütün teatrlarında uğurla tamaşaya qoyulur.  Elə mən özüm Qusar Dövlət Ləgzi Dram Teatrında onun iki pyesinə- “Xəcalət” və “Vəsiyyət” əsərlərinə quruluş vermişəm. Hər iki tamaşa uzun illər teatrda oynanılıb. Belə bir peşəkar dramaturqun pyeslərinin teatrımızda hazırlanması bizim  üçün böyük uğur olar.  Hətta oxucular üçün maraqlı olsun deyə vurğulayım ki, hər dramaturqun pyesini repertuarına salmayan Gürcüstan Dövlət Akademik Dram Teatrı bir vaxtlar Hüseynbala Mirələmovun “Xəcalət” pyesini “Gözlə məni” adı ilə tamaşaya hazırlamışdı. Bu tamaşa uzun illər həmin teatrın repertuarında qaldı.  Lənkəran Dövlər Dram Teatrı artrıq sizin pyeslərə də müraciət eləyib. Belə ki, cavan rejissor  və çox istedadlı insan İmran Ali Qurban  sizin  məşhur  “Şah İsmayıl” tarixi faciənizə tetrımızda  quruluş verəcək. Bütün bu işlər də mövsümün sonuna kimi yekunlaşmalıdır. İnanıram ki, hər üç  tamaşa tamaşaçılar  tərəfindən maraqla qarşılanacaq. Sentyabr ayından isə cavan rejissorumuz  Emil  Əsgərov  Ulyam  Şekspirin  məşhur  “Kral  Lir” tamaşasına  bizim teatrda quruluş verəcək. Mən bir rejissor kimi ona da çox inanıram.  Və inanıram ki, maraqlı tamaşa hazırlayacaq. Kral  Lir rolunda isə Xalq artisti Qabil Quiyev oynayacaq. Ona da  inanıram ki,  bu tamaşa da respublikada məşhur olacaq. Tamaşaçılar tərəfindən də maraqla qarşılanacaq.

 

- Siz, həmişə yeniliyi xoşlayan rəhbər olubsunuz. Gələcəkdə bu teatrda hansı  planlarınız  var?

 

-Bu, təkcə plan deyil, mənim ali məqsədimdir. İstəyirəm ki, Lənkaran  Dövlət   Dram Teatrını  ölkəmizdə    ölkədən  kənarda   tanıdaq. Xarici öləklərdə keçirilən festivallara gedək. Çünki həmin festivallar həm məndə, həm də kollektivdə özümüzə qarşı cavabdehliyi artırar. Ümumiyyətlə, teatrda çalışan hər bir insan, vəzifədindən asılı olmayaraq,  çox cavabdehli olmalıdır və teatrı çox sevməlidir. Axı teatrın işçisi həmişə xalqın, tamaşaçının gözləri önündədir. İstər  o, aktyor və istərsə də teatrda adi işçi olsun. Deməli, biz hər bir hərəkətimizə çox ciddi fikir verməliyik. Belə bir deyim var: “ İnsanın gözünün toxluğu onun dostu, nəfsi isə düşmənidir.  Gözü  toxluğu   bacaran  insanın  da  zahiri gözəlliyi, ağlın gözəlliyini  daha da  rövnəqləndirir”.

Fikrimi dahi dramaturqumuz  Cəfər  Cabbarlının bu kəlamı ilə  tamamlamaq istəyirəm: “Aktyor bir rəssamdır ki, rəngarəng fırçalar ilə yaratdığı bir şəkil yenə özüdür. O, bir şəkildir ki, özü də öz yaradıcısıdır...  Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə də özüdür... Aktyor bir musiqişünasdır, eyni zamanda canlı bir alət - musiqidir. Daha doğrusu aktyor bir musiqişünasdır ki, çaldığı aləti - musiqi yenə özüdür”.  Təki bütün aktyorlar, aktrisalar bunu bilsinlər  və buna əməl etsinlər. Özlərinə qarşı cavabdeh olsunlar. Onda həm tamaşaçılar və həm də mütəxəssislər tərəfindən çox sevilərlər.

Bax, onda rejissorlar  üçün aktyorlarla, aktrisalarla işləmək    daha  asan  və maraqlı  olar.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayonundakı  qədim yaşayış məskənlərindən biri də turistlərin xüsusi diqqətini cəlb edən Yaqublu kəndi yaxınlığındakı Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. “Kurqanlar çölü” və  “hökmdar məzarlığı” adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i bu günə kimi öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılmışdır.

 

Xüsusi olaraq qeyd edək ki, tarixi terminologiyada kurqan torpaq təpə deməkdir, yəni sosial bərabərsizliyin mövcud olduğu dövrdə tayfa başçılarının hakimiyyətinin qüdrətini ifadə edən sərdabə tipli qəbirdir. Kurqanlar, məqbərələr bütün dövrlərdə varlı, mənsəb sahibi olan insanlara, hökmdarlara, xaqanlara məxsus olub. O da maraqlıdır ki, tarix boyunca, kurqanlar ancaq türk xalqlarına aid olub. 

Bu günə kimi ərazidə yerləşən 9 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb. Qazıntılar Kərimli  kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir. Burada tədqiqat işləri aparmış, Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı mərhum Nəsib Muxtarov (Qaznıtı aparılan kurqanın bir addımlığındakı Yaqublu kəndində yaşadığıma görə tez-tez ora gedər, tapılan eksponatlara maraqla baxar, Nəsib müəllimin izahlarını acgözlüklə dinləyərdim. Onu da deyim ki, rəhmətlik burada yeraltı muzey yaratmaq istəyirdi) qeyd edirdi ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da, səciyyəvi cəhətlərə malikdir. Bu abidələrin bir xüsusiyyəti də var ki, onların əksəriyyətinin həndəsi düzülüşü aypara şəklindədir.  

Kurqandan eramızdan 1500 il bundan əvvələ aid çoxlu qədim əşyalar tapılıb. Belə bir kurqanın tapılması  II minilliyin ortalarında Azərbaycanda  çox güclü bir dövlətin olmasından xəbər verir.  O dövrdə dövlət birləşməsi və təşəkkülü o səviyyəyə çatıb ki, hakimiyyətdə təmsil olunan sülalər üçün  hətta kurqanlar da düzəldiblər. 

Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara imkan verir, yaşanmış tərəqqini izah edir. Zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələri bu tapıntılarla təsdiq edilir.

Nəsib müəllim deyirdi ki, kurqan  iki qatlıdır. Belə ki, burada ilk dəfə  bir hökmdar basdırılıb. Bir neçə əsr keçəndən sonra, həmin kurqanın üstündə yenə də digər  bir kurqan tikərək, digər hökmdarı dəfn ediblər.

Kurqan  bir neçə dəfə talanıb. Çünki qazıntılar zamanı  dəmir bir nizə tapılıb. Belə ehtimal olunur ki, tunc dövrünə aid olan bir yerdə birdən- birə dəmir nizənin tapılması ondan xəbər verir ki, kurqanı bir neçə əsr sonra talayan adamlar,  buranı qazarkən  aləti unudub gediblər.  

Burada aşkar edilmiş insan və at skeletləri, qab-qacaq və alətlər əcdadlarımızın qədim dəfn, yaşayış, inanc və digər adət-ənənələrini, məişətini aydın şəkildə əks etdirir. Dəfn kamerasında (11 m. x 4 m. x 3 m.) aşkar edilən dəfn adəti xüsusi maraq doğurmuşdur. Dəfn adəti səciyyəvi cəhətlərə malikdir, xüsusi diqqət çəkir.  Adətən belə kurqanlar dövrün mənsəb sahiblərinə aid olurdu və onların uyuduqları yerdə  sağlıqlarında işlətdikləri əmək alətləri, məişət alətləri, qab-qacaqları, bəzək düzəkləri ilə yanaşı, o biri dünyada yeyib –içəcəkləri azuqələri, nemətləri, onların sevdikləri atları və itlərini də də özləri ilə birlikdə dəfn edirdilər. Həmin qabların, alətlərin  üzərindəki işləmələr isə  təkcə naxış deyil, onlar həm də danışan petroqlif yazılarıdır, rəmzləridir. Bunların hər biri İslamaqədərki abidələrdir.

Beş metr dərinlikdəki kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları öz orijinallığı ilə fərqlənir. Nəsib müəllimin köməkçisi İ.Bədəlova söyləyirdi ki, ola bilsin belə ilan və  quş fiqurları   totemlər olub, həmin dövrün insanlarının inançlarını, tamğalarını, mənsubiyyətini və hakimiyyətlərin simgələrini göstərir. Bir də ki, bizim arealın insanları hər zaman ilana hörmətlə yanaşıblar. Qədimdə hər evin bir ilanı olardı. O ilanlar insanların həyətinə gələndə ev yiyəsi onun üçün bir qabda su və ya süd qoyardı. Əgər bir ilan evi tərk edərdisə, deyərdilər ki, həmin evin bərəkəti getdi. Bir də ki, bu ilan fiqurları  qədim türk torpaqlarında Mar tayfalarının yaşamasına da bir işarə ola bilər.  

Həmin ərazidən, gildən eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, anqob naxışlı qablar, metal məmulatı da aşkarlanıb. 

Diqqəti cəlb edən ən maraqlı eksponatlardan biri isə, bu gün dünyada ən çox geyilən və istifadə olunan “adidas” ayaq  geyiminin üzərindəki naxışa bənzər işləmələri olan saxsıdan düzəldilmiş ayaqqabı fiqurudur. Düzdür, dünyanın bir çox yerlərində müxtəlif tarixi dövrlərə aid ayaqqabı modelləri tapılıb. Kurqanlarda tapılan ayaqqabılar daha çox dini əhəmiyyət daşıyırdılar. Bu kurqanda tapılan ayaqqabı modelinin yaşı isə 3500 ildir.  Bəlkə də yarandığı dövrdə başqa bir funksiyası da olub.  Ya da ki, ancaq dini ritual mərasimlərdə işlədilib. Ancaq belə bir ayaqqabı modelinin tapılması ondan xəbər verir ki, həmin dövrün adamları da nəfis işlənmiş, yüksək sənətkarlıqla hazırlanmış ayaq geyimlərindən istifadə ediblər.  İslama qədərki insanlarımız oda və Tanrıya sitayiş ediblər. Bəlkə də  adidas ayaqqabısına bənzəyən bu fiqur müqəddəs odu saxlamaq məqsədi ilə  çıraq kimi istifadə edilib. 

Burdan həmçinin lap alt qatdakı olan kurqanda  59 qramlıq, 99 əyyarlı   qızıldan hazırlanmış öküz başı eksponatı tapılmışdır.  Qızıldan öküz başı olan yerdə həm də qızıl qolbağın bir hissəsi, qızıl üzük və sırğalar da tapılıb.  Bu tapıntıların hər biri öz dövrləri haqqında xalqımıza yazılan məktublardır. Öküz başı fiqurları vaxtı ilə  Şumerdən, Misirdən də tapılıb. Bu dünyada tapılan 5 və ya 6-cı öküz başı fiqurudur. Lakin Kərimli kurqanından tapılan öküz başı fiquru Şumer və Misirdən tapılan öküz başlarından fərqlənir. Həm də bu  öküz başı özlüyündə çox orijinaldır. Bu tapıntı tədqiqatçılara  böyük və qədim bir tarixin açarını vermişdir.

Kurqandan yüzdən çox muncuq aşkar edilmişdir.  Bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib.  Bu muncuqlar bizi aparıb Şumer muncuqları, Misir muncuqları ilə bağlayır.

Burada tapılan əşyalar onu deməyə əsas verir ki, həmin dövrün də öz texnologiyasına və sivilizasiyasına görə bir tərəfdən Sarı dəniz, bir tərəfdən Atlantik okeanı bir-biri ilə həmişə təmasda olub. Azərbaycanın bu ərazisi   Şimaldan Cənuba, Cənubdan Şimala körpü rolunu  oynayıb. Gəlib gedən sivilizasiyaları həm qəbul edib mənimsəmişik, həm də  ötürmüşük. Kərimli kurqanlar və buradan tapılanların hamısı onu deməyə əsas verir ki, biz yaranan bütün sivilizasiyalarda iştirak etmişik. Əcadadlarımızın yaradıcı olması da bu maddi mədəniyyət abidələrinin  yaranıb - yaşamasına səbəb olub. 

 

Deyəsən, Kərimli kurqanları barədə söhbəti çox uzatdıq. Ta Sizləri yormayaq. Ən yaxşısı gəlib öz gözlərinizlə görün!

Novbəti yazımızda Uğan mağarasından bəhs olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

                                                             

 

 

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Oxucularımızın bilgi almaq istədikləri növbəti mövzu Davos İqtisadi Forumudur. Fəlsəfə elmləri doktoru, politoloq Adəm İsmayıl Bakuvinin köməkliyi ilə mövzuya aydınlıq gətirməyə çalışacağıq.

 

 

Davos İqtisadi Forumunun tarixi:

Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən forumu Dünya İqtisadi Forumu adlandırılmağa başladılar.

Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.

1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. 

 

Azərbaycanın iştirakı

27-31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial- mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonuncu dəfə 2025-ci il 22 yanvar tarixində İlham Əliyev DİF çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib. Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlhan Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olununan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbayacanın önəmli rolundan, “Cənub”qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

Çərşənbə axşamı, 15 Aprel 2025 14:34

Qax rayonuna məxsus turizm guşələri

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın şimal hissəsində qərarlaşan, öz füsunkar təbiəti, azman dağları, sıx meşələri, şırıltılı şəlalələri ilə göz oxşayan Qax rayonu barədə belə bir deyim var: “Bura bir gələn hökmən yenə gəlmək istəyər”.

 

Kürmük məbədi

 

1-3-cü əsrlərdə qədim Alban məbədinin qalıqları üzərində tikilmişdir. Əlverişli yerləşməsi olduğu üçün məbədi gözdən qaçırmanız mümkün deyil.

 

Ulu körpü

 

Kürmük çayının üzərində yerləşən bu körpünün 18-ci əsrdə inşa edildiyi düşünülür.  Körpü tağ formasındadır və tikintisində kəpricdən və yumurtadan istifadə olunubdur. Rəngi həmişə qara olur. Burada şəkil çəkdirmək üçün çayın yatağına belə enə bilərsiniz. Çayın yatağından körpüyə gözəl mənzərə açılır..

 

Ramramay şəlaləsi

 

Bu şəlalə İlisu kəndində yerləşir. Şəlalənin suyu  bumbuzdur. 

 

Mamırlı şəlalə

 

Azərbaycanın ən gözəl şəlalələrindən biridir və Qaxın Ləkit-Kötüklü kəndindəki sıx meşədə yerləşir. Hündürlüyü 15 metrdir.

Şəlalənin axdığı qayalıq mamır ilə örtülü olması bura qeyri-adi gözəllik qatır.

 

Şəkildə: Mamırlı şəlalə

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

Çərşənbə axşamı, 15 Aprel 2025 12:44

Mətbəximizin daha bir atributu - albuxara

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir sıra Milli Azərbaycan xörəklərinin tərkib hissəsi olan albuxaranı kim xo.lamır ki? Xüsusən, süfrəmizin şahı olan plovun aç-qarasının ən əsas komponentlərindən biridir albuxara.

Ölkəmizə gələn xarici qonaqlar bu ləziz təamı çox bəyənirlər.

 

Azərbaycanda iki cür — sarı və qara albuxara yetişdirilir. Ordubad rayonunda geniş yayılmış sarı albuxaranın tərkibində 12 faiz şəkər, 0,8 faiz turşu var. Qara albuxaranın vətəni Şirvan zonasıdır. Onun tərkibində isə 10,6 faiz şəkər, 1,21 faiz turşu olur.

Hər iki sortun çəyirdəyi asanlıqla ayrılır.

Albuxara yeyilir, qurudulur və xoşab hazırlanmasında istifadə edilir.

Belə güman etmək olar ki, alu (gavalı) və Buxara sözlərindən əmələ gəlib və Buxara gavalısı mənasını verir.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Keramika, yəni gil və digər materialların şəkilləndirilməsi və yanması ilə yaranan sənət və sənaye məhsuludur. Bu sahə həm bədii, həm də praktiki məqsədlərlə geniş istifadə olunur. Keramika əsərləri qədim zamanlardan bəri müxtəlif mədəniyyətlərdə mövcud olub və bugünkü günümüzə qədər ev əşyalarından bəzək əşyalarına qədər geniş bir sahəni əhatə edir.

 

*Keramikanın əsas sahələri:*

- Bədii keramika

Bu sahə, keramika sənətinin estetik və yaradıcı tərəfini əhatə edir. Bədii keramika əsərləri dekorativ məqsəd güdür və müxtəlif formalar, rənglər, naxışlar ilə bəzədilir. Bu növ keramika əsərləri bəzən sənət qalereyalarında nümayiş etdirilir.

- İstifadə edilən keramika

Bu növ keramika gündəlik həyatda istifadə olunan əşyalardır. Məsələn, qab-qacaq, çini fincanlar, plitələr, vaza və digər praktiki əşyalar. Bu sahə həmçinin sənaye keramika istehsalını əhatə edir (misal üçün, keramik borular və digər inşaat materialları).

- Arxeoloji keramika

Tarixdən və arxeologiyadan gələn keramika nümunələri çox önəmlidir. Arxeoloqlar qədim sivilizasiyaların həyatını öyrənərkən, onların keramika nümunələrini (qədim qablardan, bəzək əşyalarına qədər) araşdıraraq çox məlumat əldə edirlər.

- Mənəvi və dini keramika

Bir çox mədəniyyətlərdə keramika həm də dini məqsədlər üçün istifadə edilib. Məsələn, qədim Yunan və Roma mədəniyyətlərində tanrı heykəlləri və dini ayinlər üçün istifadə olunan keramika əşyaları çox yayılıb.

 

*Keramikanın istehsalı prosesi:*

Keramika istehsalında bir neçə əsas mərhələ var:

1. Gilin seçilməsi və hazırlanması

Keramika istehsalında istifadə olunan gil təbii minerallardan ibarət olur. Gil seçildikdən sonra, o, lazımi konsistensiyaya gətirilməsi üçün yoğrulur və hazırlıq mərhələsindən keçir.

2. Şəkilləndirmə

Gilin əllə və ya fırlanan təkər (lathe) vasitəsilə müxtəlif formalar yaradılır. Bu mərhələdə ustalar həm sadə, həm də mürəkkəb formalar yarada bilərlər.

3. Quruma və ilk yanma

Şəkilləndirilən əsərlər əvvəlcə havada qurudulur, sonra isə bisque yanma prosesi ilə ilkin olaraq sobada bişirilir. Bu, gilin möhkəmlənməsi üçün vacibdir.

4. Rəngləmə və bəzəmə

Qurudulmuş və bişmiş keramika əsərləri üzərinə müxtəlif rəngli esmal və boyalar tətbiq edilir. Bəzək və rəngləmə mərhələsi keramika sənətinin ən yaradıcı hissəsidir.

5. İkinci yanma (esmal yanması)

Son mərhələdə, bəzədilmiş keramika yüksək temperaturda ikinci dəfə sobada bişirilir. Bu proses, əsərin üzərindəki rənglərin və şüşə təsirli qatların sabitləşməsini təmin edir.

 

*Keramika ilə bağlı texnikalar:*

*Handbuilding (əllə yaratma):* Keramik əsərləri əllə müxtəlif formalarda yaratmaq. Məsələn, gil qatlarını birləşdirərək və ya daxili boşluğu açaraq formalar yaratmaq.

*Wheel throwing (fırlanma təkəri ilə işləmə):* Gilin təkər üzərində fırladılaraq forma verilməsi. Bu, ən çox istifadə olunan texnikalardan biridir.

*Slip casting (şliplə tökərək formalaşdırma):* Gilin maye vəziyyətinə gətirilərək formalar üzərinə tökülməsi.

*Glazing (şüşələmə):* Keramika əsərlərinin səthinə şüşə əsaslı bir qat tətbiq etmə prosesidir ki, bu da məhsulun parlaq və su keçirməz olmasını təmin edir.

 

*Keramika sənətinin tarixi:*

Keramika, ən qədim sənətlərdən biridir və təxminən 30,000 il əvvələ, Paleolit dövrünə qədər gedib çıxır. İlk keramika nümunələri yanan daş və gil əsərlərindən ibarət olmuşdur. Qədim Yapon, Çin, Yunan və Roma mədəniyyətlərində keramika sənəti çox inkişaf etmiş və müxtəlif formalar, rənglər və naxışlarla zənginləşmişdir.

 

*Keramikaya necə başlamaq olar?*

*Keramika dərsləri:* Bir çox sənət məktəblərində keramika dərsləri mövcuddur. Bu dərslərdə müxtəlif texnikaları öyrənmək və praktika etmək mümkündür.

*Ev şəraitində yaradılış:* Keramika işləri üçün lazım olan avadanlıqları əldə edib, evdə başlanğıc səviyyədə işlər görməyə başlamaq.

*Sənət mərkəzləri və studiyalar:* Bir çox şəhərdə keramika studiyaları və mərkəzləri fəaliyyət göstərir. Bu yerlərdə həm dərslər, həm də öz işlərini sərbəst şəkildə yaratmaq mümkündür.

 

Keramika həm sənət, həm də əl işlərində istifadə olunan təbii və funksional bir sahədir. Yaratmaq, həm yaradıcı tərəfinizi inkişaf etdirmək, həm də gündəlik həyatda istifadə edə biləcəyiniz gözəl əşyalar yaratmaq imkanı verir. 

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış jurnalist İbrahim Nəbioğlunun şimal qonşumuz Rusiya barədə çox maraqlı statistikasını diqqətinizə çatdırır.

 

BİRİNCİLİKLƏR:

1. Dünyada təbii qaz hasilatı və ixracına görə 1-ci yer (qlobal hasilatın 35%-i);

2. Dünyada təbii resursların həcminə görə 1-ci yer;

3. Dünyada almaz ehtiyatları və ixrac həcminə görə 1-ci yer;

4. Dünyada kəşfedilmiş platin ehtiyatlarına görə 2-ci, ixracına görə 1-ci yer;

5. Dünyada kəşfedilmiş gümüş ehtiyatlarına görə 1-ci yer;

6. Dünyada kəşfedilmiş qızıl ehtiyatlarına görə 2-ci yer;

7. Dünyada kəşfedilmiş kömür ehtiyatlarına görə 1-ci yer (qlobal ehtiyatların 23%-i);

8. Dünyada meşə ehtiyatlarına görə 1-ci yer (qlobal ehtiyatların 23%-i);

9. Dünyada içməli su ehtiyatlarına görə 1-ci yer;

10. Dünyada nərə balığı, yengəc ve mintay ehtiyatlarına görə 1-ci yer;

11. Dünyada kəşfedilmiş qalay, sink, titan ve niyobyum ehtiyatlarına görə 1-ci yer;

12. Dünyada azot gübrələrinin ixracına görə 1-ci yer;

13. Dünyada torf ehtiyatlarına görə 1-ci yer.

 

Bəs hara gedib bu zənginlik?

 

• Dünyada dolar milyarderlərinin artım sürətinə görə 1-ci yer, milyarderlərin ümumi sayına görə 2-ci yer (ABŞ-dan sonra);

• Yaşayış səviyyəsinə görə dünyada 67-ci yer;

• İnsan potensialının inkişaf səviyyəsinə görə dünyada 71-ci yer;

• Dövlətin vətəndaşa xərclədiyi pula görə dünyada 72-ci yer;

• Əhalisinin sağlamlıq səviyyəsinə görə dünyada 127-ci yer;

• İnsan ömrünün uzunluğuna görə 111-ci yer.

 

Dünyada "lider" olduğu göstəricilər:

 

• Yaşlılar, yeniyetmələr və uşaqlar arasında intihara görə dünyada 1-ci yer;

• Boşanma sayına görə dünyada 1-ci yer;

• Nigahdankənar doğuma görə dünyada 1-ci yer;

 

• Abort və atılan uşaqların sayına görə dünyada 1-ci yer;

• Əhalinin azalma sürətinə görə dünyada 1-ci yer;

• Spirtli içkilərin istehlakına görə dünyada 1-ci yer;

• Spirtli içkilərin satışına görə dünyada 1-ci yer;

• Tütün məhsullarının satışına görə dünyada 1-ci yer;

• Alkoqolizm ve siqaret tiryakiliyindən ölüm hallarına görə dünyada 1-ci yer;

• Ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada 1-ci yer;

• Saxta dərmanların satışına görə dünyada 2-ci yer;

• Eroin istifadəçilərinin sayına görə dünyada 1-ci yer (qlobal istehsalın %21-i);

• Aviasiya qəzalarının sayına görə dünyada 1-ci yer;

• Siyasi hüquq və azadlıqlar reytinqinə görə dünyada 159-cu yer.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

 

Aprelin 6-da və 7-də Ağdam, Cəbrayıl rayonlarında mina partlayışlarının baş verməsinə, nəticədə bir hərbçimizin həlak olmasına, dörd mülki şəxsin, o cümlədən azyaşlı uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri almasına Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu da biganə qalmayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlar BMT-nin Mina Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dəki nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mina Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”un Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France 24” (Fransa), “Al Jazeera English” (Qətər), “The Guardian” (Böyük Britaniya) kimi media subyektlərinə etiraz məktubları ünvanlayıb.

Etiraz məktublarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də aradan qalxmadığı və günahsız insanların həyatının hər an təhdid altında olduğu xüsusilə vurğulanıb. Ermənistan tərəfindən basdırılan və bu gün də faciəyə səbəb olan minaların xəritələrinin verilməməsi hiddətlə pislənib.

2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri mina partlayışları nəticəsində 392 nəfərin həlak olduğu və ya xəsarət aldığı bildirilib.

Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınmasının və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qaldığı xatırladılıb.

Diaspor nümayəndələri beynəlxalq ictimaiyyəti Ermənistanın davam edən hərbi təxribatlarına və mina terroruna göz yummamağa, bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə qətiyyətli addımlar atmağa çağırıb.

Mina terroruna etirazlarda “Praqa Azərbaycan Mədəniyyət Evi”, “Macarıstan Azərbaycan Evi”, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, “Bremen Azərbaycan Mədəniyyət Evi, “Avropa Azərbaycan Mərkəzi”, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi, “Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası”, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası, “MADANİ-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması, İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyası, "Xarı-Bülbül" Dünya Azərbaycanlıları Mədəni Dərnəyi, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti xüsusi aktiv fəaliyyət nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

Çərşənbə axşamı, 15 Aprel 2025 08:29

Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Gödəkçə”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

     SƏMƏD VURĞUN

 

     GÖDƏKCƏ

 

Dostum! Moskvada iki il qabaq

Qarlı bir qış günü bir evə dolduq.

Dostlar, tanışlar da məclis quraraq,

Üstünə yüngüllük, gülüb şad olduq.

Mən soyuqlamışdım o axşam bir az.

Sənsə ərk eləyib danladın məni,

Dedin ki, bu qədər soyuqluq olmaz,

Özünə baxmırsan... Doğrudan da sən.

Elə bil canının lap düşmənisən!

Sonra əynindəki bir gödəkcəni

Mənə bağışladın o məclisdəcə.

Üstəlik bir söz də dedin o gecə:

“Biz heç... Qoy şairə soyuq dəyməsin!”

O ürəkdən gələn mehriban səsin

İndi də, indi də xatirimdədir...

Əzəldən qaydadır eldə, obada,

Dostluğun töhfəsi bir çöp olsa da,

Anlayan bilər ki, mənası nədir!

İndi qış günləri şaxtada, qarda,

Əlimdə tüfəngim, çöllər gəzirəm.

Arabir yol azıb qasırğalarda,

Bir işıq axtarıb ellər gəzirəm.

Gah şər qarışanda, gah da dan üzü

Sazaq qılınc kimi kəsəndə məni,

Geyirəm verdiyin o gödəkcəni,

Elə bil gül açır Mil, Muğan düzü.

Bəzən Bakıda da xəzri əsəndə,

Elə ki qəflətən xəstələnirəm,

Elə ki qorxudur məni sətəlcəm,

Uşaqlar deyinib, həmdəm küsəndə,

Geyirəm verdiyin bu gödəkcəni.

Bu ceyran dərisi bir loğman kimi

Davasız, dərmansız sağaldır məni.

Xeyirxah, mehriban bir insan kimi,

hər zaman, hər yerdə anıram səni...

 

    “Ədəbiyyat və incəsənət”

    (15.04.2025)

 

41 -dən səhifə 2158

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.