Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Qızılorda vilayətinin Qarmaqşı bölgəsində yerləşən “Dədə Qorqud” Memorial Kompleksində Türk xalqlarının folklor-musiqi incəsənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün Sədaları” mövzulu VII Beynəlxalq Festivalı açılıbdır.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tıva və Altaydan olan 200-ə yaxın sənətçi iştirak edir.Festival Qızılordanın Qazaxıstanın paytaxtı (1925-1927) elan ediməsinin 100 illiyinə həsr olunub.
Beynəlxalq tədbirin məqsədi türk xalqlarının zəngin mədəniyyətini, milli musiqisini və mənəvi dəyərlərini təbliğ etmək, beynəlxalq mədəni əlaqələri möhkəmləndirməkdir.
Təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova və Qızılorda vilayətinin Mədəniyyət, arxiv və sənədləşmə idarəsinin rəhbəri Janmurat Seilov çıxış edərək festival iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıblar.
Bayram axşamında türk ölkələrindən olan ənənəvi musiqi sənətinin tanınmış ifaçıları tamaşaçıları bənzərsiz çıxışları ilə sevindiriblər.
Növbəti gündəisətürk ölkələrinin folklor-musiqi sənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün sədaları” adlı beynəlxalq festival çərçivəsində “Dədə Qorqud irsi: Türk dünyası üçün ümumi epik dəyərlər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Konfransda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova,Qızılorda vilayətinin Akimi cənab Nurlıbek Nalıbayev, eləcə də mədəniyyət, tarix və ədəbiyyat sahəsində türk ölkələrinin aparıcı alim və ekspertləri iştirak ediblər.
Tədbirin əsas məqsədi Dədə Qorqud irsinin və onun epik ənənələrinin türk xalqlarının mənəvi və mədəni həyatındakı əhəmiyyətinin hərtərəfli müzakirəsi, elmi tədqiqatların inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi olub.
Konfrans zamanı Dədə Qorqud dastanının tarixi kökləri, onun türk dünyasındakı rolu, həmçinin müasir mədəniyyət və ədəbiyyatda əksi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Alimlər yeni elmi tədqiqatlarının nəticələrini təqdim edib və Dədə Qorqud irsinin öyrənilməsində müasir nəzəri yanaşmaları bölüşüblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında konfrans iştirakçılarını salamlayaraq Dədə Qorqudun böyük irsinin qorunması və dünya miqyasında tanıdılmasının əhəmiyyətini qeyd edib.
Konfrans çərçivəsində elmi məruzələr dinlənilib, panel müzakirələr aparılıb, həmçinin “Türk Folklorİrsi” Antologiya layihəsi çərçivəsində “Türk qəhrəmanlıq eposu” silsiləsinin ilk cildi təqdim olunub.
Tədbirin sonunda Qazaxıstanın Əməkdar incəsənət xadimi, T. Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının dosenti Uljan Baybosınova “Koroğlu” poeması və Sır diyarının dastançılarına məxsus bir sıra parçaları ifa edib.
Beynəlxalq konfrans türk dünyasında epik yaradıcılıq ənənələrinin birliyinin və qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, türk xalqlarının mənəvi irsinin qorunması və təbliği istiqamətində əlamətdar addım kimi dəyərləndirilib.
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)