İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan SSR xalq rəssamı Səttar Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olub. Səttarın anadan olduğu Əmircan kəndi çoxəsrlik mühafizəkar ənənləri ilə tanınan bir yer idi və burada kişilər əsasən tarla və bağlarda işləyirdilər. Burada ailələr öz uşaqlarını rəsm məktəblərinə göndərmir, rəsm çəkməyi uşaq hobbisi sayırdılar. 1920-ci illərdə Azərbaycanda peşə məktəblərinin fəaliyyətə başlaması ilə bir çox rəssamlıq məktəbləri də işıq üzü görməyə başlayır.
Beləliklə ailəsi onun həvəs və istedadına biganə qala bilməyərək 1927-ci ildə Azərbaycan Dövlət Peşə Rəssamlıq Məktəbinə göndərir. Buradakı tələbəlik illərində müəllimi, məşhur rəssam Əzim Əzimzadənin diqqətini çəkən Səttar onun baş rəssam olduğu "Kommunist" qəzetində müxtəlif mövzularda karikaturalar çəkmək təklifi alır. Təklifi böyük məmnuniyyətlə qəbul edən gənc rəssam bu üslub onun üçün yeni olsa da, çəkdiyi rəsmlərlə yumorun və qroteskinin uğurlu bütövlüyünü əldə edə bilib.
Karikaturadakı bacarığını görən Əzim Əzimzadə ona təhsilini qrafika sahəsində davam ettirməyi tövsiyə edir. Onun tövsiyəsi ilə Səttar Bəhlulzadə 1933-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitunun qrafika fakültəsinə daxil olur. Burada o dövrün məşhur qrafika sənətçiləri V. A. Favorski, P. Y. Pavlinov, K. N. İstomin və L. A. Brunidən dərs alıb. 3-cü kursda olarkən müəllimi tanınan rəssam Q. M. Şaqal ona rəsm fakültəsinə keçməyi tövsiyə edir. Səttar heç tərəddüt etmədən bu təklifi qəbul edir və 3-cü kursdan təhsilini Şeqalın atelyesində davam etdirir.
Realist sənət ənənələrini dərindən mənimsəyən rəssamın hazırladığı "Qadın Model" (1939) və "Qaraçı qadın" (1939) etüdləri bu dəyişikliyin bəhrəsidir. Moskvada yaşadığı illərdə müəllimindən aldığı təhsillə yanaşı, onun məsləhəti ilə Tretyakov qalereyasında və Puşkin muzeyində yerli və xarici rəssamların əsərlərinin surətlərini çıxarırdı. Görkəmli rəssam bu əsərlərin ona qazandırdıqlarını, xüsusən də bu araşdırmalar nəticəsində lirik rəsmlərə keçdiyini hər fürsətdə vurğulayırdı. Bu müsbət təsir onun mənzərə janrındakı ilk əsərlərində (Qudyalçay vadisi (1953), Qızılbənövşəyə gedən yol (1953)) aydın görünür. Səttar Bəhlulzadə buraxılış işi kimi Babək hərəkatı mövzusunu seçmiş və 1939-cu ildə bu mövzuda araşdırma aparmaq məqsədilə Bakıya qayıdıb.
1940-cı ildə diplom işi kimi "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını çəksə də, İkinci Dünya müharibəsi başladığına görə diplom işini müdafiə edə bilməyib. Hər iki əsər hal-hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində sərgilənməkdədir. Müharibədən sonra dəfələrlə müdafiə üçün Moskva Dövlət Rəssamlıq İnstitutu tərəfindən çağırılsa da getməmiş, səbəbini soruşanlara isə "diplomsuz rəssam olmur?" cavabını verib. Rəssam 1941-ci ildə SSRİ Sənətkarlar Birliyinə üzv seçilib. Müharibə illərində bir müddət təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim olaraq çalışsa da, müharibədən sonra buradakı işindən ayrılır.
1945-ci ildə ərsəyə gətirdiyi Qubalı Fətəli xan və Xəttat Mirzə Təbrizi portretləri Azərbaycan İncəsənət Muzeyində saxlanılır. Bəhlulzadə bildirir ki, Babək üsyanı tablosu müəllimləri tərəfindən bəyənilib və ona tarixi mövzularda çalışmağı tövsiyə ediblər. Lakin rəssam onların bu istəklərinə qarşılıq verməmiş və mənzərə janrında əsərlər yaratmağa başlayıb. Bu dövrdə Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənib, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayıb. "Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir"
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı ("Azərbaycan mənzərələri" işlər silsiləsinə görə)
- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni
- "Əməkdə fərqlənməyə görə" medalı
Sənətçinin qrafika əsərləri 1966-cı ildə Praqada, ölümündən sonra 1977-ci ildə Moskvada, Yalta (1978), Nyu-York (1994), İstanbul (1994), London (1995), Bonn (1996), Bakı (1999 və 2000), Daşkənd, Paris (2009) şəhərlərində sərgilənib. 1966-cı ilin yazında Praqadakı "U Rjeçitski" qalereyasında Bəhlulzadənin qrafika işlərindən ibarət fərdi sərgisi açıldı. Bu, sovet azərbaycanlı rəssamının xaricdə açılan ilk fərdi sərgisi idi. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub
Filmoqrafiya
1. Toğrul Nərimanbəyov
2. Bu, Səttar Bəhlulzadədir
3. Üç hekayə
4. Səttar Bəhlulzadə
5. Sonuncu dərviş
Səttar Bəhlulzadə haqqında maraqlı faktlara nəzər yetirək
1.Səttar riyaziyyat fənnində xüsusilə diqqət çəkdiyindən hər kəs onun gələcəkdə böyük riyaziyyatçı olacağını düşünüb. Qonşuluqda, yoldaşları arasında bu fəndən çətinə düşən uşaqlara köməklik etməkdə ad çıxardığından, onun rənglərə olan marağı hamıya ötəri hiss təsiri bağışlayıb.
2.Səttar Bəhlulzadə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Amma onun gizli sevdiyi bir qadın olub. Sevdiyi qızla birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa gəliblər. Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də, sevdiyi qız ona həmişə bir dost kimi yanaşıb. Bir müddətdən sonra onun sevdiyi qız başqa birisi ilə ailə həyatı qurur, lakin çox keçmir ki, onların birgə həyatı baş tutmur və ayrılmalı olurlar. Deyilənlərə görə, onları birləşdirən iki cəhətdən biri onların hər ikisinin rəssam olması idisə, digər bir cəhət hər ikisinin mavi gözlü olması idi. Səttar Bəhlulzadənin hamıdan gizli saxladığı məhəbbəti – Xalq Rəssamı, qrafika ustası Maral Rəhmanzadə olub.
3.Səttar Bəhlulzadə dostu ilə trolleybusda söhbət edə-edə yol gedirmiş. Dayanacaqların birində trolleybusa minən bir qadının yanındakı 2-3 yaşlı uşaq Səttarın üzünü görəndə qorxudan ağlamağa başlayır və heç cür sakitləşmək bilmir. Səttar növbəti dayanacaqda, yarı yolda dostunu məcbur eləyir ki, o uşağın xətrinə trolleybusdan düşək.
4.Səttarın özünəməxsus qəribə hərəkətləri olub. Günlərinin birində, gecə vaxtı dostu Bəxtiyar Vahabzadənin evinə qonaq gedir. Gec olsa da ona mürəbbəli çay süfrəsi açılır. Süfrə arxasında əyləşən Səttar qəflətən barmağını mürəbbəyə batırıb yerdəki xalçanı qaldırır və döşəmədə ceyranı andıran rəsm çəkir.
5.Füzulini dəhşət çox sevirmiş, ona vurğunmuş. Bir dəfə, ad gününü qeyd edən Səttar başına yığışan yaxın adamları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra o biri otağa keçib ordan xeyli şam gətirir. Sonra onların hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına qoyur. Evin işıqlarını söndürüb belə bir təklif edir:"Gəlin ağır-ağır "Şəbi-hicranı" oxuyaq". Otaqda olan hər kəs onunla birgə oxumağa başlayırlar. Qaranlıq otaqda yanan şamların şöləsi, divarlarda əks olunan kölgələr və Səttarın üz-gözünə dağılmış saçları, parlaq baxışları Füzulinin qəzəli ilə ahənglik yaradır. Və həmin an bəlkə də elə Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrilir.
6.Yetmişinci illərin ortalarında «Ulduz» jurnalında məşhur rəssam Səttar Bəhlulzadənin rəsmlərinin çapından bir neçə aylıq qonarar yığılıbmış. Jurnaldan tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam «Ulduz»un redaksiyasına gəlir və soruşur:
– Nə qədər qonorarım var?
Cavab verirlər:
– Min beş yüz manat.
Səttar Bəhlulzadə fikrə gedir və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışmış jurnalın əməkdaşlarına deyir:
– Mənim min beş yüz manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu «Avrora» tapasız!
7.Səttar Bəhlulzadə sufi həyatı keçirirmiş, geyim-keçiminə qətiyyən fikir verməzmiş, həmişə nimdaş paltarda gəzərmiş. Hətta əsgər şinelini də geyinməyi özünə ar bilməzmiş. Bir sözlə o, geyimə bəzək kimi yox, isti-soyuqdan qoruyan şey kimi baxırmış. Bir dəfə rəssam elektrik qatarı ilə Əmircana gedərkən hava isti olduğundan beretini yanına, oturacağın üstünə atır. Uzun yolda onu yuxu aparır. Sənətkar ayılanda görür ki, beretin içərisinə xeyli xırda pul atıblar. Görkəminə görə Səttar Bəhlulzadəni dilənçiyə oxşadıblarmış.
8.Səttar Bəhlulzadə həyatda bir çox acılara, ağrılara sinə gərib, dərd-sərini çox adamla bölüşmədiyindən yaxınları onun xəstəliyindən çox gec xəbər tuturlar. Həm də bu xəstəlik elə bir vaxtda onun yaxasından yapışır ki, o, qayğıdan, diqqətdən də kənarda qalır. Onun sənəti və şəxsiyyəti ilə ondan da qat-qat aşağı səviyyədə olan rəssamla davrandıqları kimi davranırlar. Belə diqqətsizliyi hiss etdikdə o, Əmircandakı evlərinə çəkilib günlərlə oradan çıxmır. Yaxın dostlarından biri onun bu halını görüb çox pis olur və onun üz-gözündən öpüb leçkomissiyaya aparmaq üçün dilə tutur. O, isə ağlayıb deyir ki, onlar adam deyillər, məndən soruşurlar ki, niyə evlənmirsən? Səttar Bəhlulzadə sarılıq xəstəliyindən əziyyət çəkirmiş.
9.1973-cü ilin avqustunda Sabunçuda yerləşən xəstəxanaların birinin yoluxucu xəstəlikləri üzrə şöbəsinə yerləşdirib, sarılıq xəstəliyi diaqnozunu qoyurlar. Dostları hər gün ona gül, meyvə aparırlar. Otuz doqquz dərəcə qızdırması olmasına baxmayaraq o, həmin güllərin və meyvələrin şəkillərini çəkib divarlara yapışdırır.
10.Əməliyyat olunsa da, Səttar Bəhlulzadənin vəziyyəti düzəlmir. O, 1974-cü ilin yağışlı oktyabr ayının 14-də gözlərini əbədi olaraq yumur. Fəxri xiyabanda dəfn olunmasına icazə verilməyən cənazə rəssamın öz vəsiyyətinə uyğun olaraq, Əmircan kəndində anasının yanında torpağa tapşırılır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)