1 şair, 1 şeir

 

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Əfrahim Hüseynlinin “Bu ömrün sirrindən xəbərimiz yox” şeiri təqdim edilir. Əfrahim Hüseynli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, həkim və şairdir.

 

ƏFRAHİM HÜSEYNLİNİN ŞEİR

BU ÖMRÜN SİRRİNDƏN XƏBƏRİMİZ YOX

 

Bu ömrün sirrindən xəbərimiz yox,

gəlirik, ən şirin sözlə başlayır.

Olanlar adamın ağlına gəlmir,

doğruyla başlayır, düzlə başlayır.

 

Hər gün böyüməyi istəyir adam,-

bu arzunun yükü ağırdan ağır!

Böyüyə-böyüyə başımız üztə

xəbərsiz, filansız qar- yağış yağır.

 

Yerüzü behişt tək görünür bizə,

hələ yada düşmür sorğu-suallar.

Ağlımıza gəlmir günün birində

böyüyə-böyüyə kiçilmək də var.

 

Elə bilirik ki, yaz bitən deyil,

sonra payızı da uzaqda qalır.

Gümana əl yeri axtaran ömrə

qalan günlər-aylar təsəlli olur.

 

Göyləri sevirsən, göyün üzündə

ulduzlar buludla qalır üz-üzə.

Ayılıb görürsən göyüzü boşdu,-

ayı, ulduzu da görünmür gözə.

 

Dumanın içində qalan gümana

sonrasa əlini açmaq da olmur.

İstə, ya istəmə, payızdan çıxıb

qışın kəməndindən qaçmaq da olmur.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.