Super User
O, inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malikdir
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tərifində az danışsam,ey gülüm məzur tut,
Çünki yox bu qəddi-rənayə, bu gül rüxsarə söz.
Yüz nəsihət eyləsən də cahilə kar eyləməz,
Təsir etməz zərrəcə, hər kim desə divarə söz.
Tut sözü daim özündən yüksək, ey şair könül,
Çünki ALLAH göndəribdir Əhmədi-Muxtarə söz.
Hər sözə meyl etmə Mahir,salma qiymətdən sözü,
Çıxdı bir gün bəlkə,qiymət almağa bazarə söz.
Mərhum Füzulişünas-alim, qəzəlxan Ələmdar Mahirindir bu qəzəl. O, 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açıb. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləyib, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzüb.
Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşüb, axtarıb tapıb, səbir və dözümlə onlardan da öyrənməyə səy edib. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır.
Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır.
1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutub və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılıb.
Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutub və Əliağa Vahid adına baş mükafatı alıb. ANS-in “De gəlsin” verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak edib.
Kitabları
1. Səadət intizarında
2. Mənim tanıdığım Füzuli
3. Külliyyat (Əsərləri)
4. Söz və musiqi beşiyi
Azərbaycanın görkəmli qəzəlxan-şairi Ələmdar Quliyevin 21 fevral 2014-cü də vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Heydər Əliyev barədə ən yaxşı əsərin müəllifi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəli, Ümummilli lider Heydər Əliyev barədə ən yaxşı əsəsri kim yazıb deyə soruşsalar, yəqin ki çoxu bu cavabı verəcək: Xalq yazıçısı Elmira Axundova.
Bu gün onun doğum günüdür. Dəyərli ədəbi və publisist nümunələrlə yaddaşlara həkk olunan Elmira xanımı səmimi qəlbdən təbrik edirik.
Elmira Axundova 26 may 1953-cü ildə Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1977–1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rus redaksiyasında müxbir kimi çalışıb. 1980–1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində referent və məsləhətçi olub, 1983-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib.
1988–1990-cı illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı olub. 1990–1998-ci illərdə “Literaturnaya qazeta”nın Azərbaycan üzrə müxbiri olub, daha sonra “Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “24 saat”, “İzvestiya” kimi KİV-lərlə əməkdaşlıq edib. 1993–2002-ci illərdə “Svoboda” radiosunun rus xidmətində çalışıb. 1997–1998-ci illərdə “Populyar” jurnalının baş redaktoru olub
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Hazırda Birliyin Ağsaqqallar Şurasının üzvüdür. 1991-1998-ci illərdə “Literaturaya qazeta”ya rəhbərlik edən Arkadiy Udaltsovun yubileylə əlaqəli Bakıya göndərdiyi təbrikdə xüsusilə qeyd olunurdu:
"Düşünürəm ki, Rusiya və keçmiş SSRİ dövlətləri xalqlarının o vaxtlar respublikanızda baş verən hadisələri anlamasına verdiyin töhfənin miqyasını kiçiltmək olmaz. O, əhəmiyyətli və danılmazdır. Bizim xüsusi müxbirimiz olduğun Azərbaycandan səmimi və istedadlıca yazdığın məqalələr, reportajlar, məlumatlar “Literaturnaya qazeta”nın oxucuları tərəfindən böyük maraqla qarşılanırdı. Moskva və bütün MDB-də Azərbaycanın rəhbərləri, respublikanın tanınmış yazıçıları və ictimai xadimləri ilə olan söhbətlərin xüsusi rezonans doğururdu".
On ilə yaxın Elmira Axundova Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin jurnalist qrupunda olub və Ümummilli lideri bir çox xarici səfərlərdə müşayiət edib.
1995–2020-ci illərdə Prezident yanında Əfv Komissiyasının üzvü olub. 1999–2006-cı illərdə Bakı Slavyan Universitetində dərs deyib. 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, komitə üzvü kimi fəaliyyət göstərib. Avropa Şurası Parlament Assambleyası və MDB Parlamentlərarası Assambleyasında Azərbaycanı təmsil edib.
2020–2023-cü illərdə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının üzvüdür.
Elmira Axundova 1980–1990-cı illərdə bədii tərcümə ilə məşğul olub, Elçin, Anar, İsmayıl Şıxlı, Vidadi Babanlı və Manaf Süleymanov kimi yazıçıların əsərlərini rus dilinə tərcümə edib.
Filologiya üzrə fəlsəfə doktorudur (1984). “Cəlil Məmmədquluzadə realizmi və XIX əsrin sonu – XX əsrin əvvəllərində rus ədəbiyyatının təcrübəsi” (1985) monoqrafiyasının müəllifidir. “Cənubi Azərbaycan nəsrinin antologiyası” və “Cənubi Azərbaycan poeziyasının antologiyası” kitablarının tərtibatçısıdır. 2
000-ci illərdə Elmira Axundova bədii publisistika və memuar janrında məhsuldar fəaliyyət göstərib.
“Fərmanla əfv olunub...”(2000), “Naşirin ölümü” (2001), “Həqiqət anları” (2003), “Əlövsət Quliyev: o, tarix yazırdı” (2003), “Bu bizik” (2003), “Yaşamaq vaxtıdır” (2003), “Şüşə Saray” (2007), “Dostlarımın gözəl cizgiləri” (2011 və 2015), “Elçinin fövqalmissiyası” (2015), “Prezidentin portreti dəyişikliklər fonunda” (2016), “Anar Məmmədxanov. Kapitanın taleyi” (2018), “Ədəbi səyahətlər...” (2023) kimi kitabların müəllifidir.
Heydər Əliyevin ilk bioqraflarından olan Elmira Axundova 10 ilini “Heydər Əliyev. Şəxsiyyət və Zaman” (2013) adlı çoxcildlik roman-tədqiqatın yazılmasına sərf edib. 2014-cü ildə bu əsərə görə E.Axundova Dövlət mükafatçısı adına layiq görülüb. Bu kitab rus, ingilis, türk, qazax, özbək, macar, ukrain və bir sıra başqa dillərə tərcümə edilib. Böyük qazax şairi və ictimai xadimi Oljas Süleymenov bu unikal roman haqqında bunları deyib:
"Roman tədqiqat – qeyri-adi janrdır, bu, incəsənət və elmin vəhdətidir. Subyektivlik və obyektivlik. Bədii həqiqət və həyat həqiqəti. Bu müddət ərzində sənədli həqiqəti uydurma ilə doldurmaqla roman yazmaq daha asan olardı. Amma Elmira unudulmaz dövrün real qəhrəmanı haqqında müasirlərinin söylədiyi həqiqi hekayələri yazmağa qərar verdi.
Canlı sənədin bu həqiqəti həm də onunla dəyərlidir ki, o, itirilə biləndir. 10 illik iş dövrü ərzində yüzlərlə müsahibə və onlardan çoxu artıq bir daha təkrar olunmayacaq: çünki həmsöhbətlərdən çoxu artıq həyatda deyil. Uydurulmamış bu hekayələrin səmimiliyi, açıqlığı, şahidləri danışdırmağı bacaran həmsöhbətin valehedici ustalığı romanı sənədli nəsrin görkəmli əsərinə və yazıçı-publisistin əsas kitabına çevirir."
Mükafatları və fəxri adları
- 2003-cü ildə Şöhrət ordeni ilə təltif edilib.
- 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
- 08 iyul 2009-cu ildə «Məhəbbət və sədaqətə görə» medalı ilə təltif edilib, Rusiya
- 14 yanvar 2010-cu ildə "Seçki hüquqlarını müdafiə edən fəal deputat" nominasiyasının qalibi olub
- 30 oktyabr 2011-ci ildə "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən təqdim olunan "Xəzər" Milli Mükafatına layiq görülüb
- 27 may 2014-cü ildə “Heydər Əliyev. Şəxsiyyət və Zaman” əsərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını alıb
- 2015-ci ildə "Azərbaycan mədəniyyət assosiasiyası SİMURG 25 illiyi" yubiley medalı ilə təltif olunub
- 24 noyabr 2016-cı ildə MDB Parlamentlərarası Assambleyasının MDB PA Şurasının Fəxri Fərmanı ilə təltif edilib.
- 27 mart 2017-ci ildə MDB Parlamentlərarası Assambleyasının “MDB MPA. 25 il” medalı ilə təltif edilib
- 25 may 2018-ci ildə Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adına layiq görülüb
- 16 oktyabr 2019-cu ildə Azərbaycan Mətbuat Şurasının mükafatı ilə təltif edilib.
- 21 dekabr 2020-ci ildə Ukraynada "İrpen şəhərinə xidmətlərinə görə" medalı ilə təltif olunub
- 20 sentyabr 2023-cü ildə "HONOR ET GLORIA" medalı ilə təltif olunub.
- 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
- 19 dekabr 2025-ci ildə Avrasiya Mədəniyyət Fondunun "Oljas Süleymenov" fəxri medalı ilə təltif olunub
- 25 fevral 2026-cı ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və "Qızıl ulduz" medalı ilə təltif edilib.
Bu yaxınlarda jurnalistin “niyə görünmürsünüz” sualına Elmira xanım belə cavab verib:
-Görünmürəm ona görə ki, siyasətlə məşğul deyiləm. Yazıçılıqla məşğulam. Mən Xalq yazıçısı kimi bu adı gərək doğruldam. Bu, böyük tituldur, Xalq yazıçısı adından yüksək ad var?
Və əminliklə deyirik ki, Elmira Axundova Xalq yazıçısı adını doğruldub!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Söz vermək asandır, sözün altında qalmaq isə ağır
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsan bəzən verdiyi sözü tutmayanda qarşı tərəfdən çox, özündən utanır. Çünki bilir ki, bir insan sənin üçün vaxtını dəyişibsə, planını təxirə salıbsa, deməli sənə güvənib. Amma həyat hər zaman planladığımız kimi getmir. Elə an olur ki, bir neçə saatın içində hər şey alt-üst olur. Və sən verdiyin sözün ağırlığını çiynində hiss edirsən.
Bir neçə gün əvvəl bir vokalçı ilə danışırdım. Müsahibə planlaşdırmışdıq. O, xüsusilə mikrofon qarşısında, studiya şəraitində danışmaq istəyirdi. Onlayn müsahibəni qəbul etmirdi. Mən də razılaşdım. İki gün sonra gedəcəkdim. Amma o iki günün içində həyat yenə öz “sürprizlərini” göstərdi. Başqa qayğılar çıxdı, başqa problemlər yarandı. Birdən düşündüm ki, indi redaksiyaya get, mikrofon götür, ordan studiyaya çat, müsahibə al, sonra yenidən redaksiyaya qayıt, mikrofonu təhvil ver, daha sonra evə dön... Bir anlıq insanda qəribə yorğunluq yaranır. Təkcə fiziki yox, mənəvi yorğunluq. Bəzən insanın ruhu da eyni cümləni sakitcə içindən təkrarlayır. Hər şeyi çatdırmağa çalışırsan, amma həyat səndən daha sürətli qaçır.
Vokalçı dedi ki, mənə görə bütün işlərini təxirə salıb. O cümlə adamın vicdanına toxunur. Mən də özümü narahat hiss etdim. Düz etmədiyimi bildim. Çünki qarşı tərəf sənə güvənib. Amma yenə də sözümün üstündə dura bilmədim.
Əslində bu, təkcə mənim yaşadığım məsələ deyil. İnsanların çoxu belədir. Bəzən altından çıxa bilməyəcəyi sözlər verir. Bəzən “gələrəm”, “edərəm”, “çatdıraram” deyirik, amma həyatın içində o qədər gözlənilməz şeylər olur ki, verdiyimiz sözlər yolun ortasında qalır.
Zatən insanlar artıq söz verməyi çox asanlaşdırıb. Çünki “yox” demək çətin gəlir. Birini qırmaq istəmirik. Qarşı tərəfi gözlətməmək üçün “olar” deyirik. Amma sonra həm özümüz yoruluruq, həm də qarşımızdakını məyus edirik. Problem məsuliyyətsizlikdən çox, insanın hər şeyə çatmağa çalışmasındadır. Hamı tələsir. Hamının beynində yüz plan var. İnsan bəzən öz gücünü düzgün hesablaya bilmir. Elə bilir hər şeyə çatacaq. Amma bir yerdən sonra anlayır ki, insan robot deyil.
Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə deyirdi ki, “İnsan gərək sözünün ağası olsun.” Nə etmək lazım? Bəzən insanı öz sözünün qarşısında belə aciz qoyur. Çünki hər tutulmayan söz xəyanət deyil. Bəzən insan sadəcə yorulur. Bəzən həyatı idarə edə bilmir. Bəzən də “bacararam” dediyi şeyin ağırlığını sonradan anlayır.
Fransız yazıçısı Viktor Huqo deyirdi: “İnsan verdiyi söz qədər insandır”. Elə buna görə də söz vermək asandır, sözün altında qalmaq isə ağırdır.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Texnologiya inkişaf etdikcə insanlıq geriləyirmi?
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İnsanlıq tarix boyu daim inkişaf etməyə çalışıb. İlk insanın oddan istifadə etməsindən tutmuş kosmosa çıxışa qədər keçilən yol bəşəriyyətin ağlı, zəhməti və bitməyən axtarışlarının nəticəsi olmuşdur. Hər dövr insanı özündən əvvəlki dövrə baxaraq daha inkişaf etmiş hesab edib. Bu inkişafın mərkəzində isə həmişə texnologiya dayanıb. Texnologiya insan həyatını asanlaşdırıb, məsafələri qısaldıb, xəstəliklərin qarşısını alıb, dünyanı bir-birinə bağlayıb. Lakin bütün bunlarla yanaşı, insan daxilində başqa bir sual da yaranmağa başlayıb: texnologiya inkişaf etdikcə insanlıq geriləyirmi?
Bu sual ilk baxışda qəribə görünə bilər. Çünki texnologiya insan həyatını rahatlaşdırırsa, necə olur ki, insanlıq geriləyə bilər? Amma məsələyə daha dərindən baxanda görünür ki, problem texnologiyanın özündə deyil, insanın onunla münasibətindədir. Çünki insan bəzən yaratdığı texnologiyanın sahibinə çevrilmək əvəzinə, onun əsirinə çevrilir.
Müasir insan əvvəlki dövrlərdə mümkün olmayan rahatlıqlara sahibdir. Bir düymə ilə dünyanın o biri ucundakı insanla danışmaq, saniyələr içində informasiya əldə etmək, uzaq məsafələri qısa zamanda qət etmək artıq adi hala çevrilib. Amma qəribədir ki, insan rahatlaşdıqca sanki ruhən yorulmağa başlayıb. İnsanlar bir-birinə daha yaxın görünür, amma daxilən bir-birindən uzaqlaşır.
Əvvəllər insanlar axşamlar bir masa arxasında oturub söhbət edirdilər. İndi isə eyni evdə yaşayan insanlar belə bir-birinə baxmadan telefon ekranlarına baxırlar. Texnologiya ünsiyyəti artırdı, amma səmimiyyəti azaltdı. İnsanlar daha çox danışmağa başladı, lakin bir-birini daha az dinləməyə başladılar.
Sosial şəbəkələr insanlara özlərini ifadə etmək imkanı verdi. Amma eyni zamanda insanları görünməz yarışın içinə saldı. Hər kəs daha xoşbəxt görünməyə çalışır, daha gözəl həyat göstərmək istəyir. İnsan artıq yaşamaqdan çox, yaşadığını göstərməyə çalışır. Bu isə daxili boşluq yaradır.
Müasir insanın ən böyük faciələrindən biri tənhalıqdır. Halbuki tarixdə heç vaxt insanlar bir-birinə bu qədər “bağlı” görünməyib. Minlərlə izləyicisi olan insan gecə yatağa başını qoyanda özünü tənha hiss edə bilir. Çünki texnologiya əlaqə yaratdı, amma yaxınlıq yaratmağı bacarmadı.
Texnologiyanın sürətli inkişafı insanın səbrini də dəyişdirdi. Müasir insan hər şeyin tez olmasına öyrəşib. Bir neçə saniyə gec açılan səhifə belə insanı əsəbiləşdirir. Halbuki həyat texnologiya qədər sürətli deyil. İnsan münasibətləri zaman istəyir, sevgi zaman istəyir, etibar zaman istəyir. Amma insan artıq gözləməyi unutmağa başlayıb.
Ən təhlükəli dəyişikliklərdən biri də insan hisslərinin zəifləməsidir. İnsan hər gün yüzlərlə xəbərlə qarşılaşır: müharibələr, ölümlər, faciələr… Bu qədər informasiya insanı hissizləşdirir. Əvvəllər bir insanın ağrısı uzun müddət yadda qalırdı. İndi isə insanlar bir neçə saniyəlik üzülüb növbəti videoya keçir. Bu isə insanlığın ən böyük itkilərindən biridir.
Texnologiya insanın yaddaşını da dəyişib. İnsan artıq çox şeyi əzbərləmir, çünki hər məlumat telefondadır. İnsan düşünmək əvəzinə axtarmağa başlayıb. Bu rahatlıq bir tərəfdən faydalıdır, digər tərəfdən isə insan beyninin tənbəlləşməsinə səbəb olur.
Ən qəribəsi isə budur ki, texnologiya inkişaf etdikcə insan zaman tapmır. Halbuki texnologiyanın məqsədi vaxt qazandırmaq idi. İnsan daha sürətli yaşayır, amma daha az hiss edir. Günlər keçir, amma insanlar yaşadıqlarını xatırlamırlar. Çünki həyatın çox hissəsi ekran arxasında keçir.
Müasir dövrdə uşaqlar da fərqli böyüyür. Əvvəllər uşaqlar küçədə oynayır, torpağa toxunur, həyatın içində böyüyürdülər. İndi isə bir çox uşaq ekran qarşısında böyüyür. Bu isə onların həm psixoloji, həm də emosional inkişafına təsir edir. İnsan təbiətdən uzaqlaşdıqca sanki öz mahiyyətindən də uzaqlaşır.
Lakin texnologiyanı yalnız mənfi tərəfdən qiymətləndirmək də düzgün olmazdı. Çünki texnologiya milyonlarla insanın həyatını xilas edib. Tibb sahəsindəki inkişaflar insanların ömrünü uzadıb. Təhsil daha əlçatan olub. İnsanlar bilik əldə etmək üçün artıq böyük maneələrlə qarşılaşmırlar. Bir kənddə yaşayan insan belə dünyanın ən böyük universitetlərinin dərslərinə qoşula bilir.
Texnologiya insanların səsini daha uzaqlara çatdırıb. Əvvəllər eşidilməyən insanlar indi öz fikirlərini paylaşa bilir. Sosial problemlər daha görünən olub. İnsan hüquqları, ekoloji problemlər və sosial ədalətsizlik kimi mövzular daha geniş müzakirə edilir. Bu isə texnologiyanın insanlıq üçün müsbət tərəflərindən biridir.
Problem texnologiyanın özündə deyil. Problem insanın onu necə istifadə etməsindədir. Bıçaq həm çörək kəsmək, həm də insan yaralamaq üçün istifadə edilə bilər. Texnologiya da belədir. O, insanın əlində ya faydaya, ya da təhlükəyə çevrilir.
İnsanlıq geriləyirmi sualının cavabı bir qədər də insanın hansı dəyərləri qoruyub saxlamasından asılıdır. Əgər texnologiya inkişaf etdikcə insan mərhəmətini, vicdanını və sevgisini itirirsə, bu artıq geriləmədir. Çünki insanı insan edən yalnız ağlı deyil, həm də qəlbidir.
Müasir insan çox şey bilir, amma bəzən az hiss edir. İnformasiya artıb, amma hikmət azalıb. İnsanlar daha çox danışır, amma daha az anlayır. Bəlkə də texnologiyanın yaratdığı ən böyük təhlükə insanın öz daxilindən uzaqlaşmasıdır.
İnsan bəzən maşınlara bənzəməyə başlayır. Hər şey planlı, sürətli və mexaniki olur. Halbuki insan ruhu mexaniki deyil. İnsan yorulur, darıxır, sevir, ağlayır. Texnologiya bu hissləri tam əvəz edə bilmir.
Bir zamanlar insanlar məktub yazırdı. O məktubların içində həsrət, duyğu və zaman vardı. İndi isə mesajlar saniyələr içində gəlib keçir. İnsanlar daha tez əlaqə saxlayır, amma bəzən daha az hiss edirlər. Çünki sürət hisslərin dərinliyini azalda bilir.
Texnologiyanın insanlığa təsiri gələcəkdə daha da böyük olacaq. Süni intellekt, robot texnologiyaları və virtual həyat artıq insan həyatının bir hissəsinə çevrilir. Bu inkişaf insan həyatını daha rahat edə bilər. Amma eyni zamanda insanı öz duyğularından və təbiiliyindən uzaqlaşdıra da bilər.
Ən vacib məsələ balansdır. İnsan texnologiyadan istifadə etməlidir, amma ona təslim olmamalıdır. İnsan ekran qarşısında yaşamaqla yanaşı, real həyatı da hiss etməlidir. Təbiətə baxmalı, insanlara toxunmalı, gözlərə baxaraq danışmalıdır. Çünki texnologiya nə qədər inkişaf etsə də, insan ruhunun ehtiyaclarını tam əvəz edə bilmir.
Məncə, texnologiya inkişaf etdikcə insanlıq avtomatik olaraq geriləmir. İnsanlıq yalnız o zaman geriləyir ki, insan öz daxilindəki insanı itirir. Əgər insan vicdanını, mərhəmətini və sevgisini qoruyub saxlaya bilirsə, texnologiya onun düşməni yox, köməkçisi ola bilər.
Çünki problem maşınlarda deyil. Problem insanın qəlbinin hansı istiqamətə getməsindədir. İnsan texnologiyanı idarə etdiyi müddətdə inkişaf davam edəcək. Amma bir gün insan öz ruhunu texnologiyaya qurban verərsə, onda ən böyük geriləmə başlayacaq.
Texnologiya inkişaf etdikcə insanlığın geriləyib-geriləməməsi texnologiyadan yox, insanın seçimindən asılıdır. İnsan öz mənəviyyatını qorumağı bacararsa, texnologiya bəşəriyyəti daha yüksək mərhələyə apara bilər. Əks halda isə insan öz yaratdığı dünyanın içində ruhunu itirə bilər.
Və bəlkə də bu dövrdə insanın ən böyük mübarizəsi texnologiyaya qarşı deyil, öz içindəki insanı qorumaq uğrundadır.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
İnam, mistika və işğal arasında qalan insan: “Ovsunçu”
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
2002-ci ildə ekranlaşdırılan “Ovsunçu” filmi, rejissor Oqtay Mirqasımov tərəfindən çəkilmiş və Azərbaycan kinosunda mistik-fəlsəfi dili, tarixi fonu və psixoloji ağırlığı ilə seçilən ən fərqli ekran əsərlərindən biridir. Film Natiq Rəsulzadə, Oqtay Mirqasımov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında ekranlaşdırılıb.
“Ovsunçu” sırf tarixi film deyil. Bu ekran əsəri bir xalqın yaddaşı, mənəviyyatı və zorla dəyişdirilməyə çalışılan həyat tərzi haqqında ağır və düşündürücü hekayədir. Filmə baxanda anlayırsan ki, burada söhbət təkcə keçmişdən yox — insan ruhunun sınmasından gedir.
Filmdə nədən söhbət gedir?
Hadisələr XX əsrin əvvəllərində, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu qarışıq dövrdə baş verir. Ucqar kəndlərdən birində yaşayan Rəsul adlı loğman — yəni otlarla insanları sağaldan, xalq təbabətini bilən sakit təbiətli bir adam yaşayır. O, insanların dərdinə çarə tapan, təbiətlə danışan, köhnə dünyanın adamıdır.
Amma kəndə yeni hakimiyyət gəlir. Silahlı dəstələr öz qanunlarını tətbiq etməyə başlayır. İnsanların inancı, adətləri, yaşam tərzi dəyişdirilmək istənilir.
Bir tərəfdə qədim inanclar, xalq ruhu və mənəviyyat var.
Digər tərəfdə qorxu, zor və yeni qaydalar.
Rəsul isə bu iki dünyanın arasında qalır.
Film burada çox ağır bir sual verir:
Bir xalqın ruhunu zorla dəyişmək mümkündürmü?
“Ovsunçu” nə deməkdir?
“Ovsunçu” sözü xalq arasında gizli bilik sahibi, ruhani gücə malik, insanlara şəfa verən adam mənasında işlənir. Amma filmdə bu anlayış daha dərin məna daşıyır.
Rəsul sadəcə xəstə sağaldan adam deyil. O, köhnə dünyanın yaddaşıdır.
Onun biliyi kitabdan gəlmir.
Torpaqdan gəlir.
Nəsildən gəlir.
İnsan yaddaşından gəlir.
Elə buna görə də yeni sistem üçün belə insanlar təhlükəli görünür.
Mistika ilə reallığın arasında
Film boyu bir hiss yaranır:
Görəsən baş verənlər həqiqətdir, yoxsa inancın gücü?
Rejissor Oqtay Mirqasımov burada mistik atmosfer yaradır. Dağlar, meşələr, sükut, qədim kənd həyatı — hamısı filmin içində ayrıca obraz kimi yaşayır.
Burada təbiət də danışır.
Sükut da danışır.
İnsan qorxusu da.
Filmin əsas ideyası
“Ovsunçu” bir həqiqəti deyir:
Silahla torpağı almaq olar, amma bir xalqın yaddaşını dəyişmək asan deyil.
İnsan qorxa bilər. Susdurula bilər. Amma əsrlərlə formalaşmış mənəviyyat bir gündə yox olmur.
Yekun
Bəzən ən böyük savaş güllə ilə olmur.
Bəzən savaş insanın ruhu uğrunda gedir.
“Ovsunçu” bizə bunu xatırladır:
Bir xalqın yaddaşı dağılanda, onun ruhu da yaralanır.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
“Biri ikisində” - Aleyna Malkoçun Səməd Vurğun yaradıcılığına baxışı
“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə tanınmış türk araşdırmaçısı, TRT redaktoru Aleyna Malkoçun Səməd Vurğun yaradıcılığına “Vaqif” dramı üzərindən bir baxışı təqdim edilir. Azərbaycan türkcəsinə uyğunlaşdıran prof. Rəsmiyyə Sabirdir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Aleyna MALKOÇ
SƏMƏD VURĞUNUN “VAQİF” DRAMINDA ŞAH QACARIN
İDEOLOJİ VƏ TRAGİK OBRAZI
I. Səməd Vurğun: həyatı, ədəbi şəxsiyyəti və əsərləri
XX əsrdə müasir Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayan simalardan biri olan Səməd Vurğun yalnız şair və dramaturq kimi deyil, həm də sovet dövründə Azərbaycan ədəbiyyatının estetik sərhədlərini və ideoloji istiqamətlərini müəyyənləşdirən mərkəzi fiqur kimi çıxış edir. Onun ədəbi şəxsiyyəti fərdi sənət axtarışları ilə dövrün siyasi və mədəni şərtləri arasında formalaşan həssas tarazlıq üzərində qurulmuşdur. Bu baxımdan Vurğunu anlamaq təkcə bir yazıçının bioqrafiyasını öyrənmək deyil, həm də sovet Azərbaycanında ədəbiyyatın ideoloji ifadə platormasına necə çevrildiyini dərk etməkdir.
Səməd Vurğun (1906-1956) Azərbaycanın Qazax bölgəsində anadan olmuş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır. Qazax Müəllimlər Seminariyasını bitirdikdən sonra Bakıda və Moskvada ali təhsilini davam etdirmişdir. Xüsusilə Moskvadakı təhsil illəri onun ədəbi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, rus ədəbiyyatı və sovet estetik düşüncəsi ilə birbaşa təmas qurmasına şərait yaratmışdır. Bu təsir Vurğunun əsərlərində müşahidə olunan dəqiq struktur, güclü dramatik qarşıdurma və ideoloji aydınlıqda özünü qabarıq şəkildə göstərir. Onun sənət konsepsiyası fərdi lirizmi tamamilə kənara qoymadan, ədəbiyyatı ictimai və tarixi məsuliyyət sahəsi kimi dərk edən sovet estetikası ilə uyğun şəkildə inkişaf etmişdir.
Vurğunun poeziyasında və dramaturgiyasında diqqət çəkən əsas xüsusiyyətlərdən biri “xalq” anlayışının mərkəzi mövqedə dayanmasıdır. Lakin bu xalq təsəvvürü sadəcə romantik ideallaşdırma deyil, Sovet ideologiyasının formalaşdırdığı kollektiv şüur anlayışı ilə sıx bağlıdır. Onun şeirlərində xalq tarixi yaradan, inkişafı və tərəqqini təmsil edən bir qüvvə kimi təqdim olunur; onun qarşısında duran obrazlar isə çox vaxt bu tərəqqiyə mane olan qüvvələr kimi formalaşdırılır. Əminə Gürsoy-Naskali Vurğunun poetik dilini təhlil edərkən bildirir ki, o, sovet dövrü Azərbaycan ədəbiyyatında “ideoloji diskursu yüksək estetik səviyyə ilə birləşdirə bilən nadir sənətkarlardan biridir”. Bu fikir Vurğunu yalnız ideoloji şair kimi deyil, həm də güclü bədii istedada malik sənətkar kimi dəyərləndirməyin zəruriliyini göstərir.
Səməd Vurğunun yaradıcılığı yalnız poeziya ilə məhdudlaşmır, o, dramaturgiya və tarixi dram sahəsində də mühüm əsərlər ortaya qoymuşdur. “Xanlar”, “Fərhad və Şirin” və xüsusilə “Vaqif” onun dramaturji ustalığını nümayiş etdirən əsas əsərləri sırasındadır. Bu əsərlərdə tarix sadəcə dekorativ fon kimi deyil, ideoloji və mənəvi qarşıdurmaların səhnələşdirildiyi bir məkan kimi çıxış edir. Lakin bu tarix anlayışı akademik tarixşünaslığın obyektivliyinə deyil, bədii obrazın seçici mahiyyətinə əsaslanır. Salih Yılmazın qeyd etdiyi kimi, sovet dövründə tarixi mövzulu əsərlərdə keçmiş, müasir ideoloji ehtiyaclara uyğun şəkildə yenidən qurulan bir narrativ sahəyə çevrilmişdir. Vurğunun tarixi dramları da bu ümumi tendensiyadan kənarda qalmamışdır.
Bununla belə, Vurğunun əsərlərini yalnız ideoloji mətnlər kimi qiymətləndirmək onun bədii gücünü və dramaturji intuisiya qabiliyyətini nəzərdən qaçırmaq deməkdir. Xüsusilə “Vaqif” pyesində personajların səhnə dili, dramaturji qarşıdurmanın ritmi və poetik ifadə tərzi əsərin sadəcə təbliğat xarakterli mətn kimi qavranılmasının qarşısını alır. Afaq Yusiflinin Azərbaycan ədəbiyyatında tarixi şəxsiyyətlərin simvolik istifadəsi haqqında fikirləri bu məsələnin izahında mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, Sovet dövrü ədəbiyyatında tarixi fiqurlar “yalnız keçmişin nümayəndələri deyil, dövrün ideoloji və mənəvi problemlərinin simvolik daşıyıcılarıdır”. Bu yanaşma “Vaqif” əsərindəki obraz sisteminin anlaşılması üçün də əsas açarlardan biridir.
II. Tarixi şəxsiyyət kimi Ağa Məhəmməd şah Qacar: siyasi reallıq, tarixşünaslıq və imic məsələsi
Ağa Məhəmməd şah Qacar XVIII əsrin son rübündə yalnız İran və Qafqaz siyasətinə istiqamət vermiş bir hökmdar deyil, eyni zamanda tarixşünaslıqda ən çox müzakirə olunan şəxsiyyətlərdən biri hesab edilir. Onun şəxsiyyəti və fəaliyyəti xüsusilə XIX əsrin sonlarından etibarən müxtəlif ideoloji baxışlar çərçivəsində yenidən şərh edilmiş, bu şərhlər çox vaxt tarixi reallıqdan daha çox siyasi mövqelərin təsiri altında formalaşmışdır. Buna görə də şah Qacarın tarixi şəxsiyyət kimi qiymətləndirilməsi yalnız xronoloji hadisələrə deyil, həmin hadisələrin necə və hansı kontekstdə təqdim edildiyinə də diqqət çəkməyi zəruri edir.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra İran coğrafiyası uzunmüddətli siyasi qeyri-sabitlik dövrünə daxil olmuşdu. Bu mərhələ əsasən Zəndlər və Qacarlar arasında gedən hakimiyyət mübarizəsi ilə səciyyələnirdi. Ağa Məhəmməd şah Qacar bu mürəkkəb tarixi şəraitdə bölünmüş ərazilərdə mərkəzi hakimiyyəti yenidən bərpa etməyə çalışan lider kimi ön plana çıxmışdır. Abdurrahman Ateşin araşdırmalarında göstərildiyi kimi, şah Qacarın Qafqaz yürüşləri yalnız hərbi ekspansiya deyil, eyni zamanda İranda yenidən türkmən mənşəli bir sülalə hakimiyyətinin qurulması məqsədinə xidmət edən siyasi strategiyanın tərkib hissəsi idi. Ateş bu yürüşlərin “təsadüfi zorakılıq siyasəti deyil, müəyyən siyasi məqsədlərə istiqamətlənmiş hərbi fəaliyyətlər” olduğunu xüsusi şəkildə vurğulayır.
Ağa Məhəmməd şah Qacarın tarixi şəxsiyyəti ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri onun “zalım” və “amansız” hökmdar kimi təqdim edilməsidir. Bu imicin formalaşması əsasən XIX əsr rus və Qərb mənbələrinə, daha sonra isə sovet dövründə yaranmış tarix narrativlərinə dayanır. Halbuki Qacar dövrü ilə bağlı aparılan müasir tədqiqatlar bu təsvirin birtərəfli olduğunu göstərir. Məhəmməd Kemaloğlunun Adalət Tahirzadənin araşdırmalarına əsaslanan qiymətləndirməsinə görə, şah Qacarın xüsusilə Kirman və Tiflisdə həyata keçirdiyi sərt tədbirlər şəxsi qəddarlıqdan daha çox, dövrün hərbi-siyasi məntiqi çərçivəsində izah edilməlidir. Bu yanaşma həmin hadisələri əsaslandırmaqdan çox, onları tarixi kontekstdən anlamağa xidmət edir.
Şah Qacarın Azərbaycan coğrafiyası ilə münasibəti onun tarixi rolunun dəyərləndirilməsində mühüm yer tutur. Qacar sülaləsinin oğuz-türkmən mənşəli olması, saray və ordu mühitində türk dilinin geniş istifadə edilməsi, həmçinin Şimali və Cənubi Azərbaycan arasında siyasi bütövlük ideyası şah Qacarın yalnız “İran şahı” kimi təqdim olunmasını problemli edir. Tahirzadənin vurğuladığı kimi, Ağa Məhəmməd şah Qacar özünü İran coğrafiyasında hakimiyyət quran çoxmillətli dövlətin yaradıcısı kimi görür və xüsusilə Azərbaycan torpaqlarını siyasi mərkəzləşmənin ayrılmaz hissəsi hesab edirdi. Bu baxımdan şah Qacar sovet dövründə formalaşdırılmış “yad və işğalçı hökmdar” obrazından xeyli fərqli tarixi profilə malikdir.
Bununla belə, sovet tarixşünaslığında və bu tarix anlayışına əsaslanan bədii mətnlərdə şah Qacarın bu çoxqatlı kimliyi böyük miqyasda nəzərə alınmamışdır. Sovet ideologiyası baxımından şah Qacar feodal monarxiyanın, mərkəzləşdirilmiş hakimiyyətin və xalq iradəsinə qarşı yönəlmiş siyasi sistemin simvolu kimi təqdim edilən funksional bir fiqur idi. Bu səbəbdən tarixi detallar ideoloji narrativ qarşısında arxa plana çəkilmiş, şah obrazı “xalq düşməni” tipologiyasının tarixi nümunəsi kimi yenidən qurulmuşdur. Afaq Yusiflinin Azərbaycan ədəbiyyatında Ağa Məhəmməd şah Qacar obrazı ilə bağlı araşdırmaları bu prosesi aydın şəkildə göstərir. Yusiflinin fikrincə, Sovet dövrü ədəbiyyatında şah Qacar obrazı “tarixi şəxsiyyətdən çox, repressiv hakimiyyətin metaforası” kimi istifadə olunmuşdur.
Bu məqamda tarix ilə ədəbiyyat arasında obraz fərqi aydın şəkildə üzə çıxır. Tarixi Ağa Məhəmməd şah Qacar konkret siyasi məqsədlərə malik, sərt, lakin strateji qərarlar verən bir hökmdar kimi görünürsə, bədii mətnlərdə təqdim edilən şah Qacar çox vaxt mütləq şərin və despotizmin təcəssümü kimi təsvir olunur. Bu transformasiya yalnız tarixi seçim deyil, həm də ideoloji zərurətin nəticəsi kimi meydana çıxmışdır. Sovet estetikası çərçivəsində tarixi dram keçmişi olduğu kimi təqdim etməkdən çox, müasir dövrün siyasi və əxlaqi dəyərlərini səhnədə göstərməyə xidmət etməli idi.
Məhz bu tarixi və ideoloji kontekst Səməd Vurğunun “Vaqif” pyesində rast gəlinən şah Qacar obrazının başa düşülməsi üçün mühüm arxa plan yaradır. Vurğunun əsərində şah Qacar tarixi bütövlüyü ilə deyil, hakimiyyət, zor və şiddətlə əlaqələndirilmiş dramatik qarşıdurma elementi kimi təqdim edilir. Buna görə də “Vaqif” pyesindəki şah Qacar obrazını qiymətləndirmək yalnız tarixi Ağa Məhəmməd şah Qacar ilə ədəbi və ideoloji obraz arasında mövcud olan məsafəni nəzərə almaqla mümkündür.
III. “Vaqif” pyesində şah Qacarın obrazı: hakimiyyətin dili, şeirin gücü və şəxsiyyətin ideoloji cəhətdən yenidən formalaşdırılması
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar tarixi şəxsiyyətin səhnəyə olduğu kimi təsvir olunmuş obrazıtək deyil, daha çox hakimiyyətin, gücün və mütləq hökmranlıq ideyasının poetik obrazı kimi təqdim edilir. Bu obraz birbaşa müəllif müdaxiləsi ilə deyil, əsasən poetik dialoqlar, qarşılıqlı replika və səhnədaxili gərginliklər vasitəsilə formalaşır. Buna görə də “Vaqif” əsərində şah Qacar obrazı tarixi bir şəxsiyyəti “nəql edən” deyil, ideoloji hakimiyyət tipini “danışdıran” dramaturji funksiya daşıyır.
Pyesin ilkin mərhələlərində şah Qacarın özünü təqdim etmə tərzi bu funksiyanı açıq şəkildə göstərir. O, Qarabağın fəthini adi hərbi qələbə kimi deyil, müqəddəslik çaları verilmiş bir zəfər kimi təqdim edir və hakimiyyətini metafizik müstəviyə qaldırır:
Keçdi pəncəmizə gözəl Qarabağ,
Öpsün qılıncımı hər qaya, hər dağ.
Mən Qacar nəsliyəm, şahlar şahıyam,
Mən də Yer üzünün bir Allahıyam.
Bu misralarda diqqət çəkən cəhət şahın özünü yalnız siyasi subyekt kimi deyil, Yer üzündə mütləq hökmranlıq iddiasında olan bir varlıq kimi təqdim etməsidir. Burada fəth sadəcə siyasi zərurət deyil, ilahi haqq kimi təqdim olunur. Həmin nitqin davamında səslənən dağıdıcı əmrlər (“daşı daş üstə qoymamaq”, “leşi yığın-yığın etmək”) isə bu müqəddəslik iddiasının zorakılıqla necə vəhdət təşkil etdiyini göstərir. Beləliklə, şah Qacar səhnəyə ilk çıxışından etibarən gücün legitimləşdirildiyi bir hakimiyyət dili ilə danışan obraz kimi təqdim olunur.
Pyes bu hakimiyyət dilinin qarşısına Vaqif obrazını qoyur. Lakin Vaqifin mövqeyi sadəcə siyasi müxalifət deyil; o, sözün, vicdanın və şeirin legitimlik ərazisini təmsil edir. Şahın “hüzur” anlayışını hakimiyyətin bir lütfü kimi təqdim etməsi bu qarşıdurmanın ilk açıq ifadəsidir:
Şair, hökmdarın hüzurundasan!
Vaqifin bu buyruğa cavabı isə “hüzur” anlayışını hakimiyyət məkanından çıxararaq düşüncənin daxili nizamına yönəldir:
Bunu sizsiz belə düşünürəm mən.
Beləliklə, qarşıdurma yalnız iki obraz arasında deyil, iki fərqli legitimlik anlayışı arasında qurulur. Şah üçün hüzur hakimiyyətin bəxş etdiyi imtiyazdır; Vaqif üçün isə düşüncə və vicdanın təbii vəziyyətidir. Bu qarşıdurma pyes boyunca dərinləşir və şahın itaət tələb edən mövqeyi qarşısında Vaqifin açıq müqaviməti ilə kulminasiya nöqtəsinə çatır:
Əymədim, bəli!
Əyilməz vicdanın böyük heykəli…
Şahın buna cavab olaraq vicdanı faydasız və mənasız bir anlayış kimi təqdim etməsi onun hakimiyyət anlayışının mənəvi əsasdan uzaq olduğunu göstərir:
Qılınclar toqquşub iş görən zaman
Nəylər dediyiniz quru bir vicdan?
Vaqif isə vicdanı abstrakt bir nəsihət kimi deyil, insan varlığının zamanlararası həqiqəti kimi təqdim edir:
Vicdan dedikləri bir həqiqətdir –
Beşiyi, məzarı əbədiyyətdir…
Bu dialoq “Vaqif” əsərindəki əsas ideoloji qarşıdurmanı aydın şəkildə üzə çıxarır: Şah Qacar hakimiyyəti qılınc və qorxu üzərində qurmağa çalışır, Vaqif isə sözü və vicdanı zamanın fövqündəki həqiqət kimi təqdim edir.
Dil, kimlik və hökmranlıq: şahın “farsca” yazmaq şərti
Pyesin ən diqqətçəkən və xüsusi vurğulanan səhnələrindən biri şah Qacarın sənəti və dili birbaşa nəzarət altına almaq istəyi ilə bağlıdır. Şah Vaqifə saray himayəsi, ehtişam və maddi təminat vəd edir, lakin bu vəd açıq bir şərtlə müşayiət olunur:
Gərək fars dilində yazsın sənətkar.
Bu ifadə yalnız estetik seçim deyil, həm də mədəni və ideoloji hökmranlıq cəhdi kimi çıxış edir. Şah şeirin məzmunundan daha çox, onun hansı dildə ifadə olunacağını müəyyənləşdirmək istəyir. Beləliklə, hakimiyyət yalnız fiziki mövcudluğa deyil, həm də yaddaşa və dilə nəzarət etmək arzusunu ortaya qoyur.
Vaqifin bu tələbə verdiyi cavab isə fars ədəbi ənənəsini inkar etmədən, öz poetik və coğrafi kimliyini müdafiə edir:
Farsın Xəyyamı var, Firdovsisi var,
Nə çoxdur onlarda böyük sənətkar.
Bizim bu dağların oğluyam mən də,
Az-az uydururam yeri gələndə.
Burada Vaqif Xəyyam və Firdovsini xatırladaraq fars ədəbiyyatının böyüklüyünü qəbul edir, lakin özünü bu ənənə içində əridib itirməyi rədd edir. “Dağların oğlu” ifadəsi şeirin legitimliyini saraydan deyil, xalqdan və coğrafiyadan alan poetik anlayışı ifadə edir.
Bu səhnə həm də pyesdə şah Qacarın niyə fars dili ilə hökm edən despot obrazında təqdim edildiyini anlamağa imkan yaradır. Halbuki tarixi baxımdan Qacarlar türk mənşəli sülalə idi. Bu dramaturji seçim tarixi reallıqdan daha çox, sovet dövrü ədəbiyyatının ideoloji obraz mexanizmi ilə əlaqəlidir.
Həqiqətən də, sovet dövrü mətnlərində “türk” kimliyinin vurğusunun məqsədli şəkildə zəiflədildiyi, bəzi ifadələrin sonrakı nəşrlərdə dəyişdirildiyi məlumdur. Məsələn, Səməd Vurğunun bəzi şeirlərində ilk nəşrlərdə yer alan“türk sözü, türk şeiri gərək” ifadəsinin sonrakı nəşrlərdə “xalq sözü, xalq şeiri” şəklində dəyişdirilməsi bu ideoloji həssaslığın açıq nümunəsi hesab olunur. Bu baxımdan “Vaqif” əsərində şahın “farsca yazmaq” şərti tarixi kimlik məsələsindən çox, dövrün ideoloji sərhədləri daxilində qurulmuş simvolik qarşıdurma kimi qiymətləndirilməlidir.
NƏTİCƏ
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar tarixi şəxsiyyət kimi bütün yönləri ilə təqdim edilən bir fiqur deyil, o, daha çox hakimiyyətin, gücün və mütləq hökmranlıq anlayışının simvolik obrazı kimi səhnəyə çıxarılır. Bu təqdimat tarixi reallığın tam inkarı demək deyil, lakin tarixi mürəkkəbliyin sovet dövrünün estetik və ideoloji prioritetlərinə uyğun şüurlu şəkildə sadələşdirilməsini ehtiva edir. Bu baxımdan “Vaqif” tarixi hadisələri yazan bir mətn olmaqdan çox, tarixlə dialoqa girən və onu öz dövrünün dili ilə yenidən mənalandıran dramaturji quruluş kimi dəyərləndirilə bilər.
Pyes boyunca şah Qacarın nitqi hakimiyyətin özünü mütləqləşdirən diskursunu əks etdirir. Onun sözləri hüquqi və ya mənəvi legitimliyə deyil, birbaşa əmrə, qorxuya və zorakılığa əsaslanır. Bunun qarşısında isə Vaqif sözün, vicdanın və həqiqətin təmsilçisi kimi təqdim edilir. Bu qarşıdurma konkret tarixi hadisənin səhnələşdirilməsi deyil, daha çox sovet ideologiyasının mərkəzində duran “milli ziyalı – zülmkar hakimiyyət” qarşıdurmasının poetik ifadəsi kimi çıxış edir. Vurğunun əsas uğuru bu ideoloji qarşıdurmanı sadə təbliğat dili ilə deyil,poetik dialoqlar və dramaturji gərginlikvasitəsilə yaratmasında görünür.
Məqalə boyu vurğulandığı kimi, “Vaqif” əsərində şah Qacarın türk kimliyi ilə bağlı tarixi elementlər arxa plana çəkilmiş, bunun əvəzində o, “fars dili ilə hökm edən” hakimiyyət fiquru kimi kodlaşdırılmışdır. Bu seçim tarixi yanlışlıq və ya təsadüfi təhrif kimi deyil, Sovet dövrü ədəbiyyatında milli kimliklərin müəyyən ideoloji çərçivələr daxilində təqdim olunması ilə bağlı siyasətin nəticəsi kimi başa düşülməlidir. Mətndə şahın sənəti və dili nəzarət altına almaq istəyi yalnız fərdi despotluğun deyil, həm də mədəni hakimiyyət qurmaq cəhdinin ifadəsinə çevrilir.
Nəticə etibarilə, “Vaqif” Ağa Məhəmməd şah Qacarı tarix səhnəsindən daha çox, ideoloji səhnədə danışdıran bir əsərdir. Burada şah nə yalnız “İran şahı” kimi təqdim edilir, nə də onun tarixi şəxsiyyəti bütün mürəkkəbliyi ilə göstərilir; o, sözün qarşısında duran gücün, vicdanın qarşısına qoyulan hakimiyyətin simvolik ifadəsinə çevrilir. Səməd Vurğunun bu simvolik quruluşu dövrün ideoloji məhdudiyyətləri daxilində, lakin güclü poetik və dramaturji dil vasitəsilə yaratması “Vaqif” əsərini sovet dövrü Azərbaycan ədəbiyyatının ən təsirli tarixi dramlarından birinə çevirmişdir.
ƏDƏBİYYAT
Ateş Abdurrahman. “Ağa Muhammed han’ın Kafkasya Seferleri ve Osmanlı–İran İlişkileri (1795–1797).” Karadeniz İncelemeleri Dergisi 8, no. 16 (2014): 39–60.
Bozdoğan Doğan. “Samed Vurgun’un Bakış Açısıyla On Bir Türk Şairi.” Bilig 34 (2005): 87–102.
Gürsoy-Naskali Emine. Sovyet Türk Edebiyatı. Ankara: Türk Dil Kurumu Yayınları, 2002.
Kemaloğlu Muhammet. “Adalet Tahirzade’nin ‘Ağa Muhammed şah Kaçar’ Adlı Eserinin Tahlili.” Uluslararası Türk Dünyası Bilimsel Araştırmalar Dergisi 6, no. 2 (2025): 281–294.
Tahirzade Adalet. Ağa Muhammed şah Kaçar: Tərcümeyi-hal oçerki. Bakü: Kür Neşriyyatı, 2002.
Vurgun Samed. Vaqif. Bakü: Azerbaycan Edebiyyatı İnciləri, 1986.
Vurgun Samed. Semed Vurgun. Bakü: Azerbaycan Devlet Neşriyyatı, 1980.
Yılmaz Salih. “Sovyet Döneminde İdeolojik Bir Araç Olarak Tarihî Roman.” In III. Milletlerarası Tarihî Roman ve Romanda Tarih Bilgi Şöleni Bildirileri, edited by Dilâra Coşkun, 271–292. Ankara: Türkiye Yazarlar Birliği Yayınları, 2016.
Yusifli Afaq. “Edebiyat ve İdeoloji: Azerbaycan Şiirinde Ağa Muhammed şah Kaçar Sembolizmi.” AKRA Kültür Sanat ve Edebiyat Dergisi 13, no. 36 (2025): 43–64.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
Qadın - doğrudanmı bizə bir yerlərə çatmaq üçün "modern" damğası lazımdır?
Kubra Quliyeva,
"Ədəbiyyat və incəsənət" portalının yaradıcılıq şöbəsi
Qadın – nə cəmiyyətin əsrlər boyu biçdiyi dar ənənəvi libaslara, nə də müasir dövrün bizə "modernlik" adı altında sırıdığı yeni çərçivələrə sığacaq qədər böyük bir dünyadır.
Uzun müddət bizə "modern qadın" obrazı təqdim olundu: həm karyerasında zirvədə olan, həm evində mükəmməl balans quran, həm də daim nəyisə sübut etməyə çalışan bir fiqur. Amma bir anlıq dayanıb düşünək: bu "ideal" obrazı kimin üçün yaradılıb? Doğrudanmı bizə bir yerlərə çatmaq üçün "modern" damğası lazımdır? Yoxsa əsl azadlıq, özümüzü heç bir kateqoriyaya sığdırmadan, sadəcə özümüz kimi yaşamaqdan ibarətdir?
Qadının kimliyi onun harada çalışması, necə geyinməsi və ya cəmiyyətin gözündə nə qədər "müasir" olması ilə ölçülmür. Qadın – öz seçimlərinin sahibidir. O, istərsə bankın yüksək vəzifələrində strateji qərarlar qəbul edər, istərsə də kitablarının arasında sakit bir həyatı seçər. Və bu seçimlərin hər ikisi eyni dərəcədə hörmətə layiq, eyni dərəcədə dəyərlidir. Çünki əsl güc, başqalarının bizə biçdiyi rolu mükəmməl oynamaq deyil, özümüzə xas olan yolu cəsarətlə seçə bilməkdir.
Bizə "modern" olmağı yox, özü olmağı öyrədən bir mühit lazımdır. Qadın – bir növ "layihə" deyil ki, onu zamanın tələblərinə görə yeniləyək və ya dəyişək. Qadın, öz daxili dünyası, xəyalları və prinsipiallığı ilə tam və bütövdür.
Gəl, qadınları müzakirə mövzusu etməyi və onları qəliblərə qoymağı bir kənara qoyaq. Qadın, olduğu kimidir. O, nə susan bir kölgədir, nə də modernliyin süni parıltısı. O, öz həyatının memarı, öz yolunun yolçusudur. Və bu, cəmiyyətin bütün gözləntilərindən daha güclü, daha əzəmətli bir həqiqətdir.
Çünki qadının azadlığı, onun özü ilə barışıq olduğu o sadə, lakin mənalı nöqtədə başlayır.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)
Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs”
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "90 illik irs" yubiley konsertlər silsiləsi çərçivəsində konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu çıxış edib.
Gecədə orkestrə baş dirijor Mustafa Aşurov rəhbərlik edib.
Konsertin xormeysteri Naala Barateliya, meneceri isə Elçin Abbasovdur.
Musiqili proqramda tanınmış solistlər – Gülnaz İsmayılova, Gülüstan Əliyeva, İlahə Əfəndiyeva, Taleh Yahyayev, Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Ayşən Eminli və Əvəzxan Əzizovun ifasında vətənpərvərlik mövzusunda bəstələr, doğma yurdumuzu tərənnüm edən xalq mahnıları və klassik əsərlər zövqlə ifa olunub.
Qeyd edək ki, bu il Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 90 illik yubileylərini qeyd edir.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
İstanbulda keçirilən Etnoidman Mədəniyyət Festivalında Azərbaycan musiqisi və ədəbiyyatı geniş təbliğ edilir
İstanbulda keçirilən VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) çadırında səhnə alan “Rüzgar” qrupu Azərbaycan musiqisi və ədəbiyyatının burada tanıdılmasında geniş iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı AzərTAC-a açıqlama verən qrupun qurucusu və solisti, İstanbul Universitetinin doktorantı Səidə Ömər əsas məqsədlərinin Azərbaycanın xalq və bəstəkar mahnılarını, eyni zamanda zəngin ədəbi irsini Türkiyədə daha geniş ictimaiyyətə tanıtmaq olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyədə ictimaiyyətin müəyyən bir hissəsi Azərbaycan mahnıları ilə tanış olsa da, ədəbiyyatımızın təbliği sahəsində müəyyən çatışmazlıqlar mövcuddur. Buna görə də qrup milli musiqi alətləri, muğam elementləri və mahnılar vasitəsilə Azərbaycan şeirinin və mədəniyyətinin təbliğinə xüsusi önəm verir.
Qrupun bədii rəhbəri, Qazi Universitetinin doktorantı tarzən Pərviz Musayev isə açıqlamasında qeyd edib ki, Azərbaycan musiqisi Türkiyədə illərdir böyük sevgi ilə dinlənilir və bəzi mahnılarımız artıq insanlar tərəfindən əzbərlənib.
O vurğulayıb ki, Azərbaycan musiqisi zəngin və köklü irsə sahib olmaqla yanaşı, ifa edildiyi milli musiqi alətləri ilə də fərqlənir. “Rüzgar” qrupu isə həm Azərbaycan musiqisini qardaş Türkiyədə və dünya arenasında daha geniş şəkildə tanıtmaq üçün fəaliyyətini davam etdirir.
Qrup üzvləri bu il artıq səkkizinci dəfə təşkil olunan bu festivalda iştirak etməyin onlar üçün qürur mənbəyi olduğunu deyiblər.
Onlar festival çərçivəsində Azərbaycanın, eləcə də bütövlükdə Türk dünyasının ortaq musiqilərini səsləndirməkdən, bu musiqi irsini geniş auditoriyaya təqdim və təbliğ etməkdən məmnunluq hissi keçirdiklərini vurğulayıb, burada iştirak imkanının yaradılmasına görə YTB rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Tədbirin son günü səhnəyə çıxan Səidə Ömər Azərbaycan xalqını 28 May - Müstəqillik Gününü münasibətilə təbrik edib, bu tarixi günün əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)
İrlandiya ilə diaspor əlaqələrinin gücləndirilməsi müzakirə olunub
Dünyada qabaqcıl təcrübələri ilə tanınan İrlandiya diasporunun qazandığı uğurlar və tətbiq etdiyi innovativ yanaşmalar digər ölkələrin diaspor qurumları üçün geniş təcrübə mübadiləsi imkanları yaradır, ölkənin beynəlxalq əlaqələrdə, eləcə də diaspor fəaliyyətində nümunəvi rolunu nümayiş etdirir.
Bu baxımdan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İrlandiya Respublikasına səfəri və burada bir sıra rəsmilərlə görüşlər keçirməsi ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsi və diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İrlandiya Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan İrlandılarla İş Departamentinin direktoru Karl Gardner ilə keçirilən görüşdə Azərbaycan və İrlandiya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin tarixi müzakirə olunub, bu əlaqələrin daha da inkişafında diasporun roluna xüsusi diqqət yetirilib.
Komitə sədri göstərilən qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin dünya azərbaycanlılarının həmrəyliyini möhkəmləndirməklə yanaşı, müasir Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına da əvəzsiz töhfələr verdiyini vurğulayıb. Xaricdə yaşayan azərbaycanlıların, o cümlədən İrlandiyadakı soydaşlarımızın ölkəmizin imicinin yüksəldilməsində və mədəniyyətimizin təbliğində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni nəsil azərbaycanlılara yönəlik genişmiqyaslı layihələri Azərbaycanın dünya səviyyəsində nüfuzunun və təsir imkanlarının artmasına, ölkəmizi gələcəkdə dünya miqyasında təmsil edə biləcək daha güclü bir icmanın formalaşdırılmasına yönəlib.
Azərbaycan diasporunun çoxşaxəli fəaliyyətinə dair geniş məlumat alan Karl Gardner, xüsusilə xaricdəki Azərbaycan Evleri və bu evlərin nəzdindəki həftəsonu Azərbaycan məktəblərinin təcrübəsinin öyrənilməsinin vacibliyini söyləyib.
Tərəflər müzakirələrin sonunda Azərbaycan və İrlandiya diasporunun gələcək inkişaf perspektivləri barədə faydalı nəticələrin əldə ediləcəyinə əminliklərini bildiriblər.
Daha sonra İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş baş tutub və diaspor sahəsində ortaq layihələrin həyata keçirilməsi imkanları, eləcə də strateji əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti müzakirə olunub.
Görüşdə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu qorumaq, onları vahid platformada birləşdirmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə aparılan uğurlu işlərin nəticələrindən danışılıb. Qeyd edilib ki, Azərbaycan icmasının İrlandiyada fəaliyyəti və ölkəmizə dost münasibəti bəsləyən irlandlılarla qurulan güclü əlaqələr daim diqqət mərkəzində saxlanılır.
Toni Makkormak isə ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini və bu prosesdə diasporun mühüm rol oynadığını qeyd edib. O, bu ilin aprel ayında Azərbaycana səfərini xatırlayaraq, Zəfər Parkına, həmçinin Şuşa və Xankəndi şəhərlərinə etdiyi ziyarətlərin ona böyük təsir bağışladığını ifadə edib.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının İrlandiya Respublikasındakı fəxri konsulu Terri Leyden Azərbaycana olan dərin sevgisini bildirərək, ölkəmizin müstəqillikdən sonra əldə etdiyi böyük uğurları vurğulayıb. İrlandiya Parlamentinin üzvləri ölkəmizə dost münasibətlərini bildirib, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini dilə gətiriblər.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)


