Bənövşəylə görüşümüz Featured

ŞAİR BARAT VÜSALIN 75 İLLİYİNƏ ÖN SÖZ

 

Səbinə Yusif,

“Qazax-Xeyriyyə” İctimai Birliyinin mətbuat katibi,

“Ədəbiyyat və incəsənət”

 

Açan bənövşələrin

Hamsımı qoxulanıb,

Bir gülün sinəsində

Neçə bülbülün oxu...

Ürəyi dolu kəndim

Bülbüldü, oxumayıb,

Aşıq məclisi - yazda

Aparıb şirin yuxu,

Mənim şeir dəftərim

Burda itib, burda, bax!

              Barat Vüsal

 

Bizim uşaqlığımız duyğusal anlarla yadda qalıb. Ailəmizdə saza-sözə, şeirə, ədəbiyyata həmişə önəm verilib. Uzun müddətdir duyğularımla baş-başa qalmağa macalım yoxdur. Nə də duyğularımı sözün yaddaşına köçürməyə vaxt tapa bilirəm. Şəhərin gecələri... Nəyisə dinləyib, xatırlamağa çalışırsan. Qara təkərlərlə boz asfaltın birgə addım səsləri gecənin sükutunu pozur.  Bu addım səsləri gah səndən bir az uzaqlaşır, gah da düz qulağının dibində eşidilir.

Bir anlıq da olsa, şəhərin səs-küyündən qaçmaq istədim. İstədim özümü kənddə hiss edəm. Lap illər öncəki kimi. Lap uşaqlıqdakı kimi. "O yer" dediyimiz bağımızda anamın zəhmətkeş əlləri ilə gözəlləşən, səliqə-səhmanlı əkilən o yerlərə (o illərə) qayıtmaq istədim. Dayılarım da ora - öz bağlarına gələrdilər. İşləyər, yorular, axşama doğru hərə yavaş-yavaş yır-yığış edib, evə doğru tələsərdi. Bir-birinə “yorulmayasan”, deyib salamlaşanda, “sağ olun”, deyib sağollaşanda belə böyük-kiçik yerini gözləyərdilər.

Axşamüstü mal-qara örüşdən qayıdardı. Uşaq idim, qorxurdum inəkdən, camışdan. Bəzən elə olurdu, kəndin o başından mərkəzinə kimi mal-qara ilə birlikdə yol gəlirdik.

Yorulurdum. O yerə getməyəcəm deyirdim. Ancaq yenə də gedirdim. Bir vaxt gəldi. Artıq o yerə də az-az getdik. Böyüklər yaşlandılar, uşaqlar böyüdülər, ali təhsil aldılar, arzularının arxasıyca getdilər.

Yaşımız uyğun olduğu üçün Akif dayımın qızı Ayişə ilə söhbətimiz bir idi. Ayişəgilə gedirdim, ordan da qoşalaşıb Barat dayıgilə gedirdik. Maraqlı olurdu görüşümüz. Barat dayı ədəbi görüşlərindən danışırdı. Elə olurdu ki, saz ifa edirdi. Bəzən bir neçə şeir deyirdi:

 

Ömrü boyu qaçmışam,

Dərdə dərman olmağa.

Hazırsanmı de görüm,

Yurda qurban olmağa?!

 

Yolları kəsməliyik,

Düşməni əzməliyik.

Hər an tələsməliyik,

Biz "qana qan!" olmağa!

 

Ömür gödək, gün gödək,

Vətən kimi ömür edək.

Kim gedir, gəlsin gedək

Azərbaycan olmağa!

 

 Biz də maraqla dinləyərdik. Hər kəlməsindən ibrət alardıq. Biz Barat dayıgildə nə istəsək edə bilərdik. Bircə onun yaradıcılıq otağına, bir də yazı stoluna toxunmaq olmazdı. Nərgiz bibi həmişə deyirdi ki, "nə istəyirsiniz edin, bircə Baratın yazı stoluna toxunmayın". Artıq Barat dayının qaydalarını bilirdik.

 Yaz olanda o ünvanda əyləşib dayımın çöldən yığıb gətirdiyi bənövşələri əzizləyərdik. Yazın burnu yenicə görünəndə Ayişə deyirdi ki, "Barat əmi bu gün yenə bənövşə yığıb". Barat dayının evi bizim həm də bənövşəylə görüş yerimiz idi. Qaça-qaça gedirdik ki, təzəcə dərilən bənövşələri qoxlaya bilək.

Bu il yenə də getdik Barat dayıgilə. Dayım yenə də təbiət qoynunda idi. Bizi Nərgiz bibi qarşıladı. Yenə də qeyri-ixtiyari həmişəki yerdə əyləşdim. Bu dəfə qızlarım məndən öncə gördülər bənövşəni: "Ana, bənövşə".

Bənövşələri tez əlimə götürdüm. Kimləri, nələri xatırlamadım ki...

Qara saçlı, ötkəm baxışlı, zəhmli dayımla qarşılacağımı gözlədim. Başımı qaldırıb baxanda qarşımda Qocaman, Ağsaçlı, Müdrik Şair dayanmışdı. Təkcə əlindəki bənövşələr öz uşaqlığını hələ də qoruyub saxlamışdılar. Yenə də həmişəki uşaq təbəssümü ilə baxıb gülümsünürdülər.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.