“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Kərim Məşrutəçi Sönməz (1928) – şair, tərcüməçi
Kərim İbrahim oğlu Məşrutəçi Sönməz Cənubi Azərbaycan poeziyasının əsas istiqamətlərini müəyyən edən şairlərdəndir. 1940-cı illərdə Cənubi Azərbaycanda baş qaldıran Milli Azadlıq Hərəkatında fəal iştirak edən gənc Sönməzin şeirləri siyasi istiqaməti və özünəməxsusluğu ilə seçilirdi. O, ilk şeirini 1944-cü ildə yazmış və 1950-ci ildə dərc etdirmişdir.
O illərdə azadlıq һərəkatına qoşulan K. Məşrutəçi siyasi əqidəsinə görə bir müddət һəbsxanada saxlanmışdır. Onun şeirləri bütövlükdə xalqın milli-mənəvi azadlığı uğrunda mücadiləyə һəsr olunub.
Cənubi Azərbaycanda Milli Hökumət İran ordusu tərəfindən amansızlıqla devriləndən sonra da Sönməz ruhdan düşməyib xalqının istiqlalı və vətən sevgisi ilə bağlı şeirlər yazdı. O, ana dili və xalqının taleyi ilə bağlı fikirlərini “Mənsizləmişəm” şeirində çox qabarıq və təsirli ifadə edir:
Dərdimin yox adı, “ünvanı” desəm,
Heyrətə daldırar insanı desəm,
Başqa bir sözlə, bu mənanı desəm;
Öz diyarımda vətənsizləmişəm.
Dərd məni yandırar, amma odu yox,
Odur, ağzımda həyatın dadı yox,
Demirəm, dərdlər içində adı yox,
Deyirəm, mən belə mənsizləmişəm.
Kərim Məşrutəçi Sönməzin “Ağır illər” (1979 Təbriz; 2002 Tehran), “İsanın son şamı” (1979), “Şeh muncuğu” (1995 “Ərk”, Təbriz), “Aman, dağlar” (1993, “Ərk”, Təbriz; 2002 Tehran), “Həsrət çələngi: şeirləşmələr və xatirələr” (2002, Tehran), “Bu yaşda” (2002, Tehran), “Şair oğlum, Durma!” (Heydərbabadan Şəhriyara cavab) (2007, Tehran), “Sağlam imla birliyi uğrunda” (2007, Tehran), “Üçüncü göz” (2008, Tehran) və başqa şeir, poema, nəsr kitabları işıq üzü görüb.
Həyat və yaradıcılığını Bəxtiyar Vahabzadə, Mahmizər Mehdiyeva, Pərvanə Məmmədli, İslam Qəribli araşdırmış, Lətifə Mirzəyeva isə ayrıca monoqrafiya yazmışdır .
Yaradıcılığını izləsək, şeirləri ilə bərabər, elmi, publisistik və tərcümə əsərlərinin də müəllifi olduğunun şahidi olarıq. K.M.Sönməz həm də peşəkar tərcüməçi kimi ardıcıl fəaliyyət göstərib. Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları”, Bəxtiyar Vahabzadənin “Atılmışlar” əsərlərini, Xəlil Rza Ulutürkün, Abbas Zamanovun əsərlərindən nümunələri əski əlifbaya köçürərək çap etdirib. Ustad Şəhriyarın “Heydərbabaya salam” poemasını fars dilinə çevirib ki, bu da əsərin ən uğurlu tərcüməsi hesab edilir. O, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin vurğunu olmaqla yanaşı, İranda onun yorulmaz təbligatçılarından da olmuşdur. Xalqın istiqlalı ugrunda mücadiləsi, humanizmi, fəlsəfi baxışları K.M.Sönməz yaradıcılığının bütün yönlərinə güclü təsir etmişdir.
Kərim Məşrutəçi Sönməz Tehran şəhərində yaşayır.
Əli Təbrizli (1929-1998) – şair, yazıçı, naşir
Əli Təbrizli Pəhləvi rejiminin sərt təzyiqlərinə baxmayaraq, İranda xalqının milli şüurunun oyanması, ana dilinin qorunması və yaşadılması yolunda cəsarətlə mücadilə aparmış, təhlükələri gözə alaraq əsərlər yazmış və kitablar nəşr etdirmişdi.İranda türkün varlığını yox sayan, onu aşağılayan paniranizmə və irqçiliyə qarşı sistemli mübarizə aparmış böyük şəxsiyyətlərin içində Təbrizli Əli özəl yeri ilə seçilir. Görkəmli fikir və əməl adamı olan Təbrizli Əli Cənubi Azərbaycanda milli dirəniş hərəkatının simvollardan biri olmuşdur. Özəlliklə onun “Ədəbiyyat və milliyyət” kitabı mürtəce-irqçi suçlamalara güney türklüyünün ilk ümumiləşdirici cavabı idi. İlk təşəbbüs olmasına baxmayaraq, həmin kitab bu gün də Güneydə türk millətçiliyinin möhtəşəm abidəsi sayılmaqdadır.
İlk dəfə "Əli Təbrizinin qəzəlləri" adlı kitabı nəşr etdirib. Daha sonra "Atropat" nəşriyyatının əsasını qoyubvə bir neçə ədəbi dərnək qurub. Bölgələri gəzərək türk folklor nümunələrini toplamağa başlayıb. Şah İsmayılın həyatı və şeirlərini əhatə edən iki cildlik "Şah İsmayıl" kitabını və 1955-ci ildə “Əsli və Kərəm” dastanını hazırlayır. 1955-ci ildən sonra şair Həsən Məcidzadə Savalanla birlikdə çalışmağa başlayır. Bu işbirliyinin qözəl nəticəsi olaraq 4 ildən sonra “Əliağa Vahidin külliyyatı” kitabı ərsəyə qəlir. Daha sonra isə “Azərbaycan nəğmələri və bayatıları” (iki cilddə), ”Koroğlu” dastanı işıq üzü qörür. Savalan ilə birlikdə “Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri”, “Füzuli divanı”, Salman Mümtazın şeirləri, Azərbaycan türkcəsi, Əziz Nesinin bir neçə hekayəsi və daha bir neçə kitab hazırlayaraq nəşr edir.
Yazdığı "Ədəbiyyat və milliyyət" əsərində bir çox məsələlərə toxunub, Cənubi Azərbaycanda yaşayan türklərin tarixi, onların milli özünüdərki, orada olan mövcud kimlik problemləri haqqında yazıb. Həsən Məcidzadə Savalanın "Apardı sellər Saranı" əsərini çapa hazırlayarkən SAVAK tərəfindən nəşriyyata basqın edilir, çap olunan və çapa hazırlanan, mətbəədə yığılan kitabları müsadirə edilir, özü isə həbs olunur. 6 il həbsdən qaldıqdan sonra azadlığa çıxır. Həbsdən çıxdıqdan sonra "Qud Amuz" adında türkcə-farsca lüğət hazırlayıb çap etdirir.
Əli Təbrizli naşir olmaqla yanaşı, həm də özünü bir şair, araşdırıcı, publisist kimi tanıtdırır. Ən önəmlisi isə o, milli hərəkatın həm görkəmli nümayəndəsi, həm də ideoloqudur. Əli Təbrizli ötən əsrin 60-cı illərində qələmə aldığı “Dil və ədəbiyyat” əsəri ilə Güney Azərbaycanda milli dirəniş hərəkatının əsasını qoyanlardan biri olmuşdur. Bu əsər həm də o dövrdə yazılan ilk tənqidi əsərlərdən sayılır. Kitabda müəllif kəskin bir dillə Azərbaycan türkcəsinə xor baxanlara, ana dili və tariximizi təhrif edənlərə kəsərli cavab vermişdir.
Kitabın içərisindən də göründüyü kimi, Əli Təbrizli fars şovinizmi və arya (ari) irqçiliyinin bitərəf sistemli akademik, elmi tənqidini qarşısına məqsəd qoymamışdır. Yazar millətinin tanınmış şairi və haqsızlığa dözə bilməyən mübariz oğlu idi, odur ki, kitabın bəzi bölümlərindəki fikirlər hissiyyata dayanır, müəllif fikrini əsaslandırmaq üçün yetərli dəlil gətirməyi gərəkli bilmir. Əyər-əskikliyi, mənfisi-müsbəti ilə birlikdə bu kitab özünü dərk etmək istəyən türklüyün XX yüzilin 60-70-ci illərində haray səsi olması baxımından əvəzsiz qaynaqdır.
Yazar başlarkən kitabın amacına aydınlıq gətirir. İranın siyasi tarixində həmişə ən fəal rol oynamış soydaşlarının sağ, ya sol ideologiyalara ifrat bağlılığından (“sola vurğun, sağa məftun” olmasından) və özünü unutmasından heyrətlənən müəllif milli problemlərin araşdırılması və ortaya qoyulmasını milli vəzifə bilir. Əli Təbrizli fars şovinistindən daha çox türk manqurtunun əlindən qəzəblidir: “Yüz illərcə milyonlarca qoyun kimi doğulub, qoyun kimi yeyib və qoyun kimi qığılayıb və sonra qoyun kimi ölüb gedənlərimiz və onların yerini dutanlarımız, hər işə qulp qoyub, hər oyuna baş vurub, tarix və coğrafiya oxuyub, yazıb, hər cürə özgə dillər ögrənib və ögrədib, hakim və məhkum olub, varlı-varsız olub, dünya millətlərin və dillərin tanıyıb, hər cürə boyağa bulaşıb, ancaq özün və millətin kim imiş və kimdir və kim olacağın tanımayıb və hələ də tanımaq istəmir”.
Milli özünüdərk prosesinin ilk mərhələsinin “Kim imiş və kimdir?” sualına cavabdan keçdiyindən müəllif tarixi keçmiş məsələlərinə xüsusi yer verir. Əli Təbrizli və özünü axtaran hər bir Azərbaycan türkü üçün “Millət olaraq nədə yanlışlığımız oldu ki, indi bu günə qalmışıq?” sualına cavab tapmaq fövqəladə böyük önəmli işdir.
Təbrizli Əli tarixi və siyasi əsərlərində olduğu kimi, bədii yaradıcılığında da türkçüdür, türklüyün haqqını qorumağı özünə vəzifə bilir. Onun türkiyəli türklərə həsr etdiyi “Türkiyə milləti” şeiri böyük sevgi ilə yazılıb. Şeirdə Mustafa Kamal Atatürk yad olunur, onun xidmətləri qeyd olunur:
Ucaltdı türkləri Kamal Atatürk,
Qoymadı qəflətdə daha yata türk,
Yeridir, ucaya yenə çata türk,
Yarana birliklə gözəl səadət,
Ey Türkiyə milləti, ey qəhrəman millət!
Şair eyni soy-kökdən olan, azacıq fərqlə eyni dilə, mədəniyyətə malik iki qardaş xalqı birliyə, ülfətə səsləyir:
Ürəyimiz birdir, birdir sözümüz,
Yaxından görüşmək istər gözümüz,
Bir fikir etməliyik indi özümüz,
Çoxalsın ortada günbəgün ülfət,
Ey Türkiyə milləti, ey qəhrəman millət!
Çox diqqətçəkicidir ki, Təbrizli Əli o dövrdə bizdə bir çoxlarının bilmədiyi gizlin mətləblərə də toxunur. 1918-ci ilin sentyabrında Bakının qurtuluşunu, bu sıradan qəhrəman türk ordusunun Bakını bolşevik və daşnaklardan azad etməsini xatırladır:
Təkcə yollamır salam Təbrizi,
Bəlkə, bütün ellər yad edir sizi,
Bakıda siz idiz qurtaran bizi,
Ölümdən, zillətdən, göstərən qeyrət,
Ey Türkiyə milləti, ey qəhrəman millət!
Təbrizli Əli “Ərdəbil” şeirində Səfəvilər dövründə dövlətin paytaxtı olmuş, İranı dünyaya tanıtdırmış, Azərbaycanın fəxri şəhəri Ərdəbili anır. Onun indi gözdən iraq salınmasına kədərlənir:
İndi bilməm nə oldu ki, gözdən, nəzərdən düsmüsən,
Olmusan itkin bu İran içrə viran, Ərdəbil.
Sən idin çesmi-çırağı ölkənin, ey şəhrimiz,
Fəxr edərdi sən ilə Azərbaycan, Ərdəbil.
Lirik şeirlər yazan şair Əli Təbrizli əvvəlki nəsillərdən fərqli düşünən, milli məsələlərdə daha cəsarətli olan və milli kimlik axtarışlarında bulunan yeni nəslin nümayəndəsi idi.
1998-ci ilin yanvarın 18-də Tehranda dünyasını dəyişibvə Təbriz şəhərinin Vadi rəhmət qəbiristanlığında dəfn edilib.
“Ədəbiyyat və incəsənət”
(09.04.2026)


