Şeir saatı – Nərmin Hüseynin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə yeni imza tanıtdıracaöıq: Nərmin Hüseyn.

 

 

 

Səninlə şərabın başqadır dadı…

 

 

Masada təkliyin rəsmini cızdım,

Sən gələn yollara adını yazdım. 

Qədəhi doldurub, sükutu pozdum

Səninlə şərabın başqadır dadı…

 

Gələrsən deyərək, şamları yaxdım.

Alovun rəqsində kölgəni tapdım,

Ruhumu ən qəmli nəğməyə satdım

Səninlə şərabın başqadır dadı…

 

Sükut boy veribdir boş otağımda,

Yenə xatirələr durur sağımda.

Bir həsrət közərir dil-dodağımda

Səninlə şərabın başqadır dadı…

 

Şamlar da can verir, əriyir bir-bir,

Bu gecə ayrılıq hökmünü deyir.

Ürəyim qədəhlə kədər eyləyir,

Səninlə şərabın başqadır dadı…

 

Saatlar ötüşdü, sönür şamlarım,

Soyuyur qədəhdə, kam arzularım. 

Sən yoxsan, açılar çətin sabahım,

Səninlə şərabın başqadır dadı…

 

Zamanın hökmünə boyun əymədim,

Səndən başqasına "gəl" də demədim.

Bir qurtum içdim ki, ruhuna dəyim,

Səninlə şərabın başqadır dadı…

 

Gözlərim qapıda, qulağım səsdə,

Bir ömür gözlərəm mən bu həvəsdə.

Adını pıçıldar hər son nəfəsdə,

Səninlə şərabın başqadır dadı…

 

 

Deyirsən ki, unut məni…

 

Get özünə bir həyat qur, unut məni, söyləyirsən. 

Elə bil gözümü alıb, get günəşə bax deyirsən. 

Yollarına çıxmayacam, dönməyəcəm bir də geri,

Məni bu doğma yurdumdan, sən didərgin eyləyirsən. 

 

Mən ki səni könlümün ən uca taxtında görmüşdüm,

Sənli olan dünyamızı cənnət bağı tək hörmüşdüm.

Bir sözünlə viran etdin, soldu bütün çiçəklərim, 

Sən dəmə ömrümü mən bir, vəfasız kəslə bölmüşdüm. 

 

Bilmirsənmi, bu qurduğum hər kərpicdə adın yazır,

Sənə gələn arzularım, çaşıb öz  yolunu azır. 

Sükutun elə ağırdı , dağıdır bütün dünyamı,

Ruhum bu uçqun altında, özünə bir məzar qazır.

 

Daha mənə hər yer qürbət, hamı yad olub gedəcək,

Sənsiz keçən saniyələr, məni candan eyləyəcək.

Deyirdin ki, vaxt hər şeyin əlacıdır, səbr et azca

Bilmədin ki, zaman ancaq dərdimi dərin kəsəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2026)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.