Şəfa Vəli,
“Ədəbiyyat və incəsənət”
İnsanlar ilk yolu getmək üçün salıb...
İlk yolçu da üzü o yana gedib...
...Arzumuza, duyğumuza, umacağımıza, doyacağımıza qatbaqat, rəngbərəng don geyindiririk ha, yolu da elə bələdik-hərəsinə ayrı ad qoyduq, hərəsiylə kimisə uğurladıq. Amma bilmədik ki, özümüzdən getdiyimiz, özümüzdən keçdiyimiz kimi kimsə getmədi bizdən, kimsə keçmədi bizdən...
Minarə İskəndər də keçdi bizdən... Hərəmiz bir qapı olduq ona-hərəmizdə bir ayrı dünya içrə dünya, insan içrə insan gördü... O, bizdən nə apardı, bilmirəm, bizə qoyduğu çox şey oldu. Təkcə əl izi qalmadı qapı-varlığımızda... Şeiri qaldı, dünyanı ölçüb-biçdiyi dərzi-düşüncələri qaldı, bəzən qəfildən yadımıza düşərək ruhumuzu kəsən qayçı-misraları qaldı...
Dünyanın aşiqliyini də, məşuqluğunu da hamarlığı-nahamarlığınadək dərk etmişdi Minarə xanım. Bilirdi ki, nə fələyə, nə ürəyə etibar var. Bilə-bilə də, deyirdi:
Çiskin yağışlarla dolmadı gölüm,
Dağdan gələn güclü sel dəlisiyəm.
Çünki o selin qarşısında dayanmaq üçün çırpınmırdı... O seldən sonra qalan ömür izində onu tanıyanlara “ümid” adlı yaşıllıq göyərtməyin çırpınışındaydı... Və anlayırdı, bizə də anlatmaq istəyirdi ki, ömür yolunu hər an yarğana döndərə biləcək seldədir mütləq həqiqət...
...İnsan dünyanın ətəyindən necə yapışırsa ikiəlli, o cür yapışmışdı Minarə İskəndər şeirdən. Dünyanın faniliyini şeirin əbədiliyinə bələmək istəyirdi:
Mürgüləmir, gecə-gündüz oyaqdır,
Dərdləri bol, gözləri qəm şeirimin...
40 gündür şeirləri üşüyür Minarə İskəndərin... Və biz, xatırladığımız qədər, ilk dəfə görürük bələkdəkinin deyil, bələyin üşüdüyünü... Minarə xanım varlığı ilə şeirə nə qatdısa, yoxluğu ilə də onu qatdı-yoxluğunu anladanda da rübəndli duyğulardan qaçammırıq...
Nə yazdısa, Tanrıdan gələn halal şair payıydı. Bircə, gərək, bunu deməyəydi:
Desən, “and verirəm öz vicdanına”,
Kiminsə xətrinə dəyir, inciyir.
...Bircə, gərək, bu misraları heç kitaba da salmayaydı... Heç o kitabın adını da “Yadına düşürəmmi?” qoymayaydı... Kimin yadından çıxar axı onun səhəri şeirlə açmağı, naharda şeir paylaşmağı, gecəyə xatirə yerinə şeir ərməğan etməyi?
“Ölüm adiləşib...” –bizi bu cümləylə üz-üzə qoydu ikicə misrayla... Vicdanımıza and verdiyinə görə, ondan incidik hardasa, öz vicdanımızın müharibə meydanında Davud olmaq yerinə... Qolyatı yıxacaq bir damcı duruluq lazımdır axı... Demirəm ki, heç birimizin vicdanında o bir damcı duruluq yoxdur... Bunu demirəm... Bizim o duruluğu axtarmaq, o duruluğa güvənmək çəkincənliyimizdən danışıram. Axı bu ehtimal da var: “Ya tapmasaq?”
Bəlkə də, Minarə xanım bu bəşər çəkincənliyini ovuclamışdı Tanrı payından, ona görə yazmışdı: “Bu eşqi kağızda öyənlərdənəm...” Hə, çəkincənliyimizin də adı eşqdir! Dünyaya eşq elan edib unuduruq daxilimizi... Ya da, elə nəyimiz varsa, onu unutmaq üçün özümüzü dünyaya aşiq olmuş kimi göstəririk, nə bilim...
Bunları Minarə xanımla üz-üzə heç vaxt danışmadım...
Əlimdən keçən kitablarının nəşrə hazırlanma prosesində gecələrcə votsaplaşdıq, yazışdıq, səsləşdik, amma... Eşikdə dan ağaranda bir-birimizə şirin yuxular arzuladığımız çox oldu... Zəngli saatım çalarkən oyandığımda, görürdüm, Minarə İskəndər yeni şeir paylaşıb-aşiq olduğu dünya yenə onu yatmağa qoymayıb...
Bəzən sevinc yedim, bəzən qəm yedim,
Yalan eşqi ömrümə məlhəm dedim.
Ürək daha dözmür belə, qoy gedim...
...Gedəcəyini necə də rahat, şeirinə qatıb demişdi...
Gedəndə “qismət” dedik ha, orda da utandırdı bizi Minarə İskəndər... Məcbur etdi ki, “Qismət məhəbbət deyil...” misrasını xatırlayaq.
-Minarə İskəndəri sevirdikmi?
-Deyəsən, hə...
-Bəs niyə bir dəfə bunu onun özünə demədik?
-Vaxtımız çatmadı...
-Gəl, bir təsəlli verim sənə. Sevdiyimizi deməyə vaxt tapmasaq da, sevməyə vaxt tapdıq...
...Həmsöhbətimiz özümüz olanda da qorxuluyuq, qəddarıq...
Sığındığımız yenə şeir olsun... Minarə xanımın şeiri:
Sarar ürəyini qatı viranlıq,
Ora işıq saçan xatirələrdir.
...Bu yaz siz olmadan gəldi, Minarə xanım. Bu yaz yağışlara şeir yazmadınız deyə, əl çəkmirlər, bəlkə də. Sevdiyiniz yağışları kimə əmanət etdiniz gedərkən? Kimə tapşırdınız ki: “Məndən sonra bu yağışa şeir yaz!” Kimə?
Eşidə bilirsinizmi məni? Oxuya bilirsinizmi yazdıqlarımı?
Amma mən sizi eşidirəm... Və dediklərinizə əməl edəcəyəyəm: haçan adınız gəlsə dilimin ucuna, şeirlərinizdə tapacağam sizi!
Siz oradasınız!
Və bizimləsiniz!
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)


