“Göy üzü mavi bir ümid libası...” - Xəyalə Şirvanlı Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Gənc şairə Xəyalə Şirvanlı 22 sentyabr 1994-cü ildə Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 2011–2014-cü illərdə 2 №-li Bakı Baza Tibb Kollecinin Mama fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra bir neçə özəl xəstəxanada çalışmışdır. Hazırda isə Bakı şəhəri, Qaradağ rayonu, 32 saylı şəhər poliklinikasında uşaq sahəsi üzrə tibb bacısı kimi fəaliyyət göstərir.

 Sözə və sənətə olan bağlılığı ailə köklərindən gəlir. O, tanınmış sənətkar Aşıq Baba Şirvanlının nəvəsidir. Babasının sənət yolunu və adını yaşatmaq məqsədilə “Şirvanlı” təxəllüsünü götürüb.

Uşaqlıq illərindən poeziyaya və bədii qiraətə böyük maraq göstərib. Hələ 2007-ci ildə kənd məktəbinin açılış mərasimində mötəbər qonaqların, o cümlədən UNESCO nümayəndələrinin və Anar Ələkbərovun qarşısında çıxış edən yeganə şagird olub.

Bu gün də yaradıcılığında həm öz qələm nümunələrinə, həm də klassik və müasir poeziyanın bədii səsləndirilməsinə xüsusi yer ayırır. Əsas məqsədi mənəvi dəyərləri və sözün hikmətini özünəməxsus ruhla geniş auditoriyaya çatdırmaqdır.

 

 

VƏTƏN SEVDASI

 

Bir ana laylası, bir vətən eşqi,

Ruhumun ən dərin qatında gizli.

Mənə bəxş edilən bu ömür mülkü,

Sənin torpağında, daşında gizli.

Göy üzü mavi bir ümid libası,

Ay-ulduz alnımın nuru, ziyası.

Şəhid qanı ilə boyanan rəngi,

Vətən, bayrağımın şanında gizli.

Sən mənim canımda döyünən ürək,

Qəlbimdə açılan tər çiçəksən, yar!

Səni sevmək üçün and içmək gərək,

Sənin hər dərdini, bir ana duyar.

Bir vaxt uşaq idim, dilimdə Muğan,

İndi bir sevdayam, eşqimlə yanan.

Sənin hər zəfərin, hər xoş sorağın,

Mənim bu dünyada ən böyük payım.

Gözlərim önündə ucalan bayraq,

Qoymaz ki, ruhumu bir qəm bağlasın.

Sən ana qucağı, ey ana torpaq,

Vətən deyib bu can necə yanmasın?

Vətən gülşənində solmaz bir lalə,

Bu eşqə vurulan mənəm — Xəyalə

 

 

O İŞIQ YANIRSA...

 

Bir evdə bir işıq yanırsa əgər,

Sanma ki, bəxtəvər, şəndir o ocaq.

Bəlkə fırtınadan gəlib bir xəbər,

Bəlkə min bir dərdi gizləyir bucaq...

Kimə bəllidir ki, o nurun altda,

Hansı qırıq qəlbin ah-zarı yatır?

Bəlkə bu amansız, daş kainatda,

Bir ruh təkbaşına zülmətə batır.

O parlaq pəncərə — bir sükut dağı,

İçində boğulan fəryadlar gizli.

Gülüşlər — üzlərin yalançı bağı,

Gözlərsə kədərdən, qubardan izli.

Mən şair ruhumla o oda baxdım,

Gördüm ki, sönməyən tək bir ümiddir.

Özümü o evin içində yaxdım,

Anladım: o işıq sonuncu bənddir.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.