“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
6-CI DƏRC
Yersiz qısqanclıq münasibətə vurulan, yavaş-yavaş təsir edən bir zəhərdir
Altıncı hissə
Uzun və yorucu bir həftənin sonunda nəhayət yeni bir gün başlamışdı. İçimdə qəribə bir sevinc hissi vardı. Əslində, bu sevincin qaynağı Lalə idi. Bu gün onun qəbul günü idi. Mən onunla danışmaq üçün səbrsizlənirdim. Hər şeyi bir də onun öz dilindən eşitmək istəyirdim.
Lalənin səsi, baxışları, danışarkən sözlərinə hopan o qətiyyət məni həmişə heyrətləndirirdi. Amma eyni zamanda içimdə narahatlıq da vardı. Çünki keçmişdə yaşadığı çətinlikləri, çəkdiyi ağrıları yaxşı bilirdim. Qarşılaşdığı hadisələr, adi insanların qaldıra biləcəyi ağırlıqda deyildi, amma hər dəfə zəifliyi bir kənara qoyub, öz gücü ilə ayağa qalxmağı seçmişdi. Lalənin o möhkəm iradəsi, bu dəfə də onu qoruyub saxlayacaqdı? Görəsən, yenə öz həyatının qalibi olmağı bacaracaqdı?
Bu suallar beynimi məşğul edirdi. Nəhayət, gözlənilən an gəldi. Lalə adəti üzrə qapını astaca iki dəfə döyüb, sonra aralayaraq içəri girmək üçün icazə istədi. Onun əynindəki qara don dərhal diqqətimi çəkdi. Başdan ayağa nəzər salanda fərq etdim ki, bu gün o tamam qaraya bürünmüşdü.
Bəlkə də bu bir təsadüf idi. Daha əvvəl də o, qara geyimlərə üstünlük verirdi. Amma mənə “Laləni təsvir et” desəydilər, onu ilk dəfə gördüyüm anı təsvir edərdim: qırmızı donu və dodaqlarındakı qırmızı dodaq boyasının yaratdığı ahəng. O an, onun gözəlliyini tamamlayan hər şeyin harmoniyasını hiss etmişdim. Ondan sonra nə geyinsə, heç fərqində olmamışdım. Ancaq bu dəfə geyimindəki qara rəngə ilişib qalmışdım. Düşünürdüm, görəsən son hadisələr buna təsir edibmi? Ya da mən özlüyümdə onun əhvalını anlamağa çalışaraq geyimindən nəticə çıxarmağa cəhd edirdim.
- Buyurun, Lalə xanım. Xoş gəlmisiniz.
Gözlərimdə sevincli bir parıltı vardı, lakin o duyğuları tezliklə qorxu və narahatlıq əvəz etdi. Ən pis tərəfi də bu oldu ki, bunu Laləyə yansıtmaqdan özümü saxlaya bilmədim.
O, qarşımdakı stulda əyləşdi və zərif bir təbəssümlə söhbətə başladı:
- Humay xanım, əvvəlcə sizə təşəkkür etmək istəyirəm. Göstərdiyiniz qayğının və diqqətin dəyəri mənim üçün ölçülməzdir. Çətin günlərimi sizinlə bölüşmüşəm. Siz də, bunların çoxundan xəbərdarsınız. Amma bu günlərdə yaşadığım bir hadisə məni bütün bu keçmiş ağrılardan daha çox sarsıtdı…
Lalə danışarkən gözləri doldu, başını aşağı əyib susdu. Ağlamaqdan çox utanırdı, amma mən susqunluğun çəkisinə dözə bilməyib söhbəti yüngülləşdirməyə çalışdım:
- Lalə xanım, əgər danışmaq sizin üçün bu qədər çətindirsə, başqa bir mövzuya keçə bilərik. Ötən seansdan yarım qalan söhbətimizə davam edə bilərik.
O, gözlərimə diqqətlə baxdı:
- Sizə maraqlı deyil ki, nə baş vermişdi?
- Lalə xanım, doğrusu, bu barədə müəyyən məlumatım var.
Lalənin üzündə təəccüblü bir ifadə yarandı:
- Necə? Məlumatınız var? Kimdən?
- Qonşunuz Cəsur… O da mənim pasiyentimdir. O gün, qapıda sizinlə qarşılaşandan sonra, məndən sizin haqqınızda maraqlandı. Söhbət zamanı məlum oldu ki, sizin yaxınlıqda yaşayır.
- Sonra nə oldu?
- Siz gəlmədiyiniz gün, Cəsur qəbula gəldi. Səsi titrəyir, əlləri əsirdi. Birdən səbr edə bilməyib, hər şeyi mənə danışdı.
- O da məni səhv başa düşüb, elədir? Bilirdim. Çünki bu hadisədən əvvəl, onun dostları ilə məhəllədə dayanıb mənim ünvanıma deyilən təhqiramiz sözlərə güldüyünü eşitmişdim. Bu dəfə isə…
- Bu dəfə nə oldu, Lalə xanım?
- Bu dəfə o, məni xilas etdi. Əvvəlcə o da mənə qarşı olacaq deyə qorxdum, amma sonra başa düşdüm ki, kömək etmək istəyir. Hətta qulağıma əyilib polis çağırdığını dedi. Onda inanmadım, amma polislər həqiqətən gəldilər. Bölmədə onun haqqında şikayət etmədim, əksinə, mənə kömək etdiyini söylədim.
- Bəs digərləri?
Onları cəzalandıracaqlarını dedilər.
- Sizin bu qədər məğrur duruşunuz məni valeh edir, Lalə xanım.
- Bilirsiniz, Humay xanım, əvvəllər heç ağlıma gəlməzdi ki, bu qədər güclü ola bilərəm. Amma yaşadıqlarım məni belə etdi. Daha qorxularımın qarşısında acizlik göstərmirəm. Əksinə, onların üzərinə gedirəm. Bu mənə daha çox güc verir. Ancaq bu cəmiyyətdə hələ də, qəbul edə bilmədiyim çox şey var. Güclü qadınlardan qorxurlar. Dəfələrlə qonşuların dedi-qodusunu eşitmişəm. Onların mənim haqqımda nə düşündüklərini bilmişəm. Amma həmişə öz-özümə soruşmuşam – əgər mənim yerimdə onların öz qızları olsaydı, yenə də belə haqsız danışar, bu qədər vicdansızlıq edərdilər? Mən heç bir qadına, hətta düşmənimin qızına belə, mənim yaşadıqlarımı yaşamağı arzulamıram.
Lalə xanım həyəcanla davam etdi:
- Sonra nişanlımla danışdım. Məni o evə apardı, amma çox narahat idi, hətta həyəcandan rəngi dəyişmişdi. Dediyi ilk şey bu oldu: “Bu evdə bir daha yaşamamalısan. Sənə daha təhlükəsiz bir ev tapacağam.” Sözünü tutdu. Anamgilə yaxın bir yerdə, mənim üçün gözəl bir ev kirayələdi. Bu, təhlükəsizlik baxımından içimi rahatlatdı.
- Çox yaxşı addım atıb. Bu, təkcə təhlükəsizlik üçün yox, həm də sənin özünü daha yaxşı hiss etməyin üçün müsbət qərar olub.
- Bəli, elə də oldu. Amma indi hər şey daha sabitdir. İstəyirsinizsə, keçən dəfəki söhbətimizin davamına qayıdaq?
- Bəli, əlbəttə! Bu dəfə heç bir detaldan qaçmayaraq. – deyərək söhbət daha maraqlı bir istiqamətə yönəltdik.
- Lalə xanım, səhv etmirəmsə sonuncu dəfə qeyd etmişdiniz ki, yoldaşınızın dostu, vəkil tanışı ilə danışmışdı. Onun həbs cəzasının vaxtını bir az daha azalması üçün əlindən gələni edəcəkdi?
- Elədir, Humay xanım, düz xatırlayırsınız. Amma vəkil verdiyi vədə xələf çıxdı. Dünyasını dəyişən adamın yaxınları onu öz tərəflərinə çəkdilər. Məhkəmə zalında birdən vəkil qarşı tərəfin dediklərini təsdiqləyərək, onların haqlı olduğunu vurğuladı. Sonradan bizə məlum oldu ki, həmin adamlar öncədən vəkillə danışıb, bizim ona verəcəyimiz puldan daha çox vəd ediblər. O da beləcə onların tərəfinə keçib.
- Bəs yaxşı sonra nə oldu? Yoldaşını neçə illik azadlıqdan məhrum etdilər?
- Sonra həyatımın ən çətin günləri başladı. Məhkəmə zalında yoldaşım Samir, vəkilin çıxışını dinləyərkən qəzəbdən dişlərini qıcayır, mənə kin dolu baxışlarla baxırdı. Məhkəmə qərarı ilə onu yeddi il azadlıqdan məhrum etdilər. Evə qayıdanda özümü çox məyus və çarəsiz hiss edirdim. Divarlar üstümə gəlirmiş kimi evdə qala bilmirdim. Samirin o baxışları gözümün qarşısından getmirdi. Hətta özümü günahlandırmağa başlamışdım: “Görəsən, o haqlıdır? Bu yaşananların səbəbkarı mənəm? Ona yetərincə sevgi və qayğı göstərməmişəm?”
Keçmişi düşünəndə anladım ki, heç də elə deyil. Münasibətimizin bu hala düşməsinin səbəbi, Samirin eqoizmi və yersiz qısqanclıqları idi. Amma nə olursa-olsun, bir yol tapmalıydım. Ailəmi geri qaytarmalı və xoşbəxt olmalıydım. Belə düşüncələrlə xəyallara dalıb gecə yuxuya getdim. Səhər yatıb qalmışdım. Hər zaman 8-9 arası oyanardım, indi isə 11-də oyandım. Yuyunub, yemək üçün süfrəyə oturmuşdum ki, tanımadığım bir nömrədən zəng gəldi. Açmaq istəmədim, çünki əvvəllər Samir mənə tanımadığım nömrələrdən gələn zəngləri açmamağı tapşırmışdı. Elə bu anda qapı döyüldü. Gələn anam idi. Onu içəri dəvət edib çay süzdüm. Yaşadıqlarımı ona danışmaq istəyirdim ki, yenə həmin nömrədən zəng gəldi. Anam niyə açmadığımı soruşanda vəziyyəti ona izah etdim. O isə dedi:
- Ay bala, bəlkə elə zəng edən Samirdir?
Haqlı ola biləcəyini düşünüb zəngi açdım:
- Alo.
- Haradasan?
- Samir, sənsən? Mən evdəyəm, narahat olma. Sən necəsən? – deyə həyəcanla soruşdum.
- Hə, mənəm. Başqasından zəng gözləyirdin ki? Bir də ki, niyə başqa nömrənin zəngini açırsan? Mən sənə nə demişdim?
- Samir, inan ki, zəngi açmaqda tərəddüd etdim. Amma düşündüm ki, bəlkə sənsən, ona görə açdım.
- Hə, deyirəm də, sən artıq sərbəst olmusan. Düşünürsən ki, Samir dörd divara məhkum olub, sən də rahat istədiyini edəcəksən.
- Bu nə sözlərdir, Samir? Axı sən məni tanımırsan? Mən həmişə sənə sadiq olmuşam. İşləmək istəməyimin səbəbi də sadəcə başımı qatmaq idi.
- Sənə son dəfə deyirəm, işləməyi unut!
- Samir, bəs mən necə dolanacağam? Heç olmasa sən gələnə kimi icazə ver işləyim.
- Mən sənə son sözümü dedim!
Zəng kəsildi. Mən çox çarəsiz idim. Anam mənə “Gəl bizimlə yaşa” dedi, amma bilirdim ki, atam buna razı olmayacaq və məni özünə yük hesab edəcək.
Həyatımda çıxış yolu axtarırdım, amma hələ də nə edəcəyimi bilmirdim. İşləməkdən başqa çarəm yox idi. İnternetdə iş elanlarına baxırdım. Günlərdir davam edən bu axtarışlarda özümə uyğun elanlar tapırdım, amma hər dəfə ali təhsil və diplom şərtləri məni ruhdan salırdı. Ümidlərim azalmışdı, öz-özümə dedim:
“Bu gün sonuncu dəfə baxıram, daha axtarmayacağam.”
Elə o anda gözümə bir elan sataşdı. “Mədəniyyət körpüsü” adlı bir kitabxana, kitabxanaçı xanıma ehtiyac olduğunu bildirirdi. Ürəyim həyəcanla döyünməyə başladı. Elanın şərtlərini oxumaq istədim, amma ətraflı məlumat verilməmişdi. Yalnız işə qəbulun canlı söhbət əsasında müəyyən olunacağı yazılmışdı. Bu xəbər məni həm sevindirdi, həm də qorxutdu. “Bəs onlar da diplom istəyərsə?” – deyə düşündüm. Amma bu dəfə ümidsizliyə qapılmadım. “Bəlkə də, bu mənim üçün bir fürsətdir.” – dedim özümə.
Gecə boyu düşüncələrimdə xoş şeylərə yer verdim. Sabah tezdən zəng edib danışmağı səbirsizliklə gözləyirdim.
Eyni zamanda ağlımda bir sual vardı: “Görəsən, Samir bunu bilsə, necə reaksiya verər?” Onun icazə verməyəcəyindən əmin idim. Buna görə hələlik ona heç nə deməmək qərarına gəldim. İşə qəbul olsam, hər şeyi mülayim şəkildə izah edərəm, deyə düşündüm. Nəhayət, səhər açıldı. Elandakı əlaqə nömrəsinə zəng etdim. Məni dinlədilər və saat 13:00-da kitabxanaya yaxınlaşmağı xahiş etdilər. Təşəkkür edib telefonu söndürdüm.
Hazırlıq üçün vaxtım az idi, amma hər şeyi mükəmməl etmək istəyirdim. Səliqəli, klassik tərzdə geyindim, sonra güzgünün qarşısına keçib özümü təqdim etmə məşqləri etdim. Gülüşümü, jestlərimi və mimikalarımı nəzarətdə saxlamağa çalışırdım. Uzun müddət idi ki, cəmiyyət içinə çıxmamışdım, hətta kiminləsə ürəkdən danışmağı belə unutmuşdum. Şükür ki, Dale Carnegienin “Dostları Necə Qazanmalı və İnsanlara Necə Təsir Etməli” kitabını oxumuşdum. Oradakı tövsiyələr bu vəziyyətdə mənə çox kömək edirdi.
Saat 12:00-da evdən çıxdım. Gecikməmək, mənim üçün prinsipial idi. Dedikləri ünvana on dəqiqə tez çatdım. Kitabxananın qarşısında dayandım və ətrafı diqqətlə nəzərdən keçirdim.
“Mədəniyyət körpüsü” təkcə bir kitabxana deyildi. Eyni zamanda, müxtəlif xalqların mədəniyyətlərinin və ədəbiyyatlarının bir araya gəldiyi möhtəşəm bir məkana bənzəyirdi. Buradan kitabxananın məqsədi açıq-aydın görünürdü – oxucuları müxtəlif mədəni irslərlə, ədəbi xəzinələrlə tanış etmək, dünyaları birləşdirən bir körpü yaratmaq.
İçəri girəndə isə heyranlığım daha da artdı. Girişdə geniş bir portal vardı, üzərində dünyanın müxtəlif dillərində “kitab” və “ədəbiyyat” sözləri yazılmışdı. Divar və tavanlar fərqli xalqların mədəni ornamentləri ilə bəzədilmişdi. Kitabxananın mərkəzində isə kitab rəfləri ilə əhatələnmiş nəhəng bir “mədəniyyət körpüsü” modeli yerləşirdi. Bu məkanda hər detal harmoniya və mədəniyyətə hörmət hissi oyadırdı.
Mən ətrafa nəzər salarkən birdən arxadan zərif bir əl çiynimə toxundu. Geri dönüb baxanda, gənc bir xanımla üz-üzə gəldim. Onun incə beli, diqqət çəkən üz cizgiləri və çərkəz gözləri vardı. Gülümsəyərək:
- Buyurun, xoş gəlmisiniz. Sizə necə kömək edə bilərəm? – dedi.
Təşəkkür edib cavab verdim:
- Məkanınız o qədər gözəldir ki, onun sehrinə qapılıb sizin varlığınızı belə hiss etməmişəm. Üzr istəyirəm.
- Məkan haqqında xoş sözləriniz üçün, təşəkkür edirəm.
Başımı hörmətlə yelləyib gülümsədim:
- Mən bura iş görüşməsinə gəlmişəm. Saat bir üçün danışmışdıq.
- Hə, lap yaxşı! Bir daha xoş gəlmisiniz. Zəhmət olmasa, soldakı pilləkənlə ikinci mərtəbəyə qalxın və sağ tərəfdə, Naibə Əliyeva adı yazılmış 13 nömrəli otağa yaxınlaşın. İşlə bağlı görüşmələri Naibə xanım idarə edir.
Təşəkkür edərək, həyəcanla pilləkənləri qalxıb, dediyi otağın qarşısında dayandım. Nəfəsimi dərib inamla qapını döydüm.
- Buyurun, içəri daxil ola bilərsiniz, – deyildi.
İçəri keçib:
- Salam, Naibə xanım. Mən işlə bağlı gəlmişəm, – dedim.
O, gülümsəyərək:
- Buyurun, aşağıdan məlumat verilib, – deyib kresloya işarə etdi.
– Əyləşin.
Həyəcanlı idim. Danışarkən onun üzünə baxa bilmirdim. Lakin kitabdan oxuduğum “özünə inamı artırmaq” üsulları yadıma düşdü. Başımı dik tutdum. Naibə xanımın gözlərinə baxaraq davam etdim.
- Özünüzü təqdim edin və niyə məhz bu işə maraq göstərdiyiniz barədə qısaca danışın.
- Lalə Muradxanlı, 31 yaşım var, ailəliyəm, övladım yoxdur. Bu işə marağım, əsasən kitablara olan sevgimdən qaynaqlanır. Uşaqlıqdan kitablara qarşı xüsusi həssaslığım var. Mütaliə həyatımın ayrılmaz hissəsidir. Özümü yalnız kitablarda tapıram, sanki yer üzünə kitablardan gəlmişəm.
Onun zərif gülüşü məni daha da ruhlandırdı.
- “Kitablardan gələn qız.” Nə maraqlı ifadədir. Zəhmət olmasa, hansı janrları oxumağı sevdiyinizi, yerli, yoxsa xarici ədəbiyyata üstünlük verdiyinizi deyin.
- Əslində, qarışıq oxuyuram. Detektiv janrına marağım bir o qədərdə yoxdur, amma maraqlı mövzu olsa, diqqətimi çəkə bilər. Həm yerli, həm də xarici ədəbiyyat mənim üçün maraqlıdır.
- Kitab sevgisi danışığınızdan hiss olunur. Demək istəyirsiniz ki, bu işə maddiyatdan çox mənəvi baxımdan maraq göstərirsiniz?
- Bəli, tamamilə doğrudur. Əlbəttə ki, maddi ehtiyacım var, lakin sevdiyim işlə məşğul olmağa üstünlük verirəm.
Onun üzündə məmnunluq hiss olunurdu. Bu məni sevindirirdi, lakin birdən soruşduğu bir sual hər şeyi dəyişdi:
- Ali təhsiliniz varmı? Hansı ixtisas üzrə təhsil almısınız?
Bu sualı eşitməyimə çox məyus oldum. Əllərim titrədi, baxışlarım yerə dikildi:
- Təəssüf ki, yalnız orta təhsilim var,.
Naibə xanımın üz ifadəsi dəyişdi. O, əlindəki qələmi yellətməyi saxlayaraq mənə ciddi nəzərlərlə baxdı.
- Eh, Lalə xanım… Çox təəssüf edirəm, amma ali təhsili olmayan işçiləri qəbul edə bilmərik. Bu, kitabxanamızın əsas qaydalarından biridir. Üzr istəyirəm, çox istərdim ki, sizin kimi dünya görüşlü bir xanımla işləyək, amma qanunlarımız buna imkan vermir.
Ürəyimdə məyusluq, kədər bir-birinə qarışdı. Göz yaşlarım gözlərimdə düyünlənmişdi, amma özümü sıxıb ağlamamağa çalışdım. Cavab verəcək bir şey də yox idi. Üzümü yana çevirib, ona yenidən təşəkkür etməyə hazırlaşırdım ki, qapının yanında bir hərəkət hiss etdim. Qaraltıya çevrilib baxanda birinin dayanıb bizi izlədiyini gördüm. O an həmin şəxs içəri daxil oldu.
Naibə xanım dərhal ayağa qalxıb mehriban səslə:
- Xoş gəlmisiniz, Elgin bəy! Buyurun, buyurun, əyləşin.
Sonra mənə tərəf dönərək əlavə etdi:
- Lalə xanım, Elgin bəy bu kitabxananın rəhbəridir.
Dönüb baxdım. Uzunboylu, ciddi baxışlı, eynəkli təqribi mənimlə eyni yaşlarda olan bir oğlan idi.
- Şad oldum, – dedim, amma üz ifadəmdəki məyusluq hələ də hiss olunurdu.
Elgin bəy, baxışlarını mənə çevirdi. Onun iri eynəyinin arxasındakı gözləri çox kəskin və ciddi idi.
- İcazənizlə mən artıq gedim. Təşəkkür edirəm, – deyib qalxmaq istəyirdim ki, o ciddi səslə:
- Xeyir, əyləşin, – dedi.
Naibə xanıma dönərək:
- Lalə xanımla bağlı qeydiyyatı və məlumatları götürüb mənim otağıma gəlin, – deyə təlimat verdi. Sonra yenidən mənə baxıb:
- Bir az gözləyin, Lalə xanım, – deyərək otaqdan çıxdı.
Bir neçə dəqiqə keçdikdən sonra, Naibə xanım qayıtdı. Gülümsəyərək mənə yaxınlaşdı:
- Lalə xanım, bu gün çox şanslı gününüzdür!
Mən çaşqınlıqla:
- Niyə belə düşünürsünüz? Mən tam əksini hiss edirəm.
- Elgin bəy sizinlə bağlı qərarını dəyişdi. Prinsiplərindən kənara çıxıb, sizi işə qəbul etməyi qərara aldı.
Təəccüblə:
- Amma niyə? Bu, digər namizədlərə qarşı haqsızlıq deyilmi?
- Bunu mən dəqiq deyə bilmərəm. O, mənə sadəcə “Bu məsələ işçilərin arasında müzakirə olunmasın” dedi. Daha nə deyə bilərəm ki?
Elgin bəylə görüşməyi tələb etdim. 15-ci otağa gedib qapını döydüm.
- Buyurun, – dedi eyni sərt və soyuq səslə.
Qapını aralayıb içəri girdim. Elgin bəy, böyük masanın arxasında dayanmışdı. Əlləri sinəsində çarpazlanmış, gözləri isə uzaqlara zillənmişdi. İçəri girdiyimi hiss edəndə üzünü mənə çevirdi, səsini bir az alçaldaraq:
- Buyurun, əyləşin, Lalə xanım.
Mən çəkinərək keçib oturdum. O, əvvəl mənə, sonra masanın üzərindəki sənədlərə baxdı. Uzun bir sükut oldu. Nəhayət, sükutu pozdu:
- Sualınız vardı, deyəsən.
Mən yavaşca başımı tərpədərək:
- Bəli, Elgin bəy. Mənə bu şansı verdiyiniz üçün təşəkkür edirəm. Amma öyrəndim ki, sizin işə qəbul prinsipləriniz çox sərtdir və ali təhsili olmayan namizədləri işə qəbul etmirsiniz. Buna baxmayaraq, məni qəbul etdiniz. Niyə? Mənə görə niyə prinsiplərinizi pozdunuz?
O, diqqətlə gözlərimin içinə baxdı, səsi eyni qədər ciddi və sərrast idi:
- Sizə bir şey izah edim, Lalə xanım. Bu kitabxana mənim şəxsi layihəmdir. Burada hər şey mənim qaydalarımla işləyir. İstəsəm, o qaydaları dəyişərəm. Bu qərarımın səbəbini sorğulamağınıza isə ehtiyac yoxdur.
Bu cavab məni daha da çaşdırdı. Mən təkid etdim:
- Amma bu, başqalarına qarşı haqsızlıq deyil? Belə bir qanun varsa, niyə məhz mənə güzəşt etdiniz? Bu sualı cavablandırmadan, rahat ola bilmərəm.
Elgin bəy, bir anlıq susdu. Əllərini masanın kənarına dayadı. Onun əllərindəki qara qaşlı üzüyə baxdım. Bu üzük mənə tanış gəldi. Amma haradan tanıdığımı heç cür xatırlaya bilmirdim. Suallarıma cavab gəlmədiyini görüncə ayağa qalxıb dedim:
- Mən sizinlə işləyə bilmərəm. Haqsızlıq və ədalətsizlik olan yerdə çalışmaq prinsiplərimə ziddir.
Qapıya doğru yönəlmişdim ki, arxadan onun səsi gəldi:
- Lalə xanım, siz məni tanımasanız da, mən sizi tanıdım.
Dönüb ona baxdım. Bu sözlərin arxasında gizlənən həqiqəti anlamağa çalışırdım.
- Siz məni tanıyırsız?
- Bəli.
- Axı haradan? Mən sizi tanıdığımı düşünmürəm. Elgin adlı birisi nə qohumlarımda, nə də tanışlarım arasında var.
- Biz yaxından tanış deyilik.
- Bəs axı necə tanıyırsız məni?
- Xatırlayırsınızsa, siz bir dəfə onlayn şəkildə kitab sifariş etmişdiniz.
Bir az düşündüm.
- Aha, indi xatırlayıram.
- O sifariş verdiyiniz mağazanın rəhbəri mən özüməm. Siz qeyd etdiyiniz ünvana çatdırılma olmurdu. Amma həmin gün mənim, evinizin yaxınlığında vacib bir işim çıxdı. Ona görə də sizinlə yazışan şəxsə dedim ki, kitabı özüm apararam.
- Hə, hətta siz özünüz bunu mənə demişdiniz. Həmin gün çox sevinmişdim.
Bu söhbət zamanı birdən həmin günün səhnəsi gözümün önündə canlandı. İndi tam aydın oldu ki, Elgin bəyin barmağındakı üzük niyə mənə tanış gəlmişdi. Həmin vaxt kitabı çatdıranın üzünə diqqət etməmişdim. Sadəcə sevincək halda “çox sağ olun” deyib kitabı götürmüşdüm. Amma üzüyü qeyri-ixtiyari olaraq diqqətimi çəkmişdi.
- Sizi sevindirə bilmişəmsə, nə xoş mənə. – deyə, Elgin bəy gülümsədi. Bir anlıq sərt və əsəbi görünən həmin adam elə bil dəyişdi, yerinə mərhəmətli və mülayim biri gəldi.
- Çox təşəkkür edirəm sizə bir daha.
- İndi isə keçək bayaqkı mövzuya. Yəqin ki, artıq sizi niyə işə qəbul etdiyim və digər suallarınız cavabsız qalmadı. Bir də qeyd edim ki, kitablara marağınızı bildiyim üçün sizi işə götürdüm. Düşündüm ki, gələn müştərilərə oxuduğunuz kitablardan tövsiyə edə və ya onların seçimlərinə uyğun kitab təklif edə bilərsiniz.
Elgin bəy sözünü bitirməmiş mən müdaxilə etdim:
- Onda niyə diplom tələb edirdiniz? Məgər hər universitet oxuyan savadlı və dünya görüşlü olur?
- Orası doğrudur, Lalə xanım. Razıyam sizinlə. Amma bu qayda əvvəlcədən qoyulub. Ona görə dəyişiklik barədə düşünməmişəm.
- Amma bu gün düşündünüz. İcazənizlə, artıq bir işçiniz olaraq fikrimi bildirmək istəyirəm.
- Buyurun.
- Əgər burada qayda olacaqsa, bu hər kəsə aid olmalıdır. Mənə görə dəyişən qayda, hər işçiyə şamil edilməli və rəsmən elan olunmalıdır. Əks halda…
- Əks halda nə? Mənim qarşıma şərt qoyursunuz? – deyə qaşlarını qaldırdı.
- Xeyir, əlbəttə ki, yox. Sadəcə ədalətsizlik və haqsızlığa göz yuma bilmərəm. Hətta bu mənim xeyrimə olsa belə.
Elgin bəy bir neçə saniyəlik düşündü və sonra dedi:
- Sizinlə razıyam, Lalə xanım. O zaman sabah işə başlayın. Çıxarkən Naibə xanıma çatdırın ki, axşam saat 17:00-da bütün işçilər iclas zalında toplansın. Yeni qaydanı hər kəsə bəyan edəcəyəm.
Mən sevincək halda təşəkkür etdim:
- Böyük məmnuniyyətlə!
Otaqdan çıxıb, Naibə xanımın yanına getdim və Elgin bəyin tapşırığını ona çatdırdım. Evə gələndə Naibə xanımın dediklərinin doğru olduğunu hiss etdim. Elə bil, bu gün şans məndən yana idi.
- Lalə xanım, sözünüzü kəsdiyim üçün üzr istəyirəm. Hal-hazırda da orada işləyirsiniz?
- Bəli, işləyirəm.
- Bəs yoldaşınızı necə razı sala bildiniz? Axı demişdiniz ki, o qəti şəkildə razı deyil.
Lalə dərin bir ah çəkdi:
- Heç razı olmadı ki… Evə qayıdanda ilk iş, anamı xəbərdar etdim. O da məni təbrik edib soruşdu ki, Samirə demisən? “Yox” dedim. Anam təkid etdi ki, ona özüm deyim, başqasından eşitməsin. Razılaşdım. Görüş vaxtı Samirin yanına getdim.
- Salam, Samir, əzizim, necəsən?
- Salam, yaxşıyam, sən necəsən?
Başıma gələnləri necə deyəcəyimi düşünürdüm. Birdən, Samir diqqətlə üzümə baxıb soruşdu:
- Hə, de görüm, nə olub? Sözlü adama oxşayırsan.
- Samir, əzizim, deməyinə deyəcəyəm, amma xahiş edirəm, qışqırma. Məni anlamağa çalış…
Elə bunu demişdim ki, üzümə baxıb elə bil hiss etdi:
- İşə düzəlmisən?
- Hə… Kitabxanada.
Samir dərhal ayağa qalxdı:
- Mən sənə nə demişdim? O işə getməyəcəksən!
Bu sözləri deyib, cavab gözləmədən çıxıb getdi. Amma qapıdan çıxarkən dayandı, geriyə çevrilib sərt bir səslə əlavə etdi:
- Atdığın hər addımdan xəbərim olur!
O getdi, mən isə yerimdə donub qaldım…
- Bəs sonra?
- Mən artıq sevinc və kədəri eyni anda yaşamağa öyrəşmişdim. Hər dəfə çətinliklərlə qarşılaşanda, vəziyyəti qəbul edib, bir çıxış yolu tapmağa çalışırdım. Bəlkə də, bugünkü xoş günlərimi məhz bu xüsusiyyətimə borcluyam. Amma indi çətin bir qərar verməli idim. Elgin bəyə nə deyəcəkdim? Axı o, mənə görə illərdir dəyişmədiyi bir qaydanı dəyişmişdi… Mən isə işləyə bilməyəcəyimi bildirməli idim.
Səhəri gün kitabxanaya getdim. Əvvəlcə Elgin bəyin gəlib gəlmədiyini soruşdum. Hələ işə gəlmədiyini dedilər. Kitablarla başımı qatdım. Bir az keçmişdi ki, qapı açıldı və Elgin bəy içəri daxil oldu. Hamıya başı ilə salam verib birbaşa otağına yönəldi.
Bir az gözlədim, sonra çəkinərək qapısını astaca döydüm.
- Buyurun!
İçəri keçib ehtiyatla soruşdum:
- Vaxtınız varsa, sizinlə danışmaq istərdim.
- Buyurun.
Hələ sözə başlamamış o danışdı:
- Əgər dünənki məsələni deyirsinizsə, iclasda bununla bağlı hamıya təlimat vermişəm.
Bu sözləri eşitdikcə utanır, başımı qaldırıb üzünə baxmağa cəsarət etmirdim. Elgin bəy, bunu hiss etdi:
- Siz deyəsən başqa bir məsələ üçün gəlmisiniz? Buyurun, sizi dinləyirəm.
Başımı astaca tərpətdim:
- Bəli… Elgin bəy, məni bağışlayın, amma mən burada işləyə bilməyəcəyəm. Xahiş edirəm, yerimə başqa bir işçi axtarasınız.
Elgin bəy təəccüblə üzümə baxdı:
- Sizi başa düşə bilmirəm. Dünən bir söz deyirdiniz, bu gün tamam başqa… Düzlükdən danışırdınız, indi isə dedikləriniz bir-birini təkzib edir.
- Haqlısınız… Amma inanın, mən bu işdə işləməyi çox istəyirdim. Çox çalışdım, amma alınmadı. İşləyə bilməməyimin əsaslı səbəbləri var. Sadəcə, deyə bilmirəm…
- Bəlkə desəniz, sizə kömək edə bilərəm?
- Yox, inanın, bu sizlik deyil. Şəxsi səbəblərdir… İcazənizlə, mən gedim.
Ayağa qalxdım, üzümü çevirib qapıya tərəf getdim. Tam çıxmaq üzrə idim ki, Elgin bəyin səsi məni dayandırdı:
- Səbəbi söyləyin. Bəlkə sizə elə bir iş təklif edəcəyəm ki, evdən çıxmadan da işləyə biləsiniz…
Bu sözləri eşidəndə ayaq saxladım. Dodaqlarımı bir-birinə sıxıb nə deyəcəyimi düşündüm. Qapının dəstəyini artıq tutmuşdum, amma içimdə bir tərəddüd vardı. Yavaşca arxaya çevrildim və Elgin bəylə göz-gözə gəldim. O, ciddi nəzərlərlə mənə baxırdı.
- Evdən çıxmadan? – heyrətlə soruşdum.
- Bəli. Amma əvvəlcə səbəbi bilmək istəyirəm.
Ətrafa baxdım. Sanki otaqdakı divarlar belə məni dinləyirdi. Dərindən nəfəs aldım, özümü toplayıb çətinliklə dilləndim:
- Yoldaşım icazə vermir…
Elgin bəyin baxışları düşüncəli bir hal aldı. Sonra sakitcə dedi:
- Başa düşdüm… Deməli, siz bu işi doğrudan da sevirsiniz, amma ailəvi səbəblər buna mane olur.
Başımı tərpədib təsdiqlədim. O, kreslosunda arxaya yaslanıb bir qədər düşündü.
- Yaxşı, o zaman belə edək. Kitabxanamızın bir neçə layihəsi var ki, onları onlayn formada idarə etmək mümkündür. Siz evdən çıxmadan da, kitabxana üçün çalışa bilərsiniz. Məqalələr, araşdırmalar, elektron kataloqlar üzərində işləyərsiniz. Sizin kimi ədalətli bir işçini itirmək istəmirəm.
Təəccüblə gözlərimi böyütdüm. Bu, mənim heç ağlıma gəlməzdi!
- Doğrudan? Mən… mən bunu edə bilərəm?
Elgin bəy, gülümsədi:
- Əlbəttə. Siz sadəcə düşünün və qərarınızı verin. Əgər razı olsanız, sabahdan yeni iş rejiminiz başlayar.
Sevinclə başımı yellədim:
- Razıyam! Çox sağ olun, Elgin bəy! Mənə qarşı bu qədər anlayışlı olduğunuz üçün minnətdaram!
- Əsas odur ki, siz razı olasınız. İndi isə gedin, yaxşıca düşünün, ailənizlə məsləhətləşin. Sabah sizdən cavab gözləyirəm.
Səhəri gün günorta saatlarında Samirlə görüşə getdim. Əslində bu görüşü almaq o qədər də asan olmadı. Çünki bir gün öncə, onunla artıq görüşmüşdüm. Bu dəfə icazə almaq çətin idi. Hər halda, bir yol tapıb razılıq ala bildim.
Görüş otağına daxil olmazdan əvvəl, həyəcanla əllərimi sıxaraq Samirin reaksiyasını düşünürdüm. O, artıq orada idi. Ağır addımlarla irəliləyib qarşısındakı stulda əyləşdim.
- Salam, Samir. Necəsən? – deyə ehtiyatla soruşdum.
- Salam. Yaxşıyam. Nə isə olub? Ard-arda yanıma gəlmisənsə, deməli, vacib bir sözün var.
Samirin gözlərindəki ifadədən onun artıq söhbətin hansı istiqamətə gedəcəyini hiss etdiyini anladım.
- Yenə o iş məsələsidir?
Başımıla təsdiqlədim.
- Samir, mən… bilirəm, işləməyimi istəmirsən. Amma, mənə elə bir iş təklif edildi ki, evdən çıxmağa ehtiyac yoxdur.
Samirin üzündə qəribə bir sakitlik vardı. Barmaqlarıyla masanın kənarında yavaş-yavaş döyəcləyir, sanki beynində dolaşan fikirlərin ritmini təkrarlayırdı.
- Necə yəni evdən çıxmadan?
- Onlayn sistem vasitəsilə. Kitabxanaya getmədən araşdırmalar aparmalı, məqalələr yazmalı və kitablar haqqında məlumatlar toplamalıyam.
- Yəni heç yerə getməyəcəksən?
- Xeyir, getməyəcəm. Bəlkə ayda bir dəfə nə isə vacib işim olsa, gedə bilərəm.
- İş sənin nəyinə gərəkdir?
- Samir, sən də buradasan, mən necə dolanım? Ata evinə də, qayıda bilmirəm. Tək çarəm işləməkdir.
Onu yumşaltmaq üçün əlavə etdim:
- Amma sənin razılığın olmadan heç bir işdə işləmək istəmirəm.
Bu sözlərim onu bir az sakitləşdirdi. Gözlərini gözlərimə dikdi, amma bu dəfə orada qəzəbdən çox mərhəmət gördüm.
- Yaxşı… Amma müvəqqəti olduğunu unutma. Və bunu sənə o gün də dedim. Bilirsən ki, atdığın hər addımdan xəbərim olacaq.
Eşitdiklərimə inana bilmirdim. Sevinclə ard-arda bir neçə dəfə ona “çox sağ ol” dedim. O isə başını tərpədib qalxaraq otaqdan çıxdı.
Yenə Naibə xanımın dediyi o sözlər yadıma düşdü: “Şans sizdən yanadır artıq, deyəsən…”
Lalə danışdıqca üzümə təbəssüm yayılırdı. Mən də onun sevincinə şərik çıxırdım. Bir anlıq sözünü kəsib dedim:
- Lalə xanım, belə mübariz bir insan olmağınızı görmək məni qürurlandırır. Demək, nəhayət, həyatınızda intibah dövrünə keçid edə bildiniz.
Amma o anda Lalənin təbəssümündə bir kinayə sezdim. Çaşdım. Deyəsən, yanılmışdım.
- Buyurun, davam edin…
- Humay xanım, əslində mən də sizin kimi düşünürdüm. Amma…
- Aha, nə “ammadır”?
Tam da söhbətin ən maraqlı yerində seansın vaxtının bitdiyini bildirdilər. Məyus oldum, amma Lalə bunu hiss edib gülümsədi:
- Narahat olmayın, Humay xanım. Növbəti seansda qaldığımız yerdən davam edərik.
O, sağollaşıb otaqdan çıxdı. Lakin dəhlizdə kiminləsə danışdığını eşitdim. Qapıya yaxınlaşanda gördüm ki, Cəsurla söhbət edir. Lalə, ona təşəkkür edirdi. Deyəsən, bu, onun qaçırılma məsələsinə görə idi. Sakitcə sağollaşıb ayrıldılar. Cəsur məni qapının yanında görəndə başı ilə salam verib mənə doğru yaxınlaşdı.
- Bilirəm, bu gün bizim seansımızın vaxtı deyil. Heç ona görə də gəlməmişəm.
Təəccüblə ona baxdım.
- Humay xanım, mən bura onu deməyə gəlmişəm ki, artıq seanslara gələ bilməyəcəm. Amma sizə minnətdaram. Sizin sayənizdə universitetə girməsəm də, həyatın sonu olmadığını anladım. Bacarıqlarımı kəşf etdim və artıq öz brendimi yaratmaq üzrəyəm. Bu inamı mənə aşıladığınız üçün bir daha təşəkkür edirəm.
Sözləri məni sevindirdi. Qarşımda artıq güclü və cəsarətli bir Cəsur dayanmışdı.
- Cəsur, sənin uğurlarını eşitmək məni çox xoşbəxt edir. Düzdür, son iki seansımız qalmışdı, onların da olmasını istərdim. Amma, eybi yox… Yenə də uğurların bol olsun! Brendini dünyaya tanıdasan!
- Çox sağ olun, Humay xanım, minnətdaram!
O, gülümsəyərək otaqdan çıxdı…
(Sabah sizlərə 7-ci hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)


