Super User

Super User

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir. 

 

YALAN DÜNYA

 

Gah başıma tumar çəkən,
Gah ilantək çalan dünya.
Gah sinəmə dağlar çəkən,
Gah könlümü alan dünya.


Gah dağılan, gah qurulan,
Bəzən açan, bəzən solan,
Gələnləri yola salan,
Özü baqi qalan dünya.

 

Bir yanda at, bir yanda ot, 
Solu günəş, sağı bulud.
«Dovşana qaç, tazıya tut»-
Deyən köhnə filan dünya.

 

Min rəngi var, min donu var,
Neçə-neçə oyunu var,
Nə əvvəli, nə sonu var,
Yalan dünya, yalan dünya!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Çərşənbə, 14 Fevral 2024 17:00

“Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq”

 

“Ədəbiyyat və incəsənət” portalı iki görkəmli ziyalımız - Kamal ABDULLA və Rafiq ƏLİYEV tərəfindən yazılmış “Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq” kitabı barədə sizlərə məlumat vermişdi. 

Bəs maraqlıdır, “Kitabi-Dədə Qorqud"da ilkin demokratik prinsiplər barədə müəlliflər nə düşünürlər? 

 

Bugünkü demokratik meyarlar "Kitabi-Dədə Qorqud"da yazılan tək "ol zamanlarda" olan kimi, əlbəttə ki, deyildir. Xalqın hakimiyyəti, hətta qədim demokratiya vətəni olan Elladada da bugünkü kimi deyildi. Volterin məşhur düsturu ("Mən sənə nifrət edə bilərəm, amma mən həyatımı verərəm ki, sən sərbəst şəkildə öz düşündüklərini deyə biləsən") müasir demokratiyanın himninə çevrilməzdən çox-çox əvvəl də bu və ya başqa, bəzən primitiv, bəzən pərakəndə halda müxtəlif cəmiyyətlərdə demokratik yanaşma cəhdlərinə rast gəlmək olurdu. Çünki demokratiya insanlığın kodlaşdırılması elementlərindən biridir və ona qədim inkişaf dövründən məxsusdur. Demokratiyaya, yəni, böyük əksəriyyətin mənafeyinə uyğun olan həyat tərzinə, münasibətlər məcmusuna meyil insanlıq tarixində özünün müxtəlif təzahür formaları ilə hansısa şəkildə özünü göstərməlidir. Bu əlamətlər hər bir xalqın ədəbi-mədəni sərvət daşıyıcısı olan qədim nümunələrində bu və ya başqa şəkildə yaşamaya bilməzdi.

"Kitabi-Dədə Qorqud" dastanında biz qədim (bunu primitiv, pərakəndə, ilkin də adlandıra bilərik) demokratik elementlərin ciddi "axtarışı"na heç zaman çıxmamışdıq. Bu barədə düşünmək ağlımıza belə gəlməmişdi. Amma dastanın bədii materialının dərinliklərinə endikcə, burada başqa elm sahələrinə məxsus dəyərləndirici materialla və yeni elmi aparatura ilə işlədikcə, onun potensialında yeni-yeni nüansların mövcudluğu ilə qarşılaşırıq və indi haqqında danışdığımız məqamın, yəni demokratiya elementlərinin orada yer alması bizi təəccübləndirməyə bilmir. Qeyri-səlis məntiq prinsiplərinin "Kitabi-Dədə Qorqud" dastanına ilkin tətbiqindən sonra dastandakı yeni, indiyə qədər diqqəti cəlb etməyən belə bir vacib məsələnin ortaya çıxması bizi, sözün yaxşı mənasında, heyrətləndirdi. Bu, demokratiya prinsiplərinin təsvirinin, əlbəttə ki, "ol zamanlara" aid prinsiplərin "ol zamanlara" aid təsviri zamanı mətnin alt qatında "gizlənib" qalması idi.

 

İlk öncə, qeyri-səlis məntiqdə Aristotel məntiqindəki "üçüncünü istisna" qanununun qüvvədən düşməsi məqamına diqqət edək. Aristotelin dediyi kimi, dünya, obyektiv gerçəklik heç də iki əks qütbdən ibarət deyilmiş. Böyük alim Zadə bunu 1965-ci ildə sübut etdi. İnsan ya ölü, ya diri olmaya da bilərmiş. "Kitabi-Dədə Qorqud" mətnində deyildiyi kimi, o bu iki qütbün ortasında da ola bilərmiş. Dastanda bu məqam "küçücük ölüm" adlandırılır. Dastan deyir: "Ol zamanlar" igidlər yatanda yeddi gün yeddi gecə yatardılar. Heç nə onları o yuxudan oyada bilməzdi." Müasir tibbdə buna "koma" deyilir. "Ölü və "diri" qütbləri arasında üçüncünün (küçücük ölümün) yer alması, əslində, təsəvvürdə gedən demokratikləşmə prosesindən xəbər verir. Yəni, qədim əcdadımızın iki əks qütbdən əlavə, daha bir haldan xəbərdar olması özünü göstərir. Deməli, qədim əcdadımız demokratikliyin əsas şərtlərindən birinin - variantların olmasını  ümumi şəkildə qəbul edir və bunu, hətta adı ilə (küçücük ölüm) adlandırır. Bununla da o, özünün seçim imkanını genişləndirmiş olurdu.

Qeyd etmək lazımdır ki, iki qütb arasında başqa halların olması və bununla seçim imkanının genişlənməsi dastanın mətnində adi düşüncə tərzi əlaməti kimi özünü göstərir. Burda, hətta üçüncü ilə yanaşı dördüncü, beşinci hallar da özünü göstərə bilir. Deməli, seçim imkanları daha geniş, müxtəlif "rənglərdə" mövcud imiş.

Məsələn, belə bir misala diqqət edək. Bayandur xanın məclisində oğlu-qızı olmadığı üçün Dirsə xanı qara çadıra yerləşdirirlər. O bunun səbəbini, ya özündən, ya da arvadından görür. Arvadı isə ona başqa səbəblər göstərir. Acları doyuzdurmadıqlarını, donsuzları geyindirmədiklərini, pulsuzlara mal-dövlət verməmələrini "məndən-səndən" səbəbli qütblərin arasına salır. Deməli, seçim imkanı yenə də genişləndirilmiş şəkildə nəzərə çarpdırılır. Dirsə xan xatunu ilə söhbətdə səbəbkarı axtarır və ona "bu bəla ya səndəndir, ya məndən" deyir. O, özündən xəbərsiz Aristotel məntiqinin sadiq davamçısıdır. Xatunu isə məsələnin qoyuluşunu daha geniş müstəviyə keçirir. İki qütb arasına başqa hallar qoyur və Zadədən əvvəl onun ideologiyasının nümayəndəsi kimi çıxış edir. Zadə özü də təsəvvür etməzdi ki, onun ideyalarını (iki qütb arasında sonsuz halların olmasını) ondan çox-çox əvvəl "Kitabi Dədə-Qorqud" dastanındakı Dirsə xanın xatunu bu cür gözəl şəkildə ifadə edəcək. Beləliklə, məsələ özünün "ağ-qara" təsvirindən çıxaraq, prinsip etibarilə, başqa rəngli təsvirə qədəm qoyur.

Seçim imkanının genişləndirilməsi (hətta təkcə "üçüncü" hesabına olsa da), obyektiv aləmdəki rəngarəngliyin yavaş-yavaş artıq qədim əcdadımızın diqqət orbitinə keçməsi demək idi. Bu isə, aydındır ki, demokratik yanaşmanın ilkin şərtlərindən biridir.

Demokratik düşüncə tərzi dastanda başqa cür təsvirlərdə də özünün təzahür formasını tapır. Burada qeyri-səlis düşüncə tərzinin çox-çox dərinliklərdəki büruzəsini görmək mümkün olur.

Qeyri-səlis məntiqin inersiyası ilə demokratik düşüncə tərzinin axtarışı bizi digər aspektlərdə özünü göstərən başqa maraqlı hallarla da qarşılaşdırır. Əhəmiyyətli olan budur ki, indiyə qədər bəzən dastanın ideoloji qatında son dərəcə mənfi dəyərli keyfiyyət kəsb etmiş bir obraz belə bir tədqiq nəticəsində tamamilə yeni, müsbət keyfiyyətlərə malik əlavə çalarlar kəsb edə bilir.

Məsələn, biz At ağızlı Aruz Qocanı Qalın Oğuza təfriqə salan, İç Oğuzla Dış Oğuz arasında qanlı münaqişəyə səbəb olan bir Dış Oğuz ağsaqqalı kimi dəyərləndirirdik. Məhz o, Dış Oğuzu İç Oğuza qarşı üsyana qaldırmışdı. Bu üsyan Oğuzdaxili qarşıdurmanın "Kitabi-Dədə Qorqud" dastanı vasitəsilə birinci bədii təsviri idi. "Kitabi-Dədə Qorqud"la bağlı bütün tədqiqlərdə bu qarşıdurma, belə deyək, lənətlənib. Bu münaqişənin bizim tədqiq obyektimizlə bağlı maraqlı səbəbini bu yeni yanaşma rakursundan qiymətləndirməyə çalışaq. Dastanın üst qatı bu münaqişənin səbəbini belə təqdim edir.

Qalın Oğuzun sərkərdəsi Salur Qazan ildə bir dəfə İç Oğuz və Dış Oğuz bir yerdə olarkən evini onlara yağmaladardı. Halalı Boyu Uzun Burla xatunun əlindən tutub çölə çıxar, bundan sonra İç Oğuz, Dış Oğuz bəyləri onun evinə girib istədikləri nə varsa, alıb gedərlərdi. Oğuz cəmiyyətinin bundan daha qədim, özəyində demokratik düşüncə tərzi ilə formalaşmış başqa bir ritualı, yəqin ki, yoxdur. Düzdür, kifayət qədər primitiv demokratik nümunədir, amma hər halda, bundan daha yaxşısı "ol zamanlarda" özünü göstərmir. Bəs nə baş verir ki, belə bir münasibət hökm sürən cəmiyyətdə daxili qarşıdurma baş verir, hətta əsas qəhrəmanlardan ikisi - Beyrək və Aruz Qoca bu münaqişə gedişatında məhv edilirlər?! Dastanın gizli qatında bu hadisənin belə bir səbəbini ortaya çıxarmaq mümkündür.

Bunun gizli səbəbi Salur Qazanın izahedilməz (hər halda, mətndə bununla bağlı heç bir izah yoxdur!) hərəkətidir. Son yağmaya o, Dış Oğuz bəylərini çağırmır, evini yalnız İç Oğuz bəylərinə yağmaladır. Deməli, əslində, demokratik təmələ bağlı ritualın pozucusu Salur Qazandır. Bəs belə isə, o zaman Aruz Qoca kimdir?!

Mətnin dərin sinergetikasından məlum olur ki, Aruz Qoca qədim demokratik ritualin pozulmasına qarşı çıxan, onun pozulması ilə barışmayan Dış Oğuz bəyidir. Əslində demokratiya uğrunda mücadilə aparan, həyatını qurban verən ilk Oğuz bəyidir. Onun hərəkətini ən ümumi şəkildə bu cür qiymətləndirmək olar.

İllər boyu ən müxtəlif yönlərdən tədqiq zamanı Salur Qazan Oğuzun birliyini qoruyan sərkərdə kimi qələmə verilib, Aruz qocanı isə bu birliyə zərbə vuran şəxs kimi qiymətləndiriblər. Sadəcə, öyrənmə rakursunu bir qədər dəyişsək və məsələlərə yeni demokratiya axtarışları işığında baxsaq, yeni nəticələrlə qarşılaşacağıq. Qeyri-səlis məntiqin işığında baxdıqda yaxşıların yamana, yamanların isə yaxşıya çevrilməsi o qədər də qeyri-təbii görünmür.

Sonda isə, bir daha onu qeyd etmək istərdik ki, "Kitabi-Dədə Qorqud" dastanında qədim demokratik prinsiplərin axtarışına çıxmamıza səbəb yenə də qeyri-səlis məntiq ideyalarının bu dastana tətbiqi oldu. Digər bədii nümunələrimizin də bu aspektdən (qeyri-səlis məntiq prinsiplərindən) qiymətləndirilməsi, inanırıq ki, bəzi ehkamlaşmış qəhrəmanlarımıza yeni baxış sərgiləyən yanaşmalar  verə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

Poetik Qiraətdə bu gün sizlərə təqvimi nəzərə alaraq bir sevgi şeiri təqdim edirik. Müəllifi gənc şairə, həm də piano müəllimi Aygün Bayramlıdır.

Onun sevgiyə verdiyi tətif gözəldir, deyilmi? 

Sevgi bizim məhlədə, bizim bağçada idi,

Sevgi, Sona nənənin qadağan eylədiyi

Alçada idi.

 

 

 

SEVGİ

 

Bilsəydim böyüməzdim,

Böyüyəndə öyrəndim nifrəti,

Mən balaca olanda bilməzdim nifrət nədi.

Mən balaca olanda

Bildiyim təkcə sevgi,

Anamın çörək üstə

Şor çəkməyi olardı,

O vaxtdakı saf sevgim

 «şor çörəyim» olardı...

Mən o vaxtda sevgini,

Atamın qatar -qatar

Süfrəmizə düzdüyü

«Pendir -çörək» bilirdim,

«Kəmşirin çay» bilirdim...

Sevgi, o vaxt mən hələ

Lap balaca olanda

Babamın hədiyyəsi

Güllü donumda idi,

Donumun ətəyində

Əlvan çiçəkdə idi,

Mən böyüdüm,

don balacalaşdı...

Sevgi, o illər kimi

Bizlərdən uzaqlaşdı

Kaş balaca qalaydım...

Sevgi məhləmizdəki

«Ortada qaldı» idi,

Bir topdan aslı idi 

oyunda qalmağımız,

O topu tutmağımız sevgi idi...

Sevgi Sona nənənin

Bağında alça idi.

O da qadağan idi...

Bir də dolu bir oğlan

Keçirdi məhləmizdən

Xətrimi istəyirdi

«Ay qara qız» deyirdi...

Sevgi onun adıma

Ad qoşmağında idi.

İllər keçdi beləcə,

Bir daha məhləmizdən

Həmin oğlan keçmədi...

Bax o həmin sevgilər

Qaldı məhəlləmizdə

Qaz balonlar üstündə

Ağacı şagird bilib

Dərs keçməyimizdə...

İndi təəssüf, nə təəssüf,

Böyüdük, şor çörəyin

Dadı suya qarışdı,

İndi şirinçaylar da 

zəhər dadır elə bil,

Güllü donun gülləri 

soldu bir- bir babamın

qəbiri üzərində...

Müharibələr gördük...

Ortadaqaldılarda tutmadığım 

o toplar düşdü evlərimizə ...

Alça ağacı həmin barı vermədi sonra

Töküldü öz dibinə, yığan da olmadı heç...

Sonra o dolu oğlan, hara getdi bilmədik,

Böyüyəndən sonra da bir daha görüşmədik.

Görən dərs keçdiyimiz o həmin ağaclar da

Məktəbi bitirdimi?

Biz «müəllim» olmuşuq...

Bilsəydim böyüməzdim...

Sevgi bizim məhlədə, bizim bağçada idi,

Sevgi, Sona nənənin qadağan eylədiyi

Alçada idi.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Əvəlikli istinin hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Əvəlik – 50 qr

§ Yumru düyü – 35 qr

§ Soğan – 25 qr

§ Alça turşusu – 15 qr

§ Kərə yağı – 30 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

 Soğan təmizlənir, xırda doğranır, üzərinə duz əlavə olunaraq, yağda qovrulur. Soğan qovrulduqdan sonra xörəyə işgənə əlavə olunur. Isti qaynara düşdükdə qaynar su ilə acı suyu alınmış əvəlik, 5 dəqiqə qaynadıqdan sonra yuyulmuş düyü (iki stəkan işgənəyə 1 stəkan düyü olmaq şərtilə) və alça turşusu əlavə olunur. Vam odda arabir qarışdırılaraq bişirilir. Bir qədər duru halda (şilə halında) ocaqdan götürülür. Zövqə görə qara istiot da əlavə oluna bilər

 

Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq. Bununla bağlı Heydər Əliyev Mərkəzində Forumun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Adil Kərimli çıxış edərək forumun əhəmiyyəti, ümumi məsələləri ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil edilib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü il mayın 1-dən 3-dək növbəti – VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı tapşırıq verilib. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı çərçivəsində dövlət strukturlarının qarşısında müəyyən öhdəliklər qoyulub.

 

Təşkilat Komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov Foruma hazırlıqla bağlı geniş təqdimatla çıxış edib. Bildirilib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusuna həsr olunub.

 

İclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. 

 

O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

14 fevralı yalnız sevgililər günü kimi bilənlərin nəzərinə, əgər kitab və uşaqları sevirsinizsə siz daha çox sevib-sevilə bilərsiniz.

14 fevralınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Çərşənbə, 14 Fevral 2024 15:30

Facebook çıxarana alqış

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Allah facebook çıxaranın atasına rəhmət eləsin. İndi-indi görürük, aramızda nə qədər savadsız varmış. 

 

2.

“Xoşbəxtlik pulda deyil” söyləyərək kürəkən ölmüş qaynanası üçün ən bahalı əklili aldı. 

 

3.

Erməni Radiosuna sual:

-Hansı siyasi lətifəni Rusiyada söyləmək ən təhlükəlidir?

-Putinin dul arvadı barədə lətifəni.

 

4.

“Gənclər üçün bizdə həmişə yol açıqdır!” deyərək 79 yaşlı nazir 76 yaşlı şöbə müdirini müavin təyin etdi. 

 

5.

Bizi o qədər çox aldadıblar ki, yalan artıq faciə deyil, statistikadır.

 

GÜNÜN PARAFRAZI: 

Vaxtında sevilsəydin, Sevgililər Günündə sən də söyüş yiyəsi olardın! 

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vüqar Nemətin şeirlərini təqdim edir.

 

KİMDİ BU DƏLİ?

 

Görəsən kimdi bu dəli?

Biz keçdik, bizi söymədi.

O tanrını qaraladı,

İt-pişik payı qoymadı.

 

Söydü, yeri-göyü söydü,

Döydü, kölgəsini döydü,

Hamının ağzını əydi,

Zorbaya, zora əymədi.

 

Getməz, o üzdən getmədi,

Bilmədik davası nədi?!

Birazdan çaldı, oynadı,

Artıq heç kəsi saymadı.

 

Ağıl axtara-axtara,

Gör bir gəlib çıxıb hara?!

Bu dünyaya, pula, vara,

Uymaz, heç nəyə uymadı.

 

Həm buralı, həm oralı,

Görəsən kimdir bu dəli??

Hamı yolun çaşdı, vəli

O öz yolunu caymadı!..

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin AYB-nin regional bölmələrinin və internet resurslarının fəaliyyəti haqqında fikirlərini təqdim edir. 

 

Azərbaycan Yazıçılar Birliyinin bir əsrlik fəaliyyət dönəmində əsas prioritetlərdən biri də məhz bölgələrdəki ədəbi həyatı aktivləşdirmək, Azərbaycanın müxtəlif bölgələrində gənc istedadları kəşf etmək, aktiv ədəbi fəaliyyətə cəlb etmək, eyni zamanda daimi olaraq bölgələrdə yaşayan qələm sahiblərinin ictimai-maarifçi fəaliyyətini istiqamətləndirmək olub...

Bölgələrdə ədəbi fəaliyyət əsasən yerli mətbu orqanların ətrafında və ədəbi dərnəklərdə cəmləşib. Daha sonralar isə Azərbaycan Yazıçılar Birliyinin bölgələrdə regional şöbələri yaradılandan sonra bu iş daha da aktiv fazaya qədəm qoymuşdur.

Əgər Müstəqillik dönəminə qədər bölgələrdə cəmisi üç regional filial fəaliyyət göstərirdisə, bu gün artıq Yazıçılar Birliyinin bölgələrdə 15-dən çox bölməsi fəaliyyət göstərir. Bölmə üzvləri öz bölgələrinin ictimai həyatında aktiv iştirak etməklə bərabər, həm də bölgədəki ədəbi qüvvələrlə Azərbaycan Yazıçılar Birliynin əsas aktivi arasında körpü rolunu oynayır.

Son Qurultaydan sonra regional bölmələrin fəaliyyəti daha da aktivləşmişdir ki, buna da səbəb internet məkanının genişlənməsi, sosial şəbəkələrin aktiv yayılmasıdır. Bu gün artıq istənilən bir qələm sahibi ən uzaq bölgədə belə yaşasa da, ölkənin ədəbi mədəni həyatında aktiv iştirak edə bilir. Beləliklə, əvvəllər mövcud olan bir çox kommunikativ çətinliklər, maneələr təbii şəkildə aradan qalxmış olur...

Hal-hazırda bölgələrdə yaşayan yazarlar internet şəbəkəsi vasitəsilə əlaqələr yaradaraq müxtəlif saytlarda, ədəbi dərgilərdə mütəmadi çap olunur, öz əsərlərini geniş oxucu kütləsinə təqdim edirlər.

Bundan əlavə, bölgədə yaşayan yazarlarımız Azərbaycan Yazıçılar Birliyinin mərkəzi ədəbi orqanlarında - "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında və AYB-nin saytlarında mütəmadi olaraq, toplu şəklində və fərdi qaydada çap olunurlar.

Bölgə yazarlarının əsərləri həmişə ədəbi tənqidin nəzərində olmuşdur. Müxtəlif tənqidçilərimiz, əbədiyyatşünaslarımız bölgələrdə yaşayan yazarlarımızın əsərləri haqqında məqalələr, hətta elmi monoqrafiyalar yazmışlar. Bu istiqamətdə xüsusən filologiya elmləri doktoru Vaqif Yusiflinin əməyini diqqətə çəkmək istərdim.

Vaqif müəllim ədəbi mətbuatda mütəmadi olaraq bölgə yazarlarımız haqqında məqalələr çap etdirməklə bərabər, həm də bu mövzuda bir neçə geniş məzmunlu və əhatəli kitabın müəllifidir. Əminliklə deyə bilərəm ki, Vaqif müəllimin bu kitablarında son onilliklərdə Azərbaycanın bölgələrində yayaşan diqqətəlayiq qələm sahiblərinin hamısının yaradıcılığı işıqlandırılmış və dəyərləndirilmişdir.

AYB üçün ayrılan büdcədə müəlliflər üçün kitab çapı nəzərdə tutulmasa da, bir neçə il əvvəl Dövlət başçısının xüsusi qaydada ayırdığı vəsait hesabına demək olar ki, bütün regional bölmələrdə müasir yazarların əsərlərindən ibarət geniş almanaxlar çap olunub oxucuların ixtiyarına verildi... Bu almanaxlarda həm müxtəlif şeirlər, həm nəsr nümunələri, həm də publisistik əsərlər yer almışdır. 

Azərbaycan Yazıçılar Birliyinə ayrılan illik fərdi təqaüd alanların siyahısına hər il bölgələrdən də maddi ehtiyacı olan qələm sahiblərimiz daxil edilir. Ümumilikdə bu illər ərzində yüzə yaxın bölgə yazarımız illik təqaüdə layiq görülmüşdür.

Bu illərə ərzində bölgələrdə bir çox müxtəlif ədəbi tədbirlər, hətta beynəlxalq səviyyəli layihələr həyata keçirilmişdir ki, Azərbaycan Yazıçılar Birliyinin bölgə filiallarının üzvləri bu tədbirlərdə aktiv iştirak etmişlər...

Bütün bunlarla bərabər, AYB-nin əyalət bölmələrində çoxsaylı problemlər də olmamış deyil ki, bunların da bəzilərini diqqətə çatdırmaq istəyirəm.

Qeyd edim ki, ən əsas problemlər təbii maddi məsələlərə bağlıdır. AYB-nin yalnız dörd regional bölməsi dövlət büdcəsindən maliyyələşir, qalanlarında fəaliyyət ictimai əsaslarla və yerli icra orqanlarının dəstəyi hesabına həyata keçirilir. Bu da, öz növbəsində, kommunal məsələlərə, təşkilati işlərlə bağlı çoxsaylı problemlərə gətirib çıxarır.

Düşünürük ki, qarşıda gələn illərdə bu problem də öz həllini tapacaq.

 

*

Azərbaycan Yazıçılar Birliyinin regional bölmələri arasında son illərdə ən aktiv fəaliyyətdə olan Gəncə bölməsidir. Tək Gəncədə yox, bütün Azərbaycanda öz poeziyası ilə sevilən gözəl şairəmiz Xəzangül xanım 2014-cü ildə Gəncə bölməsinin sədri təyin olunandan sonra bölmədəki fəaliyyət xeyli dərəcədə canlanmışdır. Bütün bu illər ərzində bölmənin təşkilatçılığı ilə onlarca böyük ədəbi layihələr reallaşdırılmış, çoxsaylı yubiley tədbirləri, görüşlər keçirilmiş, dərgilər almanaxlar, müxtəlif kitablar çap olunmuşdur.

Hal-hazırda AYB-nin Gəncə bölməsində hər həftə yazarların görüşləri, məclisləri keçirilir, bütün ətraf bölgələrdən istedadlı qələm sahibləri toplaşırlar.

Eyni sözləri AYB Lənkəran bölməsi haqqında da demək olar. Tanınmış yazıçı Qafar Cəfərli bölmə rəhbəri seçiləndən sonra Lənkəran ədəbi mühitində xeyli aktivlik müşahidə olunmaqdadır. Bölmənin təşkilatçılığı ilə yazarlar mütəmadi olaraq bölgənin müxtəlif müəssisələrində, ali təhsil ocaqlarında görüşlərdə olur, dərgilər, kitablar çap edir, müxtəlif ədəbi layihələr həyata keçirirlər.

Sumqayıt bölməsinin rəhbəri Gülnarə Camaləddinin və Qazax bölməsinin rəhbəri Barat Vüsalın da fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Aktiv ədəbi mühiti olan hər bölmənin fəaliyyəti yüksək səviyyədə həyata keçirilir ki, bu da reallaşdırılan layihələrdə, çoxsaylı tədbirlərdə özünü göstərir.

Müstəqillik dönəmində və ələlxüsus da son onillikdə yaradılan regional bölmələrin arasında Mingəçevir (sədri İsmayıl İmanzadə), Beyləqan (sədri Fazil Əsəd), Abşeron (sədri Şəhla Ağbulud), Şabran (sədri Aydın Tağıyev), Xəzər (sədri Arif Buzovnalı), Oğuz (sədri Vüsal Oğuz) xüsusi aktivliklə fəaliyyət göstərirlər. Bu bölmələrin bəzilərinin fəaliyyətində xüsusi spesifik istiqamətlər özünü göstərir.

Misalçün, uzun illər ərzində cəbhə xəttinə ən yaxın olan Beyləqan bölməsi mərhum yazıçımız Asif Cəfərlinin sədr olduğu dönəmlərdə də, son illərdə də daha çox hərbi-vətənpərvərlik ruhlu tədbirlərin həyata keçirilməsi, hərbi hissələrdə əsgərlər qarşısında görüşlərin keçirilməsinə daha çox əhəmiyyət verib, bu istiqamətdə çox aktiv fəaliyyətdə olub.

Birliyin Aran bölməsi (sədri Sərvaz Hüseynoğlu) ötən illər bölgədə yazıb-yaradan şairlərin əsərlərindən ibarət bir neçə toplu nəşr etdirib, ədəbi müzakirələr keçirib.

Eyni zamanda Xəzər bölməsi daha çox əruz vəznində yazan şairlərin toplaşdığı və öz peşəkarlıq səviyyələrini artırdıqları bir məktəb rolunu oynayır. Arif Buzovnalının rəhbərliyi altında bu bölmənin yaradıcı qüvvələri klassik ədəbiyyatda, bədii tərcümə ilə bağlı respublika miqyaslı çoxsaylı tədbir və layihələrin iştirakçısı olmuş, Heydər Əliyev Fondunun keçirdiyi Nəsimi festivallarında aktiv iştirak etmiş, mükafatlandırılmışlar.   

Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron bölməsi də aktiv fəaliyyət göstərən bölmələrimizdəndir. Şəhla Ağbuludun rəhbərliyi altında bölmənin fəaliyyətində bir özəllik də bölgənin təhsil sektoruyla sıx əlaqədə olması, rayonun müxtəlif təhsil ocaqlarıyla birgə mütəmadi olaraq tədbir və layihələr həyata keçirməkdir ki, bu da, öz növbəsində, yeniyetmə və gənclərin ədəbiyyata marağında xüsusi rol oynayır.

Tanınmış şair İsmayıl İmanzadənin rəhbərlik etdiyi Mingəçevir bölməsi də həm şəhərdə, həm də ətraf bölgələrdə aktiv və dinamik fəaliyyətilə seçilir. Mingəçevir bölgənin iqtisadi mərkəzlərindən olmaqla bərabər, həm də ədəbiyyat və mədəniyyət mərkəzinə çevrilmişdir ki, bu işdə də AYB Mingəçevir bölməsinin xidmətləri böyükdür. Bölmə üzvləri şəhərin bütün mədəni tədbirlərində ön sıralarda iştirak edir, bölmənin təşəbbüsüylə də çoxsaylı tədbir və layihələr həyata keçirilir.

Ötən il Şamaxı bölməsinə tanınmış yazıçı Orxan Fikrətoğlunun sədr seçilməsi də bu qədim ədəbiyyat bölgəsində AYB bölməsinin daha aktiv fəaliyyət fazasına keçməsi üçün zəmin yaradır.

Onu da təkrar qeyd etməliyəm ki, müstəqillik dönəmində yaradılan bölmələrin fəaliyyəti ictimai əsaslarla həyata keçirilir. Bu da həm bölmə rəhbərlərinin, həm də ora toplaşan qələm sahiblərinin ədəbiyyat eşqindən, fədakarlığından xəbər verir. Həyata keçirilən tədbirlərin əksəriyyəti bölmə rəhbərlərinin və ədiblərin öz şəxsi təşəbbüsləri və təşkilatçılığı ilə reallaşır.

 

*

Yuxarıda qeyd etdiyim kimi, bölgələrdəki ədəbi qüvvələrin əsərlərinin bədii keyfiyyətlərilə bağlı həm bölgə mətbuatında, həm də mərkəzi mətbu orqanlarında çoxsaylı məqalələr, kitablar, monoqrafiyalar çap olunmuşdur.

Bundan əlavə, Azərbaycan Yazıçılar Birliyinin qurultayqabağı məruzələrində janrlar üzrə təhlillər aparılarkən, bölgələrdə yaşayan şair və yazıçılarımızın, tənqidçi və ədəbiyyatşünaslarımızın yaradıcılığı geniş şərh olunmuşdur. Buna görə də mən öz məruzəmdə ayrı-ayrılıqda yazarların əsərlərini təhlil etmək niyyətim yoxdur. Yalnız onu deyə bilərəm ki, bölgələrdəki yazarlarımızın əksəriyyətinin ədəbi əsərləri daha çox milli ruhun, milli mədəniyyətin daşıyıcısı kimi çıxış edir. Çoxəsrlik Azərbaycan ədəbiyyatının müasir dövrdə özünəməxsus şəkildə davamı kimi çıxış edir. Bölgələrdə yaşayan yazarlarımızın, ələlxüsus şairlərimizin yaradıcılığında doğma vətənin təbiət gözəllikləri, təbiətlə daha çox təmasda olan insanların daxili aləmi, deqradasiyaya uğramış şəhər mühitindən kənarda yaşanan saf hiss və duyğular daha çox əksini tapır. Qloballaşmanın gətirdiyi yad düşüncə elementləri, kənar ədəbi cərəyanların təsiri bölgə yazarlarımızın yaradıcılığında daha az hiss olunur.

 

*

Azərbaycan Yazıçılar Birliyinin internet məkanında fəaliyyəti də son on ildə artan xətt üzrə inkişaf etmişdir.

İlk olaraq on il əvvəl AYB-nin əsas baza saytı olaraq AZYB.NET saytı yaradılmış, bütün arxiv materialları, əldə olan fotoşəkillər, video və audio materiallar orada yerləşdirilmişdir.

Bu saytda Yazıçılar Birliyinin yarandığı gündən müasir dövrümüzə qədər fəaliyyətinin əsas mərhələləri, fəaliyyət mexanizmləri, qurultaylar barədə məlumatlar, AYB-nin strukturuyla bağlı informasiyalar yerləşdirilmişdir.

İnternet resurslarının daim yenilənmək zərurəti yarandığına görə 2014-cü ildə AYB Mətbuat xidmətinin AYB.Az və digər saytları fəaliyyətə başlamışdır ki, Mətbuat xidmətinin rəhbəri şair Xəyal Rzanın rəhbərliyi altında bu saytlarda qurumun fəaliyyətilə bağlı informativ məlumatları operativ şəkildə ictimaiyyətə çatdırır, eyni zamanda ədəbi materiallar da yerləşdirlir.

2016-cı ildə isə AYB-nin orqanlarında çap olunan eksklüziv ədəbi materialların internet şəbəkəsində də yayılması üçün AZYB.AZ saytı fəaliyyətə başlamışdır. Bu saytın yaradılmasında əsas məqsəd qurumun orqanları olan "Azərbaycan", "Ulduz", "Qobustan", "Literaturnıy Azerbaydjan" jurnallarının, "Ədəbiyyat qəzeti", "Mir literaturı" qəzetlərində çıxan ədəbi materialları ay ərzində ardıcıl olaraq sayta yerləşdirmək, çap məhsullarının gedib çatmadığı yerlərdə də ədəbi materiallarımızı təbliğ etməkdir.

Bir neçə il əvvəl AYB-nin əsas mətbu orqanı olan "Ədəbiyyat qəzeti" öz fərdi internet saytını da açmışdır. Hal-hazırda redaktoru Mətanət Vahid olan edebiyyatqazeti.az saytı ölkədə ciddi ədəbi materiallar üzərində ixtisaslaşan, ucuz şou ardıyca qaçmayan, gündəmin xırda problemlərinin səviyyəsinə düşməyən sanballı ədəbi orqan funksiyasını uğurla həyata keçirməkdədir.

Qeyd edim ki, saytlarımızda tək Azərbaycan dilində deyil, yazarlarımızın rus və ingilis dillərinə tərcümə olunmuş əsərləri də yer almaqdadır.

Bu saytların fəaliyyətinin həm bölgələrimizdə, həm də ölkəmizdən kənarda izlənilməsi onu göstərir ki, bundan sonra ədəbiyyatımızın internet təbliğatı sahəsində fəaliyyətini daha da genişləndirməyə ehtiyac var.

Ümid edirəm ki, bundan sonra da, həm bölgələrimizin, həm də internet saytlarımızın fəaliyyəti yüksələn xətlə inkişaf edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

KİNOMUZU TANIDAQ - “Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Respublikası Kino Agentliyi ilə birgə layihəsi. 

 

Müsahibimiz Azərbaycan kinorejissoru və aktyoru, Kinematoqrafçılar İttifaqının üzvü Elvin Əhmədovdur.

Təqdim edir: Nigar Həsənzadə

 

-Azərbaycan Respublikasının kifayət qədər tanınan dəyərli aktyoru və kinorejissoru Elvin Əhmədov, öncə sizə təşəkkür edirəm, müsahibə təklifimizi qəbul etdiyiniz üçün. Əvvəl istəyərdim ki, özünüzü oxucularımıza təqdim edəsiniz. 

 

-Çox sağolun. Mən Əhmədov Elvin Məmmədağa oğlu 1990-cı il 3 fevralda Salyanda anadan olmuşam. Bakıda Nizami rayonu 10 saylı orta məktəbdə ilk təhsilimi almışam. Uşaqlıqdan incəsənətə, xüsusilə musiqiyə həvəsim var idi. İslam Rzayevin və Arif Qazıyevin muğam məktəbində retro estrada musiqisindən təhsil almışam. 2007- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər və tamaşalar rejissoru fakültəsinə daxil olmuşam. Hərbi xidmətdən 2009-cu ildə qayıdıb təhsilimi davam etdirmişəm. 2010-cu ilin yayında ilk dəfə C.Cabbarli adına Azərbaycanfilm kinostudiyasına praktikaya getmişəm. O vaxtdan kinoya sevgim sonsuz olub. 

 

-Elvin bəy, Baş rolda iştirak etdiyiniz " Dolu" filminin sizin həyatınızda rolu nədən ibarətdir?

 

- "Dolu" filmi, belə deyək, elə bil mənim ilk rəsmi iş yerim olub. Həm o filmdə rejissor astenti işləmişəm, həm də baş rola çəkilmişəm. Çox qeyri-adi şeylər yaşamışam bu filmdə. Bu filmin məndə olan izini hər kəs görüb. Məni cəmiyyətə - kino cəmiyyətinə "Dolu" filmi tanıdıb. Mən bu filmin sayəsində sayılıb- seçilən aktyorlarımızla tanış olmuşam. Müəllimim - görkəmli rejissor Elxan Cəfərovla tanış edib məni bu film. Ümumiyyətlə, "Dolu" filminin dəyəri mənim üçün bir başqadır.

 

-Rejissor kimi ilk lentə aldığınız film " Sara" filmidir. "Sara" filminin ümumi məzmunu haqqında məlumat verərdiniz mümkünsə. “Sara” filmi, sizin qeyd etdiyiniz kimi, rejissor olaraq ilk lentə aldığınız filmdir. Heç, nə zamansa təəssüflənmisizin ki, ilk rejissorluq fəaliyyətimi " Sara" ilə niyə başladım? 

 

-2015-ci ildə biz ARB kanalında bir teleserial təqdim etdik. Ondan sonra  balaca bir boşluq yarandı. Həmin ərəfədə yaxın dostum - "Sara " filminin baş produsseri bir təklif etdi ki, gəl bir film çəkək, ikimiz baş rollarda oynayaq. Və birimiz mənfi personaj olaq, birimiz isə müsbət. İdeya xoşuma gəldi. Ondan sonra filminin sujet xəttini, ideyasını müəyyən etdik. Və 2015-2016-cı illərdə çəkilən bu film həyatımda gözəl təcrübə oldu. Heç təəssüflənmirəm, əksinə çox sevinirəm ki, nə yaxşı " Sara" filmini çəkmişəm və bu cür maraqlı iş ortaya çıxıb. Nizami kinoteatrında təqdimatı da keçirilib “Sara”nın. 

 

-“Sara" filmində xalq artisti Rasim Balayevlə tərəf müqabili olmusunuz. Rasim Balayevlə tərəf müqabili olmaq necə bir hisdir? Sizə nələr bəxş olub, nə kimi faydaları olub Rasim Balayevlə tərəf müqabilli olmağın?

 

-Rasim Balayevlə tərəf müqabili olduğum günə qədər artıq mən Rafael Dadaşov kimi, Şamil Süleymanov kimi, Məmmədsəfa müəllim kimi, Oqtay Quliyev kimi və

bir çox digər gözəl aktyorlarmızla tanış olub, tərəf müqabili olmuşdum. Və Rasim Balayev obrazını özümüz seçmişdik. Rasim Balayev həmin obraza ən uyğun gələn aktyor idi. Və onunla bir filmə çəkilmək, rejissor kimi işləmək çox gözəl idi. Daha çox onunla rejissor kimi işləməkdən böyük zövq aldım.

 

-24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv olmusunuz. Sizi bu münasibətlə  təbrik edirəm!

Sualım isə belədir, sizcə bir aktyor üçün təhsil vacibdirmi?  Bizim filmlərimizin  savadlı, təhsilli aktyorlaramı ehtiyacı çoxdur, ya əsas bacarıqdır? 

 

-Çox sağ olun, təşəkkür edirəm. Kinematoqrafçılar İttifaqına üzv olmağım əslində normal haldır, çünki mən teatr aktyoru olmamışam, fəaliyyətimi kino üzərində göstərmişəm hər zaman. İttifaqlardan birinə üzv olmağım çox gözəl oldu. Bu səbəbdən  Əli İsa Cabbarova  təşəkkür edirəm.

Bəli, istedadla bərabər təhsil də vacibdir. Əgər aktyor istedadlı aktyordursa, təhsillə özünü bir az da təkminləşdirməlidir.

 

-“Savaşçı" filminə çəkilmək təklifini necə almışdınız? O kinoya çəkilərkən yaşadığınız hislər haqqında bildirmənizi  istəyərdim və  o filmdən niyə ayrıldınız? 

 

-Bizim bir dəyərli dostumuz var, dəyərli rejissor Kənan Mahmudov. Hansı ki, siz Kənan MM kimi tanıyırsız hamınız. O Türkiyədən bir təklif aldı. İki personajı oynamaq lazım idi. Və personajlardan biri Təhlükəsizlik Xidmətinin əməkdaşı idi. Kənan türklərə mənim görüntülərimi, şəkillərimi təqdim etmişdi və onlar bəyənib, dəvət etmişdilər. O filmə çəkildikdə çox gözəl hislər keçirirdim. Yeni aktyorlarla tanış olurduq, başqa ölkənin aktyorları ilə çəkilmək çox maraqlı idi. Qürur hissi keçirirdim, doğrudan da çox gözəl hislər idi.

 Filmdən ayrılmağım tam normal iş prosesi idi. Onlarla yarım sezon çalışdım hardasa 6 bölüm.  Və hekayəm bitdiyinə görə filmdən ayrıldım. 

 

-Sizin üçün "məktəb" olan film və "müəllim" olan aktyor kimdir?

 

  - Əksəriyyət bunu bilir ki, sənətdə müəllimim, nəsə bilmək öyrənmək istədikdə ilk axtardığım insan Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərovdur.

 

-Bu sənətə gəlmək istəyərkən sizə ailəniz tərəfindən dəstək olunubmu? Salyanda doğulmusunuz, Salyanda doğulmanız, yəni Bakıdan kənarda doğulmanızın buna  hansısa maneələri oldumu?

 

-Qeyd eləyim ki, həmin dövrdə biz Salyanda yaşamırdıq, Bakıda yaşayırdıq. Sadəcə,

həmin ərəfədə ailəlikcə Salyanda olduğumuz üçün mən orada doğulmuşam. Salyan həm də öz rayonumuzdur, valideyinlərim əslən ordandırlar. Və bu, mənə heç çür maneə olmayıb. Ailəm hər zaman məni dəstəkləyib. 

 

-Fevralın 3-ü ad gününüz idi, bu münasibətlə gec də olsa, sizi təbrik edirik! Yaşın üstünə yaş gəldikcə sənətiniz haqqında fikirləriniz və "aktyor necə olmalı?" sualının cavabı sizin üçün dəyişirmi?

 

- Təbrikinizə görə çox təşəkkür edirəm. Nigar xanım, fikrimcə, aktyor sadəcə işləməlidir. İşləmədiyi vaxtlarda passivləşməmək üçün mütailə etməlidir, öyrənməlidir, maraqlanmalıdır. Sənətdən uzaqda qalmamalıdır.  

 

+ Yaxın gələcəkdə aktyor, rejissor Elvin bəyin planları nələrdir? 

 

 - Maraqlı planlar var. Bu planları reallaşdırmaq istəyirik, sağlıq olsun.  Bir şeylər ərsəyə gələndə inşallah görəcəksiniz, halhazırda tam söyləyə bilmirəm, lakin iki iş üzərində işləyirik. Növbə ilə təqdim edəcəyik. 

Və bir də gözləmədiyimiz proyektlər var. Hansı ki, özümüz öz işlərimizlə məşğul olduğumuzda gözləmədən hansısa proyektlərə dəvət alırıq, inşallah bu kimi yeniliklər də olsa, görəcəksiniz.

 

-Sizə mən bir daha təşəkkür edir, uğurlar  arzu edirəm, siz hər zaman obrazlarınızla diqqəti cəlb etməyi bacaranlardansız!

 

- Son olaraq mən də sizə təşəkkür edirəm müsahibəyə görə!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.