Super User

Super User

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Sulu xəngəlin hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Un – 200 qr

§ Soğan – 45 qr

§ Sarımsaq – 10 qr

§ Yağ – 25 qr

§ Duz – 2 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr və ya qurut – 20 qr, sarımsaq – 2 qr

 

HAZIRLANMASI:

Xəmir yoğrulur, yayılır, xırda kvadratlar şəklində kəsilir. Su qaynadılır, kəsilmiş xəngəllər suya əlavə olunur. Xəngəlin suyu tam qurudulmur. Sulu xəngəl sarımsaqlı qatıq və ya qurutla yeyilir.

 

Ədəbiyyat və incəsənət”

(16.02.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rus Dram Teatrı şənbə gününə bilirsiniz hansı tamaşanı hazırlayıb? “Üç gözəl”i.

Uzun illərdir ki, bir adət var, istirahət günləri şəhərin azsaylı rusdilli təbəqəsi bəzənib-düzənib ailəlikcə teatra gəlir, konkret - Rus Dram Teatrına. 

Buranın aurası xoşdur, həm tamaşaya bax, həm aktyor truppası ilə söhbətləş, həm həmfikirlərinlə ünsiyyət qur.

Bəs sabahkı tamaşa nə tamaşadır belə? Bu yansı üç gözəldir ki, Bakı səhnəsində görünəcək? 

 

Rus dramaturqu Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti - teatrın rəhbəri Aleksandr Şarovskidir. 

Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.

Bəli, göründüyü kimi, internet mövzusu hətta klassik teatrlarımıza da siyarət etməkdədir. 

 

Bu arada şənbədən danışdım, bazarı bir kənara qoya bilmərəm ki. 

Bazar günü isə teatrda “Maskarad” tamaşası nümayiş olunacaq. 

Tamaşanın premyerası 2013-cü il noyabrın 24-də təşkil olunub. Dahi rus şairi Mixail Yuryeviç Lermontovun 200 illiyinə həsr olunmuş tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə həyata keçirilib. Tamaşaçılara 2022-ci il mayın 27-də isə bir sıra dəyişiklər olunmuş “Maskarad” təqdim olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

M.Y.Lermontovun əsəri əsasında səhnələşdirilmiş dram tamaşaçıya Yevgeni Arbeninin həyat yoldaşı Ninanın ona xəyanətini təsvir edən təxəyyülünün faciəsini açır. Bu tamaşa işıqlı tərəfə çıxmağa cəhd göstərən insan qəlbinin yolu haqqındadır.

Və sonda bir istəyimi də dilə gətirim. Çox istərdim ki, Bakıdakı Rus Dram Teatrı azərbaycanlı yazarlara repertuarında daha çox yer ayırsın. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasında bu dəfə 1 qonaq deyil qonaqlar olacaq.

Necə- necə?

Bəli, düz oxudunuz, qonaqlar olacaq.

O qonaqlarımız- Yazarlarımız ki, çoxlu sayda izləyicilərin könlünü oxşadı, ruhuna sığal çəkdi. Başladığı gündən rubrikamızda yer alan hər bir qonağımızdan 1 Sual və 1 Cavabı Sizlərin ixtiyarına buraxırıq, buyurun  

" sözlərin sehri" ilə baş- başa qalın, əziz izləyicilərimiz.

 

1) Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa? 

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!(Nəsimi) 

Musa Ələkbərli üçün daimi olan nədir? 

 

-Hegel deyib ki, “şeir rəssamlıq və musiqidən də üstündür”. Şairləri dilə gətirən, ilhamını xaosdan, ritmə, harmoniyaya kökləyən elə bu inamdır. Ölməz şairimiz M.Müşfiq də bir şeirində yazırdı ki, “Kainat olduqca, şeir olacaq”. Bu mənada mənim üçün daimi olan, insanlığın ən ali hissi poeziyadır. Mən gözümü açandan, dünyadan baş çıxarmaq istəyən anlardan (on dörd yaşımdan) könlümü şeirə vermişəm. Şeir mənim ilk məhəbbətimin, ən bakirə hisslərimin müqəddəsliyini yaşadan, qoruyan nemətdir. Bu ayrı söhbətdir ki, onunla yaxınlığım, doğmalığım mənə nə verib... Qazanmışammı, itirmişəmmi?! Əlbəttə, bunu zaman göstərəcək. Yəqin ki, mən dünyada olmayanda... 

Sualınızın  cavabını mükəmməlləşdirmək fikri ilə dahi şairimiz M.Füzuliyə istinadən yazdığım “Söz” qoşmamdan sizə sətirlər oxumaq istəyirəm. Üzrlü sayın, ilk dəfədir ki, təvazökarlıq həddimi aşıb, yazdıqlarıma bu qədər üz tuturam. Yaşımın bu ixtiyar çağında üzə tutalğac ayrı nəyim var ki?! 

 

 Mətniylə, məğziylə mənzilə çatmaz 

Duyğu ələyindən ələnməyən söz. 

Hər könlü oxşamaz, hər qəlbə yatmaz 

Sevgiyə, istəyə bələnməyən söz. 

 

Qəlbə yük gətirər, qəlbdən yük atmaz, 

Birinə çatanda, beşinə çatmaz. 

Dilində heç zaman sığala yatmaz 

Könlünə göylərdən çilənməyən söz. 

 

Əks etməz tanrıdan gələn gücümü, 

Seçilməz təpəri, olmaz hücumu. 

Dərin dəryaların dibinə cumub, 

Əngin səmalara millənməyən söz. 

 

Aydan adlayammır, il aşa bilmir, 

Ariflər yanında dil aça bilmir. 

Əsrin yaxasında gül aça bilmir 

Təşbehlə, məcazla güllənməyən söz.  

 

Qayğıları belə cəmləndirərmi, 

Könülləri belə qəmləndirərmi? 

Sənin kipriyini nəmləndirərmi, 

Mənim ürəyimdə sellənməyən söz?! 

 

Özünü atmısan qanlı sellərə, 

Hansı şeirin çatdı görən ellərə? 

Ay Musa, çox çətin düşər dillərə 

O uca eşqinlə dillənməyən söz! ( Musa Ələkbərli)

 

2) Üzün dönməz, sən "sənsənsə",

Göydən yerə fələk yensə.

Dur ayağa, gedirsənsə,

Mənzilim uzaqdı mənim.

 

Sevda dəlisiyəm, adım -

Qurddu, yalquzaqdı mənim.

Kim mənimlə yol gedəcək?!

Mənzilim uzaqdı mənim. 

(Rüstəm Behrudi)

 Dəyərli Şairimiz Rüstəm Behrudi, "Son mənzilə" üzüağ" çatmağın şərtləri nədir?

 

-Son mənzil deyilən şey yoxdu. Son da yoxdu, sonrasızlıq var! Son mənzil içimizdə getdiyimiz yola bənzəyir. İçimiz göy üzündə böyükdü bizim. Bütün yollar bitər, içimizdəki yol, əsla! Son mənzil yoxdu, yol var! 

 

 

3)İbrahim İlyaslı bəy, bir könlü fəth etmək çoxmu çətin?

 

-Tanrıdan rüsxət olursa, heç bir çətinlik yoxdur. Rüsxət yoxdursa, bu fatehlik iddiası bir ömür ancaq cəhd olaraq qalacaq… Amma bu cəhdin özündə də bir gözəllik var.

Ömrə məna qatır.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam.

Göy məni Yerə qısqanar,

Bilsə, necə bəxtiyaram.

 

 Nolsun adın Günəş deyil,

Sənə bənddi axşam-səhər.

Sənə nisbət dövr eləyir

Kainatda səyyarələr.

 

 Bir kirpiyinə minnətdi

Yerin, Göyün yeddi qatı.

Cəhənnəm olsa, cənnətdi

Sən olan göylərin altı.

 

Bir arılar bilər nədi -

Gül dalının gerçəkləri.

Kimin ətridi süsləyən

Çəmənlərdə çiçəkləri.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam...

Sənin həsrətindən özgə

Nəyim var haramdı, haram! (İbrahim İlyaslı)

 

4) Yaşamaq!

- dünyanın ən zor işi!

Yaşamaq!

- irəli qovaraq keçmişi!

 

Fəqət...

istəyirəm əcəl gələndə

qarşımda heç nə dayanmasın.

Məni elə çağırsın ki,

sevgilim yuxudan oyanmasın. (Qulu Ağsəs)

 

Dəyərli Yaradıcımız Qulu Ağsəs, ölüm nöqtədir, yoxsa vergül? Şairlərin mənəvi ölümü yoxdur deyək. Yenə də ölüm cismani həyata nöqtə, ruhi həyata isə vergüldürmü? Ölüm haqqında düşüncələriniz necədir?

 

 -Mən bir dəfə müsahibələrimin birində demişdim ki, vergül nöqtədən daha işıqlıdır. Nöqtə sanki quyudur, ora düşürsən və Yusif peyğəmbərin adı ilə də çıxa bilmirsən. Amma vergüldə bir işıq var. O deyir ki: " Hələ hər şey qurtarmayıb, hələ davamı var." Ona görə mən çox istəyərdim ki, elə ölüm də vergül olsun, nöqtə olmasın.

 

5)Qəşəm Nəvəfzadə bəy, müsahibələrinizin  birində Ədəbiyyat aləmindəki gözəl yazan şairləri əla futbol oynayanlarla müqayisə etmisiniz.

Hal-hazırda möhtəşəm "qol vuran" şairlərin adını çəkməyinizi rica etsəm, çəkərsinizmi?

 

-Bəli, futbol poeziyaya yaxındır. Bəlkə, mən də ən güclü futbolçuyam. Qol vuranda boş sahəni seçirəm ki, top adamlara toxunub geri qayıtmasın. Şeirdə də boş yer gəzirəm ki, orada heç kəs olmasın, ən yaxşı misra ən dəqiq vurulan qoldur.

Bəzən də qəsdən oxucuya pas ötürürəm ki, etiraz etsin və bu etiraza növbəti şeirim cavab olsun.

Yaxşı "qol vuran" şairlər çoxdur, amma ad çəkmək istəmirəm. Yadımdan çıxarlar və sonra məndən inciyərlər. Poeziya futbola, kinoya yaxındır, poeziya rejissor işidir. Şairin işi həm də rejissor işidir.

 

 6) " Həyat cavanların gözündə sonsuz gələcək, yaşlıların gözündə qısa keçmişdir." ( Artur Şopenhaur)

Əlizadə Nuri bəyin keçmişə boylananda: "Kaş ki,  bunu edərdim" - söylədiyi məqam varsa, oxucuları ilə bölüşə bilərmi?

 

- Şopenhauerin fəlsəfi frazalarını mən də sevirəm...

Söhbət şair kontekstinə gəlirsə, şairi danışdıqlarına görə yox, susduqlarına görə mühakimə edərlər. Necə deyərlər, ya sus, ya da susmaqdan üstün bir şey danış.

Şair demişkən, etmədiklərim hərdən məni elə yandırır ki...

İnsanlar bu həyat nərdivanında tez-tez yıxılırlar. Niyə? Bəlkə ayaqlarına etibar etmirlər- ona görə?! 

Həyat amansızdır. Eko demişkən: "bu zalım dünyanın hələ bir cəhənnəmi də varmış... 

 

7) “Gəl quş qonan budağıq,

İlk iz düşən yolağıq;

Sabahlardan sorağıq,

Sən mənsən, mən sənəm, gəl”...

(Ə.Qoşalı)

 

Əkbər Qoşalı bəy, gəlin bir anlıq rəssam olun. Sevgini mücərrəd isim olsa da, konkret ismə çevirib hansı rənglə və nəyə bənzədərək çəkərdiniz?

 

- Bilmirəm, bir anlıq rəssam olmaq mümkündürmü...

Rəhmətlik Mikayıl Müşfiq:

 

“Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy, onun nazını mən özüm çəkim”

 

deyərkən, rəssamlığı anlıq imkan kimi, yoxsa, insan taleyi olaraqmı götürüb, bilmirəm. Əgər fərz eləsək ki, istedadın, yaradıcılıq yetənəyinin mayası eynidir, bir qaynaqdan gəlir, o zaman, bir anlıq rəssamlıq damarımız tutarsa, onu bəlkə ağ-qara çəkərdim... Çün “Ayrılıq da sevdaya daxil... Çünki ayrılmağın da vəhşi bir dadı var” – Atilla İlhan belə yazırdı...

 

8)Payız adam, bu fəsil sənin çiyinlərindən

nimdaş plaş kimi asılı qalıb.

Qış kürkünü görmədim.

Dörd ildi gözlərimdə bir fəsildə qalmısan:

bomboz rəngdə.

(Namiq Dəlidağlı)

 

Namiq bəy, " Payız adam" yenə nimdaş paltarındadırmı?

 

- Yaradıcı adamlar həm də özlərini ifadə edir, yazdıqlarında, yaratdıqlarında. “Payız adam” nimdaş libasında arzularının ardınca hələ də yol gedir...

 

9) Təranə Dəmir sevgini hansı rəngə bənzədir və nə üçün?

 

- Əsl sevgi  bahar rəngdədir. Ömrün bütün fəsillərində yamyaşıldır. Sevgi insanı yaşadan duyğudur. Hər kəs ürəyində sevgi bəsləsə, dünya həmişə bahar olar. 

 

10) Hərəmiz bir ruhda. İkiləşməyək,

Ömür qatarında itələşməyək.

Bu sonu görünən yola düşməyək,

Biz bir-birimizçün yaranmamışıq. 

(Təranə Turan Rəhimli)

 

Təranə xanım, müxtəlif xarakterdə olan  insanları əbədi birləşdirməyə sevginin gücü çatarmı? Yoxsa anlaşılmamaq o sevginin hər saniyə "məzarını qazacaq?"

 

- Məgər həyatı maraqlı edən xarakterlərin müxtəlifliyi deyilmi? Bir anlığa düşünək ki, ətrafımızda öz xarakterimizdə insanlar toplanıb. Bu nə qədər cansıxıcı olardı. Dünyanın da gözəlliyi fərqliliklərin vəhdətindədir. Bir evin içində böyüyən iki övladın xarakteri yerlə göy qədər bir-birindən fərqli ola bilirsə, sevgi telləri ilə birləşən insanlar niyə eyni xarakterdə olmalıdırlar? Anlaşmaqla xarakter yaxınlığının heç bir əlaqəsi yoxdur. İnsan anlamaq istəyəndə buna cəhd göstərir. Əslində həmişə, bütün vəziyyət və situasiyalarda bir-birini anlamaq da mənə real görünmür. Sevgi münasibətlərində, xüsusilə ailədə anlaşmaq qədər qarşılıqlı hörmət də önəmlidir. Ortaq fikrə gəlmədiyin məsələdə belə sayqı, hörmət çərçivəsində davranış hər şeyi yoluna qoyur.

 

 11)Franklin söyləyib ki: " Ağıllı kimdir?

- Başqalarından öyrənə bilən.

- Güclü kimdir?

- Öz istəklərini idarə edən.

- Varlı kimdir?

-Malik olduqları ilə kifayətlənən.

- Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən kimdir?

-Heç kim."

 

Bəs Habil Yaşar bəy bu fikrə nə deyər?  Bu üç xarakteri daşıyan insan yoxdur?

 

-Tarixdə xeyli sayda görkəmli şəxsiyyətlər olub və olacaq. Amma bütün bunlara baxmayaraq bəşəriyyət hələ də bir xilaskar axtarışındadır. Bir Çin atalar sözünü xatırlatmaq yerinə düşər, Ülviyyə xanım: “Dünyada iki qüsursuz insan var: Biri ölüb, biri doğulmayıb”.

 

12) Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; 

bəzən xatırlatmaq lazım gəlir, 

xatırlanmaq üçün;

bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;

bəzən anmaq lazım gəlir, anılmaq üçün;

bəzən də susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)

 

"Səma”, “dəniz”, “tənha", "sevgi" və "nifrət”.

İntiqam Yaşar bəy, daxilində bu sözlər olan bir obrazlı cümlə istəsək, hansı cümləni eşidərik?

 

-Səma və dəniz tənha adamların sevgisinə də, nifrətinə də şahidlərdir. 

 

13)Məni ürəyində saxla demirəm,

vaxt gələ, görərsən ürəyin mənəm.

 Harda soruşsalar: qız, haralısan?

de ki, bir oğlanın ürəyindənəm...

(Ruslan Dost Əli)

" Dərindən sevmək- özünü unutmaq deməkdir!" ( Jan Jak Russo)

 

Ruslan Dost Əli bəy- gənc şairimiz, bu fikrlə razısınızmı?

 

- Dərindən sevmək deyəndə ki, ümumiyyətlə, yüngülvari sevmək olmur. Sevgi bizim bildiyimiz, ya da bilmədiyimiz dənizlərdən, okenlardan belə dərin və bəzən də vahiməlidir. Balıq və dənizi necə düşünürüksə, insan və sevgini də elə düşünün. O sevgiyə xəyanət etmədiyin müddətcə, boğulmayacağından əmin ola bilərsən…

 

14)Aysel Xanlarqızı “Qadın  kimdir?”- sualına tərifi necə verərdi?

 

-QADIN…

Otaqda yığılan köynəklər kimi,

Ütüləyib geyər ümidlərini.

İtirər yataqda bəzən yerini,

Gecə kürəyindən ağrıyar, Qadın.

 

Qurban verər dərdli doğrularını,

Dəyişməz yarasın sarğılarını.

Alar sevdiyinin ağrılarını,

Gizlicə gözündən oğrayar, Qadın.

 

Yuxusun analıq hissiylə bölər,

İllər saçlarının qarasın silər.

Ən son əl uzadar süfrəyə belə,

Övladı doyarsa, bir doyar Qadın.

 

Tapdansa, hüququ əyər içini,

Olmaz istəyinin azad seçimi.

Körpə arzuları bir alma kimi,

Bölüb dilimləyər, hey soyar Qadın.

 

Qovurub içini yeyər dərdləri,

Solar yaddaşında keçmişin yeri.

Üzündən, gözündən yağan kədəri,

Mətbəxdə soğan tək doğrayar Qadın.

 

 Ruhdakı təkliyin toplanmaz cəmi,

Olmaz həsrətinin, içilməz dəmi.

Qaynayıb dağılan duyğular kimi,

Çaydanın gözündən ağlayar Qadın…

 

-bu sualınızı illər öncə yazdığım bu şeirlə cavablayıram. 

 

15) Fəlsəfə - ruhun özünədərkidir." (Əbu Turxan)

Aysel Nəsirzadə xanım, çox təəssüf ki, çoxlarımızın özünədərki ya yoxdur, ya da çox az faizdədir. Sizcə, bütün bəlaların kökündə bu dayanırmı?

 

-İndi çox eşidirik "Fərqindəlik" sözünü. Fərqindəlik insanın özünü yaxından tanımasıdır. İnsan öz gücünün fərqinə varır və həyatını dəyişir. Əsas istəməkdir. Şüurlu şəkildə düşünərək nə istədiyini bilməkdir. Din də deyir, elm də deyir ki istə, istəyinə nail olacaqsan. Əsas məqsədli olmaqdır. Arzulamaq, arzunun xəyalını qurmaq və istəyə çatmaq üçün çalışmaq. Yəni, nə istədiyini şüurlu şəkildə bilmək əsasdır. İnsan düşündüyü zaman insandır. 

 

16)Kişinin həyatı boyu

içindədir kədər payı,

Qadının gözünün suyu 

Arazdan Kürəcəndi. 

(Elvin İntiqamoğlu)

 

Elvin bəy, kişilərə niyə ağlamaq “qadağandır"?

Şeirinizdə göz yaşları dərya olan xanımları gördük, bəylərin də ürəyi ətdəndir axı...

 

-Düzdür, folklorumuzda "Kişilər ağlamaz" cümləsi var. Ancaq atalar bu ağlamağı nə mənada deyib? Çoxumuz bunun fərqinə varmırıq. Mən əminəm ki, "Kişilər ağlamaz" deyən atanın özü belə nə vaxtsa ağlayıb, ancaq gözündən yaş axıtmayıb. Mənə elə gəlir ki, o atalar sözünün sətraltı mənası elə məhz budur. Kişilər içində ağlayır, gözdən yaş axıtmaq qadınlara məxsusdur. Kişinin gözdən yaş axıtmamağı qürur göstəricisidir, kişi-qadın bərabərliyinin tərs mütənasib variantıdır. Məsələn: Şəhidin dəfn mərasimində içində ağlayan şəhid atası bayrağımızı öpüb "Vətən sağ olsun" deyir, ağlamır, şəhid anası içində "Vətən sağ olsun" deyir, ağlayır.

İndi də kişilərin gözdən yaş axıtdığını görmək çətindir,  ancaq həssas həyati məsələlərdə bu da anlaşılandır. Məsələn: valideynini itirən kişi daxili aləminə güc gələ bilmədiyindən sarsıntısı göz yaşından hiss olunur. 

Gördüyünüz kimi, şəhid atası (və ya doğmaları) və ailə itkisi yaşayan biri "göz yaşı" qadağasından azaddır, ona mənəvi cərimə tətbiq etmək özü bir mənəviyyatsızlıqdır.

 

 17) Aristotel poeziyanın ümumidən, tarixin isə xüsusidən bəhs etdiyini bildirərək, poeziyanı daha üstün qəbul edib. Bəs Şamil Ənvəroğlu poeziyaya hansı tərifi verərdi?

 

 -Poeziya ruhun çırpınışı, 

ürəyin döyüntüsü,

duyğuların var olma şəklidir...

Ədəbiyyatı böyük bir limana bənzətsək, poeziya bizi o limana aparan,

dalğaların qoynunda bizi atıb-tutan bir gəmidir. 

Bu gəminin kapitanı isə ÜMİDDİR. 

 

18)Faiq Hüseynbəyli bəy,  həyatın "ərköyün uşaq", "qəddar şah", "amansız düşmən", "deyingən qoca qarı" obrazları ilə qarşılaşanda səbrinizi "qalxan" edə bilirsinizmi?

 

- Səbr Tanrının adlarından biri kimi iradəmizi təmsil edir. Həqiqəti dərk edən, ədaləti təmsil edən biri kimi şair, qeyd etdiyiniz obrazlarların qarşısında öz fəlsəfəsini ortaya qoyur. Problemlərin həlli yolunu təklif edir. Texnoloji inkişaf qarşısında ekoloqlar yüz il, min il sonra dünyada baş verəcək iqlim dəyişmələrinə qarşı bu gün necə mübarizə aparırlarsa, şairlər də dünənki, bugünkü milli şüuru sabahlara təhlükəsiz şəkildə ötürməkdə görəvli şəxslərdir. Tarixin bəzi məqamlarında şahların vəzirləri, məsləhətçiləri elə şairlər olub. Hətta bu yerdə yenə də şair Şah İsmayılın adını vurğulamaq istərdim. Qılınc və Qələm paralelliyi Dədə Qorquddan, Koroğludan, Şah İsmayıldan bu günümüzə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. "Amansız düşmən"dənsə, mehriban dostluğu, sevgini tərcih edərdim. Qocalıq məhfumunu yaşla əlaqələndirmirəm. İndi o qədər zamanədən gileyli gənclərimiz var ki... Bu bir az da sosial vəziyyət ilə bağlı olsa da, ədəbi yaşantıya çevrildiyi məqamlar da olur. 

 

 19)Gəl sevgi qoymayaq bunun adını,

Eləcə biz- bizə vurğunuq deyək.

Daha savaşmayaq ayrılıq ilə,

Çəkilək kənara yorğunuq deyək.

(İqbal Nəhmət)

 

İqbal bəy, sevgiyə öz adı ilə müraciət edəndə ayrılıq onu məhv edir, ya da ki, etiraf edilmiş sevgilərin çoxunun mükafatı elə ayrılıq olur?

 

-Mən başqa bir şeirində yazmışam ki, 

Səni sevmək bir ağacı sən bilərək 

gövdəsinə sarılmaqır,

budaq -budaq qırılmaqdı,

yorulmaqdı, yox olmaqdı.

Səni sevmək 

bəlkə, bir az da ölməkdir...)  (İqbal Nəhmət)

 

20) El Roman bəy, ölüm öz gəliş vaxtını əvvəlcədən söyləməsə də, bizimlə qarşılaşır. Ölümdən başqa nə ilə bir gün mütləq görüşəcəyik?

 

- Özümüz kimi bir adamla bir gün mütləq görüşəcəyik. Kimsə qarşısına özü kimi birisi çıxmamış ölməz. Bu insanın sonuncu vacib üzləşməsidir. Sirat körpüsüdür. Ən axırıncı mərhələdir, hətta ən axırıncı imtahandır. İnsanın özünü tanıması ölümünə yaxın baş verə bilər. Amma soruşsan, hamı guya özünü tanıyır...

 

21)Bir qadın gedir – 

bətnində körpəsi,

kürəyində ayağını itirmiş əri.

O qədər sınıxıb ki,

bir sümükdür, bir dəri.

Bəlkə, qiyamətdir?

Yox, bu, qadın işi deyil!

İlahi bir komediya,

bəşəri faciədir,

 şeytani bir sənətdir! (Ramil Əhməd)

 

 Dəyərli Ramil bəy, güclü qadın obrazını necə təsəvvir edirsiniz, iradəsindən dönməyib məğrur şahı tədricən dəyişən Şirin kimi, vətənpərvər  Janna Dark kimi,  Kiri qan tuluğu ilə "mükafatlandıran"  cəsarətli Tomris kimi, "Uncle  Tom's Cabin" adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan güclü xanım Harriet Beecher Stowe kimi, yoxsa bütün mükəmməlliklərdən pay alan xanım kimi?

 

-Mükəmməllik illuziyadır. Güc nisbidir. Müharibə haqqında olan bu şeirdə, qadın güclü olmaq istəmir, güclü olmaqdan başqa çarəsi qalmır sadəcə. İkisi arasında fərq çoxdur. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb.

AzərTAC xəbər verir ki, layihə çərçivəsində görkəmli alman bəstəkarı İ.S.Baxa həsr edilmiş “Siz Baxı sevirsinizmi?” adlı ilk konsert təqdim olunub.

 

Tamaşaçılar qarşısında Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu, Səidə Tağızadənin solistliyi ilə Bakı Kamera Orkestri çıxış edib.

 

Konsert “PAŞA Holdinq”in dəstəyi ilə keçirilib.

 

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə reallaşan layihənin hər bir mərhələsi musiqi və təsviri sənətin müəyyən epoxasına həsr olunacaq.

 

Ölkəmizin aparıcı musiqi ocaqları ilə əməkdaşlıq əsasında hər ay yeni proqram tərtib olunacaq. Tamaşaçılara həm dünya klassik musiqisindən, həm Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər, həm də milli, caz, etnik musiqi təqdim ediləcək.

 

 “Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Ural Federal Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib.

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AzərTAC-a bildirilib ki, həmin universitetin Azərbaycanşünaslıq Mərkəzində Nizami Gəncəvinin büstünün açılış mərasimində Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev, Ural Federal Universitetinin Ural Humanitar İnstitutunun direktoru Elvira Sımanyuk və Ural Dövlət Memarlıq və İncəsənət Universitetinin Kompozisiya və incəsənət hazırlığı kafedrasının professoru, büstün konsepsiyasının müəllifi Valentina Sokolova iştirak ediblər.

 

Dahi şair Nizami Gəncəvi öz əsərlərində şifahi xalq yaradıcılığı ənənələrini tarixi salnamələr ilə bacarıqla birləşdirib. Onun poeziyası dünyada müxtəlif ölkələrdən olan şairlər və yazıçılara çox böyük təsir göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən ustad şair Əlizadə Nuri görüşür. O, “İlahi, dünyanı saxla bu yerdə...” deyir. 

 

Ay xanım, mən dünən ocaq yeriydim,

İndi kül yeriyəm, indi kül yeri.

Sinəmiz üstündə iki yer qalıb:-

Məndə güllə yeri, səndə gül yeri.

 

Heç kim tapmadığı tapmacayam mən...

Bölə bilmədilər:- tək hecayam mən.

Pəncərə deyiləm, bir bacayam mən-

Sən də axtarırsan təzə  tül yeri...

 

...Haqsız sayıldımsa,haqla bu yerdə-

İlahi, məni də ağla bu yerdə.

Dünya düz yerimir... saxla bu yerdə,

Ya nöqtə yeri qoy,  ya vergül yeri...

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Cümə, 16 Fevral 2024 14:00

ÖZ ADAMIMIZ… - bu gün onun 70-idir!

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İnsan sadə olduğu qədər də mürəkkəb varlıqdır. Necə deyərlər, onun haqqında yazmaq, olduğu kimi tanıtmağı bacarmaq adamdan səriştə və məharət tələb edir. Xüsusən də elm camiyyəsinə məxsus olan adamları tərənnüm etmək olduqca çətindir. Bəli, haqqında söhbət açmaq istədiyim şəxs də elm adamıdır. Parlaq zəkası, savadı və mükəmməl araşdırmaları ilə tanınır. Təmsil olunduğu mühitdə həm ideyaları, həm də görünüşü ilə diqqət çəkməyi bacarır. Fikirlərində çox sabitdir. Bacarığına, biliyinə arxayın olduğu üçün gündəlik çətinliklər onu maraqlandırmır. Yalnız bəşəriyyətə fayda vermək uğrunda mübarizə aparır. Yerində saymağı xoşlamır, daim müasir dövrlə ayaqlaşmağa can atır. Yeniliklərə həmişə açıqdır. Azadlığa olan həvəsi isə, onu məhdudlşdırılmaqdan uzaq saxlayır...

 

1954-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. Uşaqlıq illərində qoyun-quzu da otarıb, ot da çalıb, su da daşıyıb. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Univeristetinə qəbul olunub və 1982-ci ildə oranı bitirərək, ali təhsilə yiyələnib. Sonra müsabiqə yolu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna daxil olub. Baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifələrinədək yüksələ bilib. Bir müddət "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin direktoru, Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifələrində işləyib. 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, İctimai elmlər və Sənətşünaslıq, 2020-ci ildən isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür. 

Onun elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini toplayaraq, ilk dəfə ərəb qrafikasından transliterasiya və tərtib edib. Ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri ona məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazıb və sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa edib. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni də o, ərsəyə gətirib. Son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. "Molla Nəsrəddin" Ensiklopediyası"na onun 33 məqaləsi daxil edilib. Ona yaxın elmi əsərin, iyirmiyə yaxın kitabın müəllifidir. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır....

 

Həmyerlisi, sabiq Xarici İşlər naziri Vilayət Quliyev onun haqqında yazır: “Cəfər Cabbarlı haqqındakı ilk məqaləsini 1985-ci ildə çap etdirəndə otuz bir yaşı vardı. O, böyük müasirinin avtoriteti qarşısında qorxub geri çəkilmədi. Hətta eyni mövzuda doktorluq dissertasiyası yazmaq cəsarətini də göstərdi. Bir şərtlə ki, Cabbarlı yaradıcılığını, dövrünü və mühitini sadəcə təsvir və təhlil yox, dərindən tədqiq edib araşdırmaq yolunu tutdu. Ədibin arxivini, dövrü mətbuatı, həmkar və müasirlərini diqqətlə öyrəndi. Qadağa altındakı sənəd və materialları üzə çıxardı. Ailəsi və yaxınları ilə sıx əlaqə yaratdı. Nəticədə çox da uzaq keçmişdə yaşamayan dramaturqun xeyli sayda naməlum əsərini, tənqidi məqaləsini aşkara çıxardı, ərəb əlifbasından transliterasiya edib çapa hazırladı. Böyük zəhmət bahasına başa gələn bu iş təkcə Cabbarlının ədəbi-bədii irsində və ictimai-siyasi fəaliyyətindəki "ağ ləkələrin" aradan qaldırılması deyildi, həm də XX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə qiymətli töhfə idi. Yeni əsərlərinin aşkara çıxarılıb nəşr edilməsi Cabbarlını dramaturq, şair, nasir, tənqidçi, siyasi xadim, milli mücahid kimi yeni baxış bucağından görməyə imkan yaratdı.

Onun yaradıcılığındakı ikinci mühüm xətt Azərbaycan Cümhuriyyətinin ədəbi-mədəni siyasəti, daha geniş mənada istiqlal ədəbiyyatıdır. Tarixçilər inciməsinlər, milli dövlətimiz - Cümhuriyyətlə bağlı ilk elmi araşdırmalar məhz Nizami adına Ədəbiyyat İnstitutunda başlayıb. 1990-cı ilin mayında EA-nın digər profil institutlarının iştirakı ilə "Azərbaycan Demokratik Respublikası: tarix, siyasət, mədəniyyət" adlı ümumrespublika konfransı keçirdik. Növbəti il isə həmin konfransın materialları mənim tərtib və redaktəmlə kitab şəklində "Azərnəşr"də çap olundu. Elə həmin dövrdən başlayaraq istiqlal irsimizin bütün yönləri ilə ilk fəal tədqiqatçı və təbliğatçılarından birinin o, olduğunu desəm, mübaliğəyə yol vermiş olmaram. 1990-cı ildə o, M.Ə.Rəsulzadənin məşhur "Azərbaycan Cümhuriyyəti" kitabını (1923-cü il İstanbul nəşri əsasında) hazırlayıb nəşr etdirdi. Bu, milli dövlət ideoloqunun 1920-ci ildən sonra tarixi Vətənində işıq üzü görən ilk əsəri idi. İki il sonra başqa bir Cümhuriyyət xadiminin - xarici işlər nazirinin müavini, İranda ilk səfirimiz Adil xan Ziyadxanın "Azərbaycan" kitabını çapa hazırladı. Həmin kitab 1992-ci ildə mənim "Yoxdan bayraq yaradanlardan biri" adlı geniş müqəddiməmlə nəşr olundu və tezliklə biblioqrafik nadirəyə çevrildi.”

 

Onun da həyatda öz prinsipləri var- ətrafında yalnız ağıllı, savadlı, təfəkkürlü insanlar olmalıdır. Dediklərini başa düşməyən və ya həyatda məqsədi olmayan insanlardan həmişə uzaq gəzib. Poeziyanı çox sevir. Parlaq istedada, kamil yaradıcılığa qiymət verməyi bacarır. Duyumu, hissləri mükəmməldir. Bir yaxşı misradan kövrələ bilir...

 

Deyir ki:- “Bədii sözün ülviyyəti, səmimiyyəti, lətafəti, isməti mənim fikrimcə, ədəbi növlərdən ən çox poeziyada özünü qabarıq büruzə verir. Poetik nümunələr polifonikliyi - musiqili təbiəti, yığcam biçimi, lakonikliyi, oynaqlığı, axıcılığı, çevikliyi, ovqatı kökləmək məziyyəti, kütləvilik brendi ilə seçilir. Həyatda seçdiyin elm, sənət, peşə sahəsindən asılı olmayaraq gənclik illərində hər kəs daha çox şeir oxuyur və ya yazır. Yaradıcılığa şeirlə başlayan şəxslərin bir qismi sonralar şair ola bilməsələr də, ədəbiyyatsevərlər arasında yüksək zövqə, geniş erudisiyaya malik mütəxəssis, düşüncə adamı kimi tanınırlar. İnsanların söz ehtiyatının zənginləşməsində, nitqin rəvanlığında, cilalanmasında, mənəvi dəyərlərin, milli tarixi zəfərlərin tanıdılmasında, təbliğində, dünyagörüşün və həyata baxışın formalaşmasında, vətənə, təbiətə, Tanrıya sevgi, məhəbbət hissinin ovxarlanmasında poeziyanın təsir imkanları, ecazkar qüdrəti danılmazdır...”

 

Gözəl xasiyyəti var, ünsiyyət qurmağı, diqqət göstərməyi xoşlayır. Uzun illər ayrı düşsə də canı qədər sevdiyi Qarabağa çox bağlıdır. O gün zarafat edərək söyləyir ki: “Müşahidələrimə əsasən “dayna” kəlməsi yalnız ağdamlıların leksikonunda yaşayırdı: ən azı kütləvi köçkün həyatına qədər. Sonralar ünsiyyətdə olduğum ağdamlıların ləhcəsində elə bil bu söz qəhətə çıxdı. Hətta şair dostum, əmək fəaliyyətinə ilk dəfə bizim Qiyaməddinli kəndində başalayan Nazim Muğanlının poeziyasında da, tütyəyə çevrilmiş bu kəlməyə rast gələ bilmədim. Görəsən Ağdama qayıtmağa hazırlaşan ağdamlılar necə, bu kəlmə üçün qəribsəyiblərmi?!. 

Babalardan yadigar qalan kəlmələrimiz – işğaldan azad edilmiş torpaqlarımız qədər hər birimiz üçün əzizdir. Ululardan bizə gəlib çatan sərvətlərimizdən: torpaq - xalqımızın igidliyindən, qəhrəmanlığından, söz, kəlmə isə zəkasından, təfəkküründən miras qalıb...”

 

Ruslarda belə bir ifadə var- “svoyski çelovek”. Bizim dildə bu kəlmənin ən yaxşı tərcüməsi- “öz adamımız” kimi səslənir. Bəli, yolu ədəbiyyat institutuna düşənlər, haqqında şirin-şirin danışdığım ÖZ ADAMIMIZ- filologiya elmləri doktoru, professor Asif Rüstəmli ilə görüşüb, onu təbrik etməkdən yayınmasınlar. Axı fevralın 16-da Asif müəllimin 70 yaşı tamam olur...

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Çox maraqlı bir kitab işıq üzü görüb. Qasım Əhmədlinin “Qaçaq Məmmədalı - Poylu kəndinin tarixindən qeydlər” kitabı. 

Redaktoru fililogiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədova olan bu kitab Qazax mahalının Poylu kəndi ilə bağlı tarixin müxtəlif dövrlərinə aid hekayətlərdən bəhs edir. 

“Ədəbiyyat və incəsənət” portalı sizə kitabla tanışlıq üçün Salatın Əhmədovanın Ön sözünü təqdim edir. 

 

Bu yaxınlarda mənə bir əlyazma göndərdilər. Baxdım, adı ahənrüba kimi məni özünə çəkdi, özümlə əlyazma arasında bir doğmalıq, bir istilik hiss etdim. Poylu kəndim haqqında qeydlər olan bu əlyazmanı əvvəlcə vərəqlədim, sonra oxumağa başladım. Əvvəlcə elə bildim yazı kiçik qeydlər, oçerklərdən ibarətdir. Ancaq qeydləri oxuduqca, necə deyərlər əsərin içərisinə girdim, nəfəs çəkmədən oxumağa başladım. Nostalji hisslər məni bürüdü. Qəlbimdə nifrət hissi ilə bərabər bir kövrəklik yarandı. Həmkəndlilərimin göyüm-göyüm göynədim halına, vəziyyətinə. Qeydlər vardı ki, onu təkrar qayıdıb bir də oxuyurdum. Bir vaxtlar oxuduqlarımla, eşitdiklərimə tutuşdurur, müqayisə aparırdım. İstəmirdim ki, xətalı bir cümlə, əsassız bir fikir bu kitabda getsin, kitaba xələl gəlsin. Orada yazılanların çoxusunu mən də eşitmişdim. Müəyyən qədər yaşım olduğundan kitabda adı çəkilən adamları mən də görmüşdüm, mən də tanıyırdım. Hadisələri uzun ömür sürmüş anam Güləbətin xanımın  dilindən dəfələrlə eşitmişəm. O dövrün  çətinliklərindən, kolxoz quruculuğundan, repressiyalarından, qaçaqlardan, qaçaq Qurbandan, qaçaq Məmmədalıdan danışırdı. Şurəvilərin yerlərdəki əlaltılarının, firqəçilərin sadə kənd camaatına, varlılara etdikləri zülmlərindən danışanda sanki, nəfəsindən od çıxırdı. Əhvalatları can yanğısı ilə nağıl edirdi.

Əlyazmanın müəllifi Qasım Əhmədli də o dövrə aid olan sənədləri arayıb-araşdırıb, illərlə bu kitabın üzərində işləyib. Yazı tək Poylu kəndinin tarixini deyil, o zamankı bütün Azərbaycan kəndlərinin tarixini əks etdirir. Yazıda Qasım müəllim qaçaq Məmmədalıya, onun qaçaqçılıq fəaliyyətinə  geniş yer verib. Varlı kəndlilərdən olan Hacıkərim kişini şura hökuməti “kulak” damğası vuraraq onu gedər- gəlməzə yollayıb. Onu burdamı güllələdilər, yoxsa Sibirin soyuq yerlərinəmi sürgün etdilər, bilinmədi. Bütün varlıların varı əlindən alınmış, özləri isə ya kənd camaatının gözü qarşısında güllələnmiş, ya da sürgünə göndərilmişdir. Heç bir günahı olmayan “qolçomaqların” varisləri öz intiqamını almaqdan ötrü evindən-eşiyindən olaraq dağlara sığınıb qaçaqçılıq etməyə məcbur olur. Bu qaçaqlardan biri də qaçaq Məmmədalıdır. Müəllif onu çox böyük məhəbbətlə qələmə alaraq onun məşəqqətli həyatını oxuculara çatdırıb.

Yazıda kolxoz quruluşunun təsviri ilə yanaşı kəndin yaranma tarixi, inkişafı, ziyalıları, alimləri, ərləri- ərənləri, igidləri, I, II Qarabağ döyüşündə iştirak edənlər, şəhidlər, qazilər, xeyirxahların tikdirdiyi arx üstündəki körpülər, vaxtı ilə M.V.Vidadinin oxuduğu məktəb, xəstəxana və s. haqqında geniş məlumat verilir. Müəllif faktları daha dəqiq göstərmək üçün Tiflisə -arxiv idarəsinə getmiş, bəzi sənədlərin şəklini çəkərək kitaba salmışdır.  

Kitabda müəllif çox gözəl bir faktı oxucuları ilə bölüşür. Güclü vətənpərvər şəxsiyyət olan Molla Nəsib həmkəndliləri Xəkioğlu İsrəfil, Qara Süleyman, Çolaqların Afkərimi və Koxalı “Cızdaq” Hacı ilə birlikdə, 1918-ci ildə Nuru paşanın “Müsəlman” ordusuna qoşulmuşlar. Onlar erməni daşnak qoşunları və ingilis müstəmlə-kəçilərinə qarşı fədakarlıqla vuruşmuşlar. Qeyd edək ki,  bu döyüşlərin birində Molla Nəsib ayağından yaralanmışdır.

Kitabın müəllifi Qasım Əhmədli ilə eyni məktəbdə oxumuşam. Onun dərsə davamiyyəti, dərslərdə fəal və müntəzəm çalışması, məsuliyyəti indi də yadımdadır. Müəllimlər onun haqqında həmişə yüksək fikirdə olublar. O həm də çox işgüzar, istədiyinə nail olan biri olmuşdur. Vətənə sevgi, torpağa sevgi Qasım müəllimi Poylu haqqında qeydləri yazmağa bir vicdan borcu kimi vadar etmişdir. Kitabda Poylu kəndinin yaranma tarixindən, kolvoz quruculuğundan, qaçaqlardan xroni-ki qaydada bəhs edilsə də orada geniş bir romanın süjet xəttini görməmək olmur.

Ümidvaram ki, gələcəkdə Qasım müəllimin bu qeydlər kitabı sanballı bir nəsr əsərinin yaranmasına səbəb olacaq. Uzun illər Poylu kənd orta məktəbinin direktoru işləmiş Qasım müəllim bu kitabın üzərində uzun müddət çalışmış, ürəyinin sevgisini, təpərini vermiş, çox yerləri gəzib lazım olan qeydləri, sənədləri əldə etmiş, ondan istifadə edərək Poylu haqqında məlumatları oxucularına çatdırmışdır. Bu işdə ona yaxından dəstək olmuş kəndimizin ziyalısı İsmixan Yusubova dərin minnətdarlığımızı bildiririk.

Hörmətli oxucular! Bu kitabı oxumağı sizə tövsiyyə edirəm. Ümidvaram ki, tariximiz haqqında müəyyən faktlar, qiymətli məlumatlar əldə edə biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Cümə, 16 Fevral 2024 10:00

Sevgililər günündən sonrakı günlər

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Nə idi hər kəsin dilinə doladığı sevgi?

Sözlərdə deyilən səni sevirəmlər?

3-5 günlük münasibətlər?

Ya kiçicik çətinlikdə qoyub qaçanların öpüşlərində gizli idi bu sevgi?

Sevgi hüzurdur, əzizim. Ruhundakı hüzurdur sevgi.

Üşüyəndə əllərini ovcunda isidən insanın titrək səsində, utancaq baxışlarında gizli olan duyğudur sevgi.

Anamı qucağlayanda istəmsizcə süzülən göz yaşlarımdı sevgi.

Onun güləndə qıyılan gözlərinə baxmadan kirpiklərinə toxunmaqdır sevgi.

55 illik yoldaşını itirən nənənin:

-"İndi mənim bir dərdim olanda danışmaq məcburiyətində olacam" deyğrkən olan acı gülüşü idi.

Sevgi incəlik idi, həssasiyət idi, sözləri seçib qırmamağa çalışmaq idi, qarşılıqlı hörmət idi sevgi. Bəzən də, qarşılıqlı çay içib kitab oxuduğun adam idi sevginin rəmzi. Dualarında Allaha əmanət etdiyin idi, itirməyə qorxduğun idi sevgi.

Bizlər yanlış anlamışıq sevgini.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Cümə, 16 Fevral 2024 13:00

Mamed - çempion

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1

Haykanuş kişiləri öz gözləri ilə cəlb edirdi. Onun gözləri abırsız rəngində idi. 

2.

Skanvordtapmaq üzrə dünya çempionatını Bakıdakı bir ofisin 25 il stajı olan Mamed adlı gözətçisi qazandı.

3.

Öz gələcəyini indidən yemləməlisən.

4.

Hakimiyyətin əlləri uzun olmalıdır ki, vətəndaşın cibinə girə bilsin (Fil Sümüyü Sahili məsəli)

5.

Test sualları:

-Bu qadınlardan hansının dili acıdır: Sənəmin, yoxsa İlanənin? 

-Bu kişilərdən hansı daha dözümlüdür: Səməd, yoxsa Daşdəmir?

6.

Hələ də heç kəs şərh verə bilmir ki, niyə qəzlar anası ilə yaşayan oğlanlara maraq göstərmirlər, amma arvadları ilə yaşayanlara maraq göstərirlər?  

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.