Super User

Super User

Cümə axşamı, 15 Fevral 2024 11:45

Şəhidlər barədə şeirlər – Qoşqar Ömərov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Qoşqar Ömərova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

QOŞQAR SƏXAVƏT OĞLU ÖMƏROV

(09.02.1994.-04.11.2020.)

 

Kürdəmirin Şilyan (Qarasu) kəndindən olan, Masazır kənd 5 nömrəli orta məktəbin riyaziyyat müəllimi, APU-nun və AzMİU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

 

 

 QOŞQARDAN ƏLA DƏRS

 

Vətənin nə qədər igidləri var,

Bunlardan biridir nur üzlü Qoşqar.

İstəyirəm  onun haqda danışım,

Olmasa da  nə dostum, nə tanışım.

İndi doğmadan da əzizdir mənə,

Canın fəda edib ana Vətənə.

 

Doğulsa da Kürdəmir Şilyanında,

Sevilir yurdumun o, hər yanında,

Uşaqlıqdan dəqiq, ləyaqətliydi,

Ağıllı, çalışqan, fərasətliydi,

Məktəbdə əlaydı  onun qiyməti,

Kəndlərində vardı  xətir-hörməti.

 

Atası Səxavət müəllim kimi,

Sevirdi  təhsili, sevirdi elmi.

Oxuyub məktəbi, “beş”lə bitirdi,

Ali məktəbə də uğurla girdi.

 Elmə olan tükənməyən marağı

Asan etdi ona neçə sınağı.

 

Oxuyub qurtardı ali məktəbi,

Ürəyində vardı yenə mətləbi.

Magistr diplomu alması üçün,

Daha səviyyəli olması üçün,

Çalışdı, gecəni gündüzə qatdı,

Nəhayət, bu ülvi arzuya çatdı.

 

Vaxt gəldi, yollandı hərbi xidmətə,

Əsgəri borcunu verdi dövlətə.

Qayıtdı xidmətdən,  verdi imtahan,

Müəllim olmaqçın- bilindi məkan.

 

Həyat çarpışmaqdır, həyat yarışdı,

Masazırda müəllim tək çalışdı.    

Qoşqar çox saf idi, çox təmiz idi,

Məktəbdə hamıya dost, əziz idi.

 

Torpaq düşməndəydi, dözə bilmirdi,

Ürəkdən danışıb gülə bilmirdi.

Nəhayət,  gün gəldi, çağırdı vətən.

Sevindi: - Bu günü gözləyirəm mən.

Yollandı döyüşə bir aslan  kimi,

Vuruşdu hünərlə, qəhrəman kimi.

 

Kəşfiyyatçı oldu, mərdlik göstərdi,

Yağını məhv etdi, heçə döndərdi.

Qoşqar dağ adıdır- yüksəklik, zirvə,

Əsgər dostlarıyla aldı çox zirvə.

Göstərdi şücaət, göstərdi mərdlik,

Taleyində varmış onun şəhidlik.

 

Doğma el-obanın yurdun igidi,

Qazandı ölməz ad-vətən şəhidi.

Qoşqar,  sən, əbədi yaşayacaqsan,

Zirvəsən, adını saxlayacaqsan.

 

Atana deyirəm:-Əziz Səxavət,

Övladın yurduma gətirdi şöhrət.

O, köçdü cənnətə, göyə ucaldı,

Gənc nəsil Qoşqardan əla dərs aldı.

Düşməndən alınıb doğma torpağım,

Sevin,  Qarabağım, gül,  Qarabağım.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə axşamı, 15 Fevral 2024 15:00

Bacarıqlı təşkilatçı və gözəl şair

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

AYB-nin Sumqayıt bölməsinin sədri! 

Gülnarə Camaləddin imzası poeziyasevərlərə çoxdan tanışdır. Bir xanım şair kimi geniş oxucu kütləsinin rəğbətini qazana bilib. Onun yaradıcılığına baş vuranda, gözəl poeziya nümunələrinin şahidi olursan. Bu nümunələrdə həm vətən sevgisi, insanlara məhəbbət, təbiət lövhələri, ülvi hisslər, saf duyğular qabarıq şəkildə əksini tapıb. Bir sözlə, onun şeirləri rəngarəngdir, hər bir mövzunu əhatə edir...

 

Gülnarə xanım təkcə gözəl şair deyil, həm də səriştəli təşkilatçı və bacarıqlı inzibatçıdır. Onun, kənardan yaradılan hansı çətinliklərə sinə gərərək, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinə rəhbərlik etdiyindən məlumatım var. Necə deyərlər, mərdiməzar olmasa yaşamağa nə var ki? Amma buna baxmayaraq, təşkil etdiyi bütün tədbirlər gözəldir, yerində və vaxtında baş verir...

 

Gülnarə xanım bir inzibatçı kimi də yerində olan adamdır. Özünəməxsus xarizması var. Polad kimi sərt, əyilməzdir. Qərar verdisə, onu yolundan döndərmək mümkün deyil. Bütün maneələri dəf etməyi bacarır. Nəticədə işi və əməli ilə yerində olduğunu ortaya qoyur...

 

Uşaqlıq illərini ucqar dağ rayonu Yardımlının Bərcan kəndində keçirib. Bərcan dünyanın cənnət guşələrindən biri olduğu üçün Gülnarə Camaləddinin yaradıcılığı da cənnət ətirlidir. O kənddən olan dostlarıma həmişə zarafatla- Bərcan Yardımlının Avropasıdır-deyirəm. Məcazi mənada olsa da, bu kənd zaman-zaman ölkəmizə mütərəqqi düşüncəli insanlar bəxş edib. Bəli, onlardan biri də Gülnarə xanımdır...

 

İnsan real həyatı romantik duyğularla yaşayanda ömürü daha maraqlı, daha da şirin- şipşirin olur. Bəli, Gülnarə xanım bu sintezdən yararlanıb gözəl və mənalı yaşamağı bacarır...

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə axşamı, 15 Fevral 2024 11:15

Bir şeir - bir roman

“Ədəbiyyat və incəsənət” portalının Bir şeir - bir roman rubrikasında bu gün Əlizadə Nuridir. O, “Bir sevda qoynunda dərya salmışıq...” şeirində “Sənin haqqın verilməyib" deyən istedadlı qələm dostları  Ağaevli Əli Hacıya və Əlabbas Bağırova xitabən yazır: 

 

Bu dünya evinin künc-bucağında,

Bir az özümüzə yer saxlamışıq.

Bəlkə xatirələr "qara qutu" du-

İçində nə qədər sirr saxlamışıq...

 

Günəşin gözündən dağılır işıq...

Bu könül ev kimi... sevgi-sarmaşıq.

Bir sevda qoynunda dərya salmışıq,

Dəryanın dibində dürr saxlamışıq...

 

Bu göl darıxıbmış sonası üçün,

Yaz gəlib lalənin xınası üçün...

 Bütün balıqların xilası üçün,

Sudan hördüyümüz tor saxlamışıq... 

 

Min yaşı olsa da, körpədi dünya,

Hamını öldürdü, ölmədi dünya.

Bizim haqqımızı görmədi dünya-

Niyə bu dünyanı kor saxlamışıq?!..

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə axşamı, 15 Fevral 2024 10:45

Sumqayıtda Kitab Bağışlama Günü qeyd edildi

Ötən gün Beynəlxalq Kitab Bağışlama Günü idi. Bu münasibətlə Abşeron - Xızı Regional Təhsil İdarəsinin təşəbbüsü,  AYB Sumqayıt bölməsi və 1 saylı məktəbin birgə təşkilatçılığı ilə elə həmin məktəbdə şəhərin qələm adamları ilə görüş keçirildi.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Sumqayıt bölməsindən məlumat verilib. 

 

Abşeron- Xızı Regonal Təhsil  İdarəsinin Sumqayıt  sektorunun müdiri İman Ağayev  qonaqları salamladı və tədbir haqqında məlumat verdi.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təhsillə işbirliyinin vacibliyini xüsusi olaraq qeyd etdi, gələcəyimiz olan uşaq və yeniyetmələrə kitabı sevdirməyin, onlarda kitaba maraq oyatmağın əhəmiyyətindən danışdı. Sonra tanınmış   qələm adamları - Rafiq Yusifoğlu, Süleyman Hüseynov, İbrahim İlyaslı, Hikmət Fərzəli, eləcə də AXRTİ-nin Metodiki Kabinetin metodisti Gülbahar Haqverdiyeva, AXRTİ- nin İnzibati sektorun aparıcı məsləhətçisi Səbinə Məmmədova çıxış edərək belə görüşlərin keçirilməsinin əhəmiyyətindən söz açdılar.

1 saylı məktəbin direktoru Kəmalə Hüseynova tədbirin təşkilində onlara dəstək olanlara və qonaqlara təşəkkürünü bildirdi. 

Uşaqlara kitablar paylandı və xatirə şəkilləri çəkdirildi.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə, 23 Fevral 2024 18:15

Təsadüf - ÇİNGİZ ABDULLAYEV

“Ədəbiyyat və incəsənət” portalı Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi Çingiz Abdullayevin

 

 

Qış idi, növbəti dəfə dostum Rəhimlə Moskvaya, oradan isə Berlinə səfər edirdik. Qatarla. Kupemizdə əslən sabirabadlı Aslan adlı bir nəfər də gedirdi. 40-45 yaşı olardı. Bakı-Moskva qatarının köhnə alman vaqonlarında – sərnişini çox olmayan kupelər darıxdırıcı olduğu üçün yol boyu hamı bir-biri ilə tanış olur və maraqlı əhvalatlar danışırdı.

Mən də dəfələrlə səfərlər zamanı rastlaşdığım azərbaycanlıların Rusiyadakı durumundan, onların qazanc dalınca Rusiyaya getmələrindən, əziyyət çəkmələrindən danışırdım. Birdən Aslan sözümü kəsdi – “Siz əzab-əziyyət görməmisiniz ki!” – deyib, başına gələnləri danışmağa başladı.

 

Aslan:

"Sovet Ordusunda qulluq etdiyim zaman Əfqanıstana hərbi xidmətə göndərilmişdim. Əfqanıstan müharibəsi zamanı əfqanlar tərəfindən əsir götürülərək, kəndlərin birində iki həmvətənim və bir gürcü ilə yeraltı zirzəmidə əsir həyatı yaşayırdım. Azərbaycanda bizim əsir düşməmiz barədə xəbər yayılmışdı və hamı  elə bilirdi ki, bizi öldürüblər. Ancaq əsirlik zamanı bizi bir başqa kəndə aparıb tövləyəbənzər yerə atdılar. Aclıqdan qabaqdan qalan yeməkləri yeyirdik. İlk vaxtlar bizi sorğu-suala tutaraq SSRİ-nin Əfqanıstanı işğal etməsini bəhanə gətirib bizə olmazın əziyyət verirdilər. Çətinliklərə, əzablara dözərək azadlıq arzusu ilə yaşayırdıq. Oradakı ev sahibləri bir neçə müddət keçəndən sonra yavaş-yavaş bizə öyrəşmişdilər.

Gözətçimiz insaflı adama oxşayırdı. Başqalarından fərqli olaraq, bizimlə daha yumşaq rəftar edirdi. Arada imkan düşən kimi gizlicə bizə siqaret, çörək və su verərdi. Başa düşürdü ki, bizim heç bir günahımız yoxdu. Öz istəyimizlə əfqanlara güllə atmağa gəlməmişdik.

Dağətəyi kənddə yaşayıb işləyirdik. Bir gün iş vaxtı gözətçi təxmini məsafəni göstərib – “Siz bu dağ aşırımını 30 saniyəyə qaça bilərsiz?” – deyərək bizə kömək etmək istədiyini bildirdi. Uzaqdan çətin görsənirdi. Ancaq azadlıq istəyi bizi quş kimi uçmağa sövq edirdi. Sevincimizi sözlə ifadə etmək olmurdu. Axı dağın o tayı SSRİ ərazisi idi. Anlayırdıq ki, bu, bir şansdır. Ondan istifadə etməliyik.

Bir müddət sonra Pakistan əsilli gözətçi bizim üçün yüngül çarıq gətirib hazırlaşmağı məsləhət gördü. Axşam bizə yaxınlaşaraq türkləri çox sevdiyini və bunun üçün bizə kömək etdiyini söylədi. Təyin olunmuş vaxtda bizi zirzəmidən çıxardıb qaçacağımız yerə gətirdi. Ayrıldıq.

Bizə şərti işarə verəcəyini, hamımızın yaxşı bildiyimiz, Şərqi tərənnüm edən bir musiqi parçasını ucadan oxuyacağını söylədi. 10-15 dəqiqədən sonra o səsi, o parçanı eşitdik. Hazır idik. Həmin məsafəni 30 saniyəyə qaçmasaydıq, bizi vuracaqdılar. Yəqin, o 30 saniyə onların sərhəd zonalarında yaranmış boşluq postun dəyişməsi ilə bağlı idi. Bir göz qırpımında sanki uçaraq sərhədi keçdik və nəhayət, ruslara rast gəldik. Bu dəfə də ruslar bizi sorğu-suala tutdular. Bir müddət sonra bizi Moskvaya göndərdilər. Aeroporta gəldik. Bakıya uçmaq üçün bilet almağa pulumuz yox idi. Hava limanında bir azərbaycanlı bizə bilet aldı. Azərbaycanda heç kim inanmırdı ki, biz sağıq. Hamı sevindi. Yeni həyata beləcə qədəm qoyaraq işləməyə başladıq.

O zamandan Xaçmazdan, İsmayıllıdan və Gürcüstandan olan əsgər yoldaşlarımızla dostluq edirik. Gürcü dostumuz Davidlə tez-tez əlaqə saxlayırdıq. Bir gün David zəng edib ailə həyatı qurmalarının 20 illiyi və qızı Ninonun 15 yaşının tamam olması münasibəti ilə bizi Qori yaxınlığında yerləşən kəndlərinə dəvət etdi. Dəvət Novruz bayramı ərəfəsində olduğu üçün bizdə bayram xonçası ilə yanaşı, bir xalça da hədiyyə üçün özümüzlə götürüb yola düşdük.   Həyat yoldaşım, oğlum Əli və mən Gürcüstana səfər etdik. Bizi təmtərahla qarşılayıb qohum-qonşuya təqdim etdilər. Evlərindəki böyük otağı da bizə ayırmışdılar.

Ertəsi gün, adətləri üzrə, səhərdən məclis başladı. Arabir keçmişdəki çətin günlərimizi yada salıb söhbətləşirdik.

Birdən mənim gözüm Əli ilə Ninonun həyətyanı sahədə üzümləri dərib zənbilə yığaraq şirin-şirin söhbət etmələrinə sataşdı. Onlar həmyaşıd olduqları üçün öz dünyalarına qapılmışdılar. Sanki ətrafı görmürdülər. Bir neçə gündən sonra Azərbaycan qayıtdıq.

Zaman keçdi. Əli universitetdə təhsilini davam etdirmək üçün  – “Ata, mən Almaniyada oxumaq istəyirəm” – dedi. Bir az duruxdum, sonra isə dedim: “Oğlum, indi Azərbaycan müstəqil ölkədir. Harda istəsən, gedib oxuya bilərsən. Əsas odur ki, savadlı olasan”.

Günlərin bir günü Əli Mainz Universitetindən dəvət aldığını söylədi. Sən demə, dostum Davidin qızı Nino da elə həmin universitetdə oxumaq üçün Almaniyaya gedibmiş. Bunu biz Davidlə  telefonla danışanda bildik, üstünü vurmadıq.  Əli və Nino universitetdə tədqiqatçı alim, islamı qəbul etmiş Əhməd Şmide ilə tanış olmuşdu. Əhməd bəy eşidəndə ki onlar Qafqazdandır, bir gün onları evinə də dəvət etmişdi.

 

Əli:

Həftə sonu biz onun evinə getdik. Mart ayı olduğundan gedəndə Novruz şirniyyatlarını da özümüzlə götürdük.

Əhməd bəy bizi görüb çox sevindi. Xanımı Aişə türk olduğundan bizə çox isti münasibət göstərdi.

Çay süfrəsi ətrafında türk dünyası ilə ilişkilərindən, Qafqazdakı durumdan söhbət açdı. Sonra isə bizi yazı otağına dəvət edərək kitablarla tanış etdi.

Kitablar alman və türk dillərində idi. Birdən gözümüzə “Əli və Nino” əsəri dəydi. İkimiz də bir ağızdan: “Bu əsərlə tanışsınız?” – deyə soruşduq. Gülümsündü. “Əlbəttə, tanışam. Müəllifi bakılıdır” – dedi. Əsər barədə ətraflı danışdı. Mən Ninoya baxanda sanki röyalarda olduğunu hiss etdim. Doğrudanmı bu bir möcüzədir, bəlkə, gerçəklikdir? Yoxsa  bir təsadüfdür?

Şmide bu əsərin dünya şöhrəti qazanmasından və müxtəlif dillərə tərcümə olunmasından danışırdı. Əsərin müəllifinin həyat və yaradıcılığı ilə məşğul olan Berlin Şərq Tədqiqatları İnstitutunun professoru Gerhard Hopp haqqında çox maraqlı açıqlamalar verdi. Müəllifin İtaliya həyatı ilə bağlı, Avstriyada birgə  əməkdaşlıq etdiyi Baronessa Elfrede Erenfels haqqında çox maraqlı əhvalatlar danışdı. Əsərin Qafqazın simvolu ola biləcək qədər dünya çapındakı sədasından söhbət açdı. Qəfil Əhməd bəy isimlərimizi dəqiqliyi ilə bir daha soruşdu. Adımın Əli, qızın adının isə Nino olduğunu xatırlatdım. O duruxdu. Doğrudanmı bu, bir təsadüfdür? – deyə, fikrə daldı. Aişə xanımı çağıraraq: – “Sən bir təsadüfə bax! Bu gənclərin adı Əli və Ninodur” – dedi. Aişə xanım isə: - “O gün olsun ki, sizin düyününüzdə iştirak edə bilək” – sözlərini zarafatla söylədi.

Əhməd bəy hiss etmişdi ki, biz bir-birimizi sevirik. O da xanımının sözlərinə qüvvət verərək: “Hə, düz deyirsən, Qafqazda bir maraqlı milli toya getmək pis olmazdı” – dedi. – Sonra isə burda nə var ki, mən islamı qəbul edib Aişə xanımla həyat qurmuşam. Bir də ki dinin buna nə dəxli? Bütün dinlərə hörmətlə yanaşmaq lazımdır”.

– Universitetdə tanış olmusunuz? – deyə sual verdi.

Mən isə atalarımızın dost olduğunu, Əfqanıstanda onların başına gələnləri qısaca danışdım.

Zaman keçdi. Universiteti bitirmək üzrə idik. Ancaq arabir Əhməd bəygilə gedib, onunla görüşüb bəzi şeyləri məsləhətləşirdik. Bir gün Şmidenin evinə gələndə qapının bağlı olduğunu gördük. Həyətində bir nəfər bağ təmizləyir, ağaclara su verirdi.

Bu zaman bizə yaxınlaşan adam – “Siz Allah, bağışlayın. Bir az gecikdim” – deyə bizimlə salamlaşdı. Bizə isə bu kişinin kim olduğunu dedi: “O, Əfqanıstandandır. Bağıma baxır, ağaclara qulluq edir. Əfqanıstan müharibəsindən baş götürüb qaçanlardandır. Yaxşı adamdır, artıq dost olmuşuq”.

Günlərin bir günü Nino ilə evlənmək qərarını verdik. Bu haqda valideynlərimizə xəbər də göndərdik. Evdən “Gələrsiniz, baxarıq, məsləhətləşərik. Evlənmək oyuncaq deyil ki, adət-ənənəmiz var. Elçi getməliyik. Qız tərəfin razılığı olmalıdır” söylədilər. İstəyimizi doğmalaşan Əhməd bəyə də bildirdik. O da çox sevindi: “Dəvət etsəniz, toyunuza gələrəm. Həm Azərbaycanı, həm də Gürcüstanı görərəm”.

Evə döndükdən bir müddət sonra valideynlərimiz də razı olub “Xoşbəxt olun!” dedilər.

Biz öz növbəmizdə, Almaniyadan hörmətli müəllimimiz. Şmideni toya dəvət etmək istəyimizi bildirdik.  Atam:  – Əlbəttə, çox yaxşı olar. Elə mən də, dostlar da, David də bizi həyata qaytaran, xilaskarımız olan, Pakistanda yaşayan Qurban Səid Məhəmməd Əsədi toya dəvət etmək istəyirik. Görəsən, onu tapa biləcəyikmi?

Bir ay sonra Əhməd bəyə  telefon açaraq onu və həyat yoldaşını toyumuza dəvət etdim. O çox sevindi. Toy öncəsi və sonrası prosesləri diqqətlə izləyəcəyini və bu adət-ənənəni lentə alacağını söylədi: “Etiraz etməsəniz, mən özümlə dostum bağbanı da gətirərəm”,  sizin haqqınızda danışanda o, çox maraq göstərdi. Bakıya gedəndə özümlə götürməsini xahiş etdi. Sən demə onun da Bakıda əfqan qohumları varmış. Həm də onları da görmək istəyir.

 

Şmide:

Bir ay sonra Gürcüstanda başlayan xeyir iş, qohumlarla görüş, qız toyu sonda Azərbaycanda davam elədi. Bakıda aeroportda bizi qarşılayan zaman yanımdakı əfqan dostum çox həyəcanlı idi.

Bizi qarşılayıb İçərişəhərdə “Altstadt” adlı qonaq evinə gətirdilər. İçəri şəhərin dar keçidləri, sakitliyi, insanların məhəbbəti, qonağa hörmət bizi valeh etmişdi.

Ertəsi gün Şamaxıya, oradan isə Pirquluya yola düşdük.

Budur, atlılar faytonda bəylə gəlini mağara gətirdilər. Azərbaycanın el adəti ilə musiqi çalınırdı, stolun üzərinə  qırmızı  lentli güzgü də qoyulmuşdu. Kənd yeri olduğundan uşaq-böyük bir-birinə qarışmış, Almaniyadan gəldiyimiz üçün başımıza yığışmışdılar. Bizim türkcə mükəmməl danışmamız onları heyran etmişdi. Hamı bizimlə şəkil çəkdirmək istəyirdi.

Bu arada,  dostuma evlənənlərin valideynlərinin başına gələnləri danışanda o, nəsə fikrə getmişdi . Bakıda hələ aeroportda qarşılaşanda  qonaq Əlinin atasının tanış siması olduğunu demişdi.  

 

*

Şmide bağbanla bərabər toyxanaya daxil olub mikrofonu əlinə götürdü, təbrik üçün söz deyəcəklərini, ilk sözü bağbanın deyəcəyini, onun isə həmin sözləri tərcümə edəcəyini söylədi. Qurban Səid xasiyyətcə danışmayan, susqun bir adam idi, odur ki, Şmide bir az da təəccüb qalmışdı. Bağban toy sahiblərini təbrik elədi, musiqi sifariş edib rəqs etməyə başladı. Şərqi tərənnüm edən məşhur bir musiqi. Əsirlikdə olmuş üç dostu da rəqsə dəvət etdi. Birdən Aslan sevincək qışqırdı ki, a kişilər, tanıdızmı kiminlə rəqs edirik?”

Dünya, doğrudan da kiçikdi...

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Lobyalı şorbanın hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 

DÜSTUR:

§ Lobya – 80 qr

§ Soğan – 20 qr

§ Yağ – 20 qr

§ Un – 10 qr

§ Pomidor suyu (və ya tomatın sulu məhlulu) – 180 qr

§ Kartof – 50 qr

§ Quru nanə – 3 qr

§ Keşniş – 11 qr

§ Duz – 6 qr

 

HAZIRLANMASI:

Lobya bir gün əvvəldən suda isla- dılır. Soğan yağda qovrulur, üzərinə un, duz, istiot, tomat suyu, lobya və kub formasında doğranmış kartof əlavə olunur. Bişənə yaxın xörəyə quru nanə və ya təzə keşniş qatılır.

 

Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir. 

 

ÖMÜR

 

Deyirlər, çox azdır yüz il, əlli il,

İnsana bir ömür kifayət deyil.

Hələ isitməmiş öz yerimizi

Ölüm cəllad olub haqlayır bizi.

 

Deyirlər, şirindir dadı dünyanın,

Kaş iki olaydı ömrü insanın.

Nola, çalışsaydıq ömrün birində,

Sonra əylənəydik biz digərində. 

 

Hərə öz ömrünə bir cürə baxmış,

Hərə bu dünyanı bir cürə anlar.

Cahanda bəs nədən zövq alacaqmış

Zəhmətin özündən zövq almayanlar?

 

Yüz-yüz ömür belə azdır doğrusu

Bir ömrü insana az sayanlara

Haramdır bu hava, haramdır bu su

Əylənmək eşqilə yaşayanlara.

 

Yaşamaq, yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır

Şam əgər yanmasa, yaşamır demək

Onun da həyatı yanmağındadır.

 

Ömrü az olsa da, qartal yenmədi

Dedi, səmalarda öz oylağım var.

Ömrün azlığından gileylənmədi

Ömrü insan kimi başa vuranlar.

 

«Bu dünya beş gündür»,- deyib hər yerdə

Sağ ikən qəbirdə uzanan da var.

Öz alın tərilə bircə ömürdə

Yüz insan ömrünü qazanan da var.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Poetik Qiraətdə bu gün sizlərə təqvimi nəzərə alaraq bir sevgi şeiri təqdim edirik. Müəllifi şairə, redaktor Şəfa Vəlidir. O, “Səni sevmək” deyəcəkdir. 

 

 

SƏNİ SEVMƏK

 

Dünyanın yarısıdı,

Süleymanın qarısıdı.

Bəxt gülünün sarısıdı,

  Səni sevmək...

 

Utanan bir üz tapmaqdı,

Ömrə əbədi qonaqdı.

Quş qanadında uçmaqdı,

 Səni sevmək...

 

Ziyanın yarısı kardı,

Sevən sevilənə yardı.

Xəyalda da bəxtiyardı,

 Səni sevən. 

 

Qonaqlı-qaralı ömrüm,

Sevdası qaralı ömrüm.

Günahlı, qaralı ömrü...

 Səni sevən...

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə axşamı, 15 Fevral 2024 10:00

Bəli, Liderləri Allah seçir...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin andişmə mərasimi oldu.

 

Adəmin də, Nuhun da, lap elə həzrəti Məhəmməd peyğəmbərin də vaxtında 2-ni 2-yə vuranda 4 eləyirdi, indi də elədir. Amma bu cəmin 5 olduğunu sübut etməyə çalışanlar və ya necə deyərlər, üç "altı"yla oyunu aparmağı arzulayanlar, üç “tuz”un qarşısında “pas”a atıb, yenə də məğlub oldular...

 

Bəli, O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur…

O, müdrikdir- işıqlı gələcəyə yol açır...

 

Qazilərə, köçkünlərə, hərbiçilərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib…

 

Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər buna bariz nümunədir…

 

Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- bilmir ki, bilmir-lər baş aparır…

 

Hamının sevimlisi olmaq mümkün deyil- aramızda nadanlar, xəbislər, naşükürlər var…

 

Hamını sevmək də olmur- naxələf, namərd, satqın az deyil…

 

Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da…

 

Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə zaman-zaman dirçəlir, inkişaf edir…

 

Hər bir ölkəni təmsil edən simvollar var- himn, bayraq, gerb və prezident!

 

Bu simvolların canlısı, ən cavanı, prezident İlham Əliyevi növbəti prezidentlik dönəmi münasibətilə təbrik edir, ona növbəti möhkəm can sağlığı arzulayırıq. 

 

Demişdim, deyirəm, yenə də deyəcəm: Liderləri Allah seçir...

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vüqar Nemətin şeirlərini təqdim edir.

 

EŞQİN PƏRDƏARXASI

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə durdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

Durdum gecə boyu yoxluğunun qapısında

Uçdum sözcüklərin qanadlarında

Özgə-özgə düşünüb

Ağladım öz yerimə

Heç bir kimsə bilmədi

Gülüşlərim qanadı

Mən bir sevda yolçusuydum

Uyur-gəzərlər kimi.

Sətir-sətir gəzərdim

Bu yağış ölkəsini.

Yoluma işıq tutardı onun gözləri

Gözlüyünü saxlamaq üçün

Yaxşıca tasarlanmışdı

Qulaqları və burnu!..

 

Həsrətdir, kədərdir, acıdır, qəmdir

Eşqin pərdə arxası cəhənnəmdir.

Durmadan qaralar qanlar

Özünü div aynasında görən bunu nə anlar?!

Göy üzünü dilə-dişə saldılar

Ölü göz adamlar.

Aktyor adamlar.

Bir də, adı pisə çıxmış bir ölüm!..

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə vurdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.